Dilqəm ƏHMƏD
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais bəylə söhbətlərimizin birində demişdi ki, ona babasının şəklini ilk dəfə Mövsüm Əliyev göstərib. Buna təəccüblənmədim, çünki Sovet dövründə Cümhuriyyət və onun qurucuları barədə bildiklərini müstəqilliyimizin ilk illərində ardıcıl şəkildə yazan Mövsüm bəyin bu məlumatlara vaqif olması təbii idi. Hələ "Qobustan" dərgisində işləyərkən Cümhuriyyət dövrünün şəxsiyyətlərini mövcud şərtlər daxilində qələmə ala bilmiş, müəyyən bilgiləri ötürməyi bacarmışdı.
Təəssüf ki, Mövsüm Əliyevin həyat hekayəsi barədə əlimizdə, demək olar ki, heç bir geniş material yoxdur. 1939-cu ildə Bakıda doğulduğu, Zirə kəndindən olduğu yazılır. "Qobustan" jurnalında ixtisasının memar olduğu qeydi verilib.
"Qobustan"ın 1969-cu ildə çıxan ilk sayında Mövsüm Əliyev "İllərdə izlər" rubrikası altında Cümhuriyyət tələbəsi, dövrün poçt markalarının, medallarının müəllifi Zeynəl Əlizadə haqqında qısa məlumat verib, şəklini dərc edib. Jurnalın 1970-ci ildə çıxan 7-ci sayında onun memar Mikayıl Hüseynov haqqında "Böyük qurucu", 8-ci sayında isə memar Sadıq Dadaşov barəsində "Qüdrətli sənətkar" adlı məqalələri işıq üzü görüb. "Qobustan"ın 1975-ci ildə çıxan 25-ci sayında isə yenə "İllərdə izlər" rubrikasında onun sənətşünas Cavad Rəfibəyli, Cümhuriyyət dövründə İstiqlal Muzeyinin qurucularından Məhəmməd Ağaoğlu haqqında yazıları verilib.
1988-ci ildə Meydan hərəkatından sonra yaranan nisbi azadlıq dönəmində isə onun "Qobustan"da birbaşa Cümhuriyyət dövrü ilə bağlı yazıları dərc olunmağa başlanıb. Bu illərdə onun dərgidə "Azərbaycanda medal sənəti", "ADR-də mədəni-maarif məsələsi", "Azərbaycan Demokratik Respublikasının poçt markaları", "Azərbaycan Demokratik Respublikasının pulları və istiqraz vərəqəsi", "Azərbaycan Demokratik Respublikasının bayrağı və gerbi haqqında məlumat" kimi məqalələri yayımlanıb.
Bu illərdə Mövsüm Əliyevin "Vətən" Cəmiyyətinin rəsmi orqanı olan "Odlar Yurdu" qəzetində, "Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə" Cəmiyyətinin "Novruz" qəzetində, "Açıq söz", "Gənclik" jurnallarında və digər mətbu orqanlarda çoxsaylı məqalələri dərc olunub. Əksəriyyəti "Bu barədə ilk dəfə" başlığı ilə dərc olunan bu yazılar vasitəsilə geniş oxucu kütləsi Cümhuriyyət və onun xadimləri haqqında məlumata sahib olublar. M.Ə.Rəsulzadə haqqında Vətəndə yazılmış ilk məqalə də ona məxsusdur. Behbud xan Cavanşir, Mustafa Vəkiloğlu, Mirzə Bala Məhəmmədzadə, Əbdülvahab Yurdsevər, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanzadə kimi onlarla şəxsiyyət haqqında məhz ilk dəfə Mövsüm Əliyev məlumat verib.
.png)
Sonrakı illərdə onun "Azadlıq", "İntibah", "Müxalifət" kimi qəzetlərdə də yazıları işıq üzü görüb. 1997-ci ildə "Şərq-Qərb" mətbəəsində akademik Ziya Bünyadovla birlikdə kiçikhəcmli "Fətəli xan Xoyski" adlı kitabı nəşr edilib.
Mövsüm Əliyev 1998-ci ildə evində tənha şəkildə dünyasını dəyişib. Tədqiqatçı Sərxan Carçının araşdırmasına görə, o, 1998-ci ilin dekabr ayının son günlərində vəfat edib, 1999-cu il yanvarın 4-də morqa təhvil verilib, yanvarın 13-də Qurd Qapısı qəbiristanlığında dəfn olunub.
