Orxan Şaiqin ikinci həyatı - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

1972-ci ildə tanınmış türk şair, yazar Orxan Seyfi Orhon İstanbulda vəfat edir. Türk ədəbiyyatında "beş hecaçılar"dan sayılan Orhon özündən sonra geniş ədəbi, elmi irs qoyub, naşiri olduğu "Çınaraltı" dərgisində azərbaycanlı mühacirlərin də əsərlərini dərc edib. Türkçü müəlliflərdən sayıldığı üçün azərbaycanlıların nəzərində də ona qarşı müsbət yanaşma olub, ölümü mühacir soydaşlarımızı da kədərləndirib.

Orxan Seyfinin vəfatından 4 (dörd!) il sonra Azərbaycandan Türkiyəyə professor Abbas Zamanovun imzası ilə əski əlifbada bir məktub yola salınıb. İstanbulda İslam Araşdırmaları Mərkəzinin arxivində qorunan 5 fevral 1976-cı il tarixli məktubda yazılmışdı:

"Hörmətli Fərxundə xanım əfəndiləri.

Unudulmaz eşiniz - Orxan Şaiq bəyin vaxtsız vəfatı münasibətilə sizə dərin hüznlə başsağlığı verirəm. Hörmətli Orxan bəyin vaxtsız vəfatı türkiyyat elm aləmi üçün ağır itkidir. Sizi səbirli olmağa dəvət edirəm.

Mərhumun azərbaycanlı dostlarından

Professor  Zamanov"

 

Abbas Zamanovdan iki gün sonra isə eyni ünvana filologiya elmləri doktoru, tanınmış alim Əzizağa Məmmədov daha geniş bir məktub göndərib. Yenə həmin arxivdə qorunan məktubun mətni bu şəkildədir. Qeyd edək ki, dilimizə uyğunlaşdırdığımız məktubun mətni türk dilində, latın qrafikasında yazılıb.

"Xanım Fərxunda Gökyay, salam!

Çox hörmətli bilgin, əziz və mehriban əriniz Orxan Şaiq bəy Gökyayın vaxtsız vəfatı bizləri də sonsuz dərəcədə üzdü, kədərləndirdi. Amansız ölüm türkologiya sahəsində ən mümtaz ədəbi şəxsiyyətlərdən biri olan Orxan Şaiq bəyi, çalışqan elm adamını əbədi olaraq qeyb etdi. Kəndilərinin ən şah əsəri olan "Dədəm Qorqudun kitabı" kimi tədqiqatını türkoloji elminə ən qiymətli, böyük xidmətlərin ən gözəl örnəyi, dəyərli bir hədiyyə olaraq bəxş etdi.

Mərhum Orxan Şaiq bəy (belə söyləməyə heç dilim də gəlmir) son dərəcə qiymətli əsərini, o böyük kitabını Sizə ithaf edərək iç səhifəsində belə yazmışdır: "Bütün çalışmalarımın gur və bərraq qaynağı eşim Fərxundəyə".

Heç şübhəsiz ki, bu kiçik qeyddə dərin bir məna vardır. Bu böyük əsərin yazılması üçün hər növ şəraitin yaradılmasında sizin kimi nadir xanımların böyük xidmətləri olmuşdur. O müdrik, təvazökar bilginin ruhu əbədi olaraq şad olsun.

Rəhmətlik bilgin Orxan Şaiqin vəfatı münasibətilə sizə - Fərxundə xanıma bir daha başsağlığı verərək "başınız sağ olsun" deyirik. Bizim bu ricamızı bütün ailə üzvlərinizə yetirməyinizi xahiş edirik, xanım əfəndi.

Dərin hörmətlərimlə. Filologiya elmləri doktoru. Əzizağa Məmmədov.

Bakı, 7/II/ 1976".

Göründüyü kimi, Sovet Azərbaycanının hər iki dəyərli alimi dövrün çətin şərtləri altında Türkiyədəki bir həmkarlarının vəfat xəbərini eşitsələr də, Orxan Seyfi ilə Orxan Şaiqi səhv salıblar və beləliklə, maraqlı bir yazışmanın əsası qoyulub.

A.Zamanovun məktubundan 4 gün sonra Orxan Şaiqdən ona cavab gəlib, beləcə məsələ də aydınlaşıb. Buna görə də Abbas müəllim 21 fevral 1976-cı ildə Orxan Şaiqə aşağıdakı məktubu göndərib:

"Dostum Orxan bəyə salamlar olsun,

Bu dünya durduqca o da var olsun!

9 şubat tarixli məktubunuzu bu gün aldım. Nə qədər sevindiyimi təsvir edə bilməzsiniz. Bizə bəd bir xəbər gəlib çatmışdır. Bu sizin buradakı dostlarınızı sarsıtmışdır. Məktubunuzu alan kimi başqa dostlara da telefon edib xəbər verdim. Bu məktub bizim hamımız üçün gözəl bayram oldu. Azərbaycanlılarda belə bir məsəl vardır: kimin ölümü haqqında yanlış xəbər yayılırsa, onun ömrü uzun olur. İndi də biz bu etiqadla inanırıq ki, siz 20.nci əsri başa vurmuş 21.nci əsrə bizdən salam aparacaqsınız. Başqa cür də ola bilməz. Dumrul əzrailin gözünü elə qorxutmuşdur ki, o cəsarət edib ömrünü Dumrulun tədqiqatına həsr etmiş kişiyə yaxın düşə bilməz. Dumrulun tədqiqatçıları ölümsüz insanlar.

