Dilqəm ƏHMƏD
1922-ci ilin dekabr ayında Finlandiyadan İstanbula gələn Məhəmməd Əmin Rəsulzadə bir il sonra oradakı azərbaycanlı mühacirlərin təşkilatlanması, istiqlal mübarizəsinin yeni mərhələyə keçməsi baxımından mühüm bir addıma imza atdı. O, mühacirət tariximizdəki ilk jurnal olan "Yeni Kafkasya"nı nəşr etdi, 5 il müddətində bu dərgi vasitəsilə mücadiləsini davam etdirdi.
"Yeni Kafkasya" 15 gündən bir nəşr olunan "ədəbi, ictimai, siyasi məcmuə" devizi ilə işıq üzü görüb. 1923-1927-ci illər arasında fəaliyyət göstərən dərginin 95 sayı çap olunub. Jurnalda 139 imza ilə yazılar təqdim edilib, 374 imzasız məqalə verilib. Dərgidə Rəsulzadə ilə yanaşı, türk dünyasında tanınmış şəxslər olan Zəki Vəlidi Toqan, Ayaz İshaqi, Sədri Məqsudi Arsal, Yusif Akçura, Abdullah Battal Taymas, Seyid Cəfər Krımər və başqalarının də məqalələri yer alıb. Jurnalda çoxlu imzalar olsa da, əsas yazıları Rəsulzadənin özü yazıb. Ceyhun bəy Hacıbəyliyə göndərdiyi 19 iyul 1925-ci il tarixli məktubunda qeyd edib: ""Yeni Kafkasya" bütün ağırlığı ilə təkcə mənim öhdəmdədir". 1927-ci ildə Rusiyanın təzyiqi ilə Türkiyə hökuməti "Yeni Kafkasya"nın nəşrini qadağan edib. Həmin il, sentyabrın 15-də jurnalın sonuncu sayı nəşr olunub.
Maraqlıdır ki, jurnalın 26 sentyabr 1923-cü ildə çıxan ilk sayının üzərində imtiyaz sahibi və məsul müdiri kimi Seyid Tahir adı yazılıb. Mətbuat tariximizdə bu şəxsin kimliyinə geniş diqqət göstərilmədiyi üçün onun Rəsulzadə ilə münasibəti, hansı səbəbdən jurnalın nəşrini üzərinə götürdüyünə dair dəqiq bilgilər yoxdur. Əsas səbəb kimi Rəsulzadənin Türkiyə vətəndaşı olmadığı üçün bu addımın atıldığı bildirilir. Şəxsin digər görkəmli azərbaycanlı Əli bəy Hüseynzadənin yaxın dostu olduğu da göstərilir. Onun dağıstanlı olmasının da bu münasibətlərdə əhəmiyyət daşıdığı hesab edilir. Şübhəsiz ki, bütün bu səbəblər doğru olmaqla yanaşı, mühacirətdəki ilk mətbu orqanımızın çıxmasında oynadığı önəmli rolu nəzərə alaraq həyat hekayəsinin bilinməsi vacibdir.

Çin vaizi ünvanı qazanan şəxs
Seyid Məhəmməd Tahir Əfəndi (əl-Hüseyni) 1866-cı ildə Dağıstanın Tabasaran nahiyəsinin Rükkal kəndində doğulub. Atası dövrün tanınmış üləmalarından Seyid Əbdürrəhim Əfəndidir. Əvvəlcə Dağıstanda bir məktəbdə oxuyub, daha sonra İstanbula gələrək Fatehdə Hüseyn Əfəndinin yanında təhsil alıb. Burada ərəb, türk və fars dillərinə yiyələnib, özü də dərs vermək səlahiyyətini qazanıb. 26 aprel 1903-cü ildə Suriyanın Kərək sancağındakı leyli (gecə) məktəbə ikinci müəllim vəzifəsinə təyin edilib, lakin bölgənin iqliminə uyğunlaşa bilmədiyindən bir müddət sonra bu vəzifədən ayrılıb. Ona görə də 14 yanvar 1905-ci ildə Trablusqərb vilayətindəki edadi məktəbinə ərəb dili və dini elmlər müəllimi təyin olunub. Onun Çin vaizi ünvanı qazanması isə Osmanlının İttihadi-İslam politikası çərçivəsində bu ölkəyə gedən heyətdə yer almasıdır. Belə ki, 4 mart 1910-cu ildə Çində yaşayan müsəlmanlara İslam dinini öyrətmək məqsədilə Pekinə göndərilən Məhəmməd Tahir orada bir sıra xeyriyyə cəmiyyətləri qurub, 12 məktəb açıb. O həm də təsəvvüf halqası baxımından Əhməd Hüsaməddin Dağıstaninin Çindəki xəlifələrindən olub.
