Müstəqillik dövrü Azərbaycan ictimai, siyasi, mədəni gerçəkliyində olduğu kimi, ədəbiyyatşünaslığımızda da, ya ümumiyyətlə, həll olunmamış, ya da qismən, yarımçıq həll olunmuş bir sıra problemlərin həllini aktuallaşdırdı. Onların elmi dövriyyəyə daxil olmasını və həllini zəruri etdi. Belə zəruri, aktual probləmlərdən biri də Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirmə konsepsiyası, onun inkişaf mərhələlərinin düzgün, dürüst elmi təsnifatını vermək məsələsi idi. Doğrudur, onilliklər boyunca bu istiqamətdə müəyyən işlər görülmüşdü, nəzərəçarpacaq addımlar atılmışdı. Lakin görülən işlər naqis, natamam, bütövləşməmiş xarakter daşıyırdı. Əlbəttə, bu, bir sıra səbəblərlə bağlı idi və İsa Həbibbəylinin haqqında danışacağımız monoqrafiyasında da (İsa Həbibbəyli. Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, Elm, 2019) həmin səbəblər yetərincə şərh olunmuş, işıqlandırılmışdır. Halbuki, deyilən məsələ ədəbiyyatşünaslığımızın həlli vacib olan ən gərəkli məsələlərindən idi. Müstəqillik dönəmində atılan addımlar bu sahədəki boşluğu doldurmaqda xüsusi dəyər və əhəmiyyət kəsb edir. Görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı monoqrafiyası da bu sahədə atılan ən uğurlu, dəyərli, mötəbər addımlardan hesab oluna bilər. Kitabın istər həcmi, istər elmi məzmunu, istər orada qoyulub həll olunan məsələlərin kəmiyyət və keyfiyyət tutumu, istərsə də fikir, mülahizə və mühakimələrin sanbalı, elmi siqləti bunu aydın şəkildə sübut edir. Monoqrafiya boyunca deyilən, irəli sürülən əksər mülahizələr, qənaətlər, baxışlar, şərhlər, nəzəri fikirlər, bir qayda olaraq, elmi məntiqə və faktoloji materiala söykənir.
İsa müəllim hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna rəhbərlik edir. Yəni ədəbiyyatşünaslıq elmimizin yalnız elmi baxımdan deyil, şərti olaraq desək, rəsmi-inzibati baxımdan da məsul simalarından, öndərlərindən biridir. Həm bir filoloq alim, həm də məsul şəxs kimi o, haqqında söhbət açdığı problemin məsuliyyətini (və həm də şərəfini) ən yaxşı anlayanların cərgəsindədir. Alim öz tədqiqatında da problemə məhz bu məsuliyyətlə, bu diqqət və qayğı ilə yanaşmışdır. Başqa sözlə, monoqrafiyada İsa müəllimin filoloq səriştəsi, sözün işıqlı mənasında alim ədası, elmi təfəkkür və baxış ustalığı vəzifə məsuliyyəti ilə uzlaşmışdır.
Əlbəttə, monoqrafiyada qoyulan problemin özü tutumlu, miqyaslı və əhatəlidir. Çünki Azərbaycan ədəbiyyatının min illərlə ölçülən sürəkli bir tarixi, inkişaf yolu, gedişatı vardır. Təbii ki, bu sürəkli tarixin gedişatı yeknəsəq, hamar, təkxətli, sabit olmamışdır. Hər bir tarixi mərhələ və onun ictimai, siyası, dini, mədəni, mənəvi-əxlaqi və s. hadisələri ədəbiyyata öz diktəsini qəbul etdirmiş, tələblərini və töhfələrini sirayət etmişdir. Ona görə də zaman-zaman bizim bədii fikir xəzinəmizin məhsulları həm kəmiyyət, həm də keyfiyyət, həm forma, həm də məzmun baxımından yeni-yeni keyfiyyətlər, çalarlar, əlamətlər, nailiyyətlər qazanmış, öz məzmununu və libasını kifayət qədər dəyişmişdir. Bu cəhət dil faktorundan tutmuş ədəbi-bədii məhsulların ideya-məzmun və sənətkarlıq xüsusiyyətlərinə, üslubuna, metoduna qədər çoxcəhətli ədəbiyyat hadisələrində özünü aydın şəkildə büruzə vermişdir. Elə buna görə də ədəbiyyatımızın tarixi dövrləşdirmə konsepsiyasını müəyyənləşdirməyə çalışan, onu elmi şəkildə nizamlamaq, dürüstləşdirmək missiyasını yerinə yetirmək istəyən tədqiqatçı mütləq bu deyilənləri nəzərə almalı, istər nəzəri cəhətdən yüksək hazırlığa malik olmalı, istərsə də ədəbi-tarixi faktları yetərincə bilməlidir. Əlbəttə, bu ağır zəhmət, uzun vaxt və məsuliyyət tələb edən məsələdir. Monoqrafiyada İsa müəllimin ağır zəhməti, gərgin əməyi, bu işə uzun zaman sərf etməsi, filoloq və vətəndaş məsuliyyəti aydın şəkildə hiss olunur.
