"İstanbul Ansiklopedisi"ndə azərbaycanlılar: tanış üzlər, naməlum adlar
Rəşad Əkrəm Koçu (1905-1975) adı indi çox da xatırlanmayan türk tarixçisi, pedaqoq və yazıçıdır. Ən mühüm əsəri nəşrinə 1944-cü ildə başladığı, müəyyən fasilə ilə 1971-ci ilə qədər davam etdirdiyi və yalnız 11 cildini hazırlayıb çap edə bildiyi "İstanbul ensiklopediyası", daha populyar türk adı ilə desəm, "İstanbul Ansiklopedisi"dir. Ali təhsilini İstanbul Darülfünunun Ədəbiyyat fakültəsinin tarix şöbəsində almış, sonra isə burada çalışmışdı. Lakin 1933-cü ildə keçirilən islahat nəticəsində sevimli müəllimi, Osmanlı tarixi üzrə mütəxəssis Əhməd Rəfiq Altınay (1880-1937) universitet professorları sırasına daxil edilməyəndə o da istefa verib ali təhsil ocağından uzaqlaşmış, müxtəlif litsey və məktəblərdə çalışmışdı.
1940-cı illərdən həyatının ən mühüm işinə - İstanbul ensiklopediyasını hazırlamağa başlamışdı. Özünün də etiraf etdiyi kimi, çoxcildli nəşrdə İstanbulla bağlı hər şey - "saray əyanlarından küçə satıcılarına, yanğınlardan cinayətlərə, məhəllələrdən meyxanalara, maraqlı şəhər əhvalatlarından geyim və adət-ənənələrə qədər çeşidli məlumatlar toplanmışdı". Şablon və rəsmiyyətdən uzaqlıq müəllifə İstanbulu bütün rəngləri, bütün çalarları ilə əks etdirməyə imkan yaratmışdı.
Kitab fasiküllər (bölmələr) və cildlər şəklində nəşr olunurdu. Rəşad Əkrəm Koçu orijinal ensiklopediyasını yalnız G hərfinə qədər çatdıra bilmişdi. Yuxarıda da qeyd etdiyim kimi, 11 cilddə toplanmış 173 fasikül çap etdirmişdi. İlk 4 cild 1944-1951-ci illər arasında işıq üzü görmüşdü. Yaranmış maliyyə çətinliyi nəticəsində sadəcə şəxsi təşəbbüs kimi həyata keçirilən layihə yarımçıq qalmışdı. Nəşri yalnız aradan 7 il ötəndən sonra yeniləmək mümkün olmuşdu. Rəşad Əkrəm Koçu ömrünün sonuna qədər layihə üzərində çalışsa da, əsər yarımçıq qalmışdı.
Diqqətimi ensiklopediyanın 1948-ci ildə nəşr olunmuş III cildində verilən (s.1686-1690) "Azərbaycanlılar İstanbulda" adlı icmal məqalə cəlb etdi. Bu ümumi icmalla yanaşı ensiklopedik nəşrdə həyatı və işi İstanbulla bağlı olan, burada mənsəbə çatıb ün qazanan soydaşlarımız haqda bioqrafik məqalələr də yer alıb. İcmalın müəllifi İstanbul azərbaycanlısı, əslən gəncəli olan məşhur Məhəmmədzadə, yaxud Mehmet oğulları nəslinə mənsub Əli Gəncəlidir. Öz yazdığından göründüyü kimi, Rəşad Əkrəm Koçun yaxın dostu, onu bu mühüm və çətin layihə üzərində işləməyə ruhlandıran şəxs olmuş, eyni zamanda savadlı və geniş məlumata malik bir şəxs və nəşrin daimi əməkdaşı kimi yardımını əsirgəməmişdi.
Əli Gəncəli ilə bağlı əldə etdiyim yeganə bioqrafik bilgi onun 1918-ci ildə İstanbulda, Məhəmmədzadə ailəsində doğulmasıdır. Digər bir məlumata görə isə o, İskəndər bəy Münşinin (1560-162() Şah Abbas haqda məşhur "Tarixi-aləmarayi Abbas" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərini fars dilindən türkcəyə tərcümə edib və həmin tərcümə Türk Tarix Qurumu xətti ilə 4 cilddə çap olunub.
