Dilqəm ƏHMƏD
Türk musiqi tarixində ud ifaçılığı ilə ad-san qazanmış Cövdət Kozanoğlunun tanınmış azərbaycanlı mühacirin qızı ilə evlənməsi maraqlı bir hekayənin mövzusudur. Cövdət bəy özü bu izdivacın baş tutması ilə bağlı xatirələrində mühüm qeydlər verib, eləcə də öz bioqrafiyasının zəngin dövrlərini oxuculara çatdırıb. Cövdət bəyin qayınatası Azərbaycanda dövlət quruculuğunda önəmli rol oynamış Xoyskilər ailəsindən Əmiraslan xan idi.
Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğlu olan Əmiraslan xan 1885-ci ildə Gəncə şəhərində doğulub. Cahangir xanın Səltənətbəyim xanımla evliliyindən 4 övladı olub: Əmiraslan xan (1885-1952), Sarabəyim xanım (1888-1942), Sehranbəyim xanım (1892-1964), Teymur xan (1895-14.10.1938).
Əmiraslan xan Peterburq Universitetinin hüquq fakültəsini bitirib.
.png)
Mənbələrdə "Əmir xan" kimi də verilən Əmiraslan xan Xoyskinin Cümhuriyyətə qədərki fəaliyyəti ilə bağlı ən geniş məlumatı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı alim Qiyas Şüküroğlu verib. O, 2014-cü ildə türk dilində qələmə aldığı "Genceli Emir Arslan Han Hoyski ve İttifak Teklifi" adlı məqaləsində Əmiraslan xanın Birinci Dünya müharibəsi illərindəki fəaliyyətindən geniş bəhs edib. Belə ki, Osmanlı qaynaqlarına görə Ərzurum valisi Təhsin bəy Daxiliyyə Nəzarətinə göndərdiyi 9 fevral 1915-ci il tarixli teleqramında Gəncə şəhərindən Əmiraslan xan adlı şəxsin ayın əvvəlində Ərzuruma gəldiyi və buraya ayaq basan kimi alman konsulluğu ilə əlaqəyə keçdiyini bildirib. Vali, həmçinin bu şəxsin Osmanlı-Almaniya münasibətləri baxımından güvənli olub-olmadığının araşdırılmasını istəyib. Çünki Əmiraslan xan özü də Osmanlı məqamlarına müraciətində Difai firqəsinin üzvü olduğunu, Trabzon komissarlarından İsfəndiyar bəyin və "Tərcümani-Həqiqət" qəzetinin baş mühərriri Əhməd bəy Ağaoğlunun onu tanıdığını bildirib. Nəticədə 17 fevral 1915-ci ildə Əhməd bəyə gizli şifrə ilə şəxs haqqında sorğu göndərilib. Ağaoğlu sorğuya cavabında Xoyski ailəsini tanıdığını yazıb və onların Qafqazdakı nüfuzundan bəhs edib: "...Xoyski ailəsi olduqca genişdir. Onlardan Bakıda vəkillik fəaliyyəti ilə məşğul olan şəxs mənim dostum idi. Əgər ali məktubunuzda haqqında danışılan adam həmin şəxsdirsə, ona tamamilə etibar edə bilərsiniz. Lakin Xoyski ailəsinə mənsub olanlar arasında Rusiya tərəfdarlığı edənlər də vardır. Təbii ki, belələrinə etibar etmək olmaz. Bununla belə, Xoyski ailəsi Gəncə vilayətində çox məşhur olduğundan və əhali arasında böyük nüfuza malik olduğundan, ehtiyatlı davranmaq şərtilə onlardan faydalanmaq mümkündür".
