Türkün böyük ələmində azərbaycanlılar - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

1938-ci ilin noyabrında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vətəndaşlarını gözüyaşlı qoyaraq əbədi istirahətə çəkilir. Silahdaşları onun üçün görkəmli cənazə mərasimi təşkil edir, dünyanın hər tərəfindən Ankaraya başsağlığı məktubları göndərilir. Bu səbəblə Türkiyə Böyük Millət Məclisinə yazanlar arasında Səudiyyə Ərəbistanı, İsveç, Bolqarıstan, Rumıniya, İtaliya, Misir, Yuqoslaviya, İordaniya kralları, Yaponiya imperatoru, İspaniya, İtaliya, Pakistan parlamentlərinin sədri, ABŞ, İspaniya, Estoniya, Almaniya, İsveçrə, Suriya, Meksika prezidentləri və digər liderlər vardı.

Şübhəsiz ki, türkün bu böyük itkisi ikinci vətən bildikləri Türkiyədə yaşayan və ya Avropada fəaliyyət göstərən mühacir azərbaycanlılar üçün də kədərli hal idi, onlar da yazılar, teleqramlar vasitəsilə bu ümumi hüzndə iştirak etmişdilər.

 

Dolmabağçada iki nazir

 

Atatürkün vəfatı münasibətilə təşkil edilən mərasim barədə dövrün mətbuatı çoxsaylı yazı və fotoşəkillər dərc edib. Xüsusilə "Cümhuriyet" qəzeti mühüm məqalələr verib, təziyyə teleqramlarını sütunlarına daşıyıb. Qəzetin 18 noyabr 1938-ci il tarixli sayında tariximiz üçün mühüm bir yazı işıq üzü görüb. Həmin məqalədə Cümhuriyyətimizin iki nazirinin bu mərasimdə iştirak etdikləri qeyd olunub: "Atatürkün ölümünün ilk günü bu qara xəbəri duyar-duymaz sabiq Azərbaycan vəkillərindən Mustafa Vəkilli ilə doktor Xosrov təziyyə vermək üçün Dolmabağça sarayına getmiş, dəftəri məxsusi imzalamışdırlar. Azərilərin səmimi təəssür və kədərlərinə tərcüman olaraq sabiq Azərbaycan daxiliyyə vəkili Mustafa Vəkilli möhtərəm rəisicümhur İsmət İnönüyə aşağıdakı təziyyə teleqramını göndərmişdir: "Böyük Türk övladı Atatürkümüzü qeyb etdik. Bütün Türklərin bu böyük matəm günlərində biz bədbəxt Azərbaycan türklərinin də qəlbləri qan ağlayır. Böyük milli matəmimiz dolayısı ilə səmimi təəssürlə dərin təziyyələrimizin qəbul buyurulmasını rica edər, yaralı qəlbimdən axan göz yaşları ilə əllərinizdən öpürəm. Mustafa Vəkilli. Sabiq Azərbaycan daxiliyyə vəkili".

Aydın olur ki, həmin illərdə Türkiyədə doktorluq fəaliyyəti ilə məşğul olan Azərbaycanın ilk hərbi naziri, Qarabağın hərbi valisi Xosrov bəy Sultanzadə ilə sonuncu daxili işlər nazirimiz Mustafa Vəkilli bu tarixi mərasimdə iştirak ediblər.

Mustafa bəy uzun illər sonra Atatürkün vəfatının 25-ci ildönümü münasibətilə Ankarada çıxan "Mücahit" dərgisində "Böyük Atatürk" adlı məqalə yazaraq həmin vaxt keçirdiyi hissləri tarixə köçürüb: "Qara xəbər eşidilər-eşidilməz biz də - bütün arkadaşlar İstanbulda bir araya toplandıq. Hamımız çox kədərli, pərişan və şaşqın bir halda idik. İçimizdə ən yaşlımız əski vəkillərimizdən rəhmətlik Xəlil Xasməhəmməd bəy ağlayırdı. Dolmabağça sarayına gedərək orada açılmış olan təziyyə dəftərini azərbaycanlıların acılarını ifadə edən kəlmələrlə imzaladım".

