Nizami CƏFƏROV
Əhdi-ətiqdən (Tövratdan) sonra Əhdi-cədid, Əhdi-cədiddən (İncildən) sonra isə Qurani-Kərim nazil oldu. Və aydın şəkildə görünür ki, Əhdi-ətiq həm Əhdi-cədid, həm də Qurani-Kərim üçün elə bir ortaq (və mötəbər) mənbə-istinaddır ki, sonrakı iki Müqəddəs Kitab qədim dövrlərin tarixi (və ilahi!) motiv, süjet və obrazlarını bilavasitə ondan almışdır.
Qurani-Kərimin Azərbaycan dilinə mükəmməl tərcümə-şərhinin müəllifi Vasim Məmmədəliyev yazır: "Musanın Tövratından, İsanın İncilindən fərqli olaraq, Qurani-Kərim Peyğəmbər əleyhissəlama birdən-birə, bütöv şəkildə deyil, hissə-hissə, əvvəlcə Məkkədə, sonra isə Mədinədə nazil olmuşdur".
Təxminən 23 il çəkən bu dövrdə, təbii ki, islamın təbliği, mənimsənilməsi ilə bağlı bir sıra mühüm hadisələr baş vermişdir ki, həmin hadisələr vəhylərdə (və nəticə etibarilə, Qurani-Kərimin mətnində) əsas hökmlərlə birlikdə əks olunaraq mətnin "fəlsəfi" mahiyyətini ifadə edən "alt qat"ından müəyyən dərəcədə fərqlənən "publisistik" xarakterli "üst qat"ını təşkil edir.
Qurani-Kərim əvvəldən axıra qədər Allah-Taalanın öz Peyğəmbəri Məhəmməd əleyhissəlama müraciətən verdiyi hökmlərdən ibarətdir ki, həmin hökmlərin məhz ilahi məzmun-mündəricəyə malik olması, etiqadı kamil müsəlmanlarda heç bir şübhə doğurmur.
Vasim Məmmədəliyev yazır: "...Bir çox görkəmli ərəb şair, nasir və xətibləri Məhəmməd peyğəmbərin Quranı özündən uydurduğunu iddia edərək ona bənzər nümunələr yaratmağa cəhd göstərmiş, lakin sonda bu cəhdlərinin boşa çıxdığını görüb Quranın həqiqi Allah kəlamı, asimandan nazil edilmiş bir möcüzə olduğunu etiraf edərək islama dönmüşdülər".
Qurani-Kərim ideya-məzmunca ən çox Əhdi-ətiqə əsaslandığı üçün, ilk növbədə, Əhdi-ətiq sahiblərilə - yəhudilərlə mükaliməyə girir:
"Ey israil oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, Tövratda axırüzzəman peyğəmbər barəsindəki buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim... Sizin əlinizdəki (Tövratı) təsdiqləyici kimi göndərdiyim Qurana iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın... (Əl - Bəqərə surəsi).
Allah-Taala kökü (ilahi əsasları) Lövhi-Məhfuzda olan Əhdi-ətiq - Əhdi-cədid - Qurani-Kərim varisliyinin ardıcıllığını (və bu ardıcıllığın metafizikasını) təsdiq etməklə, ilahi sözün bütövlüyü, ilahi hökmün dəyişməzliyi barədə xəbər verir:
"Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir kitab (Quran) gəldi... Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə "bizə nə bir (Cənnətlə) müjdə verən, nə də bir (Cəhənnəmin əzabı ilə) qorxudan kimsə gəldi" deməməyiniz üçün sizə Peyğəmbəriniz (Məhəmməd) gəldi" (Əl-Maidə surəsi).
