Əhməd Cəfəroğlunun tükənməz vətən sevgisi - Vilayət QULİYEV

Vilayət QULİYEV

 

Düz 35 il əvvəl, milli oyanış mərhələsinə yenicə qədəm qoyduğumuz 1990-cı illərin başlanğıcında indiki "Ədəbiyyat qəzeti"nin sələfi, populyar "Ədəbiyyat və incəsənət"in 15 mart 1991-ci il tarixli sayında görkəmli türkoloq alim, qardaş Türkiyədə bu elm sahəsinin yaradıcılarından biri kimi tanınan soydaşımız və həmyerlimiz, professor Əhməd Cəfəroğlu (1899-1975) haqqında jurnalistlərin təbiri ilə desəm, bir padvallıq məqaləm çap olunmuşdu.

Bir az təvazökarlıqdan uzaq olsa da, o yazı Azərbaycan ədəbiyyatşünaslığında dünya şöhrətli alim haqqında ilk söz idi.

Amma yalnız elmdə, ədəbi-ictimai fikirdə!

Kommunist partiyasının ideoloji təbliğat maşını isə ünlü soydaşımız barəsində təbii ki, öz meyar və şakərinə uyğun sözünü hələ onun sağlığında, 75 illik yubileyinin qeyd edildiyi günlərdə demişdi. 1974-cü ilin mart ayında keçmiş Azərbaycan KP MK-nın Azərbaycan və rus dillərində çıxan iki rəsmi orqanı, iki siyasi ruporu - "Kommunist" və "Bakinskiy raboçiy" qəzetləri iki günlük fasilə ilə tanınmış filosof alim-məmurlarımızdan birinin "Böhtançıya cavab" adlı məqaləsini Azərbaycan və rus dillərində dərc etmişdi. Sovet təbliğat məktəbinin ənənələri əsasında yazılan məqalədə Əhməd Cəfəroğlu rejimin əleyhdarl obrazında - "qatı" sovetoloq kimi təqdim olunurdu. Əsərləri ilə düşmən dəyirmanına su tökməsi, kapitalizmin xidmətində dayanıb sovet gerçəklərini təhrif etməsi və s. tipli ənənəvi qarayaxma iddialarından tutmuş müsafir professor kimi çalışdığı Roma universitetində tələbə qızlara pis gözlə baxmasına, kiminləsə roman yaşamasına qədər hər şeydən danışılırdı. Yalnız elmi fəaliyyəti, Azərbaycan dili və tarixi, ədəbiyyatı və mədəniyyəti, milli düşüncə qarşısında böyük xidmətləri haqda iki kəlmə də olsun obyektiv söz demək yaddan çıxarılmışdı.

Ancaq məşhur məsəldə deyildiyi kimi, hər ziyanın içində bir xeyir var. Sərlövhəsi daha çox öz məzmununa uyğun gələn "Böhtançıya cavab" yazısı da uzun illər boyu qardaş Türkiyədə Azərbaycan sevdalısı kimi yaşayıb-yaratmış bir alim soydaşımızın adının yaddaşımda həmişəlik iz salması ilə səciyyəvi oldu.

Əhməd Cəfəroğlu Kiyevdə tələbə ikən. 1917-ci il

 

1974-cü ildə, universitet tələbəsi ikən haqqında eşitdiyim Əhməd Cəfəroğlu mövzusu mənim üçün bir də 1988-ci ildə aktuallıq qazandı. Qarabağa erməni iddialarının ölkə gündəminin dəyişdiyi həmin narahat ilin yayında Bakıda Azərbaycan EA və ümumittifaq "Sovetskaya tyurkologiya" jurnalının, daha dəqiq desəm, nəşrin faktiki redaktoru Aydın Məmmədovun təşəbbüsü ilə ilk türk-sovet kollokviumu keçirilirdi. Mühüm elmi tədbirdə Türkiyəni Orxan Şaiq Gökyay, Bəhaəddin Ögel kimi korifeylərlə yanaşı o vaxt hələ nisbətən gənc sayılan Əhməd Bican Ercilasun, Osman Fikri Sərtqaya (nümayəndə heyətinin rəhbəri), Fikrət Türkmən, Saim Sakaoğlu, Tuncər Gülənsoy kimi türkoloqlar təmsil edirdilər.

Bu sonuncu beş nəfərin demək olar ki, hamısı İstanbul universitetində Əhməd Cəfəroğlunun tələbəsi olmuşdu. Kollokvium "Kitabi-Dədə Qorquda" həsr edilsə də, müxtəlif münasibətlərlə tez-tez ehtiramla "sayın Xocamız" dedikləri Əhməd bəyi yada salırdılar. Onun müxtəlif məsələlərin müzakirəsi ilə bağlı çox prinsipial və  özünəməxsus mövqe tutmasından, zarafat və şuxluqlarından, xüsusən də tez-tez işlətdiyi "kopolu" (köpək oğlu) kəlməsindən, tələbələrinə ata qayğısından danışır, fürsət yaransa heç vaxt dilindən düşməyən kiçik vətəni Gəncəni görmək istədiklərini gizlətmirdilər. Kollokvium zamanı dostlaşdığım professor Osman Fikri Sərtqaya mənə Əhməd bəylə bağlı materiallar göndərəcəyini vəd etdi və tezliklə doğrudan da ustadının 75 illik yubileyi münasibəti ilə hazırladığı biblioqrafiyanı, eləcə də Ə.Cəfəroğlunun bir neçə kitabını göndərdi. Yuxarıda bəhs etdiyim məqalə də həmin materiallar əsasında yazıldı.

Minnətdarlıqla xatırladığım başqa türk həmkarım - professor Xəlil Açıqgöz (1952-2019) isə Əhməd bəyin təsisçi və baş rektoru olduğu aylıq "Azərbaycan Yurd Bilgisi" jurnalının 1932-1934-cü il saylarının toplandığı 3 cildlik nadir faksimile nəşri (1981) hədiyyə etdi. Həmin cildlər, habelə digər ilkin qaynaqlar mənə 2008-ci ildə Bakı Slavyan Universitetinin "Filoloqun Kitabxanası-100" layihəsinin Türkologiya seriyasından Əhməd Cəfəroğlunun Azərbaycan dilində hələlik ilk və yeganə kitabını - tarix, folklor, dilçilik, dil tarixi, ədəbiyyata dair araşdırmalarının və siyasi publisistika nümunələrinin toplandığı "Seçilmiş əsərləri"ni hazırlayıb geniş müqəddimə, izah və şərhlərlə nəşr etdirməyə imkan yaratdı.

Əhməd Cəfəroğlu 75 illik həyatının 55 ilini mühacirətdə yaşamışdı. Sirr deyil ki, mühacirlər müxtəlif olur. Daim yurd, torpaq eşqi ilə yanıb qovrulan, ana Vətəni heç zaman unutmayan qürbətçilər də var, "günün harada xoş keçirsə, ora Vətəndir!" düşüncəsi ilə yaşayıb keçmişdə qalan hər şeyi həmişəlik unudanlar da! Ədalət naminə, Əhməd bəy həyatda qazandığı əksər uğurları üçün ilk növbədə cümhuriyyət Türkiyəsinə borclu idi. Burada ikinci vətən tapmışdı. Ali təhsil almış, ailə-övlad sahibi olmuş, universitet professorluğuna, Türkiyyat İnstitutunun rəhbərliyinə yüksəlmişdi. Elmi məktəb qurucusu kimi tanınmışdı, cəmiyyətin sayılıb-seçilən üzvünə çevrilmişdi. Amma heç zaman Azərbaycanı unutmamışdı, özünü daim məcburi tərk etdiyi ana Vətən qarşısında borclu saymışdı.