Mərhum tədqiqatçı Nəsiman Yaqublu Mövsüm bəy haqqında qələmə aldığı məqaləsində yazırdı: "M.Əliyev köhnə görkəmli boz rəngli kostyumda, qışda isə mavi rəngi tam solğunlaşmış plaşda, bəzən də köhnə boz paltoda gəzirdi. Maraqlı idi ki, ilin yalnız bir günündə onun geyimində bir təzəlik görmək mümkün idi - o da 28 May İstiqlal günündə. Həmin günü o, özünün təzə qırmızı qalstukunu taxıb fəxrlə, qürurla şəhərdə gəzişərdi. Sonrakı günlərdə isə o qalstuku bir də taxmazdı, saxlayardı növbəti 28 May gününə".
Nəsiman bəy onun iki dostu olduğunu bildirib: Jurnalistlər Birliyinin sədri olmuş Hacı Hacıyev və akademik Ziya Bünyadov. Amma onun başqa bir dostu da vardı: Diplomat, mühacirətşünas alim Ramiz Abutalıbov. Məhz Ramiz bəyin arxivində Mövsüm Əliyevə aid iki məktub qorunmaqdadır.
Dövrün ab-havasının öyrənilməsi, ən ağır şərtlər altında Cümhuriyyət irsinin tədqiqi yolunda çəkilən cəfaların bilinməsi məqsədilə həmin məktubları təqdim edirəm:
***
Ramiz Abutalıbova birinci məktub
Hörmətli dostum Ramiz bəy!
20.XI.89-cu ildə yazdığınız və Hacı Hacıyevlə mənə göndərdiyiniz məktubu dekabrın 6-da almışam. Məktubda göstərilən və Hacı müəllimlə mənə göndərdiyiniz bütün məqalə və kitablar çatıb. Sizin məktubdan sonra məlum oldu ki, siz mənə Aydın Məmmədovla kitab göndərmisiniz. Mən sizin məktubu alana kimi onunla üç-dörd dəfə görüşmüşdüm, ancaq o, bu barədə bir kəlmə də söhbət açmamışdı. Uzun dava-döyüşdən sonra ondan bir banderol və Qarabağ haqqında fransız dilində nəşr olunmuş kitabı ala bildim. Mən bilmirəm ki, sizə necə təşəkkürümü bildirim ki, siz buna inana biləsiniz?
Məsələ qaldı, Ceyhun Hacıbəylinin "İlk müsəlman respublikası Azərbaycan" məqaləsinə, o, tapılıb! Elçin həmin nömrəni verib "Vətən" cəmiyyətinin Avropa şöbəsinin müdiri F.Bağırova, o da onu seyfdə saxlayır. F.Bağırov xaricdə idi, gəlib çıxandan sonra məsələ aydın oldu. Məqalənin mikrofilmini çıxartdım. Onu da qeyd edim ki, həmin məqalə çox qiymətlidir!
Əziz dostum, sizin mənə yazdığınız məktubdan sonra mənə məlum oldu ki, "Qarabağnamələr" kitabı çapdan çıxıb, çünki kitab mağazalarında gözə dəyməyirdi. Sizin sifarişlə əlaqədar olaraq Bakının bütün mağazalarına baş çəkməli oldum. Lakin kitab satıcıları hamısı bir ağızdan xorla: - "Çox az nüsxə almışıq, o da çoxdan satılıb". Beləliklə, mağazalardan həmin kitabı əldə etmək məsələsi heçə endikdə müəyyən dostların vasitəsi ilə dekabrın 19-da sizin üçün dörd nüsxə "Qarabağnamə" əldə etmişəm.
Məsələ qaldı, Nəriman Nərimanovun "Seçilmiş əsərləri"nə /rus dilində/, həmin kitab dekabrın 23-dən satışa gəlib. Həmin kitabdan da sizin sifarişlə üç nüsxə almışam.
Bir məsələdə siz səhvə yol vermisiniz. Bu kitabın ancaq ikinci cildi çap olunub! Üçüncü cild barəsində hələ söhbət var. Nə vaxt çap olunub və satışa buraxılacaq, onu heç kəs bilmir? Bu yaxın gələcəkdə çap olunub və satışa buraxılsa, onda alıb sizə mütləq göndərərəm.