13 mart 1915-ci ildə bu dəfə Van valisi Cövdət bəyin imzası ilə Əmiraslan xan haqqında bilgi tələb edilib. Cövdət bəy teleqramında Əmiraslan xanın zahiri görkəmindən də bəhs edib: "Gəncəli Əmiraslan xan adlı, qumral bığlı, mavi gözlü, orta boylu bir şəxs buraya gəlmişdir. O, Qafqaz nümayəndəsi qismində İstanbula getdiyini bildirir. Ona xüsusi hörmət göstərilməkdədir. Lakin yanında heç bir sənəd olmadığından kimliyinin təsdiqi üçün özünü tanıdığını bildirdiyi Əhməd Ağayev bəydən araşdırma aparılaraq məlumat verilməsi xahiş olunur".
Bu dəfə Əhməd bəyə sorğu göndərilməsə də, aydın olur ki, Əmir xan İstanbula Qafqaz nümayəndəsi olaraq göndərilib.
Türkiyədə fəaliyyət göstərən Əmir xan Osmanlı və Almaniya rəsmilərinə təkliflərini verib. O, Qafqazda Rusiyaya qarşı bir üsyan qaldıra biləcəyini söyləyib, bunun üçün bir Osmanlı tüməninin və iki-üç alman zabitinin hərəkata dəstək verməsi və idarə etməsinin gərəkliliyini bildirib. Əmir xan Osmanlı və Rusiyadan asılı olmayan, amma Osmanlı və Almaniya ilə bir hərbi anlaşma içində olan müstəqil Qafqaz dövləti ideyasını təklif edib. 1915-ci ilin fevral ayında Ənvər paşanın Ərzurum qərargahına etdiyi ziyarətində gələcək dövlətin sərhədlərini bu şəkildə düşünmüşdü: Bakı, Gəncə və İrəvan quberniyaları ilə Terek və Dağıstan. Nəticədə onun bu təklifi almanlar tərəfindən qəbul edilib, Azərbaycan və Dağıstandan ibarət Şərqi Qafqaz dövlətinin yaradılmasına razılıq verilib. Əmir xan İstanbuldakı görüşləri zamanı Almaniyanın bölgə üzrə məsul zabitlərindən Şulenburq və Təşkilati-Məxsusənin Qafqaz və İran bölgəsi təmsilçisi Ömər Naci ilə də tanış olub, onların planı əsasında hərəkət edib. O, Ömər Naci ilə birlikdə Mosula da gedib, daha sonra Sulduz və ətraf bölgələrə komandan təyin olunub. Lakin 1916-cı ildə haqqındakı bəzi iddialar səbəbindən Mosul valisi Əmir xanı həbs edib. Qısa zamanda azadlığa çıxan Əmir xana bu ərəfədə vəfat edən Ömər Nacinin dağılmış müfrəzəsini yenidən gücləndirmək vəzifəsi tapşırılıb. Yenidən rəğbət qazanan Əmir xan bir il sonra Qafqazdakı hadisələrdən dolayı Vətənə qayıdıb. Çünki Rusiyada inqilab baş vermiş, çarlıq yıxılmış, Qafqaz xalqları öz müqəddəratlarını həll etməyə başlamışdılar.
Qeyd edək ki, Əmiraslan xanın Almaniya ilə münasibətlərini türk alimi professor Selami Kılıç 2020-ci ildə qələmə aldığı "Birinci Dünya Savaşı'nda Almanya'nın Doğu Kafkasya'yı Ayaklandırma Girişimleri ve Emir Aslan Han Hoyski" adlı məqaləsində alman arxivlərinə əsasən geniş şəkildə dəyərləndirib.
Xoyski Cümhuriyyət dövründə
Əmiraslan xan Azərbaycan Cümhuriyyəti dönəmində əvvəlcə Quba qəzasının qaimməqamı vəzifəsində çalışıb. "Azərbaycan" qəzeti 13 oktyabr 1918-ci il tarixli sayında onun haqqında məqalə dərc edib, Qubadakı fəaliyyətini təqdir edib. Daha sonra Cümhuriyyətin daxiliyyə naziri Nəsib bəy Yusifbəylinin 11 avqust 1919-cu il tarixli əmri ilə Əmir xan Bakı valisinin böyük köməkçisi təyin edilib. Bu vəzifədə bir müddət çalışdıqdan sonra Bakı valisi Əmir bəy Nərimanbəyovun 14 oktyabr 1919-cu il tarixli əmri ilə Qazax rayonu hərbi valisi təyin edilib.