Məhəmməd Əmin Rəsulzadə, Abbasqulu bəy Kazımzadə, Əhməd Cəfəroğlu, Mustafa bəy Vəkilov. İstanbul, 1928-ci il.

 

Qızı, görkəmli muzeyşünas-alim Nazan Ölçər (1940) 8 yanvar 2007-ci il tarixli məktubunda mənə atasının bitib-tükənmək bilməyən Azərbaycan sevgisindən söz açaraq yazırdı: "Bildiyiniz kimi, atam erkən gənclik çağlarında doğma yurdunu tərk etməyə məcbur olmuş, Türkiyədə özünə yeni vətən tapmışdı. Amma insanın doğulduğu, kiçik yaşdan havasını udduğu, suyunu içdiyi torpaq ayrı şeydir. Hər bir insan ömrünün sonuna qədər o torpaq üçün darıxır, onun həsrətini çəkir. Təbii ki, yaradıcı adamlar bu nostalji hissinin yerini çeşidli yollarla doldurmağa çalışırlar. Bəlkə bu səbəbdən də həyatı boyu atamın elmi yaradıcılığının kökündə, mayasında Azərbaycan dayanmışdı. Vətəninin tarix və mədəniyyətini araşdıranda da, yetirdiyi böyük ədəbiyyat xadimləri və dövlət ərkanından söz açanda da yeganə məqsəd və məramı gələcək nəsillərin həmin şəxsləri unutmaması idi. Yəqin bilməmiş deyilsiniz ki, bütün repressiv rejimlər tarix haqda doğru-düzgün kitablardan oddan qorxan kimi qorxurlar. Sonrakı nəsillərin onları birdəfəlik unutmaları, yaddan çıxarmaları üçün əllərindən gələni əsirgəmirlər. Ona görə də atam əsas məqsəd və missiyasını xalqının doğru-düzgün tarixini yaşatmaqda görürdü. Müstəqil Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı son nəfəsinə qədər çarpayısının baş tərəfində asılı dururdu".

Həqiqətən də Azərbaycan mövzusu Əhməd Cəfəroğlunun elmi yaradıcılığından qırmızı bir xətt kimi keçmiş, heç vaxt aktuallıq və cəlbediciliyini itirməmişdi. 1929-cu ildə Vreslau (indiki Vrotslav) universitetini bitirərkən alman türkoloqu, Osmanlı tarixi mütəxəssisi professor Fridrix Gizenin (1870-1944) rəhbərliyi altında "Gəncə dialektində dilçilik araşdırması ilə 75 Azərbaycan bayatısı" adlı dissertasiya müdafiə etmişdi. 1972-ci ildə çapdan çıxan son mətbu yazılarından biri isə qiyabi tanıdığı akademik Kamal Talıbzadənin fundamental səciyyəli "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası haqda idi. Ümumiyyətlə, alimin yarım əsrdən çox davam edən yaradıcılıq həyatında elə bir il olmamışdı ki, Azərbaycan tarixinə, folkloruna, ədəbiyyat və mədəniyyətinə, görkəmli şəxsiyyətlərə dair bir və ya bir neçə elmi, yaxud publisist əsər çap etdirməsin.

Həmkarı, türkoloq-professor Səadət Çağatayın (onun atası, yazıçı və ictimai-siyasi xadim, Kazan tatarlarının lideri Ayaz İshaki ilə uzun illər boyu yaxın dostluq əlaqələri saxlamışdı - V.Q.) da yazdığı kimi, "gözəl təhsilinə, xarici dillərə bələdliyinə zəhmətsevərliyi də qatılınca, Əhməd Cəfəroğlu irəliləmək istədiyi yolda cığır açan yolçu vəziyyətinə gəlmişdi". Əvvəlcə İstanbul Universitetinin ədəbiyyat fakültəsində türk dili tarixi kafedrasının dosenti, 1938-ci ildən həmin kafedranın professoru, 1946-cı ildə - müəllimi Mehmet Fuat Köprülünün ölümündən sonra isə təqaüdə ayrıldığı 1973-cü ilə qədər müdiri olmuş, eyni zamanda uzun illər türkoloji tədqiqlərin cəmləndiyi Türkiyyat İnstitutuna rəhbərlik etmişdi.

Dosent kimi çalışdığı və artıq müəyyən maddi imkanlara, ictimai-siyasi dəstəyə malik olduğu 1932-ci ildə görünür, üzərində çoxdan düşündüyü arzusunu həyata keçirmişdi. Sözün həqiqi mənasında bir Azərbaycan ensiklopediyası sayıla biləcək "Azərbaycan Yurd Bilgisi" jurnalının nəşrinə başlamışdı. Ana vətənin bütün yönləri ilə tədqiqi və tanıdılması baxımından yeni, maraqlı, rəngarəng materiallarla zəngin olan, təəssüf ki, filoloji ədəbiyyatda hələ də həqiqi qiymətini almayan bu geniş mündəricəli nəşrin səhifələrində Azərbaycan tarixinin müxtəlif problemlərinə, dilimizə, ədəbiyyatımıza, musiqi və etnoqrafiyamıza, ictimai-siyasi fikir tariximizə dair onlarla qiymətli məqalə, resenziya, araşdırma və sənədlər çap olunmuşdu.

Əhməd Cəfəroğlunun şəxsi nüfuzu və geniş əlaqələri sayəsində 30-cu illər Türkiyəsinin, eləcə də digər qardaş türk xalqlarının bir çox tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları, tanınmış ictimai-siyasi xadimləri "Azərbaycan Yurd Bilgisi" ətrafına toplaşmış, məcmuə ilə sıx əməkdaşlıq yolu tutmuşdular. Onların sırasında müxtəlif türk xalqlarını təmsil edən Məhəmmədəli Rəsulzadə, Zəki Vəlidi Toğan, Mehmet Fuat Köprülüzadə, Əbdülqədir İnan, Abdulla Battal Taymas, Akdes Nimet Kurat, Məhəmməd Şərafəddin və b. kimi görkəmli şəxslər vardı.

Elmi yaradıcılığının ensiklopedik xarakteri ilə seçilən, geniş maraq dairəsinə malik türkoloq kimi tanınan Əhməd Cəfəroğlu irsində azərbaycanşünaslığın çeşidli problemləri mühüm yer tutur. O, mənsub olduğu xalqın yalnız dilini, tarixini, ədəbiyyatını öyrənməklə kifayətlənməmişdi. Həm də ötən əsrin 20-ci illərində əsas mərkəzlərindən biri Türkiyə olan Azərbaycan siyasi mühacirətinin fəal xadimi, ideya ruporu idi. Zamanla elmi-pedaqoji yaradıcılığı siyasi fəaliyyətini üstələsə də Əhməd bəy həyatının sonuna qədər Azərbaycanın istiqlalının atəşin tərəfdarı, rus şovinizmi və kommunizmin barışmaz düşməni olaraq qalmışdı.