Doğurdan da, ədəbiyyatşünas alim problemə geniş, hərtərəfli, əhatəli, lazım olan bütün meyar və tələblərlə yanaşmağı bacarmışdır. Onun obyektiv, inandırıcı, məntiqli nəticələrə gələ bilməsinin başlıca rəhni də burasındadır. Yalnız nəzəriyyənin dili ilə deyil, həm də faktların, məntiqin dili ilə danışmasındadır. Faktla nəzəri fikri elmi şəkildə uzlaşdıra bilməsindədir. Həqiqət nədir və nəyi tələb edir? - məntiqinə söykənməsindədir.
İ.Həbibbəyli doğru olaraq birbaşa Azərbaycan ədəbiyyatının tarixi mərhələ təsnifatına keçmir. Bu təsnifatı ortalığa qoymaqdan ötrü uzun bir hazırlıq görür. Yalnız bu səriştəli hazırlıqdan sonra təsnifata, yəni ədəbiyyat tariximizin tarixi mərhələlər üzrə bölgüsü prinsipini müəyyənləşdirməyə girişir və onu bir konsepsiya kimi ortalığa qoyur. Buna qədər müəllif monoqrafiyada aşağıdakı vacib, maraqlı və gərəkli məsələləri həll edir. Həmin məsələlər sərlövhələr üzrə aşağıdakılardır: 1.Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə axtarışlar; 2.Ədəbiyyat tarixçiliyində yeni mərhələ; 3.Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru; 4.Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurəti; 5.Azərbaycançılıq konsepsiyası.
Yalnız bu göstərilən məsələlərin geniş, əhatəli və məzmunlu şəkildə şərhini verdikdən sonra ədəbiyyat tariximizin inkişaf mərhələlərinin təsnifatına və hər bir mərhələnin xüsusiyyətlərinin, əlamətlərinin, kəmiyyət və keyfiyyət göstəricilərinin bəyanına keçir. Nəticə etibarı ilə öz konsepsiyasını elmi tədqiqata və baxışa söykənən bir baza, özül, təməl üzərində qurur.
Haqqında danışdığımız fundamental tədqiqat əsərinin ilk bölməsi milli ədəbiyyat tariximizin dövrləşdirilməsi üzrə axtarışların araşdırılmasına həsr edilmişdir. Müəllif haqlı olaraq bu prosesin təməlini orta əsrlərdə ərsəyə gəlmiş təzkirələrdən başlayır. O mənada yox ki, bu təzkirələrdə ədəbiyyat tariximizin mərhələ təsnifatı bir problem kimi yetərincə qoyulmuş və işıqlandırılmışdır. Əlbəttə, həmin təzkirələrdə biz yalnız problemin eskizlərini və ilkin işartılarını görə bilirik. İsa müəllim də məsələyə məhz bu müstəvidə yanaşmış, təzkirələrin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsindəki təməl rolunu həssaslıqla aydınlaşdırmışdır. Ədəbiyyatşünas alim onu da doğru olaraq nəzərə çatdırır ki, XIX əsrdə Azərbaycan ədəbi-nəzəri fikrində təzkirəçilikdən ədəbiyyat tarixçiliyinə doğru dönüş baxımından ilk addımlar atılır. Bu istiqamətdə A.Bakıxanov, M.F.Axundzadə kimi mütəfəkkirlərimiz diqqətəlayiq işlər görürlər. Məsələn, doğrudan da, milli ədəbi-nəzəri fikrimizə, ədəbiyyat tarixçiliyimizə analitik-nəzəri təhlil metodunu gətirən və tətbiq edən M.F.Axundzadə olmuşdur.
