Mirpaşa Tomayın yarımçıq ömrü - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

İyulun 21-də sosial mediada Qarsın Yusuf Paşa məhəlləsindən olan, mərhum podratçı Mirpaşa Tomayın həyat yoldaşı Sönməz Koçulu Tomay xanımın İstanbulda vəfat xəbərini oxudum.

Mirpaşa Tomay adı mənə bəlli idi, çünki elmi işimi yazarkən, ötən il oğlu Turqay Tomay bəylə görüşmüş, atası haqqında söhbətləşmişdim. Mirpaşa bəy də İkinci Dünya müharibəsindən sonra Türkiyəyə gələn azərbaycanlılardandı, qardaş ölkəyə varana qədər macəralı yollardan keçmişdi. Zöhrab Kəsəmənli və Canlar Lənkəranlı ilə bağlı yazılarımda qeyd etdiyim kimi, 1947-ci ildən etibarən Türkiyə hökuməti Avropada qaçqın düşərgələrində qalan türk və müsəlman SSRİ vətəndaşlarının xilasına çalışıb, üç minə yaxın insanı ölkəyə qəbul edib.

 

"Almanlar onu Qızıl Qartal medalı ilə təltif ediblər"

 

Turqay bəylə əlaqə qurmağıma kömək edən əslən İrəvandan olan sosioloq Səlcuq Alkın bəy idi. Onun verdiyi əlaqə vasitəsindən sonra Turqay bəylə danışmış və 8 fevral 2025-ci ildə İstanbulun Bahçeşehir bölgəsindəki bir məkanda görüşmüşdüm. Turqay bəy atası haqqında geniş olmasa da, müəyyən bilgilər vermişdi:

"Atam Qazaxın Şıxlı kəndindəndir. Atasının adı Mircəfərdir. 1929-cu ildə doğulub. Müharibə başlayanda atamın yaşı az olsa da, cəbhəyə göndəriblər. Çünki həmin vaxt kənddə rus əsgərləri bir kəndlini döyəndə atam da onlara qarşılıq verib. Nəticədə 16 yaşı olsa da, əsgərliyə aparıblar. Müharibədə almanlara əsir düşüb. Almanlar onları donuz axurlarında saxlayıblar. Fətəlibəyli adında bir zabit əsir azərbaycanlılardan işə yarayanları toplayıb, Almaniyaya müttəfiq Azərbaycan ordusu qurmağa başlayıb. Atamı da götürüblər. Savaşda atama bir şarapnel tuş gəlib, 80 faiz qanını itirib, itlərin sayəsində sağ olduğu bilinib. Atamı alman xəstəxanasına aparıblar. Qan verib sağaltdıqdan sonra almanlar onu Berqmann batalyonuna göndəriblər. Alman ordusunda 25 dəfə cəbhədə iştirak etdiyi üçün almanlar onu "Qızıl Qartal" medalı ilə təltif ediblər. Daha sonra bir generala mühafizəçi veriblər. Müharibə bitdikdən sonra atam İtaliyaya keçib, orada fabrikdə çalışıb, qaçqın azərbaycanlılara kömək edib. Daha sonra Türkiyəyə gəlib".

Turqay bəy atasını körpə yaşında itirib, ölümünün sui-qəsd olacağını düşünür:

"Atam 1 iyul 1960-cı ildə Ankara-İstanbul arasında avtomobil qəzasına düşüb. Sui-qəsd olduğunu düşünürük. Bir kamyon avtomobillə toqquşub, nəticədə atamgilin maşını 13 dəfə fırlanıb. Sürücü komaya düşüb. Atam maşından çıxa bilib. Onları xəstəxanaya aparıblar. Lakin atam orada daxili qanaxmadan dünyasını dəyişib. Qarsda Karadağ məzarlığında dəfn edilib. İzdiham varmış. Mən o zaman yaş yarımdım. Atam Türkiyəyə gələrkən adını Canpolad kimi deyib, buradakı bir ailəni valideynləri kimi göstərib. Anam da azərbaycanlıdır, amma burada doğulub-böyüyüb. Adı Sönməzdir. Millət vəkili Veyis Koçulunun qızıdır. Atam Türkiyədə podratçı kimi çalışıb. Dörd dil bilirdi. O yaşasa idi, həyatımız başqa cür olacaqdı". 