Mustafa bəyin yazdığına görə, cənazə mərasiminə bir heyət şəklində qatılmaq istəyiblər, lakin dövlət nümayəndələri bu cür iştirakın protokola uyğun olmadığını onlara bildiriblər: ""Cənazə kortejində iştirak edəcək rəsmi Sovet heyətinin yanında bir də sizin Azərbaycan milliyyətçilərinin bir heyət halında kortejə qatılmanız təəssüf ki imkansızdır" dedilər mənə vilayətdə. Mən israr etməyə davam etdim. Xatırlayıram, çox həyəcanlıydım. Nəhayət, "bir də Ankara ilə məsləhətləşək" dedi mənə vali bəy. Bunun üzərinə mən də dərhal Ankaraya hərəkət etdim və müvafiq məqamlarla təmas qurdum. "Atatürk bütün türklərin milli qəhrəmanıdır, onun cənazəsində olmaqdan bizi mən etmək böyük bir haqsızlıq olur və bütün azərbaycanlıları qəlbgahlarından yaralamış olursunuz" dedim. Nəhayət, iki gün didinmədən sonra bu təbii arzumuzun yerinə yetirilməsi xüsusunda İstanbula müsbət əmr verilməsini təmin edə bildim".

Heyət sabahın çox erkən saatlarında Dolmabağça sarayının önündə toplaşıb, kortejdə yer tutub: "İstanbul Universitetindən iki azərbaycanlı gəncimiz "Yaralı azərbaycanlılar" qurdeləli çələngimizi daşıyırdılar, arxalarından əski vəkillərimizdən rəhmətlik doktor Xosrov bəylə mən yürüyürdük. Ertəsigünkü İstanbul qəzetlərindən biri: "Canlılığı və gözəlliyi gözə çarpan çələnglərdən biri də azərbaycanlıların çələngi idi" deyə yazmışdı. O gün bütün İstanbul ağlayırdı. Mən vaxtilə Parisdə marşal Foşun cənazə kortejini gördüm, fəqət İstanbulun Atasına etdiyi cənazə törəni Parisinkindən çox möhtəşəm, çox daha başqa idi. Heç unuda bilmərəm, cənazə alayı Gülxanə parkının içindən keçərkən orada güzərgah boyunca sıralanmış əsgəri hissələrin birinin başında dayanan gənc bir zabitin tabutu qılınc əlində salamlayarkən gözlərindən dayanmadan yaş axırdı, Atasına ağlayırdı".

Mustafa bəy yazısının digər qismlərində Atatürkün Türkiyə və türklük üçün necə böyük bir şəxsiyyət olduğuna dair mülahizələrini qələmə alıb.

 

Varşava və Parisdən göndərilən teleqramlar

 

Atatürk vəfat etdiyi zaman Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə Varşavada yaşayırdı. Hadisəni öyrəndikdən sonra Türkiyə Böyük Millət Məclisinin rəisi Əbdülxalıq Rendaya bu məzmunda teleqram göndərib: "Qardaş Türkiyənin böyük matəminə milli Azərbaycan adına candan təəssürlə iştirak edərim". Teleqramda Rəsulzadənin adresi bu şəkildə yazılıb: Warszawa. Kielecka 36 M 8.

10 noyabrda göndərilən bu teleqrama 12 noyabrda Əbdülxalıq Renda tərəfindən cavab yazılıb: "Möhtərəm və çox sevgili şefimiz Atatürkün ziya-i əlimindən mütəvəllid kədər və matəmlərimizə iştirakınızdan dolayı təşəkkür edərim".

Rəsulzadə, həmçinin digər türk ellərinin mühacir liderləri ilə birlikdə Atatürkün ən yaxın silahdaşı və sonrakı prezident İsmət İnönüyə də başsağlığı teleqramı göndərib: "Qardaş millətin Atatürkün ziyaından doğan böyük matəminə candan iştirakla ehtiramlarımızı sunarıq. Azərbaycan namına - Məhəmməd Əmin Rəsulzadə, İdil-Ural namına Ayaz İshaqi, Türküstan naminə Osman Kocaoğlu".

