Teodor Menzel və onun I Ümumittifaq Türkoloji Qurultaydan qeydləri - Nadir MƏMMƏDLİ

 

Teodor Menzel 1878-ci ilin dekabr ayında Almaniyanın Münhen şəhərində yəhudi ailəsində doğulub. Erkən yaşlarından humanitar elmlərə maraq göstərən T.Menzel Şərq filologiyası üzrə əvvəlcə iki il təhsil almış, daha sonra diqqətini hüquq və şərqşünaslıq sahələrinə yönəltmişdir. Münhen Universitetində hüquq fakültəsində oxumuş, bir  müddət hüquq sahəsi üzrə təcrübə keçmiş, daha sonra Berlində Şərq Dillərinə birillik Hazırlıq proqram təhsilini davam etdirmişdir. Yaxın Şərq ölkələrində tərcüməçi və bələdçi kimi fəaliyyət göstərmək üçün tələb olunan imtahanları uğurla verərək, praktik şərqşünaslıq sahəsində də səriştə qazanmışdır.

1904-cü ildən etibarən T.Menzel "ikinci vətənim" adlandırdığı Odessa şəhərinə köçmüşdür. Həmin dövrdə şəhər çoxsaylı yəhudi icmasının, eləcə də elmi-mədəni mühit mərkəzlərindən biri idi. Həmin illərdə G.Yakobun "Türkische Bibliothek" nəşrlər seriyasını təsis etməsi T.Menzelin türkologiya istiqamətində elmi maraqlarını genişləndirmişdi.  O, 1905-ci ildə Erlangen Universitetində Yakobun rəhbərliyi ilə  "Mehmet Tevfiq: ein jahr in Stambul" mövzusunda dissertasiyasını  müdafiə edərək, türk ədəbiyyatı üzrə doktorluq elmi  dərəcəsi almışdır. İstanbulun "qış məclisləri", "halvaçı söhbətləri", məhəllə qəhvəxanaları və bu məkanlarda toplanan müxtəlif sosial təbəqələrin həyatını əks etdirən tədqiqatları folklor və etnoqrafiya baxımından mühüm mənbə hesab olunur.

1909-cu ildə G.Yakobla birlikdə Türkiyəyə səfər edən Menzel İstanbul və Qərbi Anadoludakı bəktaşiliklə bağlı  tədqiqatlar aparmışdır. O, G.Yakob tərəfindən nəşr edilən, Osmanlı və xalq ədəbiyyatından tərcümələri də əhatə edən "Türkische Bibliothek" nəşrlər seriyasının (Berlin, 1914-1929) XXIV cildinin hazırlanmasında da yaxından iştirak etmişdir. Lisey illərində ivrit dilini, universitet təhsili dövründə isə ərəb dilini yüksək səviyyədə mənimsəyən T.Menzel türk dilinə xüsusi maraq göstərmiş, Odessa muzeylərində mühafizə olunan türkdilli epiqrafik mətnlər üzərində elmi araşdırmalar aparmışdır.

O, I Dünya müharibəsi illərində ruslar tərəfindən əsir götürülərək, Astraxan şəhərinə göndərilmiş, 1918-ci ilin yayında - müharibənin başa çatmasından sonra əsirlikdən azad edilmişdir. Ailəsini görmək üçün yenidən Odessaya qayıdan T.Menzel burada pedaqoji fəaliyyətə başlamış, Odessa Universitetində dosent vəzifəsinə təyin olunmuş, 1921-ci ildə Arxeologiya fakültəsində türk dili üzrə professor vəzifəsini tutmuşdur. 1922-ci ildə Almaniyaya qayıdan T.Menzel Kiel Universitetində müəllim, 1924-cü ildə islam filologiyası üzrə dosent, 1926-cı ildə isə ştatdankənar professor kimi fəaliyyət göstərmişdir.  Elmi fəaliyyəti ilə əlaqədar olaraq Kiçik Asiya, Krım, Suriya, Fələstin, Misir, Tunis, Əlcəzair və Türkiyə daxil olmaqla bir çox Şərq ölkəsində elmi ezamiyyətlərdə olmuşdur.

 

T.Menzel 1929-cu ildə müəllimi G.Yakobun rəhbərlik etdiyi Kiel Universitetinin Şərqşünaslıq Araşdırmaları Mərkəzinə direktor təyin edilmiş, islam filologiyası üzrə ordinar-professor vəzifəsini icra etmiş və 1937-ci ilə qədər bu vəzifədə çalışmışdır. Onun təşəbbüsü ilə burada "İslam" adlı elmi jurnal nəşr olunmuşdur. Həmin il Almaniya Arxeologiya İnstitutu onu epiqrafik tədqiqatlarına görə institutun katibliyinə üzv seçmişdir.

