Xəyal deyil Turan - Kamil ŞAHVERDİ

 

Hilal artık söndü diye

Sevinmişti düşman yine.

Hilal birken iki oldu,

Selam bizden ikinciye!

Azerbaycan, Azerbaycan,

Alkışladık seni candan.

 

Anamız bir, babamız bir,

Azerbaycan öz kardeştir.

Zaten biriz, faket yarın

Bütün bütün birleşilir!

Azerbaycan, Azerbaycan,

Bildik hayal değil Turan!

 

2001-ci ildə mətbuatda ilk dəfə çap olunan bu iki bəndlik şeir böyük marağa səbəb oldu. Turan ideyasını təbliğ edən, Azərbaycanın müstəqilliyini tərənnüm edən şeirin görkəmli dövlət xadimi Nəriman Nərimanovun Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda qorunan arxiv sənədləri arasında tapılması ildırım kimi çaxaraq hər kəsi heyrətləndirmişdi. Aprel çevrilişindən sonra Azərbaycan SSR-nin hökumət rəhbəri, Zaqfederasiyanın birinci sədri, daha sonra isə SSRİ MİK-nin sədri olmuş Nəriman Nərimanov sosialist, Azərbaycanın əbədi səadətini Rusiya ilə bağlılıqda görən bir dövlət xadimi idi və sosializmin beşiyi olan Moskvada ən ali dövlət vəzifəsinə yüksəlmişdi. Ona Şərqin Lenini deyirdilər. SSRİ kimi nəhəng dövlətdə nüfuzlu siyasi xadim idi. Tarixdən belə tanıdığımız Nəriman Nərimanovun arxiv sənədləri arasında müstəqilliyimizi, Turan ideyasını təbliğ edən şeirin aşkarlanması hər kəsdə bir çaşqınlıq yaratmaqla yanaşı, saysız-hesabsız suallar da doğurmuşdu. Nəriman Nərimanovun tanınmış yazıçı kimi ədəbi əsərləri haqqında, demək olar ki, hər şey deyilib, yazılıb. Lakin onun həm də şair olması tamamilə yeni və gözlənilməz idi.

Bu arxiv sənədləri, şeirlər haqqında mətbuatda ilk dəfə tanınmış tarixçı-alim, tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova məlumat vermişdi. "Elmi araşdırmalar" jurnalının 2001-ci il 3-4-cü sayında "Ədəbi qayıdışa ölüm imkan vermədi" adlı məqaləsində Firdovsiyyə xanım AMEA Əlyazmalar İnstitutunun arxivində görkəmli dövlət xadimi Nəriman Nərimanova aid bir neçə sənədin aşkarlandığı haqqında maraqlı yazı ilə çıxış etmişdi. Tarixçi alim qeyd edir ki, Əlyazmalar İnstitutunun arxivində əski əlifba ilə yazılmış dörd kağız vərəq-şeirin üçü oxşar, biri fərqli xətt formasına malikdir. Oxşar xətlə yazılmış sənədlərdən biri Nəriman Nərimanovun ölümündən bir qədər əvvəl, 1925-ci ilin yanvarında 5 yaşlı oğlu Nəcəfə yazdığı vəsiyyətnamə - bitməmiş məktubudur. Məktub nəzmlə yazılmış, dörd bəndlik şeir formasındadır. Fərqli xətt kimi görünən ASSR Xalq Komissarları Soveti sədrinin şəxsi katibi vərəqində yazılıb və İki bəndlik şeir formasındadır.

(F.Əhmədova. Elmi araşdırmalar. s. 192-194, 2001)

Azərbaycan SSR XKS sədrinin şəxsi katibinin rəsmi vərəqində əski əlifba (ərəb əlifbası) ilə yazılmış olan bu sənəd 1922-ci ildə Bakıda qələmə alınıb. Vərəqin üzərində bu haqda qeydlər var. Bu olduqca maraqlı fakt çox diqqətçəkəndir və bəzi mülahizələrə yol açır.

