2019-cu ildə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış - Gülnar Səma

Bölgə ədəbiyyatının ən əlverişli bölgüsü və qruplaşdırılması elə bölgələr üzrə aparılmalıdır.  

2019-cu ildə Naxçıvanda baş verən ədəbi hadisələri Vaqif Yusiflinin "Naxçıvanın şeir mühiti" yazısı və Elxan Yurdoğlunun "2019-cu ildə poeziya: axtarışlar, tendensiyalar" məqaləsi hərtərəfli şəkildə əks etdirir. 2019-cu il həm də Naxçıvanın Muxtariyyət əldə etməsinin 95-ci ildönümü ilə yadda qaldı. Elxan Yurdoğlunun "Naxçıvan dastanı" və Həsənəli Eyvazlının "Naxçıvan haqqında ballada" miniatür kitabları həmin yubileyə xüsusi töhfə oldu. 2019-cu ildə eyni zamanda Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigarın 65 illiyi və  Adil Qasımovun 80 illiyi qeyd edilib. Bəhs olunan dövrdə Naxçıvan yazarlarına məxsus çap məhsullarından Xanəli Kərimlinin "Ahlat taşı" (Türkiyədə türkcə), Firudin Süleymanoğlunun "Babamla söhbət", Şirməmməd Qüdrətoğlunun "Bu sənə yazdığım sonuncu şeir", Əbülfəz Ülvinin "Bu suda hikmət var", Ramiz Babayevin "Budağın nağılı", Sürəyya Nəsibin "Çoxdandır yuxuma gəlmirsən...", Seyid Zamin Mir Nəzəroğlunun  "Bulaqlar" və "Gör nələr keçir könlümdəm", Vidadi Rəcəbin "Gerçəklik", Ələsgər Talıboğlunun "Göylər mənim deyil ki", Əli Musanın "Bəlkə də, ruhumun yuxusu gəlir", Gülsadə İbrahimlinin "Femine" və s. kitab və nəşrlərin adlarını çəkə bilərik. Mərkəzi mətbuatda isə Gülay Tahirlinin "Ulduz" jurnalında, Qəmər Sözay və Qızbəsti Sultanın "525-ci qəzet"də, Elxan Yurdoğlunun "Ədəbiyyat qəzeti"ndə şeirləri yer alıb. Müxtəlif səbəblərdən Naxçıvanda yaşayan digər bölgələrə aid şairlərə nümunə olaraq Hədiyyə Şəfaqətin və Şükür Qafarın adlarını qeyd edə bilərik.

2019-cu ildə Sumqayıtın ədəbi həyatı Azərbaycan Respublikası Prezidentinin 14 Fevral 2019-cu il tarixli "Sumqayıt şəhərinin 70 illiyinin qeyd edilməsi haqqında" sərəncamı ilə sıx bağlı olmuşdur. Sumqayıtın 70 illiyinə həsr edilmiş "I Mədəniyyət Festivalı"nda və "I Kitab Yarmarkası"nda sumqayıtlı yazarlar yaxından iştirak etmişlər. "Sumqayıta həsr olunmuş ən yaxşı şeir" müsabiqəsi elan edilmiş, "Mədəniyyət Festivalı" günündə I, II və III yerlərin qalibləri şəhər icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır. Poeziya Evinin təşkilatçısı, gənc şair Elvin Əlizadə "Sumqayıta həsr olunmuş ən yaxşı şeir" müsabiqəsinin qalibi olmuşdur. Bundan başqa "Sumqayıt-70" tədbirləri çərçivəsində AYB və İLESAM-ın iştirakı ilə Əli Kərimin və Əbdürrəhim Qaraqoçun xatirəsinə həsr olunmuş "IX Şairlər Günü" qeyd edilmişdir.