Fərxundə xanıma salam göndərir, əlinizi öpür və dəhşətli məktub yazdığım üçün üzr istəyirəm. Xanım əfəndiləri nəzərə alsınlar ki, həyatda belə dolaşıq xəbərlər, şayiələr çox olur. Xanım əfəndiləri bunu nəzərə almayıb bizi əfv etsinlər.

Görünür, bizə bu pis xəbəri gətirən adam Orxan Seyfi ilə sizi qarışıq salmışdır. Nə isə... Qoy dünyada yayılan şayiələrin sonu belə olsun, insanlar şad və xürrəm yaşasınlar.

İndi keçirəm suallarınızın cavablarına.

Bəli, Azərbaycanda cami, körpü, karvansaray, hamam, çeşmə və sair binalar, həmçinin məzar daşlarına mənzum kitabələr yazmaq ənənəsi vardır. Bu ənənə qədimdir və  bəd ənənə deyildir. Bu kitabələr nəsillərdən nəsillərə xatirə qalmaq üçün yazılır.

Azərbaycan aşıqları məclislərdə dastan danışıb saz çalır. Lakin rəsm göstərmirlər. Azərbaycan aşıqlarının arasında belə bir ənənə heç bir vaxt olmamışdır.

Sizi pək suallarınıza cavab verməyə, istədiyiniz kitabları göndərməyə hazıram.

Sizə uzun ömür, möhkəm səhhətlər diləyirəm.

Salamla A.Zamanov".

Orxan Şaiqin vəfat etmədiyini öyrənən Əzizağa Məmmədov da öz növbəsində Orxan bəyə məktub göndərib:

"Hörmətli Orxan Şaiq, pək möhtərəm ustad, salam!

Haqqınızda bir qara xəbər bizim tərəflərdə dolaşdı, çox pərişanlıq oldu. Dərindən kədərləndik. Sizlərə bir başsağlığı yazmaq zorunda qaldıq. Şükürlər olsun ki, yalan çıxdı, böyük bir səhv nəticəsi oldu... İnşallah, salamatlıqdır. Bu şad xəbəri prof. Abbas Zamanov xəbər verdi. Sizdən 7/II/76 tarixli məktuba görə. Şükür olsun.

Hörmətli bilgin Orxan Şaiq, qazax və qırğızlarda əski "akın", "bakşı"lar barədə mənbələr ilə tanış oluram. Leninqrada da Şərq fakültəsinin dekanına Əfrasiyab Paşayevə də müraciətdə bulundum. Materiallar hazır olan kimi zati-alilərinizə yollayaram. Səmimi, dostanə salamlarımı qəbul edin. Qüsura baxmayın, əfv edin.

Dərin hörmətlərimlə salamlarımı təqdim edirəm.

Əzizağa Məmmədov

22/II/75".

Hər iki alimin bu məktubları bir tərəfdən, SSRİ dövründə Azərbaycanla Türkiyə arasındakı əlaqələrin zəifliyini göstərməklə yanaşı, digər tərəfdən, Orxan Şaiq Gökyay kimi böyük alimə azərbaycanlıların verdiyi qiymət baxımından olduqca maraqlıdır. Abbas Zamanovun da yazdığı kimi, artıq Orxan Şaiqin ikinci ömrü başlayacaqdı, o, XX əsrə də adlamalı idi. Amma yazıya pozu yox idi, 1993-cü ildə A.Zamanovun vəfatından bir il sonra Orxan Şaiq də haqq dünyasına köç edir.

Orxan Şaiq Bakıda

 

Orxan Şaiq ömrü

 

