Mühacirətdə istiqlal məktubları - Vilayət QULİYEV

"Çapar" nəşriyyatı mənim tərtib və tərcüməmdə Cümhuriyyətin iki böyük liderinin - Ə. Topçubaşov və M.Ə.Rəsulzadənin 1923-1929-cu illəri əhatə edən məktublarını ilk dəfə kitab şəklində çapa hazırlayır. Həmin nəşrə yazılmış müqəddiməni "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.

Vilayət QULİYEV

 

Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə...

Xalqımızın iki böyük oğlu, XX yüzillikdə milli dövlətçiliyimizin iki möhtəşəm sütunu, Cümhuriyyətin iki qurucu atası...

Onları nə birləşdirir, nə ayırır?

Tale ikisinə də 71 il ömür yazmışdı. Əlimərdan bəy 1863-cü ildə Tiflisdə doğulub, 1934-cü ildə Parisdə vəfat etmişdi. 1884-cü ildə Bakıda dünyaya göz açan Məhəmməd Əmin 1955-ci ildə Ankarada həyatla vidalaşmışdı.

İkisi də mübarizə və mücadilələrlə, çətinlik və məhrumiyyətlərlə dolu fırtınalı ömrün aşağı-yuxarı 50 ilini Vətənə və xalqa xidmətə, bizim də "Var millətimin xətti bu imzalar içində!" - deyə bilməyimizə həsr etmişdi.

XX əsrin dünyəvi, demokratik milli dövlətinin - Azərbaycan Cümhuriyyətinin qurucuları sırasında yer alsalar da, hər ikisi Vətəndən uzaqda, ağır maddi sıxıntılar, çəkilməz mənəvi iztirablarla dolu siyasi mühacir həyatı yaşamalı olmuşdu.

İkisi də təqib və böhtanlara uğramış, atalarının siyasi fəaliyyətinə görə rejimin və həyatın ağır sınaqlarına hədəf olan övladlarını gənc yaşda itirmişdilər. İkisinin də adı uğrunda canlarını verdikləri Vətəndə yasaq edilmişdi. Tək yasaq edilməmişdi, həm də ləkələnmiş, qaralanmışdı. On illər boyu laqeydlik və unutqanlığa məhkum olunmuş, halal haqlarını ala bilməmişdilər.

Talelərinə yazılan bütün ağrı-acılara rəğmən, ikisi də zərbələrə mətanətlə sinə gərib sona qədər dayanmışdı. Həyatlarının ən çətin məqamlarında, hətta daha xoş gələcəklə bağlı ümidin, inamın tükəndiyi anlarda da "Xalqımızın müstəqil yaşayacağına inanırdıq!" (Ə.Topçubaşov) və "Bir dəfə yüksələn bayraq bir daha enməz!" (M.Ə.Rəsulzadə) həqiqətinə sadiq qalmışdılar.

İkisi də özlərindən sonra xalqa azadlıq və milli müstəqillik yolu göstərən zəngin ictimai-siyasi irs, doğru yol, şərəfli ad qoyub getmişdilər.

Paralellərin sayını yenə artırmaq olar...

Amma aralarında fərqlər də yox deyildi.

Əlimərdan bəy Qafqaz canişinliyinin inzibati və mədəni mərkəzi Tiflisdə, köklü-köməcli zadəgan ailəsində doğulmuşdu. Topçubaşı kimi tanınan əcdadları bir neçə nəsil Tiflis qalasının topxana başçısı - artilleriya rəisi olmuşdu.

Şəhərin ən yaxşı tədris müəssisəsində - Birinci Tiflis gimnaziyasında təhsil almışdı. Zaqafqaziya ölkəsinin təqaüdçüsü kimi göndərildiyi Sankt-Peterburq Universitetinin hüquq fakültəsini namizəd diplomu ilə başa vurmuşdu. Andlı iclasçı olmuş, məşhur vəkil kimi tanınmışdı.