Epiqrafiya sahəsində çoxsaylı araşdırma aparmasına və hələ nəşr edilməmiş nəhəng ərəbdilli kitabə kolleksiyasına malik olmasına baxmayaraq, T.Menzelin türk dilinə olan dərin marağı onu türkologiyanın aparıcı simalarından birinə çevirmişdir. Bu marağın formalaşmasında müəllimi G.Yakobun xüsusi rolu olmuşdur. G.Yakob və Paul Hornla yanaşı, T.Menzel türk dilinin elmi, mədəni əhəmiyyətini dərindən anlayan, etnologiya, klassik poeziya və müasir ədəbiyyatı kompleks şəkildə araşdıran azsaylı alimlərdən biri idi. O, Georg Jakobun 70 illiyi münasibətilə nəşr edilən "Festschrift Georg Jacob" (Leipzig, 1932) adlı toplunun redaktoru olmuş, Friedrich Giese ilə birlikdə Hammer-Purgstalldan sonra Avropada türkologiya elminin inkişafına ciddi töhfələr vermişdir. Folklora olan xüsusi marağı onun elmi fəaliyyətinin aparıcı xətlərindən biri olmuşdur. Mehmed Tevfiqin "İstambulda bir il" əsərinə yeni elmi yanaşması böyük maraq doğurmuşdur.

Türk xalqlarının tarixi ilə də məşğul olan T.Menzel məşhur tarixçi-şərqşünas V.Bartoldun əsərlərindən tərcümələr etmiş, nəşrinin "Cahannamə"si üzərində uzun illər çalışmış, lakin vaxtsız vəfatı bu əsərin işıq üzü görməsinə imkan verməmişdir. Sonralar bu işi Frans Taşner tamamlamışdır.

T.Menzel Xristian-Albrext Universitetinin elmi və ictimai həyatına da mühüm töhfələr vermiş, xüsusilə tələbə təşkilatlarının inkişafında fəal iştirak etmişdir. Bu xidmətlərinə görə universitetin tələbə dərnəyi 1934-cü ildə onu fəxri üzv seçmişdir. 1934-1936-cı illərdə Kiel Universitetində Dil, Tarix və Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Lakin Almaniyada nasist rejiminin yəhudi əsilli dövlət qulluqçularının vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan "qanunlar"ına əsasən   1937-ci ildə təqaüdə göndərilmişdir. Teodor Menzel 10 mart 1939-cu ildə avtomobil qəzasında vəfat etmişdir.

Latın qrafikasının tətbiqi məsələsi ilk dəfə 1920-ci il iyulun 3-də Azərbaycan Xalq Maarif Komissarlığının kollegiya iclasında qaldırılmışdı. Həmin il, noyabrın 11-də Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə türk əlifbasının islahatı layihəsini hazırlamaq üçün xüsusi komissiya yaradılmış, professor Jüze sədr təyin olunmuşdu. 1920-ci illərin ortalarında SSRİ-də başlanan latınlaşdırma hərəkatı zahirən türk xalqları üçün modernləşmə tədbiri kimi təqdim olunsa da, Ankarada bu prosesin arxa planındakı siyasi məqsədlər diqqətlə izlənirdi. Sovet rəhbərliyinin latın qrafikasına keçidi təşviq etməsi, ilk baxışda, Türkiyənin islahat xətti ilə paralel görünürdü, lakin bu, mahiyyətcə tamam fərqli ideologiyaya xidmət edirdi. Moskva üçün latın əlifbası türk xalqlarını ərəb-islam mədəniyyət çevrəsindən uzaqlaşdırmaq və gələcəkdə kiril qrafikasına keçid üçün mərhələ olduğu halda, Türkiyə üçün latın qrafikası modern millət quruculuğu və Qərbə inteqrasiyanın rəmzi idi. Bu səbəbdən SSRİ məkanında aparılan əlifba islahatlarının Ankarada həm maraq, həm də narahatlıq doğurması təbii idi. Bir tərəfdən, müstəqilliyini itirmiş türk respublikalarının yeni yazı sisteminə keçməsi mədəni yaxınlaşma üçün nəzəri imkanlar yaradır, digər tərəfdən isə həmin prosesin sovet nəzarəti altında aparılması bu yaxınlaşmanın Ankara tərəfindən yönləndirilə bilməyəcəyi anlamına gəlirdi.