Turqay bəyin dediklərini təbii qarşılamaq lazımdır. Çünki İkinci Dünya müharibəsi qaçqınlarının bəziləri təkcə soyadlarını deyil, bəzən adlarını da dəyişiblər. Bu, sovet casuslarından qorunmaq üçün vacibdi.

Turqay bəy atasının əqrəbalarını tapmaq üçün 1974-cü ildə Bakıda olub: "Öncə Bakıya gəldik, orada bir həftəlik icazə alıb qatarla Qazaxa getdik. Qazaxda atamın iki qardaşı, bir bacısı vardı. İndi hamısı vəfat ediblər. Getdiyimiz zaman anası sağ idi, ürəyi getdi... Atam yaraşıqlı insan idi. Ələkbər Fərhadlı adlı azərbaycanlı bir dostu vardı, gözlük işi ilə məşğuldu. Zəngin adamdı".

 

Mirpaşa Tomayın məktubu

 

Türkiyədə Ziyad Əbüzziya arxivində Mirpaşa Əmiraslan Tomayoğlu imzalı bir müharibə qaçqınının məktubu var. Ziyad bəyə daha çox azərbaycanlıların məktub yazdığını nəzərə alsaq, bu şəxsin Mirpaşa Tomay olduğu aydınlaşır. Qeyd edək ki, "Tasvir" qəzetinin baş yazarı olan Ziyad bəy Azərbaycan Cümhuriyyətinin maliyyə naziri Əbdüləli bəy Əmircanın qızı ilə evli idi, qaçqın düşərgələrinə gedərək onların xilas olmaları üçün mühüm işlər görmüşdü. Vatikanla, Misirlə əlaqələr quran Ziyad bəyin də sayəsində 1947-1949-cu illərdə qaçqınlar Türkiyəyə qədəm qoymuşdu. Ziyad bəyin arxivində başda Əbdürrəhman Fətəlibəyli olmaqla, onlarla qaçqının məktubu qorunmaqdadır.

Tomayoğlunun məktubunun mətni bu şəkildədir:

"8.7.1947. Milan.

Pək möhtərəm böyüyüm. Bu əzab içində keçən günlərimizdə sizlərin qiymətli yardımları ilə təsəlli tapmaq ümidindəyik. Bu baxımdan vaxtınızı aldığımızdan dolayı əffimizi diləyirik.

Əfəndim, bundan xeyli əvvəl doldurduğum bəyannamələrdən bu günə qədər heç bir xəbər çıxmadı. Bunun da bilxassə məni necə dərin iztirab içində buraxdığını təxmin etmək də çətindir. Əvvəlcə atamın şəxsən Qarsdan Ankaraya qədər gedib Daxili İşlər Nazirliyinə etdiyi müraciətlər də bir nəticə vermədi. Edilən müraciətlərimizin tarix və nömrələrini aşağıda yazıram. İndi işimdən nəticə almaq ehtimalını siz böyüyümüzün çox qiymətli yardımlarınızda görürəm. Məni bu həzin və ağrılı günlərdən qurtarmaq üçün mümkün olanı edəcəyinizdən əmin olaraq hörmətlə əllərinizdən öpürəm. Mirpaşa Əmiraslan Tomayoğlu.

2.5. 1947 tarixli 452/36 saylı. Daxili İşlər Nazirliyi. Əmniyyət ümummüdirliyi".