Onunla müqayisədə Məhəmməd Əmin əyalət adamı sayıla bilərdi. Bakının Novxanı kəndində, din xadimi ailəsində doğulmuşdu. Amma atası Axund Hacı Ələkbər Rəsulzadə sadəcə kənd mollası deyildi. Açıq fikirli ictimai xadim və nüfuzlu ruhani kimi yalnız Novxanının deyil, bütün Bakının dini və mədəni-mənəvi həyatında fəal iştirak edirdi.

Təhsilini əvvəl atasının yanında, sonra isə görkəmli maarif xadimi Sultan Məcid Qənizadənin dərslərin müasir üsulla keçildiyi rus-müsəlman məktəbində almışdı. Təşkilində Əlimərdan bəyin böyük zəhməti olan Bakı texniki məktəbində davam etdirmişdi. Amma yeniyetmə sayılacaq yaşdan inqilabi hərəkata qoşulduğu üçün təhsilini tamamlaya bilməmişdi. Əvəzində rus dilini yaxşı öyrənmiş, siyasi mübarizə yolunda möhkəmlənib bərkimişdi.

Bu zaman Əlimərdan bəy artıq bir neçə il idi ki, "Kaspi" qəzetinin redaktoru, Bakı şəhər dumasının üzvü kimi fəal siyasətlə məşğul olurdu. Gənc Məhəmməd Əmin Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) muxtar təşkilatı kimi təsis edilən solçu "Hümmət" müsəlman partiyasının qurucuları sırasında yer alanda (1904) Ə.Topçubaşov artıq ümumrusiya müsəlman hərəkatının öncüllərindən biri idi. Rəsulzadə sosial-demokrat kimi N.Nərimanov, İ.Stalin, M.Əzizbəyov və digər Qafqaz bolşevikləri il sıx əməkdaşlıq şəraitində çalışdığı dövrdə Əlimərdan bəy Rusiyanın müsəlman, ilk növbədə isə türk-tatar xalqlarını siyasi hüquqlar uğrunda mübarizədə birləşdirən partiya qurmaq üçün hazırlıq işləri aparırdı. Sonralar mövqelər dəyişsə də, həmin dövrdə birinin sosialist, digərinin isə liberal dəst-xətti təmsil etdikləri fakt idi. Yolları hələlik kəsişməsə də, əlbir fəaliyyət göstərməsələr də, 1905-ci ildə bir-birlərini yaxından tanımaları istisna deyildi.

1909-1911-ci illərdə Məhəmməd Əmin Məşrutə inqilabında iştirak məqsədi ilə İranda olmuş, hətta Təbrizdə Sərdari-milli Səttarxanla görüşmüşdü. Təxminən, eyni zaman kəsimində Qacar hökuməti müasir ruhlu, Avropa tipli hüquqi islahatlar aparmaq üçün Əlimərdan bəyi Tehrana ədliyyə naziri (bəzi mənbələrdə baş nazir) vəzifəsinə dəvət etmişdi. İlk baxışdan paradoksal görünməsinə rəğmən bu məqamda da hər iki niyyət və məramın arxasında, əslində, qədim bir türk məmləkəti olan İrana, qanı qanından, canı canından olan soydaşlarına kömək istəyi dayanırdı.

Fevral inqilabından az sonra, 1917-ci il aprelin 15-dən 20-nə qədər Bakıda keçirilən Ümumqafqaz müsəlmanlarının I qurultayında Ə.Topçubaşov qurultayın rəyasət heyətinə, M.Ə.Rəsulzadə isə katibliyin tərkibinə seçilmişdi. Yekdil qərarla yerlərdə fəal qüvvələrin təşkili komissiyasına rəhbərlik Əlimərdan bəyə, siyasi komissiyaya rəhbərlik isə Məhəmməd Əmin bəyə həvalə olunmuşdu. Bakı çarizmin süqutundan sonra inqilab havasında keçirilən ilk türk-müsəlman forumunu yalnız iki liderin deyil, həm də hər kəsin arzusunda olduğu azadlıq və milli birliyin təcəssümü kimi təqdim edən "Kaspi" qəzeti 23 aprel 1917-ci il tarixli sayında yazırdı: "Qurultayın bağlandığı elan olunanda nümayəndələr Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Usubbəyov, Fətəli xan Xoyski, Mirzə Əsədullayev və Məhəmməd Həsən Hacınskini uzun müddət alqışladılar. Ə.Topçubaşovu və müftini mənzillərinə qədər yola saldılar. Qurultay gecə saat 2-də öz işini başa çatdırdı".

