Sosial şəbəkələr dövründə ədəbiyyat - Qismət Rüstəmov

  Müasir incəsənətin ən qabarıq cəhəti kəskin, qatı sərhədlərin yoxa çıxması, divarların əriməsidir. Bu gün bütün dünyada interdisiplinar (təlimlərarası) metodlar daha aktualdır. Əslində, müxtəlif sənət sahələrinin bir-birinə inteqrasiyası təzə söhbət deyil. Bu, əvvəlki əsrlərdə də müxtəlif səviyyələrdə mövcud olub, sadəcə bu gün artıq sözügedən meyil prioritetlərdən birinə çevrilib.

  Bu gün bizim incəsənət, sənətkarlıq, yaxud elm deyə adlandırdığımız sahələr XVI əsrə qədər ümumi sənət sisteminin içindəydi, yəni istedad, texniki ustalıq, əqli zəhmət, istehsal vasitələri tələb edən bütün sahələr bir bütövün içində başa düşülürdü. XVI-XVII əsrlərdə akademiyaların qurulmasıyla əvvəllər vahid bir bütöv kimi təsəvvür edilən sənətdə parçalanma, ayrılma getməyə başladı. XVIII əsrin ikinci yarısında isə incəsənət digər texniki sənətkarlıq tələb edən sahələrdən ayrılıb ayrıca sahə kimi oturuşdu. Bu dövrdəki əsas nəzəri mübahisələr sənət sahələrinin suverenliyi, müstəqilliyi ilə bağlıydı. Sözügedən mübahisələr içində görkəmli alman mütəffəkiri və tənqidçisi Qothold Lessinqin 1766-cı ildə çap etdirdiyi "Laokon" əsəri məşhurlaşdı. Lessinq bu əsərində sənəti şərti olaraq zaman sənətləri və məkan sənətləri şəklində iki yerə bölürdü. Onun fikrincə, tutalım, ədəbiyyat kimi mövzularını zamanın axarı içində ifadə edənlər zaman sənətləri, heykəltəraşlıq, rəssamlıq kimi konkret bir məkanın içində zamanın bir anını ifadə edənlər isə məkan sənətləridir. Çünki ədəbiyyat öz mövzusunu geniş zamanın içində ifadə edir, rəssamlıq, heykəltəraşlıq kimi sənətlər isə materialları maddi olduğu üçün konkret bir məkanda cisimləşir, statikləşirlər. Mütəffəkirin fikrincə, hər sənət öz müstəqil qaydalarını yaradaraq həmin qaydalara tabe olduqca uğurlu nəticəyə çata bilər.

  XIX əsrdə də arabir sənət sahələri, sənət növləri arasında inteqrasiyadan söz açılıb. Sənət sahələri arasında parçalanmanın əleyhinə ən aktiv tənqidi fikirləri alman romantikləri səsləndiriblər. Onlar deyirdilər ki, sənət, təbiət, elm arasında bu qədər uçurumlar yaratmaq dünyanın bütövlüyünü pozacaq. Məsələn, görkəmli alman mütəfəkkiri Şelegel məhdudlaşdırıcı qaydalardansa, hər cür sərhədin, qaydanın şəffaflaşdığı, beləliklə, sənətin həyatın bütün tərəflərinə nüfuz etdiyi "fasiləsiz şəkildə irəliləyən universal poeziya"dan bəhs edirdi.

  Sonrakı illərdə əfsanəvi bəstəkar Rixard Vaqner də sənət növlərinin bir-birindən ayrılmasına qarşı çıxmış, sənət sahələri arasındakı kəskin sərhədlərin aşılmasıyla yeni formaların tapılmağından mümkünlüyündən bəhs edib. Bəstəkar 1849-cu ildə "Sənət və inqilab" adlı yazısında sənət sahələrinin ayrılmasının əleyhinə "Gesamkuntswerk" (bütöv, vahid sənət əsəri) anlayışını ortaya atır. Vaqnerin fikrincə, mükəmməl sənət əsəri Antik Yunanıstanda olduğu kimi dramdır. Onun fikrincə, poeziyanın, musiqinin, rəqsin, hətta memarlığa qədər bir-birindən fərqli sənət sahələrinin "teatral təmsilin içində" çulğalaşması vasitəsilə bütöv sənət əsəri yaradıla bilər.

