Ədəbiyyatda esse - Mehman HƏSƏNLİ

2019-cu ilə nəzər saldıqda Azərbaycanda kitab halında, çap mətbuatında və saytlarda dərc olunmuş esse materiallarının həcmi kifayət qədər genişdir.

  Akademik İsa Həbibbəylinin elmi problemə toxunan, akademik düşüncə və sərbəst şeir intonasiyası ilə qələmə aldığı esseləri cari ildə də işıq üzü gördü. Bu baxımdan akademikin 2019-cu ildə çap olunmuş "Fərqli baxış" kitabında forma etibarilə yeni və maraqlı məzmuna malik yazıları çap olunmuşdur.

  Akademik Kamal Abdulla isə həmkarı İsa Həbibbəyliyə ithaf etdiyi "Mənim Füzulim" kitabında böyük şairimiz Məhəmməd Füzulini geniş İntibah mədəniyyəti kontekstində təqdim edir. Onun poeziyasındakı müxtəlif detallarla bağlı müqayisəli qənaətləri də məhz bu aspektdədir. Silsilənin başlıqlarını xatırlayır, səsləyir və inanır kimi adlandırması Füzulinin məhz Kamal Abdulla tərəfindən  yaradılmış obrazı təəssüratı yaradır. O, sanki bir nöqtədə duraraq Füzulinin yazdıqları ilə həyatının kəsişmə nöqtəsini izləməyə çalışır.

Füzuli silsiləsi ilə yanaşı, cari ildə akademik Kamal Abdullanın illər boyu davam edən "Əvvəl-axır yazılanlar" silsiləsini də davam etdirdiyinin şahidi olduq.  Bu yazılarda o, qısa, fraqmentar şəkildə müxtəlif hadisələrə, yazılanlara, özünün yazdıqlarına şərh verir.

  Azərbaycanda esseistikanın inkişafında bu janrın dünya səviyyəli nümunələrinin dilimizə tərcüməsi əhəmiyyətli rol oynamışdır. İndiyə qədər keyfiyyət amilini heç bir zaman ikinci plana salmayan "Dünya ədəbiyyatı" jurnalının 2019-cu ili üçün ilk sayı esseyə həsr olundu. Ölkəmizdə filoloji esseistikanın inkişafı baxımından bu nəşr çox ciddi əhəmiyyətə malikdir. Dərgidə toplanan materiallar bu janrın şedevrləri siyahısına daxildir. Burada təsadüfi mətn tapmaq qeyri-mümkündür. Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Cavanşir Yusifli və Qismətin tərcümələrinin yer aldığı "Dünya ədəbiyyatı" dərgisinin Esse sayı həm mətnlərin, həm də onların tərcüməsinin keyfiyyəti baxımından təqdirəlayiq nəşrdir.

 "Ədəbiyyat qəzeti"nin səhifələrində esse janrının nümunələrinin çapı ildən-ilə daha da artır. Bu prosesdə qiymətli esse mətnlərinin yaradıcısı olan qəzetin baş redaktoru Azər Turanın mühüm xidmətləri vardır. Cari ildə də onun vətənin taleyüklü məsələlərinə həsr olunmuş yazılarını oxumaq mümkün oldu. Azər Turan tədqiqatçı kimi ədəbiyyatımızın, sənətimizin tarixi səhifələrini ənənəvi təqdimatdan fərqli, özünəməxsus dildə oxuculara çatdırmağa çalışır. Onun Məhəmməd Hadi haqqında "Heykəl diləməm, heykəli-qəbrimdir o əflak", Məhəmməd Biriya haqqında "Təbrizin qarğınmış şairi - Biriya...", "Unutmamaq haqqı - yaxud "Yoxdur həvəsim" şeirinin doğurduğu intibalar", "Fərman Kərimzadə - böyük sözdən və böyük ağrıdan yıxılan adam...", "Zəki Vəlidi Toğan mifi" yazıları böyük maraqla qarşılandı. "Fizika və lirika" konfransının təəssüratları kimi yazılmış "Qızıl orta..." essesi, əslində, müəllifin uğurlu məruzəsi, problemə elmi baxışını ifadə edir. Tanpınarın şeirində Eynşteyn cazibəsinin elementləri, Evrettinin paralel dünyalar anlayışının ədəbiyyata gəlməsi və s. kimi nümunələrlə humanitar düşüncə ilə texniki yüksəlişlərin kəsişən nöqtələri bəlli edilir. "Poeziyamızın mifi - "Həpsi rəngidir" yazısında Səməd Mənsurun da yer aldığı 1926-cı ildə Ədəbiyyat cəmiyyətində çəkilən foto ilə "Həpsi rəngidir" şeiri arasında mifik bağ çözülür. Müəllif şeirin taleyi ilə Səməd Mənsurun və onun şəkildəki qələmdaşlarının bir çoxunun acınacaqlı sonu arasında əlaqələri araşdırır.

