Azərbaycanın rusdilli ədəbiyyatı-2019 - Lalə Həsənova

Rusdilli ədəbiyyatın nümayəndələri dedikdə, əsasən azərbaycanlı olan və eyni zamanda Azərbaycanda yaşayan (və ya bir zamanlar yaşamış) başqa millətin nümayəndəsi olub rus dilində əsərlər yazan müəlliflərin yaradıcılığı nəzərdə tutulur. Zaman keçdikcə vətəndən uzaqda yaşasalar da formalaşdıqları, şəxsiyyət olaraq yetkinləşdikləri ictimai - tarixi mühit, maddi-mənəvi, psixoloji dəyərlər müəlliflərin bədii yaradıcılığına təsir edir. Mühacirət ədəbiyyatında olduğu kimi, yaşadıqları yeri tərk edib yeni ölkələrdə məskunlaşan insanlarda, tarixən bağlı olduqları kontekstə maraq daha da artır.

Rus müəllifləri (və başqa millətlərin nümayəndələri) və rusdilli (azərbaycanlı) müəlliflərin yaradıcılığı fərqləndirilir. Hər bir yazıçının öz milli tarixi dəyərlərinə (mifologiyasına, ədəbiyyatına, tarixinə və s.) bağlılığı qeyd olunur. Zənnimizcə, Azərbaycanda yaşayıb yaradan müəlliflərdə bu xüsusiyyət fərqli şəkildə özünü biruzə verir: Azərbaycanlı yazıçıların yaradıcılğında rus klassiklərinin təsiri güclüdür, rus və ya digər millətə xas müəlliflər isə yaradıcılıqlarında doğma milli kontekst ilə yanaşı xalqımızın mili mənəvi dəyərlərinə də yer vermişlər.

Rusdilli sənətkarların əksəriyyəti daha yaşlı nəslin nümayəndələri olduğundan onların əsərlərində ötən illər nostalgiya ilə xatırlanır, ömrü boyu məhəbbətinin axtaran romantik, idealist personajlar üstünlük təşkil edir.

Ötən ilin poeziyasına nəzər salsdıqda Elizaveta Qasımova, Marat Şəfiyev, Natalya Voronina, Tamara Vereskunova, Səidə Sübhi, Marina Mürsəlova, Alina Talıbova və b. şairlərin şeirləri çap olunduğunu görə bilərik. Tofik Ağayev öz ənənəvi şeir formasına sadiqdir. Yığcam sətirlərdə fəlsəfi məzmun, böyük mətləblərdən bəhs edə bilmək - müəllifin yaradıcılıq kredosudur. "Ulduzların gözqamaşdırıcı mənası" poetik silsiləsində, pafosdan, mürəkkəb, yersiz epitetlər sistemindən imtina edən şair hər dəfə yeni ifadə tərzi seçərək fərqli duyğulardan, düşüncələrdən bəhs edir:

 

...

Səhvlərlə dolu sözün,

Son sözünü deməsinə imkan verin

...

Gecə ulduzları yığmaq,

Göyün xobbisidir

(Sətri tərümə məqalə müəllifinindir).

 

Daimi müəlliflərlə yanaşı "Literaturnıy Azerbaydjan" jurnalının ilk nəşr bölməsində gənc qələm sahiblərinin yaradıcılığına da yer verilir. Hüseyn Səfərovun "Mizantrop" şeiri maraqlı nümunə olaraq yadda qalır. İlk qələm təcrübəsində fərqli duyumun yer alması, dörd misrada insan ömrünü lakonik formada, tam şəkildə ifadə etməsi gənc şairin uğurudur:

Çılpaq ayağıma ayyaqıbı geyinəcəyəm,

Ləpirlənməmiş (xam) cığır

                                mənə yol göstərəcək.

Palçıq içində gəzişib

        sonradan buludlara yuksələcəyəm...

Göyü çirkləndirdikdən sonra

       yenidən öz mağarama qayıdacağam.

(Sətri tərümə məqalə müəllifinindir).

 

Rus dilli müəlliflər uşaq ədəbiyyatına da öz töhfələrini vermişlər. İl ərzində Tatyana Xaritonova - Aranoviçin "Cvetik -semicvetik" silsiləsindən "Yaşıl", "Lilovıy", "Narıncı", "Göy", "Sabahın xeyir", "Axsamın xeyir", Tofik Ağayevin "Myau", "Tarakan" və b. şeirləri çap olunmuşdur.

