Azər TURAN
Erməni-Azərbaycan konfliktinə
həsr olunmuş ilk konfrans barədə
1906-ci il. Tiflis. Yaşıl Zal. Hümayun sarayında erməni-Azərbaycan münaqişəsinə həsr olunmuş ilk konfrans - Sülh danışıqları fevralın 22-dən 28-ə kimi davam etdi. Həmin konfrans barədə ətraflı bəhs edən əsas qaynaq Məmməd Səid Ordubadinin 1911-ci ildə yazdığı "Qanlı sənələr" əsərindəki qeydlərdir. Mövzu ilə bağlı tarixşünaslarımız əsasən həmin əsərə istinad edir. Başqa qaynaqlar ya xatırlanmır, ya da az xatırlanır. Sülh danışıqları ilə bağlı Əli bəy Hüseynzadənin 1906-cı ildə - konfransın keçirildiyi günlərdə "Həyat" qəzetində dərc etdiyi "Tiflis erməni-müsəlman ictimainə dair bir-iki söz" məqaləsi əfsus ki, indiyə qədər araşdırma predmeti olmayıb. Halbuki, olmalıydı. Çünki "Qanlı illər"dən fərqli olaraq, Əli bəy Hüseynzadənin məqaləsi problemin, ümumiyyətlə, erməni-azərbaycanlı konfliktinin politik təhlilini verən ilk yazı idi.
...Müzakirələr zamanı guya ortaq çıxış yolunun tapılmadığını bildirən Vorontsov-Daşkovun sözlərindən belə çıxırdı ki, buna səbəb konfransa qatılmış nümayəndələrin siyasi baxımdan kifayət qədər yetənəkli olmamasıdır. Vorontsovun fikrinə etiraz edən Əli bəy Hüseynzadə yazırdı ki, "Qafqaz canişini qraf Vorontsov həzrətləri nitqlərində buyurdular ki: - "Siz (yəni Azərbaycan və erməni vəkilləri - A.T.) yanğının, atəşin həqiqi səbəbini təyin edə bilmədiniz. Yəni səbəbi tapa bilmədiniz!.. Demək ki, nə müsəlmanların ittiham etdikləri erməni terror təşkilatlarına, nə ermənilərin şikayətçi olduqları administrasiyalara və nə də əvvəlcə senator Kuzminskinin xatırlatdığı dini, milli, iqtisadi amillərə mərəzin səbəbi kimi baxılmır... Səbəb də kəşf olunmadan mərəzi müalicə etmək, sülhə yol tapmaq çətin!.. O halda görünür ki, xəstəliyin mənbəyini kəşf etmək üçün bizə əvvəlcə mahir siyasətçilər tapmaq lazım gəlir!..".
Əli bəy Hüseynzadə daha təcrübəli siyasətçiləri "nerədə bulmaq?.." sualını verir və əlavə edirdi ki, "bir xəstə yerli həkimlərə etibar etmədiyi halda, daha səriştəli təbiblər tərəfindən müalicə olunmaq üçün xarici ölkələrə səfər edə bilər...". Amma milli bir problemin çözülməsi üçün eyni hərəkəti etsək, "böyük bir xəta edəcəyimizə şübhə edilməsin, çünki nümunəsi meydandadır! Osmanlı ölkəsindən olan Rum elinin, Makedoniyanın əhvalına bir nəzər ediniz, oraya sülh yaratmaq üçün Avstriya və Rusiyadan əcnəbi siyasi heyətlər gəldi. Bundan o məmləkətə bir xeyir oldumu, olmadı! Mərəz gündən-günə daha da ağırlaşdı".
Əslində, Vorontsov üstüörtülü şəkildə ideya olaraq indiki ATƏT-in Minsk qrupu anlayışının ilk versiyasını təlqin edirdi və Əli bəy Hüseynzadə birmənalı şəkildə buna qarşı çıxırdı: "Bir məmləkətin xaricdə bitərəf bir təbib tapa bilməsi çox müşküldür... Siyasilər, ələlxüsus bürokratiya və kapitalizm siyasiləri bir məmləkətə "intriqa" dolabları çevirmək üçün girərlər...
114 il əvvəl, yəni 1906-cı ildə türklər (yəni biz) "bütün baş verən qanlı hadisələrin səbəbi olaraq erməni terrorizmindən şikayətçi" idik. "Ermənilər isə baş verən hadisələrə görə, guya ermənilərə tam dəstək verməyən rus hökumət administrasiyanı günahlandırır"dı. Nə dəyişib ki... Hüseynzadə məsələnin incəliyini belə şərh edir: "Hər qəbahəti, hər zülmü idarə məmurlarının üzərinə yıxmış ikən böylə bir əmri (sülh yaratmağı) yenə onlara həvalə etmək, nə böyük məntiqsizlik, nə qədər aşkar təzaddır!..".