Kitabları əldə etdikdən sonra sizə zəng etdim, lakin telefon cavab vermədi. Bundan sonra hər gün axşam saat 10-da sizə zəng etmişəm, lakin telefon cavab vermirdi. Fikirləşdim ki, bəlkə telefonunun nömrəsi dəyişib. Bununla əlaqədar olaraq üç dəfə sizin evə getmişəm, lakin evdə heç kəs yoxdur. Dekabrın 29-dan bu il yanvarın 7-dək Moskvada olmuşam. Oradan da sizə, Bakıya zəng etmişəm, lakin telefonun dəstəyini qaldıran olmayıb. Bakıya qayıtdıqdan sonra hər gün axşam sizə zəng eləyirdim, ancaq bir şey çıxmayırdı. Nəhayət, yanvarın 14-də, Allaha təvəkkül, gündüz saat 11-də sizə zəng elədim və telefona qadın yaxınlaşdı. Sizin adınızı verərək qızınız Nigar xanımın telefona çağırılmasını tələb etdim! Nigar xanıma telefonla sizin sifarişinizi ona çatdırılmasını qeyd etdim. Vaxt təyin olundu.
Həmin gün saat 3-də üç nüsxə "Qarabağnamə" və iki nüsxə N.Nərimanovun əsərlərini aparıb və həmin qadının yanında Nigar xanıma vermişəm. Bu vaxt aydın olub ki, qızın Nigar xanım düz bir ay Moskvada olub. Ona izah elədim ki, necə bu kitabları sizə göndərmək olar. Çünki tamojnı ancaq hər kitabdan bir nüsxəyə icazə verir! Qlavpoçtamt da bunu tələb eyləyir və banderolun ağırlığı üç kiloqramı keçməməlidir!
"Qarabağnamə"nin dördüncü nüsxəsini və N.Nərimanovun əsərlərinin üçüncü nüsxəsini özüm sizə göndərirəm. Beləliklə, dostum, sizin mənə etdiyiniz sifariş yerinə yetirilib.
1. "Meydan" qəzetinin ancaq 2 nömrəsi çapdan çıxıb. AXC-nin /№4-5/ bülletenləri çap olunmayıb. Lakin indi həmin təşkilatın rəsmi surətdə "Azadlıq" qəzeti çap olunur. Bu məktubu sizə göndərdiyim ərəfədə dörd nömrəsi satışda olub və mən onları sizə göndərirəm. /hərəsindən bir nüsxə/. Qlavpoçt ikinci nüsxəyə icazə vermir. İkinci nüsxə sizə mütləq lazım olsa, onda mənə məktub yazıb bildirin! Məsələ qaldı, qeyri-rəsmi çap olunan "Açıq söz" və "Dirçəliş" barəsində, onların heç biri çap olunmayıb. Bu barədə arxayın ola bilərsiniz. Əgər çap olunsa, sizə göndərərəm.
Mənə "Odlar yurdu" qəzetinin redaktoru Ramiz Əskərov sizin ona göndərdiyiniz məktubu göstərdi. Siz ondan T.Məmmədovun "Qədim erməni mənbələri Azərbaycan haqqında" və Ə.Sumbatzadənin "Azərbaycanlılar" kitablarının göndərilməsini arzu eyləyirsiniz. Dostum, birinci kitabın müəllifi ilə mən tanışam və ondan həmin kitabın artıq nüsxəsini tələb etdim. Lakin müəllifin özündə bir nüsxə qalıb. Kitab çox cüzi nüsxə sayı ilə çoxdan çap olunub və indi onu tapmaq bir az çətinləşib. Əgər "Bukinist" mağazasında mənə rast gəlsə və ya başqa yoldaşlarda olsa, onda mütləq sizin üçün göndərərəm. Ə. Sumbatzadənin kitabı hələ çapdan çıxmayıb və açıq satışda olsa, mütləq sizin üçün göndərəcəyəm. Bu barədə arxayın ola bilərsən!