Rəsulzadə Varşavada yaşasa da, baş mühərriri olduğu "Qurtuluş" jurnalı Berlində işıq üzü görürdü. Dərginin 1938-ci ilin noyabrında çıxan 49-cu sayının qapağında Atatürkün rəsmi yer almış, Rəsulzadənin "Qardaş Türkiyə, başın sağ olsun" adlı dörd səhifəlik yazısı işıq üzü görmüşdü. Həmin yazı "Şimali Kafkasya" dərgisində rus, "Wschod Orient" jurnalında isə polyak dilində də verilmişdi. "Qurtuluş"un həmin nömrəsində Mirzəbala Məhəmmədzadənin "Vəcizələrdə Atatürk" məqaləsi və Atatürkün gəncliyə xitabı da dərc olunmuşdu.

Əbdülxalıq Rendaya başsağlığı göndərən Azərbaycan mühacirlərindən biri də Paris Sülh Heyətinin üzvlərindən Miryaqub Mirmehdizadə olub. Əlimərdan bəy Topçubaşının vəfatından sonra sülh heyəti əvvəlki nüfuzuna sahib olmasa da, heyətin digər üzvləri Fransada fəaliyyətlərini davam etdirməkdə idilər. Miryaqub bəy Parisdən göndərdiyi teleqramında yazırdı: "Böyük dahisinin vəfatı dolayısı ilə qəlbləri parçalanan bütün azərilər namına tarixi zəfər və əsalətlə dolu ulu qardaş millətə təziyyətlərimizi sunarıq. Qeybi yalnız Türkiyəyə deyil, bütün azəri türklərinə ələmli gözyaşları tökdürən ulu şefin tükənməz sairələrlə dolu xatirələri qəlblərimizdə əbədiyyən yaşayacaqdır. Bu gün yad hüququ altında inləyən Azərbaycan bu ən böyük matəmə bütün varlığı ilə iştiraka hazırlanarkən məlum vəhşi pəncələri önündə ələmli acılarını belə doya-doya duymaq imkansızlığı qarşısında bulunur. Mir Yaqub. Azərbaycan Milli Heyət rəisi".

Buradan aydın olur ki, 1938-ci ildə Parisdəki Azərbaycan Nümayəndə heyətinə Miryaqub bəy rəhbərlik edirmiş. Mirmehdizadə 1922-ci ildə türk ordusunun böyük təərrüzü qazandığı zaman da Türkiyənin Paris səfiri Əhməd Fərid bəyə təbrik məktubu göndərmişdi: "...bu müzəffəriyyət bütün Türk, bütün Turan ölkələrini sarsdı və onların nəzərlərini turançılıq pişdarları bulunan Kamalların, İsmətlərin bulunduqları nöqtəyə, o muazzəz Anadoluya cəlb etdi. Çünki onlar bu müzəffəriyyəti Anadolu türklərinə həsr etmiyor, fəqət onu, bəlkə, bütün Turanın, bütün Turan oğullarının bir müzəffəriyyəti kimi tələqqi edərək qayət səmimi alqışlarla qarşılayacaqdırlar. Şimdi kəndimə təsvir ediyorum ki, Anadoludan çıxan bu zəfər xəbəri bir ildırım sürəti ilə nə qədər seri bir surətdə Türk ruhunun bəsləndiyi, Türk qəlbinin çarpdığı böyük, geniş Turanın uzaq köşələrində nə böyük şənliklərə səbəb olmuş, nə böyük ümidlər doğurmuşdur. Bir kaç zamandan bəri diplomatların həll edəmədikləri Anadolu məsələsi kəndi-kəndisindən həmən həll edilmiş oldu..."

Görünür, Türkiyəyə və Atatürkə olan böyük məhəbbəti Miryaqub bəyi ömrünün sonlarına yaxın Türkiyəyə gətirmiş və vücudunun türk torpağına qarışması xoşbəxtliyinə nail olmuşdu.