Çağdaş türk tarixçisi Nəcib Həmləmətinoğlunun yazdığına görə, sovet-türk dostluğunun xüsusilə intensiv şəkil aldığı 1930-cu illərin əvvəlində bir dəfə nüfuzlu sovet nümayəndə heyəti və Atatürkün iştirak etdiyi elmi konfransda çıxışı zamanı ana vətəninə rus-sovet təzyiqindən sərt, duyğusal şəkildə söz açarkən rus düşmənçiliyi kimi mənalandırılan ifadələr işlətdiyinə görə Atatürk əsəbi şəkildə salonu tərk etmişdi. Nəticəni çox gözləmək lazım gəlməmişdi. Bir sıra qurum və şəxslər, eləcə də fəal üzvü olduğu Azərbaycan Milli Mərkəzi Əhməd Cəfəroğlu ilə əlaqələrini kəsməyə tələsmişdi. Universitet rəhbərliyi isə onu tutduğu dosent vəzifəsindən uzaqlaşdırıb sıravi məmur kimi kitabxanada işləməyə göndərmişdi.

İstanbul Universitetinin elmi məktəb yaradan iki azərbaycanlı professoru Əli Nihad Tərlan (solda) və Əhməd Cəfəroğlu yetirmələri ilə birlikdə (1960-cı illər)

 

Azərbaycanın yaxın tarixi keçmişi, şahidi və iştirakçısı olduğu, uğrunda əldə silah vuruşduğu müstəqil dövlətçilik dönəmi - Cümhuriyyət uzun illər boyu Əhməd Cəfəroğlunun sevgi və diqqət hədəfində qalmışdı. Onun müxtəlif vaxtlarda "Azərbaycan Yurd Bilgisi", "Odlu yurd", "Mücahid", "Türk kültürü" kimi jurnal və məcmuələrdə dərc olunan "Azərbaycanın böyük matəmi-27 nisan 1920", "28 mayıs 1920", "Milli Azərbaycan Cümhuriyyətinin 15 illiyi", "Tarixin ilk türk Cümhuriyyəti - Azərbaycan" , "28 mayıs ölkəsi Azərbaycan" məqalələri, əqidə və mübarizə dostları İ.Ziyatxan, X.Xasməmmədli, M.Mahmudoğlu, M.Mənsuroğlu və b. həsr edilən yazıları Əhməd Cəfəroğlunun təkcə bir alim və ictimai xadim kimi maraq dairəsinin genişliyi deyil, həm də siyasi mövqe və rəğbəti, milli dəyərlərə, istiqlal ideyalarına sıx bağlılığı haqda təsəvvür yaradır.

Əhməd Cəfəroğlu geniş profilli türkoloq olmaqla bir sırada həm də tanınmış azərbaycanşünas idi. Fəaliyyətinin bu istiqaməti alimin doğma xalqını necə ürəkdən sevdiyini, onun tarix və mədəniyyətinə necə dərindən bələd olduğunu və bu mənəvi sərvət xəzinəsini dünyaya çatdırmaq üçün necə inadkarlıqla, əzmlə çalışdığını göstərməkdədir. Azərbaycan ədəbiyyatı tarixi, klassik irsin ayrı-ayrı görkəmli nümayəndələrinin yaradıcılığı, türk dilləri ailəsində Azərbaycan dilinin yeri, onun etimologiya və lüğət tərkibi, zəngin folklor nümunələri, vətənpərvər milli ədəbiyyatın siyasi proseslərə müdaxiləsi gəncliyindən həyatının sonuna qədər mühacir-alimi maraqlandıran məsələlər sırasına daxil olmuşdur.

Həmvətənimizin tədqiqlərində Azərbaycan dili ilə bağlı mövzular mühüm yer tuturdu. Doğrudur, bu dili türkcənin bir dialekti adlandırsa da, Əhməd Cəfəroğlu onun son dərəcə zəngin, ifadəli olduğunu, "öz türkcənin" saflıq və təmizliyinin daha çox Azərbaycan dilində qorunub saxlandığını da dəfələrlə qeyd etmişdi. Atatürkün təşəbbüsü ilə Türkiyədə dil islahatı başlayanda dilçi-mütəxəssis kimi Əhməd bəy də bu prosesdən kənarda qalmamış, türkcədəki bir sıra köhnəlmiş ərəb-fars söz və ifadələrinin Azərbaycan dilinin lüğət tərkibindəki sadə, anlaşıqlı türk sözləri ilə əvəz etmək təşəbbüsünü qaldırmışdı. Alimin Azərbaycan-monqol dil əlaqələrinə dair silsilə məqalələri dilimizin etimoloji qatlarının öyrənilməsi baxımından diqqəti çəkir və gələcəkdə bu istiqamətdə daha maraqlı nəticələrə gətirən tədqiqatlar üçün çıxış əsaslı bir çıxış nöqtəsi ola bilər.

Hələ 1930-cu illərdə Əhməd Cəfəroğlu orta əsrlər Azərbaycan ədəbiyyatının elə nümayəndələrinin şəxsiyyəti və yaradıcılığı ilə ilgilənmiş, əsərlərini toplayıb nəşr etdirmişdi ki, onlar indinin özündə də bizim ədəbiyyat tarixçilərinin diqqətindən kənarda qalmaqdadırlar. Onun təşəbbüsü və səyi nəticəsində "Azərbaycan Yurd Bilgisi" dərgisinin xüsusi kitabxanası - "Azərbaycan Yurd Bilgisi Tədqiqləri" təsis olunmuşdu. Həmin tədqiqlər seriyasından 1932-ci ildə Cəfəroğlunun özünün "XIX əsr Azəri şairi Seraci", növbəti il isə "XVII əsr Azəri şairi Məlikbəy Avçı" kitabçaları nəşr edilmişdi. Hər iki nəşrə adı çəkilən müəlliflərin əsərlərindən elmi ictimaiyyətə ilk dəfə təqdim olunan örnəklər də salınmışdı. Bu mənada tam əsasla demək mümkündür ki, həm Seracinin, həm də Məlikbəy Avçının yenidən milli ədəbiyyat xəzinəsinə qaytarılması Əhməd Cəfəroğlunun axtarış və araşdırmaları sayəsində mümkün olmuşdu.

"Azərbaycan ədəbiyyatı materiallarını ilk dəfə toplayan mərhum Firudin Köçərlinin əziz ruhuna" ithaf edilən "Seraci" kitabında şairin Azərbaycan dilində 12 qəzəli, bir tərkibbəndi və iki müxəmməsi, habelə farsca qəzəli verilmişdir. Tədqiqat nəticəsində məşhur Seyid Həmzə Nigarinin oğlu Seracinin XIX əsrin ikinci yarısında yaşayan və çox erkən (təxminən 18-19 yaşlarında) həyatdan köçən Qarabağ şairlərindən olduğu aydınlaşdırılmışdır. Maraqlıdır ki, yeniyetmə şair haqda nə F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında, nə də Mir Möhsün Nəvvabın "Riyazül-aşiqin" təzkirəsində məlumat verilmişdir. Əhməd Cəfəroğlu naməlum şairin əsərlərini başqa bir tanınmayan azərbaycanlı şairin-Qarabağlı Sadinin divanında aşkara tapmışdı.

