Mirzəbala Məhəmmədzadə və Çolakzadə ailəsi - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

Ötənlərdə mühacirətşünas alim Nikpur Cabbarlı görkəmli ictimai-siyasi xadim, publisist Mirzə Bala Məhəmmədzadənin həyat yoldaşı Bahirə xanımla bağlı maraqlı bir material göndərdi. Belə ki, "Çamlıhemşin" adlı dərginin 2023-cü ildə çıxan 7-ci sayında "Eniştemiz Mirza Bala Mehmetzade…" adlı məqalə dərc olunubmuş. Yazıda Məhəmmədzadənin həyat yoldaşı Bahirə xanımın kimliyi haqqında ipucuları vardı. Materialı oxuduğumda xeyli müddətdir mühacirət arxivini toplayarkən qarşıma çıxan Çolakzadə (Çolak, Çolakowie) ailəsinin kimliyinə də vaqif oldum.

İstanbulda əldə etdiyim mühacirətə dair materiallar arasında Varşavada "Bosfor" adında kafe işlədən Həmdi Məsud Çolakzadə adlı şəxsin vizitkasına və fotoşəklinə rast gəlmişdim. Mühacirətdə bu adda şəxsə təsadüf etmədiyim üçün uzun müddət mövzu mənə qaranlıq qalmışdı. İndi isə bu şəxsin Mirzə Bala Məhəmmədzadənin qohumu olduğunu bilirik.

Məqalədə bu qohumluğun tarixi haqqında yazılmışdı: "Çolak ailəsi Çamlıhemşinin Hala bölgəsindəndir. Mirzə Bala Məhəmmədzadənin həyat yoldaşı Bahirə xanım isə Çolak ailəsindəndir və Xəlil Həmdi Çolakın bacısıdır. Görüşdüyümüz Manolya Vəziroğlu və Məsud Çolak Xəlil Həmdi Çolakın doqquz övladından ikisidir. Onların söylədiklərinə və geniş yayılmayan məlumatlara görə Mirzə Bala Məhəmmədzadə Rusiyadan gələn güclü təhdid səbəbindən daim yerini dəyişməyə məcbur qaldığı üçün heç bir yerdə uzun müddət məskunlaşa bilməmiş, sonda isə Varşavaya getmişdir. Çolak ailəsinin Krakov şəhərində fəaliyyət göstərən şirniyyat dükanı vasitəsilə Xəlil Həmdi Çolakla, daha sonra onun bacısı Bahirə xanımla tanış olmuş və onlar orada evlənmişlər. 1939-cu ildə Almaniya Polşanı işğal etdikdən sonra yenidən İstanbula qayıtmışdır. Məqalələrini həmişə təxəllüslə dərc etdirdiyinə görə Türkiyədə öz əsl soyadı olan Kutluq soyadını yenidən istifadə etməyə başlamışdır. Bu səbəbdən Bahirə xanımın da soyadı Kutluq olmuşdur. Uşaqlardan ən azı dördünün adını Mirzə Bala Məhəmmədzadə qoymuşdur: Məsudxan, Oğuzxan, Çingizxan, Temuçinxan. Qızlardan isə ən azı ikisinə Sevinc və Papatya adlarını vermişdir. Böyük bacıları magistr təhsilini Almaniyada - Mirzə Bala Məhəmmədzadənin yanında almışdır. Mirzə Bala Məhəmmədzadə ilə Bahirə xanımın övladı olmamışdır. Mirzə Bala Məhəmmədzadə 8 mart 1959-cu ildə vəfat etmişdir. Onun məzarı İstanbuldakı Qaraca Əhməd qəbiristanlığında yerləşir. Hər il vəfatının ildönümündə - o dövrdə Ankaranın Qızılay meydanında yerləşən Qızılay binasında onun xatirəsinə anım mərasimi keçirilirmiş".

Məqalədə daha sonra Mirzə Bala Məhəmmədzadənin həyat hekayəsi verilib, Əfqan Vəliyevin bu mövzuda yazdığı kitabdan da bəhs edilib. Yeri gəlmişkən, Əfqan bəy də M. Məhəmmədzadə haqqında yazdığı geniş həcmli kitabında qısa da olsa, Bahirə xanımın ailəsi barədə məlumat verib: "Mirzə Bala Polşada olduğu müddətdə qaradənizli bir ailənin qızı olan Bahirə xanımla tanış olmuşdu. Bahirə xanımın ailəsi Polşanın paytaxtı Varşavada çörək zavodu işlədirdi. Mirzə Bala Bahirə xanımla Varşavada nişanlanmış, İkinci Dünya savaşının başladığı ilk illərdə Türkiyəyə qayıdaraq evlənmişdi, ancaq Mirzə Bala ilə Bahirə xanımın övladları olmamışdı".

