İsmayıl Hikmət "Film kimi bir hadisə"nin bəzi detalları haqqında - Təyyar SALAMOĞLU

Azər Turanın araşdırmalarını çıxış nöqtəsi kimi alaraq

 

"Ədəbiyyat qəzeti"nin 21 noyabr 2025-ci il tarixli sayı Birinci Türkoloji Qurultaya həsr olunmuşdur. Görkəmli türkoloq alim və qəzetin baş redaktoru Azər Turan "Birinci Türkoloji Qurultay - film kimi bir hadisə" məqaləsi ilə çıxış etmiş, eyni zamanda Türkoloji Qurultayın bütün nümayəndələrinin şəkillərini və tərcümeyi-hallarını qəzetdə vermişdir.

Onun yazısında məqsədimizlə bağlı aşağıdakı mülahizələr diqqətimizi xüsusilə çəkir: "1926-cı ildə çap olunmuş stenoqramdakı siyahıda adının olmamasına rəğmən, Türkoloji Qurultayın aparıcı simaları sırasında yer alan bir neçə nəfər var ki, onlarsız bu buraxılışı təsəvvür edə bilmədik.

Məsələn, Qurultaydakı məruzəsində Qubaydullin bildirir ki, "Azərbaycan türkləri təkcə öz ədəbiyyatının tarixi ilə maraqlanmır, həm də digər türk xalqlarının ədəbi əsərlərinin öyrənilməsinə böyük diqqət yetirirlər. Bunun sübutlarını Azərbaycan Dövlət Universitetinin əməkdaşı İsmayıl Hikmətin Anadolu türk ədəbiyyatı tarixinə dair əsas əsərlərində tapmaq olar. İndiyə qədər dörd cild nəşr olunub ki, bunlardan ilk üçü XIX əsrə, dördüncüsü XX əsr Anadolu türk ədəbiyyatına həsr olunub. Hikmətin bu əsəri bu sahədə ilk sistemli və əhatəli əsərdir".

Azər Turanı düşündürən budur ki, o illərdə İ.Hikmət Azərbaycanda çalışır və Universitetdə, Pedaqoji İnstitutda və digər ali təhsil müəssisələrində müxtəlif fənlərdən dərs deyir, Azərbaycan, türk, hətta dünya ədəbiyyatı, həmçinin nəzəriyyə və s. sahələrdə ciddi araşdırmalara imza atırdı. Yəni kifayət qədər üzdə olan, türkçülük konsepsiyasını əldə rəhbər tutan nüfuzlu bir türk alimi idi.

Azər Turan hansı faktlara söykəndiyini açıqlamasa da, hesab edir ki, İ.Hikmət Birinci Türkoloji Qurultayın iştirakçısı olmuşdur. Bu qənaətlə də o, yazır: "Türkoloji Qurultay nümayəndələri barədə hazırlanan buraxılışa İsmayıl Hikmət, Əli Yusif və Çursin barədə də məlumatlar daxil etdik. Bunlar, ya Qurultayın işçi heyətində, ya Yeni Türk Əlifbası Komitəsinin İcraiyyə bürosunda olublar, ya da qonaq kimi dəvət olunublar. Bu, artıq gələcək araşdırmaların mövzusudur". Alim İ.Hikmətin Qurultayda iştirakı məsələsinin dəqiqləşdirilməsinin gələcək araşdırmaların mövzusu olduğunu desə də, əslində özü araşdırmalarını davam etdirmiş, bu "dəqiqləşmə"ni işarələyən bəzi məqamlara diqqət çəkmişdir.

O, İ.Hikmətin "Dörd il yarım Azərbaycanda" məqaləsini "Ədəbiyyat qəzeti" oxucularına təqdim edərkən (04.12.2025-ci il tarixli sayında) ona "Hikmətizm" adlı "Ön söz" də yazmışdır. "Ön söz"də oxuyuruq: "İsmayıl Hikmətin məqaləsində Türkoloji Qurultay ərəfəsini təsvir edən ilginc bir məqam var: "O zaman maarif komissarı olan şəxs böyük bir təlaşla vəziyyəti anlatdı: "Ruslar türklərə ən böyük zərbəni bu dil məsələsində endirəcəklər". Bizi Universitet tədrisatından, türk dili və ədəbiyyatından məhrum edəcəklər. Rus dilinin əsarəti altında qalacağıq. Bir çarə tapın! Qurultayda türk dilini müdafiə edin".

