Bütövlük və genişlik - Akademik İsa Həbibbəyli

    Ümumiyyətlə, ədəbiyyatı dərindən dərk etmək və araşdırıb öyrənmək üçün zəruri olan bir neçə istiqamət vardır ki, bunların sırasında ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi və müqayisəli ədəbiyyatşünaslıqla yanaşı, həm də ədəbi tənqid baxımından təhlillər və dəyərləndirmələrin xüsusi əhəmiyyəti vardır. Ədəbiyyat nəzəriyyəçiliyində de-fakto qəbul olunan belə bir metodologiya vardır ki, ədəbiyyatın tarixi gedişatını və ənənələrini bilmədən onun mükəmməl nəzəriyyəsini yaratmaq mümkün deyildir. Böyük ədəbiyyat tarixçiləri də haqlı olaraq düşünürlər ki, ədəbi-tarixi proseslərə obyektiv elmi qiymət vermək üçün yalnız tərcümeyi-hal faktlarını və ədəbi hadisələri bilmək və xronoloji ardıcıllıqla təqdim etmək ancaq və ancaq salnaməçi funksiyasını yerinə yetirmək demək olardı. Ədəbiyyat tarixinin ayrı-ayrı inkişaf mərhələlərinin real mənzərəsini yaratmaq və obyektiv elmi qiymətini vermək üçün yaradıcılıq proseslərinin daxili qanunauyğunluqlarından doğan təkamül proseslərini nəzəri cəhətdən qiymətləndirmədən ədəbi-tarixi gedişat haqqında real elmi təsəvvür əldə etmək çətindir. Əlbəttə, həmin prosesdə ədəbiyyat nəzəriyyəsinin hazır sxemləri və məlum modelləri əsasında yuxarıdan aşağıya, nəzəriyyədən mətnə doğru baxış heç bir halda ədəbiyyat tarixi hadisəsinin əsl mahiyyətini aydınlaşdırmağa işıq sala bilməz. Bu, qrammatik qaydaların məlum təriflərini Avropa dilçilik elmindən alıb təqdim etmək və misalları, nümunələri Azərbaycandan göstərmək kimi çox əcaib bir sxem əsasında qrammatika kitabı yazmaq kimi milli ədəbiyyatı yarım yabançı simasında göstərməyə bərabər olardı. Ən əsas vəzifə böyük ədəbiyyatın real simasını göstərmək üçün bədii yaradıcılıq proseslərinin daxili qanunauyğunluqlarından çıxış etmək, bədii mətndən nəzəriyyəyə doğru inkişafı izləyib ümumiləşdirilmiş nəticələr çıxarmaqdan ibarətdir. Etiraf etmək lazımdır ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin təcrübəsində uzun illər ərzində nəzəriyyədən, sxemdən, modeldən mətnə doğru inkişaf daha aparıcı mövqedə olmuşdur. Üstəgəl vulqar-sosioloji təhlil kimi elmdən çox hakim ideologiyanın prinsiplərini əsas kimi qəbul edən tədqiqat metodu gerçək nəzəriyyənin də yanaşma imkanlarını çərçivəyə salmışdır. Beləliklə, XX əsrin böyük bir dövrü ərzində istər-istəməz ədəbiyyatşünaslıq elmində ədəbiyyat materialı əsasında sovet ideologiyasının təbliğ edilməsinin sosioloji təqdimatına üstünlük verilmişdir. Doğrudur, sovet ideologiyasının ən sərt məqamları dövründə də həmin ideologiyaya açıq şəkildə qarşı çıxmadan həm böyük ədəbiyyat, həm də böyük ədəbiyyatşünaslıq yollarında çarpışan yazıçılarımız və alimlərimiz az olmamışdır. Məsələn, akademik Həmid Araslı hələ Stalin dövründə, 1950-1951-ci illərdə Azərbaycan xalqının Ata kitabı olan "Kitabi-Dədə Qorqud" dastanları Azərbaycan kommunistlərinin qurultayı və partiya fəalları yığıncağı kimi mötəbər yığıncaqlarında dövlət səviyyəsində tənqid olunduğu zaman bəlli bir təmkinlə elmi mövqeyindən dönməyərək bu ədəbi abidənin heç də direktiv sənədlərdə deyildiyi kimi, Azərbaycan xalqının dilinə və həyat tərzinə yad olmadığını bildirmək mövqeyindən dönməmişdir. Görkəmli elm xadimlərindən Məmməd Arif Dadaşzadənin, Heydər Hüseynovun, Mikayıl Rəfilinin, Abbas Zamanovun, Mir Cəlal Paşayevin, Əbdüləzəl Dəmirçizadənin Azərbaycan dili və ədəbiyyatına, ictimai fikrimizin inkişafına həsr edilmiş tədqiqatlarında gerçəkliyin payı ideoloji  təhlillərin miqyasından çox olmuşdur. Yaxud bütün ideoloji çətinliklərə baxmayaraq, Məmməd Cəfər Cəfərov XX əsrin qırx-əllinci illərində ciddi elmə əsaslanan böyük ədəbiyyatşünaslıq əsərlərinin yaradılmasının mümkünlüyünü isbat etmişdir. Yaşar Qarayevin XX əsrin altmış-səksəninci illərində meydana çıxmış tədqiqatları nəzəri cəhətdən sovet dövrünün ideoloji sədlərini adlayıb keçən əsərlər olaraq elmi-ədəbi mühitdə gerçək ədəbiyyatşünaslığın real havasını yaratmış, sönməyə qoymamışdır.