Firdovsiyyə Əhmədovanın geniş ictimaiyyətə təqdim etdiyi şeirin Nəriman Nərimanova aid olduğu heç kimdə şübhə doğurmurdu. Çünki, tapılmış sənəddə şeirin müəllifi göstərilməyib. Ona görə də Nəriman Nərimanova məxsus olması sual doğurmasa da, çaşqınlıq yaratmışdı. Bu hal 2020-ci ilə qədər davam etmişdi. Yəni şeirin Nərimanova məxsus olması elmi ictimaiyyətdə müzakirə, mübahisə mövzusu olmadı. Hamı şeirin Nərimanova aid olması faktını qəbul etdi.

2020-ci ildə jurnalist Rəşad Sahil türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabında (Atilla Oral, "Nuri Killigil" səh. 121) həmin şeirə rast gəlir. Burada şeirin müəllifi İsmayıl Zühri verilib (əslində İsmayıl Zühtü olmalıdır). Atilla Oral şeirin istinadı kimi "Yeni Kafkasiya" dərgisini göstərir. Bunu görən Rəşad Sahil tarixçi-alim Firdovsiyyə xanımla əlaqə saxlayır və Nəriman Nərimanova aid hesab edilən şeirin başqa müəllifə aid olduğu haqda ona məlumat verir. Firdovsiyyə xanım da "Yeni Kafkasiya" dərgisini nəşrə hazırlayan türkiyəli alim, professor Yavuz Akpınarla əlaqə saxlayaraq dərgidə belə bir şeirin olması barədə sorğu göndərir. Bir müddət sonra Yavuz Akpınar Bakıya gəlir və Firdovsiyyə Əhmədova Rəşad Sahillə birlikdə türkiyəli alimlə görüşürlər. Bu görüş haqqında Rəşad Sahil 26.02.2020-ci ildə "admiral.az" saytında yazı dərc edir. Yavuz Akpınar və Firdovsiyyə Əhmədova ilə aparılan müsahibədən məlum olur ki, bu şeirin müəllifi İsmayıl Zühtü bəydir. Yavuz Akpınar "Yeni Kafkasiya" dərgisinin 28 may 1925-ci il tarixli sayından sitat gətirir:

- Sizə "Yeni Kafkasiya" dərgisindən bir yazı oxuyum. Dərginin 28 may 1925-ci il tarixli sayında İsmayıl Zühtü ilə bağlı çox aydın şəkildə yazılıb: "Yuxarıda dərc etdiyimiz şeir məşhur bəstəkar, izmirli mərhum Zühtü bəyindir. Azərbaycanımızın istiqlalı elan olunmasından cuşə gələn qiymətli sənətkar, bu şeiri yazaraq bəstələyib. Bəstəni də İzmirdə və Anadolunun müxtəlif yerlərində öz tələbələrinə öyrədib.

Şeirin Nərimanovun dəftərində yazılması bunun ona aid olmasını göstərmir. Məntiqlə baxanda da görünür ki, bu şeir bir azərbaycanlı tərəfindən yazılmayıb. İkinci bir tərəfdən də şeirin dili də Türkiyə türkcəsindədir." (Rəşad Sahil. Nərimanovun olduğu düşündüyümüz məşhur şeirin müəllifi əslində kimdir? admiral.az. 26.02.2020)

Yavuz Akpınarın bu müsahibəsindən sonra Azərbaycanda bu şeirin İsmayıl Zühtü bəyə aid olması təsdiqini tapmış oldu. Türkiyə mənbələrinin çoxunda da "Yeni Kafkasiya"ya istinad olunaraq şeirin İsmayıl Zühtü bəyə aid olması mübahisə doğurmurdu.

Əslində isə İsmayıl Zühtü bəy 1920-ci ildə Azərbaycanın müstəqilliyini vəsf edərək bu şeirə musiqi bəstələmiş və yazdığı "Azərbaycan Marşı"nı Bakıya göndərmişdi.

