Azər TURAN
Əhməd Kamalın Azərbaycan ədəbi tənqidinin gəlişməsində, poeziyamızda yeni estetik meyillərin pərvəriş tapmasında danılmaz xidmətləri var. Buna rəğmən, uzun illər, xüsusən, Azərbaycan sovet ədəbiyyatşünaslığı Əhməd Kamalı bacardıqca təhrif etdi, onun şair, alim obrazını zədələdi. Tutaq ki, Cəfər Xəndan yazırdı: "Mürtəce burjua mühərriri Əhməd Kamalın həyasızlığı o dərəcəyə çatırdı ki, o, utanmadan azərbaycanlılara xitabən aşağıdakı sözləri deyirdi: "...sənin ayrıca milli bir lisanın yoxdur. Sənin lisanın, daha başqa yerdəki türklərin lisanı, həpsinin qibləgahi-təkamülü, yəni ən son varacağı yol osmanlı lisanıdır". Cəfər Xəndan əlavə edirdi ki, "Lakin burjua ideoloqlarının bu siyasəti Azərbaycan dilində dəyişiklik yarada bilmədi".
Əhməd Kamalın kaşqar, tunquz, moğol, macar dillərinin müqayisəli şərhini verən və elmi mündəricəsi xeyli düşündürücü "Müxtəsər bir cavab" məqaləsində Cəfər Xəndanın kontekstdən çıxararaq sitat verdiyi həmin fikirlər tamam başqa anlamda qələmə alınmışdı. Əhməd Kamal "sənin ayrıca milli lisanın yoxdur" deyərkən, hamımızın milli lisanının türkcə olduğunu, vahid bir dili parçalamağın, onun məhəlli xüsusiyyətlərini fərqləndirib ayrı-ayrı dillərə dönüşdürməyin yolverilməz olduğunu söyləyir, konkret isə onu təhdid edən İbrahim Tahir Musayevə tövsiyə edirdi ki, əslində, burda, yəni Azərbaycanda danışılan türk dilindən ərəb və fars sözlərini təmizləməyə böyük ehtiyac var ki, mahiyyət etibarilə bu dil milli bir şəkil alsın...
.jpeg)
Yaxud, Məmməd Cəfər yazırdı ki, "Əhməd Kamalın Azərbaycan mətbuatında əsas fəaliyyəti qadın azadlığı əleyhinə çıxaraq, çadranı tərifləməkdən ibarət olmuşdu". Məmməd Cəfər buna örnək olaraq, Əhməd Kamalın "Gözəlim, açma maziyi" sonetindən:
İstəməm bən, açılmasın, qalsın,
O siyah pərdə ta əbəd məstur.
- misralarını sitat gətirirdi. Məsələ burasındadır ki, həmin misralar Azərbaycanda yazılmış ilk sonetin ilk misralarıydı. Əhməd Kamal həmin sonetə belə bir epiqraf yazmışdı: "Şekspirin sone təbir olunan nəğmələrinə nəzirədir". Bilmək olmur, "Azərbaycan ədəbiyyatı tarixi" kimi mühüm bir kitabda Məmməd Cəfər bunu niyə nəzərə almırdı? Əslində isə "Gözəlim, açma maziyi" qadın azadlığının əleyhinə deyil, çadranı tərifləmək isə heç deyil, əksinə, həzin və çox estet bir üslubda qadın haqları naminə yazılmış bir sonet idi. Müəllif qadının keçmişə yönəlməməsini ona görə arzu edirdi ki, ordan - keçmişdən əsən zəhərli hava, keçmişdə əzab verən səhnələr, yaslar, qəhredilmişliklər qadının "söndürür qəlbinin hərarətini". Yəni, Əhməd Kamal istəmirdi ki, qadının nəşeyi-şəbabəti, yəni gənclik nəşəsi sönsün. Ancaq buna rəğmən, biz ilk sonetimizin qadın azadlığının əleyhinə yazıldığını iddia etməyi özümüzə rəva bildik. Təbii ki, sovet ədəbiyyatşünasları mənbələri daha dərindən araşdırırdılar. Araşdırır və bəzən kifayət qədər açıq, aydın faktları ideoloji səbəblərlə, ya