Maarif Komissarının, ədəbi-elmi fikir tariximizdə daha çox marksist tənqidçi kimi tanınan M.Quliyevin dedikləri, ilk növbədə, İ.Hikmətin də Qurultay iştirakçısı olduğunu işarələyir. Üzünü İ.Hikmətə tutaraq, "Qurultayda türk dilini müdafiə edin" müraciəti bunu xüsusi işarələyir.

Düşünürük ki, elə bu işarə A.Turanın İ.Hikmətin qurultay iştirakçısı olmasına dair qənaətlərinin ilk arqumentidir. Məhz bu arqumentdən çıxış edib İ.Hikməti nəzərdə tutaraq o, fikrini qətiləşdirir: "1926-cı ildə Türkoloji Qurultayın işində yaxından iştirak edib". Bu qənaətlə də o, Qurultayın digər iştirakçıları ilə bərabər İ.Hikmətin də şəklini və tərcümeyi-halını qəzetdə verib. İ.Hikmətin Birinci Türkoloji Qurultayda iştirakı və orada yerinə yetirdiyi missiyaya aydınlıq gətirmək üçün A.Turan onun çox sonralar - 1958-ci ildə Almaniyada nəşr olunan "Dörd il yarım Azərbaycanda" məqaləsində bu tarixi hadisə ilə bağlı yer alan təəssüratlarına da istinad edib. Doğrudan da, bu məqalədə İ.Hikmətin həmin qurultayda iştirakını, gördüyü işləri və ümumiyyətlə, burada cərəyan edən hadisələri işarələyən, A.Turanın təbirincə desək, çox ilginc məqamlar var.

"Dörd il yarım Azərbaycanda" məqaləsindən öyrənirik ki, M.Quliyev dil məsələsi ilə bağlı narahatlığını Türküstan, Krım, Kazandan gələn qurultay nümayəndələrinə üzünü tutaraq ifadə edib. Həmin nümayəndələr arasında İ.Hikmət də olub. Yəni M.Quliyev İ.Hikmətin də aralarında olduğu türk əsilli nümayəndələrdən kömək istəyib. M.Quliyev bu köməyi Qurultayda türk dilinin müdafiə olunması şəklində təsəvvür edirmiş. "Dörd il yarım Azərbaycanda" məqaləsindən aydın görünür ki, nümayəndələr, xüsusən, İ.Hikmət Qurultayda türk dilini məhz türklərin müdafiə etməsini məqbul saymayıblar. İ.Hikmət, məhz İ.Hikmət M.Quliyevə izah edir ki, "mənim və arkadaşlarımın bu xüsusda qurultayda müdafiəyə qalxmadığımız kommunistlərin çörəyinə yağ sürtər". Vəziyyətdən çıxmaq və məsələni türkün xeyrinə həll etmək, alt qatında isə siyasi rejimin türk dünyası ilə bağlı məkrli planını pozmaq üçün İ.Hikmət çox maraqlı bir yol təklif edir. O, izah edir ki, "bizim Türkiyə türkcəsini müdafiə etdiyimizi, onların bu türkcə haqqında bir söyləyəcəkləri olmadığını, fəqət özlərinin təlim və tədrisinə müsaidə etdikləri türkcənin Türkiyə türkcəsi deyil, Azərbaycan, Cağatay, Krım türkcələri olduğunu irəli sürərək haqq qazanarlar. Buraxın, türk elm və ədəbi dilinin vahid bir dil olduğunu və bütün türk ölkələrində bu dildə danışılıb, bu dillə yazıldığını öz alimlərinə, rus professorlarına söylədək. O zaman etiraz etməyə imkanları qalmaz, - demişdim və elə də etdik..."