 

 

Türkiyənin unudulmuş böyük bəstəkarı İsmayıl Zühtü bəy (1877-1924)

 

İsmayıl Zühtü bəy Krım savaşından canlarını qurtarmaq üçün Bolqarıstanın Aydoş qəsəbəsinə köçmüş ailədə dünyaya gəlib. Hələ qundaqda ikən ailəsi İstanbula gəlmiş, lakin iki ildən sonra yenidən Bolqarıstana qayıtmışlar. İsmayıl üç yaşında olanda atası çiftçi (nalbənd) Əhməd Ağa Kuşçuoğlu vəfat edir. Bir müddət sonra anası Ayşə xanım ikinci dəfə ailə qurur. İsmayılın atalığı ona qarşı olduqca mərhəmətsiz davranır. 8-9 yaşında uşağı çobanlıq etməyə məcbur edir. İsmayıl 10 yaşında olanda atalığı vəfat edir və Ayşə xanım oğlu İsmayılla Türkiyəyə, İzmirə köçürlər.

İzmirdə bugünkü Mithatpaşa Endüstri Meslek Liseyinin olduğu yerdə İzmir Sənaye məktəbi fəaliyyət göstərirdi. İsmayıl Zühtü bəy bu məktəbə daxil olur və musiqi bölümündə təhsil alır. Həmin illərdə məktəbdə dərs deyən dövrünün məşhur pianoçusu, "Macar Tevfik" adıyla tanınan Alessandro Voltandan piano, harmoniya və kontrapunkt, Şem Tov Şikardan Türk musiqi nəzəriyyəsi dərsləri alan İsmayıl Zühtü bəy peşəkar musiqiçi kimi formalaşlr. Ona görə də məzun olduğu məktəbdə yaradılan ansambla (bando) rəhbər təyin olunur. Şagirdlərdən ibarət Avropa tipli bu ansambl İzmirdə konsert proqramları ilə çıxış edən ilk ansambl sayılır. Onlar şəhərin bütün mədəni tədbirlərində iştirak edir və qısa zamanda tamaşaçıların rəğbətini qazanırlar. Hətta o dövrdə həftəsonu Torbalıdakı Sultan Çifliyindəki at yarışmaları zamanı konsertlərlə çıxış edirlər. Gənc bəstəkarın rəhbərlik etdiyi ansamblın sorağı bütün Türkiyəyə yayılır.

İsmayıl Zühtü bəy 1913-cü ildə İzmirdə böyük bəstəkar Adnan Sayqunun atası Cəlal bəyin tövsiyəsi ilə yeni açılan İttihat və Tərəqqi məktəbinə dəvət alır və bu məktəbdə dərs deməklə yanaşı, dördsəsli xor yaradır.

1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda İsmayıl Zühtü bəy hərbi xidmətə çağırılır və Çanaqqala döyüşlərində iştirak edir. Məşhur yazıçı və türk musiqi tarixinin araşdırıcısı Ahmet Say "...İsmayıl Zühtü, Çanakkaleden sağ çıkmışdır. Bu bir möcüzədir..." yazır ( Ahmet Say. Sanattan yansımalar portalı. İsmail Zühtü Bey. 18 oktyabr 2015).

1920-ci ildə İsmayıl Zühtü bəy Qurtuluş savaşında işğalçılara qarşı döyüşmək üçün könüllü olaraq yenidən cəbhəyə yollanır. Eskişehirə gələn bəstəkar İsmet Paşa İnönünün komandanlıq etdiyi Qərb Cəbhəsi Komandanlığı hərbi orkestrinə rəhbər təyin edilir. Daha sonra bəstəkar Ankarada Türkiyə Böyük Millət Məclisinin orkestrinə rəhbərlik (orkestra şefi) edir. İsmayıl Zühtü bəy Böyük Millət Məclisi orkestrinə dirijor təyin edilən ilk türk bəstəkarı idi. Ona qədər Fransadan, İtaliyadan dəvət olunan dirijorlar orkestri idarə edirdilər. Dirijorluqla yanaşı, böyük bəstəkar, eyni zamanda Ankara məktəblərində musiqi dərsləri verirdi.