görməzdən gəlir, ya da təhrif edirdilər. Əhməd Kamalın "Qadın, yaxud təəddüdi-zövcat" məqaləsini görməzdən gəldikləri kimi. Məqalədə Əhməd Kamal qadın azadlığı ilə bağlı müxtəlif məsələlərə toxunur, kilsə böyüklərindən Sen Siperyenin "Qadın bir vücuddur ki, bizi cənnət qapısından cəhənnəmə gətirir" fikrinə qarşılıq olaraq, Qurani-Kərimdən "Cənnət anaların ayaqları altındadır" ayəsini örnək göstərirdi. Bilərəkdən təhrif olunan məqam isə ondan ibarət idi ki, Əhməd Kamal məsələyə təkcə estetik baxımdan deyil, həm də məfkurəvi baxımdan yanaşırdı. Bildirirdi ki, ingilislərin Hindistana daxil olmaları üçün bəhanələrinin ən böyük səbəbi bu idi ki, hindlilərin məzhəbincə qadının əri öləndə dul qalan övrətini də yandırırdılar. İngilislər bu vəhşəti aradan qaldırmaq adı ilə Hindistana girdilər. Yəni Hindistana mədəniyyət gətirmək məqsədilə o maska ilə Hindistanı zəbt etdilər... "Bir zamanlar Afrikadakı qara ərəbləri əsir sifəti ilə satırdılar. İştə Avropalılar insanlığa müğayir olan bu halı ortadan qaldırmaq bəhanəsi ilə Afrikaya girdilər, Afrika yolları bu bəhanə ilə avropalılara açıldı". Əhməd Kamala görə müsəlmanları hicab məsələsinə görə ittiham edənlər hicabın simasında əllərinə təzə bir müdaxilə bəhanəsi almaq istəyirlər... Və Əhməd Kamal buna qarşıydı...
Yenə də "Gözəlim, açma maziyi" sonetinə qayıdaq. Əhməd Kamalın soneti dərc olunandan sonra "Füyuzat"ın növbəti sayında Səid Səlmasinin "Etmə israr" şeiri çap olundu. Səid Səlmasi Əhməd Kamalın hüzurunda ədəbiyyat imtahanı verir və "Etmə israr" şeiri məcmuədə elə "imtahani-ədəbi" rubrikası ilə də təqdim edilirdi.
"Etmə israr" şeiriylə bağlı Əhməd Kamal yazırdı ki, "Şairlərimizin bu şeirdəki hüsn-ədaya və lətafətə diqqət etmələrini rica edəriz. Hər gün bezdirici və mənasız şeylərlə mətbuat səhifələrini qaralamaqdan isə ara-sıra böylə kiçik, fəqət məziyyət etibarilə böyük şeirlər yazmağa qeyrət etsələr, ədəbiyyata daha çox xidmət edərlər". Unutmayaq ki, Əhməd Kamalın XX yüz il tənqid tariximizdə xatırlanmayan bu qeydləri Azərbaycanda Səlmasi barədə ilk mətbu fikirdir.
Təkcə sovet ədəbiyyatşünaslığı deyil, müstəqillik dövrü ədəbiyyatşünaslığımızda da 2010-cu ilə qədər Əhməd Kamal görməzdən gəlindi. Səid Səlmasi "Etmə israr" şeirini Əhməd Kamalın "Gözəlim, açma maziyi" sonetinə cavab olaraq yazsa da, tutaq ki, Şamil Vəliyev 2004-cü ildə nəşr olunmuş "XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri: 1895-1917" kitabında Əhməd Kamalın şeirini yada salmır, üstəlik, şeir barədə yuxarıda xatırlatdığım Ə.K. imzalı "Mülahizə" başlıqlı yazının da Əhməd Kamal tərəfindən qələmə alındığını qeyd etmir.
Baxmayaraq ki, Səlmasinin şeiri sırf Əhməd Kamalın sonetinə bir neçə dəfə göndərmə edilərək yazılmışdı və aşağıda Əhməd Kamalın "Gözəlim, açma maziyi" sonetində kursivlə verdiyim misralar Səid Səlmasinin "Etmə israr" şeirində də eynilə təkrarlanırdı.
