Abay və onun mühiti: Erlan Sıdıkovun fundamental təqdimində...

     Türk xalqlarının düşüncə tarixinin bütövlüyü, yaxud vəhdəti ideyası türkologiya sözün geniş mənasında bir elm kimi təşəkkül tapandan bu günə qədər heç bir şübhə doğurmasa da, həmin ideya müasir dövrdə - XX əsrin sonu, XXI əsrin əvvəllərində ardıcıl olaraq fundamental araşdırmaların mövzusuna çevrilməklə ayrı- ayrı dahi şəxsiyyətlərin irsi timsalında bütün Türk dünyası miqyasında böyük maraq yaradacaq bir səviyyədə öz müfəssəl təhlil təcrübələrini nümayiş etdirməkdədir ki, bunların sırasında tarix elmləri doktoru, akademik Erlan Sıdıkovun Abay və onun mühiti haqqındakı əsərləri xüsusi əhəmiyyət kəsb edir.

    Məlum olduğu kimi, orta əsrlər türk mütəfəkkirləri Əl- Fərabi, Yusif Xas Hacib, Mahmud Kaşğarinin "yaxşı insan", "fərasətli adam" anlayış- konsepsiyasını XIX əsrin sonlarında Abay Kunanbayulı özünün "yetkin insan" təlimində yeni epoxanın çağırışlarına uyğun olaraq davam etdirərkən qaynağını (və ideya- fikir varisliyini) bilavasitə orta əsrlər türk- islam mütəfəkkirlərindən aldığını görməmək mümkün deyil. Abay irsi, ilk növbədə, Tanrını sevməyə, bütün insanlığı sevərək ədalətlə yaşamağa, tolerantlığa dəvət edən bir həyat fəlsəfəsi olaraq gözlərimiz qarşısında canlanır. Ümumiyyətlə, bəşər tarixində ağıl, bəsirət, insanlıq (və tolerantlıq) həmişə prioritet olmuş, qədim dövrlərdən bu günə qədər heç vaxt dəyərini itirməmiş, cəmiyyətdə qarşılıqlı ünsiyyət, əməkdaşlıq, bərabərlik kimi sosial- psixoloji problemlərin humanizm (və bəşəriyyətin xoşbəxt gələcəyi) prinsipləri əsasında həllinə ardıcıl cəhdlər göstərilmişdir.

     Abay irsi yalnız qazax xalqı üçün deyil, yer üzündə xeyirxahlığın bərqərar olacağına inanmış bütün xalqlar üçün zaman- zaman dərin məna qazandığına görə get- gedə daha çox beynəlxalq dəyər daşıyan abayşünaslıq elmi sürətlə inkişaf etməkdədir. Hələ XX əsrin əvvəllərində Alaşın lideri, qazax dövlət xadimi Əlixan Bökeyxanulı ilk dəfə Abayın qazaxlar üçün dəyərli bir şəxsiyyət olduğunu söyləməklə böyük şairin əsərlərinin təbliğinə əhəmiyyətli töhfə vermiş, qazax mənəviyyatının öndərlərindən Əhməd Baytursunulı isə Abayı "qazaxların böyük şairi" adlandırmışdır. Alaş oğullarından Mirjakıp Dulatulına görə, "yüksək və hörmətli mövqe Abaya məxsusdur, qazaxlara işıq gətirən ilk parlaq ulduz məhz Abaydır". Qazax ədəbiyyatının önəmli simalarından biri, "Abay yolu" romanının müəllifi Muxtar Auezov onu "qazax şeirinin günəşli zirvəsi" kimi səciyyələndirmişdir. Görkəmli qazax şairi, Abayın davamçısı Maqjan Jumabayuli ona "qızıl hakim" olaraq baş əymiş, "qaranlıqda qazax səmasına qalxaraq günəş oluram" deyə hayqıran Sutanmahmud Torayğırulı heyranlıqla söyləmişdir ki, "dəyərli bir söz axtarırsansa Abayı oxu, heyrətlən"...