Onların adları ilk dəfə idi yan-yana və birincilər sırasında çəkilirdi. Deməli, artıq ayrılıqda deyil, həm də birlikdə, güclü və iradəli liderlər kimi milli qüvvələrin ön cərgəsində öz yerlərini tutmuş, çiyin-çiyinə dayanmışdılar. Bir amal, bir məslək uğrunda mübarizə aparırdılar.

Bu siyasi birlik özünü 1917-ci il mayın 1-dən 11-nə qədər Ümumrusiya müsəlmanlarının Moskvada keçirilən I (V) qurultayında daha bariz şəkildə göstərmişdi. Müsəlman liderləri arasında Rusiyanın gələcək dövlət şəkli ilə bağlı fikir ayrılığı yaranmış, güzəştsiz polemika başlanmışdı. Bir tərəfdə öncüllərinin Ə.Topçubaşov və M.Ə.Rəsulzadə və b. olduğu federalistlər, digər tərəfdə isə Ə.Salikov, Q.İshakovun rəhbərliyi altındakı unitaristlər üz-üzə dayanmışdılar. Birincilər gələcək Rusiyanın müsəlman əhalinin tələblərinə ən yaxşı cavab verən dövlət quruluşunun milli-federativ ərazi prinsipinə əsaslanan demokratik respublika olması fikrində israrlı idilər. İkincilər isə gələcək Rusiyanı Volqaboyu, Qafqaz, Türküstan, Sibir və qeyri-rus xalqların toplu halda yaşadıqları digər ərazilərə vilayət səviyyəli geniş özünüidarə hüququ vermək şərti ilə vahid mərkəzdən idarə edilməyən demokratik respublika şəklində "görürdülər". Topçubaşov-Rəsulzadə tandeminin ortaya qoyduğu dönməz siyasi iradə və dəmir məntiq nəticəsində federalistlərin mövqeyi 291 səsə qarşı 491 səslə mütləq üstünlük qazanmışdı.

Müsavatın 1917-ci il 25-31 oktyabr tarixlərində Bakıda keçirilən qurultayının qonaqları arasında Ə.Topçubaşov da var idi. O öz nitqində Azərbaycanda ilk mütəşəkkil milli siyasi partiyanın üzvlərini Zaqafqaziya və Bakı Milli Müsəlman Komitələri adından salamlayaraq demişdi: "Müzakirə olunacaq məsələlər Milli Komitə tərəfindən irəli sürülüb və Milli Komitənin istək və məqsədləri sizinki ilə eynidir". Xalq və siyasi elita qarşısında "Türk xalqı digər xalqlar arasında öz əvvəlki mövqeyini tutmalıdır!" - mövqeyindən çıxış edən Əlimərdan bəy bu tarixi prosesdə Müsavat partiyasının üzərinə xüsusi ilə ciddi vəzifələr qoymuşdu.

Milli Şuranın üzvü olan həmkarlarının Azərbaycanın müstəqilliyini elan etmələri xəbərini Əlimərdan bəy bolşevik zindanında eşitmişdi. 1918-ci il Mart qırğınından sonra daşnakların tələbi ilə o, iki dəfə həbs edilmiş, həyatının, necə deyərlər, tükdən asılı olduğu səksəkəli və həyəcanlı günlərini yaşamışdı. Yalnız gizli yollarla müvəqqəti paytaxt Gəncəyə gəlib çıxandan sonra neçə aydan bəri qarabaqara izinə düşən ölüm təhlükəsindən uzaqlaşa bilmişdi. Burada öyrənmişdi ki, Azərbaycan Cümhuriyyəti dövlətini quran əqidədaşları onu unutmayıblar. Gələcəkdə yönəldəcəyi sahə özü ilə razılaşdırılana qədər portfelsiz nazir kimi hökumətin tərkibinə daxil edilib.

