Xəyal deyil Turan (Əvvəli ötən sayımızda) - Kamil ŞAHVERDİ

 

Qeyd olunanlardan göründüyü kimi, İsmayıl Zühtü bəy dövrünün görkəmli fikir adamları ilə əqidə dostluğunda olmuş və türkçülüyün, Turan ideyasının təbliğində əvəzsiz rol oynamışdır. O, Türkiyədə Cümhuriyyət öncəsi mili mücadilə dövründə yorulmadan çalışaraq insanların, xüsusilə, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində misilsiz xidmətlər göstərmişdir. Bütün bu təmənnasız xidmətlərə baxmayaraq böyük bəstəkar, milli düşüncə sahibi İsmayıl Zühtü bəyin yaradıcılığı və fəaliyyəti kifayət qədər araşdırılmamış, əsərləri it-bat olmuş, adı isə az qala unudulmaq həddinə çatmışdır.

Nə yaxşı ki, son zamanlar bəzi araşdırmaçılar İsmayıl Zühtü bəyin həyat və fəaliyyətini öyrənməyə maraq göstərir və qiymətli yazıları ilə türk millətinə, onun musiqisinə xidmət etmiş ustad bəstəkarın adını əbədiləşdirirlər. Musiqişünas və musiqi tənqidçisi Ahmet Say, professor, doktor Ömer Faruk Huyugüzel, yazıçı, teatrşünas, rejissor, bəstəkar Yaşar Ürük, musiqişünas Seymen Özdeniz və digər araşdırmaçıların son illərdə apardıqları tədqiqat işlərini qeyd etmək vacibdir.

 

"Kardeş Salamı" - Azərbaycan marşının söz müəllifi kimdir?

 

Böyük bəstəkar, milli fikir sahibi İsmayıl Zühtü bəyin bəstələdiyi "Azərbaycan marşı"nın söz müəllifi tanınmış türk yazıçısı, ədəbiyyat tarixçisi, ədəbiyyatşünas, jurnalist, siyasətçi, Turan ideyasının daşıyıcılarından və təbliğatçılarından olan İsmayıl Həbib Sevükdir.

 

İsmayıl Həbib Sevük və ya İsmayıl Hakkı Sevük (1892-1954)

 

İsmayıl Həbib Sevük Kurtuluş savaşı boyunca Milli mücadilə hərəkatının ən qızğın dəstəkçilərindən olmuşdur. O 1943-1946-cı illərdə VII çağırış TBMM-də millət vəkili olaraq yer almışdır. Türkiyə Cümhuriyyətinin ilk illərində Edirnə Milli Təhsil müdiri təyin olunan İsmayıl Həbip Sevük Edirnə Türk Ocağına rəhbərlik etmişdir. 1923-cü ildə "Yeni Gün" qəzetinin və Anadolu Xəbər Agentliyinin müxbiri kimi Atatürkün Adana-Mersin-Konyaya etdiyi səfərə qatılmış və qayıtdıqdan sonra gördüklərini silsilə məqalələr şəklində "Hakimiyyət-i Milliyə" qəzetində dərc etdirmişdir.

1925-ci ildə liseylər üçün dərs kitabı olaraq "Türk Teceddüt Edebiyyatı Tarihi" əsəri çap olunur. 1935-ci ildə Atatürklə bağlı xatirələrindən ibarət "O Zamanlar", 1939-cu ildə Atatürkün fəaliyyətinə həsr olunmuş "Atatürk için" kitabları nəşr olunur.

İsmayıl Zühtü bəyin "Azərbaycan Marşı" haqqında hələ illər öncə, Firdovsiyə Əhmədovanın "Elmi araşdırmalar" jurnalındakı məqaləsində tanış olduqdan sonra bu əsər haqqında məlumatları toplamağa çalışmışam. İllərdir ümid edirəm ki, əsərin notlarını, heç olmasa, melodiyasını əldə edib, onu bərpa edərək yenidən səsləndirmək bizə nəsib olacaqdır. Axtarışlarımız hələ davam edir...

Azərbaycan marşının söz müəllifi İsmayıl Həbib Sevük 1948-ci ildə "Cümhuriyyət" qəzetində xatirələrini dərc etdirir. Olduqca qiymətli tarixi məlumatların yer aldığı məqalədən bəzi hissələri diqqətinizə təqdim edirəm:

"1920-ci ilin ilk ayları. Müzəffər Müttəfik Dövlətlər, Türk Azərbaycan Cümhuriyyətinin istiqlalını elan etdilər.

Qatı qaranlıqda bir kibrit işığının belə, bir lampa parıltısından daha qüvvətli görünməsi kimi, işğal altındakı İzmirdə də bu xəbər bizi, bəlkə də öz mahiyyətinin haqqı olan səadət payından qat-qat çox sevindirmişdi.