Bolşeviklərin Bakını işğalından sonra Gəncədə baş verən dirənişə Əmiraslan xan da qatılıb. Daha sonra o, Türkiyəyə mühacirət edib, İstanbulda fəaliyyət göstərən, Musa bəy Rəfiyevin sədri olduğu Azərbaycan Məlumat Bürosunun üzvü olub.
Əmiraslan xan Maku xanlarından Cəfərqulu xanın qızı Əfşan xanım ilə ailə qurub. Onların Cəfər və Bəyim adlı övladları olub. O, Türkiyəyə getdikdən sonra ailəsi Azərbaycanda qalıb. Bir neçə ay sonra yoldaşı burada vəfat edib. 12 yaşlı qızı Bəyim xanım və 10 yaşlı oğlu Cəfər qohumlarının himayəsində yaşayıb. Cahangirli soyadını alan bu ailə sovet dövründə təqiblərə məruz qalıb.
Əmiraslan xanın mühacirət həyatı
Əmiraslan xanın mühacirət həyatı ilə bağlı əlimizdə yetərli məlumat yoxdur. Təşkilati-Məxsusənin himayəsində yaşayan, aktiv siyasi-hərbi məsələlərin içərisində olan bir şəxsin İstanbulda səssiz-sədasız yaşayacağı ehtimal edilməsə də, təəssüf ki, onun 1920-ci illərdə nə işlə məşğul olduğu bəlli deyil.
Onun mühacirət həyatı ilə bağlı əlimizdəki yeganə mənbə Təşkilati-Məxsusənin digər azərbaycanlı üzvü Məhəmmədşərif Əfəndizadənin qələmə aldığı əlyazmadır. Türk alimi Mehmet Akif Erdoğru tərəfindən hazırlanan "Sabık Azerbaycan Hükümeti Erkanının Hariçteki Hayatları ve Azerbaycan'ın Son Zamanlardaki İçtimai Hayatı" adlı qiymətli mənbədə Əmir xan haqqında bu məlumat verilib:
"Şəfi bəy [Rüstəmbəyli] kimi Əmir xan da iş adamı idi. Əslində, o, bu həyata bolşevik inqilabından əvvəl də başlamışdı. Çar dövründə Gəncədə kvartalnik polis komissarının müavini olduğu zaman bilmirəm nə etmişdisə, Türkiyəyə qaçmışdı. Dolanışığını təmin etmək üçün İstanbulda Çəmbərlitaşda kiçik bir dükan açmışdı. 1914-cü ildə Şərq vilayətlərinə silahlı dəstələr göndərilərkən o da həmin dəstələrdən birinə yazılmış və oraya getmişdi. Qısa müddət sonra oranı da tərk etməyə məcbur olmuş və yenidən əvvəlki kimi dükanına qayıtmışdı. Bu zaman Rusiya inqilabı başlamış, ordu Qafqaza getmişdi. Əmir xan Azərbaycanın keçmiş hökumətinin Baş naziri və xarici işlər naziri Fətəli xanın qardaşı oğludur. Müntəzəm təhsil almadığı halda inqilabdan sonra Azərbaycanda mühüm vəzifələr tutmuşdu. Bakıda qubernator vəzifəsini icra etmiş, Quba və Qazaxda general-qubernator olmuş, adamları asıb-kəsmişdi. Özü danışırdı ki, Qubaya general-qubernator təyin olunaraq ilk dəfə oraya gedəndə əhalini qorxutmaq məqsədilə dərhal həbsxanadan təsadüfi seçdiyi iki məhbusu çıxartdıraraq hökumət binasının qarşısında asdırmış və bu yolla hökumətin nüfuzunu xalqa göstərmişdi. Rusiya idarəçiliyi dövründə Quba, Qazax və Qarabağ birər qəza olduğu halda Azərbaycan dövründə bu yerlərə göndərilən qəza rəislərinə general-qubernator titulu verilmişdi. Çünki rusların bütün Qafqaz üzrə general-qubernatoru var idi, bəs Azərbaycanın niyə olmasın? Azərbaycan