Pekindəki müəllimlik ştatının 14 yanvar 1914-cü ildə ləğv edilməsi ilə Seyid Məhəmməd Tahirin bu vəzifəsinə xitam verilib. Səfərbərliyin elan edilməsindən sonra isə o, könüllü olaraq Cahan müharibəsinə qatılıb, Bağdad, Mamurətüləziz və Kutüləmarədə fəxri süvari yüzbaşısı kimi xidmət edib. Bu dövrdə o, Qafqaz İstiqlal Komitəsi, Türkiyədəki Şimali Qafqaz Siyasi Mühacirləri Komitələrinin aktiv üzvü olub.
Məhəmməd Tahir bir sıra dini əsərlər qələmə alıb, eləcə də Rusiya müsəlmanlarına edilən zülmü göstərən "Fəryadi-vətən" adlı əsər də yazıb. "Tokiodan məktub" adlı bir məqaləsində isə Yaponiyada gördüklərindən bəhs edib.
Lozannada Qafqaz uğrunda mübarizədə
Məhəmməd Tahir Birinci Dünya müharibəsindən sonra Lozannadakı Məhkum Millətlər Konfransında Dağıstan təmsilçisi kimi yer alıb. 1916-cı ilin iyun ayında o, dağıstanlı İsmayıl Bidanukla birlikdə Rusiya əsarətindəki Qafqaz xalqlarının səslərinin Avropada eşidilməsinə çalışıb.
Belə ki, 1912-ci ildə Parisdə litvalı siyasi mühacir Juozas Qabris (1880-1951) və fransız jurnalisti Jan Pelissye (1883-1939) tərəfindən qurulmuş "Union des Nationalites" (Millətlər Birliyi) adlı cəmiyyət təsisindən sonra iki konfrans təşkil edib, məcmuə nəşr edib. Bu birlik Qərb ictimaiyyətini yalnız Rusiyada deyil, bütün dünyada kiçik xalqların tarixi və milli məsələləri ilə tanış etməyi qarşısına məqsəd qoymuşdu.
Təşkilatın yaradıcıları hesab edirdilər ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi beynəlxalq siyasi problemlərin həllinin universal açarıdır. Buna görə də "Millətlər Birliyi" milli mənsubiyyət anlayışını bütün milli azlıqların milli və siyasi öz müqəddəratını təyin etmək hüququ kimi qəbul edirdi. Təşkilati baxımdan Birlik Parisdə fəaliyyət göstərən mərkəzi icra orqanından, ABŞ-də yaradılmış komitədən, eləcə də Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən yerli komitələr və nümayəndələr şəbəkəsindən ibarət idi. Paris İcraiyyə Komitəsinə Fransanın sol-mərkəzçi siyasi xadimi Pol Penleve (1863-1933) rəhbərlik edirdi. Sədr müavinləri isə tanınmış pasifist Emil Arno (1864-1921) və sol radikal siyasətçi Pol Mönye (1871-1922) idi. Komitənin tərkibinə tarixçi Şarl Senyobos (1854-1942), Polin Menar-Dorian (1870-1941) və digər doqquz nüfuzlu şəxs daxil idi. Təşkilatın himayədarları sırasında Avropanın müxtəlif ölkələrindən əllidən artıq tanınmış ictimai-siyasi xadim yer alırdı. ABŞ-dən isə Teodor Ruzvelt, Endryu Karnegi, Vudro Vilson və Nikolas Batler kimi məşhur şəxslər himayədar siyahısına daxil edilmişdilər. Bununla belə, onların təşkilatın gündəlik fəaliyyətində real iştirakları olmamışdır. Əsl fəaliyyət göstərən struktur Paris Komitəsi idi. Onun işini baş katib Jan Pelissye və inzibatçı Juozas Qabris təşkil edir, prezident və vitse-prezidentlər isə daha çox simvolik funksiyalar yerinə yetirirdilər. Təşkilatın maliyyələşdirilməsi əsasən ABŞ-də yaşayan Litva diasporu tərəfindən həyata keçirilirdi.
