Ramiz Abutalıbovla Əzizə Cəfərzadənin yazışmaları Əzizə Cəfərzadənin 105 illiyi ərəfəsində
Dilqəm ƏHMƏD
Ötən əsrin 80-ci illərinin sonu Azərbaycan üçün olduqca ağrılı proseslərlə yadda qalıb. Qarabağda yaşayan ermənilərin separatçı fəaliyyəti, Avropa və Amerikadakı ermənilərin isə əleyhimizə apardıqları psixoloji savaş bizi çətin vəziyyətə salmışdı. Uzun illər ərzində Qərbin fikir dairələrində, mətbuatında, hökumətlərində özlərinə dəstək və tərəfdaşlar tapan erməni diasporası qarşısında yenidən müstəqil olmaq arzusu yaşayan azərbaycanlıların tab gətirməsi imkansızdı. Yada salaq ki, dəmir pərdə hələ qismən aralanmışdı, SSRİ faktiki dağılmamışdı, Azərbaycanın səsinin nəinki Qərbdə, mərkəz Moskvada belə eşidilməsi problemə çevrilmişdi. Amma bu çətinliklər içərisində əlindən gələn hər bir şeyi etməyə hazır olan, susmayan, mövcud şərtləri zorlaya bilən şəxslər də vardı. Onların arasında ən birincisi isə diplomat Ramiz Abutalıbov idi. Çünki o, böyük meydanda - Qərb dünyasında Azərbaycanın qələmlə silahlanmış tək əsgəri idi. Avropanı bilirdi, onların dilində danışmağı bacarırdı, əlaqələri vardı, mühacir nəsilləri də ətrafına yığmışdı.
"Ədəbiyyat qəzeti"nin ötən saylarının birində həmin illərdə Ramiz Abutalıbovun professor Abbas Zamanovla, Azərbaycan Milli Mərkəzinin sədri Məhəmməd Kəngərli ilə olan məktublaşmalarından və o dövrdə gördüyü bəzi işlərdən bəhs etmişdim. Bu dəfə isə həmin illərdə Ramiz müəllimin mərhum xalq yazıçısı, alim Əzizə xanım Cəfərzadə ilə olan yazışmalarından nümunələrlə dövrün gərgin mənzərəsini göstərməyə çalışacağam. Bu tarixi məktubların surətini Əzizə xanımın oğlu, irsinin fəal təbliğatçısı, ev-muzeyinin qurucusu Turan İbrahimovdan əldə etmişəm. Azərbaycan tarixinə, musiqisinə, ədəbiyyatına olan böyük sevgisinə və bu materialları bizə təqdim etdiyinə görə əziz Turan bəyə ürəkdən minnətdaram.

Ramiz Abutalıbovun məktublarından sətirlər
Ramiz müəllimlə Əzizə xanımın məktublaşmalarında bir sıra mövzular əhatə olunub. Buraya Azərbaycandakı mövcud ictimai-siyasi həyat, Avropada, Türkiyədə yaşayan mühacirlər, ədəbiyyat məsələləri və s. daxildir. Abutalıbov 4 mart 1989-cu il tarixli məktubunda Ceyhun bəy Hacıbəylinin övladı Timuçin bəydən bəhs edib: "Salam, hörmətli Əzizə xanım. Həmişəki kimi məktubunuz mənim üçün böyük təsəlli oldu. Bir-iki şad xəbəri sizə çatdırmaq istəyirəm. Timuçin Hacıbəylinin böyük (14 vərəq makinada) məqaləsi fransız dilində Fransanın mötəbər, qalın elmi jurnallarının birində çap olundu. İngiltərədə də üç məqalə çıxıb. Hamısı tarixi nöqteyi-nəzərindən bizimlə razıdırlar...".