Qurultayın türk nümayəndələri (təbii ki, müəyyən bir qismi) başda İ.Hikmət olmaqla, öz planlarını çox ustalıqla həyata keçirir və istədiklərinə nail olurlar. Bu istəyi onların necə yerinə yetirdikləri haqqında İ.Hikmətin təəssüratlarını oxuduqca, A.Turanın Qurultayda cərəyan edən prosesləri "film kimi bir hadisə" şəklində xarakterizə və təsəvvür etməsinə tam haqq qazandırırıq.

Həmin "film"in qurultayqabağı cərəyan edən epizodlarından birinə diqqət yetirək. İ.Hikmət yazır ki, professor Samoyloviç, professor Aşmarin və başqa nümayəndələrlə bir yerdə idik və qurultayqabağı qurultayda haqqında söhbət gedəcək məsələlərlə bağlı onlarla söhbət edirdik. İ.Hikmət və digər türk əsilli nümayəndələr işi elə qururlar ki, guya lap təsadüfən, söz əsnasında onlara suallar verir, müxtəlif türk ləhcələrində oxumaqlarında, başa düşmələrində bir çətinlik olub-olmadığını soruşurlar. İkinci sualları da ondan ibarət olur ki, necə fikirləşirsiniz, ayrı-ayrı türk ləhcələrində yazıb-yaradan alim və sənətkarların bir-birinin yazdıqlarını oxuyub başa düşməkdə bir çətinlikləri ola bilərmi?

Suallara verilən cavablar İ.Hikmətin təhkiyəsində aşağıdakı kimi yer alır:

"Türk dili və ədəbiyyatı mütəxəssisləri olan professor Samoyloviç, professor Aşmarin və daha bəziləri ilə bu xüsusda apardığımız söhbətlərdə müxtəlif türk qollarındakı şair və alimlərin əsərlərini oxuyub anlamaqda bir çətinliyə uğrayıb-uğramadıqlarını soruşduq. Uğramadıqlarını söylədilər... Hər hansı bir qoldakı alim və şairin digər qollardakı alim və şairlərin əsərlərini oxuyub anlamaqda bir çətinliyə uğrayıb-uğramayacaqlarını soruşduq, uğramayacaqlarını söylədilər".

Türk əsilli nümayəndələr suallarında sözügedən zamanda bütün türk xalqlarının ziyalılarının oxuyub başa düşəcəyi ortaq bir türk dilinin - ədəbi türkcənin olduğunu çıxış nöqtəsi kimi alır, lakin Türkoloji Qurultay günlərində belə siyasi rejimin hadisələrə mürəkkəb və ziddiyyətli, əslində isə antitürk siyasi mövqeyini nəzərə alaraq ehtiyatla davranır, bütün türk xalqlarının oxuyub yazmasında mövcud ədəbi türkcənin əsas götürülə biləcəyi imkanlarını rus mütəxəssislərinin - şərqşünas-türkoloqlarının özlərinin etiraf etməsini istəyirdilər və buna nail olurlar. İ.Hikmət yazır: "Öz tərəflərindən çıxardığımız nəticə (yəni, rus professorlarının dediklərindən çıxardığımız nəticə - T.S.) bu oldu ki, türk dünyası üçün elmi və ədəbi vahid bir dil vardır. Bu dil də oxumuş, yazmışların ortaq dilidir. Onunla hər cür elmi və ədəbi əsərlər yazılır və hər universitetdə o dil ilə türkcə tədrisi yapılır. Bu elmi bir həqiqətdi (İngiltərədə, Amerikada, Yaponiyada ingiliscə kimi)".

Elə isə, maraqlıdır, "film kimi bir hadisə"nin ssenarisi necə davam etmişdi? Hadisələr getdikcə gərginləşir. İ.Hikmətin təsvirinə görə, türk alimlərinin çox dərin bir ağıl, siyasət işlədərək həqiqəti rejimin "öz alimləri"nə etiraf etdirməsi kommunist siyasətçiləri büsbütün çaşdırmış, öz siyasətlərini həyata keçirməkdə böyük bir maneə ilə qarşılaşmalarına gətirib çıxarmışdı.

Rejimin "öz siyasəti" nədən ibarət idi? Cari və perspektiv planlar nələri nəzərdə tuturdu? "Dörd il yarım Azərbaycanda" məqaləsində məsələnin bu tərəfinə də aydınlıq gətirilir. Bu siyasətin məğzini, mahiyyətini dərindən bilmədən "kommunist siyasətçilər"in çaşqınlığını başa düşmək mümkün deyil.

