"Əhvalati-Qarabağ" əsərinin müəllifi kimdir? - Raqub KƏRİMOV

 

İran və Rusiya dövlətləri arasında bağlanan "Gülüstan" sülh müqaviləsi ilə Azərbaycan ərazisi iki yerə parçalandı. Nəticədə, Cənubi və Şimali Azərbaycan anlayışı yarandı. Tarixən ərazisinin şimal hüdudları Dərbənd qalasına çatan, şimal-qərbdə Gürcüstan, qərbdə Göyçə gölü, cənub-qərbdə Naxçıvan da daxil olmaqla, Zəngəzur mahalını əhatə edən Azərbaycan ərazisi sovet hakimiyyətinin ilk illərində yeni parçalanma prosesi ilə üzləşdi və nəticədə 25 min kvadrat kilometrdən çox ərazisini itirdi. İtirilən ərazinin yarıdan çoxu Ermənistana, qalan yarısı isə Gürcüstan və Rusiyaya verildi.

1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra Çar Rusiyası İran və Türkiyə sərhədlərində xristianların sayını artırmaq üçün həmin ölkələrdə məskunlaşmış erməniləri Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürməyə başladılar və hətta həmin xanlıqları ləğv edərək, ümumi əraziyə tarixdə heç zaman olmamış Ermənistan adını verdilər. Bununla yanaşı, həmin ərazidə münbit torpaqların az olmasını bəhanə edərək köçkün ermənilərin bir çoxunu Qarabağ xanlığının ərazisində məskunlaşdırdılar. Bu proses nəticəsində digər ərazilərdə olduğu kimi, Qarabağda da ermənilərin sayı tədricən çoxaldı. Qarabağda mövcud olan erməni məlikləri erməni əhalisinin süni yolla çoxalmasından istifadə edərək ərazi iddiasına düşdülər. Onlar hər vəchlə yüksək çinli çar məmurlarına sübut etməyə çalışırdılar ki, bu ərazilər lap qədim zamanlardan ermənilərin olmuşdur. Artıq çarizmin məkrli siyasəti baş tutmuşdu. Xalqlar arasında münaqişə yaratmaq üçün münbit şərait yaradılmış, gələcək faciələrin törədilməsi üçün planlar hazırlanmışdı. Sonrakı dövrlərdə baş verən qanlı-qadalı hadisələr, yanğınlar, qırğınlar deyilənləri bir daha sübut etdi.

Yaranmış vəziyyətlə əlaqədar erməni fantaziyasına inanan çar çinovnikləri tarixi həqiqəti öyrənmək, dəqiqləşdirmək üçün dövrün ziyalılarına müraciət edərək Qarabağın keçmişi, tarixi haqqında əsər yazmalarını tapşırdılar. İlk sifariş Qarabağın tanınmış ziyalılarından olan Mirzə Adıgözəl bəyə verildi. O, əsərini kimin sifarişi ilə yazdığını belə qeyd edir:

"...Qarabağ mahalında Rusiya hakimiyyəti bərpa olandan bir qədər sonra buraya təyin olunan hakimlərdən biri də... general Kolyubakinin oğlu cənab podpolkovnik Mixail Petroviç idi. Onun keçmiş hadisələri bilməyə həmişə həvəsi vardı. Polkovnik, xüsusilə, Qarabağ xanlığını və Şuşa şəhərini bina edən şəxsin əhvalatını öyrənmək istəyirdi. Buna görə, mən - kapitan Mirzə Adıgözəl bəydən xahiş etdi ki, bu əhvalatı qısa və müxtəsər surətdə bəyan edim". Daha sonra Mirzə Adıgözəl bəy yazır ki, Gürcüstanda xidmət edərkən fərqli dilləri və müxtəlif ləhcələri öyrənmiş, bu əhvalatı yaşlı adamlardan öyrənmiş və çoxlu məlumat toplamışdır. "Buna görə, o cənabın əmrinə itaət edərək işə başlamışdır".    