Bu məktubunda o, ermənilərin Fransadakı fəaliyyətindən də detallı şəkildə bəhs edib: "İndi də bir-iki söz xoşagəlməz hadisələrdən. Buradakı qəzetlər bildirir ki, "Armenpress"in Yerevandan verdiyi xəbərə görə fevralın 28-də Yerevanda 600000 adam matəm nümayişində iştirak edib. Yazırlar ki, fevralın 24-dən 26-na qədər Fransa Sosialist Partiyasının nümayəndə heyəti Ermənistanda olub. Onların daxilində - həm Fransa Sosialist, eyni zamanda da daşnak partiyasının üzvü, Villerban şəhər bələdiyyə rəisinin müavini Jan Krikoriyan da var imiş. Qəzet yazır ki, 1920-ci ildən sonra, birinci dəfə olaraq daşnak partiyasının üzvü kommunistlərlə görüşmüş, onları MK-nın ideologiya üzrə katibi Qalust Qaloyan qəbul etmişdir. Məqalənin surətini sizə göndərirəm. Ancaq deməyin ki, mən göndərmişəm. Açığını deyim, heç kimdən çəkinmirəm, bizimkilərdən başqa. Keçmiş məktəb "yoldaşım" Kamran Bağırov mənə çox əziyyət verib. İnanmıram ki, indi də belə ola. Amma, ehtiyat igidin yaraşığıdır".
Ramiz müəllim 8 aprel 1989-cu il tarixli məktubunda mövcud vəziyyətlə Cümhuriyyət dönəmindəki durumu müqayisə edib: "...Qarabağ əhvalatı ortaya çıxandan sonra, çox, həm bizim, həm də xarici, ədəbiyyat oxuyub, ömrümün 52[-ci] ilində anladım ki, əsrin əvvəlində bizim kiçik bir qrup ziyalılar nə qədər əziyyət çəkib Azərbaycan Respublikasını yaratmağa. Heyranam onların qüvvətinə. Tiflisdə Azərbaycan Cümhuriyyətini elan edənlərin sayı 26 idi. Üstə gəlin 20-30 nəfər də, olsun 100 nəfər Bakıda, Gəncədə, Şamaxıda, Yerevanda və i.a. Tariximizi çox gec başladıq öyrənməyə. Bu qüsurlarımıza baxmayaraq, ümidvaram ki, yenə 100 nəfər tapılar və Vətənimizi qoruyar. Buna inanıram".
Ramiz müəllim 31 may 1989-cu il tarixli məktubunda Əzizə xanımın axtardığı mühacir rəssam İbrahim Safidən bəhs edib:
"Hörmətli Əzizə xanım. "Odlar yurdu" qəzetinin 9-cu nömrəsində (1989-cu il) sizin İbrahim Safi haqqında məqalənizi oxudum. Bu rəssam haqqında məndə olan məlumatı sizə çatdırmaq istəyirəm. Birinci dəfə, əgər səhv etmirəmsə, İbrahim Safi haqqında hörmətli prof.Abbas Zamanovdan eşitdim. Sonra İstanbulda Sovet konsulxanasında işləyən Eldar Quliyevdən. Eldar indi Yəməndə (ancaq hansında bilmirəm) işləyir. Hal-hazırda İstanbulda bizim ayrı bir həmyerlimiz Vəhdət Sultanzadə çalışır. Bu iki yoldaşla Azərb[aycan] SSR-in Xarici İşlər Nazirliyi vasitəsilə əlaqə yaradın, onlar yardım edə bilər. Parisdə bir əski rus mühacirində İbrahim Safinin bir tablosu var. Çalışacağam onun fotosunu çəkim. Burada qohumlarından biri yaşayır. Onunla söhbət aparacağam. İbrahim Safi - əsli Baş Noraşendəndir, Sofievlər ailəsindən. Yəqin ki, Bakıda əqrabalarından kimsə var".
Ramiz bəyin verdiyi məlumat doğru idi. Çünki Türkiyə arxivində olan bir ərizəsində İbrahim Safi ozamankı adresini bu şəkildə göstərib: "İrəvan vilayəti, Şərur-Dərələyəz qəzası, Baş Noraşen qəsəbəsi".

10 iyun 1989-cu il tarixli məktubunda Ramiz müəllim bir daha Cümhuriyyət məsələsinə toxunub: "Qonşularımız 26 və 28 may bayramlarını qeyd etdilər. Eşitdiyimə görə bizimkilər də çalışırlar [ki,] Azərbaycan dövləti bərpa edilmə gününü qeyd etsin. Bu tarixi səhvdir. Çünki Azərbaycanın bir hissəsində bütün Azərbaycan adından danışmaq düz deyil. Biz 28 Mayı Cümhuriyyət Günü kimi qeyd etməliyik və məsələni belə qoymaq lazımdır. Çünki bütün müsəlman aləmində, Orta və Yaxın Şərqdə birinci Cümhuriyyəti biz qurmuşuq, bununla da fəxr etməliyik. Bu, mənim şəxsi fikrimdir, bilmirəm razısınız, ya yox... İcazə verin, bu ildən başlayaraq, Sizi Cümhuriyyət günü bayramı münasibətilə təbrik edim. Sizə cansağlığı və həqiqətin qalib gəlməsində böyük qüvvət arzulayıram. Yoldaşım Tamilla sizə çox-çox salam göndərir".
