Aytmatovun Bakıya yazdığı türkcə məktub - Yılmaz ÖZKAYA

Vilayət Rüstəmzadəyə göndərilmiş, latın əlifbalı bir sənəd haqqında

 

Sovet dövründə bir qırğız yazıçısı ilə bir azərbaycanlı şairin yazışması, təbii halında, rusca olardı. Hər ikisinin ortaq yazı dili o idi; poçt da, redaksiya da, tərcümə büroları da həmin dillə işləyirdi. Əlimizdəki iki vərəqlik məktub isə bu qaydadan kənara çıxır: Çingiz Aytmatov Bakıdakı müxatəbinə latın hərfləri ilə və türkcə məktub göndərir.

Mətn nə tam qırğızcadır, nə də Azərbaycan türkcəsicə. Gövdəsi etibarilə Türkiyə türkcəsinə yaxın duran, hər iki sahədən ünsürlər almış ortaq bir dildir. Aytmatov bu seçimi heç yerdə izah etmir; izah etməməsi isə seçimin özünü daha mənalı edir.

Vilayət Məhəmməd oğlu Rüstəmzadə (d. 12 avqust 1937, Borçalının Bala Muğanlı kəndi) şair, tərcüməçi və ədəbiyyatşünasdır. Marneuli Pedaqoji Məktəbini, ardınca Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmiş; 1968-1971-ci illərdə Lomonosov adına Universitetin aspirantı olmuşdur. "Azərnəşr"də tərcüməçi-redaktorluqla başlayan peşə həyatı "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdirliyinə və "Sovet Azərbaycanı" qəzetinin baş redaktorluğuna qədər uzanmışdır. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bu tərcüməçilik və redaktorluq vəzifəsi məktubun ikinci vərəqini aydınlaşdırır. Rüstəmzadə Aytmatova sadəcə pərəstiş məktubu yazmış gənc bir şair deyil, Bakıda onun əsərlərinin nəşrini öhdəsinə götürmüş adamdır.

 

Sənədin tarixi

 

Məktub 7 fevral 1978-ci il tarixini daşıyır. Sənədin məzmunu bu tarixi bütünlüklə dəstəkləyir.

Aytmatov məktubda iki əsərini verir: "Ak gemi" və "Deniz kıyısında koşan boz köpek". Həmin iki povest, məhz bu tərkibdə, 1980-ci ildə Bakıda "Yazıçı" nəşriyyatında bir cild halında çıxmışdır: "Ağ gəmi". "Dəniz kənarıyla qaçan Alabaş", 228 səhifə; tərcüməçilər Cəmil Əlibəyov və Xeyrulla Əliyev, Ön sözün müəllifi Vilayət Rüstəmzadə. Məktubda isə əsərlərin Azərbaycan türkcəsində hələ çıxmadığı açıqca deyilir. Deməli, məktub 1980-ci ildən əvvələ aid olmalıdır.

İlk abzasdakı xatirə də eyni ilə işarə edir. Aytmatovun yaxın dostu, malkar şairi Qaysın Quliyevin altmış illik yubiley mərasimləri 1977-ci ilin noyabrında keçirilmişdi; "Dəniz kənarıyla qaçan alabaş" isə 1977-ci ildə nəşr olunmuşdu. 1978-ci ilin fevralı hər iki hadisənin hələ təzə olduğu andır.

 

Mətn

 

Aşağıdakı mətn əsl imlaya sadiq qalınaraq verilmişdir; heç bir söz Azərbaycan dilinin bugünkü yazı qaydalarına uyğunlaşdırılmamışdır. Kvadrat mötərizələr oxunmayan və ya mübahisəli hissələri, kursiv isə sətirarası əlavələri göstərir.

Vilayet Rüstemzadege kat!

Kardeşim ve genç kalemdeşim!

- Mektubunu alıp çok sevindim, tesirlendim - hepimizle seven ustaz Kaysın'ın yeri - Elbrus dağı ve ol arada bulan bayramlar, şat-saltanatlar gözüm aldına geldi. Dünyada en kiçik Türk nüfuzu olan Malkar halkı o zaman en büyük ve meşhur oldu. Çünkü büyük şair bütün halkın ruhini ve kuvvetini en yüksek derecede katabilir. Matimatikte bu formula 1010 olur. Bunun için her daürde [devirde] büyük şair, büyük yazar halkın ölümsüzlüğünü gösteren camdır [aynadır]

- Değerli Vilayet! Bu, mektubun ön sözüdür. Senin hakında söylüyorum ve ben Azerbaycan halkının içinde sen gibi genç Türk şairi görmekten Tanrıya çok razı oldum. Hakiki milli ruhini modern şiiri güzellegenine güvendim. Buga baylaniste men sana bir fikir (ügüt) söylüyorum: bütün halklarını sev, ama bunu kendi dilinin ve kendi halkın sonsuz sevmende gösterebil.