Bütövlükdə Azərbaycan ədəbiyyatşünaslığında ədəbiyyat tarixçiliyinin icmaçılıq, salnaməçilik və təsvirçilik istiqamətində formalaşdırılması formatı diqqət mərkəzinə çəkilmişdir. Buna baxmayaraq, Azərbaycan alimlərinin səyləri ilə yaradılmış Elmlər Akademiyası tərəfindən hazırlanan ikicildlik "Müxtəlif Azərbaycan ədəbiyyatı tarixi" (1943-1944) və üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957-1960) əsasən ədəbi şəxsiyyətlər haqqında real elmi təsəvvür yaradan əhəmiyyətli elmi əsərlər kimi meydana çıxmışdır. Aradan yetmiş ildən çox keçməsinə baxmayaraq, həmin ədəbiyyat tarixləri bu gün də mühüm elmi mənbələr kimi qəbul olunurlar.

Fikrimizcə, keçmiş sovet ideologiyası daha çox ədəbi tənqidin inkişafına təsir göstərməyə çalışmışdır. Ədəbi tənqid partiyanın ədəbiyyat və incəsənət üzərində nəzarəti funksiyasını yerinə yetirmək vəzifəsinə doğru istiqamətləndirilmişdir. Sovet hakimiyyətinin 1972-ci ildə qəbul etdiyi "Ədəbi-bədii tənqid haqqında"kı qərarı ədəbi tənqidin inkişaf etdirilməsi yolu ilə ədəbiyyata nəzarətin daha da gücləndirilməsi və genişləndirilməsinin təmin edilməsinə hesablanmış direktiv sənəd idi. Bu qərardan əvvəl də, sonra da partiya ədəbi tənqid silahından yeri gəldikcə öz məqsədləri üçün istifadə etmişdir. Xalq şairi Səməd Vurğunun "İnsan" dramına və "Aygün" poemasına, Anarın "Ağ liman" povestinə, Sabir Əhmədlinin "Dünyanın arşını", Mövlud Süleymanlının "Dəyirman" romanlarına qarşı yönəldilmiş kampaniyalar həmin dövrlərində ədəbi tənqidin ideoloji missiyasından lazım olduqda yararlanıldığını göstərməkdədir. Tənqidin ideoloji cəbhənin əsas silahı funksiyasına doğru istiqamətləndirilməsi elmi-ədəbi mühitdə sosioloji yönlü tənqidin meydanını genişləndirmişdir. Lakin belə çətin ictimai-siyasi şəraitdə Azərbaycanda normal ədəbi tənqid də yaranmış və inkişaf etmişdir. Ədəbi tənqid sahəsində akademik Kamal Talıbzadənin adı ilə bağlı olan məktəbin tənqid tarixi və cari ədəbi tənqid sahəsində əldə etdiyi elmi nailiyyətlər ədəbi tənqid sahəsində partiya nəzarətini üstələyən əsərlərdir. Altmışıncılar ədəbi nəsli bütövlükdə ədəbiyyata, ədəbi prosesə böyük canlılıq gətirmişlər. O zaman cavan yazıçılar olan Anarın, Elçinin həm də ədəbi tənqid sahəsində fəaliyyəti göstərmələri, Yaşar Qarayev, Şamil Salmanov, Akif Hüseynov, Asif Əfəndiyev və başqalarının gerçək ədəbi hadisələrdən çıxış etməklə yazdıqları əsərlər tənqiddə partiya nəzarətinin tilsimini qırmağa imkan yaratmışdır. Bundan sonra Azərbaycan ədəbi tənqidində XX əsrin yetmiş-səksəninci illərində artıq yeni nəsil əmələ gəlmişdir. Aydın Məmmədov, Nadir Cabbarov, Nizami Gəfərov, Şirindil Alışanlı, Vilayət Quliyev, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, Tehran Əlişanoğlu, Əsəd Cahangir və başqalarının ədəbi tənqidə gəlişi ideoloji tənqidin arxa plana keçməsi ilə nəticələnmişdir.

