XX əsr Azərbaycan milli hərəkatının ünlü simalarından olan Əbdülvahab Yurdsevərin (1898, Bakı ̶ 1976, Ankara) həyatından bəhs edən müəlliflər onun 1936-cı il avqustun 5-dən 7-dək Müsavat Partiyasının Varşavada keçirilmiş qurultay səlahiyyətli konfransına qatıldığını qeyd edirlər. Bəs gerçəklik nədən ibarətdir? Ə.Yurdsevər həmin konfransa qatılıbmı? Qeyd edək ki, o özü heç bir yazısında belə bir bilgi verməmişdir. 1934–1938-ci illərdə Tehranda yaşadığını, yalnız 1938-ci ilin oktyabrında Məhəmməd Əmin Rəsulzadənin dəvəti ilə Varşavaya getdiyini, burada bir ilə yaxın siyasi fəaliyyət göstərdiyini, eyni zamanda Varşava Universitetində təhsil aldığını qeyd etmişdir.
M.Ə.Rəsulzadə sözügedən konfransla bağlı Polşanın uyğun dövlət qurumları üçün hazırladığı məlumatda yazır: «Əbdülvahab Məhəmmədzadə [Yurdsevər] və Kərbəlayi Vəli Mikayılzadə 28 noyabr 1936-cı ildə Tehrandan göndərdikləri məktubda texniki səbəblərdən dolayı konfransa qatıla bilmədiklərini təəssüflə qeyd edir, eyni zamanda Partiyanın ali orqanının qərarlarını dəstəklədiklərini, onun Yeni Proqram Əsaslarını bəyəndiklərini bildirirlər».(Rus dilindən tərcümə bizimdir-N.C.).Bu sənədi tanınmış başqırd tarixçisi Salavat İsxakov Rusiya Dövlət Hərbi Arxivində (Fond 461 ̶ K., siyahı 2, iş 83, vərəq 46-53. Avtoqraf. ) aşkarlamış, 2011-ci ildə Moskvada rus dilində çap etdirdiyi «Azərbaycan mühacirətinin tarixindən (sənədlər, əsərlər, məktublar toplusu)”na daxil etmişdir (Из истории Азербайджанской эмиграции. (Сборник документов, произведений, писем), (Сост, предисловие и примечание С.М.Исхакова). Москва: Социально – политическая Мысль, 2011, с. 273).

Bəs Ə.Yurdsevərin tərcümeyi-halı ilə bağlı bu yanlışlıq haradan qaynaqlanır? Gerçəkliyi əks etdirməyən bu bilgi ilə ilk dəfə prof. dr. Tahir Cağatayın Ə.Yurdsevərin vəfatı münasibətilə «Azərbaycan» Türk Kültür Dərgisində (Ankara, ekim-kasım-aralık 1976, sayı 220, s.6.) dərc etdirdiyi yazıda qarşılaşırıq. Sonralar bu yanlış bilgini Əhməd Qaraca «Mühacirətin fikir müəllimi Əbdülvahab Yurdsevər» məqaləsində (Türkiye Cumhuriyeti devletinin kuruluş ve gelişmesine hizmeti keçen Türk dünyası aydınları sempozyumu bildirileri (23-26 Mayıs 1996), Kayseri 1996, s.330; «Azerbaycan» Türk Kültür Dergisi, Ankara, 1997, sayı 316, s.20), Mövsüm Əliyev «Əbdülvahab Məmmədzadə» adlı yazısında («Novruz» qəzeti, 20 fevral 1991), Səbahəddin Şimşir «Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri» kitabında (Ankara: Azerbaycan Kültür Dernegi Yayınları, 1991, s. 167) təkrar etmişlər. S.İsxakovun hazırladığı toplunun illər öncə işıq üzü görməsi də bu məşhur yanlışın tirajlanmasının qarşısını ala bilməmişdir. Belə ki, Bədirxan Əhmədli 2017-ci ildə çap etdirdiyi «Azərbaycan mühacirət ədəbiyyatı» adlı eklektik topluda(s. 272), Ümid Akın Ə.Yurdsevərin «Azərbaycan istiqlal savaşından səhnələr» adlı xatirələrinə yazdığı ön sözdə (Ankara: Gece kitaplığı, 2020, s.17), Vaqif Sultanlı 2023-cü ildə nəşr olunmuş «Azərbaycan mühacirət ədəbiyyatı» kitabında (s.167) Ə. Yurdsevərin Müsavat Partiyasının 1936- cı ildə Varşavada keçirilmiş konfransında iştirak etdiyini yazmışlar. Əgər bu sıradan kimisə unutduq, yaxud nəzərdən qaçırdıqsa, üzrxahlıq edirik.
Ümid edirik ki, bu yazımızın dərcindən sonra mühacirətşünaslıqda dərin kök salmış həmin yanlışlıq bir daha tirajlanmayacaq. Lakin onu da qeyd edək ki, belə yanlışlar heç də az deyil. Özəlliklə, mühacirət mətbuatının tarixi, ayrı-ayrı mühacir yazarların ömür yolu və yaradıcılığı ilə bağlı… Bu barədə sıradakı yazılarımızda.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