Arxivimizdəki vizitkadan və digər materiallardan aydın olur ki, Həmdi Məsud Çolakzadə (Hamdi Messoud Czolak-Zade) Varşavada yerləşən "Bosfor" adlı şirniyyat evinin (Patisserie "Bosfor") sahibi və ya idarəçisi olub. Müəssisənin ünvanı "Marsza?kowska küçəsi, 105/107, Varşava" kimi göstərilib. Arxivimizdəki digər material isə "Ankara" adlı kafenin açılışı ilə bağlı polyak dilində olan dəvətnamədir. Üzərində yazılıb: "Sizi nəzakətlə yeni açdığımız "Cafe Ankara" kafesinin açılış mərasiminə dəvət edirik. Ünvan: Piotrkowska küçəsi, 48. Tarix: 11 dekabr. Saat: 18:00 Hörmətlə Çolaklar".

Bəzi sənədlərdə isə "Bosfor"un Pirimzadə Mustafa əfəndiyə məxsus olduğu yazılıb. Görünür, bu müəssisə Çolakzadə və Pirimzadə ailəsinə məxsus ortaqlı iş yeri olub.

"Çamlıhemşin" dərgisinin növbəti saylarına da nəzər yetirdiyimiz zaman Çolakzadə ailəsi haqqında başqa bir materialın da olduğunu gördük. Faiq Okan Atakcan adlı müəllifin "İlk qürbət: Rusiya və oradakı müəssisələr" adlı yazısının "Çolakoğluları & Fazlıoğluları" adlı bölümündə ailənin Türkiyədən kənardakı fəaliyyəti haqqında mühüm bilgilər verilib: "Çamlıhemşin rayonunun Yuxarı Şimşirli (Kısmanmaliver) kəndindən olan Çolakoğlu ailəsinin bugünkü soyadı Çolakdır... Xaricdə yaşayan ailə üzvlərindən Həmdi Çolakın 25 aprel 1934-cü il tarixində Mustafa Kamal Atatürkə ünvanladığı və Məsud Çolak tərəfindən tədqiqatçılara təqdim edilən məktubda yer alan məlumatlar, eləcə də Fazlıoğlu ailəsindən hazırda Varşavada yaşayan Yakup Erolun şəxsi arxivində saxlanılan fotoşəkillər göstərir ki, hər iki ailə Krakov şəhərinin Florianskiej küçəsində "Türk Pastanesi" adı altında ticarət fəaliyyəti ilə məşğul olmuşdur".

Burada adıkeçən şəxsin Varşavada fəaliyyət göstərən Həmdi Məsud Çolakzadə olduğu anlaşılır. Müəllif məqaləsinin "Çolakoğluları & Ofluoğluları & Şiniforoğluları" qismində isə aşağıdakı məlumatları bölüşüb: "Hər üç ailənin ortaq xüsusiyyəti onların indiki Belarus Respublikasının paytaxtı Minsk şəhərində ticarət fəaliyyəti ilə məşğul olmalarıdır. Minsk şəhərinin Zaharevskaya küçəsində yerləşən Konstantynopolska (İstanbul) Çörəkxanası və Şirniyyat Evini işlədən bu üç ailədən Çolakoğlu ailəsinin nümayəndəsi H.Çolakın və Ofluoğlu ailəsinin nümayəndəsi Hüseyn Əhməd əfəndinin adlarının şirniyyat evinin lövhəsində birlikdə qeyd olunması həmin müəssisəni ortaq şəkildə idarə etdiklərini göstərir".

 

Bahirə Çolakzadə (Kutluq)

 

Beləliklə, aydın olur ki, Çolakzadə ailəsi Türkiyədən kənarda ticari fəaliyyətlə məşğul olub, Minsk, Varşava kimi ölkələrdə şirniyyat dükanına, çörəkxanalara sahib olub. Mirzə Bala Məhəmmədzadə də Varşavada yaşadığı dönəmdə bu ailə ilə tanış olub, həmin vaxt orada olan Bahirə xanımı da bəyənərək qısa zamanda onunla ailə həyatı qurub. Qeyd edək ki, Məhəmmədzadə Varşavada 1932-1939-cu illərdə yaşayıb.

Bahirə xanımın özünün həyat hekayəsi ilə bağlı isə yetərli məlumat əldə edə bilmədik. Məzar daşındakı bilgilərə görə 1909-cu ildə doğulub, 1978-ci ildə vəfat edib. Azərbaycan Kültür Dərnəyinin və Azərbaycan Gənclik Dərnəyinin tədbirlərində aktiv iştirak edib. Vəfatı ilə bağlı "Azərbaycan" dərgisinin 1980-ci ildə çıxan 233-cü sayında kiçik nekroloq verilib: "Azərbaycanın böyük dava adamı, mərhum Mirzə Balanın həyat yoldaşı Bahirə Kutluq xanımın bir müddət əvvəl İstanbulda vəfat etdiyini böyük kədər hissi ilə öyrənmişik. Bütün ömrünü həyat yoldaşı Mirzə Balanın mübarizə ilə dolu həyatına həsr edən, onun sağlamlığı üçün heç bir fədakarlıqdan çəkinməyən Bahirə xanım Mirzə bəyin vəfatından sonra tək qalmışdı. O, bu tənhalığını Mirzə Balanın əsərlərini oxumaq, xatirələrini canlı tutmaqla unutmağa çalışırdı. Lakin təəssüf ki, əcəl onu da aldı və aramızdan apardı. O, çox az qadına nəsib olan bir sevgi və sədaqətlə həyat yoldaşına bağlı idi. Mirzə Bala onun üçün həyatın özü, hər şeyi idi. Ruhu şad olsun! Uca Tanrıdan Bahirə xanıma sonsuz rəhmət diləyir, bütün həmvətənlərimizə və dostlarımıza dərin hüznlə başsağlığı veririk".

