Elsevənlərdən biri: Xanlar Bayramov - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ölkəmizdə birinci respublikanın tarixinin araşdırılması, dövrün hökumətində yer tutmuş və ya müxtəlif vəzifələrdə çalışmış insanların həyat hekayələrinin tədqiqi, varislərinin tapılması istiqamətində xeyli işlər görülmüşdü. Ramiz Abutalıbov, Rafael Hüseynov, Nəsiman Yaqublu, Əzizə Cəfərzadə, Fuad Zeynallı, Nəsib Nəsibli, Mövsüm Əliyev, Hafiz Sadıq və digərlərinin sayəsində ilk məlumatlar əldə edilmiş, ilk məqalələr, kitablar yazılmış, böyük bir irs toplanmışdı. Zamanla tədqiqatlar daha akademik çərçivəyə keçmiş, 1998-ci ildə Cümhuriyyətin 80 illiyi ilə bağlı dövlət başçısının sərəncamından sonra bu yöndə işlər daha da genişlənmişdi.

Həmin illərdə kollektiv şəkildə fəaliyyətin daha uğurlu nəticə verəcəyini düşünən bəzi ictimai xadimlər cəmiyyətlər quraraq mühacir ailələri bir araya gətirib, yığıncaqlar keçirib, mətbuatda mütəmadi məqalələr yazıblar. Fuad Zeynallının qurduğu "Əski Müsavatçılar Nəsli" Beynəlxalq Cəmiyyəti bu istiqamətdə ən çox iş görən qurumlardan biri idi. 2024-cü ildə tərtib etdiyim "Əski Müsavatçılar Nəsli. Bir cəmiyyətin tarixi" adlı kitabda bu təşkilatın fəaliyyəti və əsərləri barədə mövcud bütün materialları bir araya gətirmişdim. Fuad Zeynallı bu təşəbbüsü Bakıda həyata keçirmişdisə, bu səpkidə digər bir fəaliyyət Cümhuriyyətin ilk paytaxtında - Gəncədə icra edilmişdi. Belə ki, 1992-ci ildə "Gəncə Elsevənlər Cəmiyyəti" yaradılmış və bu qurumun "Gəncəbasar" adlı qəzeti də işıq üzü görmüşdü. Cəmiyyət Gəncədə, Bakıda və ölkənin digər yerlərində yaşayan 115 gəncəli tərəfindən təsis olunmuşdu. Təşkilatın sədri Çingiz Verdiyev idi.

Cəmiyyətin nizamnaməsinə görə təşkilat Azərbaycan vətəndaşlarının və xaricdə yaşayan soydaşların könüllü birliyi idi. Təşkilatın məqsədi geniş mövzuları (idman, maarif, səhiyyə, təhsil, təbiət, iqtisadi əlaqələr və s.) əhatə edib, mövzumuza uyğun bənd bu şəkildədir: görkəmli adamlar, ictimai xadimlər, xüsusilə, ADR-in rəhbərlərinin qəbirlərinin tapılmasında, onlar haqqında materialların toplanmasında yaxından iştirak etmək, onların iş və yaşayış tərzini öyrənməklə gənc nəslə nümunə göstərmək, onların adlarını əbədiləşdirmək məqsədilə adlarına bağlar, küçələr saldırmaq barədə məsələ qaldırmaq, ən çox xidmətləri olanlara heykəllər və büstlər qoyulmasını təşkil etmək.

 

Cəmiyyətin Bakı şöbəsi

 

1992-ci ilin dekabr ayında cəmiyyətin Bakı şöbəsi yaradılıb və sədri jurnalist Xanlar Bayramov seçilib.

