Nəsr və nəzəriyyə: müəllif, oxucu və "dördüncü divar" - Maral Yaqubova


     Ötən il ondan qabaqkı ilin nəsr əsərlərindən yazanda ədəbiyyatımızın qərq olduğu qaranlıqda sayrışan işıq zərrələrini sezmişdim, həmin zərrələr saf-çürük edilib bir yerə cəmlənəndə qaranlığı dəlib keçməyə çalışan işıq şüasına bənzər bir effekt oyatmışdı. Bu il o işığın ardınca getmək istəyirəm...

    Ötən ilin nəsrində diqqət cəlb edən məqamlardan biri metatəhkiyə, metafiksiya, avtofiksiya kimi terminlərin nəsrimizdə vücud tapması, ətə-qana bürünməsi oldu. "Sirlərin sərgüzəşti", "Tarix və tale" romanları, "Minotavrın ölümü", "Buynuzsuz kərgədan", "Sonuncu yuxu" kimi hekayələrdə müəllif və oxucu arasındakı "dördüncü divar"ın yıxılması hadisəsinə rast gəldik. Dördüncü divarın sökülməsi o zaman baş tutur ki, müəllif öz niyyətinin mətni yaradan əsas potensiya olduğunu oxucuya fərqli şəkildə çatdırmaq üsulunu seçir. Belə mətnlərdə müəllif bioqrafiyasını, tərcümeyi-halını, psixoanalitik məhrəmiyyətini, fəlsəfi-emosional həyat ovqatını öz niyyətinin oxucuda aşkarlanma vasitəsi kimi görmür, bunun yanlış olduğunu bilir. Mətnin sərhədsizliyinin onun yaşamaq imkanı olduğunu, mətnin sərhədsizliyinin təminatının oxucu olduğunu müəllif bilir, amma o oxucunun bu sərhədsizliyi quranın, mexanizmi yaradanın müəllif olduğunu unutmasını qəbul etmir. Mətnin yaranma mexanizmini bu dəfə mətnə gətirir, dördüncü divarı sökərək, özünü səs, kölgə, obraz və s. formalarda mətndə görməsinə şərait yaradır.

"Sirlərin sərgüzəşti" romanının sirlərini kəşf etmək sərgüzəştinə çıxan, mətndəki "yeni dünya"nı təşrih etməyə niyyətlənən oxucu mətnəqədərki bilgisini, əvvəlki mətnlərin çözümündə istifadə etdiyi "alət" və "vasitələr"i unutmalı, əvvəlki oxunuşların ona qazandırdığı "eynək"dən qurtulmalıdır. Bu isə qəliz bir prosesdir. Birincisi, bildiklərindən arınmaq, onları unutmaq oxucunu əvvəlcə bildiklərini dərindən xatırlaması ilə başlayır, bildiklərini təsdiqləmədən onları inkar edə bilməz. Və bu xatırlamanın miqyası kifayət qədər genişdir. İkincisi, çox uzun müddətdir ki, dünya oxucusu mətnin çözülmə mexanizminin sırf ondan asılı olduğuna inanır. "Sirlərin sərgüzəşti" isə oxucuya meydan oxuyur, müəllif özünəistinadlılıq (avtoreferensiallıq) və özifadəlilik (avtoreflektivlik) əsasında mətn yaradır. Bütün bunlar isə oyun, əgər demək mümkünsə, bəzən metaoyun mexanizmi ilə təşkil olunur.

Ötən ilin nəsrinin oxucuya dərs keçdiyi başqa bir nüansa nəzər salaq: oxucunun adət etdiyi hermenevtik dolanbaclarda gəzişmək vərdişinə mətnin içindən sərt etiraz səsləri gəldi, "Tarix və tale" oxucunun hermenevtik səriştəsini haqlı olaraq mətnin çözümü kimi görmədi, oxucuya sezdirdi ki, əslində, mahiyyət müəllif ritorikasının içindədir, yaxşı oxumaq elə yaxşı yazını aşkara çıxarmaq bacarığıdır. Önəmli olan mövzu deyil, bu mövzunu ədəbiyyata çevirmə aktının özüdür. Yeniliyə açıq, dilin və təhkiyənin meta qatlarında qalxan mətnlər, xüsusilə "Tarix və tale" ətrafındakı müzakirələr göstərdi ki, ədəbiyyat auditoriyamız mətn və onun şərhi məsələsində çətinlik çəkir, stereotip yanaşmalardan qurtula bilmir. Belə əsərlər göstərir ki, dil təkcə təsvir vasitəsi deyil, yaradıcı vasitədir, həm də "yeni dünya" yaratmağın ən təhlükəli, ən hiyləgər vasitəsidir. Dil hörümçək toru (Tomas Qobbsa görə) kimidir, zəiflər ağlara ilişib qalır, güclülər toru təşkil etməkdə ağlar qədər əməyi və mövqeyi olan məsafələrdən - boşluqlardan süzülüb keçir. Oxucu təfəkkürün mətnləşməsini addım-addım kəşf edərkən dilin həm vasitə, həm də əngəl olduğunu bilməli, dildə müəllifin danışdığı və susduğu məqamları yaxşı ayırd etməlidir. Oxucu bu məqamda "yeni dünyanın" təfərrüatlarını toplayarkən dili metadil kimi düşünməyi bacarmalıdır.