Cəmiyyətin mərkəzi daha sonra Lozanna şəhərinə köçüb, fəaliyyətini orada davam etdirib. İsveçrənin neytral dövlət olması birliyin rəhbərliyinə müharibə aparan dövlətlərdən biri olan Fransa ilə müqayisədə daha geniş fəaliyyət imkanları yaradıb.
Nəticədə 27-29 iyun 1916-cı ildə Lozannada "Üçüncü Millətlər Konfransı" təşkil edilib. Təşkilati-məxsusə bu fürsətdən istifadə edərək, Rusiya müstəmləkəsində olan türk yurdlarında yaşayan xalqların hüquqlarının müdafiəsi məqsədilə tarixdə Türk-Tatar Heyəti kimi bilinən bir qrupu Avropaya göndərib. Heyətdə Əli bəy Hüseynzadə, Yusuf Akçura kimi Rusiyadan Osmanlıya hicrət etmiş önəmli şəxsiyyətlər də yer alıb. Akçuranın yazdığına görə, konfransda 23 millətin təmsilçisi vardı ki, onlardan 14-ü Rusiya məhkumu millətlərin nümayəndələri idi. Sədr isə belçikalı bir alim olub. Onu da qeyd edək ki, bu konfransda azərbaycanlı Səlim bəy Behbudov da iştirak edib.
Konfransda çərkəzlərin nümayəndəsi İsmayıl Bidanuk, Dağıstan nümayəndəsi Seyid Tahir əl-Hüseyni və qumuqların nümayəndəsi Əhməd bəy Kaplanzadə tərəfindən təqdim olunan məlumatlarda çar Rusiyasının Qafqaz xalqlarına qarşı törətdiyi qətliamlar, cinayətlər yer almışdı.
Görünür, Əli bəy Hüseynzadə ilə Seyid Tahirin münasibətləri bu konfrans vasitəsilə baş tutub.
Məhəmməd Tahir Cümhuriyyət dövründə
Məhəmməd Tahir 29 iyun 1925-ci ildə aylıq 800 quruş maaşla Süleymaniyyə kitabxanasına kitabxana mühafizi vəzifəsinə təyin edilsə də, təyinatının qanunvericiliyə uyğun olmadığı müəyyən edildiyi üçün bir ay sonra ləğv edilib.
Yuxarıda qeyd etdik ki, Məhəmməd Tahir "Yeni Kafkasya"nın ilk imtiyaz sahibi və müdiri olub. O, 1925-ci ildə şapka qanununa qarşı çıxdığı üçün həbs edilib, buna görə də "Yeni Kafkasya" 52 gün müddətində nəşr edilməyib. 6 fevral 1926-cı ildə çap olunan 7-ci saydan etibarən jurnalın məsul müdiri Əhməd Haqqı adlı şəxs olub. Jurnalın 16 noyabr 1924-cü il tarixli sayında ilk dəfə olaraq "Baş mühərriri Rəsulzadə Məhəmmədəmin" qeydi verilib. 6 fevral 1926-cı il tarixli saydan etibarən isə Rəsulzadənin jurnalın sahibi olduğu bildirilib.
İstiqlal məhkəməsinə çıxarılan Məhəmməd Tahir Dağıstan, Çin və İstanbuldakı fəaliyyətləri barədə məlumat verib, özünü bu şəkildə təqdim edib: "Bütün var-dövlətim bu millətin yolunda fəda olsun. Bu gün də son nəfəsimədək çalışaram. Hökumətim də məni tanıyır, Cümhuriyyətim də. Mən tərəqqi və yüksəliş naminə çalışaraq əynində heç nə qalmayan bir adamam. Bundan başqa heç bir məqsədim yoxdur".