2019-cu ildə Poeziya evinin direktoru, şair İbrahim İlyaslı Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatının laureatı olmuşdur. Mən 2013-cü ildə onun ktabı haqqında "İbrahim İlyaslının "Yuxuma söykənmiş adam"ı" məqaləsini yazmışam. Şairin 2018-ci ildə 55 illik yubileyi keçirilmiş, bu münasibətlə "Şair olmaq zülmdü" kitabı işıq üzü görmüşdür. Sumqayıtda yaşayan şairlərdən Ehtiram İlhamın 2019-cu ildə "Çox yaşadım" kitabı çap olunmuşdur. Ədalət Nicat isə "Min fəryadlar sükut olar, Bir ahımın qarşısında" - söyləməklə gözəl mübaliğə yaratmışdır. "Fəryad" ismi adətən "qoparmaq" feili ilə işlədilir. Bu da onun hərəkət əhatəsində olduğunu göstərir. Hərəkət olan yerdə isə sükut ağlagəlməzdir. Ağla gəlməyən hadisənin başa gəlməsi üçün bir ah yetərli olmuşdur.  2019-cu ildə sumqayıtlı yazıçıların nəsr əsərlərindən xəbərdar olmaq üçün Çinarə Ömrayın "Şərbət" hekayəsini oxumaq yerinə düşər. Hekayədə hadisələr ana, ata, bir qız, bir nəvə olan ailədə cərəyan edir. Hekayənin əsas mövzusu məişət zorakarlığı, qadın hüquqsuzluğu üzərində qurulsa da, hər bir obrazın öz təqdimi var.

Barat Vüsalın  rəhbərlik  etdiyi Azərbaycan Yazıçılar Birliyinin Qazax  bölməsinin 2019-cu ildə 30 illiyi tamam olmuşdur. 2016-cı ilin yayında "aybKitab" layihəsində çap olunan "Qazax mahalının şairləri" almanaxının Qazaxda, Gülnar Səmanın "Gül" kitabının Tovuzda təqdimatı keçirilmişdir. 2019-cu ildə isə "IX şairlər  günü" və "Cəbhəni  qarış-qarış" layihələri çərçivəsində  baş tutmuş  tədbirləri  xüsusi olaraq  qeyd  etməliyik. Filialda 2019-cu ildə nəşr olunmuş kitablar içində Bəşir Köhnəalının "Qaçaq Musa" adlı bədii-sənədli romanı diqqəti cəlb edir. Filialı təmsil edən şairlərdən Mustafa Rasimoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Səhlədar Hidayətoğlu, S.Camal, Bilal Qoca, Tamella Poladlı, Məzahir Alıyev, Telman Axıncı, Ramiz Çıraqlı, gənclərdən Nuranə Təbriz, Elnur Süleymanlı və başqaları öz dəsti-xətti ilə seçilən imzalardandır. Qazaxın İncə dərəsində məskunlaşan Məhəmməd Astanbəylinin "Ürəyin istəyənləri, Gözlərin görə bildimi?" - misralarında ürək və göz isimləri istəmək və görmək feilləri vasitəsilə bir-birinə bənd edilib. Qazax zona filialının sədri Barat Vüsalın 2019-cu ildə çap olunan "Piyada atlı" şeirlər kitabı 11 silsilədən ibarətdir. 2016-cı ildə "Barat Vüsalın "Aldədə" poeması" adlı məqalə  yazmışam.  Şairin "Artıq döyünsə dayanar, Ürəyim haram götürmür" - fikirləri ilk baxışda sadə həqiqətin ifadəsinə bənzəyir. Ürəyin haram götürməməsi frazemi həm də həqiqi məna daşıyır. Ürək öz bioloji qanunlarına uyğun döyünməlidir, döyünmənin artıqlığı faciəyə səbəb ola bilər. Şair bu qanunauyğunluğu xarakterə ustalıqla köçürə bilib.