İsmayıl Zühtü bəy BMM-nin simfonik orkestrinin konsertlərini təşkil edərək, müharibə səbəbindən ruh düşkünlüyü yaşayan soydaşlarının əhvalını yüksəltməyə çalışırdı. Bu konsertlər tamaşaçıların böyük rəğbətini qazanmışdı. Belə konsertlər Qurtuluş savaşı zamanı böyük əhəmiyyət kəsb edirdi. Bəstəkarın vətənpərvərlik mövzusunda yazdığı marşlar insanlarda ruh yüksəkliyi yaradırdı.

İsmayıl Zühtü bəyin həyat və yaradıcılığına aid qiymətli yazıların müəllifi musiqişünas Seymen Özdeniz "Türk Müzik Tarihinin Kayıb Besteçisi: İsmail Zühtü" məqaləsində bəstəkarın Ankara dövründəki fəaliyyətinə aid maraqlı məlumatlar verir. Belə məlumatlardan bəzilərinə diqqət edək:

"...Onun (İsmayıl Zühtü bəyin - K.Ş.) bu çabalarının canlı şahidlərindən biri olan Ənvər Behnan bəy, illər sonra Muhiddin Nalbandoğluna yazdığı ətraflı bir məktubda İsmayıl Zühtü bəyin Ankarada olduğu dönəmdəki fəaliyyətinin bəzilərini belə anlatmışdır: "Böyük Millət Məclisinin bandosunu (orkestrini - K.Ş.) günortadan sonra ara-sıra idarə edərdi. O illərdə Ankarada qurulan İzmir Yurdu şəhər bağçası sinema salonunda bir müsamere (konsert - K.Ş.) vermişdi. Bu müsamereye Qazi Mustafa Kamal Paşa da gəlmişdi. Bu gecə İsmayıl Zühtünün "Dünya Susuyor!" adlı alafranga (çox səsli Türk müziği) bir bəstəsini bir gənc oxudu. Bu əsər çox sevildi. İkinci bir əsəri də şair Kemalettin Kamunun "Sarmış matem buraları" (misrası ilə başlayan) şeirini bəstələmişdir. Bu əsəri məktəb şagirdləri oxuyardı. Bu bir dua şəklini almışdı." (Uçan A. və digərləri. Anadolunun Sırlı Sesi: Meziğiyle Ankara. 2017, s. 199-200).

Milli düşüncəyə sahib olan İsmayıl Zühtü bəy bütün yaradıcılığı boyu, istər uşaqlar üçün yazdığı yüzdən artıq mahnıları ilə, istərsə də Vətəndə baş verən hadisələrə həsr etdiyi əsərləri ilə türk insanının milli özünüdərkinə, gənclərə Vətən sevgisinin aşılanmasına xidmət göstərirdi.

Professor Doktor Ömer Faruk Huyugüzel tərəfindən qələmə alınmış "İzmir Fikir ve Sanat İnsanları (1850-1950) kitabında İsmayıl Zühtü bəyin Milli mücadilə illərində göstərdiyi əvəzsiz xidmətlərinə geniş yer ayrılır. Bu məlumatları oxuduqca böyük bəstəkarın yorulmadan millət yolunda, haqq yolunda çalışdığının şahidi olursan:

"Milli Mücadilə illərində Kastamonu və Ankara şagird məktəblərində milli ruhu hərəkətə keçirən əsərləri ilə gənclərə vətən sevgisini aşılayan, bu arada Akifin "İstiklal Marşı"nı, Tunalı Hilminin "Atatürk Marşı"nı besteleyen İsmayıl Zühtünün Ankaradakı son ilini və bəstə çalışmalarını tələbəsi Ferit Hilmi Atrek belə anlatmaqdadır ("İsmail Zühtüdən Hatıralar", Aramak, nr. 7, Ekim 1939, s.19-20):

İşğalın üçüncü ili Ankaradakılara tahammül (tolerantlıq - K.Ş.) edilməz bir İzmir daussılası arız oldu. Mərhum Vasif Çınarın başkanlığı altında bir "İzmir Yurdu" dərnəyi quruldu. Sık-sık yapılan toplantılarda və tədbirlərdə İzmir, Ankaranın maddi və mənəvi şəxsiyyətində bir ikinci varlıq olaraq yaşadıldı. İsmayıl Zühtü bu dərnək üçün "İzmir Yurdu Marşı" adıyla bir əsər yazdı. Hikmet Türk və Esat Çınar müştərək olaraq o günlərin həyəcanını anladan bir şeir qələmə alaraq bu bəstəni tətbiq etdilər:

 

Güzel İzmir, Anadolu kalbi

Senin için yara dolu.