XX əsrin yetmiş-səksəninci illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilmiş "Ədəbi proses" konfransları ədəbi-elmi mühitdə ədəbiyyatın, ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin artıq gözə görünməz şəkildə ideologiya ilə üz-üzə durduğu tarixi bir mərhələdə meydana çıxmış mühüm və əhəmiyyətli bir dövrün əlamətdar hadisəsinə çevrilmişdir. Qısa müddət ərzində, 1976-1984-ci illər ərzində ardıcıl olaraq keçirilmiş və materialları kitab halında çap olunmuş "Ədəbi proses" seminarları ölkədə altmışıncı illərdən başlanmış yeni tipli tənqid və ədəbi proses dalğasını dərinləşdirərək normal şəkildə ədəbiyyatın inkişafına kömək edən, yol göstərən əsl ədəbi tənqid nümunələrinin yaranmasına təkan vermişdir.

Müstəqillik illərində keçirilməkdə davam edən "Ədəbi proses" yaradıcılıq müşavirələri ilk növbədə ədəbi tənqid sahəsindəki keçmiş ənənəni bərpa etmiş və yeni tarixi mərhələnin əsasını qoymuşdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uzun sürən otuz illik fasilədən sonra keçirilmiş "Ədəbi-proses-2013" yaradıcılıq müşavirəsi yeni tarixi epoxanın ədəbi tənqidinin parolunu vermişdir. Giriş məruzəsi (İsa Həbibbəyli), "İlin ədəbi mənzərəsi"ndən (Vaqif Yusifli) başqa cəmi yeddi məruzə ilə: "2013-cü ilin şeiri" (Nərgiz Cabbarlı), "Bədii nəsr" (Salidə Şərifova) "Tənqid və ədəbi proses" (Rahid Ulusel), "Dramaturgiya" (Aydın Dadaşov), "Bədii tərcümə" (Fidan Əbdürrəhmanova), "Bədii publisistika" (Elçin Mehrəliyev) "Cənubi Azərbaycanda ədəbi mühit" (Esmira Fuad) başlanan "Ədəbi proses-2013" ilə artıq sovet dövrü "Ədəbi proses"inin sədləri fəth olunmuşdu. Bir il sonra 2015-ci ildə keçirilmiş "Ədəbi proses-2014"də məruzələrin sayı 15 olmaqla poeziya iki istiqamətdə - şeir və poemalar üzrə, nəsr üç janr: hekayə, povest və romanları əhatə etməklə, uşaq ədəbiyyatı, ədəbi gənclik də əlavə edilməklə yaradıcılıq müşavirəsinin yeni bir formatı meydana qoyulmuşdur. Beləliklə, ədəbi prosesin daha geniş və əsaslı təqdimatına doğru hərəkat başlanmışdır. "Ədəbi proses-2015" bu meyli daha da qüvvətləndirib möhkəmləndirmişdir. Həm də ilk dəfə olaraq "Ədəbi proses" müşavirələrində dinlənilən elmi məruzələr sadəcə olaraq poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid kimi yaradıcılıq istiqamətinin adlarının qeyd edilməsi ilə yox, bu dəfə janrlar üzrə problem məruzələrin dinlənilməsi təmin olunmuşdur. "Tarixi janrın həqiqətləri" (Tehran Əlişanoğlu), "Səni axtarıram, poeziya" (Elnarə Akimova), "Çağdaş dövrün roman və nəticələri" (Nərgiz Cabbarlı), "2015-ci ilin ədəbi mənzərəsində povest janrı" (Aynur Xəlilova), "Hekayənin indiki zamanı" (Mətanət Vahid), "Bölgələrdə ədəbi həyat" (Vaqif Yusifli), "2015-ci ilin ədəbi inkişafında gənclik faktoru: problemlər, axtarışlar (Lalə Həsənova), "Satira, yoxsa satirasızlıq" (Səadət Vahabova), "Cənubi Azərbaycanda ədəbi proses" (Pərvanə Məmmədli) kimi elmi məruzələr "Ədəbi proses" müşavirələrində icmal tənqidindən monoqrafik tənqidə doğru bir yeni addımın atılması ilə nəticələnmişdir. Beləliklə, sovet dövründəki ədəbi tənqid seminarları problem məsələlərin müzakirəsinə həsr edilmiş yaradıcılıq müşavirələrinə çevrilmişdir. Deməli əslində "Ədəbi proses-2015" ilə həm də yaradıcılıq müşavirəsindən ədəbi prosesin gedişinə və problemlərinə həsr olunmuş elmi konfransa keçidin əsası qoyulmuşdur.