Aşağıda Əli Gəncəlinin icmal oçerkinin Azərbaycan dilinə uyğunlaşdırılmış versiyasını "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm. Bəzi yanlışlar islah edilib, adı epizodik çəkilən bir sıra şəxslərlə bağlı əlavə məlumat verilib. Təbii ki, müəllif İstanbulda yaşayan azərbaycanlıların hamısını tanıya bilməzdi. Ona görə də mövcud sənəd və materiallar əsasında onun siyahısını "zənginləşdirməyə", ora yeni adlar əlavə etməyə (məsələn, icmalın "Şəkililər" bölməsinə Osmanlı səltənəti və Türkiyə Cümhuriyyəti qarşısında mühüm xidmətləri olan bir neçə nəfər şəkilinin adını əlavə etmək mümkün idi!) xüsusi ehtiyac görmədim. İndi artıq biblioqrafik nadirəyə çevrilən "İstanbul Ansiklopedisi"ndəki materialı olduğu kimi verməyi, tarixin hərfini və ruhunu qoruyub saxlamaq daha düzgün yol saydım.
Vilayət QULİYEV

Professor Əli Nihad Tərlan, Məhəmməd Əmin Rəsulzadə, professor Əhməd Cəfəroğlu (sağda, üst tərəfdə)
Mirzəbala Məmmədzadə (sağda, aşağıda)
Ali GƏNCƏLİ
Azərbaycanlılar İstanbulda
İstanbul fəthindən günümüzə qədər müxtəlif dövrlərdə, müxtəlif vasitə və üsullarla, çeşidli yollarla İstanbula bir xeyli Azərbaycan türkü gəlib yerləşmiş, böyük bir qismi bir iki-nəsil sonra istanbullularla qaynayıb-qovuşublar.
Fəthdən sonra Fatehin (İkinci Sultan Mehmet, 1432-1481, hakimiyyət illəri 1444-1446 və 1451-1481-ci illər, 7-ci Osmanlı sultanı, 1453-cü il İstanbulun fəthi ilə Fateh kimi tanınmışdı - V.Q.) bir Fateh kimi elm, sənət və ədəbiyyat adamlarını himayə etməsi sayəsində böyük məhəbbətlə İstanbula gəlib Böyük şəhərin elm məclislərinə daxil olanları ancaq dövrün təzkirələrindən, İstanbul kitabxanalarını dolduran əlyazma əsərlərin kimə mənsub olması və kitabələrdən öyrənə bilirik.
Fateh kiçik uşaq ikən Mövlana Şirvani adlı bir şəxsin yanında "Gülüstan"ı oxuyub başa çıxmışdı. Fateh dövrünün şairlərindən Mövlana Qabili adlı bir sənətkarın da Şirvandan gəldiyi divanının dibaçəsindən anlaşılır.
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin saraylarında olan elm və sənət adamları da adıçəkilən türkmən dövlətləri süquta uğrayıb məmləkətlərinin Səfəvilərlə Osmanlıların əlinə keçməsindən sonra İstanbula üz tutmuşdular.
Səfəvi-Osmanlı muharibələrində, Azərbaycanın Osmanlı hakimiyyəti altında olduğu dövrlərdə də Təbrizdən və digər məşhur Azərbaycan şəhərlərindən elm və sənət adamları İstanbula gətirilmişdi.
Səfəvilər dövründə şiə-qızılbaş hakimiyyəti altında yaşamaq istəməyən sünni məzhəb azərbaycanlılar əvvəlcə Osmanlı xanədanının müxtəlif yerlərinə hicrət etmiş, sonra isə həmin yerlərdən İstanbula gəlmişdilər.
Son əsrlərdə, rus istilası dövründə də qeyri-müslim bir dövlətin təbəəsi olmaq istəməyən azərbaycanlılar da Türkiyəyə, xüsusən də köçməyi daha məqsədəuyğun saymışdılar. Bunlardan başqa, ticarət üçün, icrayi-sənət üçün, hətta fəhləlik, hamballıq, şagirdlik, aşpazlıq, tacirlərin yanında mirzəlik etmək, apar-gətir işləri ilə məşğul olmaq üçün də İstanbula xeyli sayda ehtiyacı olan insanlar gəlmişdi.
Bunlardan əlavə, Həcc ziyarətinə gedərkən İstanbulu sevib bura yerləşən, mənsub olduğu təriqət pirinin ziyarətinə gəlib bir təkkədə hicranişin olan azərbaycanlılar da köçmənlərin arasında az yer tutmamışdılar.
