2019-cu ilin hekayələrinə nəzər - Nərmin Cahangirova

İlin ədəbi prosesinin sadəcə kiçik bir hissəsini oxucuların "kitab ehtiyacını" ödəməyi hədəfləyən yazarlarımızın hekayə və novellalarının yer aldığı, roman və povestlərlə birlikdə toplu kimi təqdim etdiyi 2019-cu il tarixli kitablar təşkil edir. Çox vaxt esselər, publisistik mətnlərlə çıxış edən Günel Natiqin "Məhəbbət quşları", Seyran Səxavətin Yusif Səmədoğlunun xatirəsinə həsr olunmuş "Kenquru", Qalib Şəfahətin "O mən deyiləm", Ataqamın "Qanadlı körpü", Azər Abdullanın "Kəpənək bayramı", Kənan Hacının "Yeraltı külək", Akif Abbasovun "Taxta qaşıq", Elşad Baratın "Bumeranq", Azər Qismətin "Xanım taksi", Tural Anaroğlu "Yad planetli", Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" topluları müəlliflərinin gərgin əməyinin, yaradıcılıq axtarışlarının nəticəsi kimi ərsəyə gəlmişdir.

Məruzəmizi hazırlamaq üçün bu toplularda yer alan hekayələrlə yanaşı, illərdir ədəbi prosesimizin əsas çıxış nöqtəsi olan "Azərbaycan", "Ulduz", "Yazı", bu siyahıya son illərdə daxil olan "Ustad", "Xəzan" jurnallarında, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kredo", "Kaspi" qəzetlərində çap olunan, ədəbiyyat portallarında, müxtəlif saytlarda təqdim edilən çoxsaylı hekayələri bacardıqca nəzərdən keçirməyə çalışdıq. Bizim əsas işimiz əlimizdə olan, ədəbi prosesimizdə özün göstərən mətnlərlə bağlı olduğu üçün bu axtarışlarımızı ifrat gözləntilər olmadan davam etdirib seçdiyimiz hekayələrimizi dəyərləndirdik.

Bütün zamanların, eləcə də təkcə hekayələrin deyil, əksər janrların əsas mövzusu olan insan faktoru, insan-cəmiyyət münasibətləri, ictimai-sosial problemlər və onların həlli yolları 2019-cu il ədəbi prosesində ən çox müraciət olunan mövzulardan oldu. Ortaq mövzularda yazılsalar da, yazı texnikasına, qoyulan problemin həllinə, müəllifinin öncəliklərinə görə bu əsərlər bir-birindən fərqləndirilə bilər. 2019-cu ildə Yeganə Kərimzadənin "Beş it günü" hekayəsi, Yaşar Bünyadın "Yüz birinci məktub", Sayman Aruzun "Halal lənət", Zöhrə Fərəcovanın "Vəsiyyət", Narıngülün "Böyürtkən mövsümü", Sabir Rüstəmxanlının "Külqabı" hekayəsi kimi pozulan ailə dəyərlərinin təqdim edildiyi mətnlər sayca üstünlük təşkil edir. Daha çox müasir həyatın ədalətsizliyi üzərində qurulan (Rəşid Bərgüşadlı "Rus dili", Murad Köhnəqalanın "Burjua ilə toqquşma", Kamran Nəzirlinin "Yelləncək, süpürgəçi qadın və pişik), mövzuya müasir yanaşmaların sərgiləndiyi bu hekayələrdə bəzən müəlliflərin qəhrəmanlarını bir rakursdan göstərməsi, öz dünyalarından olanları seyr edib nəticə çıxarması əsəri monotonlaşdırır. Orxan Fikrətoğlunun "Paxıl" hekayəsinin əsasında yeniyetmələr arası bir rəqabət mövzusu dayansa da, əslində, ailə dəyərlərinə, ailədaxili münasibətlərə də toxunulur. Ailənin daima xatırlatdığı natamamlıq kompleksi ilə formalaşan paxıllıq kimi bir xüsusiyyətin ifrat həddinə çatdırılaraq verilməsi, hətta qarşı tərəfin ölümünün belə bu hissi dəf edə bilməməsi oxucunu bəlkə də qəzəbləndirir.