XVII yüzillikdə Azərbaycan türkcəsində gözəl şerlər yazan və klassik ədəbiyyat tariximizdə hələ də layiq olduğu yeri tuta bilməyən Məlikbəy Avçının 60-dan çox orijinal qəzəlinin Berlin kitabxanasında aşkara çıxarılması, transliterasiyası və nəşri, habelə şairin dövrü, şəxsiyyəti, müasirləri ilə əlaqələri və yaradıcılıq özünəməxsusluqları ilə bağlı ilk mülahizələr də Əhməd Cəfəroğluna məxsus idi.

1940-cı ildə İstanbulda çap olunan "Azərbaycan" kitabı və ötən əsrin 60-cı illərinin başlanğıcında "Mücahid" dərgisində işıq üzü görən 10 məqalədən ibarət eyni adlı silsilə yazıları görkəmli alim barəsində həm də prinsipial siyasi publisist kimi danışmağa imkan verir. Bir sözlə, Əhməd Cəfəroğlu adaşı Əhməd Ağaoğlu və M.Ə.Rəsulzadə ilə birlikdə XX əsrdə tarixi vətənini Türkiyədə təmsil edən üç böyük azərbaycanlıdan biri idi. Tale elə gətirmişdi ki, 1939-cu ildə Əhməd Ağaoğlunun, 1955-ci ildə isə Məhəmməd Əminin məzarı başında Azərbaycan xalqı adından vida sözü demək şərəfi də ona nəsib olmuşdu.

Heç şübhəsiz, "Əhməd Cəfəroğlu və Azərbaycan" mövzusunun tədqiqi, alimin vətən tarixinə, dilinə, mədəniyyətinə dair əsərlərinin araşdırılması bir, hətta bir neçə kitab üçün material verir. Bu yazıda mən geniş mövzunun yalnız diqqəti o qədər də çəkməyən aspektinə - taleyin hökmü ilə "dəmir pərdə" arxasında qalan alimin vətənlə fərdi, yaxud şəxsi əlaqələri məsələsinə toxunmaq istərdim.

"Dəmir pərdə" rejiminin mövcudluğuna baxmayaraq Əhməd Cəfəroğlu 1960-cı illərin ikinci yarısında azərbaycanlı alim həmkarları ilə qarşılıqlı əlaqələr qurmağa nail olmuşdu. Ona məktub yazanlar, eləcə də özünün ünsiyyət saxladığı görkəmli soydaşları - elm və mədəniyyət xadimləri arasında şərqşünas-akademik Əbdülkərim Əlizadə (1906-1979), tarixçi Sara Aşurbəyli (1906-2001), filosof Ziyəddin Göyüşov (1920-1985), yazıçı Əzizə Cəfərzadə (1921-2003), türkoloq Yusif Ziya Şirvani, tarixçilər Əli Hüseynzadə və Rauf Hüseynov (1929), tarixçi-etnoqraf Qəhrəman Qaraqaşlı (1899-?) və b. vardı. Əhməd bəyi bu şəxslərdən bəziləri ilə kökü ilk gənclik illərinə gedib çıxan dostluq telləri bağlayırdı. Məsələn, həmyerlisi və həmyaşıdı, Leninqradda mükəmməl türkologiya məktəbi keçən, hələ 1929-cu ildə ayrım türkləri haqqında qiymətli tədqiqat əsəri çap etdirən Q.Qaraqaşlı ilə Gəncə gimnaziyasında bir sinifdə oxumuşdu. Sara xanımı İstanbuldan, məşhur fransız kollecinin tələbəsi olduğu 1924-1925-ci illərdən tanıyırdı. Akademik Ə.Əlizadə və professor Z.Göyüşovla İstanbul və Ankarada bir neçə dəfə görüşmüşdü. Xalq şairi Rəsul Rza, dilçi-akademik Məmmədağa Şirəliyev, professor Əbdüləzəl Dəmirçizadə də Əhməd bəylə birbaşa, yaxud dolayı yolla əlaqə saxlamış, mütəmadi şəkildə ona ehtiyac duyduğu elmi ədəbiyyat - kitab və jurnallar göndərmişdilər.

Əhməd bəylə davamlı şəkildə, qarşılıqlı və məhsuldar əlaqə saxlayan isə ədəbiyyatımızın təbliğində, xalqımıza və mədəniyyətimizə dostlar qazandırmaq sahəsində həqiqətən də müstəsna xidmətləri olmuş professor Abbas Zamanov (1911-1991) idi. O, mühacir alimə ilk yarı rəsmi məktubu Nizami adına Ədəbiyyat Muzeyinə rəhbərlik etdiyi 1968-ci ildə (14 avqust 1968), Əhməd Cəfəroğlunun daimi ekspozisiya üçün özü barəsində məlumat, foto-şəkil və kitablarından nümunələr göndərməsi xahişi ilə yazmışdı. Üç il boyu davam edən yazışma naməlum səbəblər (çox güman siyasi təzyiq!) üzündən 1971-ci ilin sonunda kəsilmişdi. Bu müddət ərzində Abbas müəllim mühacir həmkarına əksəriyyəti kitab mübadiləsi və ədəbi-elmi, bəzən də şəxsi məsələlərə dair 21 məktub ünvanlamışdı. Əslində sırf ədəbi-mədəni informasiya mahiyyəti daşıyan yazışmanın dayanması isə ehtimal ki, sovet xüsusi xidmət orqanlarının Abbas müəllimə xəbərdarlığı ilə əlaqədar ola bilərdi. Çünki 1974-cü ildə "ifşa olunan" Əhməd Cəfəroğlu yəqin ki, həmin dövrə qədər də çekistlərin nəzərindən kənarda qalmamışdı.

Abbas Zamanovun arxivində isə Əhməd bəyin 19 noyabr 1968-ci ildən (lakin məzmunundan ilk məktub olmadığı kifayət qədər aydın sezilir) 29 sentyabr 1971-ci ilə qədər göndərdiyi 14 məktubun mətni mühafizə edilib.

Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mirzə Ənsərli (Ləmbəli) həqiqətən də xeyirxah iş görərək bu məktubları toplayıb 2019-cu ildə ön söz və hər iki müəllif haqqında geniş bioqrafik oçerklə birlikdə "Məktublarda yaşayan tarix. Professor Abbas Zamanovla professor Əhməd Cəfəroğlunun yazışmaları" adı altında kitab şəklində çap etdirmişdi.