Birinci Dünya müharibəsindən əvvəl İstanbulda 25000 azərbaycanlı vardı. Heç bir dövlətin pasportuna malik olmayanlar bu yekun rəqəmə daxil deyildilər. O dövrdə azərbaycanlılar İstanbulda hər işdə, hər yerdə, hər sənətdə gözə dəyirdilər. Osmanlı dövlətinin sədrəzəmliyinə (baş nazirliyinə) yüksələnlərdən tutmuş Böyük şəhərdə zibilçilik peşəsinə tənəzzül edənlərə qədər, aralarında hər cür insanlar vardı: Alim, şair, dərviş, xoca (burada universitet müəllimi mənasında - V.Q.), məmur, əsnaf, küçə alverçisi, qəhvəçi, zabit, polis, faizə pul verən (sələmçi), qəlyanaltı işlədən, teatroçu, sinemaçı və oyunçudan tutmuş fahişəxana saxlayanlara qədər, hər cür adama rast gəlmək mümkün idi.
Bununla bərabər bir neçə sənət və məslək İstanbulda zaman-zaman azərbaycanlılar arasında geniş yayılmışdı. Bu da onların köçüb gəldikləri Azərbaycan şəhər və kəndlərinə, qəsəbələrinə görə əyarlanırdı. Məsələn, təbrizlilər ümumiyyətlə xalı ticarəti, kağız və dəftərxana ləvazimatı satmaqla məşğul olurdular. Şirvanlılar xalı və ipək parça, çit, bez, əl-üz dəsmalları, tikmə ticarətinə üstünlük verirdilər. Eyni zamanda Şirvan əhalisinin çoxu alim və fazil adamlar olduğu üçün yüksək vəzifələrə, xocalığa və münəvvər zümrəyə məxsus işlərə də yol tapmağı bacarırdılar. Gəncəlilər isə xalı və ipək ticarəti, çay və qəhvə işləri ilə daha çox məşğul olurdular. Qarabağlılar çay ticarəti, antikvariat, qızıl və gümüş məmulatının alqı-satqısı sahəsində ixtisaslaşmışdılar. Şəbüstərlilər xırdavat alveri, qəhvəçilik, otelçilik, sələmçilik, tütünçülük kimi sahələri öz nəzarətləri altında saxlayırdılar. Müxtəlif kəndlərdən gələnlər isə hamballıq, ulaqla yük, yaxud adam daşımaq, xırda-para küçə ticarəti ilə güzəranlarını keçirməyə çalışırdılar. Həmin kəndlilərdən biri öz uğur hekayəsini belə danışırdı:
"Cibimdə bir neçə quruş kənddən çıxdım. Yeməyə bir neçə günlük yavan çörək aldım. Pay-piyada yola düzəldim. Qarşıma çıxan kəndlərdə işləyə-işləyə üç aya Trabzona çatdım. Gəmiyə minib yol pulunu ocaqxanaya kömür, eləcə də imkanlı sərnişinlərin yükünü daşımaqla çıxardım. Üstəlik, bir neçə quruş da dal yana ata bildim. İstanbula çatan kimi həmyerlilərimi tapdım. Mənə bir yeri nişan verdilər. Bir sini tapdım, içinə xırda-para şeylər yığıb satmağa başladım. Körpüdə, adamların çox olduğu bazar yerlərində dolaşdım. Həm gündəlik dolanışığımı təmin etdim, həm də bir az pul yığıb işimi böyütdüm. İndi Qumqapı ilə Camlıcada evim, Asmaaltında bir dükanım var".
Həmin azərbaycanlı kəndli indi, bu sətirlərin yazıldığı vaxt İstanbulun zəngin adamlarından biridir.