Lakin "Ədəbi proses -2015"dən başlayaraq  "Ədəbi proses" kitabları elmi konfrans materiallarından çox monoqrafik tədqiqat əsəri səviyyəsinə çatdırılmışdır. Ona görə də biz 2016-cı ildən etibarən çap olunmuş "Ədəbi proses" materiallarını kollektiv monoqrafik tədqiqatlar kimi qiymətləndiririk. Sözün həqiqi mənasında 2017-2018-ci illərin Ədəbi proses materialları müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixinin icmal fəsilləri təsiri bağışlayır.   

   Hər halda müstəqillik dövrü Azərbaycan ədəbiyyatının çox cəhətli gedişatını "Ədəbi proses" materialları olmadan arzu edilən yüksək elmi-nəzəri səviyyədə yazıb hazırlamaq çətin olardı. İndiki səviyyədə "Ədəbi proses" materialları yeni tarixi epoxanın mükəmməl ədəbi-tənqidi oçerkləri kimi mühüm əhəmiyyətə malikdir. Bu, ədəbi-tənqidlə ədəbiyyat nəzəriyyəsinin üzvü sintezi əsasında yazılmış mükəmməl ədəbiyyat tarixi oçerkləridir. Bu oçerklərin yaradılmasında azərbaycançılıq ideyaları və gerçək elmi-nəzəri prinsiplər əsas meyarlar olmuşdur. Təsadüfi deyildir ki, 2017-ci ilin ədəbi prosesi: "İcmal tənqidindən monoqrafik dərinliyə" adlandırılmışdır. Ədəbi prosesin axarını ayıq gözlə müşayiət edən və ona bələdçilik edən ədəbi tənqidlə dərin nəzəri təhlilin qarşılıqlı əlaqəsindən yoğrulan "Ədəbi proses" yaradıcılıq müşavirəsinin materialları ciddi elmi tədqiqatlar kimi qəbul olunur. Ədəbi proses hərəkatının yeni tarixi mərhələsində, 2013-2019-cu illər üzrə ötən yeddi ilin poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, uşaq ədəbiyyatı, publisistikaya həsr olunmuş icmallarını ayrı-ayrılıqda kitab halında çap etdirməklə müstəqillik dövrünün ədəbi gedişatının janrlar əsasında bütöv və sistemli mənzərəsini yaratmaq mümkündür. Poeziya: 2013-2019; nəsr: 2013-2019, ədəbi tənqid: 2013-2019: dramaturgiya: 2013-2019 və sair kimi kitablar yaratmaqla dövrün janrlar üzrə monoqrafik elmi dərkinə nail olmaq olar. Ona görə də "Ədəbi proses" yaradıcılıq müşavirəsinin materialları müstəqillik dövrü Azərbaycan ədəbiyyatının tam, bütöv və ümumiləşmiş obrazını canlandıran monoqrafik tədqiqatlar kimi mühüm əhəmiyyətə malikdir. Bu mənada "Ədəbi proses - 2017" yaradıcılıq müşavirəsində