Ağstafada yaşayan Saqif Qaratorpağın 2019-cu ildə "Bəlkə belə yaxşıdı" kitabı oxucuların ixtiyarına verilib. Ağstafalı yazıçı Əli Cəfəroğlunun keçən il İranda fars dilində yeni kitabı çap olunmuşdur. Əli Cəfəroğlunun "Həsrətdə qalan tar" hekayəsi "Görəsən, tar kövrələrmi? Deyəcəksiz, yox!" sual-cavabı ilə başlayır. Bu olmuş hadisəni məktəb direktoru işləyən insan nəql edir. Hekayədə şəriki, həm də dostu tərəfindən  xəyanətə tuş gəlmiş, bütün pulları mənimsənilmiş bir müəllimin tarına olan sevgisindən bəhs olunur. Ağstafada yaşayan, əsasən heca vəznində, qoşma yaxud gəraylı janrında sözünü deyən Rüfət Axundlunun şeirlərində müasirliklə yanaşı, sufiyanə əhval-ruhiyyə də diqqətdən yayınmır.

Əkbər Qoşalının "Ürək daşı" kitabının mayın 12-də  Tovuz Gənclər Evində baş tutan təqdimatını bölgə ilə mərkəz əlaqələrinə nümunə olaraq göstərə bilərik. Hazırda Tovuzda yaşayan şairlərdən Brilyant Atəş, Marif Həsənoğlu, Qədir Hümbət, Çingiz Qəribli, gənclərdən Nəbi Hüseyni, Toğrul Kərimli, Turanə Turan və başqaları öz dəsti-xətləri ilə seçilən imzalardandır. Novruz Mizani Hafizin "Yaz gəlir" şeirində, göylərin qaş-qabağının, dağların bəyaz duvağının dilinin açılması nə qədər gözəl vəsf olunsa da, "Açılır, sellərin donan ayağı" misrası həmin gözəlliklərdən daha möhtəşəm təsir bağışlayır. Yazda çayların daşmasına aid kifayət qədər ədəbi nümunə tapa bilərik. Lakin bu ifadənin "ayağın donunun açılması" kimi işlədilməsi təkrarsızdır. Məhəmməd Mehdixanlının hamıya bəlli olan faktlara öz yanaşması vardır... Mehman Rasimoğlunun isə 2019-cu ildə "Doğmalar da yadlaşarmış" adlı növbəti kitabı işıq üzü görüb.

Şəmkirdə Məzahir Hüseynzadə kimi yetkin qələm sahibləriylə birgə Məhəmməd Turan, Tural Turan kimi gənclər də var. Şəmkirə ilk dəfə olaraq ali mükafat olan Gənclər üçün Prezident Mükafatını gənc yazar Mətanət Qüdsi bəxş etdi.

2019-cu ildə AYB-nin Gəncə bölməsində Nigar Rəfibəyliyə həsr olunmuş "IX şairlər günü", Nəsimi günü və Bahadur Fərmanın 80 illiyi qeyd edilib. "Məni dünyamdan qoparma" və Bayram Göyçəlinin "Tale çırağı"  kitablarınının təqdimatı olub. Ümumiyyətlə, 2019-cu ildə bölgələrdə yaranan dramaturji əsərlər barəsində "oynanılan pyeslər"dən başqa məlumat əldə edə bilmədim. Bu əsərlər isə Gəncə bölməsinə aiddir. Xəzangül xanımın "Xarabat gözəli" Gəncə Dövlət Dram Teatrında, Sahib İbrahimlinin "Sadığın toyu" əsəri  isə Gəncə, Ağdam, Mingəçevir və Füzuli Dövlət Dram Teatrlarında səhnəyə qoyulub. 2019-cu ildə Gəncə bölməsinin rəhbəri Xəzangül xanımın iki cildlik "Seçilmiş əsərlər"i çap olunub. Şair, on üç yaşlı Türk qızının Zor Balayan tərəfindən divara mismarlanıb, nə qədər vaxt dözə biləcəyini ölçən erməninin amansızlığını şeirində təsirli formada qələmə alıb: "Yeddi dəqiqə dözə bildi Türk qızı öldü..." Nəsr əsərləri də yazan Xəzangül xanımın "Ruhlar da ağlaya bilər..." hekayəsi ailə-məişət mövzusunda olsa da, yanaşma tərzi fərqlidir. Əsərin adındakı ağlayan ruh ölmüş kişinin ruhudur. Bu ruhu ağladan isə vaxtında əsl üzünü görə bilmədiyi arvadı Gülçöhrənin əməlləridir.

