Bədii tərcümənin yeni üfüqləri – 2019 - Mərcan Sofiyeva

Azərbaycanda Tərcümə sahəsində göstərdiyi xidmətlərə görə iki böyük mərkəz xüsusi çəkiyə malikdir. Bu qurumlardan biri Dövlət Tərcümə Mərkəzi (DTM), digəri isə Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzidir. Hər iki qurum ədəbi-mədəni əlaqələrin genişlənməsi məqsədi ilə danışıqlar, görüşlər, iclaslar keçirir, ədəbiyyatların qarşılıqlı təbliği işini genişləndirir, bu sahədə memorandum və müqavilələr imzalayır, yeni layihələr ərsəyə gətirir, ədəbi görüşlər, ədəbiyyat gecələri təşkil edir.

DTM nəşrləri arasında Argentina yazıçısı Klaudia Pineironun "Bir damcı bəxt" kitabı işıq üzü görüb (tərc: Emin Ələsgərov). Mərkəzin növbəti nəşri görkəmli serb yazıçısı İvo Andriçin (1892-1975) "Drina körpüsü" kitabıdır (Tərc: Cəlil Nağıyev). Mərkəzdə, həmçinin Bertold Brextin "Seçilmiş əsərləri" (tərc: İlqar Əlfioğlu), Ella Leyanın "Kimsəsiz səma" (tər: Cavidan Ağayev), Fransa yazıçısı Andre Moruanın "Vəsiyyətnamə" (tər: Mahir N.Qarayev), Rodolfo Dinselin "Tanqo rəqsi - azadlıq yanğısı" adlı kitabları tərcümə olunaraq işıq üzü görmüşdür.

Mərkəz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş ingilis dilində "Through Their Eyes: Witnesses to Khojaly Massacre" ("Xocalı şahidləri danışır"), rus dilində ("Xodjalı qlazami oçevidüev") (tərc: Saday Budaqlı) kitablarını nəşr edib. Bu mövzuda digər kitab "Ağrı" bədii-sənədli əsəridir. İsrail müəllifləri Əmir və Arye Qutun ərsəyə gətirdiyi roman Xocalı qətliamınında baş vermiş real hadisələrə və sənədli materiallara əsaslanır (tərc: Cavidan Ağayev və Nadiyə Qafarova).

Mərkəz akademik Ramiz Mehdiyevin erməni xisləti, tarixi yalanlarından bəhs edən "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi" kitabını ingilis dilində nəşr edib. Akademikin tərcümə olunan digər əsəri "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı Moskvada nəşr olunub.

Azərbaycan ədəbiyyatının təbliği işinə gəldikdə "Azərbaycan ədəbiyyatı antologiyası" kitabı Fransada işıq üzü görüb. 28 hekayədən ibarət kitabda klassik və çağdaş ədəbiyyat nümunələri toplanıb.

2019-cu ilin "Nəsimi ili" elan edilməsi münasibətlə rus dilində "İ stal Putem İstinı ə sam" kitabı Moskvada nəşr olunmuşdur. Kitaba 200-ə yaxın qəzəl və rübai, "Poeziə veçnoy istinı" adlı məqalə, mürəkkəb sözlərə dair izah və şərhlər verilib. Şairin "І şləxom Іstini postav ə sam..." kitabının Ukrayna Yazıçılar Birliyində təqdimat mərasimi keçirilmişdir (şair-tərcüməçilər: Pavel Movçan, Dmitri Çistyak). Kitab Nəsimi yaradıcılığını toplu halında Ukrayna oxucusuna təqdim edən ilk nəşrdir.

Ədəbi əlaqələrin genişlənməsi və bədii tərcümə sahəsində fəaliyyətinə görə böyük xidmətləri olan qurumlardan biri də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzidir. Mərkəz beynəlxalq ədəbi-mədəni əlaqələrin genişləndirilməsi işini bir neçə istiqamətdə həyata keçirir. Mərkəzin əsas dərgisi "Dünya ədəbiyyatı"nın iki sayı nəşr olunmuşdur.

İlin birinci rübündə dərginin "Türkiyə: hekayə" xüsusi buraxılışı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1919-cu ilin 19 may tarixində işğalçılara qarşı Qurtuluş Savaşını başlatmasının 100 ili tamam olur. Bu tarixə töhfə olan kitabda 55 müəllifin hekayə yaradıcılığı yer almışdır. Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn dərgiyə yalnız Türkiyə ədəbiyyyatının nüfuzlu, tanınmış, klassik nümayəndələrinin deyil, yeni və ən yeni yazarların hekayələri də daxil edilib.