2019-cu ilin nəsrinə nəzər saldıqda klassik üslubda yazılmış əsərlərin üstünlük təşkil etdiyi görünür. Hekayələrə gəldikdə burada yumoristik (Leyla Bəyim), antiutopik (Erik Qauzer ("Robotların işi"), fantastik (Temur Məmmədzadə "Könüllü"), kino üçün hekayə (Efim Abramov "Noktyuron"), pritçalar (Aydan), novellalar və b. əsərlər qələmə alınmışdır.

Müharibə, faciələrimiz yenə də əsas müraciət olunan mövzular sırasında qalmaqdadır. Marina Mürsəlovanın "Mən səni gözələyəcəyəm" əsərində hadisələr müharibənin müxtəlif ailələrə "əks- sədası" olaraq canlandırılmışdır. Lakin müxtəlif ailələrdə yaşanan faciələr yalnız müharibə ilə bağlı deyil. Bəzilərinin bədbəxtliyinin səbəbi müharibədirsə, Nərminənin ailəsində yaşanan faciə mənəvi səbatsızlıqdan yaşanır.

Çağdaş bədii ədəbiyyatda esseizm vüsət almaqdadır. Əsasən müasir problemlər - xüsusən Qarabağ hadisələrinin əks olunduğu əsərlərdə müəlliflər öz yanaşmasını, münasibətini ifadə etməkdən çəkinmirlər (Marina Mürsəlovanın adıçəkilən hekayəsi).

Ləman Bağırovanın "Addım səsləri" hekayəsinin mövzusu yeni olmasa da, personajların dəqiqi ştrixlələrlə işlənmiş portreti, öz həyatını yaşayan ailə üzvlərinin obrazları ailədaxili münasibətlərin əyaniləşdirilməsinə xidmət edir. Hekayədə doğma insanlar arasında bağlılığın yoxluğu, həyatın mənasını itirməsini, inersiya ilə yaşamın ağırlığı ifadə olunur.

Valentin Cumazadənin nostalji doğuran hekayətlər silsiləsindən "Altruist", "Besedka", "Qastarbayter", "Dəmir qapılar" əsərlərində, Natiq Rəsulzadənin "Uçan su", "Müşahidəçi" hekayələrində müxtəlif insan taleləri təsvir edilmişdir. Hekayələrin personajları öz daxili dünyası ilə harmoniyada yaşayan, "qəhrəman" olmasalar da bütöv şəxsiyyət kimi yaşamağı üstün tutan adi insanlardır.

Son illər yaranan personaj tipajlarına nəzər salsaq əsasən caşqın, həyatda özünü tapa bilməyən, sosial problemlərin ağırlığı altında əzilən insanlar üstünlük təşkil edir. Oktay Mirqasımın son illər davamlı olaraq povestləri çap olunur. "Həmahənglik qanunu" əsəri öncə müharibə gercəkliklərinin təsviri ilə oxucunu cəlb etsə də, tezliklə bu məkan dul qalan əsgər qadının timsalında müasir həyatımızda yer alan sosial, mənəvi problemlər - evini əlindən almağa çalışaraq ona təyziq göstərən qonşular, sənət aləmində yaşanan intirqaların təsviri ilə əvəzlənir. Mədinənin güçlü insan olması, əzmkarlığı təkrar-təkrar vurğulansa da, onu obraz olaraq ifadə edə biləcək hər hansı bir detal, təsvir yer almadığından personaj yadda qalmır. Tez-tez dəyişən hadisələrin, məkanların, effektli səhnələrin təsviri dolğun psixoloji obrazın canlandırılmasına əngəl olur. Əsərdə adi həyat düzəninin pozulması ilə yaşanan, insan həyatını dözülməz edən şərtlər düzgün müəyyən edilsə də, həyatımızı məhv edən, bizə rahatlıq verməyən çox zaman qlobal problemlər yox, ünsiyyət, diqqət istəyi kimi adi insani keyfiyyətlərin yoxluğudur, təklənən, mənəvi və fiziki yalnızlığı yaşamağa çalışan qadın obrazı bədii şəkildə səciyyələndirilməmişdir.