Dünya müharibəsindən əvvəl gediş-gəliş asan idi. Dövüz (valyuta) məsələləri, iş qanunları çıxmamışdan əvvəl İstanbul ilə Azərbaycan şəhərləri arasında bir bağlılıq vardı. Bir müddət İstanbulda yaşayıb məmləkətlərinə dönənlər də çox idi. Onlar Türk mədəniyyətinin Azərbaycanda yayılması baxımından çox iş görmüşdülər. İstanbuldakı tanınmış və böyük ailələr bunlardır:
I: Şirvanlılar
1.Faiq Paşa Şirvani və qardaşı Xalid Molla bəy; Faiq Paşa son Osmanlı paşalarındandır, alim, fazil bir şəxs idi. Şahzadəbaşında mülkü vardı. (Mehmet Faiq Paşa Şirvani 1866/1867-ci ildə Şirvanda doğulmuşdu. Atası bölgənin tanınmış din alimi Hüseyn Əfəndi idi. Osmanlı və Almaniyada hərbi təhsil almış, fəriqi-əvvəl, yəni ordu generalı rütbəsinə yüksəlmişdi. Hərbi işə dair əsərlərin müəllifidir. Osmanlının ən yüksək mükafatı olan qızıl Ləyaqət medalı, habelə 10-dan çox Asiya və Avropa ölkələrinin ordenləri ilə təltif edilmişdi. Vəfat tarixi bəlli deyil - V.Q.)
2. Sədrəzəm Şirvanizadə Rüştü Paşa, qardaşı Əhməd Hülusi Əfəndi. Şahzadəbaşında mülkləri vardı; həmin səmtdəki Şirvanzadə küçəsi onun adına verilib. Bu ailənin övlad və əhfadı bu sətirlərin yazıldığı sırada mühüm memuriyyət və digər işlərin başındırlar. (Şirvanizadə Mehmet Rüştü Paşa - Osmanlı dövlət xadimi. 1828-ci ildə Kürdəmirdə doğulmuşdu. Bölgənin rus işğalına uğraması nəticəsində ailəsi Amasiyaya köç etmiş, burada mükəmməl dini və dünyəvi təhsil almışdı. Gənc yaşdan dövlət vəzifələrində çalışmışdı. Bir müddət Şam (Dəməşq) valisi olmuş, müxtəlif vaxtlarda daxili işlər, maliyyə, ədliyyə, xəzineyi-xas nazirliklərinə rəhbərlik etmişdi. Sultan Əbdüləzizin hakimiyyəti dövründə 1873-cü il aprelin 16-dan 1874-cü il fevralın 13-nə qədər sədrəzəm - baş nazir olmuşdu. Amma saray intriqaları nəticəsində vəzifəsini itirərək Hələb və Ciddəyə vali təyin edilmşdi. Təyinat yerinə gedərkən yolda ölmüşdü. Bəzi mənbələr öz əcəli ilə ölmədiyini, rəqibləri tərəfindən zəhərləndiyini iddia edirlər - V.Q.)
3. Məsud Əfəndi Şirvani: Son zamanlarda gəlib. Ədib bir şəxsdir. Məktəblərdə türkcə müəllimliyi etmişdir. Sabiq maarif vəkili Hasan Ali Yücel Məsud Əfəndinin tələbələrindən olub.
4. Qurbanoğlu ailəsi. Bu ailə iki nəsildən bəridir ki, İstanbuldadır; xalı və əntiq əşya ticarəti ilə məşğul olublar. Beşikdaşda mülkləri vardı. Amma yandı. Ailənin bir hissəsi Şirvandadır. İstanbula Səftər bəylə Baba bəy Qurbangil (Qurbanov) gəliblər. Baba bəyin ədəbiyyatla bağlılığı, türkcə və farsca şeirləri var.
II: Şəkililər
Lap çoxdurlar. Amma əksərən xırda ticarət işləri ilə məşğul olurlar. Tanınmış simaları azdır.
1.Professor Ali Nihad Tərlan ailəsi, əvvəlcə Ərzurumda yerləşmişdilər. Üç nəsildən bəri də İstanbulda yaşamaqdadırlar (Ali Nihad Tərlan 1898-ci ildə İstanbulda doğulub, 1968-ci ildə orada da vəfat edib. İstanbul Universitetinin ədəbiyyat bölümündən məzun olub. Məhəmməd Füzuliyə dair əsərlərin müəllifidir. Uzun illər boyu həmin universitetin professoru və bölüm başqanı kimi çalışıb. Türkiyə Dəyanət Vəqfinin nəşri olan İslam Ensiklopediyası milli mənsubiyyət göstərmədən əcdadlarının Dağıstandan köçüb Ərzuruma yerləşdiyini göstərir. Birgə çalışdığı və yaxın dostluq etdiyi Əhməd Cəfəroğlu həmkarı Abbas Zamanova 5 dekabr 1969-cu il tarixli məktubunda "azərbaycanlı professor" Ali Nihad bəyin hazırladığı "Zati" divanının Bakıya, EA Tarix İnstitutunun əməkdaşı Əli Hüseynzadəyə və digər şəxslərə göndərdiyini yazır. Məncə, bu Ali Nihad bəyin milli mənsubluğunu müəyyən etmək baxımından kifayət qədər inandırıcı dəlildir. Əslən Şəkidən olması da həmin mülahizənin başqa bir sübutudur - V.Q.)