Dostum Ramiz bəy! Artıq dərəcədə sizdən xahiş olunur ki, aşağıda göstərdiyim kitabların ksero-kopiyasını çıxardıb və mənə göndərəsiniz:
1. La Republique de l'Azerbaidjan du Caucase. Paris, 1919.
2. Azerbeidjan (Republique) - Memoire a la Conference de la Paix, 1919.
3. Composition anthropologique et ethnique de la population de l'Azerbaidjan du Caucase. Paris, 1919.
4. Economic and financial situation of Caucasian Azerbaijan, Paris, 1919.
5. Jasche, G. Der türkisch-aserbaidschanische Vorderasien. Studien zur Auslandskunde, Nr. 1, 1944.
6. Jasche, G. Die Republik Aserbaidschan. Die Welt des Islams, 1,23. Nr. 1-2, (1941), 55-69.
7. Resulzade M. E. Das Problem Aserbeidschan. Berlin, 1938.
8. Həmin kitab polyak dilində, Varşavada 1939-cu ildə nəşr olunub.
9. Hilal Munschi. Die Republik Aserbaidschan. Berlin, 1930.
Axırıncı üç kitabda şəkillər vardır, əgər bir-birini təkrar edirsə, onda mütləq onlardan birinin şəkillərini foto-plyonkaya köçürtmək. Çünki şəkil ksero-kopiyada çıxmayır və ondan istifadə etmək olmayır. Bir də əgər yuxarıda qeyd etdiyim kitablarda şəkillər sizdə olan M.Ə.Rəsulzadənin kitablarında varsa, onda lazım deyildir, əgər yoxsa onda çıxardın. Çünki şəkillər Azərbaycan tarixi üçün çox qiymətlidir. İndi onları əldə etmək çox çətin məsələdir.
Mənim yeni il salamımı həyat yoldaşınıza çatdırın. Sizə və həyat yoldaşınıza artıq qədəm basdığımız 1990-cı ildə cansağlığı və uzun ömür arzulayıram. Nə sifarişiniz olsa, mənə yazınız. Ancaq məktubu zakaznoy /sifarişlə/ göndəriniz. Əks halda məktubu poçtalyon ya mənə çatdırmır və ya qonşulara, həyətə atıb çıxıb gedir. Beləliklə, məktub mənə gəlib çatmayır. Dəfələrlə belə hadisə baş verib. Məktubunuzu gözləyirəm.
15.I.90-cı il"
Ramiz Abutalıbova ikinci məktub
Hörmətli dostum Ramiz bəy!
10.02.1990-cı ildə yazdığınız məktub fevralın 25-də Bakıya gəlib çatıb. Məktub ilə tanış olduqdan sonra "Azərbaycan" qəzetlərinin iki aylığını yığıb və üstünə də sizin arzu eylədiyiniz "NKAO v krivom zerkale falğsifikatorov" kitabını tapıb, aparıb qızınız Nigar xanıma vermişəm ki, sizə göndərsin! "Azadlıq" qəzetinə [gəldikdə], Bakıda fövqəladə vəziyyət davam eyləyir, buna görə də hərbi komendant icazə vermir. Aprel ayını Moskvada olmuşam. Gedəndə yoldaşlara tapşırmışdım ki, mənim üçün "Azərbaycan" qəzetini alıb və yığsınlar. Onlar bunu ediblər. Mayın 3-də Bakıya qayıtmışam. Onlardan qəzetləri aldıqdan sonra mayın 6-da sizə zəng etdim və Nigar xanımı istədim. Telefonda kim isə cavab verdi ki, mayın 9-da Moskvadan qayıdacaqdır. Ayın 14-də qəzetləri yığıb və axşamüstü sizə getdim ki, Nigar xanıma verim və o sizə göndərsin. Lakin qızınız yerinə həyat yoldaşınız qapıya çıxdı. Salamlaşdıq və onu başa saldım ki, mən həmişə Ramiz bəyə lazım olan qəzet və kitabları gətirib qızınız Nigar xanıma verirəm, sonra o hansı kanalla atasına göndərir, bunu mən bilmirəm. O məni başa saldı ki, yəqin Moskvada yaşayan qızıma göndərir və o qızım da həmin şeyləri oradan Parisə gedənlərlə yola salır.