hökuməti dövründə ilk dəfə Bakıya getdiyim zaman İstanbulda tanıdığım Əmir xan avtomobilində türk Baş Qərargahının polkovniki formasında gedirdi. Onu, demək olar ki, tanıya bilməmişdim. Həmin vaxt o, Bakı qubernatoru idi. Nə üçün, məsələn, müşir formasını deyil, polkovnik formasını seçdiyinin səbəbini soruşmadım. Məncə, bunun səbəbi sonuncu Rusiya imperatorunu təqlid etmək olmalı idi. O da həmişə polkovnik formasında gəzmirdimi?
Bununla belə, Əmir xan ali təhsil almış bir çox şəxsin hamısından daha fəal və daha bacarıqlı adam idi. Bolşevik işğalından sonra yenidən İstanbula qayıdanda işsiz qalmadı, yenə öz zəhməti ilə dolanışığını təmin etdi. Sallaqxanada kəsilən ətləri şəhərə daşımaq işini iki rus öz üzərinə götürmüşdü və bunun üçün üç avtobus işlədirdilər. Əmir xan da onların yanında işə düzəlmişdi. Sonralar İstanbul Qəssablar Şirkəti bu işi rusların əlindən alanda Əmir xan bir müddət həmin şirkətdə də çalışdı. Nəhayət, işdən çıxarıldıqdan sonra Gömrük Mühafizə Təşkilatına daxil olaraq Diyarbəkirə getdi və orada işləməyə başladı. Orası uzaq olduğundan onun fəaliyyət sahəsini görə bilmədim. Ancaq o, tam da özünə uyğun bir işə başlamışdı. Sərhəddə qaçaqmalçıları təqib etmək - bax, bu, məhz onun xoşladığı iş idi. İstanbulda olduğu müddətdə vətəninin siyasətinə qarışsa da, həmişə Məhəmməd Əminin tərəfini saxlayır, qətiyyən gəncəli təəssübkeşliyi göstərmirdi. Özü də istiqanlı və sevimli bir adam idi".
Əlbəttə, istər "Azərbaycan və inqilabı" əsərində, istərsə də bu əlyazma qeydlərində Cümhuriyyət dövrü liderlərini sərt tənqid edən Məhəmmədşərif Əfəndizadənin bütün cümlələrinə güvənmək olmasa da, Əmir xanın mühacirətdəki fəaliyyəti haqqında əlimizdəki hələlik ən mühüm qaynaqdır.
Əmiraslan xanın qızı
Türkiyə mətbuatında xeyli axtarış aparsaq da, Əmiraslan xanın vəfatı ilə bağlı hər hansı bir nekroloqa rast gəlmədik. Azərbaycandakı qaynaqlarda onun 1954-cü ildə Ankarada vəfat etdiyi qeyd olunub. Ankarada olarkən məzarlıq sistemində ona aid məzar yerini axtarsaq da, heç bir nəticə hasil olmadı. Amma qızı Remide xanımın məzarını tapa bildik. Məzarlıq bilgilərinə görə Remide xanım 1 avqust 1919-cu ildə anadan olub, 15 avqust 2021-ci ildə İstanbulda vəfat edib. Ata adı Əmirxan, ana adı Dürdanə göstərilib. Remide xanıma aid məzar daşında isə doğum tarixi 1917-ci il yazılıb. Remide xanım 1917 və ya 1919-cu ildə doğulubsa, o zaman Azərbaycanda dünyaya gəlməli idi. Çünki həmin vaxt Əmir xan Vətəndə idi. Azərbaycandakı xanımı isə, yuxarıda bəhs etdiyimiz kimi, Əfşan xanım idi. Hər halda burada həllini gözləyən bir anlaşılmazlıq var. Cövdət bəy xatirələrində qayınanasından Remide xanımın ögey anası kimi bəhs edib. Bəlkə də, Əmiraslan xan Azərbaycanda doğulan övladlarından birini yanına gətirə bilib və ya özü ilə aparıb.