    XX əsrin əvvəllərində təşəkkül tapan abayşünaslıq, cəsarətlə demək olar ki, XXI əsrin ilk illərində yeni zirvələrə yüksəldi. Və bu dönüş nöqtəsini tarixçı alim Erlan Sıdıkovun adı ilə əlaqələndirmək üçün bir yox, bir neçə səbəblər vardır. Bunlardan birincisi Qazaxstan Prezidenti Kasım- Jomart Tokayevin təşəbbüsü ilə L.N.Qumilyov adına Avrasiya Milli Universitetində "Abay Akademiyası" Elmi Tədqiqat İnstitutunun təşkili və ona rektor Erlan Sıdıkovun uğurla başçılıq etməsidir. Bir ildən də az müddət keçməsinə baxmayaraq, həmin elmi müəssisə "Abay Kunanbayulı irsi və müasir Qazaxıstan: yeni bir perspektivdən sistemə salma, araşdırma və nəşrə hazırlama" adlı geniş bir layihə həyata keçirməyə başlamışdır ki, layihə çərçivəsində bioqrafik araşdırmalar, şairin yaradıcılığına dair monoqrafiyalar, tarixi mənbələr, tədris- metodiki ədəbiyyat istər elm adamlarına, istər tələbələrə, istərsə də geniş ictimaiyyətə yeni texnologiyaların köməyi ilə təqdim olunmaqdadır.

    Başqa bir səbəb isə Erlan Sıdıkovun araşdırmaları ilə abayşünaslığın mövcud hüdudlarının genişlənməsi, bir elm olmaqla yanaşı, xüsusi fənn, tədris predmeti halını almasıdır. Çünki sosial və tarixi baxımdan Abay araşdırmaları insanın, millətin, bütün insanlığın mənəvi bütövlüyünü dərk etməkdə olan humanitar elmlərin bütün sahələrinin inkişafı ilə bilavasitə əlaqədardır.

   Erlan Sıdıkov uzun illər Abayın şəxsiyyəti və yaradıcılığı üzərində böyük təsiri olmuş insanların tərcümeyi- hallarını tədqiq etmiş, həmin tədqiqatlar əsasında "Şakərim" ensiklopediyasını, ""Şakərim və Abay (2008), "Alaş şəhərinin tarixi (2010), "Şakərim" (2012), "Kunanbay" (2019) kitablarını nəşr etdirmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, sonuncu kitab "Molodaya qvardiya" nəşriyyatında "Görkəmli adamların həyatı" seriyasından yayınlanmış, "Şakərim" ensiklopediyası isə müxtəlif dilərə çevrilmişdir.

   Bu kitablar, ilk növbədə, Abayı böyük bir mütəfəkkir olaraq yetirən mühitin mədəni- intellektual səviyyəsini göstərir. Həmin mühitin doğurduğu milli azadlıq uğrunda mübarizə zərurətinin mənəvi- fəlsəfi aspektləri də, tədqiqatçının qənaətincə, az əhəmiyyət kəsb etməmiş, siyasi- ideoloji hərəkatın altyapısını təşkil etmiş, məhz Abay (və onun mühiti) ilə sıx bağlı olduğuna görə ümummilli səciyyə daşımışdır.

   Erlan Sıdıkov öz araşdırmalarında, bir tərəfdən, Abay və onun mühiti barədə çoxsaylı mənbələr əsasında (və "ağ ləkələr"i aradan qaldırmaqla) müfəssəl təsəvvür yaradırsa, digər tərəfdən, Böyük Çölün tarixi şəxsiyyətlərinin obrazını məhz həmin mənbələrə səpələnmiş məlumatlara dayanaraq sözün əsl mənasında bərpa etməklə, bir növ, şəxsiyyətşünaslığın elmi- metodoloji imkanlarını genişləndirmiş olur. Görkəmli alimin Qazaxıstanın - Qazax elinin şəxsiyyətləri ilə yanaşı, həmin şəxsiyyətləri formalaşdıran şəhərlər, şəhər cəmiyyəti barədəki araşdırmaları da çox böyük əhəmiyyət kəsb etməklə qazax, ümumiyyətlə yeni dövr ümumtürk şəhərşünaslığının bir elm olaraq inkişafına töhfə verir.

 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Almatıda Abayın yüz əlli illik yubileyində iştirak edərkən demişdi:

      "Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yolu göstərmişdir.

...Abayın yaratdıqlarının, bu günkü nəslə irs qoyduğunun hamısı indi həyata keçirilir".

    Bunun bir nümunəsi də akademik Erlan Sıdıkovun yalnız Qazaxıstanda deyil, bütün Türk dünyasında böyük maraq doğuran abayşünaslıq araşdırmalarıdır ki, bu sahədəki axtarışların yeni miqyaslarını (və metodoloji imkanlarını) müəyyən etməkdədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!