4 oktyabr 1989-cu il tarixli Parisdən göndərdiyi növbəti məktubunda Abutalıbov mövcud ictimai-siyasi proseslərlə bağlı bəzi azərbaycanlı yazıçıların fəaliyyətini təqdir edib:
"Çox hörmətli Əzizə xanım.
Salam və ehtiram!
23.09.89-cu il tarixli məktubunuzu və iyul ayında göndərdiyiniz qəzeti aldım, təşəkkür edirəm. Müraciətinizi mütləq fransız dilinə çevirəcəyəm və çalışacağam bir yerdə çap etdirim. Hərçənd imkanlar çox azdır. Buna baxmayaraq, mən ruhdan düşmürəm, ideoloji müharibəni bizə çoxdan elan ediblər, biz də düşmənin qabağında əyilməməliyik.
Hal-hazırda buraya Bakıdan beş nəfər gəlib. İmkanları daxilində təbliğat aparırlar. Fransanın mədəniyyət naziri onları qəbul etdi, görüş çox yaxşı keçdi. Fransa-SSRİ cəmiyyətində Fəridə xanım gözəl çıxış etdi.
Timuçin bəyin azəricə çap olunmuş məqaləsindən 2 nüsxə mənə göndərin. Zəhmətinizə görə təşəkkür edirəm.
Mən, Bakıda Nəbi Xəzrinin və Qasım Qasımzadənin Rəsul Həmzətova yazdıqları məktubları oxudum, xoşuma gəldi. Rüstəm İbrahimbəyovun Ali Sovetin Qurultayına hazırladığı çıxışı oxudum, əla çıxışdır. Təəssüf ki, ona Qurultayda söz verməyiblər. Rüstəm yeni komitə yaradıb - Ermənistandan qaçmış azərilərin hüququnu müdafiə komitəsi, bu komitənin müraciətini oxudum. Bu dörd sənəd əllərdə gəzir, ancaq anlamıram, nə səbəbə görə bizim qəzetlərdə azəri və rus dillərində çap olunmur. Bəlkə də, mən Bakıdan çıxandan sonra çap olunub, onda mənə o qəzetləri göndərin..."
Ramiz müəllimin Parisdən göndərdiyi 8 dekabr 1990-cı il tarixli məktub həm onun öz bioqrafiyası, həm də ictimai-siyasi məsələlər baxımından olduqca əhəmiyyətlidir:
"Çox hörmətli Əzizə xanım.
İrana getməyiniz çox gözəl oldu. Öz gözünüzlə gördünüz. Mən 1972-ci ildən bəri cənublu qardaşlarımızla yaxından tanışam (1972-79-cu illərdə Paris görüşlərim; 1973 - İranda oldum; 1980-1984 - Bakıda işləyəndə mühacirlər məsələsi mənim şöbəmdə idi; 1985 - indiyə qədər yenə Parisdə).
Mən sizin fikirlərinizlə tamamilə razıyam. Nə etmək [olar]? Ruhdan da düşmüşəm. Burada olan 5-10 azərbaycanlı arasında da birlik yox[dur]. Ancaq bir şeyə nail olmuşam. Dörd nəfər bizim tərəfin tarixini mənimsəyib və lazım[i] yer[lər]də yaxşı çıxış[lar] edirlər. Ümumiyyətlə Fransadakı mühacirət haqqında bir məqaləm "Azadlıq" qəzetində çap olunub (№20, 7 noyabr 1990). Bu məqalə haqqında öz fikirlərinizi mənə bildirsəniz, minnətdar olaram.