2. Siracəddin bəy ailəsi; keçən əsrin sonlarında İstanbula yerləşib xalı ticarəti ilə məşğul olan bir şəxs idi; bu sətirlərin yazıldığı sırada oğulları da tanınmış xalı tacirləridir. Hafiz Hüsnü bəylə qardaşı Xalıçılıq Türk Limited şirkətinn sahibidirlər.
3. Hacı Bəkir Əfəndi; Qapalı çarşı əsnafındandır; tipik Şəki qiyafəsini ömrünün sonunadək mühafizə edib. 60 ildən bəri İstanbulda yaşadığı halda, türkcəni Şəki ləhcəsi ilə danışır və məmləkətindəki kimi dükanında da dəri üzərində oturur.
4. Hacı Tağı Əfəndi ailəsi; keçən əsrin sonunda İstanbula gəlib gömrükdə xalı komissiyonculuğuna başlamış, "Dəllal Hacı Tağı" kimi şöhrət qazanmışdır. Oğlu Əli bəy də gömrük komissiyoncusu olub zərif, nüktədan bir şəxs kimi tanınmaqdadır.
III: Qarabağlılar
1. Qaffar oğulları; böyük bir ailədir. İyirminci əsrin başından bəri İstanbulda yerləşiblər. Əntiq əşyalar və xalı-xalça ticarəti ilə məşğuldurlar. Bəbəkdə (İstanbulun ən lüks rayonu - V.Q.) yazlıq evləri var. Uşaqları Robert kollecdə oxuduqları üçün bir qismi Amerikaya köç ediblər. Qapalı çarşıdakı Əhməd Kaner bu ailənin ən çox tanınan nümayəndəsidir.
2. Fəyyaz oğulları; bu da qələbəlik bir ailədir, dünyanın ən mühüm şəhərlərində qolları var. Bir vaxtlar çox zəngin idilər. Çağaloğlunda mülkləri, Bəbəkdə yazlıq evləri, Kadıköydə, Quşdilində köşkləri vardı. İstanbulun ilk və ən məşhur sineması (kino-teatrı) olan "Mələk Sinema"sına bu ailədən İsmayıl bəyin qızı Mələk xanımın şərəfinə bu ad verilib. Sirkəçidəki "Azəri Sinema" da bu ailə üzvlərindən birinindir. (Səməd Ağaoğlu "Həyat bir macəra. Uşaqlıq və gənclik xatirələri" əsərində qarabağlı kimi yaxından tanıdığı Fəyyazovlar ailəsini qaramsar rənglərlə rəsm etmişdi: "Bir də Fəyyazovlar. İstanbulun o illərdə çox tanınmış, bir də kökü bizim kimi Qarabağdan olan bir tacir nəslinə mənsub bu ailənin hər bir üzvü hafizəmdə ayrı-ayrı, bir-birindən fərqli xatirələr buraxıb. Qadınlı-kişili, hamısı Pikassonun tablolarındakı insanlara bənzəyirdi. Aralarında xüsusi ilə birinin - ailə başçısı sayılan "ağanın" hələ o yaşdan başlayaraq üzərimdə çox böyük təsiri oldu. Bir ayağı topal, bir qolu çolaq, az və ağır-ağır danışan, orta boylu, ağ bənizli, nazik dodaqlı, hiyləgər xasiyyətli bu insanı özünə cəlb edən qəribə bir qüvvə vardı. Mənbəyi nə idi - bilmirəm. Şikəstliyindən gəlirdi, yoxsa başqa bir səbəbdən qaynaqlanırdı? İndiyə qədər özüm üçün aydınlaşdıra bilməmişəm. Amma bu hal məni daim düşündürür, bir qədər də qorxudurdu... - V.Q.)