Sözün qısası, qəzetləri həyat yoldaşınıza verdim. Bundan başqa Ziya Bünyadovun "Azərbaycan VII-IX əsrlərdə" /Bakı, 1989-cu il/ kitabının sizə tez çatdırılmasını arzu elədim. Həmin kitabı mənə Ziya özü bağışlayıb və satışda çox az miqdarda olub. Lakin həmin kitabdan mən istifadə etmirəm və orada sizə lazımdır. Həyat yoldaşınız mənə dedi ki, Nigar xanım indi Parisdə atasının yanındadır!
Əgər mənim üçün keçən dəfə yazdığım məktubda göstərilən materiallardan bir şey əldə etmisənsə, onda onları verin qızınıza, Bakıya gətirib çıxarsın. Mən ondan alaram. Mənim yanvarın 15-də poçt ilə göndərdiyim kitab və qəzetləri aldınmı? Sizin məktubunuzdan sonra Qlavpoçtun müdirinin yanına gedib və məktub-bandrolun göndərilməsi haqqında qəbzləri göstərərək və şeylərin nə vaxt ünvanına çatacağını [soruşdum]. O cavab verdi ki, üç aya yaxın. Yəqin artıq almısınız.
O ki, qaldı T.Məmmədovun "Qədim erməni mənbələri Azərbaycan haqqında" kitabına, həmin kitab 1977-ci ildə nəşr olunub və o vaxt "Vətən" cəmiyyəti mövcud deyil idi. Onun üçün həmin kitab onlarda yoxdur! Məsələ qaldı, Ə.Sumbatzadənin "Azərbaycanlılar" kitabına, həmin əsər hələ satışa buraxılmayıb, haçan satışda oldu, sizin üçün alıb göndərəcəyəm. Bu yaxın gündə M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu", "Çağdaş Azərbaycan tarixi" və "Çağdaş Azərbaycan ədəbiyyatı" kitabları mənim Ön sözüm, yəni M.Ə.Rəsulzadənin tərcümeyi-halı ilə birlikdə "Gənclik" nəşriyyatında çapdan çıxır! Hələ ilk nüsxələrdən sizin üçün göndərəcəyəm.
Sizdə olan M.Ə.Rəsulzadənin fransız dilində "Azərbaycan və istiqlalı" kitabını mənim məktubumu alan kimi oturun, Azərbaycan dilinə tərcümə eyləyin. Avqust ayının əvvəlində Bakıya gəldikdə sizinlə kooperativ nəşriyyatı müqavilə bağlayacaqdır. Buna arxayın ola bilərsən və vaxtı itirmək lazım deyildir! Mənim üçün aşağıda göstərdiyim kitab və məqalələri tap, ya qızın Nigar xanımla və ya özün gələndə gətir gəl:
1. Proqrammnıe dokumentı musulğmanskix politiçeskix partiy 1917-1920 qq. Oksford, 1985 q.
2. Politiçeskaə jiznğ russkix musulğman do fevralğskoy revolöüii. Oksford, 1987 q.
3. Musulğmanskaə peçatğ Rossii v 1910 q. Oksford, 1987 q.
4. M.Ə.Rəsulzadənin "Novruz bayramı" məqaləsi, "Azərbaycan", 3/12/, 1954-cü il, səh. 5-7;
5. M.Ə.Rəsulzadə. "28 May. Kiçik Türkiyənin böyük günü", 17/189/, 5, 1968-ci il, səh. 7-9.
6. Məmmədzadə Mirzə Bala haqqında nekroloq: "Türk yurdu" jurnalı, 49/5/, № 7, 1959-cu il, səh. 56; "Bilgi" jurnalı, 13/146/, № 5, 1959-cu il, səh. 10-11; həmçinin "Azərbaycan" jurnalı, №3 və №4, 1959-cu il.
7. Məmməd Əli Rəsulzadə. "Müsavat" partiyasının quruluşu, "Azərbaycan" jurnalı, 15/167/, 2, 1966-cı il, səh. 12-18;
8. Nağı Keykurun haqqında nekroloq: "Azərbaycan" jurnalı, 16/184/186/, 7/9/, 1967-ci il, səh. 21-22.
Bakıda avqust ayında gələndə M.Ə.Rəsulzadənin sizdə olan kitablarını gətirməyi yaddan çıxarmayın. Bu qədər və yaxın görüşlərədək!"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