O ki qaldı təəssüratınızı çap et[dir]mək məsələsinə, mənə elə gəlir ki, həqiqəti yaymaq lazımdır. Müqəddəratımızı özümüz həll edə bilməsək, heç kim bizə yardım etməyəcək, nə İran, nə Türkiyə, nə Rusiya. Hərçənd ki, üçü də qonşumuzdur, əlaqələri gərək korlamayaq. Milli-demokratik hərəkatımız inkişaf etməsə, bizi ağır məğlubiyyət gözləyir. Allah eləməsin.
"Ayati-şeytani" məndə yoxdur. Mən ancaq iki mövzu üzrə sənəd toplayıram: 1. Azərbaycan mühacirəti; 2. Azərbaycan - xarici mətbuat səhifələrində.
Həsən bəy Zərdabi arxivi haqqında mənim xəbərim yoxdur. Nəvəsi Ələkbər bəy Topçubaşı rəhmətə gedəndən sonra (1977-ci il) Əlimərdan bəyin arxivi qeyb olub. Biri deyir ki, türklər götürüb, o biri [deyir] - fransızlar [götürüb]. Bəlkə bu arxivin içində Zərdabinin də sənədləri olub. Ancaq mənim zənnimcə bunlar Bakıda olmalıdır. Çünki Əlimərdan bəy və Pəri xanım Parisə 1919-cu ildə yola düşəndə ümidvar idilər ki, Azərb[aycan] Dem[okratik] Cümhuriyyəti Versal konfransında tanınacaq və onlar Bakıya qayıdacaqlar. Siz yazırsınız ki, Həsən bəyin yeganə oğlu 20-ci ilin əvvəllərində həbs olunub. Mən bilən onun oğlu Səfvət Türkiyədə ölüb. Bəlkə, mən səhv edirəm. Siz Zərifə xanım Kürdəmirdən soruşun.
"Bak[inskiy] raboçiy" qəzetində oxudum ki, İren xanım - H.Zərdabinin qohumudur. Buna sübut varmı? Ondan soruşmağa isə utanıram.
Ümumiyyətlə, əhvalım yaxşı deyil. Vətəndən gələn xəbərlər məni pərişan edir. Eşitdiyimə görə Gürcüstan və Dağıstan bizdən yer istəyir. Ustad Şəhriyar gözəl deyib: "Oyan, oyan, Azərbaycan və ya kül ol, yan, Azərbaycan". Nə olacaq, Əzizə xanım? Sağ olun, bağışlayın. Məktubunuzu gözləyirəm.
Dərin hörmətlə Ramiz".

Əzizə Cəfərzadənin məktublarından sətirlər
Yazıçı Ə.Cəfərzadənin Ramiz müəllimə, ehtimal ki, 1988-ci ildə göndərdiyi məktubunda Qarabağın ilk şəhidlərindən bəhs edilib:
"Əzizim, qardaşım, Ramiz müəllim!
Başdan-başa kədər, qüssə, amma eyni zamanda ümid dolu məktubunuzu aldım. Bu (tərif üçün demirəm) həqiqi mənada bədbəxt xalqımız, millətimiz üçün proqramdır. Kaş onu elan edə biləydim, bircə-bircə ürəyi donmuşların, ağlını sərvət, şöhrət əlindən almışların qulağına bağıra biləydim! İndi isə qeyrətinə əmin olduqlarıma oxuya bilərəm, əlbəttə, icazənizlə.
Qardaşım, əməl dostum, övladım, halal olsun sizə ananızın südü, atanızın əməyi, Vətənin çörəyi. Mənim xeyir-duam həmişə sizinlə olsun.
Təəssüf ki, imkanı olanlar tərpənmir, bizi isə mərkəzi mətbuat çap eləmir, tanımır, tanımaq istəmir. Bacardığım rus, tanış-dostlara yazıram, bütün tanınmış mədəniyyət xadimlərinə bütün respublika, vilayət qadın şuralarına öz adımdan, eləcə də rəsmən qadınlar şuramız adından müraciət etmişəm. Xaricdə əlaqəmiz yox kimidir. Səsimizi - anaların səsini eşidən yoxdur. Amma qadınlarımızdan bir neçəsi Moskvaya gedib MK-ya müraciət etmişdi. İndi... çoxları son hadisələrlə əlaqədar töhmət alıb, işdən çıxarılıb, indi də gündə məsələ ilə bağlı tutulurlar. Guya bu gün biri, sabah o birisi filan milləti təhqir edib. Ağzımızı açmadan qonşu böhtanına düşə bilərik.