3. Cavanşir ailəsi; Cavanşirlər Azərbaycanın ən qədim ailələrindən biri olub, Teymurləng zamanından Qarabağ vilayətinin xanı, hökmdarı olmuşdular. Bunlardan Behbud xan Cavanşir Azərbaycan Cümhuriyyəti hökumətinin hərbiyyə naziri idi (yanlışdır, əslində Behbud xan F.Xoyskinin ikinci hökumət kabinəsində daxili işlər naziri idi - V.Q.) Pera otelində erməni Törlakyan tərəfindən öldürüldü. Paltarı ilə Azərbaycan bayrağı xatirəsini yaşatmaq üçün Əsgəri Muzeyə verildi.
4. Ağaoğlu Əhməd bəy ailəsi: (bax: Səməd Ağaoğlu, Tezer Ağaoğlu).
IV: Salyanlılar
1. Mərhum Əli bəy Hüseynzadə ailəsi: İkinci Əbdülhəmid dövründə İstanbula gəlmişdi. Tibb İkinci doktoru idi. Məktəbi-Tibbiyədə professor olmuş, Gənc Türklər hərəkatında iştirak etmiş, türk milliyyətçilərinin öndərlərindən biri kimi tanınmışdı. İkinci Əbdülhəmidin təqibinə məruz qaldığından bir ara Üsküdarda gəncəli Məhəmmədzadənin yazlıq evinə çəkilmişdi. Həmin vaxt bu sətirlərin müəllifinin atası Hacı Cavad Gəncəlinin bir portretini işləmişdi. Oğlu Məhəmməd Səlim Turan İstanbulun tanınmış rəssamlarındandır.
2. Əli bəy Akşin; Birinci Dünya müharibəsi illərində Bakıda Türk Konsulluğunda çalışırdı, sonra gəlib İstanbula yerləşdi. Çox nəcib bir şəxsdir. Türkcə danışığında Azərbaycan ləhcəsini qoruyub-saxlaması ilə məşhurdur.
V: Bakılılar
Bakı yeni inkişaf edən bir şəhər olduğu və ərazisinin kifayət qədər genişliyi ilə tanındığı üçün oradan Şirvan, Şəki, Gəncə, Təbriz, Xoy, Səlmas kimi xaricə tüccar, əsnaf və s. mühacirət etməmişdi. Ona görə də İstanbulda bir neçə nəsil burada yaşayan bakılı azərbaycanlılara çox az-az təsadüf edilir.
1. Mirzə Bala, Bakının tanınmış ailələrindən birinə mənsubdur. Dünya müharibəsindən sonra köçüb İstanbula yerləşib. Qüvvətli qələm sahibidir. Fars, fransız, rus dillərini yaxşı bilir; elm və fəziləti ilə seçilən bir simadır. Rind məslək, xəyyamvari bir insandır. İslam Ansiklopedisində dəyərli məqalələri var.
VI: Naxçıvanlı və irəvanlılar
Bu vilayətlər uzun zaman Osmanlı idarəçiliyi altında qaldığından İstanbula gələnlər də çox olmuşdu. Amma həmin insanlar İstanbul deyilən dəryada bir damla su olub gediblər. Bu gün tanınmış naxçıvanlı və irəvanlı ailələrdən:
1. Naxçıvan vilayətinin bəylərbəyisi, Kəngərli əşirətinin bəyi və bəylərbəyi Fərəcullah xan oğulları, nəvə-nəticələri İstanbulda yaşayır. Fərəcullah xan bu sətirlərin yazıldığı sırada 98 yaşında Kızıltopraktaki köşkündə nəvələrinin oğulları ilə oturur. Öz dişi ilə cibindən heç vaxt əskik olmayan badamları yeyir. Doxsan il əvvəl oxuduğu "Gülüstan"ın bir çox yerləri indi də hafizəsindədir. Kızıltopraktan Kadıköyə piyada gedib-gəlir. Canlı tarixdir. 1293-cü il (miladi 1877) Qars müharibəsini görmüş, İstiqlal hərbində iştirak etmişdi.
2. Sadıq bəy Haqverdi, irəvanlıdır, qumaş fabrikinin sahibidir.
VII: Qarabağlılar - II
1. Əhməd Ağaoğlu ailəsi (bax: Ağaoğlu Əhməd).