səsləndirildiyi kimi "Ədəbi proses" materialları Azərbaycan Yazıçılar Birliyinin qurultaylarının janrlar üzrə elmi hesabatları, yaxud təqdimatları səviyyəsində səslənir... Tərəddü etmədən demək olar ki, "Ədəbi proses" yaradıcılıq müşavirəsinin materialları bu forumun bütün iştirakçılarının, xüsusən cavan elmi nəslin ədəbi-tənqidi əsərlərinin vahid çoxcildlik külliyatıdır. Beləliklə, tənqidçilik missiyası üzərində qurulan ədəbi prosesdə 2017-ci ildə sanki ədəbi tənqid monoqrafik səviyyədə ümumiləşdirilmişdir. Ona görə də 2017-ci ilin ədəbi prosesini 1976-cı ildə görkəmli tənqidçi və ədəbiyyatşünas Yaşar Qarayevin başlayıb, 1984-cü ilə qədər davam etdirdiyi və nəhayət, otuz ildən sonra, 2014-cü ildə yenidən bərpa edilib, müstəqil dövlətçilik idealları və elmi gerçəklik əsasında qurulan "Ədəbi proses" hərəkatının yekunu hesab etmək olar. Bu, iki əsrin və iki nəslin ədəbi tənqidinin hər iki ideologiyanın, kommunist ideologiyası və azərbaycançılıq ideyası mühitində özünüifadə etmək baxımından bütün enerjisini və istedadını böyük elm və ədəbiyyat ideallarına həsr etmiş ədəbiyyatşünaslıq zəkasının böyük bir dövrdəki iştirakının mükəmməl finalıdır.

Beləliklə, 2018-ci ildən Azərbaycanda "Ədəbi proses" hərəkatında yeni dalğa başlanmışdır. Keçən ilin yaradıcılıq müşavirəsində deyildiyi kimi, "ədəbiyyatda gedən proseslərin yeni ədəbi axınlar və ədəbi cərəyanlarla əlaqəli tədqiqi və təqdim olunması, ...ədəbi prosesin icmalını yaratmaqdan onun dərin nəzəri şərhinə keçməyə doğru baş vermiş inkişaf" öz növbəsində "Ədəbi proses" hərəkatında yeni dalğanı meydana çıxarmışdır. Bu isə tənqid və ədəbiyyatşünaslıqda ədəbi prosesə professional səviyyədə və konseptual yanaşmaların yein keyfiyyət dəyişmələri səviyyəsinə çatdırılmasının göstəricisinə çevrilmişdir. Qeyd olunan elmi-nəzəri prinsiplər bütün istiqamətlərdə ədəbiyyat haqqında elmin kamillik dövrünə qədəm qoyduğunu nümayiş etdirir. Bu, ölkəmizdə, o cümlədən də milli ədəbiyyatşünaslıq elminin baş qərargahı olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni ədəbiyyatşünaslıq təfəkürünün və yeni tənqidçi və ədəbiyyatşünaslar nəslinin artıq meydanda olduğunu göstərir.