Xanlar Cabbar oğlu Bayramov 28 avqust 1948-ci ildə Gədəbəyin Soyuqbulaq kəndində doğulub. Azərbaycan Teleradio şirkətinin Gəncəbasar üzrə xüsusi müxbiri olub. "Cümhuriyyət generalları" (2006), "Rəfibəylilər" (2009), "Samuxlu Qaçaq Məmmədqasım", "Qaçaq Dəli Alı", "Gəncə üsyanı", "Xan Xoyskilər", "Hərb tariximizdən", "Vətəndən iraq düşənlərimiz", "İstiqlal qurbanları", "Xalq qəhrəmanları", "İstiqlal yollarında" kimi sənədli filmləri ərsəyə gətirib. Doğulduğu yurd haqqında "Soyuqbulaq, yurdum mənim" adlı əsər qələmə alıb, eləcə də Samuxlu Qaçaq Məmmədqasımın xatirələrini dərc etdirib. Mərhum tədqiqatçı, yazıçı Zakir Sadatlı ilə birlikdə Tofiq Bağırov haqqında "Onu Gəncə böyütmüşdü" adlı kitab da yazıb.

"Gəncə üsyanı - 1920" adlı kitabı isə onun ən çox rəğbət görən əsəridir. Bu kitabda Gəncə üsyanının iştirakçılarının bioqrafiyaları, xatirələri verilib, iştirakçıların övladlarından alınan müsahibələr dərc olunub.

Xanlar bəy 1992-ci ildə mühacirlərin sorağı ilə İstanbulda olub. Orada Hacıbaba Gəncəlinin nəvəsi, həmçinin Hüseynqulu xan Xoylunun nəvəsi Kərim Mehmedzadə ilə, Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanım Göygöllə, Əlimərdan bəy Topçubaşovun nəvəsi Zərifə Kürdəmirlə, Xudadad bəy Rəfibəylinin nəvəsi Aydın Arranla, Nağı bəy Şeyxzamanlının oğlu Yavuz Keykurunla, Adil xan Ziyadxanlının qızı Mahrux xanımla, Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin oğlu Əli Fərid Kazımbəylə, Sarı Ələkbərın qızı Brilyant Aküzümlə görüşüb, onlardan çox əhəmiyyətli məlumatları alıb Azərbaycana gətirib. Həmçinin həmin görüşləri videolentə alaraq Azərbaycan tamaşaçısına o unudulmaz insanların varislərini tanıdıb. 1997-ci ildə yenidən Türkiyədə olub, Elazığ vilayətinə gedərək Samuxlu Məmmədqasımın məzarını ziyarət edib, qardaşı Əsədlə görüşüb. 2008-ci ildə Azərbaycan Cümhuriyyətinin 90 illiyi ilə bağlı Yüksəl Bağırov tərəfindən hazırlatdırılmış "Azərbaycan Cümhuriyyəti liderlərinin Gəncədə qarşılanması" adlı böyük rəsm əsərinin təqdimatının əsas təşkilatçılarından olub. 6 mart 2010-cu ildə "Gəncə üsyanı - 1920" adlı kitabının təqdimatı keçirilib. Təəssüf ki, həmin gündən 1 həftə sonra - 13 mart tarixində Xanlar Bayramov dünyasını dəyişib, Bakıda dəfn olunub. Leyla və Lalə adlı iki qızı var. Lalə Bayramova (Cavadova) hazırda Kaliforniya ştatının San Dieqo şəhərində yaşayır.

Yeri gəlmişkən, İstanbulda Kərim Mehmedzadə ilə görüşdüyüm zaman Xanlar Bayramovu yaxşı xatırladığını bildirmişdi.

 

Xanlar Bayramovun fədakarlıqları

 

"Elsevənlər" cəmiyyətinin Bakı şöbəsinin məqsədi daha spesifikdi və birbaşa Cümhuriyyət irsinin araşdırılmasına yönəlmişdi. X.Bayramov 1992-ci ildə "Hürriyyət" qəzetinə müsahibəsində fəaliyyət istiqamətlərini bu şəkildə açıqlayıb: "Məqsədimiz Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcıları və liderlərinin həyatı ilə bağlı sənədləri toplamaq, onların xalq yolunda çıraq etdikləri ömürlərinin zərrəsi olan övladlarını, nəvələrini tapmaq, Almaniyada, Türkiyədə, İranda, Amerikada, İtaliyada və başqa ölkələrdə mühacir ömrü yaşamış demokratlarımızın Azərbaycandan kənardakı taleyini dəqiqləşdirməkdir. Topladığımız bütün məlumatları nəşr etdirəcəyik ki, bugünkü nəslə məlum olmayan fakt və hadisələrdən xalq xəbər tuta bilsin. Sizə deyim ki, belə tarixi hadisələr yüzlərlədir. Azərbaycan Demokratik Cümhuriyyətinin rəhbərlərinin indi xaricdə yaşayan övladlarını tapıb onları mayın 28-də ADR-in 75 illiyi tədbirlərində iştirak etmək üçün Bakıya çağıracağıq. Cəmiyyətin ali şurasına respublikanın görkəmli elm, incəsənət və siyasət xadimlərini cəlb etmişik".