  XX əsrin başında estetik modernizmin tərəfdarı olan tənqidçilər də eynən Lessinq kimi, sənət sahələrinin muxtariyyətindən, müstəqilliyindən, sənət növləri arasında sərhədlərin müəyyənləşdirilməsindən yanaydılar. Məsələn, Klement Qrinberqin fikrincə, hər sənət özünü istifadə etdiyi başqa sənət sahələrinə aid vasitələrdən arındırmalı, təmizləməlidir. Ancaq XX əsrdə əvvəlcə futuristlərin, dadaistlərin, sonra isə postmodernistlərin başlatdığı polemikalar nəticəsində bu yanaşmalar dəyərini itirməyə başladı, bu gün isə tamam keçərsizləşib. Görkəmli amerikalı ədəbiyyatşünas Lesli Fidlerin məşhur kitabının adıyla desək, bu gün artıq sənət sahələri arasındakı "Xəndəklər doldur(ulub), sərhədlər aş(ılıb)".

  Bu məsələni bir az da açmağa çalışaq. XX əsrin əvvəllərində avanqard sənətçilər böyük bir polemika başlatdılar. Sualları çox sadə idi: Niyə sənət mühitində keçmişə aid şeylər indiyə aid şeylərdən daha imtiyazlıdır, niyə cəmiyyət onları qoruyur, restavrasiya edir, muzeylərdə saxlayır, onlara sərmayə yatırır, amma digər şeylər diqqətdən kənarda qalır, aqibətləri taleyin ixtiyarına buraxılır? Bu suallara çoxsaylı cavablar verilsə də, artıq heç biri cavab inandırıcı gəlmirdi. Buna görə də məsələni gündəmdə saxlamaq, polemikanı davam etdirmək üçün Tomasso Marinetti kimi futuristlər deyirdilər ki, modern bir avtomobil, yaxud təyyarə antik yunan heykəllərindən daha gözəldir. Soruşurdular ki, qədim dövrdə kiminsə içində yemək yediyi saxsı qabı, taxta qaşığı bu günün kəşflərindən daha dəyərli edən hansı meyarlardır? Deyirdilər ki, bizim keçmişi gələcəkdən dəyərli saymağımız absurddur, çünki keçmişdə yox, indidə yaşayırıq. Bu məzmunlu tənqidlər həmin dövrdə daha çox muzeylərə tuşlanmışdı. Amma bu polemik vəziyyət birdən-birə baş verməmişdi. Bu fikirlər bir xeyli dərəcədə həmin dövrün ictimai-siyasi həyatındakı bərabərlik, demokratiya diskurslarının əks-sədası idi. O dövrün siyasətçilərinin, hüquqşünaslarının, aktivistlərinin insanların bərabər hüquqlara malik olmasını tələb etməsinə paralel olaraq, avanqard sənətçilər də nəsnələrin, məkanların, əsas da tarixi dövrlərin bərabərliyini tələb edirdilər. Onların başlatdığı bu hərəkat tezcə effekt verməsə də, cəmi 40 il ərzində artıq qatı, statik, kanonik olan hər şeyə qarşı şübhəylə baxmaq qaçılmaz oldu.

  XX əsrin ortalarında ən müxtəlif sahələrdə xeyli paradiqma dəyişikliyi baş verdi, əvvəllər məhdud şəkildə istifadə olunan xeyli anlayışın əhatə dairəsi genişləndi. Məsələn, görkəmli fransız ədəbiyyatşünası Rolan Bart əvvəllər ancaq yazılı ədəbiyyat nümunələri üçün istifadə edilən Mətn sözünün sərhədlərini genişləndirdi. Bart fotonu da, kinonu da mətn kimi oxumaqla Mətn deyiləndə nəzərdə tutulanın coğrafiyasını böyütdü. Bir başqa misal da görkəmli kommunikasiya nəzəriyyəçisi Marşal Makluhanın məşhur "Quttenberq qalaktikası" kitabında istifadə etdiyi "qlobal kənd" anlayışı və "media" sözünün yeni mənalarıdır. Latın sözü olub "araçı, vasitə" olan "media" sözü əvvəllər yalnız kütləvi informasiya vasitələrini, yəni qəzeti, radionu və televiziyanı ifadə etmək üçün istifadə edilirdi. Makluhan "media" sözünün sərhədlərini bütün sənət sahələrini əhatə edəcək şəkildə genişləndirdi. Makluhanın fikrincə, bütövlükdə media insanın davamıdır: təkər ayağımızın, kitab gözümüzün, paltar dərimizin, elektrik şəbəkəsi mərkəzi sinir sistemimizin davamıdır. Alimin düşüncəsinə görə, insan bədəniylə gerçəkləşdirməyə çalışdığı, yaxud düşüncəsində reallaşdırmağı planlaşdırdığı hər şeyin davamını, uzantısını yaradıb ki, bunlar da hamısı vasitədir, yəni media.