"Ədəbi proses-2019" Azərbaycan ədəbiyyatşünaslıq elmində "görünməz dalğa" kimi təzahür edən yeni elmi mərhələnin daxili qatdan elmi-ədəbi mühitin açıq meydanına çıxmasının başlanğıcıdır. Təqdim olunan məruzələrin demək olar ki, hamısında ədəbi proses əsasən dərin nəzəri təhlillər və geniş elmi ümumiləşdirmələr səviyyəsində təqdim olunur. "Ədəbi proses"çilər sanki ədəbi prosesi nəzəri cəhətdən dəyərləndirmək yarışına çıxmışlar. Yaxşı cəhətdir ki, ədəbi prosesin qiymətləndirilməsində nəzəri dərinliklə geniş elmi dünyagörüş bir-birini tamamlayır. Yeni nəsil ədəbiyyat nəzəriyyəçiliyinin ön mövqeyinə çıxmış Maral Yaqubovanın "Bədii nəsr nəzəriyyə işığında" adlı məruzəsinin sərlövhəsində səslənən "nəzəriyyə işığında" ifadəsi geniş mənada bütövlükdə "Ədəbi proses-2019" yaradıcılıq müşavirəsinin cəmi materiallarının aparıcı xüsusiyyəti kimi təzahür edir. Nəzəriyyəçilik bədii mətnin daxili məntiqindən, ədəbiyyatda gedən təkamül proseslərindən çıxarılan elmi nəticələr əsasında keyfiyyət dəyişmələri səviyyəsində təzahür edir. "Ədəbi proses" hərəkatının bütün tarixi ərzində ilk dəfə olaraq 2019-cu ilə həsr olunmuş yaradıcılıq müşavirəsində professor Tahirə Məmmədin "Ədəbiyyat nəzəriyyəsi" adında məruzə ilə çıxış etməsi də tənqid və ədəbiyyatşünaslıqda genişlənməkdə olan nəzəri dərinlik və genişlik dövrünün əhəmiyyətli adımlarındandır.

Tehran Əlişanoğlu "Ədəbi proses-2019" yaradıcılıq müşavirəsində ədəbi tənqidin reallıqlarını nailiyyətləri ilə yanaşı, problemləri ilə birlikdə yüksək peşəkarlıq səviyyəsində təqdim etmişdir.

İllərdən bəri "Ədəbi proses"in ümumi mənzərəsinə dair konseptual elmi hesabatlar təqdim edən Elnarə Akimovanın məruzəsi bütövlükdə 2019-cu ilin ədəbiyyatının bütün genişliyi və dərinliyi ilə dərk olunmasına açar verir. Profesional nəsr və poeziya tənqidçisi kimi qəbul olunan Vaqif Yusiflinin ömründə ilk dəfə müraciət etdiyi dramaturgiyaya həsr olunmuş məruzəsi də ciddi elmi səviyyədə alınmışdır. Nərgiz Cabbarlının zamana, Aynur Xəlilovanın prosesə, Nərmin Cahangirovanın hekayə janrına, Esmira Fuadın poemalara, Cavanşir Yusiflinin ədəbi gəncliyə, Qürbət Mirzəzadənin tənqiddə ədəbi portret janrına, Elçin Mehrəliyevin bədii publisistikaya, Mehman Həsənovun esse janrına, Lalə Həsənovanın rusdilli Azərbaycan ədəbiyyatına, Gülnar Qəmbərli və İlhamə Əhmədovanın uşaq ədəbiyyatına, Salidə Şərifovanın ədəbiyyat tarixçiliyinə, Pərvanə Məmmədlinin Cənubda ədəbi prosesə, Gülbəniz Babayevanın satiraya, Zəkulla Bayramovun Ədəbiyyat İnstitutunda ədəbi prosesə, Mərcan Sofiyeva, Xanım Zairova, Eşqanə Babayeva və Bəsirə Əzizəliyevanın ədəbi əlaqələrə həsr olunmuş məruzə və ya məqalələrindən hər biri haqqında ayrıca söz açmağa imkan yaradan ciddi ədəbiyyatşünaslıq nümunələridir.