Beləliklə, 1845-ci ildə ərsəyə gələn birinci "Qarabağnamə" elə ilk gündən böyük şöhrət qazandı. Bunun ardınca 1847-ci ildə xanlığın keçmiş vəziri (Vaqifdən sonra) Mirzə Camal Cavanşirin knyaz Voronsovun təklifi ilə yazdığı "Qarabağ tarixi", onun oğlu Rzaqulu bəyin "Velikiy knyaz"ın sifarişi ilə yazdığı "Qarabağnamə", Əhməd bəy Cavanşirin qələmə aldığı "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi mövcudiyyəti", Mirzə Yusif Qarabağinin "Tarixi-Safi", Mir Mehdi Xəzaninin "Qarabağ tarixi", Baharlının "Əhvalati-Qarabağ", Mirzə Xosrov Axundovun "Qarabağ tarixi", Həsən İxfanın "Şuşa tarixi", Mirzə Rəhim Fəna, Həsənəli xan Qaradağinin Qarabağ tarixinə aid yazmış olduqları  əsərlər meydana çıxdı. Burada adıçəkilən hər bir müəllifin şəxsiyyəti haqqında dəqiq məlumat verilsə də, Baharlının kimliyi və şəxsiyyəti barədə verilən məlumatlar hələ də dəqiqləşdirilməmişdir.

Əvvəla, onu qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivində Baharlının "Əhvalati-Qarabağ" əsərinin fotomaksimiləsi saxlanılır. Bu əsər 1991-ci ildə professor Nazim Axundov tərəfindən transfoneliterasiya edilərək nəşr edilmişdir. Ön sözdə professorun yazdığına görə "Baharlının həyatı və fəaliyyəti yaxşı öyrənilməmişdir. "Əhvalati-Qarabağ" əsərinin müəllifi Baharlı "Qarabağnamə"lərdə məlum olan və İbrahim xanın yaxın xidmətçilərindən olan Mirzə Vəli Baharlının nəvəsidir". Beləliklə, professor müəllifin kimliyi və şəxsiyyəti haqqında ədəbi ictimaiyyətə müfəssəl məlumat verə bilməmiş, deyilənlərlə kifayətlənmişdir. Müəllifin əldə olan natamam əsərindən  onun haqqında bəzi məlumatları əldə etmək mümkün olsa da, həmin məlumatlar ümumilikdə onun şəxsiyyətini aydınlaşdırmaq üçün kifayət deyildi. Bir məlumatda müəllif yazır ki, bəndə 80 təliqə üzü ki, böyük Xəlifənin dəftərxanasında var və keçən padşahlardan verilib və təliqələrin tarixi 600 il, 500 il, 400 il, 300 il olur, kopiyaların yazmışam. Çünki çox köhnə olmuşdur. O təliqələrdə Qarabağ, Şirvan, Gəncə və Bərdə yazılıbdır. Bu məlumatdan məlum olur ki, müəllif məsul vəzifədə çalışan, ərəb, fars və rus dillərini yaxşı bilən bir şəxs olmuşdur. Onun digər: "... bəndənin din ayrı qardaşı baron Mahan Dadiyans basmaçı bəndədən təvəqqə etdi ki, bir para Qarabağın keçən əhvalatlarından və bu vaxtkı əhvalatlarından və sair işlərdən... yazıb bir cild kitabça cəm edim" məlumatından görünür ki, yüksək çinli ermənilərlə bir yerdə işləmişdir. Bu məlumatdan aydın görünür ki, müəllif də sələfləri kimi Qarabağ mövzusunda yazdığı əsəri Baron Dadiyansın sifarişi ilə qələmə almışdır. Bu gün təəssüflə qeyd edirik ki, həmin əsər cəmi üç fəsil həcmində natamam şəkildə gəlib bizə çatmışdır.

1991-ci ildə digər "Qarabağnamə"lərlə birlikdə "Əhvalati-Qarabağ" da nəşr olundu. Əsərin müəllifi haqqında müxtəlif versiyalar söylənilsə də, onları təsdiq edən fakt göstərilmirdi. Onu da xatırladırıq ki, bu tarixdən bir neçə il sonra, 2001-ci ildə bu sətirlərin müəllifi axtarışlar zamanı "Məxfi" təxəllüsü ilə gözəl şeirlər yazan qarabağlı Məhəmmədəli bəy adlı şairin Əlyazmalar İnstitutunun arxivində A-272/718 şifri ilə saxlanılan "Qəzəliyyat məcmuəsi" adlı əlyazmasına rast gəlib, orada olan şeirləri (qəzəlləri) transfoneliterasiya edərək kiril əlifbasına çevirib, geniş Ön sözlə nəşr etdirmişdir. Həmin əsər 2001-ci ildə Qarabağın təəssübkeş, vətənpərvər ziyalısı Vasif Quliyevin təşəbbüsü ilə "Şuşa" nəşriyyatında nəşr olundu. Hələ o zaman (2001-ci ildə) biz "Əhvalati-Qarabağ" əsərinin Məhəmmədəli bəy Məxfiyə aid olması fikrini cəsarətlə irəli sürsək də, əlimizdə tutarlı faktlar olmadığı üçün dediyimizi sübuta yetirə bilmədik.