Bəxtiyarla Əli bədbəxt fevral ayının 22-də həlak olublar, Əsgəranda. Mən [ayın] 28-də hələ Sumqayıt hadisələri baş verməmiş Qarabağa getmişdim. Əvvəl Stepanakertdə oldum, sonra Şuşa, Ağdam kəndlərini gəzdim. Ağdamda o bədbəxt balalarımızın qəbrini ziyarət elədim, analarına başsağlığı verdim və gördüklərimi görüşəndə, İnşallah, Siz Bakıya gələndə danışaram.
O matəmin günü 1988[-ci] il fevralın 22-sidir".
Qeyd edək ki, Əli Hacıyev və Bəxtiyar Quliyev 22 fevral 1988-ci ildə Əsgəranda şəhid olublar. Həmin gün səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət ediblər. Ermənilərin etirazçılara açdığı qəfil atəşlə həmin iki gənc həyatlarını itiriblər. Əzizə xanım Ramiz bəyə göndərdiyi 20 fevral 1989-cu il tarixli məktubunda ilk şəhidlərin qısa həyat hekayələrini də verib:
"Əzizim, çox hörmətli, Ramiz müəllim!
Salam.
Keçən məktubunuza cavab vermişəm, amma bir neçə sualınıza tam cavabı indi verirəm: Bəxtiyar 16 yaşında, 2 il əvvəl atasını itirib, ana 8-cini bitirən kimi aparıb usta yanına qoyub, sənət öyrənib ailə saxlasın. Elə açılan ilk karteçdən başından yara alıb, oradaca da ölüb. Anası yanındaymış, "Getmə, bala!", - deyib yalvarırmış. "Hamı gedir, məgər mən biqeyrətəm? Vətəni, torpağımızı qorumağa gedirəm", - deyib qapıdan çıxanda. Ana da düşüb dalıycan. Əli 21 yaşında, əsgərlikdən yenicə gəlibmiş, konserv zavodunda işə düzəlirmiş, fəhlə. Ağır yaralanıb sinəsi, kürəyi. Xəstəxanaya gətirib çıxara bilməyiblər, yolda rəhmətə gedib. Hər ikisinin ailəsinə gedib başsağlığı vermişəm. Onların ili günü 22 fevralda ak.Ədilə Namazova deputatlığa namizəd kimi o yerlərdə olacaq, xahiş elədim bizim adımızdan evlərinə getsin..."
Əzizə xanım 23 sentyabr 1989-cu il tarixli məktubunda Ramiz bəyə yazıb: "Bildiyiniz kimi mən Timuçin bəyin məqaləsini dilimizə tərcümə etdirdim, tanıdığınız Novruz müəllim etdi və çap olundu qəzetdə. Sizə göndəribmi? Həmin məqalə ilə Baninin müsahibəsini Bakıda fransızca hazırlanan kitaba verdim, Hamlet Qocayev daxil edib. Qalanları da ingiliscədən tərcümə etdirdiklərimi və başqalarını oxuyurlar, lazımi istifadə üçün".
Bu məktubunda o, Məryəm Səmədova adlı xanımın Baninin bacısı olduğunu iddia etdiyini bildirib: "Mənə burada Banin xanımla bağlı məlumat verdilər. Guya indi Sizə adresini yazacağım xanım onun doğma bacısıdır və çoxdandır ki, əlaqələri kəsilib, Moskvada çox ağır tənhalıq və maddi çətinlikdə yaşayır. Siz mənə yazmışdınız ki, Banin xanıma məktub yazım, yenə də yazdım, amma cavab almadım. Ona görə də bacısı ilə əlaqədar məlumatı və adresi Sizə yazıram".

Ramiz müəllim 4 oktyabr 1989-cu il tarixli məktubunda bu məsələyə dair fikrini belə ifadə edib: "O ki qaldı Məryəm xanım Səmədovaya, o, Baninin bacısı yox, qohumudur. Əsl soyadı - Meylamovadır. Mən bilən Məryəm xanımın rəhmətlik qardaşını (Londonda vəfat edib) Mikail Useynov (memar) tanıyırdı. Deyin, M.Useynova, Məryəm xanım haqqında, yəqin ki, onun xəbəri yoxdur, yoxsa yardım edərdi".