Qurani-Kərimin məntiqinə görə, Əhdi-ətiq də, Əhdi-cədid də müqəddəsdir, hər ikisi Allah kəlamıdır. Lakin həm yəhudilər, həm də xaçpərəstlər:
a) müqəddəs kitablarda verilmiş ilahi hökmlərə əməl etmirlər, bu hökmləri "unutmuşlar" (məsələn, yəhudilər arasında sələmçilik geniş yayılmışdır);
b) bir sıra hallarda Allah kəlamı təhrifə məruz qalmış, hətta prinsipial səhvlərə yol verilmişdir (məsələn, xaçpərəstlər İsa peyğəmbəri Allahın oğlu bilmişlər);
c) istər Əhdi-cədid, istərsə də Əhdi-ətiq dövrünə aid bəzi hökmlər öz qüvvəsini itirdiyindən yeni hökmlər barəsində məlumat almalıdırlar (məsələn, şərab artıq haram sayılır).
Qurani-Kərimin həm Əhdi-ətiqdən, həm də Əhdi-cədiddən üstünlüyü, sonuncu kitabdakı sözün məhz son söz olduğu nəzərə çatdırılmaqla yanaşı, yeni Kitabda Peyğəmbərin - Məhəmməd əleyhissəlamın missiyası da aydın izah edilir:
"(Ya Rəsulum!) Biz səndən əvvəl də peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı (Lövhi-Məhfuzda yazılmış hökmü) var...Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqaları ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (Lövhi-Məhfuz) Onun yanındadır. Onlara vəd etdiyimizin (əzabın) bir qismini sənə göstərsək də və ya (ondan qabaq) səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq (dini) təbliğ etməkdir. Haqq-hesab çəkmək isə bizə aiddir!" (Ər-Rad surəsi).
Və Tövratın yəhudicə, İncilin həm yəhudicə, həm də yunanca, Qurani-Kərimin isə ərəbcə nazil olmasının səbəbi göstərilir:
"(Ya Rəsulum! Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə, şükrə, layiq olan Allahın yoluna (islam dininə) çıxarmaq üçün nazil etmişik... Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin" (İbrahim surəsi).
Heç şübhəsiz, Qurani-Kərimin bir mühüm missiyası da cahiliyyə dövrünü yaşayan bütpərəst ərəblərə, həmçinin, Qurani-Kərimin ilk ayələri təbliğ olunandan sonra da Allaha şərik qoşanlara (müşriklərə) həqiqi dinin, imanın (tövidin!) mahiyyətini izah etmək idi ki, bunun da özünəməxsus çətinlikləri (məsələn, dədə-babaların ənənəvi küfr əməllərindən əl çəkə bilməmək) olmuşdur.
Tövrata (və Musa əleyhissəlama), İncilə (və İsa əleyhissəlama) olduğu kimi, Qurani-Kərimə (və Məhəmməd əleyhissəlama) da bir çox hallarda şübhə ilə yanaşıldığından Qurani-Kərimin bir sıra ayələri Kitabın müqəddəsliyini, Allah kəlamı olduğunu təsdiq etməyə, əsassız şübhələri aradan qaldırmağa xidmət edir:
"Kafir olanlar" bu (Quran) onun (Məhəmmədin) uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (yəhudilər) kömək etmişdir" deyərək (özləri bu batil iddiaları ilə) zülmə (küfrə) və böhtana yuvarlandılar. Onlar, həmçinin, "bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Məhəmməd) onları (yəhudilərə) yazdırmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Məhəmmədin) özünə oxunur" dedilər.
(Ya Rəsulum!) De: "onu (Quranı) göylərin və yerin sirrini bilən (Allah) nazil etmişdir" (Əl-Furqan surəsi).
Qurani-Kərimin nə üçün məhz ərəb dilində nazil olmasının səbəbi də açıq-aydın göstərilmişdir:
"Şübhəsiz ki, bu (Quran) Aləmlərin rəbbi tərəfindən nazil edilmişdir! Onu Ruhuləmin (Cəbrail) endirdi... Özü də açıq-aydın ərəb dilində. Həqiqətən, o (Quranın nazil olacağı xəbəri, mənası və hökmləri; Peyğəmbərin vəsfi) əvvəlkilərin (keçmiş peyğəmbərlərin) kitablarında da mövcuddur... Əgər onu ərəb olmayanlardan (ərəbcə bilməyənlərdən) birinə (bəzisinə) nazil etsəydik və o, (Quranı) onlara (Məkkə müşriklərinə və kafirlərə) oxusaydı, (bu adam ərəb dilini yaxşı bilmir, qeyri-ərəbə tabe olmaq, onun ardınca getmək bizə ayıbdır) deyə ona iman gətirməzdilər" (Əş-Şüəra surəsi).