İ.Hikmət məsələni belə qoyar: Qurultaya qədər türk məktəblərində türkcə oxunmasına icazə verilirdi. Bu oxunan türkcə "ədəbi türkcə" idi. Lakin rejim siyasətini dəyişməyi, lakin bunu İ.Hikmətin öz təbiri ilə demiş olsaq, olduqca sinsi bir şəkildə həyata keçirmək istəyirdi. Rejimin qurultayqabağı dil siyasətinin mahiyyətinə - türkcədən-türkcəyə keçid məqsədinin mahiyyətinə İ.Hikmət aşağıdakı kimi aydınlıq gətirirdi: "Bütün məktəblərdə oxudulan dərslər kommunizmin, leninizmin əlifbasında, kommunizm və leninizm ideallarında yüksələn fikirlərin təlimi və intişarı, yayılması olacaqdı. Bu qədər var ki, bunları təlim etmək üçün işlədilən dil, rusca deyil, tamamilə türkcə olacaqdı.

Fəqət, bu türkcə ədəbi türkcə deyilən türkcə deyil, Azərbaycanın ləhcəsi olan türkcə (indiki anlamda Azərbaycan dili - T.S.) olacaqdı".

Yəni rejim tədrisi imperiya məkanına daxil olan bütün türk xalqları üçün vahid bir ədəbi türkcədə deyil, hər toplumun öz ləhcəsində (öz dilində) həyata keçirməyi nəzərdə tuturdu. Zahirən bir az da çəkici görünən bir siyasət: müstəqil türk respublikalarında tədris işini hər kəs öz dilində həyata keçirir. Sanki rejim ayrı-ayrı türk xalqlarına dil məsələsində həqiqi azadlıq verir. Bu azadlığın arxasında gizlədilən məkrin İ.Hikmətin məntiqindəki açılışı aşağıdakı kimidir: "...Kommunist siyasəti türk ləhcələri arasında əsaslı ayrılıqlar yaratmaq və bu surətlə türk milli vəhdətini parçalamaq məqsədi ilə bütün ləhcələr üzərində ayrı-ayrı çalışmalara da (tədrisin ayrı-ayrı türk dillərində həyata keçirməsini nəzərdə tutmaqdan əlavə - T.S.) yol açmışdı. Bir kərə türk-tatar tarixini (ümumtürk tarixini - T.S.) qəbul etməməklə işə girişir. Türkün ayrı və tatarın ayrı millət olduğunu önə sürür və bu sahələrdə özlərinə həqiqətən, xidmət elə biləcək satqın alimlər tapmaqda çətinlik çəkmirdilər ki, bu da çox təbiidir. Bir heç ikən bir nə isə olmağı düşünən milliyyətsizlər də bu fürsəti özləri üçün qənimət sayırdılar".

Rejim bu siyasəti Qurultayda rəsmiləşdirmək istəyirdi. Fikrimizcə, I Türkoloji Qurultayın çağırılmasına yaradılan şərait həm də bu məkrli düşüncədən qaynaqlanırdı.

Bu siyasətin həyata keçirilməsi nəticə etibarı ilə hansı acınacaqlı, hətta faciəvi deyə biləcəyimiz hallara gətirib çıxaracaqdı?

İ.Hikmət bu "nəticə"lər üzərində də dayanır:

Birincisi, alimin haqqında bəhs etdiyi kimi, hələ çarlıq zamanında Krımda, Bakıda, Qafqazda başlamış və türk-tatar xalqlarının dil birliyinə doğru istiqamət alan cərəyanı tamamilə öldürəcək, məhv edəcəkdi.

İkincisi, türk-tatar ləhcələrində onları müstəqil dillər kimi tanımağa imkan verən əlamətdar cəhətlər olması fikrini ortaya ataraq, bu mövqeyə az-çox tərəfdar olanları "təşviq, təxrib, hətta təhrik edərək bu ləhcələrin ayrı-ayrı ləhcələr olduğunu (müstəqil dillər olduğunu - T.S.) sübuta istiqamətləndirəcəkdir.

