Müşfiqin ilk mətbu şeirinin 100 ili - Safurə QULİYEVA

 

 

Gənc Müşfiqin ədəbi-ictimai həyata gəlişinin ilk dönəmində bədii-estetik şüurunun əsərləri ilə püxtələşdiyi görkəmli sənətkarların ideya baxışlarından təsirləndiyi şübhəsizdir. İyirminci illərin əvvəlində doğma Bakı mühitində baş verən inqilabi hadisələr əhatəsində pərəstiş etdiyi Hüseyn Cavid, Cəfər Cabbarlı, Əhməd Cavada qarşı tənqid və təzyiqlər haqqındakı xəbərlərə həyəcanla diqqət kəsilir (son ikisini 2-3 dəfə həbs edib, sonra buraxmışdılar - S.Q.), onların əsərlərindəki bədbin ruhlu, örtülü  mənaları dərk etməyə, məğzini anlamağa səy edirdi.

1924-cü ildə Müşfiq Pedtexnikumda oxuyarkən Azərbaycan Ədəbiyyatı Cəmiyyətinin Sabir adına kitabxanadakı "Yaşıl yarpaqlar" dərnəyinin fəal üzvlərindən idi. Bəzi yığıncaqlarda yaradıcılıqlarını əzbər bildiyi ustad sənətkarlar Hüseyn Cavidin, Əhməd Cavadın yaxınlığında olmaq, səslərini eşitmək onun üçün böyük səadət idi. Cümhuriyyətin 1920-ci ilin aprelində məcburi süqutu ilə heç cür barışmayan Əhməd Cavadın:

 

Eşqimin nə imiş, bilməm günahı,

Yıxıldı qəlbimin istinadgahı.

Nəsibim olsa da dünyanın ahı,

Bir gün göz yaşımı siləcəyəm mən...

 

Yaxud ustad şair-dramaturq Hüseyn Cavidin:

 

Namus, vicdan bizlər üçün daimi bir həyatdır,

Türk eli həp o hiss için doğmuş, onunla yaşar.

Bir millətin tarixidir kökü, yurdu-yuvası,

Tariximiz baş ucundan hərgiz əskik olmasın.

...Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,

Köksüz  ağac çabuq qurur,

            çiçək açmaz, bar verməz.

 

- düşüncələri onu dəfolunmaz bir qüvvəylə özünə cəlb edirdi.

1922-1924-cü illərdə yeni dövlətin işlərindən baş açmaq müşkül məsələ idi. Proletar hökumətinin rəhbərliyi ilə elə bir ictimai quruluş formalaşmaqda idi ki, hər yerdə iş yerləri açılır, yoxsul insanların sabit aylıq gəlirlə güzəranları yaxşılaşır, pulsuz təhsil və fəhlə fakültələri kütləvi savadlanma hərəkatını  sürətləndirirdi. Mikayılın yaxın qohumları, dayısı, qardaşı Mirzə işə düzəlmiş, sabit əməkhaqqı alırdılar. Oxuduğu  12 №-li məktəbdə nəinki təhsil haqqı ödəmirdi, üstəlik, ona pulsuz təzə geyim də vermişdilər. Nənəsi tikdiyi heybəsini təzə çanta ilə əvəz etmişdi. Məktəbdə müəllimlər yeni hökuməti tərifləyir, onun xalqı firavan, xoşbəxt gələcəyə aparacağından danışırdılar. Fitri istedadı, çalışqanlığı və gözəl şeir demək qabiliyyəti ilə artıq Mikayıl diqqəti cəlb edir, ədəbiyyat dərnəkləri və məktəbli toplantılarında şeirlərlə çıxış edirdi. Məktəb yoldaşı Əkrəm Cəfərin xatirəsində oxuyuruq: "1921-1922-ci illərdə "Çocuqlar sabahı" adı ilə məktəblilər tərəfindən yığıncaqlar təşkil edilərdi. Mən qaraşın, arıq, 13-14 yaşlı məktəbli Mikayılı cümə günləri yığıncaqlarında "Çocuqlar sabahı"nda görərdim, dostluğumuz da ilk dəfə burada başlamışdı. O, başqa məktəblilər kimi növbəsində səhnəyə çıxar, coşqun bir tərzdə vəcdlə şeirlər oxuyardı". ("Ədəbiyyat qəzeti", 24 aprel 1998)

 

"Mən sərsəri bir ruzgar,

Ellər mənə olmuş yar.