Qurani-Kərimin məhz Əhdi-ətiqlə Əhdi-cədidin bilavasitə varisi olduğunun və bu varisliyin ilahi mahiyyət daşıdığının bir əlaməti də odur ki, peyğəmbərlərə vəhy (kitab) onların istəyi və ya arzusu ilə deyil, Allah-Taalanın mütləq iradəsi ilə verilmişdir:
"(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Quranı da sənə belə nazil etdik. (Abdullah ibn Salam) kimi kitab (Tövrat) verdiyimiz şəxlər ona (Qurana) inanırlar... (Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxuyardın, nə də onu əlinlə yazardın. Əgər belə olmasaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər ("onu haradansa oxuyub öyrənmişdir" deyərdilər).
Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir" ( Əl-Ənkəbut surəsi).
Tövrat əhlinin (yəhudilərin) Qurani-Kərimə (və Məhəmməd əleyhissəlama) iman gətirməmələri yeni dinin (islamın) tələbləri mövqeyindən haqlı narazılıq doğurur. Birincisi, ona görə ki, Qurani-Kərim Tövratdakı hökmləri, prinsip etibarilə, təsdiq edir; ikincisi, ona görə ki, Qurani-Kərimin nazil olacağı barədə Tövratda vaxtilə xəbərdarlıq olunmuşdu:
"And olsun ki, Biz İsrail oğullarına kitab, hikmət (Tövratda olmayan hökmlər, yaxud mübahisəli məsələləri ədalətlə həll etmək bacarığı) və peyğəmbərlik əta etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərə (zəmanələrindəki bəşər övladına) üstün etmişdik. Onlara din işində (dini məsələlərdə və ya Məhəmməd əleyhissəlamın peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız (tövhid, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilaf etdilər" (Əs-Casiyə surəsi).
Odur ki Qurani-Kərim İsrail oğullarını sərt ittiham etməli olur...
Qurani-Kərimin İncil (Əhdi-cədid) əhli ilə polemikası da prinsipial əhəmiyyət kəsb edir:
"... Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gələnlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər. Biz onu (rahibliyi) onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl (riayət) etmədilər (İncili təhrif edib İsanı Allah bildilər, Məhəmməd əleyhissəlamın peyğəmbərliyini dandılar). Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə (Allaha asi olan) fasiqlərdir!" (Əl-Hədid surəsi).
Xaçpərəstlərin yadına salınır ki, "bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir Peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm... Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərəcək Odur!
...Ey iman gətirənlər! Allahın (dinin və Peyğəmbərinin) köməkçiləri olun!" (Əs-Saff surəsi).
Beləliklə, islamın qəbulu qarşısında üç əsas (və kütləvi) maneə dayanmışdı:
1) bütpərəstlər, müşriklər və ümumən kafirlər;
2) əhdi-cədidçilər;
3) əhdi-ətiqçilər.
Hər birinin, təbii ki, nə qədər mübahisəli olsa da, müəyyən "əsas"ı vardı.
Ancaq Qurani-Kərimin ilahi missiyası daha əsas (əslində, mübahisəsiz) idi:
"And içirəm gördüklərinizə və görmədiklərinizə ki, bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Peyğəmbərin Allahın ona nazil etdiyi) sözüdür!
O, şair sözü də deyildir! Nə az inanırsınız!
O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir" (Əl-Haqqə surəsi).
Əhdi-ətiq də, Əhdi-cədid də, Qurani-Kərim də Lövhi-Məhfuzdan gəlir! Və Sözün doğrusunu Allah-Taala bilir!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!