Xanlar bəy mühacirlərin ən çox yaşadığı Türkiyədə də təşkilatın şöbələrinin açılacağını deyib: "Gəncə təşkilatının İzmirdə şöbəsi fəaliyyət göstərir. Lap yaxın günlərdə İstanbul və Bursada şöbələrimiz açılacaq. Daha doğrusu, fəaliyyət göstərən bu şöbələrin rəsmi qeydiyyatını gözləyirik. İstanbullu həmkarlarımızın köməyi ilə Adil xan Ziyadxanovun, Xəlil bəy Xasməmmədovun, Hüseynqulu xan Xoyskinin, Nağı Şeyxzamanovun, Əhməd Ağaoğlunun və onun oğlanlarının, Cavad xanın nəticəsi Şirinbəyim xanımın, general Səməd bəy Rəfibəylinin, Gəncə üsyanının başçılarından olan Sarı Ələkbərin və başqalarının məzarlarını dəqiqləşdirmişik. Görkəmli alim Əbdülbaqi Gölpınarlının evində saxlanılan çox zəngin kitabxanasının Azərbaycana gətirilməsini təşkil edəcəyik. Onun Türkiyədə nəşr edilmiş irili-xırdalı 147 əsərinin əksəriyyəti Məhəmməd Füzuliyə həsr olunub. Həmin kitabxanada bizim tədqiq etdiyimiz sahəyə aid zəngin material var. İstanbulda yaşayıb-yaratmış Azərbaycan alimi Mirzə bəy Göygölün arxivini də Bakıya gətirmək niyyətindəyik".

Bayramov cəmiyyət vasitəsilə əlaqə qurduqları mühacirlərdən də bəhs edib: "Xaricdə, xüsusilə də Türkiyədə yaşayan soydaşlarımızla lazımi əlaqələr yaratmışıq. Nəsib bəy Yusifbəylinin qızı Zöhrə xanım Göygöl, Əlimərdan bəy Topçubaşovun nəvəsi Zərifə xanım Kürdəmir, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyovun oğlu Əli bəy, Adil xan Ziyadxanovun qızı Mahrux xanım, Hüseynqulu xan Xoyskinin Amerikada yaşayan nəvəsi Zahid xan, Şəfi bəy Rüstəmbəylinin qızı Ülkər xanım, Nağı Şeyxzamanovun oğlu Yavuz Şeyxzamanlı və başqa mühacirlərimizlə görüşüb söhbətləşmişik. Bir Allah şahiddir ki, onları Bakıya dəvət edəndə necə sevindilər. Çox böyük məmnuniyyətlə razılaşdılar".

 

"Gəncəbasar"da qalanlar

 

Mərhum professor Nəsiman Yaqublunun arxivindən "Elsevənlər" Cəmiyyətinin "Gəncəbasar" qəzetinin üç sayını əldə etmişdik. Təəssüf ki, milli kitabxanada qəzetin nüsxələrinə rast gəlmədiyimiz üçün neçə nömrə çıxdığını təsbit edə bilmədik. 31 mart 1993-cü ildə çıxan ilk sayda sədr Çingiz Verdiyevin kiçik bir məqaləsi, əslən Gəncədən olan Seyfəddin Altaylı ilə müsahibə dərc edilib. Eləcə də Xanlar Bayramov Cahangir bəy Kazımbəylinin bioqrafiyasını qələmə alıb, onun xatirələrini ixtisarla verib. Həmçinin Gəncənin qədim və ötən əsrdəki tarixi ilə bağlı maraqlı oçerklər təqdim olunub. 23 aprel 1993-cü il tarixli ikinci sayda "Türkiyədə yaşayan gəncəlilər" rubrikasında X.Bayramov İlham Əsgəranla olan söhbətini qələmə alıb, Sarı Ələkbər haqqında məqalə dərc etdirib. Həmçinin cəmiyyətin nizamnaməsi geniş şəkildə verilib. 19 may 1993-cü il tarixli üçüncü sayda isə Xanlar Bayramovun Cavad xanın kötücəsi Mahrux xanım və qızı Leyla xanımla görüşündən təsvir verilib.