Eyni zamanda, yenə də "Ədəbi proses" hərəkatının təxminən yarım əsrlik tarixində birinci dəfə olaraq "Ədəbi-proses-2019"-da "Sosial şəbəkə ədəbiyyatı" mövzusunda elmi məruzənin dinlənilməsi tam yeni hadisə olub, tənqid və ədəbiyyatşünaslığın yeni dövrünün genişlənməkdə olan miqyasını təsəvvür etməyə imkan yaradır. Cavan şair və tənqidçi Qismət Rüstəmovun "Ədəbi proses-2019"da dinlənilən "Sosial şəbəkə ədəbiyyatı" adlı elmi məruzəsi Azərbaycan ədəbiyyatşünaslıq elmində bədii yaradıcılıq proseslərinin genişlənən üfüqlərinin ədəbi tənqiddəki birinci elmi-nəzəri dəyərləndirilməsi kimi əlamətdar hadisədir. Bu, müasir ədəbi tənqidin real ədəbiyyatla virtual ədəbiyyatı bir yerdə, üzvü əlaqədə görüb qiymətləndirmək cəhdlərinin əyani elmi təzahürüdür. Hesab edirəm ki, "Sosial şəbəkə ədəbiyyatı" məruzəsinin ardınca çağdaş ədəbiyyatın bu qaçılmaz qanadının özünəməxsus reallıqlarına həsr olunmuş kitablar, dissertasiyalar, məqalələr meydana çıxacaqdır. Eyni zamanda, "Ədəbi proses-2019" yaradıcılıq müşavirəsinin onlayn formatda keçirilməsi də bu böyük və davamlı ədəbiyyatşünaslıq hərəkatının tarixinə düşən fərqli hadisədir. Pandemiya dövrünün yaratdığı məhdudiyyətlərin nəticəsində meydana çıxmış onlayn konfrans əslində həm də elmi tədbirlərin həyata keçirilməsinin genişlənən yeni imkanlarını döviyəyə gətirmişdir. Onlayn yaradıcılıq müşavirəsi pandemiya dövrünün başlanması ilə zəruri təlabata çevrilmiş yeni tipli təşkilati tədbirlərlə də, ən çətin şəraitdə olsa da, elmi inkişaf etdirməyin reallıqlarını mühitə gətirən yaddaqalan hadisədir. ZUM proqramları ilə az vəsait sərf etmək və vaxt qazanmaqla beynəlxalq elmi konfranslar təşkil etməyin uğurla sınaqdan çıxarılması onlayn konfransların perspektivdə daha da genişləndiriləcəyinə meydan açır.

İlk dəfə olaraq, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan kənarda fəaliyyət göstərən tənqidçi və ədəbiyyatşünasların "Ədəbi proses - 2019" yaradıcılıq müşavirəsində məruzə ilə çıxış etmələri bu elmi hərəkatın ölkəmizin elmi potensialını əhatə etmək meylinin təzahürüdür. Hazırda müasir Azərbaycan ədəbi tənqidinin simasını müəyyən edən tanınmış ədəbiyyatşünas Rüstəm Kamalın "2019-cu ilin şeiri" mövzusunda etdiyi sanballı elmi məruzə həm də Ədəbiyyat İnstitutunun ölkə üzrə əməkdaşlıq sahəsindəki əlaqələrinin canlı nümunəsidir. "Sosial şəbəkə ədəbiyyatı" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimi Qismət Rüstəmovun "Ədəbi proses - 2019" yaradıcılıq müşavirəsinə cəlb edilməsi ilə ədəbi proses hərəkatının şəbəkəsi daha da genişləndirilmişdir. Beləliklə, ədəbiyyatşünaslıq elminin real ədəbiyyatla yanaşı, virtual ədəbiyyatı da araşdırıb öyrənməsi üçün mühüm addımlar atılmışdır. Fikrimizcə, son illərdə sosial mediyada və o cümlədən də elektron şəbəkə ədəbiyyatına artırmaqda davam edən qeyri-adi marağı və sosial şəbəkə istifadəçilərinin kağız mətnlərdə yazılan real ədəbiyyatın oxucularını üstələməkdə olduğunu nəzərə almaqla Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə virtual ədəbiyyatın inkişafı problemlərinə, onun real ədəbiyyatla, müasir ədəbi proseslə əlaqələndirilməsi məsələlərinə həsr olunmuş xüsusi bir seminarın, müzakirənin keçirilməsinə ehtiyac vardır. Artıq ədəbi prosesə və ümumən ədəbiyyata yalnız nəşriyyatlarda, qəzet və jurnallarda nəsr olunan bədii ədəbiyyata istinad etməklə qiymət vermək məsələyə birtərəfli yanaşmaq deməkdir. Sosial şəbəkə ədəbiyyatı da indi de-fakto Azərbaycan ədəbiyyatının üzvü tərkib hissəsidir və biz istər-istəməz bu istiqamətdə yaranan ədəbiyyata münasibətdə də vahid elmi mövqedən çıxış etməyə borcluyuq. ədəbi-elmi mühitdə, xüsusilə böyük maraq doğurmuş Rəşad Məcidin "Qələmsiz yazılanlar" kitabı və davam etməkdə olan həmin bədii-publisist silsilə sosial şəbəkə ədəbiyyatının ədəbi proses yalnız xaos yox, həm də ciddi ədəbi yeniliklər gətirdiyini əyani şəkildə nümayiş etdirir. Hazırda sosial şəbəkə ədəbiyyatının təhlil ediliö dəyərləndirilməsi, tənzimlənməsi, istiqamətləndirilməsi müasir ədəbiyyatşünaslıq elminin borcu və vəzifəsidir. Hətta belə hesab edirəm ki, bir çox özünəməxsus xüsusiyyətlərə malik olan sosial şəbəkə ədəbiyyatının tədqiqatçılarını və tənqidçilərini yetişdirib formalaşdırmaq da qarşıda duran mühüm vəzifələr sırasındadır.