Murad Köhnəqalanın "Burjua ilə toqquşma" hekayəsində sosial bərabərsizliklərin gətirdiyi faciələrə toxunulsa da müəllif toqquşan hər iki tərəfi öz dilindən təqdim etməklə tərəzini qorumağa çalışır. Əsər strukturca maraqlı formada - folklordakı aşıq deyişmələri şəklində olsa da, fikirlərin çılpaq ifadəsi, müəllif mövqeyinin kəskin ifadəsi (kasıb tərəfin fikirlərinə haqq qazandırsa da, burjua adlandırdığı tərəfin düşüncələrinə ironiya hiss edilir) hekayə haqqında yüksək fikir deməyə imkan vermir.

Bu il çap olunan hekayələr arasında rekonstruksiya, folklor motivlərindən yeni biçimlərdə istifadəyə də təsadüf edilir. Meyxoş Abdullahın "Saçlarından asılan qız" hekayəsində div, yeraltı dünya kimi nağıl simvolları hekayənin strukturunda mühüm yer tutur, hadisələr 2 zaman kəsimində təqdim edilir. Sənə nə olub, qızım, bir oyan, niyə ağlayırsan?! - deyə ana, hələ də yuxuda olan qızının çiyinlərindən tutub ehmalca silkələdi. - Yuxu faktorunun ön plana çəkilməsi ilə mətn içində başqa hekayənin danışılması (qızın yuxuda gördüyü ağ div) real dünya ilə sehrli dünya arasında keçidləri təmin edir. Təəssüflə qeyd etməliyik ki, ideyaya, qoyulan problemin həllinə fokuslanan müəllif dil faktorunu gözardı edir, əsərdə ana və qızı arasındakı dialoqların 12 yaşlı qızın düşüncəsinə uyğun təqdim edilməməsi əsərin mistik ruhunu zəiflədir. Eyni problemi Qalib Şəfahətin "Atılmaq" hekayəsində də görmək mümkündür. Kiçik yaşlı qız və atanın dialoqu üzərində qurulan hekayəni yaşıd, eyni dünyagörüşə malik iki insanın söhbəti kimi oxuyursan. Təəssüf hissi ilə deməliyik ki, dərin sosial-ictimai-siyasi məsələlərə işarələr edilən (sadəcə, işarələrlə kifayətlənən) hekayələr yenə də məqsədinə xidmət etmədən ədəbi prosesdə əriyib gedir.

Yuxu içində yuxudan danışıb, əhvalatların bir-birinə keçərək süjetin qəlizləşdirildiyi, müxtəlif talelərin bir müstəviyə cəmləşdirməyə çalışılmadığı, qoyulan problemi asanlıqla həll etməyib oxucunu intizarda saxlayan hekayələrdən biri də Mübariz Örənin "Minotavrın ölümü"dür. Ənənəvi mövzunun müasir dolaşıq təhkiyədə təqdimi oxucunu intizarda saxlayıb daha diqqətlə oxumağı labüd edir.

Duyğu-düşüncələrin yer aldığı, hadisənin arxa plana keçdiyi mətnlərimiz də kifayət qədərdir. Narıngülün ömrünün son günlərini yaşayan, addım-addım ölümə doğru gedən və bunu bütün qəlbi ilə hiss edən qocanın düşüncələri əsasında yazılmış "Öləziyən işıq", Çinarə Ömrayın özü ilə mübarizə aparan insanın düşüncələr dünyasına enən, daxili aləmindəki çəkişmələri əks etdirən "Hamiləlik testi" hekayəsi maraq doğuran mətnlərdəndir.

Şəfa Vəlinin həyat və ölüm kimi ciddi psixoloji düşüncələr girdabında çarpışan insanlığın əbədi həyat axtarışını öz təxəyyülü ilə izah etməyə çalışdığı "İş və işşa" hekayəsi ilk sətirlərdə olduqca maraqlı başlamışdı. Məkan və zamanın konkret şəkildə göstərilmədiyi hekayədə qadın yoxsa kişi başlanğıcına diqqət çəkməyə çalışan müəllifin insanın bu dünyadakı missiyasından bəhs edərkən maraqlı bənzətmələr, folklor motivlərindən istifadəsi mətn haqqında fərqli düşünməyə təhrik edir.