Kitabın nəşrindən 10 il sonra Vasif Quliyev "Şuşa" qəzetinin 15 iyul 2010-cu il tarixli buraxılışında dərc etdirdiyi "Əkinçinin İrəvan müxbiri" adlı məqaləsində Məhəmmədəli bəy Məxfidən söz açmış, onun şair olması ilə yanaşı, həm də "Əhvalati-Qarabağ" əsərinin müəllifi olduğunu da qeyd etmişdir. Məqalədən hiss olunurdu ki, o da konkret fakta əsaslanmasa da, şairin yazı üslubunu nəzərə alaraq onun "Əhvalati-Qarabağ" əsərinin müəllifi olduğunu inamla söyləmişdir.

Bu mövzu ilə bağlı tarixi mövzuda yazdığı məqalələri ilə ictimaiyyətdə rəğbət qazanmış istedadlı alim, tarix üzrə fəlsəfə doktoru Yunis Hüseynovun "Şuşa" qəzetinin 30 noyabr 2015-ci il tarixli buraxılışında "Məhəmmədəli bəy Baharlı və onun "Əhvalati-Qarabağ" əsəri" adlı məqaləsi dərc olundu. Həmin məqalədə müəllifin adı Məhəmmədəli bəy kimi göstərilsə də, onun kimliyi dəqiqləşdirilmir və "o, Qarabağ salnamələrin"dən bizə məlum olan və İbrahimxəlil xanın yaxın silahdaşı Mirzə Vəli Baharlının nəvəsidir" qeydi ilə kifayətlənir. "Şuşa" qəzetinin 31 iyul 2023-cü il tarixli nömrəsində həmin məqalə təkrar olaraq bir qədər fərqli məzmunla nəşr olunmuşdur. Əvvəlkindən fərqli olaraq bu məqaləsində alim "Əhvalati-Qarabağ" əsərində müəllifin yol verdiyi səhvlərə, yanlış fikirlərə münasibət bildirir, baxmayaraq ki, Məhəmmədəli bəy onun "12 fəsildən ibarət kitabça" olacağını öncədən yazsa da, əsərin ümumi həcminin cəmi üç fəsildən ibarət olduğunu söyləyir. Ancaq Məhəmmədəli bəyin kimliyi haqqında yenə də dəqiq fikir söyləmir.

Tədqiqat zamanı məlum oldu ki, Salman Mümtazın Əlyazmalar İnstitutundakı arxivində "Əhvalati-Qarabağ" əsərinin üzü köçürülmüş 27 səhifədən ibarət bir əlyazma nüsxəsi saxlanılır. Lakin bu nüsxədə də müəllif haqqında heç bir məlumat verilmir. Digər tərəfdən, Salman Mümtaz əsərin üzünü orijinalda olduğu kimi deyil, öz istədiyi kimi köçürmüş və hətta bəzi yerlərini ixtisara salmışdır.

Əsərin müəllifinin kim olduğunu dəqiq müəyyənləşdirmək üçün bu gün əlimizdə istənilən qədər faktlar var: əsərin İrəvanda yazılması; Məhəmmədəli bəyin İrəvanda mühüm vəzifədə işləməsi; onun dövri mətbuatla sıx əlaqədə olması və əsərlərini nəzm və nəsrlə yazması; əsəri baron Mahanın sifarişilə yazması və sair. Bütün bunlarla yanaşı, əldə olan ən mühüm fakt hər iki əsərin - "Qəzəliyyat məcmuəsi" və "Əhvalati-Qarabağ"ın eyni xətlə yazılmasıdır. Təkcə bu fakt təkzibolunmaz şəkildə sübut edir ki, bu əsərin müəllifi, onu öz dəst-xəttilə yazan şəxs - Qarabağın tanınmış ziyalılarından olan Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə Məxfidir.

Məhəmmədəli bəy Məxfinin yaradıcılığı ilə tanış olmaq üçün onun 2001-ci ildə nəşr etdirdiyimiz "Qəzəllər" kitabına yazdığımız Ön sözü oxuculara təqdim edirik.