Göründüyü kimi, "Ədəbi proses - 2019" yaradıcılıq müşavirəsi tənqid və ədəbiyyatda nəzəri səviyyə və keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan yeni elmi dalğanın daha da dərinləşdirilməsi və genişləndirilməsi ilə xarakterizə olunur. Dərinlik - nəzəri səviyyəni, genişlik isə elmi dünyagörüşü səciyyələndirən prinsiplər kimi tənqid və ədəbiyyaşünaslığın keyfiyyətini və miqyasını müəyyən edir. Bu, ədəbiyyatşünaslıq elmində başlanmış yeni dalğanın daha böyük sahillərə doğru inamla davamlı bir hərəkətdə olduğunu təsdiq edir. Artıq geriyə yol yoxdur. İrəlidəki daha geniş üfüqlər isə uzaqda deyildir.

Ən sonda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun davamlı layihəsi olan "Ədəbi proses" hərəkatına xüsusi dəstək verən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcidə, "Ədəbiyyat qəzeti"nin Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turana və "Ədəbi proses"in materiallarının artıq yeddincisini kitab halında nəşr etməkdə olan "Hədəf nəşrləri"nin təsisçisi, yazıçı-ədəbiyyatşünas Şəmil Sadıqa dərin minnətdarlığımı bildirirəm. "Ədəbi proses Yaradıcılıq müşavirələri Nizami adına Ədəbiyyat İnstitutunda yaranıb inkişaf etməklə bərabər, məhz adını çəkdiyim yaradıcılıq qurumlarının, onların rəhbərlərinin, ali məktəblərin, digər mətbuat orqanlarının və sosial media, özəl nəşriyyat rəsmilərinin və təmsilçilərinin birgə iştirakı ilə daha da genişlənərək elmi-ədəbi hərəkata çevrilmişdir.

Baş redaktorunun mütəfəkkir elmi-ədəbi düşüncəyə malik olan Azər Turan olduğu "Ədəbiyyat qəzeti"nin isə artıq üçüncü dəfə "Ədəbi proses" Yaradıcılıq müşavirəsinin materiallarından ibarət xüsusi buraxılışı geniş oxucu auditoriyasına tədqim etməsi Nizami adına Ədəbiyyat İnstitutunun layihəsinə dəstəkdən çox, ədəbiyyatşünaslıq elminin də, bədii yaradıcılıq proseslərinin də inkişaf etdirilməsinə xidmətin ifadəsidir.

 

İsa HƏBİBBƏYLİ AMEA-nın birinci vitse-prezidenti, 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!