XX əsrdə əvvəlcə internetin kəşf olunması, ardınca isə smartfonların, sosial şəbəkələrin insan həyatına daxil olmasıyla bəşəriyyət tamam başqa bir mərhələyə qədəm qoydu: Virtual reallıqlar mərhələsinə. Necə ki, fotoqrafiyanın, kinonun, televiziyanın kəşfindən sonra ədəbiyyat özünü bu operativ, birbaşa sahələrlə yarışda yeniləməli olmuşdu, internetin, sosial şəbəkələrin də həyatımıza girməsindən sonra bədii ifadə formalarında yeni axtarışlar başladı. Əlyazmalar "word" oldu, kağız kitab "e-book" oldu. Bugünün ədəbiyyatında artıq sərhədlər, divarlar yoxdur, hər şey birbaşadır, onlaydır. Dünya bir düymə uzaqlıqdadır. Bu gün ənənəvi sənət metodları ilə yanaşı, ağlasığmaz bir sürətlə elektron sənət nümunələri, hipertekstlər, şəbəkə ədəbiyyatı inkişaf etməkdədir. Artıq dünyanın aparıcı universitetlərində, böyük elm müəssisələrində bu sahəyə xüsusi diqqət ayrılır, kürsülür qurulur, kafedralar yaradılır. Aparıcı ölkələrin alimləri artıq anlayıblar ki, gələcəyin sənəti geri dönüşü olmayan şəkildə elektron media ilə, sosial şəbəkələrlə bağlı olacaq. Məsələn, iki il öncə yeni texnoloji vasitələrdən məharətlə istifadə edən Nyu-York Xalq Kitabxanası yeni roman formatı təklif etdi: insta-roman. İnstaqram sosial şəbəkəsində Kafkanın "Çevrilmə"si kimi məşhur klassik mətnlərin instaqram variantını yayımladılar. Kitabxananın nümayəndəsi mətbuata açıqlamasında dedi ki, elektron vasitələrlə böyüyən, gözünü açıb sosial şəbəkələri görən yeni nəsli köhnə metodlarla maraqlandırmaq, maarifləndirmək çətindir. Buna görə də onların dilindən danışmağa çalışırıq.

  Klassik kitabla böyüyən adamlar üçün kağızın qoxusu, onun maddi ağırlığı necə dəyərlidirsə, gözünü açıb planşetləri, smartfonları, elektron kitabları görən yeni nəsil üçün də hər hansı texnoloji vasitənin düymələri, funksiyaları o qədər doğmadır, dəyərlidir.

  Bugünkü dünyada insanın reallıq hissi, dünyaya baxışı fasiləsiz şəkildə sosial şəbəkədəki linklər vasitəsilə parçalanır, başqa-başqa ünvanlara yönləndirilir. Bu, mərkəzi olmayan dünyadır. Belə bir dünyanı ifadə etmək üçün ənənəvi metodlar həmişə işə yaramır, burda yeni eksperimentlərə ehtiyac var.

  Son illər bu parçalanmış, fraqmentar gerçəkliyi elə özünə uyğun formada ifadə etməyə çalışan bir neçə kitab oxumuşam. Onlardan ən maraqlısı yeni dövrün ən məşhur amerikalı tənqidçilərdən biri olan Deyvid Şildsin "Reallıq aclığı" kitabıdır. Bu nəzəri kitab bütövlükdə bir cümləlik, bir abzaslıq, bir paraqraflıq hissələrdən ibarətdir. Elə bil, kitab feysbuk statusları kimi yazılıb. Müəllif özü yazır ki, yeni dövrün metodu ədəbi kollajdır, yəni ayrı-ayrı sahələrdən maraqlı olan fraqmentləri, parçaları yan-yana gətirməkdir.