Üçüncüsü, türk toplumlarının öz dillərində tədris aparmaq imkanlarını tanıyaraq, hətta buna tərəfdar olduqlarını bəyan edərək, ancaq hələlik, müvəqqəti olaraq bunun imkansız olduğunu söyləyəcəklər. "Bu ləhcələrin daha elmi-ədəbi təlim və tədrisə uyğun bir dil halına gəlmədiyini, öz sahəsində inkişafa möhtac olduğu" fikrini irəli sürəcəklər.

Dördüncüsü, guya büsbütün xeyirxah mövqedə dayandıqlarını, hər bir türk xalqının mənafeyini qoruyaraq ortalığa belə bir məsələ atacaqdılar ki, bu ləhcələr - dillər üzərində mütəxəssis alimlərin, dilçilərin çalışmaları lazımdır ki, gələcəkdə onların hər birini elmə və tədrisə uyğun bir vəziyyətə gətirmək mümkün olsun. İ.Hikmət yazırdı: "Zahirdə, ruyi-haqdan görünən bu təşviq və təhrikin gizlində nə qədər lənətkar qəsd olduğunu anlamayacaq qədər saf, dar görüşlü və qatı milliyyətçilər də bu sinsi təbliğatın parlaq tərəflərinə qapılaraq o yolu mənimsəməyə çalışırdılar".

Bu "sinsi", məkrli, hiyləgər siyasətin "parlaq", göz qamaşdıran cəlbediciliyi arxasında dayanan plan, məqsəd nədən ibarət idi?

İ.Hikmət bu planın, məqsədin görünməyən tərəfini açır, kommunist siyasətinin antitürk, şovinist mahiyyətinə tam bir aydınlıq gətirir:

"Əsl qayə bunların hamısının uyğun inkişafa hazır olmadığından bu inkişafı əldə edincəyə qədər universitet tədrisinin tamamilə rusca olaraq yapılmasına bir qərar almaq imiş. Plan mükəmməldi, inandırıcı idi, hətta müavinətkardı...Bu kültür siyasəti, bu milli tərbiyə sərbəstliyi qayəsi bu surətlə ortaya atılmış olurdu".

Fikrimizcə, indi hamıya aydın olur ki, "o zaman maarif komissarı olan şəxs"in - M.Quliyevin "böyük bir təlaş" keçirməsinin, ciddi narahatçılığının, bu təlaş və narahatlıq hissləri ilə üzünü türk əsilli qurultay iştirakçılarına tutub həyəcanla "rus dilinin əsarəti altında qalacağıq. Bir çarə tapın" deməsinin səbəbləri nə imiş. Türk əsilli qurultay iştirakçılarının kommunist siyasətçilərin onlar üçün qurduğu tələdən necə xilas olduqlarını, əslində qurduqları tələyə onların özünü türk məntiqinin gücü ilə necə saldıqları ilə tanış olduq. Ancaq maraqlıdır, "film kimi hadisə"nin sonrakı davamı - nəticəsi nə oldu? İ.Hikmət bu "nəticə"yə də diqqət çəkir.

Öncə, onu qeyd edək ki, rejimin dil siyasətinə türk əsilli Qurultay nümayəndə və iştirakçılarının müqaviməti kifayət qədər güclü olmuşdur. İ.Hikmət Turküstan və Dağıstandan gələn nümayəndələrin bu istiqamətdə arzu və istəklərini, hətta təkidlərini xüsusi vurğulayır. O, Türküstan və Dağıstan nümayəndələrinin Türkiyədən gələn alimlərə onların da ölkəsində müəllimlik etmələrini, ədəbiyyat tarixlərini yazmaqda onlara yardımçı olmalarını dönə-dönə xahiş etmələri haqqında məlumat verir, xüsusi vurğulayır ki, "onlar da öz universitetlərində dil, ədəbiyyat və tarixin türkcə olaraq tədrisini istəyirdilər". Bu, təkcə istək deyildi. Türk ölkələrindən gələn nümayəndələr rusdilli tədrisə qətiyyətlə müqavimət göstərmiş, hətta tədrisin onların ölkələrində türk dilində aparılmasına dair yekdil rəyə gəlmiş və bu barədə qərarlı idilər. İ.Hikmət mövcud situasiyanı belə təsvir edir: "O zaman bütün digər türk ölkələrindən gələn nümayəndələr də öz yüksək məktəb və universitetlərində də, Azərbaycanın yüksək məktəb və universitetlərində olduğu kimi türk dilində tədrisat yapmağa qərar vermişdilər". Vəziyyət dramatikləşir, türklər demişkən, tansiyon yüksəlir. Çünki siyasi rejimin Qurultaydakı ideoloqları fərqli düşünür və türk xalqlarının mənafeyinə büsbütün yad olan bir prosesi həyata keçirmək niyyətində idilər. İ.Hikmət yazır: "Kommunistlər öz dilləri buna müsaid olacağı zamana qədər bu tədrisatın kommunist professorlara verilməsini (yəni tədrisin rus dilində aparılmasını) təklif etməkdəydilər".