Amma Gəncədə çox qala bilməmişdi. Baş nazir Fətəli xan Xoyski həmin vaxt İstanbulda olan Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadəyə 1918-ci il avqustun 23-də göndərdiyi məktubda hökumətin 20 avqust tarixli iclasının qərarı ilə əlaqədar məlumat verərək yazırdı ki, "nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respublikasının maraqları ilə əlaqəli bütün məsələlər üzrə fövqəladə səlahiyyətlərlə Osmanlı imperatorluğu dövlətinə nümayəndə göndərilir. Odur ki, hökumətimiz başçılığınız altındakı heyətin bundan sonra Ə.Topçubaşovla əlaqəli şəkildə fəaliyyət göstərməsi ilə bağlı qərar qəbul edib. Beynəlxalq konfrans işə başlayacağı təqdirdə Ə.Topçubaşov Azərbaycan sülh nümayəndə heyətinin tam hüquqlu üzvü kimi onun işində iştirak etmək ixtiyarına malikdir".

Avqustun 26-da Gəncədən çıxan Əlimərdan bəy yalnız sentyabrın 28-də İstanbula çata bilmişdi. Osmanlı imperatorluğu ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasından (4 iyun 1918-ci il) dərhal sonra Məhəmməd Əminin rəhbərliyi altında Türkiyəyə yollanan heyət isə oktyabrın 22-də geri dönmüşdü. Sədrəzəm Tələt Paşa sentyabrın 30-da Rəsulzadə və həmkarlarını (X.Xasməmmədov, A.Səfikürdski), oktyabrın 2-də Əlimərdan bəyi qəbul etmişdi. Aydın məsələdir ki, Cümhuriyyətin iki lideri eyni vaxtda İstanbulda olduqları bir aya yaxın müddət ərzində dəfələrlə görüşmüş, yeni dövlətin daxili və xarici siyasəti, beynəlxalq miqyasda tanıdılması, ordu quruculuğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparmışdılar. Hətta Əlimərdan bəy baş nazir F.Xoyskiyə ünvanlanan və diplomatik təmsilçilik sahəsindəki xaosdan bəhs edən 22 oktyabr 1918-ci il tarixli məktubunu da M.Ə.Rəsulzadə vasitəsi ilə göndərmişdi. Lakin təəssüf ki, bizə məlum olan tarixi qaynaqlarda, eləcə də iki məşhurun xatirə və qeydlərində İstanbul görüşləri barəsində hər hansı məlumata təsadüf etmək qeyri-mümkündür.

Rus dilində çap olunmuş "Ə.M.Topçubaşı və M.Ə.Rəsulzadə. Yazışma. 1923-1926" (Moskva, 2012) toplusunun tərtibçisi, tatar tarixçisi Salavat İshakov Azərbaycan Cümhuriyyətinin iki böyük xadimi arasındakı münasibətlərdən bəhs edərkən yazır: "Topçubaşı və Rəsulzadənin məktublaşması 1923-cü ildə, "Yeni Kafkasya" jurnalının nəşri ilə əlaqədar başlamışdı. Təəssüf ki, hələlik əvvəlki məktublar aşkara çıxarılmayıb. Lakin kitabdakı materiallardan da göründüyü kimi, ilk dəfə məhz Topçubaşı məqalələrinin jurnalda çap olunması məqsədi ilə Rəsulzadəyə yazmışdı. Əlimizdəki epistolyar irsin fərqləndirici xüsusiyyəti hər iki tərəfin yazılarının qorunub saxlanması sayıla bilər. Rəsulzadənin məktublarının orijinalı, Topçubaşının cavablarının isə üzünü özü, yaxud oğlu köçürdüyü surətləri sonuncunun şəxsi arxivində mühafizə edilib".