  Bizim ədəbiyyatımızda son illər gerçəkliyin bu tipli fraqmentar formada ifadəsini Rəşad Məcidin "Qələmsiz yazılanlar: status-esselər, sms-esselər" kitabında görürük. Rəşad Məcid klaviatura dövrünün status, sms kimi formalarını qələm dövrünün esse janrıyla sintez edərək bəzən replikanı, bəzən isə gələcəkdə yazılacaq bir yazının eskizini xatırladan mətnlər yazır. Akademik İsa Həbibbəyli kitaba yazdığı geniş ön sözdə bu məqama diqqət çəkərək yazır: "Rəşad Məcidin statusları və sms-ləri bir romanın eskizləridir".

  Bu məqamda mən 2013-cü ildə "Beynəlxalq Buker Mükafatı"nın qalibi, minimalist hekayələr ustası Lidiya Deyvisi xatırladım. Lidiya Deyvisin qısa hekayələrini fotoaparatın ani yanıb-sönən işığına, şimşək çaxmasına bənzədirlər. Mən ilk dəfə Deyvisin "Buker" mükafatını qazanmış hekayələr kitabını oxuyanda çaşıb qalmışdım: bəzisi cəmi bir cümlədir, bəzisi cəmi abzas, bəzisi isə bir paraqrafdır. Heç bir hekayəsi bir səhifədən çox deyil, bu mərkəzsiz kitabı ensiklopediya kimi təsadüfi bir yerindən açıb oxumaq mümkündür. Amma nə qədər paradoksal səslənsə də, bu fraqmentarlığın, yarımçılığın, minimalizmin, sona qədər deməməyin içində insanla, həyatla, dünyadakı yerimizlə bağlı qəribə bir informasiya bolluğu, detal zənginliyi də var.

  Sosial şəbəkələrlə ədəbiyyat mövzusunu araşdırarkən diqqətimdən yayınmış bir kitaba da rast gəldim. Bu, Vüsal Həmzəyev adlı müəllifin "Alatoran yayınları"ndan çıxmış "Facebook gündəliyi" adlı kitabıdır. Məlum oldu ki, müəllifin bu kitabı Rəşad Məcidin kitabından əvvəl çap olunubmuş, amma burda format bir az başqadır. Kitabın tanıtım mətnində oxuyuruq: "...Dünyanın ən kütləvi sosial şəbəkəsi olan Facebookdakı Azərbaycan gündəmi. Bu kitabda azərbaycanlı Facebook istifadəçisinin 3 il ərzində yazdığı statuslar, qeydlər, şərhlər toplanmışdır. Müxtəlif akademik və peşəkar fəaliyyətlə məşğul olan 7 Facebook istifadəçisinin 2010-2012-ci illər ərzində hadisələrə münasibəti, nəql etdikləri hekayələri, keçmiş, bu gün və gələcəklə bağlı fikirlərini bir kitabda toplamaqda məqsədimiz, çağdaş Azərbaycan tarixinin virtual salnaməsini, qismən də olsa, arxivləşdirərək qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdən ibarətdir".