Tərtibçiyə minnətdarlıq hissimizi bildirməklə bir sırada nəşrin peşəkarlıq və akademizmdən uzaq olduğunu, sadəcə həvəskar səciyyə daşıdığını vurğulamağı da vacib sayırıq. Bu qənaətə əsas yaradan bir sıra səbəblər var. Epistolyar irsin nəşri zaman məktublarda adı keçən hər bir şəxs, yaxud hadisə ilə bağlı məlumat verilməsi zəruridir. Bu ilk növbədə axtarışların əhatə dairəsini genişləndirmək baxımından ip ucuna çevrilir. Ümumilikdə isə məktub müəlliflərinin maraq dairəsi, tanışlıq əlaqələri, ədəbi zövq və ictimai baxışları, siyasi simpatiya və antipatiyaları barəsində dolğun təsəvvür yaradılmasına xidmət edir. Amma təəssüf ki, nəşrdə heç bir şəxs haqda epizodik də olsa məlumata təsadüf olunmur. Bunun da nəticəsində böyük türkçü Əli bəy Hüseynzadə ilə (1864-1940) ilə 1960-cı illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda çalışan "Orta əsrlər Azərbaycan tarixşünaslığı" kitabının müəllifi kimi tanınan tarixçi Əli Hüseynzadə qarışıq salınıb.

 

"Az. Y.B." abbreviaturası "Azərbaycan Yazıçılar Birliyi" şəklində açıqlanıb. Əslində isə mövzuya müəyyən bələdliyi olan, mətni diqqətlə gözdən keçirən sıravi oxucu da çətinlik çəkmədən söhbətin Əhməd Cəfəroğlunun nəşr etdiyi "Azərbaycan Yurd Bilgisi" jurnalından getdiyini müəyyənləşdirə bilərdi. Fransız türkoloqu Lui Bazenin (1920-2011) adı Levis Bazin, Bolqarıstan türkü, folklorşünas-yazıçı Pertev Naili Boratavın (1907-1998) adı Baratav, şair Siracinin adı Miraci şəklində verilib. Başqa təhriflər, yanlışlıqlar da az deyil. Tərtibçi adların A.Zamanovda bu şəkildə yazıldığını əsas gətirə bilər. Amma belə hallarda səhvin təkrarlanmaması üçün çıxarışlarda müvafiq izah verilməsi kimi elmi yanaşma tərzi mövcuddur.

Abbas müəllimin 23 dekabr 1969-cu il tarixli məktubunda aşağıdakı cümlə yer alıb: "Həmin kitabı kiraçıdan mənə sizin tələbəniz doktor Məhəmməd Sabir Əfəndi göndərmişdir". Kiçik bir araşdırma söhbətin İstanbul universitetində Əhməd bəyin tələbəsi olmuş Pakistan ədəbiyyatşünası Məhəmməd Sabir və onun Kəraçi şəhərindən göndərdiyi kitabdan getdiyini aydınlaşdırmağa imkan verir. Yaxud Əhməd bəy 12 fevral 1970-ci il tarixli məktubunda yazır: "10 gün əvvəl Ziya Qəhramanoviç Yueşov yanıma gəldi. O, Azərbaycan Akademiyasının Fəlsəfə şöbəsində işləyir. Bir xeyli dərdləşdik. Mənə kitablarını hədiyyə etdi". Tərtibçi bu qəribə ad-soyadla bağlı da heç bir izah verməyib. Amma sirli Yueşovun kimliyini müəyyən etmək elə də çətin deyil. Çünki digər məktublardan da göründüyü kimi, 1970-ci ildə İstanbulda Əhməd bəylə görüşən azərbaycanlı alim Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, görkəmli filosof Ziyəddin Göyüşov olmuşdu. Ziyəddin müəllimin atasının adı Bahadır idi. Bahadır əski türkcədə "qəhrəman" deməkdir. Buradan da aydın olur ki, qonağının ad və soyadını dəqiq xatırlaya bilməyən Əhməd Cəfəroğlu yaddaşında Ziyəddini Ziya, Bahadırı Qəhrəman, Göyüşovu isə Yueşov kimi "bərpa etmişdi" Təəssüf ki, özlüyündə qiymətli mənbə olan nəşrdə belə diqqətsizlik, hadisə və şəxslərə nabələdlik örnəklərinə tez-tez təsadüf olunur. Amma istənilən halda Abbas Zamanov-Əhməd Cəfəroğlu yazışmasının kitab halında nəşri lazımlı və diqqətəlayiq təşəbbüsdür.

Məktublardan göründüyü kimi, sovet cəmiyyətində müəyyən mülayimləşmə ab-havasının yaşandığı 1960-cı illərdə ana vətənə gəlmək Əhməd bəy üçün ideya-fiksə, az qala həyati məqsədə çevrilibmiş. Amma eyni zamanda bu səfəri turist kimi etmək fikrindən də uzaq imiş. Bakıya gəlmək, mümkün olarsa Gəncəyə baş çəkmək üçün rəsmi qurumlardan ölkə, yaxud beynəlxalq miqyaslı tədbirlərdə iştirakla bağlı dəvət gözləyir, şəxsinə və fəaliyyətinə uyğun ehtiram umurmuş. Ona görə də Abbas müəllimin Azərbaycanda qaldığı müddət ərzində bütün xərclərini qarşılamaq şərti ilə şəxsi qonaq qisminə gəlməsi dəvətindən nəzakətlə imtina etmişdi. Həmkarına 23 aprel 1970-ci il tarixli məktubunda ürəyindən keçənləri dilə gətirib fikirlərini belə açıqlamışdı: "Azərbaycana gəlişim haqqında yazırsınız. Etiraf edim ki, indi belə bir fikrim yoxdur. Oraya gəlməyim yalnız rəsmi dəvətlə ola bilər. Başqa cür gəlməyə imkan yoxdur. Turist kimi Vətənimə gəlməyi isə ümumiyyətlə başa düşmürəm".

1960-cı illərdə alimin Vətənə rəsmən dəvət olunması ilə bağlı iki imkan yaranmışdı. Bunlardan biri görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin (1717-1797) beynəlxalq miqyasda qeyd edilən 250 illik yubileyi (1968), digəri isə ilk tələbələri sırasında yer aldığı Bakı Universitetinin 50 illiyi (1969) idi. Əhməd Cəfəroğlu hər iki ədəbiyyat və mədəniyyət bayramında iştiraka can atsa da, bəlli səbəblər üzündən arzusuna çata bilməmişdi. Vaqifin 250 illiyi ilə əlaqədar əsas ədəbi-mədəni tədbirlər 1968-ci il 21-25 noyabr tarixləri arasında keçirilmişdi. Həmin il noyabrın 19-da, yubiley təntənələri ərəfəsində A.Zamanova məktubunda Əhməd bəy yazırdı: "Bu gün şairimiz Vaqifin anadan olmasının 250 illiyi münasibəti ilə aranızda olmaq səadətinə nail olacaqdım. Fəqət dəvətnamə gec gəldi və bu səbəbdən yanınızda ola bilmədim". Sirr deyil ki, belə tədbirlər zamanı arzuolunmaz şəxslərə ünvanlanan dəvət məktubunun gecikməsi, qarışıq salınması, yaxud itirilməsi keçmiş sovet DTK-nin ənənəvi iş üsulu idi.