- Şimdi iş hakkında.

Gönderdiyin yayınevinin anlaşmasına çok teşekkür. Men iki eserimi vermekteyim: biri - "Ak gemi", ikincisi - "Deniz kıyısında koşan boz köpek". Azerbaycan Devlet yayınevinin bu teklifi kabul ettiğin[i] soruyorum. Bu eserleri Rus dilinden çevirmesini teklif ediyorum.

- Bu eserler Azerbaycan dilinde çıkıncadan sonra kızlarına eldamgalı vererim.

- Şimdi ise kızlarını yüzlerinden öp. Bütün Azerbaycan arkadaşlarıma selam söyle.

Cengiz Aytmatov

7/II-78

 

Birinci vərəqin yuxarı kənarında arxiv qeydi ("Rüstemzade Vilayet Muhammedoğlu") və kiril hərfli inventar nömrəsi, müraciətin üstündə isə başqa bir əldən yazılmış "Törökuloviç" qeydi var - Aytmatovun ata adı, çox güman, təsnifat zamanı əlavə edilmişdir.

 

Dilin özü bir mesajdır

 

Başlıqdakı kat ərəbcə xat sözünün türk ləhcələrindəki şəklidir və "məktub" mənasına gəlir; Rüstemzadege isə qırğız yönlük hal şəkilçisi daşıyır. Mətnin gövdəsi isə gözlənilən yerə söykənmir. Aytmatovun cümlə quruluşu və söz tərkibi Türkiyə türkcəsinə xeyli yaxındır: söylüyorum, tesirlendim, ön söz, hakiki, ölümsüzlük, güvendim, teşekkür. Bunlar nə qırğızcanın, nə də Azərbaycan türkcəsinin birinci seçimidir. Araya men, vererim, gönderdiyin kimi Azərbaycan türkcəsi formaları və buga baylaniste ("bununla əlaqədar olaraq") kimi qırğız qəlibləri qarışır; lakin mətnin ümumi istiqaməti bəllidir. Bu, üzərində dayanmağa dəyər bir seçimdir. Müxatəbi azərbaycanlıdır; məktubu Azərbaycan türkcəsi ilə yazmaq ən asanı olardı. Aytmatov bunun əvəzinə ləhcələrin ortasında duran, Türkiyə türkcəsinə söykənən bir zəmin seçir. Məsələ yalnız anlaşmaq deyil, hansı zəmində anlaşılacağına dair bir mövqedir bu.

Eyni mövqe İsmayıl Qaspıralının Tərcümanda müdafiə etdiyi ortaq dil anlayışını xatırladır. Qaspıralı türk ləhcələri arasındakı qarşılıqlı anlaşılmanı artırmaq üçün İstanbul türkcəsini əsas götürən, yerli ünsürlərə də qapını bağlamayan bir yazı dili təklif etmişdi. Aytmatovun belə bir proqramı yoxdur; buna baxmayaraq 1978-ci ildə, şəxsi bir məktubda eyni istiqamətə yönəlir.

Mətndə bunun iki kiçik əlaməti var. Biri "men sana bir fikir (ügüt) söylüyorum" cümləsində mötərizəyə qoyulmuş qırğızca qarşılıqdır. O biri, kitablarını Rüstəmzadənin qızlarına "eldamgalı" verəcəyini söylədiyi yerdir: qırğızcada bu kol tamgadır; Aytmatov müxatəbinin ləhcəsində "əl" qarşıladığı üçün sözün birinci ünsürünü dəyişmişdir. Hər ikisində eyni səy var - qarşı tərəfin tərəddüdsüz başa düşməsi.

 

"Ən kiçik türk nüfuzu"

 

Məktubun ilk abzası Aytmatovun ömürlük dostu Qaysın Quliyevə həsr edilmişdir. Quliyevin xalqı olan malkarlar 1944-cü ildə bütünlüklə Orta Asiyaya sürgün edilmiş, şair də sürgün illərini Qırğızıstanda keçirmişdi - Aytmatovla dostluqları oradan gəlir. 1957-ci ildə qayıtmağa icazə verildi.