  Elə bu tanıtım yazısından növbəti bir məqama keçmək olar: həm Rəşad Məcidin, həm də Vüsal Həmzəyevin kitabı ənənəvi mediadan sonrakı dövrün informasiya vasitəsi olan sosial şəbəkədə yayımlanmış yazılardan ibarət olsa da, hər iki müəllif elektron dünyaya, virtual məkana etibar etməyərək, "arxivləşdirərək qoruyub saxlamaq" instinkti ilə bu yazıları yenidən konvensional formada - kitab şəklində çap etdiriblər. Elektron kitab kimi də yox, məhz kağız kitab kimi. Bu fakt bizi yeni dövrün məşhur mübahisələrindən biri olan elektron kitab kağızı kitabı, "onlayn satış mərkəzləri klassik kitab dükanlarını sıradan çıxaracaqmı?" sualına doğru aparır. Görkəmli alim, yazıçı mərhum Umberto Eko bu mövzuyla bağlı tanınmış rejissor Jan Klod Kariyerlə söhbətlərindən ibarət "Kitablardan xilas yoxdur" adlı kitabında deyir ki, biz internetlə - klaviatura ilə əlifba dövrünə geri qayıtdıq, kompüter bizi Quttenberq qalaktikasına geri qaytardı, indi hamı hərfləri tanımağa, oxumağa məcburdur. Ancaq oxumaq üçün maddi bir platformaya ehtiyac var. Yazıçı deyir ki, bu maddi platforma təkcə kompüter ola bilməz, çünki bir romanı oxumaq üçün monitorun qarşısında iki saat otursanız, gözləriniz tennis topuna dönəcək, üstəlik, kitabın belə deyək ki, batareyası bitmir; deməli, kitab hələ də praktikdir. Kitab eynilə qaşıq kimi, çəkic kimi, təkər kimi və ya qayçı kimidir. Bir dəfə icad edildikdən sonra ondan yaxşısını düzəltmək mümkün deyil.

  Sözügedən məsələylə bağlı "İn the flow" (Təxminən "Axarda") adlı kitabında tədqiqatçı Boris Qroys yazır ki, internet məkanında, sosial şəbəkələrin sərhədsiz dünyasında artıq seçici olmaq mümkün deyil. XX əsrin əvvəllərində sənətçilərin və yazıçıların başını ağrıdan sual beləydi ki, seçim meyarı, kriteriyası nədir? Niyə bəzi əsərlər muzeyə qəbul edilir, bəziləri yox? Niyə bəzi əsərlər çap olunur, bəziləri yox? Araşdırmaçı yazır ki, təbir caizdirsə, sənət əsərlərini muzeylərə, yaxud nəşriyyatlara layiq görən seçim mexanizmləri bir növ qatı katolik meyarlara əsaslanırdı: belə ki, bir əsərin yaxşı, gözəl, ilhamverici, orijinal, yaradıcı, güclü, ifadə gücü yüksək, tarixi mənada əhəmiyyətli olması... kimi meyarlar əsas götürülürdü. Ancaq bu yanaşmalar sıradan çıxdı, özünü doğrultmadı, çünki estetik modernizmdən, avanqard sənət nəzəriyyələrinin ortaya çıxmasından sonra heç kim bəzi sənət əsərlərinin niyə digərindən daha yaxşı olduğunu izah və isbat edə bilmədi. Qroys yazır ki, buna görə də, məcazi dildə desək, katolik yox, protestant, kalvinist yanaşmalar daha uğurlu oldu. Məncə, Qroysun demək istədiyi, bu yanaşmanın filoloji qarşılığı olan oxucu-mərkəzli nəzəriyyələrdir. Müstəqil, başqalarının qılıncı altından keçmək məcburiyyəti olmayan, kənarda legitimlik axtarmayan çağdaş nəzəriyyələr. Əvvəllər beləydi ki, oxucu kitabdan zövq almaq, teatr tamaşasına dalmaq üçün işin maddi tərəflərini unutmalı, özünü prosesə təslim etməliydi. Qroysun təbirincə desək, fiksiyanın fiksiya kimi işləməsi üçün maddi, texniki, nəzəri çərçivə hərəkətsiz qalmalıydı. Ancaq ötən əsrin əvvəlindən avanqard hərəkatlar sənətin gözdən qaçırılan, unutdurulan maddi tərəflərini tematizə etməyə başladılar. Məsələn, Bertold Brext teatrda dördüncü divar anlayışını götürməyə çalışdı, futuristlər, konstruktivistlər sənətçiləri həqiqi maddi şeylər istehsal edən mühəndislərə oxşatdılar, Haydegger həqiqi sənəti fiksiya olana qarşı mübarizə kimi başa düşürdü və s. İnternet, sosial şəbəkələr avanqardın bacarmadığı şeyi bacardı. İnternet informasiya platformasıdır, ancaq onun emal etdiyi informasiya həmişə internetin özündən kənardadır, yəni oflayndır.