Sirli, mistik hadisələr müasr dövrdə yazarlarımızın diqqətini cəlb edən məqamlardandır (Rasim Qaraca "Sarı Seydan"). Fərid Nəsibzadənin " Qaranlıqdakı" hekayəsində iki gəncin qorxu filmlərini xatırladan məcərasından bəhs edilir. Əsərin sonunda bütün yaşananların yuxu vasitəslə mənalandırılması, gerçəkliklə yuxu arasındakı keçidlərin hiss olunmaz dərəcədə verilməsi maraqlıdır, oxunaqlıdır, səhifəni ötürməyə tələsdirmir... Özünəməxsus yazı tərzi, təxəyyül genişliyi ilə son illər hekayə janrında irəliyə doğru mühüm addım atan Təranə Vahid hekayələrində məhz bu məqamlara diqqət çəkən, adə həyat hadisələri içində qeyri-adilikləri verə bilən, hadisələri görünməyən tərəflərindən izah etməyə çalışan müəlliflərdəndir. Təranə Vahid maraqlı girişlər etməyi bacarır. "Olan yaradılan hər şeyin öz yazısı var" - başlığı ilə verilə "Küp yazısı" əslində olmasını istədiyimiz qeyri adiliyin içində adiliyin olduğunu sübut edən bir mətndir...

"Do, re, mi, fa, sol, lya, si... məndən olsa dünyadakı bütün dilləri unudar, ancaq bu notları saxlayardım və belə olan halda yer üzü daha gözəl bir yerə çevrilərdi", - sanki musiqinin yaratdığı ahənglə yazılmış "Qu quşunun nağılı"(Pərviz Seyidli) hekayəsi qəlbin dərinliyində yaşanan qarşılıqsız sevgi hekayəsindən bəhs edir. Son illərdə yazarlarımızın çox az hallarda müraciət etdiyi mövzulardan olsa da gəncin qəlbində baş verən fırtınaların musiqi ilə vəhdətdə verilməsi, musiqi və insan ruhu arasındakı əlaqənin ifadəsi baxımından təqdirəlayiqdir.

Nəsrimizin, xüsusən də hekayələrimizin ən çox müraciət etdiyi mövzulardan olan Qarabağ mövzusu da 2019-cu il ədəbi prosesində unudulmadı. Müharibə faktorunun insanın həyatına təsirinin işləndiyi Musa Quluzadənin "Məhv edilmiş oyuncaqlar", Gülxani Pənahın "Qisas", Mahir Cavadlının "Bir ovuc vətən torpağı", Pərvanə Bayramqızının "Xof", Elşad Baratın "Zəhra", "Nizami Kolanılının "Oğlum sağdırsa, gələcək" hekayələrində müharibənin acısı, vətən nisgili açıq aydın duyulur. Yarımçıq arzular, yerinə yetməyən xəyallar, təbəssümə həsrət dodaqlar ürək ağrısı ilə təqdim edilir. Lakin bu hekayələrin çoxunda pafos, düşmənə nifrət o həddədir ki, bədiiliyi sıxışdırıb arxa plana keçirir, sanki hekayə yox, ittihamçı vəkilin sözlərini oxuyursan. Sırf Qarabağ müharibəsi haqqında olmasa da erməni-türk düşmənçiliyinə diqqət çəkən, düşmənin əzaziliyini, qəddarlığını olduğu kimi qələmə alan Azər Abdullanın "Kəpənək bayramı" bədii lövhələrinin zənginliyi, təhkiyəsinin sadə, lakin dəqiqliyi ilə diqqəti cəlb edir.

Qərib Mehdinin tarixi dövrlərə eksurkisiya etdiyi "Mauzer Məmməd" hekayəsi də eyni sistemdə qruplaşa bilər... Sərhəd məntəqəsində baş verən kiçik bir qarşıdurmanı hekayə mövzusuna çevirib tariximiz, mədəniyyətimiz haqqında məlumatların verildiyi, informasiya bolluğu ilə seçilən Əli bəy Azərinin "Nar çubuğu" hekayəsi də publisistikanın bədiiliyi arxa plana keçirdiyi hekayələrdəndir. Azər Qismətin "Gombul oğlan", Abid Tahirli "Həyəcanlı an" - XXI əsr hekayələrində publisitik notlar qaçılmazdır. "Həyəcanlı an" - XXI əsr hekayəsi qoyulan mətləbin həll olunmadığı, müasir dövrün problemlərindən biri olan gəncliyin duyğusuzluğunun cəmiyyəti necə bir fəlakətərə sürüklədiyinin əksi kimi təsirli olsa da forma elementlərinin birləşimi çox da parlaq görünmür.