Hələ daima coşğun yaşayan İsmayıl Zühtü; xəbəri nərə çəkən bir əda ilə hayqıraraq liseydəki otağıma girdiyi zaman, ustadı, ruhu qanadlanaraq ayaqları yerdən qalxmış sanmışdım. Xoş-beşə belə vaxt buraxmadan "Haydı, mənə dərhal bir marş sözləri yaz", dedi. "Nə marşı?" deyirəm. "Azərbaycan üçün canım" deyir. "Sənə mənim şeir yazdığımı kim söylədi? Mən şair deyiləm." Ustadda partlayıcı bir qəzəb: Vay, qırx ildə bir kiçik xahişdə bulunmuş, zatən hiz... Baxdım söyüşləri sıralayacaq, "Yaxşı, yaxşı" deyirəm. Marşın sözləri səkkiz hecalıq iki qitədən mürəkkəb olacaqmış, misralar çox uzun olarsa, marşa gəlməzmiş; hər iki qitənin nəqərat mahiyyətində ayrıca birər beyti də tapılacaq. "Dərziyə ölçülü-biçili paltarmı sifariş edirsən?" deyirəm. Boşboğazlığı burax" deyir. Can adamı qırmaq əlimizdə deyil. "Bunun adı nə olacaq?" dedim. "Qardaş salamı canım, anlamadınmı?" dedi. Bu söz yazılacaq şeyin bütün ruhunu ilhamlandırmışdı:

Hilal artıq söndü deyə / Sevinmişdi düşmən niyə? / Hilal birkən iki oldu / Salam bizdən ikinciyə!

Gerisinə lüzum yox. "Allah səni həməncik müvəffəq etdi, məni də inşallah, bir həftəyə edər" deyərək, kağızı qapdığı kimi çıxıb getdi.

Bir həftə deyil, üç gün, sanki heç çıxmayacaqmış kimi evinə qapandı. Dördüncü gün, çöhrəsində bayram sevinci ilə otağıma girdi: "Oldu, oldu, həm də gözlədiyimdən daha yaxşı oldu!" - deyərək not vərəqindən marşı oxumağa başladı.

Xüsusilə dördüncü misra: "Salam bizdən, salam bizdən, Salaaam bizdən ikinciiiyə!" - deyə "salam bizdən" ifadəsinin üç dəfə ard-arda təkrarlanması, üçüncüdə isə tamamilə uzanaraq "ikinci" sözünün üzərinə yüklənməsi, onu da bu üçlü dalğanın sürəti ilə üç-dörd qat uzadıb Əbdülhəmid marşındakı oynaqlığı xatırladan bir səs əzəmətinin yaranması... Ustadı təkcə qollarımla deyil, bütün qəlbimlə sarılaraq təbrik edirəm.

Növbəti il, 1921-ci il oktyabrın 8-i. Azərbaycanın Ankara Səfirliyinə təyin edilən İbrahim Əbilov; 27-si kişi, 9-u qadın olmaqla, böyük bir heyət ilə vəzifəsinin icrasına getmək üçün Kastamonuya gəldi. Baş redaktoru olduğum gündəlik "Açıq söz" qəzetində bu gəlişi şərəfləndirmək üçün "Qardaş hökumətin səfiri" başlıqlı bir yazım çıxmışdı.

Səfirin şərəfinə verilən və bölgənin bütün irəli gələnlərini toplayan ziyafətdə qarşılıqlı nitqlər söyləyirik. Salon çox səmimi bir ab-hava ilə doludur. Əbilovun şirin bir Azərbaycan şivəsi ilə danışması hamımızın xoşuna gəlirdi. Söhbət əsnasında: "Azərbaycanda hər kəs sizdən gələn bir marşı bilir" - deyərək, "Salam bizdən, salaaaam bizdən..." deyə bizim o məlum marşı oxumağa başlamasınmı?

Bir dostumun həmin marşın sözlərinin mənə aid olduğunu söyləməsi üzərinə səfirin nəzərində qiymətim artmış olacaq ki, növbəti gün Kastamonudan ayrılarkən, o vaxt orada İstiqlal Məhkəməsi sədri olan Nəcati bəydən başqa, mənə də bir papaq dərisi hədiyyə etdi; qıvrım-qıvrım, qızılı parıltılı bir astraxan dərisi..."

(İsmayıl Həbib Sevük. "Milli Mücadele Hatıralarından" Bir Marş Hikayesi. Cümhuriyyət, səh. 2. 15 Nissan (aprel), 1948.)

Azərbaycan Xalq Cümhuriyyəti Türkiyədə böyük coşqu ilə qarşılandı.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması müharibə od-alovuna bürünmüş qardaş Türkiyədə böyük coşqu ilə qarşılandı. Türkiyənin siyasi xadimləri, diplomatları, düşüncə insanları, millətçilər, türkçülər, elm və ədəbiyyat nümayəndələri, sənətkarlar bu hadisədən qürur duyaraq ən çətin tarixi anlarını yaşamalarına baxmayaraq Azərbaycanın yanında olmuş və bütün Şərqdə, İslam aləmində, Türk dünyasında qurulmuş ilk Cümhuriyyəti ürəkdən alqışlamışlar.