Yuxarıda da qeyd etdiyim kimi, Əhməd Cəfəroğlu 1919-cu ilin noyabrında qurulan Bakı Universitetinin ilk azərbaycanlı tələbələrindən idi. Odur ki, alma-materinin 50 illik yubileyini səbirsizliklə gözləyir, sırf təhsil və elmi işlə bağlı olan bu siyasətdən kənar, neytral tədbirə dəvət alacağına ümid edirdi. 1969-cu il iyunun 19-da gizlətmədiyi, gizlətmək istəmədiyi bir sevinc hissi ilə Abbas Zamanova yazırdı: "Yusif Ziya Şirvanidən aldığım bir məktubda Bakı Universitetinin 50 illiyi münasibəti ilə təşkil olunan konfransa məni dəvət etmişlər. Bakı Universitetinin ilk tələbələrindən biri olduğum üçün bu konfransda həvəslə iştirak edəcəyəm". Abbas müəllim də yalnız məktublar vasitəsi ilə ünsiyyət saxladığı həmkarı ilə görüşə bilmək üçün İran və Əfqanıstana nəzərdə tutulan səfərlərini təxirə salmışdı.

Amma sovet rəhbərliyindən universiteti Cümhuriyyətin adı ilə bağlamamaq göstərişi alınmışdı. Odur ki, ali təhsil tariximizin mühüm faktının bolşevik rejimi ilə bağlılığı illüziyası yaratmaq üçün yubiley bir il sonra - 1970-ci ildə keçirilmişdi. Gözü yolda qalan Əhməd bəyə dəvətnamə göndərmək isə yəqin ki, məqsədəuyğun sayılmamışdı. "Bakı Uiversitetinin 50 illiyinə dəvət edilməməyim mənə çox pis təsir etdi"- bu yanıqlı sözlər iştiraka can atdığı mərasimin artıq arxada qaldığını öyrənən Ə.Cəfəroğlunun 23 aprel 1970-ci il tarixli məktubundan götürülüb.

Həmin məktubda Əhməd bəy şəxsi həyatının mühüm bir hadisəsinə - Türkiyə və Avropa miqyasında müxtəlif millətlərə mənsub türkoloqlar ailəsinin geniş qeyd etdiyi 70 illik yubileyinə də toxumuşdu: "Yubileyim haqqında verdikləri xəbərlər doğrudur, - deyə üzünü görmədiyi dostuna yazırdı: - Qədirbilən tələbələrim mənim üçün bu günü gözəl tərtib etmişdilər. Səs-küylü olmamasasını özüm istəmişdim. Ziyafətlərlə, mərasimlərlə yanaşı kino-teatrlarda da göstərildim. Ən çox hisslərimi coşduran Avropa radiosu oldu. Məndən xəbərsiz haqqımda davamlı olaraq xəbərlər yayıldı, iltifatlara qərq oldum..."

Təbii ki, vəfalı və qədirşünas Abbas müəllim həmin əlamətdar günü yaddan çıxarmamışdı. 1969-cu il avqustun 5-də İstanbula saldığı məktubda bəzən "əziz ağabəyim", bəzən isə "möhtərəm ustad" deyə hörmət və ehtiramla müraciət etdiyi Əhməd Cəfəroğluna qarşıdan gələn yubileyi münasibəti ilə təbrik və minnətdarlıq sözlərini çatdırmışdı: "18 iyul tarixli məktubunuzu və göndərdiyiniz kitabları aldım. Ürəkdən təşəkkür edirəm. 70 illiyiniz münasibəti ilə buraxılmış kitabça (yetirməsi Osman Fikri Sərtqayanın hazırladığı biblioqrafiya nəzərdə tutulur - V.Q.) ilə tanış oldum. Tale sizi ana yurddan uzaqlara atsa da ruhunuz və qəlbiniz ilə vətənə bağlı olmuş, azəri xalqının ədəbi irsini tədqiq etmək sahəsində əlinizdən gələni əsirgəməmisiniz. Bunun üçün sizə minnətdarıq".

24 mart 1970-ci il tarixli məktubunda yenicə qayıtdığı və Əhməd Cəfəroğlunu da yaxşı tanıyan bir sıra adlı-sanlı türkoloqlarla görüşdüyü Paris səfəri haqqında təəssüratını bölüşəndən sonra yenidən yubiley məsələsinə toxunaraq yazırdı: "Ziyəddin Göyüşov deyirdi ki, 70 illik yubileyiniz çox təntənəli keçmişdir. Bu sizə kimlərsə tərəfindən verilmiş bir pay deyildir. Yarım əsrə yaxındır ki, siz elm sahəsində Fərhad kimi külüng çalırsınız. Bu zamanda etibar və ehtiramı siz zəngin elmi fəaliyyətinizlə qazanmışınız. Gün o gün olsun ki, Azərbaycana təşrif gətirəsiniz. Biz də doğma yurdda sizi təbrik edək".

Bu sözləri eşitmək xoş idi. Əhməd bəy onu yada salan, rejimin narazılıq və xəbərdarlıqlarına əhəmiyyət vermədən səmimi hiss və duyğularını bölüşən ayrı-ayrı həmkarlarına minnətdar idi. Amma Azərbaycanın tədqiqi və təbliği sahəsindəki təmənnasız xidmətinin ən azı ictimai institutlar, elmi təşkilatlar tərəfindən etirafını, dəyərləndirilməsini də istəyirdi. Daim türk dünyasının qabaqcıl, mədəni, gözü açıq bir parçası kimi təddim etdiyi, canı və qanı ilə bağlı olduğu Azərbaycanın elm camiəsindən qurum və quruluşlarından bir xoş söz, təşviq gözləyir, diqqət və qədirşünaslıq umurdu: "Hər tərəfdən məktublar aldım. Təəssüf ki, bu böyük günümə tək səs-sədası eşidilməyən ana Vətənim Azərbaycan oldu. Hanı Azərbaycan Akademiyası? Hanı Ədəbiyyat, Dil, Etnoqrafiya Cəmiyyətləri? Hanı köhnə tələbəsi olduğum Bakı Universiteti? Belə başa düşülür ki, bütün bu müəssisələr öz həmşəhərlisinin heysiyyətinə qarşı donub qalmış təşkilatlar olublar".

İnciklik, küskünlük ifadə edən bu giley-güzara rəğmən həyatın hər üzünü görmüş alim Vətəndən inciməyi ağlına da gətirməmişdi. Baş verənləri sovet rejiminin həqiqi siması, sovet reallığının gerçək təzahürü kimi qəbul etmişdi. "Başa düşdüm ki, mən oraya gələ bilməyəcəyəm. Buna əvəz olaraq oradakılar bura gəlib məni görəcəklər. Bu da həyatın yeni bir mənzərəsidir. Bu da mənim üçün bir şərəfdir. Tanrım bunu da əsirgəməsin" - deyə 12.fevral 1970-ci il tarixli məktubunda Vətəni ziyarət etməyin mümkünsüzlüyü ilə barışmış, həmkar və həmvətənləri ilə məktub və görüşlərin davamlılığını da Allahın bir lütfü kimi qəbul etmişdi.