Müasir hekayələrdə qəhrəman müəllifin istəyinə deyil, müəllif qəhrəmanın xarakterinə məğlub olmalı, qəhrəman mövqeyi aparıcı olmalıdır. Məşhur psixoanalitik K.Q.Yunqun dediyi kimi, müəllif bədii əsəri deyil, əsər müəllifi yaradır. Yəni müəllifin subyektiv fikri və ya istəyi bədii əsərdə həlledici amil ola bilməz. Təəssüf ki, bizim ədəbiyyatımızda bu hala az təsadüf edilir. Müəllif mövqeyi qəhrəmanların düşüncələrini üstələyir, müəllif həm hadisəyə, həm də qəhrəman düşüncəsinə hakimlik edir.

Bu cəhətdən Aqşin Yeniseyin "Bit" hekayəsini uğurlu hesab edə bilərik. Polifonik təhkiyəsi, maraqlı strukturu ilə seçilən hekayədə İsi və daxilindəki kişi arasındakı konflikt bütünlükdə mətni əhatə edir. Bu iki daxili səsin dünyanın məruz qaldığı hökmranlıq iddialı müharibələrdən, iqtisadi güc uğrunda tökülən qanlardan, hətta ən adi gündəlik sosial-ictimai məsələlər haqqında bir çox mətləblərdən danışması, bir-biri ilə mübahisəyə girməsi, müəllif mövqeyinin mətn içində yox olması əsəri əksər hekayələrdən fərqləndirir.

Maraqlı detalları ilə seçilən hekayələrədən biri də Səhər Əhmədin əvvəlki illərdə çap olunsa da "Azərbaycan" jurnalında yenidən nəşr olunan "Qar yağanda dalaşan ər-arvad" hekayəsidir. Olduqca sadə mövzu - ailə münaqişəsi haqqında olsa da diqqət cəlb edən məqamı mövzusu deyil, bu mövzunun işlənməsidir. Müxtəlif vəznlərdə yazılmış şeir nümunələrinə göndərmələr edən müəllif əsrlərdir davam edən münaqişənin sanki heç bir nəticə vermədiyini, bü münasibətin boşuna sərf olunan zaman olduğunu diqqətə çatdırmaq istəyirdi...

Xanım Aydının "Sərçə" hekayəsində olduqca müasir problemlərdən olan daun sindromuna toxunması və bu problemi bütünlükdə öz çiyinlərində daşıyan valideynlərdən(qadınlardan) bəhs etməsi olduqca təqdirəlayiqdir.

Yeganə Kərimzadənin "Uşaqlığımın son yayı, beşdaş və ya...", Tural Cəfərlinin "Gülməli ölüm" hekayələri avtobioqrafik çalarları, Akif İmanlının problemlər içində çarpışan insanlarımıza təbəssüm bəxş edən "Necəsən, Qərənfil?", Tural Anaroğlunun real hadisələrdən təsirlənərək yazdığı "İclas", "Viza problemi" hekayələri satirik çalarlarla zəngindir. Müasir ədəbi prosesimizdə demək olar ki, müraciət edilməyən, daha çox romanların əsas predmeti olan tarix, tarixi şəxsiyyətlər mövzusuVaqif Sultanlının qələmində "Humayun" adı ilə qarşımıza çıxdı. Qədim Hindistanda qələmə alınan hekayədə bğyük türk xaqanı Babur şahın özünü oğlu üçün qurban verməsindən, ata-oğul sevgisindən bəhs edilir.

Müair həyatın mövzu bolluğunda mövzu problemi yaşayan müəlliflər də yox deyildir. Vaqif İsaqoğlunun "Kor kişinin alim oğlu", "Narkoz Zeynal" hekayələri sanki sovet dövründə yazılıb, pul gücünə oxuyub həkim olan bir zümrədən danışılan mətndən sovet havası duyulur. Sanki 70-80-ci illərdə yazılmış mətn oxuyursan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!