İlin ikinci rübündə işıq üzü görən dərgi esse janrına həsr olunmuş və "Esse" adlanır. Burada dünya ədəbiyyatından təxminən 50-yə yaxın müəllifin əsərləri toplanmışdır. Şairliklə yanaşı S.Babullaoğlunun tərcümə sahəsində böyük işlərə imza atması jurnalların saylarında da özünü göstərməkdədir. Bu sayda da Çili, Fransa, İngiltərə, İspaniya və Rusiya ədəbiyyatlarından S.Babullaoğlunun tərcümələrinə rast gəlirik. Professor Cavanşir Yusifli fransız yazıçısı Rolan Bart, ispan yazarı Migel de Unamuno və suriyalı Adonisin esselərini tərcümə edərək yeni sayda təqdim etmişdir.

Dünyasını dəyişən qələm adamlarına sayğı rəmzi kimi mərhum yazarların da tərcümələri dərgiyə daxil edilib. Mişel Uelbekin iki essesindən biri mərhum şair Adil Mirseyidin, digəri dünyasını erkən dəyişmiş yazıçı Pərviz Yusifin çevirdikləri mətnlərdir.

Mərkəzdə, həmçinin kanadalı yazıçı Marqaret Ətvudun "Yanmış evdə səhər yeməyi" seçmə şeirlər toplusu nəşr edilmişdir. Seçilmiş parçaları ingilis dilindən C.Yusifli tərcümə etmişdir. Kitabın ən böyük üstünlüyü ondan ibarətdir ki, ön söz və poetik mətnlər həm orijinalda, həm də Azərbaycan dilində təqdim olunur.

Mərkəzin üç yeni nəşri işıq üzü görüb. Birinci kitab Serb şairi Radomir Andriçin 43 şeirdən ibarət "Yazı masasının o biri üzündə" toplusudur. Tərcüməçi, tərtibçisi və redaktor S.Babullaoğludur. İkinci kitab görkəmli Moldova-rumın şairi Leo Butnarunun 48 şeirinin toplandığı "Çətir götürməyi unutmayın" kitabıdır. Tərcüməçilər C.Yusifli və S.Babullaoğludur. Qeyd edək ki, mərkəzin Moldovada rumın dilində "Nəsimi ili"nə həsr olunmuş töhfəsi "Həqq məndədir!" adlı qəzəl və rübailər toplusu da işıq üzü görüb (Tərc: moldovan-rumın şairi İliya Zeqra. Qəzəlləri rus dilindən tərcümə etmişdir). Üçüncü kitab Müasir İran ədəbiyyatının öncülü Gərus Əbdülməlikianın "Sonuncu quş" şeir kitabı ikidilli nəşrdir. Azərbaycan dilində şeirləri ilk dəfə "Dostun evi hardadır?" Modern İran şeiri antologiyasında dərc edilib. Qeyd edək ki, bu il mərkəzin sədri S.Babullaoğlunun da kitabları müxtəlif dünya dillərinə tərcümə olunaraq bir sıra ölkələrdə nəşr olunmuşdur.

Milli tərcümə sənətinə töhfə verən daha bir dövri mətbuat orqanı "Azərbaycan" jurnalıdır. Son iki ildə jurnalda tərcümələrin azlığına baxmayaraq, dünya ədəbiyyatının nəhənglərinə müraciət edilmiş, ən dəyərli əsərlər təqdim edilmişdir. Əsas məqam odur ki, tərcümələrin əksəriyyəti orijinaldan edilir. Bu isə tərcümə sənətində əsas meyar kimi qəbul edilir.

İlk sayda Qabriel Qarsia Markesin "Nağıllar üçün yaşa" romanından parça Aynur Quliyeva tərəfindən ispancadan tərcümə olunmuşdur. Daha bir ədəbiyyat incisi jurnalın 5-ci sayında İohan Volfqanq Hötenin 270 illik yubileyinə ithaf olan "Şərq Qərb Divanı"dır. Əsəri yazıçı, şair Sabir Rüstəmxanlı çevirib. Jurnalın 6-cı sayında Nobel mükafatçısı çinli yazıçı Mo Yanın "Bibimin qiymətli bıçağı" əsəri Çin dilindən Aqşin Əliyev tərəfindən tərcümə olunmuşdur.

Elə həmin sayda Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlətin şeirləri Akif Əhmədgil tərəfindən tərcümə olunmuşdur. Ədibin "Uluqbəy küçəsi" adlı yeni kitabı da"AYB Kitab" layihəsi çərçivəsində A.Əhmədgil tərəfindən tərcümə olunaraq işıq üzü görüb.