2. Məhəmməd Sadıq bəy: Qarabağın şəhər ailələrindən birinə mənsubdur. Bilikli, fəzilətli bir şəxsdir. Fars, ərəb, rus, fransız, alman və fin dillərini bilir. Azərbaycan tarixi, coğrafiyası və etnologiyaya dair qiymətli araşdırmaları var. "Ulus", "Cümhuriyet", "Təsvir", "Tənin" qəzetlərində məqalələr nəşr etdirib. Finlandiyada "Yeni Turan" qəzetini çıxarıb, müxtəlif qəzetlərimizi Avropa və Şərq məmləkətlərində təmsil edib. İstanbuldan başqa, Ankara, Qars, Trabzon və Ərzurumda da şöhrət sahibidir.
3. Doktor Ağaoğlu Mehmet; İstanbulda yerləşib Vyanada ikmali-təhsil edən İslam sənət tarixi mütəxəssisidir. Vəqflər Muzeyində, İstanbul Darülfünunda çalışmışdı. Amerikaya dəvət olunaraq Filadelfiya (yanlışdır, əslində Miçiqan - V.Q.) Universitetinin İslam Sənət tarixi professoru oldu. 1949-da orada öldü. Anası Başxanım İstanbulda yaşamaqdadır.
VIII: Təbrizlilər
Bir çox ailələr gəlib. Aralarından vəzir, xəttat, şairlər yetişib.
1. Müəllim Feyzi Əfəndi (bax: Feyzi Əfəndi, müəllim) Təbrizin Türkmənlər qəsəbəsindəndir. Atası Əsədulla Molla qəsəbənin müftisi və xocası idi. Feyzi Əfəndinin oğlu Mehmet Səfa bəy İksel Osmanlı Xarici İşlər Nazirliyinin dəyərli mənsublarından olub, mətbuat müdiri vəzifəsində çalışıb. Bu sətirlərin yazıldığı sırada isə Cümhuriyyət Mərkəzi Bankının Əlaqələr müdiridir. Oğlu Səttar İksel Paris səfirliyimizin müşaviridir. Səfa Əfəndinin qızı Zeynəb xanım Ankara radiosunda musiqi tarixi verilişini aparan Cavad Məmduh Altarın zövcəsidir.
2. Rəmzi Baba (bax: Rəmzi Baba), İstanbulda yaşayan təbrizli qələndər bir bəktaşidir. İçkiyə düşkün idi. Hər cür adamla oturub-dururdu. Tanışları arasında vəzir-vəkildən tutmuş küçə dilənçisinə qədər, hər növ insan vardı.
3. Sadıq Kağızçı; "Aftab" mağazasının sahibidir. Kağız, dəftərxana ləvazimatı ticarəti ilə məşğul olan xeyirsevər bir insandır.
4. Cavad bəy Azər; milliyyətçi, türkçü şəxs kimi tanınır. Təbrizdə müəllim idi. İstanbula gələndən sonra ticarətlə məşğul olmağa başladı. Ədəbiyyat və tarixlə maraqlanan, sözü-söhbəti dadlı bir şəxsdir.
5. İhrabi, Təbrizin İhrab məhəlləsindəndir. Dünya müharibəsindən əvvəl İstanbula yerləşib. Ailəsi çoxdan bəri İstanbulla Təbriz arasında xalı-xalça ticarəti ilə məşğuldur. Alim və fazil adamdır. Farsca şeirləri var.
6. Prins Daniş, Prins Mirzə Riza Ərfəüddövlə. Əslən ərzurumludur, keçmiş vaxtlarda İrəvana hicrət etmiş bir ailənin övladıdır. İstanbulda uzun zaman səfir kimi İranı təmsil edib. Ana dili türkcədən başqa fars, ərəb, fransız, rus, alman, latın, ingilis dillərini bilir. Türkcə və farsca şeirler yazıb.