Bu bölmədə daha sonra XX yüzilliyin ilk dörd onilliyində ədəbiyyatşünaslıq elmimizdə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi ilə əlaqəli fikir və təşəbbüslər xülasə edilmiş, aydınlaşdırılmışdır. Bu mənada F.Köçərli, A.Sur, İ.Hikmət, Y.V.Çəmənzəminli, Ə.Abid, S.Mümtaz, Ə.Nazim, H.Zeynallı, M.F.Köprülüzadə, B.Çobanzadə və s. kimi ədəbiyyatşünasların gördükləri işlər incələnmiş, onların zikr olunan problemin həllinə verdikləri irili-xırdalı töhfələr nəzərdən keçirilmişdir. Nəticədə müəllif bu dövrlə bağlı belə bir doğru qənaətə gəlmişdir: "Qeyd olunanlar XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixinin dövrləşdirilməsi axtarışları və təşəbbüsləri mərhələsi adlandırmağa əsas verir. Məhz həmin axtarışların nəticəsində milli ədəbiyyat tarixçiliyində təzkirəçilik dövrü arxada qalmış, dövrləşdirmədə elmi prinsiplərdən istifadəyə doğru meyil başlanmışdır... Ona görə də XX əsrin əvvəllərində aparılmış axtarışlar və dövrləşmə baxımından meydana çıxmış müxtəlif variantlar Azərbaycanda sistemli ədəbiyyat tarixçiliyinin bünövrəsi hesab oluna bilər".
Monoqrafiyanın ikinci bölməsində XX əsrin 40-80-ci illərində ədəbiyyatşünaslığımızda ədəbiyyat tariximizin dövrləşdirilməsi ilə əlaqəli görülən işlərdən, edilən təşəbbüslərdən söhbət açılır. Deyilən istiqamətdə görülən işlərin irili-xırdalı hamısı araşdırma və təhlil obyektinə çevrilir, edilən təşəbbüslərin miqyası, tutumu, səmərəsi və səciyyəsi aydınlaşdırılır. Müəllif haqlı olaraq filologiya elmimizdə bu dövrün 1943-1944-cü illərdə işıq üzü görən ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" kitabından başlayıb SSRİ-nin süqutuna qədərki tarixi mərhələni əhatə etdiyini söyləyir. Qeyd edir ki, adıçəkilən ikicildlik ədəbiyyat tarixindəki şərti bölgülər milli ədəbiyyat tarixçiliyinin ilkin sistemli dövrləşdirilmə təşəbbüsü kimi mühüm əhəmiyyətə malikdir. Buradakı təsnifatda ədəbi-tarixi proseslərin reallıqlarına daha çox istinad olunmuşdur. Diqqətəlayiq cəhət burasıdır ki, milli ədəbiyyat tarixinin həmin dövrləşdirilməsində elmi prinsiplər ideoloji yanaşmalarla müqayisədə üstünlük təşkil edir. Mövzu obyekti ilə əlaqəli ikicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"ni 50-ci illərin sonlarında (1957-1960) nəşr olunan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" ilə müqayisə edən İ.Həbibbəylinin belə bir qənaəti də inandırıcı görünür ki, dövrləşdirmədə ikicildlikdə elmi prinsiplər, üçcildlikdə isə ideoloji yanaşmalar üstünlük təşkil edir. Ədəbiyyatşünas alim XX yüzilliyin 40-80-ci illərində yaşayıb fəaliyyət göstərən ədəbiyyat tarixçilərimizin dövrləşdirmədəki fikir və qənaətlərini, xidmətlərini ayrı-ayrılıqda incələyib üzə çıxarır və elmi ictimaiyyətə təqdim edir. Bu dövrü ədəbiyyat tarixçiliyimizdə yeni mərhələ, daha dəqiqi Azərbaycan ədəbiyyatı tarixinin elmi prinsiplərinin formalaşması mərhələsi kimi dəyərləndirir.