Ehtimal ki, burada bəhs etdiyi "Qarsda yaşayan atası" məsələsi Turqay bəyin dediyi kimi Türkiyəyə gələ bilmək üçün göstərdiyi ailəsidir. Qaçqın düşərgələrində yaşayan azərbaycanlıların bəziləri SSRİ-yə təhvil verilməmək üçün doğum yerlərini Qars, Ərzurum kimi qeyd ediblər, Türkiyədəki qohumlarının adreslərini göstəriblər. Bu baxımdan Mirpaşa bəy də eyni üsuldan istifadə edib. Hətta bəzi qaçqınlar sorğu-sualda yanlışlığa yol verməsinlər deyə Türkiyə xəritəsi taparaq oradakı yer adlarını əzbərləyiblər.

 

Koçulu ailəsi ilə qohumluq

 

Mirpaşa Tomay əslən Borçalıdan olan Veyis Koçulunun qızı Sönməz xanımla ailə həyatı qurub. Bu evlilikdən Tülay, Turqay və Süleyman adlı üç övladı olub.

Veyis Koçulu 1891-ci ildə Tiflisdə doğulub. Gimnaziyadan məzun olub, Türkiyəyə köç etdikdən sonra Qarsın Ortaqapı məhəlləsinin Qazi Muxtar paşa küçəsində yaşayıb. Bir müddət ticarətlə məşğul olub. 1928-ci ildə CXP-yə üzv olan Koçulu 1930-1936-cı illərdə partiyanın Qars şöbəsinin Çakmak bucağının sədri olub. Eləcə də CXP-nin dörd böyük qurultayında iştirak edib, Qars şöbəsinin idarə heyətində təmsil olunub.

Türkiyə Böyük Millət Məclisi albomundakı bilgilərə görə Koçulunun atasının adı Molla Abbas, anasının adı Hürü olub. Buradan atasının din xadimi olduğunu görürük. Rusca bildiyi, 7 övladının olduğu bildirilib. Dr. İlyas Topçu Koçulu ailəsinin 1921-ci ildə Qarsa yerləşdiklərini yazıb. Görünür, Gürcüstanın bolşevikləşməsindən sonra bir çox ailə kimi, onlar da çarəni mühacirətdə görüblər. Veyis bəy Ərdəhan vilayətinin Göle rayonu, Küçükboğatəpə kəndi üzrə əhali qeydiyyatında olub. Ailə Qarsda ikən heyvandarlıq, südçülük və pendirçilik fəaliyyəti ilə məşğul olub.

Veyis Koçulu 14 may 1950-ci il seçkilərində 70.847 səs toplayaraq IX çağırış Qars CXP millət vəkili seçilib. Seçki protokolunu 17 may 1950-ci ildə alıb, 22 may 1950-ci ildə Türkiyə Böyük Millət Məclisinə daxil olub. O, 18 mart 1952-ci ildə CXP-dən istefa verərək Azərbaycan əsilli iki millət vəkili ilə birlikdə Demokrat Partiya keçib. CXP-dən ayrılan üç millət vəkili 1957-ci il seçkilərində DP-dən namizəd göstəriliblər. Lakin DP Qarsda üstünlük qazana bilmədiyi üçün hər üç namizəd parlamentə düşə bilməyib. Koçulu 1969-cu il seçkilərində bu dəfə Ədalət Partiyasından Qarsın millət vəkili seçilib.

Veyis Koçulu 17 fevral 1984-cü ildə vəfat edib.

Sosial mediada Qarsın tarixi və şəxsiyyətləri ilə bağlı çoxsaylı məlumatlar paylaşan Mehmed Özçelikdən aldığımız məlumata görə Qarsdakı "Emlak Kredi Bankası"nın binası Mirpaşa bəy tərəfindən hazırlanıb.

Onu da qeyd edək ki, Turqay bəyin oğlu Məsud Can Tomay Türkiyənin ən məşhur sosial media fenomenlərindən biridir. "Youtube" portalındakı kanalında iki milyondan çox təqibçisi var. Məsud Can 2 iyun 1999-cu ildə İstanbulda doğulub, yeniyetmə yaşlarından etibarən televiziya verilişlərində, yarışmalarda yer alıb...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!