XIX əsr Azərbaycanın ən mötəbər poeziya məbədgahlarından olan Şuşa ədəbi məktəbinin yetirməsi, öz istedad və yüksək intellektual səviyyəsi ilə cəmiyyətin ən yüksək dairələrində sayılıb-seçilən sənətkarlar səviyyəsinə ucala bilən şəxsiyyətlərdən biri də Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə Məxfidir. İlk mənbələrdə onun adı ehtiramla yad edilsə də, barəsində çox qısa məlumat verilmişdi. Əsasən, Qarabağ ədəbi mühitini əks etdirən üç dəyərli mənbənin - "Təzkireyi-Nəvvab", "Riyazül-aşiqin" və "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərlərinin hər birində Məxfinin yüksək savadlı, dövlət qulluğunda çalışan, rus dilini mükəmməl bilən bir ziyalı olduğu qeyd edilir. Bu barədə M.M.Nəvvab yazır: "Ömrünü Rəvan (İrəvan) və Qarabağda hakimliklə (dövlət qulluğunda) keçirib. Rus dilini çox yaxşı bilirdi. Rus dilindən Azərbaycan dilinə əsərlər çevirmişdir" (Nəvvab, 1981). M.Müctəhidzadə isə "1305 sənəyi-hicriyyədə rus qulluğunda oluban əksər ovqat ərbabi-hal və əshabi-kəmal ilə ruzigar keçirər imiş" (Müctəhidzadə, 1995) məlumatını verir.

Bu mənbələrə əsaslanan tədqiqatçı N.Qarayev onun ana dilindən başqa, fars və rus dillərini də gözəl bildiyini və məhz rus dilini gözəl bilməsi sayəsində bir müddət Şamaxı, Tiflis, İrəvan və Şuşada dövlət idarələrində qulluq etdiyini göstərir (Qarayev, 1978).

M.M.Nəvvab şairin tərcümə ilə də məşğul olduğunu qeyd etmişdir. Bu fikri təkrar və təsdiq edən F.Köçərli də əfsuslar olsun ki, Nəvvab kimi öz əsərində heç bir nümunə verməmişdir. Əldə olan başqa bir məlumatda deyilir ki, Şamaxıda hakim vəzifəsində çalışarkən rəsmi dövlət adamları arasında rus dilindən Azərbaycan dilinə və əksinə, Azərbaycan dilindən rus dilinə etdiyi mükəmməl tərcümələrə görə, ona dövlət tərəfindən rəsmi şəkildə medal verilmişdir. Mənbələrin hər üçündə onun Qarabağın ən mötəbər və sayılıb-seçilən şəxsiyyətlərindən biri olan Mirzə Vəli Vidadinin nəvələrindən olduğu qeyd olunur. Digər mənbələrin verdiyi məlumata görə Molla Vəli Vidadi məşhur Bayram xan Baharlının oğludur. Hal-hazırda Ağdam rayonunun ərazisində, məşhur Xındırıstan kəndinin 4-5 kilometrliyində yerləşən Baharlı kəndi onun adı ilə bağlıdır.

Mirzə Vəli Vidadi haqqında məlumat verən M.M.Nəvvab onun nəsli-nəcabəti, anadan olduğu yer haqqında, Qarabağ xanı İbrahim xanla simsarlığı, mühüm dövlət məsələsi ilə əlaqədar olaraq xan tərəfindən İrana göndərilməsi və başına gələn faciələr haqqında düzgün məlumat versə də, onun şeirlərini Vaqifin yaxın dostu Molla Vəli Vidadinin şeirləri ilə qarışdırmışdır. Lakin Mirzə Vəli Vidadi həqiqətən də, Qarabağın ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlərdən idi. İbrahimxəlil xan Cavanşir ona böyük etimad göstərirdi. O, İbrahimxəlil xanın qohumu və ən yaxın məsləhətçilərindən biri idi. Təsadüfi deyil ki, bəzi mənbələrdə onun adı "Qarabağın düşünən beyinlərindən biri" (V.Quliyev, 1998) kimi qeyd olunur. Onun Molla Pənah Vaqiflə də möhkəm dostluğu olmuşdur. Hətta Vaqifi Pənahəli xana təqdim edən və onun saraya gəlməsinə şərait yaradan da Mirzə Vəli olmuşdur. Mirzə Vəli şeir də yazmış və Məhəmmədəli bəy Məxfi belə bir nəslin davamçısı olmuşdur. Onun atası Məşədi Əsədulla bəy Vəlizadə də Ağdam rayonunun Baharlı kəndində yaşamışdır. Lakin Məhəmmədəli bəy təqribən, 1821-ci ildə Şuşada dünyaya göz açmış, ilk təhsilini də orda, yeni tipli məktəbdə almışdır. Fitri istedada malik olan bu gəncin fars və rus dillərini mükəmməl öyrənə bilməsi onun sonrakı taleyində mühüm rol oynamışdır. O, dövlət idarələrində çalışmış, Tiflis və İrəvanda olarkən ziyalılarla dostluq əlaqəsi yaratmışdı.