 

Tanınmış memarın hazırladığı məzar daşı

 

Mirzə Bala Məhəmmədzadənin bugünkü məzarı onun vəfatından 9 il sonra hazırlanıb. Əzəmətli görünüşü ilə Orxon-Yenisey abidələrini xatırladan bu məzar daşının memarı Bahirə xanımın qohumu, mühəndis Cengiz Bektaş olub. Bektaş ilə bağlı hazırlanan xatirə kitabında onun əsərləri arasında Mirzə Bala və Bahirə Kutluqun məzarları da qeyd olunub və aşağıdakı məlumatlar verilib:

"13 avqust 1898 - 8 mart 1959-cu illər arasında yaşamış azərbaycanlı ideoloq, jurnalist və yazıçı Mirzə Bala Məhəmmədzadə (Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Kutluq soyadını götürmüşdür) Azərbaycanın istiqlal mübarizəsinin mühüm simalarından biri hesab edilir. Mirzə Balanın məzarı coğrafi və siyasi baxışlar kontekstində Bektaşın Səlcuqlu təsəvvüründən yaradaraq formalaşdırdığı bir ənənənin nümunəsi kimi qiymətləndirilə bilər. Bu baxımdan məzar Əxlatdakı Səlcuqlu qəbir daşlarını xatırladan bir şahidə və ya Bektaş üslubuna xas şaquli simvolik göstərici kimi oxuna bilər. Betondan hazırlanmış dikili daşın üzərində Bektaşa məxsus tipoqrafiya üslubunda Mirzə Balanın şəxsiyyətinə dair ithaflar həkk olunmuşdur. Abidənin aşağı hissəsində görünən beton konstruksiyanı üzə çıxaran plintusvari oyuq kimi detallar mərmərin yalnız üzlük materialı kimi istifadə edildiyini açıq şəkildə göstərir. Məzar sahəsi beton haşiyə ilə ayrılmışdır. Bektaşın məzar memarlığında bir növ imzasına çevrilmiş çay daşı döşəməsi ziyarətçinin ayaq basdığı hissəni müəyyənləşdirir. Eyni zamanda üç gövdəli bir ağacın mövcudluğu ilə bir-birindən ayrılan, lakin torpaq vasitəsilə bir-biri ilə əlaqələndirilən iki məzar təsvir edilir".

Qeyd edək ki, "şahidə" qəbrin baş və ayaq hissəsinə şaquli şəkildə yerləşdirilən, üzərində kitabə və ya nəbati motivlər həkk olunan qəbir daşı mənasını ifadə edən memarlıq terminidir.

Yeri gəlmişkən, M.Məhəmmədzadənin məzar daşında türk dilində bu cümlə qeyd olunub: "Biz kurbanlar vermişiz. Bizim menfalarda çürüyen mazlumlarımız, gözüyaşlı anne ve hemşirelerimiz, yorulmak bilmeyen mücahitlerimiz vardır. Bu uzun bir TARİHtir. Bu tarihi o (28 Mayıs) yarattı. Biz onun ilan ettiği prensibler için o mukaddes Misaki-Milli için ölüyoruz. Mirza Bala. 1898-1959. Bakü-İstanbul".

Bahirə Kutluq vəfat etdiyi zaman Mirzə Balanın məzarının yanında dəfn olunub. Onun məzar daşının memarı da Cengiz Bektaş olub. Yuxarıda qeyd etdiyimiz kitabda Bahirə xanımın məzar daşı haqqında isə bu bilgi verilib: "Mirzə Balanın məzarı ilə eyni sahədə yerləşən bu məzar hər iki məzarın arasında ucalan üç ağac gövdəsinin dərhal yanında yerləşir. Görünür, ərazinin mövcud fiziki xüsusiyyətləri Bektaşın memarlıq təxəyyülündə poetik bir metaforaya çevrilmişdir. Məzar daşı üfüqi lövhə formasında tərtib edilmiş və üzərindəki tipoqrafik yazı vasitəsilə Mirzə Bala ilə olan bağlılığını ifadə edən sadə, lakin mənalı bir memarlıq jesti kimi dəyərləndirilə bilər".

Sadə məzar daşının üzərində qısa bilgi yazılıb: "Mirza Bala eşi. Bahire Kutluk. 1909-1978".

Qeyd: Çolakzadə ailəsinin varisləri ilə yaratdığımız əlaqə müsbət nəticələnərsə, növbəti yazılarımızda daha geniş məlumat verməyə çalışacağıq.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!