"Ədəbiyyat qəzeti"nin də bədii tərcümə prosesinin inkişaf xəttində danılmaz xidmətləri var. Qəzetin, demək olar ki, bütün saylarında bədii tərcüməyə yer ayrılır, ədəbi, nəzəri, publisistik materiallar tərcümə olunur, dünya ədəbiyyatının bütün istiqamətlərinə bərabər şəkildə diqqət verilir. Ədəbiyyatda müasir meyillər aydın şəkildə əksini tapır. Ümumilikdə, yüzə yaxın müxtəlif məzmunlu əsər oxucuların ixtiyarına verilmişdir. Tərcümədə əsas orijinal mətnlərlə iş prosesi qəzetdə təqdim olunan nümunələrin əksəriyyətində gözlənilmiş, mənbə göstərilmişdir.

Qəzetin 3 il bundan əvvəl başlatdığı "Nobel mükafatı kürsüsü" layihəsi davam edir. Ədəbiyyat üzrə Nobelçilərin yaradıcılığından ədəbi-nəzəri nümunələr, xatirələr, sitatlar, çıxışlar, məktublar, müsahibələr və sair təqdim olunmuşdur. Qəzetin diqqətçəkən əsas xüsusiyyəti odur ki, xarici ölkələrdə Azərbaycan ədəbiyyatı haqqında yazılan elmi-nəzəri məqalələrin tərcüməsini təqdim edir və rəsmi internet saytında paylaşır. Son dövrlərdə Azərbaycan ədəbiyyatına və xüsusilə Mirzə Cəlil irsinə marağın artması izlənilir, bir çöx ölkələrin ədəbi gündəmində elmi-nəzəri yazılar, məqalələr yer alır. Yeri gəlmişkən, bu irsin tanınmasında akademik İsa Həbibbəylinin əməyi böyükdür. Akademikin ideya müəllifliyi və ön sözü ilə Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri"i Bolqarıstanda işıq üzü görüb. Ədibin "Poçt qutusu" əsəri yenə görkəmli akademikin dəstəyi ilə Düşənbədə tacik dilində nəşr edilib. Akademik İ.Həbibbəylinin ideya müəllifi olduğu "Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə" layihəsi Özbəkistanda gerçəkləşib. "Poçt qutusu" adlı kitab İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz" müqəddiməsi ilə təqdim olunur. Povest və hekayələri özbək dilinə Usmon Koçkor tərcümə edib. Qeyd edək ki, böyük yazıçının əsərləri Rusiya, Pakistan, Misir, Ukrayna, Macarıstan, Gürcüstan, Litva, Özbəkistan, Tacikistan, Bolqarıstanda işıq üzü görüb.

"Ulduz" jurnalı da tərcümə işində davamlı fəaliyyət göstərən dərgilərdəndir. Tərcümələr, əsasən, "Qısa fikirlər xəzinəsi" və "Tərcümə saatı" rubrikalarında yer alır. Bu il də jurnalın təqdimatında böyük türk elindən səhifələr vərəqlənir. Bəxtiyar Aslan (tərc: İ.İlyaslı), Dilek Yükselin (tərc: Aslan Quliyev) yaradıcılığından nümunələr təqdim olunmuşdur. Bu il türk xalqları ədəbiyyatından tərcümələr azdır. Əgər keçən il özbək, tatar, qırığız, qazax ədəbiyyatlarından nümunələr var idisə, bu il belə nümunələrə rast gələ bilmədik.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda da bədii tərcüməyə dair işlər həyata keçirilib. "Plyus bədii yaradıcılıq" ədəbi almanaxının üçüncü kitabının tərcümə bölməsində müxtəlif dillərdən tərcümə edilmiş əsərlər çap olunub.

Akademik İsa Həbibbəylinin Nəsimi ilinə həsr olunmuş "Cahana sığmayan Azərbaycan şairi" üçdilli kitabı Azərbaycan, rus, ingilis dillərində çap olunub. Nəşrdə İsa Həbibbəylinin görkəmli ədibin həyat və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumiləşdirilib. Fəridə Əzizovanın "İmadəddin Nəsimi Orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda" tədqiqatı da üçdilli kitab şəklində çap edilib.

Son olaraq deyək ki, bədii tərcümə sahəsi ölkəmizdə yüksələn xətlə inkişaf edir. Çətinliklərə baxmayaraq, bu işdə əzmlə çalışan mütərcimlərə uğurlar arzulayırıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!