Bu mənada Əlimərdan bəy uzun illər boyu çox diqqətlə toplanan, hazırda Parisdə mühafizə olunan zəngin arxivi Azərbaycanın çağdaş ictimai fikir, siyasi mübarizə və milli-azadlıq hərəkatını öyrənmək baxımından əvəzsiz xəzinədir.

Təbii ki, iki amal və əqidə dostunun hansının digərinə birinci müraciət etməsi, məktub yazması prinsipial məsələ sayıla bilməz. Amma tarixi faktların dəqiqliyi naminə demək lazımdır ki, ilk məktubu Finlandiyaya mühacirətdən az sonra məhz Məhəmməd Əmin Helsinqforsdan (Helsinki) Parisə, Əlimərdan bəyə yazmışdı. Məqsəd Azərbaycan Cümhuriyyətinin Avropada yeganə qanuni təmsilçisi kimi tanınan nümayəndə heyəti vasitəsi ilə pasport və viza əldə etmək idi.

Bunu Ə.Topçubaşovun Parisdən Almaniyaya, C.Hacıbəyliyə 19 oktyabr 1922-ci il tarixli məktubundan da görmək mümkündür: "...Məhəmməd Əminin Visbadenə gəlməsi haqda tələbə Bala Ağa məlumat yollamışdı. Çox təəssüf ki, mən orada olan vaxt gəlib çıxmadı, yoxsa ürəyimiz istəyən qədər söhbət eləyə bilərdik. Oktyabrın 10-da Berlinə, adına məktub göndərdim. Pulla bağlı eyhamına cavab verəndən sonra soruşdum ki, yaxın gələcəkdə nə iş görmək istəyir? Berlində çoxmu qalmağı planlaşdırır? Viza haqda burada olanda heç nə deməmişdi. Yalnız Helsinqforsdan yazmışdı. Mən də cavabında bildirdim ki, məsələni həll edərik. Ona görə hər şey Məhəmməd Əminin sonrakı planlarından asılıdır. Əgər Parisdə yalnız yolüstü ləngiyib Konstantinopola getmək istəyirsə, onda yaxşı olar ki, vizanı Visbadendə alsın. Təəssüf ki, mövcud şərait hələlik Parisdə qalıb bizimlə işləmək barəsindəki səmimi istəyimi ona açıq deməyə imkan vermir. Bu, gələcəklə bağlı planımdır. Çünki hesab edirəm ki, Məhəmməd Əmin tam etibar və etimada layiq insandır. (kursiv mənimdir - V.Q.) Yəni orada birlikdə olmağınızdan istifadə edin, bizi düşündürən bütün məsələlər haqda danışıb Parisdəki söhbətə hazırlayın".

Məktubdakı ayrı-ayrı detallar Məhəmməd Əminin Sovet Rusiyasını tərk edəndən sonra ilk üz tutduğu şəxsin Ə.Topçubaşov olduğunu tam yəqinliklə söyləməyə əsas verir. Bu da tamamilə təbii idi. Çünki o statusuna (Cümhuriyyət Parlamentinin qərarı ilə Avropaya göndərilən rəsmi nümayəndə heyətinin başçısı), yaşına və nüfuzuna görə yalnız Azərbaycanın yeganə qanuni təmsilçisi deyil, həm də çətin təşkilatlanma mərhələsini yaşayan siyasi mühacirətin lideri idi. Amma coğrafi və mentalitet baxımından Azərbaycana daha yaxın olan Türkiyəyə yerləşməsi, 1923-cü ildə "Yeni Qafqasiya" jurnalını, növbəti il isə Azərbaycan Milli Mərkəzini təsis etməsi ilə liderlik səlahiyyətləri tədricən M.Ə.Rəsulzadəyə keçmişdi. Bu da istər-istəməz eyni yolun yolçuları arasında müəyyən anlaşılmazlıq, giley-güzar, narazılıq, hətta siyasi rəqabət yaranmasına səbəb olmuşdu.