Hala yenə matəm var

Mən ağladığım yerdə".

 

"Bakı", 6 aprel 1968

 

1925-ci ildə Sabir adına kitabxanadakı dərnəkdə şeirlərinin bədbin ruhu zamanın tələbinə cavab vermədiyi üçün onu tənqid edirdilər (dərnək dostu Əmin Sadıqzadənin xatirəsindən). Çox narahat idi. Artıq bir neçə şeir dəftəri doldurmasına baxmayaraq bir şeirini də mətbuatda çap etdirə bilməmişdi (Darülfünun dostu Q.Süleymanzadənin xatirəsindən).

1926-cı ilin əvvəlində gənc proletar şairi kimi şöhrət tapmış Süleyman Rüstəm "Kommunist" qəzeti yanındakı "Qızıl gənc qələmlər" ədəbiyyat dərnəyinə gənc istedadları cəlb edir, onların iştirakı ilə əmək müəssisələrində müxtəlif tədbirlər təşkil edirdi. Sonralar 1926-cı ildən Müşfiqin də onlara qoşulması barədə "Müşfiqi xatırlarkən" adlı məqaləsində yazmışdı: "Mən Müşfiqlə bu illərdə (1925-1926) tanış oldum. Onun xasiyyəti və şeirləri məni özünə dost etdi. Müşfiqin Qızıl qələmçilərə qoşulması hamımızı sevindirdi. Çünki Müşfiq ümid verən istedadlı gənc şairlərimizdən idi ("Bakı", 27 fevral 1959).

Süleyman Rüstəm ona ədəbiyyat şöbəsinin müdiri işlədiyi "Gənc işçi" qəzeti üçün qarşıdan gələn 28 Aprelə - Azərbaycanda Sovet hakimiyyəti qurulması gününə şeir yazmasını tapşırdı. Çap olunmaq onun çoxdankı arzusu idi. Müşfiqin bircə gün sonra yazıb gətirdiyi "Bir gün" adlı şeiri səhəri gün - 28 aprel 1926-cı ildə "Gənc işçi" qəzetində çap olundu. Bu ilk şeirini qəzetdə görərkən yaşadığı sevinci Müşfiq iki il sonra qəzetin on illiyinə həsr etdiyi "Hörmətli qəzetəmiz" şeirində: "Yadımdadır bu gün belə, Bir bəxtiyar sevinc ilə Könlümün ilk bəstəsini... Oxuduğum əziz günlər... Aman könül, o nə haldı, İlk nəşidəm çıxan zaman Ətrafa salmışdım nəzər..." deyə yad etmişdi.

"Bir gün" şeirinin sərlövhəsi ilk anda Əhməd Cavadın həmin adla 1924-cü ildə çap etdirdiyi "Eşqimin nə imiş, bilməm günahı" misrası ilə başlayan şeirini xatırlatdı. Ustadın milli müstəqilliyimizin süqutuna həsr etdiyi fəryad dolu, üsyankarlıq vurğulu ("Bir gün göz yaşımı siləcəyəm mən") şeirinin adını həmin tarixi günün şəninə  qoşduğu bəstəsində təkrar etməklə gənc Mikayıl nə demək istəyib?

Şeir cəmi 3-4 misralı bənd və sonda bir beytdən ibarətdir. Birinci bənddə yaxın keçmişin hadisələri yaddaşda sərgilənir:

 

Yurdum acı ruzgarlara seyrəngah ikən dün

Hər yerdə ölüm sisləri, qan izləri vardı.

Hər yerdə könüllər yanar, ağlardı bütün gün,

Göz yaşları çaylar kimi ölkəmdə coşardı.