Gəncə bölməsinə məxsus digər şairlərə nümunə olaraq Çiçək Mahmudqızının, Gülnarə Sadiqin, Şəfa Vəlinin adlarını çəkə bilərik. 2018-ci ildə Şəfanın kitabı haqqında "Şəfa Vəlinin Poçtalyona məktub"u" adlı məqalə yazmışam. İradə Aytelin şeirlərində isə öz-özünə istinad, mənsubiyyət şəkilçilərinə üstünlük diqqətdən qaçmır. Fərrux Rəhimli isə bu dəfə 2016-cı ildə yazdığım "Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə bir baxış" məqaləm üçün göndərdiyi şeirlərlə müqayisədə çox mükəmməl və orijinal şeirlər göndərdi. Fərrux "Biz nə qədər dözməliyik?!" şeirində vətəninin haqsızlıqlara məruz qalmasına etiraz səsini ucaldır.

Ölkəmizin şimal bölgələrini Zakir Məmməd, Ramiz Qusarçaylı, Aybəniz Əliyar kimi yetkin şairlər təmsil edir. Quba ədəbi mühitinin təsdiqlənmiş imzalarından olan Ramiz Qusarçaylının "Təbrizə yağış yağır" şeirində yağışın göydən yerə ötürdüyü ismarıcın iniltisi haray çəkir. Şeirdə birliyi əsrlərdir əlindən alınan ürəyin çatlarının bir-biri ilə öpüşmək üçün yağışın kefindən asılı olması çox təsirli ifadə olunub. Dərdin özündə də naz tanıyan şairin "Kasıb ... və daxması" şeirində nəsr dili ilə uzun-uzadı təsvir edilə biləcək problemlər lakonik və poetik şəkildə gündəmə gətirilib.

AYB-nin Şabran bölməsinə rəhbərlik Aydın Tağıyevə həvalə olunub. Həmin filialın təmsilçisi olan Vüsal Hicranoğlu isə Xızıda yaşayır. Xaçmazlı yazlar da 2019-cu ildə ədəbi fəaliyyətlətini davam etdirmişlər. Fərqli deyim tərzi ilə seçilən Habil Rza Nurun 2017-ci ildə "Əfsanələr yalandır" kitabı çap olunub. Siyahısı təqdim olunan şeirində şairin müşahidələri və ümumiləşdirmələri maraq doğurur: "Ən ağrılı ayrılıq güllənin lüləni tərk etməyi, Ən pis təkamül, insanların bunu dərk etməyi" və sair kimi sətirlərin yer aldığı şeirdə şair həm fəlsəfi ümumiləşdirmələrini sadalayır, həm də bədii mətni təmin edə bilir. Vüsal Yurdoğlunun "Mən möcüzə gözləyirəm" (2018) kitabı ilk olduğu üçün illər öncə yazdığı şeirləri də əlavə edib. "İzlər ayaqlarıma uyğun gəlmir kimindir?!" - tipli misralarda isə insani suallar əks olunur. Onun "Bətül" (2020) adlı ikinci kitabında əsasən son illərdə yazdığı şeirləri toplanıb. Agah Xaçmazlının "Hər sözün bir ətri var..." (2018) kitabında klassik janrlara müraciət edilsə də, kitabın ən böyük bölümünü "Qəzəllər" təşkil edir. Agah Xaçmazlının "Həyat yoldaşı" (2019) kitabında da dodaqdəyməzli təcnis, təcnisli dodaqdəyməz, həcv, dodaqdəyməz, sonet kimi janrlarla yanaşı ənənəvi formalar üstünlük təşkil edir.