İş o yerə çatmışdı ki, Əlimərdan bəy 1928-ci ilin yanvarında "Müsavat"ın İstanbul komitəsinə məktubunda Məhəmməd Əminlə tərəfdarlarını açıq şəkildə tənqid, hətta ittiham etmişdi. Məktubda deyilirdi: "Ölkənin indiki fəlakətli vəziyyəti üçün məsuliyyət daşıyan dəstə ("Müsavat" partiyası nəzərdə tutulur - V.Q.) xalq məhkəməsi önündə dayanmağa hazırlaşmaq əvəzinə Konstantinopolda qarşısına rəsmən Azərbaycandan təcrid vəziyyətində fəaliyyət göstərmək məqsədi qoyan Müvəqqəti Azərbaycan Mərkəzi adlı təşkilat yaratmışdır. Azərbaycan Respublikasının yeganə səlahiyyətli institutu kimi 9 il ərzində bütün məhrumiyyət və maneələrə baxmayaraq xalqın maraqlarını müdafiə etmiş sülh nümayəndə heyəti adıçəkilən qurumun iddialarının, habelə hüquqları mənimsəmə istiqamətində atdığı addımların istər nümayəndə heyəti, istərsə də digər qrup və ictimai-siyasi xadimlər tərəfindən tanınmadığını bəyan etməyi özünə borc sayır. Doğma vətənin yadelli qüvvələrdən təmizlənməsi uğrunda hər cür qurbanlar verməyə hazır olan sülh nümayəndə heyəti bu bəyanatla xaricdəki bütün Azərbaycan qrup və təşkilatlarına müraciət edərək onları həqiqi birliyə səsləyir". Bəyanatla bağlı hiddət və heyrətini gizlədə bilməyən Rəsulzadə onu dırnaqarası "tarixi sənəd" adlandıraraq, "Müsavat"ı vətənin məruz qaldığı işğal faktında günahlandırmaq indiyə qədər heç kimin ağlına gəlməmişdi" - deyə istehzalı heyrətini gizlətməmişdi.

Amma ədalət naminə deyək ki, Məhəmməd Əmin özü də liderlik uğrunda mübarizədə onsuz da monolit qüvvə olmayan nümayəndə heyətini daxildən parçalamaq, necə deyərlər, "Parisi İstanbula tabe etmək üçün" az iş görməmişdi. Hətta irəli sürdüyü şərtlər daxilində "təslim aktı"nı qəbul etmək məqsədi ilə emissarı Mustafa ağa Vəkilovu Parisə göndərmişdi. Milli birliyə xidmətdən uzaq olan, siyasi iddiaların bəhrəsi kimi meydana çıxan digər faktlar da gətirmək mümkündür.

Xoşbəxtlikdən sonda amal birliyi və Azərbaycan ideyası qalib gəlmişdi. Həyatının sonuncu ilini yaşayan Əlimərdan bəylə İstanbuldan yola çıxan Məhəmməd Əmin 1934-cü ilin iyun ayında Brüsseldə Qafqaz Konfederasiyası paktını Azərbaycan adından birlikdə imzalamışdılar. Bu, Əlimərdan bəy üçün siyasi fəaliyyətində onilliklər boyu diqqət mərkəzində dayanan nəcib niyyətin hələlik kağız üzərində də olsa gerçəkləşməsi idi. Eyni zamanda bir siyasi xadim kimi onun son sözü, vəsiyyəti, necə deyərlər, qu quşu nəğməsi sayıla bilərdi.