Güzel İzmir, bağlarının

Ne oldu zümrüt yolu?

 

Biz o yolun, işte üç yıl

Ufkuna atıldık canla başla.

Bir gün sana varacağız,

Gözümüz dolu yaşla.

(...)

 

O günlərin könüllərdə yanıb kül olan İzmir aşkını İsmayıl Zühtü bir çox əsərlərində tərənnüm etdi. Gənc şairlərdən Kemalettin Kamu və Feyzullah Sacit tərəfindən bu mövzu ətrafında qələmə alınmış bir çox şeirlərə bəstələdi. Bunlardan "Feryat" adındakı əsər üzərində çalışdığı axşam, İsmayıl Zühtünün İzmir üçün hıçqırıqlarla ağladığı həqiqətdir. İşte "Feryat"tan bir neçə kuple:

 

İncil mi koydular Kuran yerine?

Hep haç mı taktılar minberlerine?

Düşman sovüyor mu makberlerine?

Çoktandır almadım haber İzmirim,

İzmirim, İzmirim, güzel İzmirim.

 

Ben nasıl yaşarım vatansız, sensiz,

Baharı neylerim gülsüz, gülşensiz,

İzmirim, gömülüp gittin kefensiz,

Çoktandır almadım haber İzmirim,

İzmirim, İzmirim, güzel İzmirim.

 

Bilmedim, gittin mi duruyor musun?

Feryad ediyoruz, duyuyor musun?

Niçin susuyorsun, uyuyor musun?

Uyan gün batıyor, uyan İzmirim,

Bak doğan güneşler al kan İzmirim."

 

(Ö.Faruk Huyugüzel. İzmir Fikir ve Sanat İnsanları (1850-1950). Cilt 1, s. 324-328. İzmir, 2025.)

 

Bəstəkarın Əskişəhərdə gənc şair Kemalettin Kamunun sözlərinə bəstələdiyi "Türkün Duası" İzmirin işğalı səbəbindən matəm içində olan bütün millətin duası idi. Bu əsər ölkənin hər yerində, məktəblərdə uşaqların, müxtəlif tədbirlərdə gənclərin, qız-gəlinlərin, anaların dilindən düşmürdü. Əsər o qədər məşhur idi ki,

1913-cü ildə Fuat Köprülünün Balkan savaşı səbəbindən yazdığı "Türkün Duası" adlı mənzum pyesi Milli Mücadilə dönəmində səhnələşdirilərkən tamaşaya daxil edilirdi.

 

Türkün Duası

 

Sarmış matem buraları,

Saz benizli ovaları

Boynu bükük yuvaları

Sen himaye et, Yarabbi!

 

Bir gün sabah olur diye

Katlandık her işkenceye.

Bu nihayetsiz geceye

Bir nihayet ver, Yarabbi!

 

İsmayıl Zühtü bəyin yazdığı əsərlərin, demək olar ki, əksəriyyəti Türkçülüyə, Milli oyanışa, Vətən sevgisinə həsr olunub. Onun "Türk Ocağı Marşı", "İzmir Yurdu Marşı", "Hamidiyanın Akını", "Hürriyətin Səsi", "Koroğlu", "Selanik Marşı" ən məşhur əsərlərindəndir.