XIX əsrin ən mütərəqqi hadisələrindən olan "Əkinçi" qəzeti əksər ziyalılar kimi, Məhəmmədəli bəyi də özünə cəlb etmişdi. O, harada olmasından asılı olmayaraq böyük maarifçi-demokrat H.Zərdabi və onun təsis etdiyi "Əkinçi" qəzeti ilə mütəmadi olaraq əlaqə saxlamışdı. Ölkə daxilində, eləcə də qonşu dövlətdə baş verən mühüm hadisələrə biganə qalmamış, çox zaman qəzet vasitəsi ilə fikrini oxucularına çatdırmağa çalışmışdır.

Həmin illərdə İranda olan ağır vəziyyət, xalqın zülm və istibdad əlindən ölkədən didərgin düşərək başqa dövlətlərə pənah aparması bir ziyalı kimi, onu da narahat etmişdir. Nəsrəddin şah Avropadan qayıtdıqdan sonra bu axının qarşısını almaq üçün 1875-ci ildə fərman verdi. Həmin fərmana münasibətini bildirən Məhəmmədəli bəy yazırdı ki, şah Avropadan qayıtdıqdan sonra fərman verib ki, qaçqınlar vətənlərinə qayıtsınlar və asudə yaşasınlar. Ümidvarıq ki, bu fərmandan sonra İran dövlətinin rəiyyətləri hakimlərin zülmündən xilas olub sair dövlətlərin rəiyyətləri kimi öz vətənlərində kəsbkarlıqla məşğul olsunlar ("Əkinçi", 18 noyabr 1875).

Məhəmmədəli bəy tutduğu vəzifə ilə əlaqədar olaraq uzun müddət İrəvanda yaşamışdır. Çox güman ki, onun əsərlərinin əksər hissəsi də orda qalmış, yaxud da itib-batmışdır. Fikrimizi sübut üçün şairin hal-hazırda Ermənistan Dövlət Əlyazmaları İnstitutunda (Matenadaranda) saxlanılan "Əhvalati-Qarabaği" adlı məcmuəsini göstərə bilərik. Bu əlyazma haqqında ilk dəfə Əlyazmalar İnstitutunun sabiq əməkdaşı, mərhum Sulduz Rüstəmov məlumat vermişdir. Əsərin fotosurəti hal-hazırda Əlyazmalar İnstitutunda saxlanılır. Həmin əsər 1888-ci ildə Şuşada yazılmışdır. On iki fəsildən ibarət olan bu əsərin yalnız bir və ikinci fəsilləri tam, üçüncü fəsli isə natamam şəkildə bizə gəlib çatmışdır. Əsər əlimizə tam şəkildə çatmadığı üçün onun müəllifinin də konkret olaraq kimliyini müəyyənləşdirmək çətindir. Lakin əldə olan hissələrin məzmunundan məlum olur ki, onun müəllifi Mirzə Vəli Baharlının nəvələrindən olub. Qarabağ mahalı rəisinin dəftərxanasında qulluq edirmiş. Məhəmmədəli bəyin Şuşa və İrəvanda dövlət qulluğunda işləməsini, onun nəzm və nəsrlə əsərlər yazdığını nəzərə alaraq cəsarətlə deyə bilərik ki, "Əhvalati-Qarabağ" əsəri onun qələminin məhsuludur.