Aradan bir neçə ay keçəndən sonra, eyni 1934-cü ilin noyabr ayında Parisdə Əlimərdan bəyin dəfn mərasimindəki vida nitqində M.Ə.Rəsulzadə fikrən bir müddət əvvələ, otuz illik əməl və mübarizə yoldaşının şahidi olduğu son təntənə günlərinə qayıdaraq demişdi: "Tale ona Vətənə dönmək imkanı verməsə də, xalqına gələcək azadlığın yollarını göstərdi. Azərbaycanın qanuni təmsilçisi kimi Əlimərdan bəy sonda istəyinə nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanması və rəsmi şəkildə yayılmasından böyük mənəvi zövq duydu. Həmin anlarda onun gözləri önündə gələcəyə - ittifaq münasibətlərinə doğru addımlayan vahid Qafqaz canlandı. Mən o dəqiqələrdə mərhumun keçirdiyi sevinc və məmnunluq hissini öz gözlərimlə görmüşdüm".

Əlimərdan bəylə son vida mərasimindən az sonra Məhəmməd Əmin, çox güman, müəyyən peimançılığın da qarışdığı kədər və təəssüf hissini ifadə etməklə kifayətlənməmişdi. Böyük həmvətəninin 1930-cu illər üçün mükəmməl sayıla biləcək ilk siyasi bioqrafiyasını yazmışdı. Ehtiyac içərisində, başsız qalmış ailəsinə yardım göstərmək üçün imkan və əlaqələrindən istifadə etməyə çalışmışdı...

 

***

Əlimərdan bəy Topçubaşovla Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan dilində ilk dəfə tam şəkildə nəşr olunan məktubları Cümhuriyyətin və Azərbaycan siyasi mühacirətinin qiymətli tarixi sənədləridir. XX əsrin 20-30-cu illərinin, demək olar ki, bütün mühüm ictimai-siyasi hadisələri bu sənədlərdə öz dəqiq, ətraflı, bəzi hallarda isə polemik əksini tapıb. Məktublarda Cümhuriyyət tarixinə və şəxsiyyətlərinə, ümumrusiya müsəlman hərəkatına, müxtəlif mühacir təşkilatlarının, ilk növbədə isə Qafqaz mühacirətinin fəaliyyətinə, ana vətəndə və Avropada cərəyan edən proseslərə toxunulur, beynəlxalq vəziyyət və onun müstəqilliyini itirmiş yeni milli dövlətlərə mümkün təsir mexanizmləri nəzərdən keçirilir. Müəlliflər bəzən yaxın tarixi keçmişə qayıdır, yol verilmiş səhvləri araşdırmağa, onlardan gələcək fəaliyyət üçün gərəkli və ibrətamiz nəticələr çıxarmağa çalışırlar.

Məktublarda Azərbaycan siyasi mühacirətinin şərti desək, "şərq və qərb qolları" haqqında da çox danışılır, necə və hansı formada "birləşmək" barəsində müzakirələr aparılırdı. Avropa siyasətçilərinin bir tərəfdən, xristian Gürcüstan və Ermənistana, digər tərəfdən isə müsəlman Azərbaycan və Dağlılar Respublikasına fərqli münasibəti dönə-dönə diqqət mərkəzinə çəkilir, Qərb demokratiyasının prinsipsizliyi kimi vurğulanırdı. Obyektiv siyasi mündəricəsinin zənginliyinə baxmayaraq məktublarda müəyyən giley-güzar, qarşılıqlı narazılıq və ittiham motivlərinə, şəxsi inciklik çalarlarına, hətta əgər belə demək mümkündürsə, müəyyən "siyasi qeybət" ünsürlərinə də təsadüf etmək mümkündür. Fikrimizcə, burada qeyri-adi heç nə yoxdur. Çünki məktub müəllifləri ilk növbədə son dərəcə mürəkkəb və çətin dövrdə yaşayan canlı insanlar idi və təbii ki, insana xas olan heç bir duyğu və düşüncə onlara yad deyildi.