  Bu gün geniş mənada internetin, sosial şəbəkələrin sənətə, ədəbiyyata təsiri qaçılmazdır. Çünki sosial şəbəkələr insanın təfəkküründən, təhtəlşüurundan tutmuş yaradıcı janrlara qədər hər gün fasiləsiz şəkildə hər şeyə təsir edir. Ötən illərdə Şotlandiyanın Dandi Universitetində Yeva Murzinin rəhbərlik etdiyi bir araşdırmada məlum oldu ki, ağ-qara televizorlar dövründə dünyaya gəlmiş, böyümüş insanların əksər hissəsi yuxularının ağ-qara olduğunu, rəngli televizorların kütləviləşməsindən sonra dünyaya gələnlərin əksəriyyəti isə yuxularının rəngli olduğunu iddia ediblər. Gözünü açıb birbaşa smartfonları, internet, vay-fayı, yutubu, instaqramı görən Z nəslinin nümayəndələrinin yuxuları da, zövqləri də fərqlidir. Onları ənənəvi ədəbi mətnlərlə, ənənəvi şərh metodlarıyla, ənənəvi qiymətləndirmə biçimləri ilə təəccübləndirmək də, maraqlandırmaq da, şərh etmək də çətindir. Vaxtilə Borxes yazırdı ki, ədəbiyyat idarə olunan yuxugörmədir. Freyd isə deyirdi ki, yaradıcılıq gündüz görülən yuxudur. Məsələn, günü-gündən yüksək sürətlə inkişaf edən videooyun sektorunu dünyada artıq elektronik sənətin bir növü kimi qəbul edirlər və ordakı süjetlər, narrativ formaları ciddi mətnlərə tətbiq edilən metodlarla şərh olunur. Sonuncu oxuduğum bir araşdırmadan məlum olur ki, Fransada videooyunları da ciddi hekayə kimi, roman kimi, Delözün, Fukonun nəzəriyyələri ilə şərh edirlər və bunlar ciddi jurnallarda çap edilir. Çünki inkişaf etmiş ölkələrin sənət mərkəzləri başa düşüblər ki, artıq XXI əsr texnologiya əsridir, internet əsridir və dəyişən dünyanın nəbzini anlamaq, yeni nəsillərin marağını çəkmək istəyirlərsə, qapıları, pəncərələri onun üzünə bağlamaq, XX əsrin köhnəlmiş problematikasını qızdırıb yenidən fikir süfrəyə verməklə ancaq özləri uduzurlar. Bu mənada biz daha böyük anaxronizmin içindəyik. Yaxşı ki, Milli Elmlər Akademiyası ədəbiyyat dünyanın ən qabaqcıl təmayüllərinə öz qapılarını açmaq qərar verdi, bundan hamımız qazanacağıq.

  Sosial şəbəkələr vasitəsilə biz, bir növ, nağıllardakı eyni anda bir neçə yerdə olmaq möcüzəsini reallaşdırdıq: həm real həyatda monitorun qabağında, telefonda mövcuduq, həm də virtual avatarımız, profilimiz vasitəsilə rəqəmsal dünyada; həm qəzet səhifəsindəyik, həm də saytda. Ötən illərdə Amerika yazıçısı Emili Liebertin "Feysbuk nağılları" kitabı da bundan bəhs edir - nağıllardakı kimi sərhədlərin itməsindən. Kitabda Danimarkanın baş nazirinə feysbukda dostluq göndərən bir kənd müəllimindən misal gətirilir. Bir neçə ay nazirlə yazışdıqdan sonra onu kəndlərindəki məktəbə dəvət edən müəllimin nümunəsində sərhədlərin, iyerarxiyaların şərtiləməsi vurğulanır. Artıq indiki dünya özünü fil dişindən qüllələrə qapadanların yox, kommunikativ olanların dünyasıdır.

Sosial şəbəkələr erasında kitabların məzmunu, mövzusu dəyişmədi, yazı formaları da çoxaldı, başqalaşdı, yeni-yeni formalar ortaya çıxdı. Məsələn, fləş fikşn (flash fiction) deyilən tərz ortaya çıxıb, çox qısa, fotoaparat işığının parlayıb sönməsi kimi sürətlə yazılan hekayələr, ən çox 300 işarədən ibarət olmalıdır. Bu tərz Tvitter sosial şəbəkəsinin təsiriylə yaranıb, bildiyiniz kimi, tvitterdə yazmaq üçün işarə sayı məhdudiyyəti var. Buna görə bu yeni formaya tvit-hekayə deyənlər də var.    