Bununla yanaşı, Əlyazmalar İnstitutunda mühafizə olunan bir sıra cüng və məcmuələrdə şairin Azərbaycan və fars dillərində gözəl şeirləri var. Şairin əlimizdə olan "Qəzəliyyat məcmuəsi" onun kamil bir qəzəlxan şair olduğuna sübutdur. Nəvvab onun fars və Azərbaycan dillərində divanı olduğunu qeyd edir. Digər təzkirəçilərin verdiyi məlumata görə, onun hər bəhr və səpkidə şeirləri olmuşdur. Bu isə şairin şeir texnikasına, onun incəliklərinə yaxından bələd olduğunu bir daha sübut edir.

Harada işləməsindən asılı olmayaraq Məxfi Qarabağda mövcud olan ədəbi ictimaiyyətlə həmişə təmasda olmuşdur. O, məclislərə fərq qoymamış, hamı ilə dostluq əlaqəsi yarada bilmişdir. Belə ki, müqtədir tədqiqatçı Firidun bəy Köçərli onun  "Məclisi-fəramuşan"ın üzvü olduğunu qeyd etdiyi kimi,  Mirzə Rəhim Fəna və Həsənəlixan Qaradaği də onu "Məclisi-üns"ün  üzvü olduğunu qeyd edirlər. Ümumiyyətlə, Qarabağ şairlərinin əksəriyyəti həmin dövrdə fəaliyyət göstərən hər iki məclisdə sərbəst iştirak edə bilirdilər.

Məxfinin ölüm tarixi haqqında verilən məlumat da müxtəlifdir. Müctəhidzadə onun 1305 (1887), İ.Tahir 1308 (1890), F.Köçərli 1310 (1892), Nəvvab və H.Qaradaği isə 1309 (1891)-ci ildə vəfat etdiyini göstərirlər. Fikrimizcə, bu məlumatlardan sonuncusu daha dəqiqdir. Çünki bir qayda olaraq vəfat edən məşhur şəxslərə maddeyi-tarix yazan H.Qaradaği adəti üzrə Məxfinin ölümü münasibəti ilə də farsca maddeyi-tarix yazmışdır:

 

Məxfi ke bud şəme-şəbəstene-əhle-del,

Xamuş kəşte əz setəme-bade-ruzgar...

 

...Tarixe-rehlətəş to əgər cüstucu koni

Hezar-o se səd-o nohhom şomar.

 

(Ürək əhli olanların qaranlıq gecəsinin şəmi olan Məxfi; Zəmanə küləyinin sitəmindən susdu...

Onun vəfat tarixini əgər sən axtarsan; min üç yüz doqquzu hesabla).

 

Hicri tarixi ilə 1309-cu il, miladi tarixi ilə 1891-cı ilə müvafiqdir. Beləliklə, bu tarixə əsaslanaraq Nəvvabın  "... O, iki aydır ki, rəhmətə gedib, təqribən, 70 yaşı var idi" - fikrini də nəzərə alsaq, onun 1820/21-ci ildə anadan olduğunu və 1891-ci ildə vəfat etdiyini söyləyə bilərik.

Məhəmmədəli bəy Məxfi XIX əsr Füzuli ədəbi məktəbini davam etdirən şairlər  içərisində öz dəst-xətti, yaradıcılıq üslubu ilə seçilən sənətkarlardandır. O, sözün əsl mənasında klassik poeziyanın, eləcə də dahi Füzulinin vurğunu idi. Bu izlər onun yaradıcılığında aydın şəkildə hiss olunur. Düzdür, ədəbiyyat tariximizdə Füzulidən sonra gələn və onun cazibəsinə düşməyən şair tapmaq mümkün deyil. Lakin bu şairləri başdan-başa adi nəzirəçi hesab etmək, fikrimizcə, düz olmazdı. Füzuliyə nəzirə yazıb onu uğurla təqlid etmək və füzuliyanə şeirlər yaza bilməyin özü ədəbiyyatımızda müsbət hadisə kimi qəbul olunmalıdır. Orta əsrlər və XIX əsr ədəbiyyatımızın əsas inkişaf xətlərindən biri də məhz bu idi. Məhəmmədəli bəy Məxfi də bu axının önündə gedən, Füzuli məktəbindən bəhrələnib, orijinal sənətkar səviyyəsinə ucala bilən şəxslər sırasında dayanır. Lakin o, sələfindən fərqli olaraq məhəbbətin ən uca pilləsi olan platonizmdə dayanmır, onu səmalardan endirib reallaşdırmağa, həyatiləşdirməyə çalışır. Bunun üçün konkret obyektlər seçir, müxatibinin dəqiq ünvanını, onun cizgilərini, əlamətlərini poetik detallarla təsvir etməyə çalışır:

 

Məxfi, sevdayi-məcazidən usan, nəfi yox,

Dut həqiqət yolunu, sal ələ mövla ətəgin

 

- deyən sənətkar real gözəlliyə daha yüksək qiymət verir, romantik məhəbbət fonunda yaranmış dəruni hissləri reallaşdırmağı birinci növbədə özünə, daha sonra isə oxucusuna tövsiyə edir. Bu məqamda ikinci bir sələfi - M.P.Vaqifin izinə  düşür. Lakin bu izi də tapdağa çevirmir, özünə yeni cığırlar açmağa çalışır. Yaratdığı ünvanlı şeirə Vaqifin gözü və Füzulinin ürəyi ilə yanaşır. "Bikəm", "Məryəm" rədifli şeirlərdə oxucu bu hissləri yaşamalı olur:

 

Könül mürğü səri-zülfündə olmuş mübtəla, Məryəm,

Düşübdür piçü tab içrə əcəb bu binəva, Məryəm.

 

Təmaşayi-cəmalın üçün behişti tərk edib Adəm,

Gəlib bu aləmə bir dəm nəzər qılsın sana, Məryəm.  

 

Yaxud:

 

Nə münasib ki, yüzün bərgi-gülə nisbət edim,

Arizin tənə urar hər güli-həmrayə, Bikəm.

 

Səni hər kəs görə divanə olur, sanma gələ

Sən kimi böylə gözəl bir də bu dünyaya, Bikəm.

 

Başqa şeirlərində olduğu kimi, bu şeirlərində də Məxfi orijinallığı özünü göstərir. O, fikrini konkret ifadə etməyi bacarır. Sevgisini izhar edəndə də çətinlik çəkmir, onu yığcam, dəqiq və lakonik şəkildə bildirir, konkret poetik duyumlarla, bədii deyimlərlə sözün qüdrətini nümayiş etdirir. Oxucunun gözləri qarşısında onun yeni ecazını yarada bilir:

 

Nəzrdir can vəslinə, təndə əzizimdir mənim,

Sən kimi şahın gərək qurbanı olsun möhtərəm.

 

Yaxud:

 

Zəkati-hüsnünü, cana, bənə ver, müflisi-eşqəm

Ki, yoxdur eşq bazarında, billah, mən kimi sail.

 

Yaxud:

 

Yari-bimar eşidib canımı qurban demişəm,

Necə qurban deməyim, gözlərimin qarəsidir.

 

Bu, sevən aşiqin etirafıdır. Onun sevgisinə, məhəbbətinə, sədaqətinə şübhə yeri qalmır. Məşuqə üçün bundan böyük fədakarlıq ola bilməz. Aşiq heç bir tərəddüd etmədən onun yolunda canından keçməyə, dinindən dönməyə hazırdır. Aşiq üçün məşuqədən ali və müqəddəs qüdrət yoxdur. Onun yaşadığı yer Kəbədən mötəbər, qaşları Mehrabdan müqəddəs, ləl dodaqları isə Kövsər suyundan da şirindir:

 

Kuyi-yarı tərk edib bel bağlarammı Kəbəyə?

Yar kuyi aşiqə, billah, ziyarətdir əcəb.

 

Bana mehrabü minbər vəsfin ovsaf edən zahid,

Qaşın tağın görüb yeksər, çəkibdir əl ibadətdən.

 

Əgməzəm Mehraba baş, qaşın degilmi minbərim,

Abi-heyvan istəməm, ləli-ləbindir Kövsərim.

 

Təsvir olunan gözəl təxəyyülün məhsulu deyil. O, şairin şəxsən tanıdığı sərv boylu, nazənin yerişli, bənövşə ismətli Qarabağ gözəlidir. Bu, elə gözəldir ki, gülşənə çıxarkən güllər, çiçəklər onun gözəlliyi qarşısında xəcalət çəkir:

 

Sərvə həmta eyləmək, əlhəqq, qələtdir, qamətin,

Sərvi pabənd eyləmiş gülşəndə rəftarın sənin.

 

Arizin göstər gülə, gülşəndə həmralanmasın,

Sərvə göstər qamətin, ta sərv rənalanmasın.

 

Eşidib sərvim gülüstana xuraman olduğun,

Səcdə etmiş bənəfşə, qamətin etmiş duta.