Tarixən ölkəmizin mədəniyyət beşiklərindən olan Şəkidə AYB-nin Şəki bölməsi fəaliyyət göstərir. Şəkidə yaşayan şairlərdən Zaur İlhamoğlunun 2018-ci ildə "Bu həyat dediyin..."  şeirlər kitabı işıq üzü görmüşdür.

Ötən il AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun tərtibçiliyi ilə nəşr olunan "Aran" ədəbi toplusunda Şöhrət Qaraoğlunun, Nisə Bəyimin, Valeh Bahaduroğlunun, Şahnaz Şahinin və b. maraqlı şeirləri yer almışdır.

AYB-nin Oğuz filialı 2019-cu ildə üç almanax hazırlayıb. Vüsal Oğuzun 2019-cu ildə yazdığı "Alman hesabı ilə çəkmə" hekayəsində iki kişinin ucuz və keyfiyyətli ayaqqabılar satılan dükandan bir-iki dəfə  geyinilmiş, yaxşı vəziyyətdə olan ayaqqabıları lap "su qiymətinə" almaq məcburiyyətlərindən bəhs edilir. Oğuz rayonunun başqa bir yazarı Pərviz Cəbrayılzadənin 2018-ci ildə "İblisdən betər" adlı dedektiv romanı çapdan çıxıb. Pərvizin "Bir dəstə çiçəklə evə gəldim" hekayəsi "Gözümü açanda hələ başıma gələnlərdən xəbərsiz idim" - cümləsi ilə başlayır. Əsəri oxuduqca onun başına gələnlərdən xəbərdar olursan, amma hekayənin mahiyyətini anlamaq çətinləşir. Nəticə göz önündədir, qəhrəman ruhi xəstəxanadadır və oradan qaçmağı bacarır. Bütün hekayət bir nəfərin nəql etməsi üzərində qurulub və digər personajlar da nəql etmə zamanı hansısa işin icraçısına çevrilirlər. Həmin bölgəyə aid yazarlardan olan Nargilə Qafarovanın 2019-cu ildə "Xoşbəxtliyin ətri" adlı kitabı çap olunub. Onun şeirlərində çarpışmada olan bir insanın mübariz ruhu hiss olunur. Qəbələdə yaşayan şairlərdən Qoşqar Qaraçaylının "Özü öz toyunda ağlayan gözəl", "Dön keçmişə sev məni" kimi şeirləri ənənəvi formalarda yazılsa da, ənənəvi sözçülükdən uzaqdır. Onun şeirlərində hər misra bəndi tamamlayır, hər bənd də şeiri bütövləşdirir. Qismət Məsimovun isə iki  kitabı işıq  üzü  görüb. Qismətin şeirlərində sözün çoxçalarlılığına meyil də hiss olunur. "Sən elə maraqlı çıxıb getmisən Harda dayanıram ayaq səsindi..." misraları içdən olduğu qədər də, sözlə həssas davranışın təzahürüdür.

Şamaxı rayonundan olan Yusif Nazim Ərəbsoyun son dövr yaradıcılığında ana itkisinin təzahürü olan şeirlərlə yanaşı, dünyanın dərkinə cəhd edilmə meyillərinin ifadəsi də görünür. Saatlı rayonunda yaşayan Allahşükür Ağanın 2019-cu ildə yazdığı şeirlərində bir nağılvari söyləm hiss olunur. 

Cənub bölgəsinin yazarlarından Ağamir Cavadın, Qafar Cəfərlinin adlarını çəkə bilərik. Cənub bölgəsinin digər yazarlarından biri də Lerikdə yaşayan Ceyhun Həsənovdur.