 

Gənc şairin səkkiz il əvvəl Bakıdakı Mart qırğınlarını xatırlatdığı şübhəsizdir. İkinci bənddə də "bu yerlər ...min dürlü sitəmlərlə, kədərlərlə yanardı" deyə poetik ovqat boğuq intonasiya ilə davam olunur. "Solmuşdu könül bağçası bir vəhşi xəzanla" misrasındakı alt qatı dərk etmək öncə çətin olur. Sonradan bir neçə şeirində işlətdiyi bu təbiət obrazının Oktyabr inqilabını simvolizə etdiyi qənaətinə gəldik. Bir il sonra məhz Oktyabr bayramı münasibətilə "Komsomol" məcmuəsində çap etdirdiyi "Xəzan içində bahar" şeirində bu simvolun əsas lirik obyekt kimi ideya-məzmunun açılışında sətiraltı mənası daha aydın ifadəsini tapıb. Üçüncü bənddə lirik məzmun dəyişilir, dövrün dövlət nəzarəti ilə bədii nümunələrdən tələb olunan bir tərzdə "şəfəqdən doğmuş olan asudə gözəl bir məskən"in təcəssümünə keçilir. Ancaq yenə yeganə üçüncü misrada yada düşən: "Bir gün bizi qurtardı əsarət qucağından" ifadəsinin 28 Apreləmi, yaxud 28 Maya aid edildiyini kəsdirmək olmur. Çünki bu üç bəndə əlavə olunan son iki misra da müəmmalıdır, iki cür mənalandırmaq olur: əvvəla, "Bir gün! Bula buldunsa şu aləmdə səadət" şərt feilindən sonrakı misrada işlənən "Hörmət sənə, hörmət sənə, hörmət sənə, hörmət!" bədii təkriri proletar şairi Süleyman Rüstəmin bir il əvvəl çap etdirdiyi "Üsyan yarat!" şeirindəki "Üsyan yarat, üsyan yarat, üsyan yarat, üsyan!" sonluğunu xatırladır. Digər tərəfdən, "Hörmət sənə" bədii təkriri Müşfiqin çox sevdiyi və bütün şeirlərini əzbər bildiyi ustadı Tofiq Fikrətin (bir neçə xatirədə bu fakt xüsusi vurğulanmışdır - S.Q.) "Hilali-axmer" şeirində də rast gəlinir, amma zahirən fərqli məzmunda olub, anafora poetik fiquru qismində işlənmişdir. Məzmuna diqqət edək:

 

Hörmet sana, ey qürreyi-qareyi-güləfşan,

Hörmet sana, hörmet sana...Lakin seni vicdan

Hep qanlara batmış ve qızarmış görecekse,

İnsanlığa cidden bu tahalüf, bu müadat

Makdur ise, insan buna mehkum ise, heyhat!..

 

Müşfiqin şeirindəki "Bula buldunsa şu aləmdə səadət" şərt cümləsi yada düşür. Fikrətin "Hilali-axmer" şeiri 1868-ci ildə "Osmanlı yaralı və xəstə əsgərlərə yardım" məqsədilə təsis olunmuş xeyirxah niyyətli cəmiyyətə ünvanlanmışdır. Və şair işıqlı insanların bu nəcib əməlləri müqabilində daim bir-birinin qanını tökməyə qabil və qadirlər də var olacaqsa, belə qəddar əməllərə son qoyulmayacaqsa, onda "heyhat!!!" deyə dərindən təəssüflənir. Müşfiq isə "Hörmət sənə"ni məhz "bu aləmdə səadət" tapa bilmək iddiasında olan "Bir gün"ə ünvanlayır və "sa" şərt şəkilçisi ilə deyilənlərin gerçəkləşdiyini nə təqdir, nə də inkar edir. Sadəcə həmin alqışla Tofiq Fikrət şeirinin son bəndindəki "Lakin seni vicdan Hep qanlara batmış və qızarmış görecekse" anlamını yaddaşa gətirir.

Müşfiqin ilk mətbu şeirindən belə ətraflı bəhs etməyimiz həm də onun poetik intonasiyasındakı tutqun, boğuq xallardır. "İnqilab bayramı" şeirində lirik "mən"in belə bədbin ovqatı şeirdəki örtülü mənaya diqqət yönəldir. Bu şeir həm də gənc istedadın çap etdirə bilmədiyi 4-5 dəftər şeirlərdəki "dərnəklərdə tənqid olunan" əsas motivdən, ideya-məzmundan ayrılmadığı, həyata baxışında, mühiti ilə bağlı düşüncələrində öz seçimindən dönə bilmədiyinə dəlalət etməklə yanaşı, xarakterindəki cəsarət, tapındığı həqiqətə sadiqlik, əzmkarlıq üzə çıxır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!