Monoqrafiyada müəllifin dövrləşdirmənin müasir modelini ortaya qoyması üçün uğurunu mümkün və təmin edən bir sıra səbəblər vardır. Ədəbiyyat tariximizin keçdiyi inkişaf yoluna dərindən bələd olmaq, ona lazımi meyarlarla və həssaslıqla yanaşmaq, hər bir mərhələnin özünəməxsus əlamətlərini və parametrlərini yetərincə nəzərə ala bilmək, ədəbiyyatımızın tarixi mərhələ təsnifatına dair həm əvvəlki, həm də müasir versiyaları, fərziyyələri, fikirləri ayıq düşüncə ilə nəzərə almaq, indiyə qədər irəli sürülmüş variantları kifayət qədər süzgəcdən keçirmək, nəhayət, dünya elmi-nəzəri fikrində müşahidə olunan müasir baxışların məntiqindən çıxış etmək və bütün bu deyilənləri azərbaycançılıq prinsipinin ölçüləri ilə uzlaşdırmağı bacarmaq həmin səbəblər sırasındadır.
Monoqrafiyanın "Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru" adlanan üçüncü bölməsində son üç onillikdə, daha doğrusu, müstəqillik dönəmində ədəbiyyatşünaslığımızda dövrləşdirmə ilə bağlı konsepsiya axtarışlarının ümumi mənzərəsi verilir. Bu istiqamətdə görülən işlər, söylənən fikirlər, edilən təşəbbüslər nəzərdən keçirilir. Y.Qarayev, N.Cəfərov, N.Şəmsizadə, E.Əlibəyzadə, Ş.Alışanlı, B.Əhmədov, V.Osmanlı, N.Qəhrəmanlı, T.Salamoğlu və b. filoloq alimlərin deyilən sahədəki əməyi, mülahizələri, qənaətləri saf-çürük edilir. Hər bir işin çəkisi və dəyəri lazımi ölçüdə dəyərləndirilir. XX əsrin doxsanıncı illəri haqlı olaraq Azərbaycan ədəbiyyatı tarixini yenidən dövrləşdirmək, bu sahədə dürüst, düzgün elmi təsnifat hazırlamaq yolunda "konsepsiya axtarışları dövrü" kimi qiymətləndirilir. Analiz zamanı İ.Həbibbəyli elmi polemikalara da girişir. Nəyin doğru, nəyin yanlış olduğu barədə öz qənaətlərini də ortalığa qoyur. Lakin polemika zamanı alim ərkanını pozmur, hər kəsin əməyinə doğru və yanlış olmasından asılı olmayaraq, hörmətlə, ehtiramla yanaşır. Nazif Qəhrəmanlının 1997-ci ildə çap olunan "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf və dövrləşdirmə problemləri" adlı monoqrafiyasını bu yolda atılan ilk irihəcmli, əhatəli elmi əsərlərdən biri kimi dəyərləndirir. Tanınmış filoloq alim N.Cəfərovun dövrləşmə konsepsiyası üzərində xüsusi olaraq dayanır. Dövrləşdirmədə mühacirət ədəbiyyatının yeri, mövqeyi, çəkisi kimi məsələlərə də diqqət yetirir.
Təhlil zamanı müəllif müstəqillik dönəmində dövrləşdirmə konsepsiyası ilə əlaqəli irili-xırdalı görülən işlərin sovet ideologiyasının təzyiq və buxovundan azad olduğunu, müstəqil dövlətçilik ideologiyamıza, azərbaycançılığa, azad fikir və mülahizəyə söykəndiyini vurğulayır.