Orxan Şaiq Gökyay 16 iyul 1902-ci ildə atasının müəllimlik etdiyi İneboluda anadan olub. Uşaqlıq və ilk gənclik illəri Kastamonuda keçib. Burada xalq dili, folklor və ədəbiyyata marağı formalaşıb. 1922-ci ildə Ankara Darülmüəlliminindən məzun olaraq müəllimlik fəaliyyətinə başlayıb. Giresun, Samsun və Balıkəsirdə müəllim işləyib. Balıkəsirdə olduğu 1924-1926-cı illərdə "Çağlayan" adlı ədəbiyyat dərgisini nəşr etdirib. 1927-ci ildə Kastamonu Liseyini bitirib və İstanbul Darülfünun Ədəbiyyat fakültəsinə daxil olub. Burada xüsusilə Mehmet Fuad Köprülünün tələbəsi olub və onun təsiri ilə türk dili, ədəbiyyatı və tarixinin elmi şəkildə araşdırılmasına yönəlib. Eyni zamanda dövrün məşhur türkoloqları - Teodor Menzel, Franz Taeschner, Paul Vittek və Herbert V. Duda ilə əlaqələr qurub. 1930-cu ildə Ədəbiyyat fakültəsini bitirdikdən sonra müxtəlif şəhərlərdə ədəbiyyat müəllimi kimi çalışıb. 1937-1939-cu illərdə Bursa Liseyində işlədiyi dövrdə sonralar geniş şöhrət qazanan "Bu Vətən kimin?" şeirini yazıb. 1938-ci ildə uzun müddət üzərində çalışdığı "Dədə Qorqud" əsərini nəşr etdirib. Bu nəşr onun Dədə Qorqud dastanlarının elmi şəkildə araşdırılmasında əsas simalardan birinə çevrilməsinə səbəb olub. 1939-cu ildə Musiqi Müəllim Məktəbinə müəllim və direktor təyin edilib. 1944-cü ildə İrqçilik-Turançılıq işi çərçivəsində həbs olunub, 11 ay sonra bəraət alıb. Daha sonra Qalatasaray Liseyində, İstanbul Çapa Təhsil İnstitutunda və başqa təhsil müəssisələrində müəllimlik edib. 1951-1954-cü illərdə İngiltərədə tələbə müfəttişi işləyib. 1959-cu ildə Londondakı "School of Oriental and African Studies"də türk dili və ədəbiyyatı üzrə mühazirəçi kimi fəaliyyət göstərib. 1967-ci ildə təqaüdə çıxsa da, elmi-pedaqoji fəaliyyətini davam etdirib və ömrünün son illərinə qədər müxtəlif universitetlərdə dərs deyib. 7 iyun 1989-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsi tərəfindən fəxri doktor adına layiq görülüb. Orxan Şaiq Gökyay 2 dekabr 1994-cü ildə İstanbulda vəfat edib və Üsküdar Nakkaştəpə qəbiristanlığında dəfn olunub.

Orxan Şaiqin Azərbaycanda ən çox tanınmasına səbəb də "Dədə Qorqud" dastanı ilə bağlı tədqiqatları idi. O, azərbaycanlı həmkarları ilə mütəmadi məktublaşıb, onlarla kitab alış-verişi edib, Bakıda türkologiya ilə bağlı tədbirlərdə iştirak edib.

Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinin sədr müavini F.Abbasov imzası ilə göndərilən 12 iyul 1985-ci il tarixli məktubda Orxan Şaiqə İ.Şıxlının, M.Süleymanovun, H.Büllurinin, H.Arifin, M.Dilbazinin əsərlərinin, eləcə də Azərbaycan Sovet Ensiklopediyasının 7-ci cildinin və "Odlar yurdu" qəzetinin nüsxələrinin göndərildiyini oxuyuruq.

Yenə bu cəmiyyətin şöbə müdiri Elxan Ə. imzası ilə Orxan bəyə göndərilən məktubda yazılıb:

"Hörmətli Orxan Şaiq Gökyay!

Məktubunuzu aldıq. Təşəkkürlərə görə sağ olun. Yazırsınız ki, Sizə Türkiyədən nə göndərim. Ürəkaçıqlığı ilə etdiyiniz bu cür təklifə görə təşəkkür edirik.

Əziz Orxan, bizi ən çox Azərbaycanla bağlı ədəbiyyat, mətbuatda dərc edilmiş materiallar maraqlandırır. Yaxşı olardı ki, Siz bizə Koroğlu və Dədə Qorqudla, ümumiyyətlə Azərbaycan folkloru ilə bağlı müxtəlif kitab və məqalələr göndərəsiniz. Bundan əlavə Türkiyədə çıxan uşaq ədəbiyyatı ilə tanışlıq da pis olmazdı".

Orxan Şaiqlə azərbaycanlı alimlər arasındakı əlaqələr, məktublaşmalar mütəmadi davam edib. Türkiyədə bir sıra şəxslərlə, mühacir azərbaycanlılarla əlaqə quran xalq yazıçısı Əzizə Cəfərzadə də onunla məktublaşıb. Eləcə də İranda fəaliyyət göstərmiş Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Dr. Hüseyn Məhəmmədzadə Sadık da onunla münasibət yaradıb.

5 iyul 1988-də Bakıda Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda keçirilən "Kitabi-Dədə Qorqud" problemləri üzrə SSRİ və Türkiyə alimlərinin birinci kollokviumunda Orxan Şaiq bəy də iştirak edib. Professor Ədalət Tahirzadənin arxivində həmin kollokviumla bağlı maraqlı bir fotoşəkil mövcuddur. Təqdim etdiyimiz həmin fotoşəkildə Ə.Tahirzadə Orxan Şaiq Gökyay və böyük türk alimi Bəhaəddin Ögalla birgə yer alıb.

Qeyd: Abbas Zamanovun əski əlifbada yazdığı məktubları transliterasiya edən gənc həmkarım Nihad Nəsirzadəyə təşəkkür edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!