O dövrün gürcü mətbuatı da məsələnin bu tərəfinə diqqət yetirmişdi. Midivaninin baş redaktor olduğu "Na povorote" qəzeti toplantının nəticələrinə həsr etdiyi məqalədə bildirirdi ki, "Eyni zalda vəkillərin bir qismi nifaq və ədavəti alovlandırmış olan hökumət idarəsinin günahkar olduğuna hökm elədikləri halda, yenə eyni idarəyə müraciət edirlər, ondan nicat gözləyirlər... Sülh üçün təklif olunan tədbirlərin idarəyə həvalə olunması bizə anlaşılmaz görünür, çünki bu idarə idi ki, hərəkətsizliyi və laqeydliyi ilə baş verən hadisələrə bais olduğundan onun günahlarını heç senator Kuzminski də təmizə çıxara bilmədi". Gürcü müəllifin yazdıqlarını şərh edən Hüseynzadə əlavə edirdi: "Vəkillər burasına diqqət etmədilər ki, mütləqiyyət bürokratiyası qara qanadlarını şimdi əvvəlkindən ziyadə açan eyni köhnə bürokratiya idi ki, millətlərə sülh verməyə qadir deyildir...".
Erməni nümayəndələr zülmkar kimi gördüklərini həm də xilaskar olaraq qəbul edir. Niyə? Əli bəyin təbirincə, "əcəba, böylə ziddiyyətdə bulunmaq nədən baş verir? Bilirmisiniz? Terror xofu ilə canlarına qorxu düşən çar məmurlarını öz düdükləri ilə istədikləri kimi oynatmağı ümid edirlərdi".
Əslində, Əli bəy Hüseynzadənin nəyə eyham etdiyini o dövrdə hamı yaxşı bilirdi. Hətta həmin toplantıda Əhməd Ağaoğlu demişdi ki, "Qafqazda olan mənsəb sahibləri və hakimlərin çoxu erməni terrorundan qorxub ədalət ilə, insaf ilə iş görmürlər". Ortada qanlı təcrübə var idi. Vorontsovdan əvvəlki Qafqaz canişini Qriqori Qolitsın Erməni Qriqorian kilsəsinin əmlakının müsadirə edilməsi barədə Rusiya Çarının fərman verməsinə nail olmuş və qarşılığında ermənilər tərəfindən terror edilmişdi. Qolitsın terror edildikdən sonra onun yerinə canişin təyin olunan general Vorontsov-Daşkov isə Qafqazda ermənilərin güclənməsində əsas rolu oynayırdı. Erməni-müsəlman məsələsinin nizamlanması üçün kənar münsiflərin işə qarışması ideyası da həyat yoldaşı erməni olan Vorontsova məxsus idi. Onsuz da ermənilər bu adamı öz düdükləri ilə istədikləri kimi oynadırdılar...
Qəribədir, Qafqaz canişinliyində keçirilən həmin müzakirələrdə erməni xisləti elə indi olduğu kimidir. Əli bəy Hüseynzadə bunu sezərək yazırdı ki, "Ermənilərin ilk günlərdə söylədikləri sözlərlə sonrakı günlərdə söylənən sözləri arasında bir rabitəsizlik var... İşə bu cəhətdən baxılırsa, ermənilərin sözlərində görünən daimi təzadlar, ixtilaflar, tərəddüdlər dərhal sezilir! Qəribə şey! Bizimkilər tərəfindən ortaya qoyulan mülahizələr daim aydın, aşkar və müəyyən bir məntiq dairəsində ikən, ermənilər bunların müqabilində özlərini itirib, gah sağa, gah sola qaçıyorlar. Bu gün söylədikləri sözü ertəsi gün tamam yadlarından çıxarıb, onun əksini iddia edirlər. Bu nədən böylə oluyor? Çünki aydın bir həqiqəti ört-basdır etmək istəyirlər". Məsələn, toplantının ilk günlərində erməni terror təşkilatının olduğunu inkar edir, yığıncağın davamında isə Daşnaksütyun partiyasının əsla cinayətlərlə əlaqəsi olmadığını və məhz insaniyyət yolunda çalışdığını söyləyirlər... Bir neçə gün sonrakı yığıncaqda azərbaycanlı nümayəndələr tərəfindən sülhün bərqərar olması üçün hər iki tərəfin qatilləri, caniləri göstərmələri şərti irəli sürülür. Ermənilər cavab verirlər ki, bu olmaz, çünki o vaxt Daşnaksütyun kimi insaniyyət yolunda çalışan bir cəmiyyətin ləğv edilməsi lazım gələcək... Əli bəy Hüseynzadə bu məqamda təəssüf və sarkazmla qeyd edir, demək ki, ermənilərin insaniyyətə xidmət edən möhtərəm xadimləri qatillərdən, canilərdən ibarət imiş. Tiflisdəki iclasda ermənilərin daşnak təəssübkeşliyi doktor Qara bəy Qarabəyov və Əhməd bəy Ağayev tərəfindən də tənqid olunmuşdu.