Remide xanım 1942-ci ildə Cövdət Kozanoğlu ilə ailə həyatı qurub və bu nikahdan Əli Kozanoğlu adlı oğlu dünyaya gəlib. 2011-ci ildə vəfat edən Əli bəyin Tülin adlı bir qızı vardır.
%20(1).png)
Ud ifaçısı Cövdət bəy
Türkiyənin radio sənətçisi, ud ifaçısı Cövdət Kozanoğlu "Radio xatirələrim" adlı memuarında özü və evliliyi haqqında maraqlı bilgilər verib. O, 31 dekabr 1896-cı ildə Kozan bəylərindən Süleyman Yusifbəyzadənin oğlu Əli Fəhmi bəyin ailəsində doğulub. Altı yaşında ikən İstanbulun Kasımpaşa bölgəsindəki "Hadikai-Marifət" adlı ibtidai məktəbə daxil olub. Üç il sonra Kasımpaşa rüşdiyyəsində, ardınca Kabataş edadi məktəbində oxuyub. Edadi məktəbləri liseyə çevriləndə dördüncü sinifdən ayrılıb, özünü yetişdirməyə çalışıb. 14-15 yaşlarından ud çalmağı öyrənib, bununla dolanışığını təmin edib. İyirmi üç yaşında Fikrət adlı bir xanımla ailə həyatı qurub. Birinci Dünya müharibəsi dövründə hərbi xidmətdə olub, bu zaman dülgər kimi fəaliyyət göstərib, müxtəlif musiqi alətlərini düzəltməyi öyrənib. Eyni zamanda musiqi dərsləri verib. Xatirələrində udla tanışlığından belə bəhs edib: "Musiqi həyatım hələ rüşdiyyədə oxuyarkən, on bir yaşımda başladı. Bir gün məktəbdən qayıdanda otağımda çarpayımın üstünə qoyulmuş bir ud gördüm. Anam və ud müəllimliyi edən qonşumuz Hifziyə xanım mənim arada mahnı və qəzəl oxuduğumu görmüş, musiqiyə istedadım olduğunu düşünərək mənə sürpriz etmişdilər. Beləliklə, bu qonşu xanımdan ud dərsləri almağa başladım".
Sonrakı illərdə hərbidən tərxis olunan Cövdət bəy sinif yoldaşı Əhməd Rza ilə birlikdə mebel fabriki açıb, gecələr isə ud ifaçılığına davam edib. Onun bu ağır iş şəraiti ailə həyatına mane olub, nəticədə ilk həyat yoldaşından boşanıb. Xeyli müddət sonra isə o, yenidən ailə həyatı qurub. Xatirələrində bu barədə yazıb:
"Aradan illər keçmişdi, mən Ankaraya köçmüşdüm. Hafiz Burhan marşal Fevzi Çakmakın qızına mövlud oxumaq üçün Ankaraya gəlmişdi. Onu da, həyat yoldaşını da çox sevirdim; hər ikisini evə yeməyə dəvət etdim. Yemək zamanı Burhanın həyat yoldaşı anama:
"- Xala, Cövdəti niyə evləndirmirsiniz?" - dedi.