 

Atatürkün məzarının önündə

 

Mustafa Kamal Atatürkün vəfatından sonra onun dəfn ediləcəyi daimi məkanın müəyyənləşdirilməsi məsələsi Türkiyə dövlətinin qarşısında duran mühüm vəzifələrdən biri olmuşdu. Ankarada xüsusi bir mavzoley inşa edilənədək Atatürkün nəşinin müvəqqəti olaraq Etnoqrafiya Muzeyində saxlanılması qərara alınmışdı. 19 noyabr 1938-ci ildə Dolmabağça sarayından götürülən cənazə əvvəlcə Yavuz zirehlisinə, daha sonra qatarla Ankaraya gətirilmiş, 21 noyabrda Etnoqrafiya Muzeyində təşkil edilmiş mərasimdən sonra xüsusi hazırlanmış müvəqqəti məzara yerləşdirilmişdi. 31 mart 1939-cu ildə isə qurğuşun tabut muzeyin salonunda hazırlanmış mərmər lahidin altındakı məzara qoyulmuşdu. Beləliklə, Etnoqrafiya Muzeyi on beş il müddətində Atatürkün ilk məzarı olmuşdu.

1941-ci il martın 1-də beynəlxalq layihə müsabiqəsi elan edilmiş, nəticədə türk memarları professor Emin Onat və dosent Orhan Ardanın birgə hazırladıqları layihə seçilmişdi. Anıtqəbrin təməli 9 oktyabr 1944-cü ildə təntənəli mərasimlə qoyulmuş, 1 sentyabr 1953-cü ildə başa çatdırılmışdı. Noyabrın 4-də Etnoqrafiya Muzeyindəki müvəqqəti məzar açılmış, tabut çıxarılaraq mərasim üçün hazırlanmış katafalka yerləşdirilmişdi. Nəhayət, 1953-cü il noyabrın 10-da - Atatürkün vəfatının 15-ci ildönümündə onun nəşi böyük dövlət mərasimi ilə Anıtqəbirə gətirilmiş, tabut açılaraq nəşi məqbərənin alt mərtəbəsində hazırlanmış torpaq məzara dəfn edilmişdi. Türkiyənin müxtəlif vilayətlərindən gətirilmiş torpaqların da bu məzara yerləşdirilməsi mərasimin rəmzi məqamlarından biri olmuşdu. Orada Azərbaycan torpağının olduğu da bildirilir.

 

Nəşin Anıtqəbrə köçürülməsi prosesini mühacir azərbaycanlılar da yaxından təqib etmişlər. Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan "Azərbaycan" jurnalının 1953-cü ildə çıxan 20-21-ci qoşasayının qapağı və ilk yazısı bu hadisəyə həsr olunmuşdu. Jurnalın bu sayındakı xəbərdən bəlli olur ki, Atatürkün ikinci dəfnində də bir Azərbaycan heyəti iştirak edib: "Böyük Atatürkün mübarək nəşinin Etnoqrafiya Muzeyindəki müvəqqəti qəbrindən Anıtqəbirdəki əbədi istirahətgahına nəqli münasibətilə tərtib edilən möhtəşəm cənazə mərasiminə Xarici İşlər Vəkaləti Protokol Ümumi Müdirliyincə vaqe olan dəvət üzərinə dərnək sədri Rəsul Ünsal bəy, idarə heyəti üzvü Həmid Ataman bəy və Kerim Odər bəydən ibarət üç kişilik bir heyət mərasimdə iştirak edərək Anıtqəbirdəki dəftəri-məxsusu imzalamışdır. Həmçinin əlaqədar məqamlar tərəfindən dərnəyimizin Anıtqəbirdəki yaşıllıq sahəyə şam ağacı saldıraraq kiçik bir park vücuda gətirməsinə müsaidə olunmuşdur".

Qeyd edək ki, 1947-ci ildə Avropadan Ankaraya dönən Məhəmməd Əmin Rəsulzadə 15 yanvar 1950-ci ildə bir sıra silahdaşı ilə birlikdə Atatürkün müvəqqəti məzarını ziyarət etmişdi. Bu ziyarətlə bağlı iki fotoşəkil günümüzə gəlib çatmışdır.

Beləliklə, böyük Mustafa Kamal Atatürkün həm dəfnində, həm də uzun illər sonra nəşinin Anıtqəbrə nəql edilməsində mühacir azərbaycanlılar heyət şəklində iştirak edib, ona hörmət və ehtiramlarını göstəriblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!