Müəllif məsuliyyəti, müəllif erudisiyası, yaradıcı gücü ilə seçilən bu tip mətnlər göstərdi ki, mətndə yeni dünyanın yaradılması və inşası fərqli anlayışlardır, biri müəllifin, o biri oxucunun səyləri ilə formalaşır. Oxucunun təxəyyülü "yeni dünya"nı inşa edə bilər, bu inşa prosesini gerçəkləşdirərkən isə oxucu təşəbbüsünün və təsəvvürünün əvvəlki təcrübələrinə təkrar-təkrar dönməyə məcburdur. Məhz bu məqamda "yeni dünyanın" deşifrəsində anlaşılmazlıq ortaya çıxır, müəllif-əsər-oxucu zəncirində öz yerinin nizam və səliqəsinin pozulduğunu hiss edən müəllifin qəribə taktikaları ortaya çıxmağa başlayır. Müəllif "dördüncü divar"ın dağıdılması aktını gerçəkləşdirir.

Yaxşı mətnlərin sayı müəlliflər bir-birini təkrarlamayanda, təfəkkürdən yazıya unikal və özünəməxsus yollar yarananda istər-istəməz artır. Mətndə poetik enerji dilin həbsxanasına sığmayıb aşıb-daşanda bir-birinə bənzəməyən əsərlər meydana gəlir. "Məryəm" surəsi öz oxucusunu alternativ mətnlərə müəllif tərəfindən öncədən planlaşdırılmış səyahətə çıxarır, mətndə nəql olunan əhvalatların başqa mətnlərlə əlaqələrinin növlərini ayırd etmək vəzifəsi yükləyir. Önəmli olan mətnin hansı mətnlərlə əlaqə qurması deyil, bu əlaqəni quran mexanizmin özünün çözülməsidir, oxucu ağ-qara məntiqi ilə çıxış yolu tapmayanda, qeyri-səlis məntiqdən yapışsın, varla yox arasında, yalanla doğru arasındakı boşluqlarda gəzişsin. Müəllifin niyyətindən yapışıb mətnin göndərdiyi bütün digər mətnlərlə mətnlərarası dialoqu qura biləcək oxucuya rast gəlmək bu tip mətnlərin şansıdır. Mətnlərin şansını artırmaq üçün oxucuların ədəbiyyata, sənətə yanaşma tərzi dəyişməlidir. Bu gün müasir oxucunun (müəyyən qədər Nabokovun "yaxşı" , Umberto Ekonun "örnək" təyinləri ilə işlətdiyi oxucunun) narratologiyaya dair bilgi və intellektual bazasını hələ ki Qərbin kanonları müəyyənləşdirir. Yaddaşı isə daha çox məxsus olduğu toplumdan və daşıdığı kimliklərdən qidalanır, dünyagörüşünə uyğun tənzimlənir. Fantaziyası və təxəyyülü isə psixoloji proses kimi özünəməxsus hadisə kimi çıxış etsə də, oxucunun yaşadığı çağın və mühitin təsirinə məruz qalır.          Bu məqamda ədəbiyyat təəssübkeşliklə, mətnin və mətnin dərki prosesinin özünün dəyişməsini insanımızın dəyişməsi ilə mümkün ola biləcəyini sezir. Azərbaycan nəsrinin gündəminə düşüncəni dəyişmək niyyəti gəlir, nəsr fərqindədir ki, beyinlər dəyişmədikcə, mətn dəyişməyəcək, mətnlər toplaşıb bir-birinin əlindən tutmayınca da oxucunun kütlə təfəkkürü dəyişməyəcək. Təmizləmə və arınma işinə ən aşağılardan, ən sadədən başlamaq istəyir, məsələn, melodramı bir janr kimi mövzu bayağılığından necə xilas etmək olar deyib "Altay və Umay"ın sürükləyici hekayəsini qələmə alır. Nəzəriyyə isə mətnin içindəki personajı deyil, mətnin özünü ikibaşlı Yanus kimi görməkdə israr edir. "Fəzaya səyahət dərsləri"ndən bəhs edəndə dilin və poetik təfəkkürün fəzalarına da səyahət etmək istəyir, istəyir ki, mətnin oxunuşu özü fəzaya səyahətə çevrilsin, fəzada poetik enerji və dil arasındakı didişmələri seyr edə bilsin. "Gürgan şərabı" romanını "çaparaq" edən təhkiyənin izinə düşmək istəyir. Nəzəriyyə üçün maraqlı olan təhkiyənin "düyü dənələri kimi səpələnmiş" fikirləri ifadə edə bilmə qabiliyyətidir, "Ramana" da "şüur axını" texnikası ilə yanaşı, yeni unikal tapıntılara rast gələcəyinə ümid edir, II kitabı gözləyir. Nəzəri fikir deyir ki, mətn özünün təhkiyə cəngəlliklərində oxucunu azdırsın, izlərini itirsin, oxucu cəngəllikdə qarşısına çıxan ilanaları kəsib özünə yol açsın, mətnin təhkiyəsi "Azğın" olsun, çünki obrazların bohemvari azğınlığı nəzəriyyənin predmetinə çevrilə bilmir. "Mirzə Cəlilin sevdası", "Şənbədən qalan qorxu" parçalar şəklində olsa da, yaxşı mətnin varlığından xəbərdar edir bizi, işıqlı ədəbiyyata inamı artırır.