Bəlli olur ki, türk nümayəndələrinin və xüsusən, İ.Hikmətin ədəbi türkcənin bütün türk toplumlarında tədris prosesində heç bir problem yaratmayacağını rus türkoloq və şərqşünaslarına etiraf etdirməyə nail olmaları məsələnin türklüyün xeyrinə həll olunması ilə nətcələnir. "Dörd il yarım Azərbaycanda" məqaləsində əldə olunan "nəticə" aşağıdakı şəkildə təhkiyə olunur: "Nəticə ortaq türk dili ilə yüksək məktəblərdə (ali məktəblər nəzərdə tutulur - T.S.) və universitetlərdə tədrisat yapıla biləcəyi və yapılmaqda olduğu rus alimlərinin iddiaları ilə də sabit olunca ruslar yüksək tədrisin (ali məktəb tədrisinin - T.S.) bu dillə həyata keçirilməsinə müsaidə etmək məcburiyyətində qalmışdılar... Bu surətlə, kommunist inqilabçıları Bakı Universitetinə zahirən tövsiyə etmiş, həqiqətdə isə bütün türk ölkələri universitetlərində də təlim və tətbiqə hazırlamış olduqları təzyiqi gerçəkləşdirməmək məcburiyyətində qalmışdılar".

Qurultayın kommunist ideoloqları geri çəkilmək məcburiyyətində qalsalar da, təşəbbüsü əldən vermək istəmir, türkdilli ölkələrdə türk dilindəki tədris prosesinə hər vəchlə mane olmaq haqqında düşünürdülər. Türk əsilli nümayəndələrin israrları və məntiqi qarşısında geri çəkilməyə məcbur olan kommunist ideoloqlar ali məktəblərdə tədrisin ədəbi türkcədə tədrisinə razılaşalar da, "orta məktəblərdə ancaq hər millətin öz ləhcəsiylə tədrisat yapa biləcəyi" şərtini irəli sürür, bunu etməyənlərin o vəzifələrdən uzaqlaşdırılacağını elan edirdilər. İ.Hikmətin yazısından məlum olur ki, o zaman Türkiyədən təkcə ali məktəblərdə dərs demək üçün alimlərlə bərabər, orta məktəblərdə işləmək üçün də müəllimlər dəvət edilibmiş. Kommunistlərin belə bir şərti irəli sürməsinin bir səbəbi də elə Türkiyədən gəlib orta məktəblərdə dərs deyən müəllimləri yerli dildə dərs aparmağa yaramamaq bəhanəsilə tədris prosesindən uzaqlaşdırmaq imiş. Şübhəsiz ki, orta məktəblərdə tədrisin yerli dillərə tabe tutulması, hər şeydən qabaq, türk birliyinə təməlindən zərbə vurmaq məqsədi daşıyırdı. Digər tərəfdən, ideoloqların düşüncəsinə görə, orta məktəb səviyyəsində yerli dillərdə dərs keçmək ali məktəblə bu səviyyə arasındakı harmoniyanı da pozmağa hesablanmışdı. Çünki fərqli dillər fərqli millətlər anlayışını da düşüncələrə yeridirdi. Bütün bunlara baxmayaraq, Qurultayın türk əsilli nümayəndələri bu şərtlə razılaşırlar. Çünki bu addımın türkcə tədris prosesinə, hətta ədəbi türkcədə tədris prosesinə əsaslı bir zərbə vura bilməyəcəyi qənaətində idilər. Hesab edirdilər ki, ayrı-ayrı türk dilləri arasında əsaslı bir fərq yox idi. Məsələn, İ.Hikmət yazırdı ki, "Azərbaycan ləhcəsi deyilən türk ləhcəsi əsasən osmanlı ləhcəsindən başqa bir şey deyildi" (Bunun nə qədər dəqiq olduğunu müəyyənləşdirmək artıq dilçilərin işidir). Yəni müəllimlərin Azərbaycan dilində (eləcə də digər dillərdə) tədris aparmağına işin bu tərəfi mane ola bilməzdi. Buna görə də, Türkiyədən gələn orta məktəb müəllimlərinin tədris prosesindən uzaqlaşdırılmasına əsas vermirdi. İ.Hikmətə görə, əldə olunan bu razılıq da nəticə etibarı ilə kommunist ideoloqların qələbəsi yox, məğlubiyyəti idi.