Müəlliflər müasir mövzulara çox həssasdırlar, biz bunu illərdir müşahidə edirik. Təəssüf ki, bir çox əsərlərdə problemlərin bədii şərhi yer almır, müasir insanın yaşadığı psixoloji təbəllüatların dolğun təsviri verilmir. Bu məqamların üstündən ötən yazıçılar, əsasən diqqətini daha çox hadisələrin təsvirinə yönəldir, sadaladığımız bədii keyfiyyətləri kəskin süjet xətti ilə kompensasiya etməyə çalışırlar. Leyla Mirzəyevanın "Dekompresiya effekti" povesti, Rəşid Nağıyevin "Ödənməmiş borclar" hekayəsi təssüf ki, bu sırada kı əsərlər arasında xatırlanır.

Silsilə povestləri ilə gündəmdə olan daha bir yazıçı Tahir Əlidir. Ötən il müəllifin "Mirzə Xəlil və ölüm" povesti çap olunmuşdur. Dedektiv janrında qələmə alınmış əsərdə, silsilənin əvvəlki nümunələrində olduğu kimi, əsas personaj Mirzə Xəlilin həyatından bir epizod canlandırılmışdır.

Klassik əsərlərdə ənənəvi binar yanaşma "ağ-qara", "pis-yaxşı" qarşıdurması yer alırsa, yaradıcılığında realizmin digər cərəyanlarla sintezinə üstünlük verən müəlliflərin əsərlərində sosial deyil ekzistensial təsvir canlandırılır. Məsələn, Natik Rəsulzadənin "Qapı arxasında dayanan" əsərində seçim qarşısında qalan insan - əbədi yaşam üçün mənəviyyat qanunlarına zidd olaraq başqa birini öldürməli olan insan əks olunur.

İlin ədəbi mənzərəsinə nəzər saldıqda əsasən hekayə və povestlərin üstünlük təşkil etdiyi görünür. İri həcimli əsər olaraq Tofiq Məliklinin "Suyu axtaran adam" avtobioqarfik əsərini qeyd etmək olar.

Müasir ədəbiyyatda mətn yalnız müəllifə deyil, həm də oxucuya məxsusdur. Əsəri ancaq müəllif yaratmır, mətnlə dialoqa girən oxucu özünün mütaliə səviyyəsi, intellekti imkan verdiyi qədər mətnə dalaraq onun məzmununa vara bilir. Mətndə xatırlanan əsərlər, simvollar, obrazlar, motivlər oxucunu müəyyən istiqamətdə yönləndirir. Məlumdur ki, bir çox müasir mətnlər bədii nümunələrlə, mövzularla oyun əsasında qurulur. Əsər sanki sxemdir. Onun dolğunlaşması, məzmunun açılması üçün oxucu müəllifin verdiyi ipuclarını anlaya bilməlidir.

İlqar Safatın "Çexovun silahı" pyesində əsas istinad mənbəyi A.Çexov yaradıcılığıdır. Rejissor Çexovun "İvanov" əsərini səhnələşdirir və bütün hadisələr həmin tamaşa oynanılacaq gün, eyni məkanda və müəyyən zaman çərcivəsində baş verir. Hərəkətin, hadisələrin minimuma endirilməsi ilə müəllif psixoloji təsvirə köklənir. Məhdud personajın, məkan və zamanın yer aldığı əsərdə A.S.Puşkinin "Daş qonaq", "Valkiriya", "Medeya" (Evripidin faciəsində ehtirasın qələbəsi ilə insanın şəxsiyyət olaraq məhv olması), mifik personajlar, şeytana mürəkkəb qabı atan Martin Lyuter, kimi bir çox tarixi və ədəbi personajlar xatırlanır, zaman sərhədlərinin itməsi ilə Bekket, Çexov, Şekspir birgə toplanaraq hadisələri seyr edirlər.

Səhnələşdirilən əsərin personajı olan İvanov Hamletin rus variantı olaraq qiymətləndirilir. Özünü sənətə, ehtiraslarına qurban verən, sonda həm yaradıcılıqda, həm də şəxsi həyatda məğlub olan, yalnış dəyərlərlə yaşayan insan olaraq canlandırılan rejissorun taleyi ilə İvanovun həyatınıda oxşar məqamlar çoxdur. Dramaturq bir çox xatırlatmalar vasitəsilə xarakterin bütövləşməsinə çalışsa da, sanki qarşısına qoyduğu məqsədə nail ola bilmir.