Müasir elektron zamanın meydana çıxartdığı mexanizmlər bir sıra ənənəvi dəyərləri, formaları tarixşünaslığın predmetinə çevirir. Virtual məkan, sosial şəbəkələr yeni özünüifadə məkanlarını təqdim edir. Mətnin təqdimi baxımından virtual məkanda feysbuk aparıcı sosial şəbəkədir. Burada yazılanların (ədəbiyyat baxımından) janrını müəyyən etmək, hər hansı təhlil mexanizminə cəlb etmək ətrafında düşünmək zəruridir. Bu işdə ilk böyük addımı Rəşad Məcid atdı. O, 2018-ci ilin sonundan feysbuk statuslarını "Qələmsiz yazılanlar" adı ilə silsilə şəklində "525-ci qəzet"də yayımlamağa başladı. 2019-cu il boyu davam edən bu prosesin nəticəsində eyniadlı kitab çap olundu. Statusları kitab halında çap etməklə bağlı müxtəlif qələm adamları tərəfindən fikirlər səslənsə də, bunu ilk dəfə Rəşad Məcid etdi. Status-esse, sms-esse anlayışları da düşünürəm ki, bu janrın yeni və müəllif tərəfindən orijinal adlandırmadır. Akademik İsa Həbibbəyli kitaba yazdığı əhatəli Ön sözündə bu yeni janrın mahiyyəti və funksionallığı barədə aktual və maraqlı fikirlər irəli sürmüşdür.

  "Qələmsiz yazılanlar" Rəşad Məcidin, məncə, bütün tərəfləri ilə cəmiyyətə təqdimatıdır. Silsilənin kitab halında yayımlanmış hissəsi iki yerə bölünür: status esselər və sms-esselər. Rəşad Məcid 10 ildə (2009-2019) yazdığı statusları status-esselər adı ilə təqdim edib.

Kitabın ikinci hissəsini təşkil edən sms-esselər isə akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, romanın eskizlərini xatırladır. Rəşad Məcid "Qələmsiz yazılanlar"la ilk dəfə olaraq bir çoxunun tərəddüd etdiyini cəsarətlə gerçəkləşdirdi.

  "525-ci qəzet" 20 Yanvar şəhidi, qısa həyatı olmasına baxmayaraq (cəmi 21 il) mənalı bir ömür yolu keçmiş Ülvi Bünyadzadənin 50 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirdi. 

Filologiya elmləri doktoru Almaz Ülvi Binnətova şəhidimizin 50 illik yubilyi münasibətilə özünün "Ülvimə bir məktub yazdım" məqalələr toplusunu təqdim etdi. Kitabda Ülvi Bünyadzadəyə həsr olunmuş, onun həyat yolunu, mübarizəsini işıqlandıran "Yaman darıxıram, Ülvi!", "Mənim Ülvi dünyam bir ayrıdır", "Ülvim mənim, gəncliyim mənim" esseləri yer almışdır. 

   Şair Qəşəm Nəcəfzadənin "Suyu seyr edən ağacın yuxusu" esselər kitabında müəllif uşaqlığını, gəncliyini xatırlayır, gördüyü, rastlaşdığı problemlər, tanıdığı qələm adamlarını yada salır. Kitaba toplanan yazıların mövzuları rəngarəng olsa da, olduqca maraqlı və şirin təhkiyəsi bu kollajı uğurlu şəkildə bir nizama salır. Bu yazılarda poeziya ruhu var, müəllif hər abzasında özünün şair olduğunu xatırlayır və xatırladır. Struktur etibarilə bu esselər tamamlanmamış hekayələr və ya hansısa romanın parçaları xarakerindədir.

Azərbaycan esse janrında məktəb yarada biləcək nümayəndələrdən biri professor Rüstəm Kamalın yazıları hər il olduğu kimi, bu il də silsilə şəklində dövri mətbuatda çap olundu. Müəllifin mətnlərinin yazılma texnikasının özəlliyi yanaşdığı obyekti - sənətkarı hər hansı bir detal vasitəsilə çözmə cəhdləri ilə müəyyənləşir. Məsələn, "Şairin tüfəngi" yazısında XVIII əsr Azərbaycan mühiti və Molla Pənah Vaqifin həyatı müəyyən detal - tüfəng vasitəsilə çözülür. "Əlyazma magiyası" yazısında Cəlil Məmmədquluzadənin personajları və əlyazma mətnləri münasibətlərindən danışılır. "Əbdürrəhim bəyin cənnət səyahəti. Tiflis" essesində faktlar və müəllifin yozumları vasitəsilə məkanın - Tiflisin Əbdürrəhim bəy Haqverdiyevin taleyində yeri şərh edilir.