Qurultay ərəfəsi və qurultay günlərində türk dilinə münasibətdə, mahiyyətcə türk xalqlarının mənəvi birliyinə zərbə vurmağın üstüörtülü siyasi gedişləri istənilən nəticəni verməyəndə qurultaydan sonrakı illərdə rejim antitürk siyasətini açığa çıxardı. Prosesin qurultaydan sonrakı davamı İ.Hikmətin təfsirində aşağıdakı şəkildə yer alır: "Bunun üzərinə, maskanı tamamilə üzündən çıxarmaq, həqiqi məqsədlərini açıqlamaq zorunda qalmışdı. Sovetlər Birliyi hüdudları daxilində çalışanların sovet tabeliyində olmaları, olmayanların o tabeliyə girmələrinin vacibliyini elan etmişdi. Bu surətlə türk mədəniyyətinə, türk ənənə və birliyinə, türk tarixinə xidmət edən türkiyəli türklərin Azərbaycan və sair türk ölkələrindən çıxmaları və bu birliyi bu surətdə qırmaq çarəsinə baş vurmuşdular".

Türk ziyalı və alimlərinin bütün türk ölkələrindən çıxmaları haqqında qərar da, Birinci Türkoloji Qurultayın o zamankı SSRİ məkanında yaşayan nümayəndə və iştirakçılarının repressiyaya məruz qalması, sürgün edilməsi və güllələnməsi də türk birliyinə zərbə vurmaq siyasətinin müdhiş nəticələridir. Bu nəticələr Azərbaycan xalqını, qazax, qırğız xalqını, Krım tatarlarını və bütün başqa türk xalqlarını mənsub olduğu soykökdən, eyni zamanda bir-biri ilə sıx ədəbi-mədəni əlaqələr şəraitində yaşayıb ortaya möhtəşəm bir türk birliyi gücünü çıxarmaqdan məhrum etməyə hesablanmışdı. "Film kimi bir hadisə"də, "film kimi bir hadisə"nin İ.Hikmətin yazısında aşkarlanan detalları da mənhus bir rejimin başımıza gətirdiyi faciəli halları görüntüyə gətirir.

Keçmişimizi bilmədən gələcəyimizi qura bilmərik. "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqındakı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"nda qeyd olunur ki, "Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir". Sərəncamda Birinci Türkoloji Qurultayda irəli sürülən ideyaların müasirliyindən və həmin ideyaların bu gün daha böyük əzmlə davam etdirilməsi zərurətindən danışılır.

Bu zərurət bizi keçmişimizi dəqiq öyrənməyə, öyrəndiklərimizdən irəli gələn vəzifələri bu gün əzmlə həyata keçirməyə səsləyir. "Sərəncam"da oxuyuruq: "Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır". "Film kimi bir hadisə"nin - Birinci Türkoloji Qurultayın detalları və Sərəncamdan irəli gələn vəzifələrimiz bizi türk birliyi ruhuna daha əzmlə və qətiyyətlə köklənməyə çağırır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!