4 dekabr 1989-cu il tarixli məktubunda Əzizə xanım İbrahim Safi məsələsinə toxunub, səyahətindən bəhs edib: "İbrahim Safi ilə bağlı məktubunuzu aldım. Onun bizim İncəsənət muzeyində bir neçə əsəri də varmış. Bu yay t[eleviziya] ü[çün] çıxışımdan və qəzetdəki məqalədən sonra (boyunlarına almasalar da, sağ olsunlar) xaricdəki həmvətənimiz olan rəssamların əsərləri sərgisi təşkil olunanda onun da əsərlərini nümayiş etdiriblər. Qohumlarından kim idisə, mənə telefon edib, hətta görüş də istəmişdi. Sonra nədənsə gəlmədi. Başqarışıqlıqdır. Bir saat sonra şəhərdə nə olacağını deyə bilmirik... Əziz qardaşım, bu payız bir kitabımla əlaqədar xeyli səyahət etdim. Hacı Zeynalabdın Şirvaninin marşrutu ilə Hindistan, Sinqapur, Malayziya, həmçinin Türkiyəyə səfər etmişəm..."
Əzizə xanım Ramiz bəyə göndərdiyi 5 sentyabr 1990-cı il tarixli məktubunda mühacir övladları ilə görüşlərindən bəhs edib:
"Əzizim Ramiz bəy. Salam.
Çoxdandır ki, sizdən məktub almıram. Darıxmışam və bu aylarda elə başqarışıqlığı olub ki, özüm də yaza bilməmişəm. Türkiyədə, Kiprdə bir ay qaldım. Əli bəy Hüseynzadənin qızları Səidə və Feyzavər xanımlarla tanış oldum. Əlimərdan bəy Topçubaşovla Həsən bəy Zərdabinin müştərək nəvəsi Zərifə xanım Kürdəmir, Nəsib bəy Yusifbəyovun qızı, İsmayıl bəy Qaspıralının nəvəsi Zöhrə xanım Göygöl və Əhməd Cəfəroğlunun qızı Nazan xanımla görüşdüm. Haqqında qəzetlərdə var. Oxuyacaqsınız. Onu da deyim ki, Yazıçılar İttifaqı nəzdindəki "Xatirə-irs" komitəsinin yenidən təşkili zamanı bir neçə xaricdəki tədqiqatçını komitə üzvlüyünə seçmişik. Siz onsuz da böyük fəaliyyətinizlə bu işi görürsünüz. Mən bu haqda 4.9.90-da televiziyada çıxışımda xüsusi qeyd elədim sizi. Azərbaycanın qeyrətli oğlu kimi. Əli bəy Hüseynzadə və Əhməd Cəfəroğlu, Əh[məd bəy] Ağayevlə bağlı tapıntılarıma həsr etdiyimiz xatirə gecəsi Natəvan adına klubda çox gözəl keçdi. Afişa və dəvətnaməsini sizə göndərirəm ki, məsləhət bilsəniz oğluna göstərin. Qızlarına özüm türk qonaqlardan göndərdim. "Ədəbiyyat və incəsənət"də məqalə olacaq. Oradan gətirdiyimiz əlyazma və kitabları, fotoları mətbuatda dərc etdirəndən sonra arxivə verəcək və hər üçünün kiçik də olsa, fondunun yaranmasına zəmin hazırlayacağam. Sonra yenilər alındıqca üzərinə əlavə olar. Bir sözlə, sizin başladığınız gözəl iş mənə də örnək oldu. Ana xeyir-duam həmişə sizinlə olsun, övladım!.."
Qeyd edək ki, Əzizə xanımın bəhs etdiyi həmin məqalə ""İrs"in Türkiyə və Kipr səfəri" başlığı ilə "Ədəbiyyat və İncəsənət" qəzetinin 7 sentyabr 1990-cı il tarixli sayında işıq üzü görüb.
Əzizə xanımın 23 dekabr 1990-cı il tarixli məktubu isə həm Ramiz müəllimə mənəvi dəstək, həm də mühacirlərlə bağlı bəzi bilgiləri ehtiva edir:
"Əzizim Ramiz övladım, xahiş edirəm, özünüzü tək, kimsəsiz hesab etməyin, azəri analar hamısı, mənimlə birlikdə sizinlədir, sizinləyik. Yazın, rica edirəm, əlimizdən gələni yox... gəlməyəni də etməyə hazırıq. Tələb eləyin, istəyin. Biz də nə lazımsa, edək. Bizi saya salan olmasa da, özümüz özümüzü yada da salırıq, bacardığımız işi görürük də.