Rüstəm Kamalın "Razyezd" essesində də bu detalın bədii əsərlərdə işlənməsi və onun mifoloji məna qatına enilir. Müxtəlif bədii əsərlərdə dəmir yolu stansiyası - razyezd və burada işləyən yol nəzarətçisi, onun kiçik gözətçi məntəqəsi maraqlı assosiasiya doğurur. Dəmir yolu özü də sonsuzluğu, əbədiliyi, bəzən də ayrılığı ifadə edən mifik qata malikdir. Çingiz Aytmatovun Sarıözək çölü və bu ucu-bucağı görünməyən çöldəki Boranlı razyezdi, məncə, Rüstəm Kamalın ifadə etdiyi mətləbin mərkəzində durur. "Akademik akvapoetikası" yazısında akademik İsa Həbibbəyli doğulub böyüdüyü coğrafi kontekstdə, Arpaçay sahilindəki Danzik kəndi ilə əlaqədə təsvir edir. Müəllifin akademik İsa Həbibbəylini su-çay kodu ilə təqdimi də yerində və düz tapılmış paraleldir.

  Filologiya elmləri doktoru Cavanşir Yusiflinin "Ədəbiyyat qəzeti"ndə il boyu bir kitab həcmində ciddi nəzəri əhəmiyyət kəsb edən filoloji yazıları dərc olundu. Bu esselərdə Azərbaycan ədəbiyyatı klassik sənətkarlardan başlayaraq çağdaş müəlliflərə qədər sərf-nəzərdən keçirilir. Müəllifin "aybKitab" layihəsində çap olunmuş "Mətn. İşarə. Məna" kitabı da Azərbaycan filoloji fikrinin ciddi mənbələrindən birini təşkil etməyə layiqdir.

  Cavanşir Yusiflinin 2018-ci ildə "Ədəbiyyat qəzeti"ndə başladığı "Formanın müqəddəs sirri" silsiləsinin davamı olan Mirzə Ələkbər Sabir haqqındakı yazıda böyük şairin özündən əvvəl və sonra yaranan ədəbiyyat kontekstində yerindən bəhs edilir.

Hər hansı düşüncənin janr qəlibində doğulması prosesini Cavanşir Yusifli "Bədii mətnin janr ölçüsü" yazısında təhtəlşüur hadisəsi, qeyri-iradi gücün təntənəsi olduğunu bildirir. Azərbaycan və dünya poeziyasının mətnləri bir labirintin içində yazıda uğurla dövrə vurur. Burada Musa Yaqub da, Leo Butnaro da var. Poeziyanın yaranma məqamının zaman və məkandan asılı olmayaraq ortaqlıq kəsb etməsi bu labirintdə uğurla təsvir olunur. Müəllif sənətkarın əsərinin janr ölçüsünün məntiqdən daha çox, duyum hadisəsi olması qənaətinə gəlir.

   Cavanşir Yusiflinin "Mirzə Cəlil məqamı", "Piano dilləri, yaxud Bəxtiyar Vahabzadə eşqə dair", "Bədii mətnin möhtəşəm tənhalığı", "Qırxıncı qapıya yazılan şeirlər", Lirik mətnin identifikasiyası, yaxud operativ mətn modeli", "Filoloji fantaziya - şeirin və nəsrin zamanı" kimi yazılarında ədəbiyyat tariximiz fərqli fikir paradiqmasından təhlilə cəlb edilib.

Niyazi Mehdi esseistikasında fəlsəfi meyarlar aparıcılıq təşkil edir. Onun "Janr kodlarının törətdiyi iki Azərbaycan" yazısında ötən əsrin əvvəllərində tənqidi realistlərlə romantiklər arasında yaranan, sovet dövründə düşmənçilik kimi təqdim edilən iki paralel fikir axımına və onların ideoloji fərqlərinə müasir baxışı ifadə edir.

Müəllif "Nəsimi mistikasının doğduğu filosofemlərdən" yazısında Nəsimiyə və onun irsinə, düşüncələrinə filosoflara istinad edərək şərh edir. "Rəsul Rzanın "Rənglər" silsiləsi haqqında yazdığı "Rəsul Rzanın "Rənglər"i və lallıqdan qurtulmaq problemi" müasir esseistikanın maraqlı nümunələrindən biridir.