Sənəti unikal edən amillərdən biri də onun universal-milli qarşıdurmasında, eyni zamanda harmoniyasında sərgilədiyi mövqedir, milli düşüncə mətnə informasiya kimi daxil olanda istənilən effekti oyada bilmir. "Lo"nun içindəki informasiyanın zənginliyi, genişliyi və lazımlılığını epik təhkiyənin dərinliyi ilə harmonik şəkildə təqdim etməsini üstün tutan nəzəriyyə "lo"nun poetik strukturunun izinə düşməyi tərcih edərdi. Elə mətnlər var ki, onun estetik məsuliyyəti etik məsuliyyəti ilə çərçivələnmiş olur, bu zaman bu çərçivədə bədii trayektoriyalar cızmaq ikiqat çətinləşir, "Komandir"in sosial mesajı ağır gəlir, cümlələrin, cümlələrarası əlaqələrin ciddiliyi bədiiliklə ziddləşir, məsələ bu məqamda ən optimal variantı tapmaqdır, alınan mətnlər sevindirir.

Nəsr mətnlərinin adları və ilk cümlələri çox mühümdür, çünki yaxşı mətnin adı və ilk cümləsi mətnin bətnindəki naməlum dünyanı "məlum" edə bilir, ən azından, o dünyanı kəşf etmək istəyi yaradır. Elə mətnlər var ki, adı və ilk cümləsi ifşaedici funksiya daşıyır, oxucunu tələm-tələsik xəbərdar edir ki, bu mətn alınmayıb. Xüsusilə, hekayələrdə bədii detalla adın eyniliyi sənətkarlıq tələb edən  mexanizmdir, diqqət tələb edir. "Arıların səssizliyi", "Nanəli konfet", "Dəvələr, atlar, şarlar..." kimi ad, məzmun, forma arasındakı tekstual əlaqəni toxumağı bacaran mətnlərlə yanaşı, elə ilk baxışda öz sərlöhvəsi ilə nəzəriyyəyə məğlub olan mətnlər var.

     Nəsrdə "yeni dünya" yaratmağa iddialı mətnlərlə yanaşı, vərdişkarı olduğumuz dünyanın qapılarını özünəməxsus şəkildə açan mətnlər var. Məsələn, təhkiyənin səliqəli nizamına təhkiyəçinin ironiyasının sərtliyini yumşaqcasına yerləşdirmək səriştəsi ("Qız və maneken"), təhkiyəçinin içindən keçib dünyanı görmək və göstərmək manevrinin özünəməxsusluğu ("Yeraltı külək",) təhkiyənin təsvirlə nizamlı harmoniyası ("Azan gəmilər limanı"), keçmiş əhvalatların səliqə-sahmanlı nəqli ("Malakan kəndinin payızı") və s. bu tip mətnlərin keyfiyyət meyarına çevrilir.

     Belə nəticəyə gəlmək olar ki, nəsrimiz, nədənsə, olmuş əhvalatları danışmağı sevir, hal-hazırda olanların təsvirinə gələndə mətndə cümlələrin darıxdığı hiss olunur. Olmuşları danışan mətnlərdə də bəzən müəllif mövqeyi, müəllif mövqeyinin modallığı pozulur, hadisələri görmüş müəllif hadisələrin iştirakçısı olan və olmayan təhkiyəçini ayırd edə bilmir, onlara biçdiyi vəzifələri qarışdırır. Bu da həmin mətnləri nəzəriyyənin predmeti olmaqdan uzaqlaşdırır. 

    Etiraf edək, nəzəriyyə sərtdir, öz qaydaları var, mətnə münasibətdə bəzən tikanlı kaktus bitkisinə dönüb mətni qəddarcasına dəlik-deşik etməyi sevir. Bəzi mətnlər isə şişirdilmiş şar kimidir, nəzəriyyə ilə yan-yana gələndə... sonluq məlumdur. Əslində, qəddar, sərt nəzəriyyənin içində dərin ədəbiyyat təəssübkeşliyi var, ədəbiyyatın dəyər tərəzisində ağır gəlməsini ən çox istəyən də odur, ədəbiyyata səthi yanaşmalardan ən çox qıcıqlanan da odur. Nəzəriyyə istəyir ki, onun gördüyü, bildiyi işıqlı ədəbiyyatı hamı görə bilsin, ədəbiyyatdakı işığa kölgə salan ən xırda detala qarşı hövsələsizliyinin səbəbi də budur.

Qeyd: Müəlliflərin adları bilərəkdən yazılmayıb, çünki müəllifə gedən yol mətndən keçməlidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!