Monoqrafiyanın dördüncü bölməsi Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurətinin şərhinə, beşinci bölməsi isə azərbaycançılıq ideologiyası və dövrləşdirmə konsepsiyasının bağlılığına həsr olunmuşdur. Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsinə yaranan ehtiyacdan danışarkan İsa müəllim bu missiyanı zəruri edən bir neçə mühüm səbəbi ortalığa qoyur. Səbəblər kifayət qədər düzgün, əsaslandırılmış və elmi səciyyə daşıyır. Müəllif doğru-dürüst, elmi səciyyəyə malik, obyektiv dövrləşdirmə konsepsiyasının varlığını ədəbiyyat tariximizi doğru-dürüst öyrənməyin, ona öz ədəbi-bədii, estetik, fəlsəfi, elmi meyarları ilə yanaşmağın təməl prinsipi, ilkin və vacib şərti kimi baxır.
Əvvəlki beş bölmədə dövrləşdirmə konsepsiyası üçün yetərincə elmi-nəzəri baza hazırlayan ədəbiyyatşünas alim, nəhayət, Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri ilə bağlı öz təsnifat və konsepsiyasını elan edir. Daha sonra isə hər bir mərhələnin geniş, əhatəli şərhinə keçir. Dövrləşdirmədə müəllifin müəyyənləşdirdiyi bölgü aşağıdakı on mərhələyə ayrılır: 1.Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər); 2.Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər); 3.İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər); 4.Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər); 5.Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər); 6.Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr); 7.Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin 90-cı illərindən Azərbaycanda sovet hakimiyyətinədək); 8.Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960); 9.Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər); 10.Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
Göründüyü kimi, burada diqqəti cəlb edən, ilk növbədə tarixi-xronoloji prinsipdir. Lakin bu prinsip mahiyyət etibarilə adi, təsadüfi zaman hüdudlarını əhatə etmir. Hər bir mərhələni digərindən özünəxas faktorlar ayırır. Başqa sözlə, hər bir mərhələnin müəyyənləşdirilməsində, zaman intervalının təyin edilməsində məxsusi kəmiyyət və keyfiyyət göstəriciləri əsas götürülür. Ədəbi hadisə və proseslərin həmin zamana məxsus təyinedici əlamətləri, onu başqa ədəbi-tarixi mərhələdən (və mərhələlərdən) ayıran, fərqləndirən ən mühüm, qabarıq məzmun və forma göstəriciləri nəzərə alınır. Dəqiq şəkildə desək, zaman ədəbi-tarixi mərhələnin göstəricisi rolunda deyil, ədəbiyyatın əlamətləri zamanın göstəricisi kimi çıxış edib onun hüdudlarını müəyyənləşdirir. Zamanla ədəbi prosesin hadisələri, məzmunu, mahiyyəti, diktəsi elmi şəkildə uzlaşdırılır. Bir sözlə, müəllif dövrləşdirmə konsepsiyasını ortalığa qoyarkən hər bir mərhələnin məxsusi əlamətlərini, səciyyəsini, xarakterini geniş, məzmunlu və dolğun şəkildə şərh edir, elmi ictimaiyyəti öz konsepsiyasının obyektivliyinə, elmiliyinə inandırır. Elə buna görə də təsnifat məntiqli, qənaətbəxş və elmi təsir bağışlayır.
Dövrləşdirmədə akademik ədəbiyyatşünas ona da diqqət yetirir ki, yaranan hər bir yeni mərhələ heç də əvvəlkini inkar etmir. Əksinə, onun bazası, təmli üzərində qurulur. Ədəbiyyatın inkişafında, irəliləyişində əski ilə təzənin, köhnə ilə yeninin, ənənə ilə novatorluğun vəhdəti yaranır və yeni mərhələ ancaq bu gedişatın nəticəsində ərsəyə gəlir. Yeni köhnənin inkarına yox, təsdiqinə xidmət edir. Bütövlükdə ədəbiyyat tarixi də, onun ayrı-ayrı mərhələləri də ancaq bu zaman öz möhtəşəmliyini hifz edib xalqa və insanlığa gərək olur.
Akademik İ.Həbibbəylinin haqqında söhbət açdığımız bu monoqrafiyası dəyərli bir tədqiqat əsəri olmaqla yanaşı, Azərbaycan ədəbiyyatı tarixinə yeni, konseptual baxışın təzahürü kimi qiymətləndirilə bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!