Anam:
"- İlahi, qızım, o heç evlənərmi? Belə yaşamaq onun xoşuna gəlir", - deyincə, bir-birlərinə baxıb güldülər.
"- Gəl, Cövdəti Remide ilə evləndirək", - dedilər.
Remide xanım Hafiz Burhanın xala nəvəsi idi. Azərbaycan əmirlərindən qaçaraq İstanbula gəlmiş Əmir xan adlı bir şəxsin qızı imiş. Təsadüfən onların evində qonaq qalırmış. Burhanın baldızı Məlihə radioda mənim katibəm idi; o da yeməkdə iştirak edirdi. Söhbət əsnasında Remidenin şəklinin onda olduğunu söyləyərək qarşıdakı evdən şəklini gətirdi. Baxdım, çox gənc bir qız idi. Neçə yaşında olduğunu soruşduğumda iyirmi üç yaşında olduğunu söylədi. Mən isə o zaman qırx yaşında idim. Sözün düzü, dedim ki:
"- On-on beş gün sonra xidməti vəzifəmlə əlaqədar İstanbula gələcəyəm. Bir axşam, xüsusilə sizin yanınıza gələcəyəm. Bu xanım o vaxta qədər sizdə qalar və məni bəyənərsə, onunla evlənərəm", - dedim.
Ertəsi gün İstanbulda bir dostuma zəng edərək vəziyyəti danışdım. Ondan bu məsələni araşdıraraq mənə məlumat verməsini xahiş etdim. Bir həftə sonra Remide xanım haqqında çox yaxşı məlumatlar verən məktub gəldi. İstanbula getdiyim zaman Burhanların evindəki axşam yeməyində bir-birimizlə tanış olduq. Ayrılarkən onlara yaş fərqinə baxmayaraq Remide xanım istəsə, evlənə biləcəyimi söylədim. Həmçinin keçmişimi ona danışmalarını və nəticəni qaldığım "Alp" hotelinə bildirmələrini xahiş etdim. Onlar da razılaşdılar.
Ertəsi gün telefonla zəng edərək: "Qızımız səni bəyəndi, evlənə bilərsiniz", - dedilər. Atası Gemlikdə Tekel idarəsində mühasibat müdiri imiş. Hafiz Burhan oraya gedərək mənim adımdan qızını istədi. Əvvəlcə: "Mən çalğıçıya qız vermərəm!" - desə də, Remidenin ögey anası məni tanıdığı üçün ərini razı salmağa müvəffəq olmuşdu. Gələcək həyat yoldaşımın Cahangir adlı bir qardaşı, biri qız, biri oğlan olmaqla iki də ögey bacı-qardaşı vardı.
Xəbəri alan kimi dərhal Beşiktaş qaimməqamlığına müraciət edərək rəsmi prosedurlara başladıq. Qalatasarayda bir qazinonun üst mərtəbəsini kirayələyib nişan mərasimimizi keçirdik. Ertəsi səhər Ankaraya qayıdaraq toy hazırlıqlarına başladım. Qırx üç il xoşbəxt bir həyat sürdüyüm bu fəzilətli həyat yoldaşımla 2 aprel 1942-ci ildə nikah bağladıq. Ertəsi il, 28 may 1943-cü ildə oğlum Əli dünyaya gəldi. İndi onun da gözəl bir qızı var. Allah hamısına xoşbəxtlik və səadət nəsib etsin. Oğluma babamın adını vermişdim".
Cövdət bəy 1929-1954-cü illərdə radioda çalışıb, eyni zamanda musiqi fəaliyyətini davam etdirib. Memuarında radiodakı fəaliyyəti haqqında geniş məlumat verib, eləcə də Mustafa Kamal Atatürklə bağlı xatirələrini qələmə alıb.
Cövdət bəy 1986-cı ildə vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn olunub. Remide xanım vəfat etdiyi zaman onun yanında torpağa tapşırılıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