Aytmatov onları "dünyada ən kiçik türk nüfuzu" deyə anır. Sovet rəsmi təsnifatında malkarlar "türk" deyil, ayrıca bir "millət"dir; siyahıyaalmalarda da, dərsliklərdə də belə keçir. Aytmatov bu təsnifatı saymayıb birbaşa türklük çətiri altında danışır. Eyni şeyi müxatəbi üçün də edir: Rüstəmzadəni "Azerbaycan halkının içinde sen gibi genç Türk şairi" deyə səciyyələndirir. Sovet dövrünün rəsmi terminologiyasında azərbaycanlılar da "türk" deyil, "azərbaycanlı" idi. Buna "Tanrıya çok razı oldum" ifadəsini də əlavə etmək lazımdır. Bir yazıçının, özü də sovet ədəbiyyat təşkilatının ən yuxarı pillələrində dayanan bir yazıçının qələmindən çıxmış bu cümlələr kağız üzərində qalmağı sevən növdən deyil.

 

Öyüd

 

Məktubun ideoloji mərkəzi bu cümlədədir:

"bütün halklarını sev, ama bunu kendi dilinin ve kendi halkın sonsuz sevmende gösterebil".

Sovet ədəbiyyat siyasətinin standart baxışı bunun tam əksi idi: milli olan, ancaq "bütün sovet xalqlarının dostluğu"na xidmət etdiyi qədər məqbuldur. Aytmatov istiqaməti çevirir. Beynəlmiləlçiliyi rədd etmir - "bütün halklarını sev" deyir - lakin onun sübutunu milli sədaqətə bağlayır.

Şairin təsirinə dair tərif də eyni xətdədir: "büyük şair bütün halkın ruhini ve kuvvetini en yüksek derecede katabilir. Matimatikte bu formula 1010 olur." Riyazi istiarə bir qədər zorakı görünsə də, demək istədiyi aydındır: şair xalqının qüdrətini qüvvətə yüksəldən ünsürdür. Buradan çıxan hökm isə məktubun ən gözəl cümləsidir: "her daürde [devirde] büyük şair, büyük yazar halkın ölümsüzlüğünü gösteren camdır."

İkinci vərəq ədəbiyyat tarixinin adi görünən, lakin nadir hallarda sənədləşən tərəfini verir: bir nəşrin necə qurulduğunu. Aytmatov göndərilən müqaviləyə təşəkkür edir, iki əsərini verir və tərcümənin rus dilindən edilməsini təklif edir. Əsərin adını "Deniz kıyısında koşan boz köpek" şəklində yazır; halbuki qırğızca əslində Ala Döböt, rus variantında Peqiy pёs keçir, hər ikisi "ala" deməkdir. Bakı nəşrində də Alabaş seçilmişdir. Əslində əsərdə itə bənzəyən dağın rəngini müəllifin özünün başqa bir sözlə qarşılaması məktubun sərbəst və şifahi ovqatına uyğundur.

Əsas dayanılası nöqtə tərcümənin hansı mətndən ediləcəyidir. Aytmatov əsərlərini qırğızca yazıb rus dilinə özü çevirir, çox zaman da rusca mətni müstəqil bir əsl kimi işləyirdi. Bakıya "rus dilindən çevirin" deməsi qırğızca əslindən imtina etmək deyil, hansı mətnin mötəbər sayılacağını bilavasitə müəllif sifətilə təyin etməkdir. Sovet dövrünün tərcümə təcrübəsində rus dilinin vasitəçi rolu çox vaxt məcburiyyət idi; burada müəllifin öz seçimi kimi qarşımıza çıxır.

Məktub uşaqlara salamla və "bütün Azerbaycan arkadaşlarıma selam söyle" cümləsi ilə bitir.

Aytmatovun sovet dövründəki milli həssaslıqları bu gün əsasən sonradan verdiyi müsahibələrdən, xatirələrdən və 1990-cı illərdən sonrakı çıxışlarından bilinir. Bunlar qiymətlidir, lakin geriyə dönük şahidliklərdir. Əlimizdəki məktub isə 1978-ci ildə, heç bir nəşr niyyəti daşımadan, tək bir oxucu üçün yazılmışdır. Aytmatovun həmin tarixdə türklüyü necə qavradığını, hansı dillə qavradığını və gənc bir şairə nə öyüd verdiyini birbaşa göstərir.

Bir də bu var: məktub Bakıda 1980-ci ildə çıxan bir kitabın arxa planını tamamlayır. Ağ gəmi. Dəniz kənarıyla qaçan Alabaş cildinin künyəsində Vilayət Rüstəmzadənin adı Ön sözün müəllifi kimi keçir. Bu iki vərəq həmin künyənin necə formalaşdığını danışır.

 

Qeyd. Məktub Azərbaycan Dövlət Arxivində Vilayət Rüstəmzadənin sənədləri arasında saxlanılır. Mətnin surəti mənə prof. dr. Yavuz Akpınar tərəfindən verilmişdir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!