IX: Gəncəlilər
1. İstanbulda yaşayan gəncəli azərbaycanlıların ən qədimi məşhur Qara Məhəmməd bəy ailəsidir. Onlara Məhəmmədzadələr, Məmmədovlar da deyilir. Dörd nəsildən bəri İstanbul sakinidirlər. İlk dəfə, təxminən, 1250-ci ildə (miladi 1834-1835-ci il - V.Q.) ticarət məqsədi ilə bura gəlib Üsküdar Şəmsipaşada bir yazlıq ev alıblar. 1300-cü ildə (miladi 1884-1885) Mahmudpaşada Yıldız karvansarasının böyük bir hissəsinə sahib olublar. Bu ailədən mərhum Hacı Baba Gəncəli və qardaşı Nəcəf Gəncəli (bu sətirləri yazanın babası) İstanbulun məşhur tacirləri kimi tanınırdılar. Bu ailədən Mehmed bəy Mehmetzadə Yıldız karvansarasında ticarətlə məşğuldur. Ədib bir şəxsdir. Bu sətirlərin müəllifi Əli Gəncəli hər kəslə dostluq və mehribanlıq edən, zarafatcıl, yumoru sevən, deyilənə görə, xasiyyət baxımından qələndəri insandır. (Rəşad Əkrəm bu sətirlərə məhəbbət hissi ilə aşağıdakıları əlavə edir: "Həqiqi mənada ziyalı, son dərəcə enerjili, amma bəlkə də bir az bəxti gətirməyən, atəşin zəkasının haqqı olan təvazökarlığın bir ucunu ara-sıra açmaqdan xoşlanan bir şəxsdir. İstanbul Ansiklopedisi hazırlanmasından ilk xəbərdar olanlardan və Rəşad Əkrəm Koçunu bu işə ürəkləndirənlərdən biri olub").
2. Mərhum Zeynal Gəncəli ədib, şair və alim bir şəxs idi. Ömründə heç bir işin üzərində səbatlı olmadı, əsərinin üzünü çıxarıb hazır vəziyyətə gətirməyə belə həvəs göstərmədi. Bütün vaxtını dosta-tanışa sataşmaq, zarafat və lətifə ilə keçirdi. Şeir və məqalələrini daim təxəllüslə çap etdirdi.
3. Adil Ziyadoğlu ailəsi. Gəncənin ən qədim ailələrindəndir. Səfəvi, Osmanlı və rus dövrlərində dədə-babadan Gəncə bəylərbəyi olublar. Qacar sülaləsinin yuxarı baş qolunun Ziyadoğlu boyuna mənsubdurlar. Bu ailədən İstanbulda yerləşən Adil Cavad xandır. Gəncənin son bəylərbəyi Cavad xanın oğludur (yanlışdır, əslində Adil xan Cavad xanın nəticəsi, yəni nəvəsi Əbülfət xanın oğlu idi - V.Q.) Azərbaycan hökumətinin xariciyyə naziri idi. Sonra İran səfiri oldu; Finlandiya Müsəlmanlar Konqresində Azərbaycan müsəlmanlarını təmsil etdi. Rus dili və ədəbiyyatı professoru vəzifəsindən təqaüdə çıxdı. Rus, fars, fransız və alman dillərini ana dili kimi bilir. Azərbaycan etnoqrafiyası və folkloruna dair dərin bilgi sahibidir. Azərbaycan haqda Bakı, Tehran və İstanbulda bir çox əsərlər nəşr etdirib.
3. Yusif bəyin (yanlışdır. Əslində söhbət Nəsib bəy Usubbəyovdan gedir - V.Q.) qızları. Gəncənin tanınmış ailələrindən Yusif bəy Azərbaycanın dövlət rəisi idi. Azərbaycan dövləti süqut edəndə ortadan yox oldu. Qızı, rəfiqəsi (xanımı) və damadı köçüb İstanbula yerləşdi (yanlışlığa yol verilib. Yusif bəyin kürəkəni, Cümhuriyyətin ali təhsil almaq üçün Avropaya göndərdiyi 100 tələbədən biri, Türkiyədə 1934-cü il soyad qanunundan sonra Göygöl familiyasını qəbul edən əslən gəncəli Mirzə Hacızadə Nəsib bəyin qızı Zəhra ilə 1930-cu illərdə ailə qurmuşdu - V.Q.). Həyat yoldaşı Şəfiqə xanım Krımlı məşhur İsmayıl bəyin qızıdır.
4. Doktor Əhməd Cəfəroğlu. Gəncədən İstanbula təhsil almaq üçün gəlib burada yerləşdi. İstanbul Universitetinin Ədəbiyyat fakültəsində türk dili tarixi professorudur. Bir çox əsərlərin müəllifidir (bax. Dr. Əhməd Cəfəroğlu).
"İstanbul Ansiklopedisi", c. III,
İstanbul, 1948, s. 1686-1690
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