Türkiyəli musiqişünas-alim Seymen Özdeniz İsmayıl Zühtü bəyin həyat və yaradıcılığına həsr olunmuş iki araşdırma akademik yazısı ilə böyük bəstəkarın unudulmaqda olan fəaliyyətinə qiymətli töhfə verib. Bu yazılar Dokuz Eylül Araştırma Universitesi 3. Uluslararası Sanat-Tasarım Konfransı, Performans və Sergisi. 14-15 Kasım 2023. İzmir., (Seymen Özdeniz. "Türk Müzik Tarihinin Kayıp Besteçisi: İsmail Zühtü. səh. 85-104) və Konya Selcuk Universitesi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 7. Uluslararası Sosyal ve Ekonomik Araştırmalar Ögrenci Kongresi. 2-3 Mayıs 2024. Bakü / Azerbaycan. Tam Metin Bildiri Kitabında (Seymen Özdeniz "Kardeş Ülke Azerbaycana Marş Armağan Eden Bestekar: İsmail Zühtü Bey". seh. 99-111) yer almışdır. Setmen Özdenizin yazılarında diqqət çəkən bəzi tarixi məlumatları sizin də nəzərinizə çatdırmaq istəyirəm.

"Türk ocağının 1912-ci ilin martında İstanbulda qurulmasından sonra həmin ilin avqustunda rəsmən açılmış İzmir şöbəsinin ilk rəhbəri dövründə ustad qəbul edilmiş fikir adamlarından Nəcib Türkçü idi. II Meşrutiyet dövrü İzmirin ən önəmli mədəniyyət mərkəzlərindən olan Türk Ocağı şöbəsində türk gəncləri tez-tez toplanır, burada təşkil olunan konfrans və konsertləri izləyirdilər. Misal olaraq 1913-cü ilin iyulunda İstanbuldan gələn Əhməd Ağaoğlu, Hamdullah Suphi, Fuat Köprülü, Ali Canip, Aka Gündüz və Kazım Nami kimi tanınmış isimlərin verdiyi konfranslar və Köprülünün "Türkün Duası" adlı şeirinin İsmayıl Zühtünün bəstələrinin müşayiəti ilə bir pyes şəklində təmsil edilməsi İzmirdə uzun zaman danışılan bir hadisə idi. Bundan başqa, milli teatrların da göstərildiyi Türk Ocağı, Barışıq və Yunan işğalı təhlükəsi qarşısında xalqı maarifləndirmək və dirənişə təşviq etmək kimi bir çox məsələlərdə də önəmli rol oynamışdır. Bu ocağın aktiv gənclərinin daha sonra Cümhuriyyət Türkiyəsində önəmli vəzifələr daşıdıqları da qeyd olunmalıdır." (Karahan T. Tokadizade Şekip Beyin Derviş Sözleri Adlı Eseri. Akademik Dil ve Edebiyat Dergisi, cilt: 4, sayı: 1, s. 27-58.)

Seyfeddin Pamuk "Türk Ocağı Marşları Ne Oldu?" məqaləsində (Türk Yurdu, cilt: 28, sayı: 256, s. 64-65) Türk Ocağı üçün bir çox marşların yazıldığını qeyd edir. 1918-ci ildə İsmayıl Zühtü bəyin "Türk Ocağı Marşı"nı bəstələdiyi və bu marşın Türk Ocağının toplantılarında oxunduğu bildirilir. Marşın sözlərinin müəllifi və nə zaman yazıldığı bəlli deyil. "Türk Ocağı Marşı"nın sözləri aşağıda verilmişdir:

 

Türküz, ederiz daim iftihar

Hilkatle başlar tarihimiz var.

Kalplerde Türklük, aşk ile çarpar,

Yok bize başka yar...

 

Önde sancak, elde süngü, kalpde Tanrı biz,

Dünyaya hakim olmak isteriz.

Mektebimiz Türk Ocağı,

            mefkuremiz yüce, parlak

Turandır hep ancak.

 

(Seymen Özdeniz. "Türk Müzik Tarihinin Kayıp Besteçisi: İsmail Zühtü." III. Uluslararası Sanat-Tasarım Konferansı. İzmir. 2023, s. 96-97)

 

(Davamı gələn sayımızda)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!