Gənc şair Fərid Hüseynin Vaqif Səmədoğlunun "Sandıq şeirləri"nə yazdığı essedə dua ritualının mahiyyəti üzə çıxır, həmin ayin yazının mahiyyətinə hopub. Müəllif Vaqif Səmədoğlunun suallarla dolu şeirlərinin mahiyyətinə varır, cavabı çətin tapılan, bəlkə də tapılmayan sualların niyəsini aydınlaşdırmağa çalışır...

Fərid Hüseynin "İztirab və şeiri", "Şeirin Tanrı tərəfi" yazılarında dua xarakteri vardır.

Azərbaycan yeni nəsil esseistika məktəbi funksiyasını icra edən strukturlardan ən önəmlisi "sim-sim.az" mədəniyyət portalıdır. Esseistika baxımından daha çox dünya filoloji fikrinin tərcümələrini yayımlayan portal  uğurlu ədəbiyyatşünaslıq dərsliyidir. Bu işin qurulmasında portalın baş redaktoru şair, esseist Qismət əsas fiqurdur. Onun özünün də cari ildə tərcümələri (təkcə "Dünya ədəbiyyatı" dərgisinin "Esse" sayında bir kitablıq tərcümə materialı yayımlanmışdır), ədəbiyyatın müxtəlif problemlərinə həsr olunmuş esseləri dərc olunmuşdur.

  Hər il olduğu kimi, 2019-cu ildə də "Ədəbiyyat qəzeti"nin  saylarında yazıçı Nərgiz İsmayılova (Nargisin) ardıcıl yazılarla çıxış etdi. Bu mətnlərdə poetik məzmun və formanın elementləri həlledicidir. Sanki sərbəst şeir kimi yazılıb:

Yosunlaşır saçlarım.

İrmaqlaşır göz yaşlarım...

Balıqlar üzür ruhumda...

Bütün qızıl balıqlar çarəsiz qalır diləklərim qarşısında...

Cari ilin aktiv esse yazarlarından biri olan gənc ədəbiyyatşünas Ülvi Babasoyun mətnlərində filoloji fəhmlə bədii təxəyyül elementləri uğurla birləşir. "Gülün yuxusu" yazısında müəllif tədqiqat predmeti kimi seçdiyi Nazim Hikmətdən, Faiq İsmayılovdan özünün şəxsi həyat mətninə uğurlu keçid edir. Gülün (müəllifin qızı) yuxuya getməsi üçün atasının göstərdiyi çaba yazının məğzinə çevrilir və müəllif təhkiyəsində özünün də obraz kimi çıxış etdiyi hekayə mətnini xatırladır.

"Səsin sükutu" yazısı Faiq İsmayılovun "Bənövşə" şeirinin alternativ nəsr proyeksiyasıdır. O, təkcə şeiri təhlil, təqdim etmir, onun müəllifinə məlum olan və olmayan detalları bir arxeoloq kimi aşkara çıxarır. Buna bənzər yanaşmanı biz "Şairin Tanrıya göndərdiyi elçi" yazısında yenə də Faiq İsmayılovun "Yağma, qar" şeirinin təhlilində görə bilirik. "Vaxtın paradoksal inkarı", "Yenidən qovuşmaq üçün", "Bizi kim apardı şeirində oyun estetikası" yazıları Faiq İsmayılov haqqında uğurlu mətn kollajı yaradır.

  Bundan əlavə, cari ildə İlqar Kamilin "Həyatın məhrəm yerləri haqda", Tural Turanın "Tanrının önündə sözün daş yuxusu", "Hilallı yaylıq", Əli Həsənlinin "Xanəmirin "Amerika türkləri" əsərinə", İmir Məmmədlinin "Sehrli üzük", "Ar" və "Cinayət", Ramil Əhmədin "Ədəbiyyat idarə olunan yuxudur", Cahanxanım Seyidzadənin "Həyat qısa, quşlar uçur...", Hədiyyə Şəfaqətin "Müəllif-zaman içində gəzişmələr", Kəramət Böyükçölün "Bu nişanda atam", Səba Yunusovanın "Qanayan yaraların fəryadı", Rəvan Cavidin "Quyunun dibindəki şeytan", Simran Qədimin "İşığa toplaşanlar", Sərraf Balaxanın "Sirlərin sərgüzəşti", Əli Şirin Şükürlünün "Böylə söylərdi Zərdüşt" esseləri müxtəlif mətbu orqanlarda dərc edilmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!