 

Rəfibəylilərdən İlham bəy

 

Xanlar bəyin Türkiyədə əlaqə qurduğu şəxslər arasında Gəncənin məşhur Rəfibəylilər ailəsindən İlham bəy də olub. "Gəncəbasar" qəzetinin səhifələrində unudulmuş bu görüşdən bəzi detalları tariximiz üçün maraqlı olduğu üçün təqdim edirik:

"İlham Əsgəran Bursada yaşayır. Rəfibəylilərdən Qafar bəyin nəvəsidir. Hələ 40 yaşı tamam olmayıb. İstanbuldan ona zəng etdim. Türkiyədə yaşayan Rəfibəylilər barədə məlumat topladığımı bildirdim. Tər-təmiz azərbaycanca cavab verdi. "Mütləq qonağım olmalısınız, - anam Gülçöhrə xanımı, - atam Çingiz bəyi görməlisiniz", - dedi.

Səhəri gün Topqapıdan Bursaya gedən avtobusla yola düşdüm... İlham bəy maşını ilə gəlib məni atası Çingiz bəyin evinə apardı. Anası Gülçöhrə xanım əsl azərbaycanlı qadınlara xas olan qonaqpərvərliklə bizi qarşıladı. Rəfibəylilərdən, atasından olduqca maraqlı xatirələr danışdı. Atası Heydər bəyin Qarsda dram dərnəyi yaratmasından, uzun illər "Arşın mal alan", "O olmasın, bu olsun" və başqa komediyaların Qars şəhərində tamaşaçılara göstərilməsindən məlumatlar verdi. Gülçöhrə xanım özü də rəqs ansamblına başçılıq edib. Yaratdığı ansamblın əsas üzvləri oğlu İlham, qızı və yaxınları olublar. Türkiyə şəhərlərində Azərbaycan oyun havalarını həvəslə, bacarıqla, sevə-sevə tamaşaçılara göstəriblər... Süleyman Dəmirəlin onlarla görüşdüyünü, Rəşid Behbudovun dəfələrlə Qafar bəyin evində qonaq qaldığını fəxrlə xatırlayır... Gülçöhrə xanım qayınatası Qafar bəylə atası Heydər bəyin dostluğundan danışır. Qafar bəy rəhmətə getməmişdən on gün qabaq "Heydəri çağırın, mənə çatdırın, segah oxusun" - dediyini söyləyir. Heydər bəy bir həftə onun yastığı başında ayıldıqda segah, yatdıqda Quran oxuyur. Tez-tez:

 

Əzizim gəncəlidi,

Bu kəslər gəncəlidi.

Harda bir qərib varsa,

Bil ki, o, gəncəlidi,

 

- bayatısını zəngulə edir.

Qafar bəy "Gəncə" deyə-deyə canını tapşırır. Çox çəkmir ki, Qars azərbaycanlılarının ürəkdən sevdikləri xanəndə, gözəl aktyor, məclislərin yaraşığı Heydər bəy də rəhmətə gedir. Qafar bəyin yanında basdırılmasını xahiş edir".

Beləliklə, "Elsevənlər"dən, elimizi, tariximizi sevənlərdən biri olan Xanlar Bayramov ən çətin dövrlərdə birinci nəsil mühacirlərin varisləri ilə görüşərək, Türkiyədən qiymətli mənbələr yığaraq mühacirət tariximizə böyük bir xidmət göstərib. Bu cəmiyyət haqqında geniş məlumatlar topladıqdan sonra onun da fəaliyyətini kitablaşdırmaq arzusundayıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!