 

***

Məktublar həm Əhməd Cəfəroğlunun, həm də Abbas Zamanovun tanışlıq və əhatə dairəsi, hər ikisinin çevrəsindəki insanlar haqqında geniş təsəvvür yaradır. Əhməd bəy Türkiyə, qismən də Avropadakı Azərbaycan mühacirlərinin demək olar ki, hamısını, həm də yalnız birinci deyil, sonrakı nəslin təmsilçiləri də daxil yaxşı tanıyırdı. Onların arasında şəhid baş nazir Nəsib bəy Usubbəyovun qızı Zəhra, Cümhuriyyətin 100 tələbəsindən biri olan kürəkəni Mirzə Hacızadə (Göygöl), Cümhuriyyət Parlamenti nəzdindəki İstiqlal muzeyinin qurucusu, mühacirlərin sevə-sevə "dayı" dedikləri Hüseyn Camal Yanar (Hüseyn Mirzəcamalov), Sürəyya Ağaoğlu, Ə.Topçubaşovun böyük oğlu Əli Əkbər Topçubaşı, naxçıvanlı rəssam İbrahim Safi, Abbas Zamanovun məktəb yoldaşı, müharibədən sonra bir müddət Münxendə "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına rəhbərlik etmiş İsmayıl Əkbər və b. vardı. Öz növbəsində Abbas Zamanovun da çağdaş Türkiyə humanitar elminin Agah Sirri Levent, Əli Nihad Tərlan, Məhərrəm Ergin, hətta o zamanlar çox gənc olan Yavuz Akpınar kimi nümayəndələrini yaxşı tanıdığı, onlarla məktublaşdığı, intensiv kitab mübadiləsi apardığı aşkara çıxır.

Çox təəssüf edirəm ki, Abbas müəllim sağlığında məktublardakı adlarla bağlı hər hansı izahedici qeydlər hazırlamayıb. Nəticədə hər iki tərəf-müqabilin haqqında rəğbətlə söz açdığı Mehman, Abdulla, Esmeralda xanım, Hənifə xanım, Hüsniyə xanım, Bəkir bəy Odoğlu və bir sıra digər adlar bizə hələlik heç nə demirlər.

Soydaşlardan bəhs edərkən Əhməd bəy bəzi hallarda fikrən yeniyetməlik və gənclik illərinə qayıdır, həyatında iz qoymuş ədəbi şəxsiyyətləri, tarixi görüşləri xatırlayırdı. Yeniyetmə yaşda istiqlal şairi Əhməd Cavadla Göy gölə getməsi, yaxud tələbə ikən Almaniyada Cavidlə görüşməsi bu qəbildəndir. Həmin görüş xatirində elə dərin iz salmışdı ki, aradan on illər keçəndən sonra da unuda bilməmişdi. Bunu 1970-ci ildə yazdığı sətirlər də sübuta yetirir: "Hüseyn Cavid bəyi 1926-cı ildə Berlində tanımışdım. Uzun müddət dərdləşdik. Gözlərini müalicə etdirirdi. Əlimizdən gələn kiçik yardımımızı əsirgəmədik. Vətənin iftixar ediləsi övladıdır".

Əgər məktubların əsas mövzusunu bir neçə sözlə açıqlamaq zərurəti yaransaydı bunu "kitab və elmi məlumat mübadiləsi" şəklində müəyyən etmək olardı. 1960-cı illərin sonunda Ə. Cəfəroğlunun sayəsində Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyi M.Rəsulzadənin 1951-ci ildə Ankarada nəşr olunan "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyası, "Azərbaycan Yurd Bilgisi" jurnalının tam komplekti, Mirzə Göygölün hədiyyə etdiyi nadir əlyazma "Quran" və digər raritetlərlə zənginləşmişdi. Bakıdan da İstanbula onlarla gərəkli və qiymətli kitablar, dövrü nəşrlər, əlyazmaların foto-surətləri və s. göndərilmişdi. Onların sırasında 1969-ci ildə "Hauka" nəşriyyatı Leninqrad şöbəsinin nəşr etdiyi "Qədim türk dili lüğəti" də vardı. Maraqlıdır ki, çoxdan nadir ədəbi abidəyə çevrilən bu kitabı Əhməd bəyə Abbas Zamanovla birlikdə o zaman Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olan xalq şairi Rəsul Rza da göndərmişdi.

Bir haşiyə. Görünür, spesifikliyi nəzərə alındığı üçün lüğət sözün həqiqi mənasında permanent kitab "aclığı" yaşayan 240 milyonluq keçmiş SSRİ-də cəmi-cümlətanı 6 min tirajla nəşr edilmişdi. Əsər universitetin filologiya fakültəsinin I kurs tələbəsi olduğum 1970-ci ildə satışa çıxarılmışdı. İndiki kimi xatırlayıram: qiyməti həmin dövr (xüsusən də tələbə!) üçün fantastik - 5 manat idi. Nizami muzeyinin altındakı "Akademkniqa" kitab mağazasında təxminən 800 səhifəlik möhtəşəm foliantı dəfələrlə əlimə alıb baxsam da, 5 manat ödəməyə ürəyim gəlməmişdi. Daha səmimi və dəqiq desəm, o qədər pulum olmamışdı. Sonralar nadir nəşri vaxtında almadığıma görə çox təəssüflənmişdim. Yalnız lüğətin PDF versiyası İnternetə yerləşdiriləndən sonra bu təəssüf hissi öləzimişdi. Maraqlıdır ki, dostları sayəsində Azərbaycanda da hər türkoloqda olmayan o 6 min kitabdan 2 nüsxəsi İstanbulda, Əhməd bəyin zəngin kitabxanasında qərar tutmuşdu...

Məktubları vasitəsi ilə Abbas Zamanovu yüksək səviyyəli alim və elm təşkilatçısı, inanclı türkçü və milliyyətçi kimi tanıyan professor Əhməd Cəfəroğlu elmi dairələrdəki nüfuz və əlaqələrindən istifadə edərək 1970-ci ildə azərbaycanlı həmkarının Türkiyənin mühüm humanitar elm mərkəzinin - Türk Dil Kurumunun müxbir üzvü seçilməsinə nail olmuşdu...

Nəhayət, Bakı ilə intensiv məktublaşma Əhməd Cəfəroğluna əgər belə demək mümkünsə, əlini daim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin nəbzi üzərində tutmağa, Türkiyədə xalqımızla bağlı ən operativ və obyektiv məlumat qaynağı olmağa imkan yaratmışdı. Təkcə 1971-ci ildə "Türkiyyat Məcmuəsi"ndə onun ədəbi-elmi fikrimizin Abbas Zamanov (iki yazı), Əli Hüseynzadə, Qəhrəman Qaraqaşlı, Şamil Cəmşidov, Sara Aşurbəyli, Rəmzi Yüzbaşov kimi nümayəndələrinin həyatı, yaradıcılığı, son tədqiqat əsərləri barəsində tanıtma səciyyəli məqalələri çap olunmuşdu.