Məhkəmədən azad buraxılan Məhəmməd Tahir 1950-ci illərdə İstanbulda vəfat edib. M.Ə.Rəsulzadənin Ankarada nəşr etdiyi "Azərbaycan" jurnalının 33-cü sayında (dekabr, 1954) onunla bağlı nekroloq dərc edilib: "Vaxtilə Azərbaycan Milli Nəşriyyatının "Yeni Kafkasya" dərgisinin imtiyaz sahibi və məsul müdiri olmuş, bu xüsusiyyəti ilə ictimai mühitimizdə hörmət və rəğbət qazanmış Seyid Tahir Əfəndi aldığımız məlumata görə ötən ilin dekabr ayının ortalarında İstanbulda Haqq-Təalanın rəhmətinə qovuşmuşdur. Əslən Dağıstanın tanınmış simalarından olan və uzun illərdir Türkiyədə məskunlaşmış Seyid Tahir Əfəndi İttihad və Tərəqqi hökuməti dövründə "Çin vaizi" adına layiq görülmüşdür. Seyid Tahir Əfəndi yüksək əxlaqı, xeyirxahlığı və elmi ilə tanınan, hər kəsdə ehtiram hissi oyadan bir şəxsiyyət idi. Vəfat etdiyi zaman 90 yaşlarında idi. Uca Tanrıdan ona bol rəhmət diləyir, kədərli ailəsinə, yaxınlarına və mənsub olduğu çevrəyə dərin hüznlə başsağlığı veririk".
Şimali Qafqazdan olan Şərafəddin Erel 1961-ci ildə çap etdirdiyi "Dağıstan və dağıstanlılar" adlı əsərində onun xarakterini bu şəkildə qeyd edib: "...Qafqaz mühacirlərinə kömək və yaxşılıq etməklə ömür sürmüş çox müşfiq və nəzakətli bir alim idi".
Görünür, hələ Birinci Dünya müharibəsi dövründə Qafqaz xalqlarının azadlığı yolunda çalışan Məhəmməd Tahir məhz bu kontekstdə "Yeni Kafkasya" jurnalının nəşrində M.Ə.Rəsulzadəyə yardım edib.
Vizitkadakı bilgilər
İstanbuldan əldə etdiyimiz materiallar arasında Məhəmməd Tahirə aid bir vizitka da mövcuddur. Vizitkada həm ərəb, həm Çin, həm də ingilis dilində onun kimliyi və işi qeyd olunub: Çin vaizi Seyid Tahir bin Əbdürrəhim əl-Hüseyni. Ərəb Müstəmləkə Sərhəd Məktəbinin Professoru. Türk. Pekin şəhəri.
Naməlum Əhməd Haqqı
Seyid Məhəmməd Tahirdən sonra jurnala rəhbərlik edən Əhməd Haqqının kim olduğunu müəyyən edə bilmədik. Şəxsi arxivimizdə Parisdən İstanbulda yaşayan mühacir Abbasqulu Kazımzadəyə göndərilən bir açıqca var. Açıqcanın göndəriş ünvanı və mətni bu şəkildədir:
"İstanbul
Sultan Əhməd Yerəbatan caddəsində nömrə 6. Yeni Qafqasiya məcmuəsi idarəxanası. Möhtərəm Abbasqulu.
***
Gözüm Abbasqulu!
Parisi dolaşırkən ən çox xatırladığım sən olmuşsun ona binaən heç olmazsa bir kart göndərməyi arkadaşlıq vəzifəsindən tələqqi edə biliriz. Mustafa bəy də eyni dərəcədə səni xatırladığı üçün o da bir imza qoydu. Sağ ol, var ol, ey dost. Qardaşın Əhməd".
Fikrimizcə, məktubu göndərən bu şəxs mühacirləri yaxından tanıyan, "Yeni Kafkasya"ya rəhbərlik etmiş Əhməd Haqqı bəy ola bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