Cəlilabadda yaşayıb-yaradan şairlərə Ədalət Salman, Əlizadə Nuri və s. daxildir. Cəlilabadlı gənclərdən Xətat Kilimçinin (Mir Bağır) "Mən Şekspir deyiləm, Angel" (2019), Zaur Sahilin "Salam kəndim" (2016) və  "Qürbətdə 199 gün" (2017) adlı kitabları işıq üzü görüb. Bilal Alarlının "Düşdü" rədifli qəzəlində əski forma yeni deyim tərzi ilə qarşımıza çıxır... Cəlilabadın gənc yazarlarından Bəhruz Xəlilin 2019-cu ildə "Natural ədədlər" adlı şeirlər kitabı çap olunub. "Sükutun səsindən zövq alan adama necə deyim, hərflərin kağız üzərində hərəkəti zamanı yaranan səsə oxşayırsan" - fikirlərində duyulan səssizlik gözəl səslənir. Zaur Sahil də Cəlilabadlı şairlərdəndir. Onun "Salam kəndim" kitabındakı şeirlərdə əsasən səmimi və şəxsi duyğular əks olunub. "Qürbətdə 199 gün" kitabında milli ruhlu şeirlər üstünlük təşkil edir. "Əfqanıstan" şeiri isə digər şairlərimizdə rast gəlinməyən, yalnız Zaurun yaza biləcəyi şeirdir. Şeirdə hərbi xidməti zamanı göz ilə gördüyü reallıqların bədii təcəssümü əks olunub.

AYB-nin Qarabağ bölməsinə daxil olan Ağcabədidə yaşayan şairlərdən Gündüz Sevindik 2015-ci ildə "Yuxundakı dünya" kitabı ilə oxucuların görüşünə gəlib. 2019-cu ildə isə Məhsəti Musanın "Üçüncü səs" adlı beşinci şeirlər kitabı işıq üzü görmüşdür. Bərdəli gənc şairlərdən Şəhriyar Seyidoğlunun 2016-cı ildə "Mənim ürəyimdə gizlənən qadın" adlı kitabı çap olunub. 2017-ci ildə yazdığım "Ruslan Dostəlinin gənclik hesabatı" adlı məqaləmdə Ruslanın ilk şeir kitabı haqqında fikirlərimi bölüşmüşəm. O, 2019-cu ildəki uğurlu fəaliyyətinə görə Nazirliyin "Gənclər mükafatı"na layiq görülüb. Məhsəti Musanın "Üçüncü səs" kitabında qapı haqqındakı şeiri təkrarsızdır. Məhsətinin "Mahmud üçün" başlıqlı şeiri insan və ana paraleli üzərində qurulub. Bir nəfərin fərd və ana kimi müqayisə edilməsinin səbəbi ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımıdır. Ağcabədili gənc şairlərdən Cahandar Aybərin 2018-ci ildə "Alnımızdandır göy üzü" kitabı çap olunmuşdur.

Beyləqanlı şairlərdən Rəşidə Allahverdiyevanın, Ağcabədidə yaşayan, əslən Laçın rayonundan olan Saqif Zeynalın şeirlərində ağlasığmaz əlaqələndirmə üsulu gözəl alınır...

Vüsal Hicran Kəlbəcərdən olsa da, Gəncədə məskunlaşan şairlərdəndir. Onun "Anan ətəyindən töksə daşları, Bir ev tikdirərdik bu küçə boyda" - misraları arasında elə bir məntiqdən istifadə olunub ki, bunun başqa şairlərdə bənzərini tapmaq çətin olur. Ağdamda doğulan Ramil Mərzilinin şeirlərində dərdin ümumiləşdirilməsi, belə demək mümkünsə, bir mərkəzdən idarə olunması uğurlu alınır: "Mənəm... Öz ürəyimdə ağrı - acı bitirən, Yaşamının içindən ölümə köks ötürən" sətirləri də bunu təsdiq edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!