 

Zahiri gözəlliklə yanaşı, məşuqə həm də mənən gözəldir. Onda çiçək gözəlliyi ilə yanaşı, bənövşə isməti də var. Bu gözəlliklər qarşısında ismət təcəssümü olan bənövşə xəcalət çəkir:

 

Xətti-reyhanı ol rüxsarı üzə çıxdığın bilmiş,

Bənəfşə qəddini əgmiş çəmənlərdə xəcalətdən.

 

İnsan gözəlliyini bütün gözəlliklərin fövqündə saxlayan şair yarının dodaqlarına həyat suyu deyənlərlə razılaşmır, bunu yarı üçün təhqir hesab edir. Çünki onun nəzərində məşuqənin dodaqları həyat suyundan daha da şərafətlidir:

 

Bərabər eyləmişlər ləblərin abi-həyat ilə,

Bu böhtan ilə salmışlar ləli-ləbin şərafətdən.

 

Şairin tərənnüm etdiyi məhəbbət ülvidir, səmimidir, pakdır. Bu hisslər onun qəzəllərində son dərəcə təbii, orijinal şəkildə öz əksini tapmışdır. Onun hər bir qəzəli oxucuda yeni duyğu, yeni hiss yaradır. İnsanı sevib-sevilməyə, əsl məhəbbətin əbədiliyinə, inama səsləyir.

Məxfinin əlimizdə olan əsərlərində XIX əsr ədəbiyyatımız üçün xarakterik olan kəskin ictimai motivli şeirlər yoxdur. Aşiqanə şeirlərində ara-sıra rast gəldiyimiz etiraz və narazılıqları isə ciddi deyil, ötəridir. Məişət xarakterli bu qəbil şeirlərində şair Qarabağda, xüsusilə də, Şuşada gününün xoş keçməməsi, həmdəmi, dildarı olmamasından gileylənir:

 

Bu Qarabağda xoş keçmədi ovqati-əziz,

Nə durubsan, başını, Məxfi, götür bir yana qaç.

 

Məxfi də müasirləri kimi şeirlərində ərəb-fars tərkiblərinə müəyyən yer vermişdir. Lakin bəzi müasirlərindən onu fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, şair bu tərkiblərdən geniş şəkildə deyil, yalnız məqamı gəldikdə istifadə etmişdir. Onun işlətdiyi bu tərkiblərin əksəriyyəti XIX əsr ədəbi dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Ona görə də şairin dili sadə, aydın və oxunaqlıdır.

Gözəl təbə malik olan Məhəmmədəli bəy Məxfi şeir texnikasının bütün incəliklərinə bələd olmuş, bədii təsvir və ifadə vasitələrindən, atalar sözü və məsəllərdən məharətlə istifadə edə bilmişdir. Onun şeirlərində poeziyanın bəzəyi olan bədii təsvir və ifadə vasitələrinin bütün çalarlarına rast gəlinir. Məhz bunun nəticəsi idi ki, şeir sərrafı Nəvvab onun əsərlərini oxuduqdan sonra "şeir və qəzəl deməkdə əvəzi yox idi" - qənaətinə gəlmişdir. Hələ şairin sağlığında onun şeirlərinin pərəstişkarları olan bəzi müasirləri - Məmo bəy Məmai, Hacı Abbas Agəh, Mirzə Ələsgər Növrəs, Bəhram bəy Fədai şairin əsərlərinə nəzirələr yazmışlar. Çünki şair özü demişkən, onun poeziyasında qəlbi və ürəyi döyünür. Yaratdığı nə varsa, təbiidir, həyatidir, özününküdür. Gül ləçəyində onun rayihəsi gizləndiyi kimi, Məxfi də sözün, şeirin içərisində gizlənib. Onu axtaran sözündə, şeirində tapa bilər:

 

Dər soxən məxfi şodəm manəndi-bu dər bərge-qol,

Hər ke darəd meyle-dildən dər soxən binəd məra.

(Gülün qoxusu ləçəyində gizləndiyi kimi, mən də sözlərimdə gizlənmişəm; məni görmək istəyən sözlərimdə tapa bilər).

 

Şair hələ sağlığında özünə, sənətinə çox düzgün qiymət vermişdir.

 

Görüb əşarımı ol ləbləri şəkkər dedi, Məxfi,

Qarabağ içrə bir də sən kimi şirinzəban çıxmaz.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!