Əhməd Cəfəroğlu (mərkəzdə) İstanbul universitetinin tələbələri ilə

 

***

Gənc Əhməd Cəfəroğlu bütün yaxın və doğmalarını Azərbaycanda qoyaraq Türkiyəyə tək-tənha gəlmişdi. Xoşbəxtliyindən burada alim və dövlət xadimi Mehmet Fuat Köprülüzadə ailəsi ona sahib çıxmışdı. Mehmet Fuat bəyin anası onu ikinci oğlu kimi qəbul etmişdi. Geniş əlaqə və imkanlara malik Köprülüzadə ailəsi ali təhsilini davam etdirməsinə yardım göstərmişdi. Özü də ünlü bir türk ədəbiyyatı mütəxəssisi olan Mehmet Fuat bəy istedadlı gənci himayəsinə almışdı.

Qızı Nazan xanımın yazdığına görə atasının doğmaları arasından yalnız adını nədənsə çəkmədiyi böyük bacısı İkinci Dünya müharibəsi ərəfəsində əri və üç övladı ilə birlikdə Türkiyəyə gələ bilmişdi: "Anamın ailəsi İzmirdə idi, atamın bütün ailəsi Azərbaycanda qalmışdı. Yeganə əqrəbası İkinci Dünya müharibəsindən az əvvəl (Əhməd Cəfəroğlunun 30-cu illərin əvvəlində İstanbul universitetində təhsil alan və əksəriyyəti mühacir soydaşları olan azərbaycanlı tələblərlə çəkilmiş kollektiv fotosunda ikinci sırada sağdan birinci dayanan alimin doğma bacısı oğlu Saleh Gəncədir. Universiteti yüksək kimya mühəndisi ixtisası üzrə bitirən Saleh Gəncə sonralar İstanbul Beşiktaşda, əsası 1908-ci ildə qoyulan Kabataş kişi liseyində kimya müəllimi kimi çalışmışdı. Bu şəkil Əhməd bəyin bacısının İstanbula İkinci Dünya müharibəsi ərəfəsində deyil, daha əvvəl gəlib yerləşdiyini sübut edir. Əslində 1940-cı il doğumlu Nazan xanımın qohumların gəlişi ilə bağlı yanlışlığa yol verməsində qeyri-adi heç nə yoxdur. Çünki bütün bunlar necə deyərlər, onun yaşından irəlinin söhbətləri idi - V.Q.) əllərindəki İran pasportu sayəsində ölkədən çıxıb Türkiyəyə gələ bilən yeznəsi, böyük bacılarından biri və üç bacı uşağı idi. Gələndən az sonra həyatını itirən böyük bacının, onun ölümündən sonra çox yaşamayan yeznənin vəfatı nəticəsində qohum qismində yalnız həmin üç bacı uşağı qalmışdı. Uşaqların ən böyüyü Sara xala, oğlanların ən böyüyü isə yaşı çatdığı üçün hərbi məktəbə göndərilən, sonradan yarbay (türk ordusunda polkovnik-leytenant - V.Q.) rütbəsinə yüksələn Qasım bəy və ən kiçiyi - kimya təhsili alıb çox parlaq bir kimya müəllimi kimi tanınan Saleh Gəncə idi. Qasım Gəncənin uzun illər Anadolunun çeşidli yerlərində hərbi xidmətdə olduğunu və İstanbula nadir hallarda gəldiyini xatırlayıram. Sara xala ilə Saleh dayı Laləlidə, "Təyyarə" apartmanlarında yaşayırdılar. Zatən o apartmanlar 1960-cı illərə qədər siyasi mühacirlər, özəlliklə də Azərbaycandan gələnlər üçün bir yuva timsalında idi".

1 iyun 1970-ci il tarixli məktubunda özünün də etiraf etdiyi kimi Əhməd Cəfəroğlu Azərbaycanda qalan yaxınları və qohumları ilə bağlı səhih məlumata malik deyildi: "Əqrəbaların haqqında kəsin bilgim yoxdur. Kəndilərindən xəbər ala bilmədim. Zatən birlikdə, bərabər bulunmağa imkan da yox idi..."

Abbas Zamanovla qiyabi tanışlıq və məktublaşma nəticəsində Əhməd bəy aradan az qala əlli ilə yaxın bir vaxt keçəndən sonra vətəndəki digər əqrəbalarından da xəbər tuta bilmişdi. O, 1969-cu ildə göndərilən, ayı və günü göstərilməyən bir məktubda Vətəndə qoyub gəldiyi qohum və doğmalarını xatırlayaraq yazırdı. "30-40 nəfərlik bir nəslimin olduğunu son məktubunuz vasitəsi ilə öyrəndim. Onlardan ancaq bir-ikisinin ad-sanını bilirəm. Daha çox yadımda qalanı Qəzalə idi. Onun da ancaq uşaqlığını xatırlayıram. Əli Hüseynzadənin mənə göndərdiyi "Teatr tarixi" kitabının içərisində bibimin oğlu İbrahim Həmzəyevin şəklini gördüm, sevindim. Məndən hamıya həsrət dolu salamlarımı yetirsəniz Sizə çox minnətdar olaram".

Burada adı çəkilən İbrahim Həmzəyev (1908-1982) görkəmli aktyor və rejissor idi. Yüksək sənət uğurlarına görə Azərbaycan SSR Xalq artisti (1965) adına layiq görülmüşdü.  Xanımı, xalq artisti Zəroş Həmzəyeva (1925-2004) ilə birlikdə Naxçıvan Dövlət teatrının inkişafında, sənətkarlıq və repertuar baxımından zənginləşməsində mühüm xidmətləri olmuşdu. Abbas müəllimim axtarış və soraqlaşmaları nəticəsində yuxarıda adı çəkilən Qəzalədən başqa Əhməd bəyin digər bacısı qızını - Bakı məktəblərinin birində dil-ədəbiyyat müəllimi kimi çalışan Böyükxanım Cəfərovanı və onun həyat yoldaşı, əslən gəncəli olan tanınmış şair Ələkbər Ziyatayı tapmaq və qohumlar arasında əlaqə yaratmaq mümkün olmuşdu. Abbas müəllim eyni zamanda Əhməd bəyin 2 yaşlı bir qızcığaz kimi ("Sevimli bacımın qızı Qəzalə haqqındakı məlumatlara görə çox minnətdaram. Onu tanıyanda iki yaşındaydı. Bacım isə iki il əvvəl həyata gözlərini yumdu. Onu burada gözləyirdim. Bu da olmadı...") xatırladığı Qəzalənin ailəsi və həyat yoldaşı - Pedaqoji İnstitutda birgə çalışdığı, "çox sakit və nəcib insan" kimi xarakterizə etdiyi ədəbiyyatşünas alim, dosent Hacıbala Hüseynov haqqında da məlumat vermişdi. Təbii ki, bu xoş xəbərlər Əhməd bəyə ruhi sakitlik gətirmişdi. Çünki nə qədər olmasa da özündə həmişə "sovet cəhənnəmində" qoyub gəldiyi qohumları ilə bağlı bir nigaranlıq, hətta "günahkarlıq kompleksi" hiss etmişdi.

Kitab və məqalələri kimi Azərbaycandakı üzünü görmədiyi qohum-əqrəba və dostları da onu tükənməz məhəbbətlə sevdiyi Vətənə bağlayan tellər idi...

 

Sentyabr 2026.

Sarayevo

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!