  Müasir dövrdə podkostlar, bloqlar, portallar ənənəvi formatlara alternativ kimi ortaya çıxmaqda və operativ olduqları üçün daha geniş vüsət almaqdadır. İnternet məkanında ədəbiyyat 2000-ci illərin əvvəllərində əvvəlcə saytların tərkibindəki forumlar və çat qruplarında özünə yer axtarmağa başlamışdı. Sonradan kultura.az, medeniyyet.az, kulis.az, sim-sim.az, artloqos.az, yarpaq.az, muellif.az, avanqard.net, artkaspi.az kimi müstəqil və ya hansısa qurumun tərkibində fəaliyyət göstərən ədəbiyyat saytları meydana çıxdı. Bununla yanaşı, əvvəllər daha passiv olan "Ədəbiyyat qəzeti" yeni heyətlə mədəni həyatımıza aktiv şəkildə daxil olduqdan sonra onun eyniadlı saytı da aktivləşdi və qısa zamanda sosial şəbəkələrə adaptasiya oldu.

  Sosial şəbəkələr dövründə ədəbiyyat mövzusunda bizdə yazılmış (mənim rastıma çıxan) hələlik yeganə araşdırmanı rus dilində professor Asif Hacıyev yazıb. Onun 2012-ci ildə "Mütərcim" nəşriyyatında çapdan çıxan kitabı belə adlanır: "Seteratura: istoriə, tipoloqiə i pogtika russkoy setevoy literaturı. Tezisı leküiy v Bakinskom slavənskom universitete".

  Yeni dövrdə bütün dünyada yutub platformasında da ədəbiyyatla bağlı xeyli layihələr ortaya çıxır. Bizdə hələlik bu məcrada böyük aktivlik olmasa da, son illər internet tv-lərin çoxalmasıyla birlikdə videoformatlara can atım hiss olunur. Pandemiya dövründə distant, onlayn təhsilin vacibliyi bir daha bütün dünya üçün təsdiqləndikdən sonra, onlayn mühazirə, videoesse kimi janrlarda ciddi artım görünür.

Dünyada yaxın illərdə instaqram platformasının hədsiz məhşurlaşmasıyla birlikdə bir xeyli məşhur nəşriyyat klassik əsərləri illüstrativ formada instaqrama adaptasiya etdi. Məsələn, Kafkanın məhşur "Çevrilmə", Ekzüperinin "Balaca Şahzadə" kimi əsərləri insta-roman formatında yayımlandı. İndi dünyada insta-roman, insta-şeir kimi janrlar barədə qızğın müzakirələr gedir.

  2020-ci ildə yazıçı Sahilə İbrahimovanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə ədəbiyyatyönümlü instaqram jurnalı "Karusel" fəaliyyətə başladı. Jurnalın təsisçisi Sahilə İbrahimova bu layihəni belə açıqlayıb: "Pandemiya, insanların gərgin psixoloji durumu fonunda cəmiyyəti biblio-kitab terapiyası vasitəsilə sağlam saxlamağı hədəfləmişik. Hay-küydən uzaq, insanlara həqiqətən mənəvi dəstək ola biləcək bir məkan yaratdığımıza inanırıq. Biz insanlara ədəbiyyata, incəsənətə ehtiyacları olduğunu anlatmaq istəyirik". - Bu sözləri jurnalın təsisçisi Sahilə Yaya bildirib.

  İnsta-jurnalda hazırda məşhur olan ədəbi tendensiyalar Azərbaycanda tanınmasa da, dünyada olduqca çox oxunan yazarların, eləcə də ədəbi-psixoloji tendensiyaların müzakirəsi, tərcümələr, eyni zamanda yerli yazarların unikal yanaşmaları yer alacaq".

  Görünən budur ki, bütün dünyada ədəbiyyata, mədəniyyətə, sənətə ciddi təsir edən sosial şəbəkələr yeni əsrdə ənənəvi platformalarla hələ çox təsir edəcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!