Beləliklə, latın qrafikasına keçid Türkiyə üçün strateji baxımdan həm fürsət, həm də geosiyasi risk idi. Məhz bu ikili vəziyyət Türkiyə  ictimaiyyətinin, eləcə də  mətbuatının 1926-cı il I Ümumittifaq Türkoloji Qurultayına münasibətini müəyyənləşdirmişdi. Dövrün qəzetləri qurultay barədə məlumat versələr də, açıq dəstək göstərmədən, əsasən müşahidəçi mövqe nümayiş etdirirdilər. Mətbuatda yayılan yazılar diqqətlə təhlil edildikdə, Türkiyənin həmin prosesə ideoloji deyil, daha çox diplomatik tərəfdən yanaşdığı görünür. Bu ehtiyat həm Sovet İttifaqı ilə münasibətlərin kəskinləşməsinə yol verməmək, həm də SSRİ daxilində latınlaşmanın uzunmüddətli strateji nəticələrini dəqiq qiymətləndirmək zərurəti ilə bağlı idi. Həmin dövrün mətbuat müzakirələri Türkiyədə müxtəlif ideoloji cərəyanların mövqelərini açıq şəkildə üz-üzə qoymuşdu,  M.K.Atatürkün rəhbərliyi ilə aparılan əlifba islahatı regionda tamam fərqli istiqamət almışdı. 1926-cı il Qurultayının müzakirələrini və nəticələrini diqqətlə təhlil edən M.K.Atatürk Y.Messaroş, F.Köprülüzadə, Ə.Hüseynzadə və T.Menzel kimi mütəxəssislərin elmi məsləhətlərindən faydalanaraq, strateji qərar verməyə zəmin yaratmışdı. Mustafa Kamal Atatürk tərəfindən T.Menzelin Türkiyəyə dəvət edilməsi onun elmi nüfuzunun göstəricisi idi.

T.Menzel 1926-cı il 26 fevral - 6 mart tarixlərində Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayda Almaniyanın nümayəndəsi kimi iştirak etmişdir. O, Qurultaya aldığı dəvət və orada iştirakı barədə yazır ki, həmin vaxt İstanbulda araşdırma aparırdı və dəvətnaməni rəsmi şəkildə ilk qəbul edən xarici nümayəndə olub. Fuad Köprülüzadə ilə söhbət zamanı ondan da şifahi şəkildə dəvət almışdı. Daha sonra Qurultaya çağırılması S.Ağamalıoğlunun təcili rəsmi teleqramı ilə təsdiqlənmişdi.  "30 dekabr tarixi ilə göndərilən dəvətlər ünvanlara çatdırıldı. Mənə aid sənədlər isə sonradan İstanbula (qeyd edim ki, orijinal nüsxədə İstanbul "müəyyən səbəblərə görə" Konstantinopol adlandırılmışdır -  N.M.) göndərildi və mən onları orada qəbul etdim." (Der.1.Turkologische Kongress in Baku. "Der Islam", vol. 16, No. Jahresband, 1927, s. 1).  "Mənim Konqresdə nümayəndəlik vəsiqəmin üzərində nömrə 32 yazılmışdı və üzərində açıq şəkildə (rus və türk dillərində) belə bir qeyd çap olunmuşdu: "səsvermə hüququ ilə." (yenə orada, s.200).  Başlanğıcda İstanbul və Ankaradakı türk alimlərinin Qurultayda iştirakı planlaşdırılmışdı. Lakin əlifba məsələsindəki qeyri-müəyyənlik səbəbilə bir çox alim qatılmaqdan imtina etdilər. "Konqresin fəaliyyəti ilə yaxından tanış olmayan bəzi şəxslər onu "...etnoqrafik tamaşa" və ya "xalqlar sərgisi" kimi təqdim etməyə çalışmışlar. Belə münasibət yalnız xarici siyasət sahəsində məlumatın yetərli olmaması  və Şərqdə baş verən mühüm prosesləri dərk etmək qabiliyyətinin çatışmazlığı ilə izah oluna bilər. Təəssüf ki, Almaniyanın bəzi dairələrində bu cür yanaşmalara tez-tez rast gəlinir." (Der.1.Turkologische Kongress in Baku. "Der Islam", vol. 16, No. Jahresband, 1927, s.2).