Həm Əlimərdan bəy, həm də Məhəmməd Əmin mahir siyasi publisist idilər; uzun müddət aparıcı qəzetlərin redaktoru olmuşdular. Sözdən istifadə məharətinə, yüksək polemika mədəniyyətinə malik idilər. Prosesləri diqqətlə izləyir, onlara öz siyasi platforma və baxış bucaqlarından çıxış edərək qiymət verirdilər. Mübaliğəsiz demək olar ki, bu da məktublara yalnız milli, yaxud ümumqafqaz deyil, ümumavropa miqyası verirdi. Avropa ilə Asiyanın kəsişmə nöqtəsində - İstanbulda yaşayan Məhəmməd Əmin həmkarından və Fransada yaşayan digər azərbaycanlı siyasi mühacirlərdən "Yeni Kafkasya" jurnalı üçün Qərbdə cərəyan edən siyasi proseslərə dair analitik məqalələr gözlədiyini dəfələrlə diqqətə çatdırması da məhz həmin miqyasının dəqiqliyi və genişliyi ilə əks olunması ideyasına xidmət edirdi.

Soruşula bilər: rus şovinizminin, bolşevik işğalının yurdundan didərgin saldığı, ölkəsini müstəmləkəyə çevirdiyi, vətəninin müstəqilliyinə son qoyduğu iki azərbaycanlı mühacir, iki milli lider bir-biri ilə niyə düşmənin dilində yazışırdı? Ana dilinin incəliklərinə dərindən bələd olan, bu dildə mükəmməl siyasi publisistika nümunələri, bədii və tarixi əsərlər yaradan Məhəmməd Əmin rusca yazmağa o qədər də həvəsli deyildi. Hətta məktublarının birində yüngülvarı gileylənirdi ki, əgər türk dilində yazışsaydılar, daha tez-tez və daha müfəssəl məktublar göndərə bilərdi. Lakin gimnaziya və universitet təhsilini rusca alan (və bu həssas məqamla əlaqədar dəfələrlə təəssüf və peşmançılıq hissini izhar edən!) Əlimərdan bəy Azərbaycan ədəbi dilini yetərincə yaxşı bilmədiyindən Məhəmməd Əmin yaxşı mənimsədiyi, amma çox da rahat və asan yazmadığı ruscaya üz tutmaq məcburiyyətində qalmışdı. Bu incə məqam müəyyən dərəcədə heysiyyətimizə toxunsa da, Qafqaz, Rusiya və Avropa miqyaslı mühüm ictimai-siyasi mətləblərinə toxunan epistolyar irsin rusca olması daha geniş coğrafi arealda yayılmaq baxımından onun çatışmazlığı deyil, bəlkə də üstünlüyü, məziyyətidir...

Kitaba daxil edilən məktublar, eləcə də Topçubaşov-Rəsulzadə qarşılıqlı münasibətlərinə işıq salan digər yazılar müxtəlif mənbələrdən seçilib. Onun əsas korpusunu Salavat İshakovun "A.M.Topçubaşi i M.G.Rasulzade. Perepiska. 1923-1926" kitabı (Moskva, 2012, hazırlanmasında bu sətirlərin müəllifinin də fəal iştirak etdiyi, elmi redaktorlarından olduğu "Ali Mardan bek Topçibaşev. İzbrannoe" dördcildliyi (Bakı, 2013-2015), habelə özünün hazırladığı "İz naslediə politiçeskoy gmiqraüii Azerbaydjana v Polğşe" (Torun, 2011) sənədlər toplusu, "Yeni Kafkasya" (İstanbul, 1923-1927), "Severnıy Kavkaz" (Varşava, 1933-1938) jurnallarından götürülmüş materiallar təşkil edir.

Şəxsi-ictimai xarakter daşıyan yazışmanın Cümhuriyyətin iki böyük qurucusunu yaxından tanıdacağına, onların mürəkkəb qarşılıqlı münasibətlərinə aydınlıq gətirəcəyinə, mürəkkəb və fenomenal hadisə olan Azərbaycan siyasi mühacirəti haqda təsəvvürləri aydınlaşdıracağına və genişləndirəcəyinə ümid edirik.

 

Bakı, avqust, 2026-cı il

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!