Əzizim Ramiz balamız, Banin xanımın Nəriman Həsənzadəyə məktubunu oxudum, sağ olsun, çox həyəcanlı, səmimi məktub idi. Mən onu dəvət edirəm, razılıq versə, viza alım göndərim. Mənim və bütün tanıdıqlarımın salamını ona yetirmənizi xahiş edirəm, eləcə də Timuçin bəyə. Gözəl təklif vermişsiniz, Allah eləsin düzəlsin.
Sizi bağrıma basıb, gözlərinizdən öpürəm. Möhkəm olun, bizim ümid yerimiz - balamız.
Sağlıqla qalın, məktubunuzu gözləyirəm.
Hə... Həsən bəy Zərdabinin Türkiyədə vəfat edən oğlundan başqa bir oğlu da varmış, Bakıda tutulub, onun yeganə qızı Fatma xanım Bakıdadır, mən onu Zərifə xanım Kürdəmirlə calaşdırdım, haqqında televiziyada veriliş gedəcək, yəqin ki, şəhidlərimizin ilindən sonra. Fatma xanım da "Bak[inskiy] raboçi[y]"dəki məqalədən narazıdır, faktlar təhrif olunub, hərə ağlına gələni yazır. Zərifə xanım Topçubaşı arxivindən bir sıra məktubların surətini mənə verib, onda xeyli sənəd var. Bir qismi də Fatma xanımdaymış, çoxunu vaxtilə prof. Göyüşov ondan alıb qaytarmayıb, haradadır, hələ ki, bilmirəm. Tapanda yazaram. Zərdabilə bağlı Bakıda xeyli şey var, arxivi kiçik də olsa, Akademiyanın Əlyazmalar İnstitutunda saxlanır".
Əzizə xanım 19 aprel 1991-ci il tarixli məktubunda yazdığı romanla bağlı Ramiz bəydən kömək istəyib:
"Əzizim, qardaşım, övladım, Ramiz bəy. Salam.
Çoxdandır ki, Sizdən məktub almıram, çox darıxmışam. Bilirəm ki, orada qayğılarınız çox, zəhmətiniz ağırdır. Buradan da Sizi çox narahat edirik. Elə indi mənim də Sizdən bir xahişim var: Deməli, mən XIX yüzillikdə İranda Babilik hərəkatına başçılıq etmiş Tahirə Qürrətüleyn ilə bağlı bir roman yazmışam. Tahirə Qəzvində yaşayan azəri türkü olub, şairə olub. Haqqında o zaman dünya mətbuatında çox yazılıb. Bizim M.F.Axundov, Mirzə Kazım bəy, xüsusilə ingilis, fransız alimləri. Mən onunla bağlı bütün nə varsa, oxumuşam və burada nəzərdən keçirənlərin deməyinə görə pis çıxmayıb. Nə bilim... bunu oxucu həll edəcək. İndi xahişim nədir? İsveçrədə Bəhailər təşkilatı var. Onun iki nümayəndəsi Bakıya gəlib, birinin adı deyəsən Fəxrəddin, o biri Pəyam Əxəvandır. Düz bilmirəm. Amma hər ikisi azəridir, mühacirətdə. Hər ikisi də İsveçrədə yaşayır, orada Bəhailər təşkilatının nümayəndəsidir. Onlarla görüşmək mənə qismət olmadı, xəstəydim. Adreslərini də bilənlər nədənsə qısqanıb mənə vermirlər. Tahirə Qürrətüleyn onlar üçün də çox əzizdir, şeirlərini ibadət kimi oxuyurlar. Əlbəttə, mən Tahirəni Babi, Bəhai kimi nəzərdə tutmaqdan çox, onun xalq qəhrəmanı, zülmə, istibdada qarşı mübarizəsini ön plana çəkmiş, bacardıqca bugünkü mübarizəmizlə səsləşdirmişəm. İndi dünyada, xüsusən, İsveçrədə həmin hərəkatın nümayəndələrindən biriylə və ya təşkilatın özüylə əlaqə yaratmaq istəyirəm. Bu məsələdə mənə kömək etsəniz, kiminsə onlardan birinin adresini mənə yazsanız, minnətdar olaram..."