1926-cı ildə Bakıda keçirilmiş I Ümumittifaq Türkoloji Qurultay təkcə elmi bir toplantı deyil, türk xalqlarının ortaq yaddaşında iz qoymuş tarixi bir hadisədir. Həmin Qurultayda iştirak etmiş məşhur alman türkoloqu T.Menzel müşahidələrini və təəssüratlarını ayrıca qeyd kimi  qələmə almışdır (Menzel, Theodor. "Der. 1. Turkologische Kongress in Baku "Der Islam, vol. 16, No. Jahresband, 1927, 1927, p. 1-76. 1927, pp. 169-228). Bu qeydlər Qurultayın keçirildiyi dövrün ictimai-siyasi və elmi-mədəni mühitini öyrənmək baxımından mühüm mənbələrdən biri hesab olunur. Qeydlər Qurultayın fəaliyyətinə, gündəliyinə və gedişatına həsr olunmuşdur. Bir əsr öncə keçirilmiş bu Qurultayın mühüm hadisələri, xatirələri, müşahidələri elmi və tarixi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən əsərin tərcümə edilərək Azərbaycan oxucusuna təqdim olunmasını vacib hesab etdik.  Həmin məqalələr Prof. Dr. Səlcuk Ünlü tərəfindən alman dilindən tərcümə edilərək 2017-ci ildə kitab şəklində Konyada nəşr olunmuşdur. Əsərin Bakıda türk dilindən Azərbaycan dilinə tərcüməsi və nəşri üçün Türk Dil Qurumunun sədri professor Osman Mərt və  Səlcuk Ünlüyə xahiş məktubu ünvanladıq. Təşəbbüsümüzə xeyir-dua vermələri bizi çox sevindirdi. Ancaq bu qeydlərin almancadan Azərbaycan dilinə tərcüməsini daha münasib hesab etdik. Bizə Martin Luther Universiteti Halle-Vittenberq Almaniya Əsas kitabxanasının Şərqşünaslıq və Etnologiya şöbəsinin rəhbəri Dr. Volker Adam Menzelin məqalələri barəsində məlumat əldə etməyə yardımçı oldu. Ona dərin minnətdarlığımızı bildiririk. Əsərin orijinal nüsxəsinin Almaniyadan bizə təqdim edilməsi xalqlar arasında elmi həmrəyliyin və əməkdaşlığın dəyərli nümunəsidir. Hamburq kitabxanasında mühafizə olunan bu materiallar ayrıca kitab şəklində nəşr edilməmiş, yalnız universitet kitabxanasında cildlənərək, kataloqlaşdırılmışdır. Ümid edirik ki, bu qeydlərin nəşr edilməsi türk xalqlarının ortaq tarixi yaddaşının öyrənilməsinə xidmət edən uzunmüddətli elmi əməkdaşlığın başlanğıcı olacaqdır.

T.Menzel qeydlərində yazır: "1925-ci il dekabrın 23-də İstanbuldan Batumiyə yola düşdüm, Tiflis üzərindən 1926-cı il 3 yanvar səhər Bakıya çatdım. Bakıya gələn ilk xarici nümayəndə idim. Gəldiyim gün mənə məlum oldu ki, Qurultay təxirə salınıb." O, qeyd edir ki, Qurultayın başlanğıc tarixinə - 26 fevraladək Bakıda qalmaq və mühazirələr oxumaq üçün təklif alsa da, yanında kifayət qədər material olmadığı üçün və daha yaxşı işləmək istədiyindən Bakını tərk edərək, İstanbula qayıtmışdır. Məlumat verir ki, Qurultayın rəsmi açılışı 1926-cı il 26 fevral, cümə günü, Bakıdakı məşhur İsmailiyyə binasında baş tutmuşdu. Bu bina Bakının mədəni və siyasi həyatının mərkəzi sayılırdı. Ziyalılar, mətbuat nümayəndələri, rəsmi şəxslər və sadə xalq böyük maraqla tədbirə axışmışdı. Zal ağzınadək dolmuşdu. Əhali bu Qurultayı sadəcə bir elmi yığıncaq deyil, türk xalqlarının gələcəyi üçün tarixi bir dönüş nöqtəsi kimi görürdü. Xalq arasında belə ifadələr də eşidilirdi: "Latın əlifbası gəlir!", "Artıq öz dilimizdə oxuyacağıq!", "Görəsən, Moskva buna necə icazə verib?"