Müstəqilliyimizi ilk tanıyan da qardaş Türkiyə olmuşdu.

Böyük bəstəkar, dərin düşüncə sahibi İsmayıl Zühtü bəy Türkiyənin bütün fikir insanları kimi, Türkiyə Cümhuriyyəti öncəsi dönəmində qardaş Azərbaycan xalqının öz müstəqilliyini elan etməsindən qürur duymuş və bu tarixi hadisəni ürəkdən alqışlamışdı. Türk ədəbiyyatı tarixçisi İsmayıl Həbib Sevük yuxarıda qeyd olunan xatirələrində bunu təsdiq edir. İsmayıl Zühtü bəy böyük həvəslə AXC-nin 1920-ci ildə Dövlət himni müsabiqəsinə qoşulmuş və "Azərbaycan marşı" yazaraq Bakıya göndərmişdir.

Türkiyəli musiqişünas Seymen Özdeniz İsmayıl Zühtü bəyin yazdığı marşı Azərbaycana göndərməsini belə təsvir edir:

"İsmayıl Zühtü bəy, İzmirin işğal altındaykən Azərbaycan üçün bəstələdiyi söz konusu olan marşın parşömen (perqament - K. Ş.) kağızlara yazılmış notlarını, Müttəfiq Dövlətlərin İstanbulda yerləşən nümayəndələri ilə Azərbaycana göndərmişdir. Həmən ardından da İzmirdə musiqi müəllimi kimi çalışdığı bütün məktəblərdə bəstələmiş olduğu bu marşı öyrətməyə başlamışdır." (Seymen Özdeniz. "Kardeş Ülke Azerbaycana Marş Armağan Eden Bestekar: İsmail Zühtü Bey" 7. Uluslararası Sosyal Ekonomik Araştırmalar Ögrenci Kongresi. Tam Metn Bildiri Kitabı. 2024, s. 108)

"Kardeş Selamı" - Azərbaycan marşının müəllifləri haqqında ətraflı məlumat verməkdə məqsədim Azərbaycanın müstəqilliyini elan etməsinə ürəkdən sevinən, hər vasitə ilə dəstək göstərməyə çalışan böyük fikir, düşüncə sahiblərini tanıtmaq və ehtiramla anmaqdır. Bəzi araşdırmaçılar öz yazılarında yanlış olaraq bildirirlər ki, guya Azərbaycan Hökumətinin Dövlət himni üçün elan etdiyi müsabiqə qaliblərinə iri məbləğdə mükafat ayırdığı üçün onlar bu müsabiqədə iştirak etmək qərarına gəlmişlər. Bu, tamamilə əsassız və yanlış yanaşmadır. Həm İsmayıl Həbib Sevük, həm də İsmayıl Zühtü bəy böyük Turan ideyasının daşıyıcıları və təbliğatçıları olmuşlar. Azərbaycanın müstəqilliyinə ürəkdən sevinərək əqidələrinin diktəsi ilə ölkəmizə bir sənət ərməğanı etmişlər.

 

"Kardeş Selamı" - Azərbaycan marşı necə və kimlər tərəfindən qorundu

 

Yazıqlar olsun ki, bu "Kardeş Selamı" - "Azərbaycan marşı"nın musiqisini eşitmək, onu yenidən ifa etmək hələ ki, mümkün olmayıb. İsmayıl Həbib Sevük xatirələrində Azərbaycan SSR-nin Türkiyədə ilk səfiri İbrahim Əbilovun "Azərbaycanda hər kəs sizdən gələn bir marşı bilir" deməsini qeyd etməsi sübut edir ki, bu əsər ölkəmizdə böyük rəğbətlə qarşılanıb. Hətta Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci sədri, Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası İttifaqının sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci sədri, görkəmli dövlət xadimi Nəriman Nərimanovun da diqqətini cəlb etmiş və o bu marşın sözlərini köçürtdürərək özündə saxlamışdır. Nəriman Nərimanovun müəmmalı ölümündən sonra onun iş otağında və evində aparılan axtarışlara, müsadirə olunan çoxsaylı sənədlərə rəğmən, bu şeirin necə qorunub günümüzə çatması haqqında maraqlı məlumatları diqqətinizə çatdırıram.

Nəriman Nərimanovun Əlyazmalar İnstitutunda qorunan arxivində tapılan "Azərbaycan marşı"nın sözləri yazılmış vərəqin yuxarı sol küncündə Bakı, yuxarı sağ küncündə 1922-ci il yazılıb. Həm də şeir Azərbaycan SSR XKS sədrinin şəxsi katibinin vərəqində yazılıb. Çox güman ki, şeiri N.Nərimanovun tapşırığı ilə şəxsi katibi öz xidməti vərəqinə köçürüb. Onun şeiri haradan köçürməsi məlum deyil.

 

(Davamı olacaq)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!