Abutalıbov Parisdən göndərdiyi 18 may 1991-ci il tarixli məktubunda bu mövzuda belə cavab yazıb: "Moskvada Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətov yaşayır, bəhaidir. O, bütün dünyada olan bəhailərlə məktublaşır... Bundan əlavə, eşitdiyimə görə, İsveçrədən bir bəhai (adı deyəsən Parsay) Bakıdakı "Vostokintorq" təşkilatı ilə (Zevin küç. / Neftçilər prospekti tinində yerləşir) əlaqədardır. "Vostokintorq"un rəhbəri Maqsud Məmmədovdur. Mənim adımdan bu adamlara müraciət edin, bəlkə, onlar kömək edə bildilər. Banin xanım yaxşıdır, sizə salamı var. Ancaq səhhətinə görə Bakıya gəlməyə cürət eləmir".
Əzizə xanım 10 iyun 1991-ci il tarixli məktubunda bəhai məsələsinə və Qərbi Azərbaycan qaçqınlarının vəziyyətinə toxunub:
"...Yazdığınız Əşrəf bəyə məktub göndərdim, cavab versə, bəlkə bir şey edə bildim. Siz də, zəhmət olmasa, göz-qulaqda olun, bəhailərdən, varsa babilərdən rastınıza gələn olsa, mənim adresimi verin, bəlkə əlaqə düzəldə bildim. Maqsud isə mənim hardasa qohumumdur. Hazırda Bakıda yoxdur, məzuniyyətdədir, - dedilər. Qayıdanda o təşəbbüsü də edəcəyəm. Bir şey düzəlsə, mütləq Sizə xəbər verəcəyəm. Burada hələ ki, elə bir şey dəyişməyib. Bir bu var ki, Çaykənddən gedənlərin yerinə Bakıda yurdsuz qalmış Ermənistan qaçqınlarını yerləşdirməyə başlayıblar. Yazıqların halı adamın ürəyini yandırır, üç ilin didərginləri, uşaqlar oxumur, ev-eşik yox, qovulanda əllərindən çıxan mal-madarları, indi burada müvəqqəti daldalandıqlarının da itməyi... Qərəz ki! Allah namərd qonşunun evini yıxsın, yazıqlar üç ildə iki dəfə məcburi köçməyə məruz qalıblar. Hərəsi bir işdən yapışmağa başladığı yerdə... Ümid edirəm ki, sonu yaxşı qurtara bəlkə..."
Beləliklə, 1988-1991-ci illərdə - ölkəmizin müstəqilliyə doğru gedən yoldakı ağır dövründə yazılan bu məktublar iki görkəmli Azərbaycan ziyalısının vətənlə döyünən ürəklərindəki ağrını, həyəcanı, ümidi və ümidsizliyi göstərən xatirələrdir. Bu məktublar bir daha Cümhuriyyət eşqi ilə aramızdan köçən Ramiz müəllimin Avropadakı fədakar fəaliyyətini təsdiqləməkdədir. Necə ki, Əzizə xanım 23 iyun 1989-cu il tarixli məktubunda ona yazırdı: "Cümhuriyyət Günü münasibətilə yazdığınız məktub titrətdi məni. Qəlbiniz, şüurunuz üçün, Yaradana eşq olsun. Niyə mən Sizi hələ Bakıdaykən tanımamışam? Çox şadam ki, orada nümayəndəmiz məhz Sizsiniz".
Ramiz müəllim də, öz növbəsində, 2010-cu ildə Əzizə xanım haqqında qələmə aldığı "Azərbaycan anası" məqaləsində yazırdı: "Tanıdığı insanlara, ümumiyyətlə, hamıya - balam, övladım, oğlum, qızım deyərdi. İnsanlara belə mehribanlıqla müraciət edən insanı ana çağırmağa hamımızın mənəvi haqqı var. Keçmişinə nəzər salaraq Əzizə xanım Cəfərzadə qürurla: "Mən yaşamışam", deyirdi. Bəli, o, enişindən yoxuşu, şirinindən acısı, sevincindən dərdi-qəmi qat-qat artıq olan bir ömür yaşadı, amma mənalı, məzmunlu bir ömür, millətinə layiq bir ömür..."
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