Qurultayın əsas məqsədi türkdilli xalqlar arasında əlifba islahatı məsələlərini müzakirə etmək, yeni latın qrafikalı türk əlifbasının elmi əsaslarını formalaşdırmaq, ortaq terminologiya, dil siyasəti və tədris metodikasına dair mövqeləri uzlaşdırmaq idi. Bu mötəbər elmi toplantı SSRİ məkanından və Avropadan tanınmış türkoloqları, dilçiləri və ziyalıları bir araya gətirərək, türkoloji fikrin beynəlxalq müstəvidə dialoquna şərait yaratmışdır. T.Menzel Qurultay çərçivəsində rus və Avropa türkoloqları ilə türk dünyasının aparıcı ziyalıları arasında elmi əlaqələrin qurulmasında mühüm vasitəçi rolunu oynamış, xüsusilə rus türkoloqlarının İstanbula dəvəti, onların orada rəsmi və elmi dairələrlə görüşlərinin təşkili prosesində fəal iştirak etmişdir. Bu fəaliyyət onun yalnız alim deyil, eyni zamanda diplomatiya sahəsində də ciddi fiqur olduğunu göstərir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, T.Menzel ümumən latın qrafikasına keçidin tərəfdarı olsa da, I Ümumittifaq Türkoloji Qurultayında ərəb əlifbasından latın əlifbasına keçidin sürətli və kəskin şəkildə həyata keçirilməsinə ehtiyatla yanaşdığını açıq şəkildə ifadə etmişdir. Onun bu mövqeyi islahatın mədəni, tarixi və psixoloji aspektlərinin də nəzərə alınmasının vacibliyindən irəli gəlirdi. Bununla belə, sonrakı illərdə T.Menzel əlifba islahatının elmi əsaslandırılması, Avropa elmi dairələrində tanıdılması və yayılması istiqamətində ardıcıl və fəal mövqe tutmuşdur. T.Menzel qeydlərində yazır: "Bakıya gəldikdən sonra etdiyim çıxışlarda və sonradan mətbuatda da əks olunan fikirlərimdə Almaniyanın  türkoloji tədqiqatlara göstərdiyi yüksək diqqət və dəstəyi qürur hissi ilə vurğuladım; Müller, Grünvedel, fon Lekok, Banq və Yakob kimi alimlərin adlarını çəkdim. Təəssüf ki, Almaniyada türk dili və türkologiyanın inkişafını dəstəkləyən rəsmi bir professorluq kafedrası mövcud deyildi. Bununla yanaşı, şərqşünas olan Prussiya maarif naziri Pr. Dr. Bekkerin anlayışlı münasibəti sayəsində konqresdə iştirak etmək imkanına malik olduğumu da xüsusi məmnunluqla qeyd etdim." (Der.1.Turkologische Kongress in Baku. "Der Islam", vol. 16, No. Jahresband, 1927, s.13). Lakin "Almaniya mətbuatı Bakı Konqresinə, demək olar ki, diqqət yetirməmişdir. Halbuki İngiltərədə, ölkənin artıq göndərə biləcəyi türkoloqu qalmamasına baxmayaraq, mətbuat qurultayın işini böyük maraqla izləmişdir. İngilis ictimaiyyəti Asiyada türk ideyasının oyanmasının siyasi əhəmiyyətini daha aydın şəkildə dərk edirdi." (yenə orada, səh.2).

I Ümumittifaq Türkoloji Qurultay dünya türkoloji tarixində dönüş nöqtəsi hesab olunur. Burada qəbul edilən qərarlar nəticəsində SSRİ-də türkdilli xalqlar arasında latın qrafikasına keçid prosesi sürətlənmiş, dilçilik, ədəbiyyatşünaslıq və folklorşünaslıq, etnoqrafiya, arxeologiya, antropologiya sahələrində yeni tədqiqat istiqamətləri formalaşmışdır.

T.Menzelin qeydlərinin Azərbaycan dilinə çevrilməsi bu tarixi yaddaşın qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm bir təşəbbüsdür. Aradan yüz il keçməsinə baxmayaraq, T.Menzelin qeydləri öz aktuallığını itirməmişdir. Onlar bugünkü oxucuya yalnız keçmişi tanıtmaqla kifayətlənmir, həm də türk xalqlarının ortaq elmi və mədəni yaddaşının formalaşma prosesini daha yaxından izləmək imkanı yaradır. Bu kitab türkoloji düşüncəyə, ortaq mədəni yaddaşımıza bir töhfə olaraq nəşr olunur. Təşəbbüsün əsas məqsədi türk xalqlarının ortaq elmi irsinə xidmət etməkdir. Bunu Azərbaycan türkoloqlarının həm peşə, həm də mənəvi məsuliyyəti hesab edirik. Türk dünyasının ortaq yaddaşına xidmət yalnız ardıcıl, təmkinli və məsuliyyətli elmi fəaliyyət sayəsində mümkündür. Təqdim olunacaq tərcümə də məhz həmin məqsədə xidmət edən kiçik bir töhfə kimi dəyərləndirilə bilər.

T.Menzelin I Ümumittifaq Türkoloji Qurultaydan yazdığı qeydlər qurultayın keçirildiyi dövrün ictimai-siyasi və elmi-mədəni mühitini öyrənmək baxımından mühüm tarixi əhəmiyyət daşıyır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!