Yaxud həmin yığıncaqda ermənilər iddia etdilər ki, onların davası şiə türklərlədir, sünni türklərlə problemləri yoxdur. Ermənilərin bu məkrli yalanına Məhəmməd Ağa Vəkilov dəlillər gətirərək cavab verib, bu fikrin ortaya sürülməsində də qorxulu və pis bir niyyətin göründüyünü deyirdi. Yaxud, yığıncaqda azərbaycanlı vəkillər tərəfindən Daşnaksütyun partiyası ittiham edilirkən, bunların sahib olduqları topun, tüfəngin kimə qarşı olduğu sual edilirdi. Ermənilər münasib bir cavab verməkdən aciz qalıb deyirdilər ki, "bu hazırlıq Osmanlı dövlətinə qarşıdır...". Türkiyədə sorulsa eyni sualın cavabı "bu hazırlıq Rusiya dövlətinə qarşıdır" şəkilndə səslənəcək. Əli bəy Hüseynzadə əlavə edir: "Görülür, rollar çox gözəl bölünmüşdür... Osmanlı erməniləri Rusiyaya qarşı və Rusiyadakılar da osmanlılara qarşı çalışıyorlarmış, amma hamısının da məqsədi bir!..".
Təzad həm də ondadır ki, "bizim sünnilərlə işimiz yoxdur" deyən ermənilər həm də bu toplu-tüfəngli "hazırlıq osmanlı türklərinə qarşıdır" - deyirdilər.
Əli bəy Hüseynzadə çıxış yolunun Peterburqda və İstanbulda millətlərə ədalət, müsavat, hüriyyət bəxş edəcək konstitusiyanın yaranmasında görürdü. Belə bir məşrutə düzəni yaranacağı təqdirdə Əli bəyə görə, millətlərin yaxınlaşması mümkün olacaqmış...
***
Amma üstündən yüz il keçdi. Əli bəyin arzuladığı konstitusiya yüz il əvvəlki o böyük imperatorluqlarda yarandı. Hətta o imperatorluqlar tarixə qovuşdu. Hələ üstəlik, Azərbaycan da, Ermənistan da müstəqil dövlət oldular, öz konstitusiyalarını yaratdılar... Amma nifaq və ədavət bitmədi. Problem həll olunmadı. Ermənilər yenə Əli bəy Hüseynzadənin yüz il əvvəl dediyi kimi davranmaqda və danışmaqda davam etdilər. 1905-ci ildə erməni yazarları, ədibləri "erməniləri haqlı, insaniyyətli, bigünah və əlhasil məsum bir quzu kibi göstərməyə, bizi isə bütün bunun əksi olaraq səciyyələndirməyə qeyrət ediyorlar, qəzetələrlə, teleqraflarla, ajanslarla Avropanın bir ucundan o biri ucuna, bəlkə ta Amerika və Avstraliyaya qədər o yolda fəryadlar ediyorlar. Daha doğrusu, bizim kibi aciz qalmayıb edə biliyorlar idi. Pişik öz pisliyini torpaqla örtdüyü kimi, ermənilər də öz qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içində gizləyib, bizim isə ən kiçik qəbahətimizi birəni dəvə edərcəsinə mübaliğələndiriyorlar. Bu qədərlə də yetinməyib adətən iftiralarda bulundular... Əsl məsələ ümumimizə, ümum türk və müsəlmanlara aid iftiralardır ki, bəzi erməni yazarları bu növ iftira və böhtandan da çəkinmədilər. Guya ümum müsəlmanlar, yəni üç yüz milyondan ibarət müsəlmanlar birləşib bu günlərdə çəgirkə kimi qanadlanıb uçacaq və Rusiya ilə Avropanın üstünə töküləcək və Qərb mədəniyyətini, bəlkə də bütün xristian aləmini bağı ilə, bağçası ilə, əkiniylə, əhalisiylə yeyib yetəcəklərmiş. Buna da guya indiyə qədər ermənilər mane olduğundan, İstanbuldan ermənilərin qətliamına dair bir barmaq işarəti çəkilmiş imiş!..".
1905-ci ildən bu günə qədər üslub həmin üslub, iftira həmin iftiradır... Kaş ki, 1905-ci ildə ermənilər Hüseynzadəyə inanaydılar: "Ermənilər burasını yaxşı anlamalıdılar ki, slav selinin müqabilində və hər tərəfdən əsən şiddətli ruzgarlarla çalxalanmağa başlayan türk ümmanının böyründə erməni istiqlalı mümkün olan şey deyildir...".
5 oktyabr 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!