İnterteks əsasən yazıçını yeni ideyalara yönəltsə də, nəzərdən keçridiyimiz əsərdə əks effekt alınır, maraqlı simvollara, bədii mənbələrə müraciət uğurlu olsa da, mövzunun yeni cizgilərlə zənginləşməsi yer almır. "Mən elə bir xəstəliyə mübtəlayam ki, o müalicə olunmur!" deyən personaj yalnız məlum sırada yer alır, sanki müəllif özünün geniş mütaliə dairəsindən qurtula bilmir.

Rusdilli ədəbiyyatımızın nümayəndələrindən biri olan Leyla Bəyimin bu il iki yeni əsəri çap olunmuşdur. "At gedişi " pyesində tarixi bir material- Xurşudbanu Natavanın Düma ilə görüşü, Xan qızı ilə bağlı bioqrafik məqamın (ailəsinin dağılma səbəbləri) yeni interpretasiyası təsvir olunmuşdur. Tarixi materialın müasir dövrlə əlaqələndirilməsi (Orxan Camalın ölümü) maraq doğursa da, dialoqlarda informasiyanın bədiiliyi üstələdiyi, personajların replikalarında fərdi nitq xüsusiyyətlərinin gözlənilməməsi pyesin bədii keyfiyyətlərinə xələl gətirir.

Müəllifin (Efim Abramovla birgə) "Böyük köpək bürcü" melodramının personajları kütlədən biri ola bilməyən, mənəvi sarsıntı yaşayan, təklənən insanlardır. Əsəri mifoloji kontekstə bağlayan personajların adları, Teo ((Allahın lütfü, hədiyyəsi), Miya (M(ar)iya, Aris (müharibə Allahı), (Böyük köpək bürçü)), ilk baxışda sadə görünən süjet xəttinin dolğunlaşmasına, mövzunun daha mürəkkəb məzmun kəsb etməsinə səbəb olmuşdur.

Bir çox ölkələrdə milli və rusdill ədəbiyyat əsasən paralel şəkildə, "kəsişmədən" inkişaf edir, çünki dil baryeri çox zaman müəlliflərin bir-birinin yaradıcılığını izləməsində maneə rolunu oynayır. Lakin ölkəmizdə bu hal yaşanmır, çünki mütəmadi olaraq azərbaycan dilindən rus dilinə və əksinə tərcümələr həyata keçirilir.

Azərbaycanın əsas rusdilli orqanı olan "Literaturnıy Azerbaycan" jurnalının səhifələrində müasir və klassik ədəbi irsimiz tərcumə edilərək dərc edilir. Nəzərdən keçirdiyimiz il ərzində Mustafa Çəmənlinin "Üç il əsirlikdə" (tərcüməçi Elşadə Əzizova), Varis Yolçuyevin "Metamorfoz" (tərçuməci Nicat Məmmədov), Orxan Fikrətoğlunun "Yad" (tərcuməçi Cavid Abbasov) və b. jurnalın səhifələrində rus dilində çap olunmuşdur.

Ölkə hüdudlarından kənarda yaranan rusdilli ədəbiyyat Afaq Şıxlı, Murad İbrahimbəyov, Samid Ağayev, Eldar Əhədov və başqa onlarla yazıçı və şairlərimiz tərəfindən təmsil olunur. Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsi Abuzər Bağırovun rəhbərliyi ilə fəaliyyətini davam etdirməkdədir. Abuzər Bağırovun tərtibçiliyi ilə son illərdə "Pogtı azerbaydjanüı moskviçi. Antoloqiə" kitabı nəşr edilmişdir. Leyla Əliyevanın poeziyası dünyanın bir çox dillərinə tərcümə olunaraq, geniş oxucu auditoriyası tərəfindən tanınmaqda və sevilməkdədir.

Beləliklə, təhlillər Azərbaycanın rusdilli ədəbiyyatının respublika daxilində olduğu kimi, ölkəmizin hüdudlarından kənarda da inkişaf etməkdə olduğunu söyləməyə əsas verir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!