"Gözəlim, açma maziyi" soneti:
İstəməm bən, açılmasın, qalsın,
O siyah pərdə əbəd məstur!
Yatsın əmaqi-zülmətində onun,
Bütün əytami-fikrətim məhcur!
Soldurur nəşeyi-səbabətini
Sənə ondan əsən zəhərli hava!..
Söndürür qəlbinin hərarətini,
İstəməm bən, açılmasın orda!..
Ah mazi... o səhneyi-mülim,
Sənə məchul qalsın ey gözəlim.
İstəməm, anlama həyat nədir!
Yəs, ümmid... naleyi-qahir...
Bir cidali-töhi... həyat denir.
Bunu sən bilmə... ah, bilməyəlim...
Səid Səlmasi sonetə sonetlə cavab verməsə də, bu iki şeirin müqayisəli təhlili 1907-ci ildə Azərbaycanda yeni strukturlu poeziyanın vüsət almasına, estetik axtarışlar baxımından kifayət qədər ciddi ədəbi prosesin başlandığına dəlalət edir. Və belə bir ədəbi prosesin elmi-nəzəri təhlilində Əhməd Kamalın yerinin və rolunun unudulması yalnız təəccüb doğura bilərdi.
Bu da Səlmasinin "Etmə israr" şeiridir:
Xatirati-şəbabı söyləyəməm!
Dilişikəstə bahari-ömrümü sən,
Görmə!.. Zira o ömri-möhnətdən
Tökülür qəlbinə səmumi-ələm!..
İstəməm bən, açılmasın, qalsın
O siyah pərdə əbəd məstur.
Tündbadi-qəzayə uğradı həp,
Növguşədə şükufəzari-həyat...
Uuf! Bin sədimeyi-sitəm, heyhat,
Bu xərabiyi-ömrə oldu səbəb!..
Ah mazi! O səhneyi-mülim
Sənə məchul qalsın, ey gözəlim!
Etmə israr, ey mələksima!
Şimdi yoxdur dilində hüznü ələm!
Deyiləm, haqlı, etiraz etsəm,
Çünki məchuldur həyat sana!..
Yəs... ümmid... naleyi-qahir,
Bir cidali töhi... həyat denir.
Əhməd Kamalın da, Səid Səlmasinin də şeirləri texnika baxımından elə cazibədar üslubda yazılıb ki, ilk oxunuşda məzmunun fərqinə varmaq mümkün olmur, mənasından əvvəl şeirin ahəngi, ritmi cəzb edir.
Yeri gəlmişkən, "Müxtəsər bir cavab" məqaləsində Əhməd Kamal Hadini və Səid Səlmasini bir yerdə və eyni mərtəbədə xatırladır və İbrahim Tahir Musayevə bildirirdi ki, "Hadi kibi, Səid Səlmasi kibi Qafqaz şeir və ədəbinin əmniyyəyi-istiqbalı olan gənc və guzidəxəyal şairlərimizlə səni müqayisə etmək... kibi insafsızlıqda bulunmuş olmaqdan dolayı onların əfvlərini rica edərəm".

*
"Füyuzat"da Füyuzati imzasilə "Həsbi-hal, yaxud bizim Hadinin iztirabı" adlı bir şeir var. Şeir Hadi ilə dialoqdur. Redaksiyaya oxucu məktubu gəlib. Məktub müəllifi Hadinin keçən şeirinin dilinə etiraz edir. Hadi isə cavab verir ki, "bu gün lisanə, yarın dinə etiraz olunur". Şeirdə Əli bəy Hüseynzadənin "Məcnun və Leylayi-islam" məqaləsinə də göndərmələr edilir. "Füyuzat" jurnalı biblioqrafiya" kitabında şeirin müəllifi olaraq Hadi göstərilsə də (və şeir Hadinin bir sıra nəşrlərinə daxil edilsə də), hətta Kamal Talıbzadə bu şeiri Hadinin estetik kredosu kimi şərh etsə də, üslub Hadinin deyil və qeyd etdiyim kimi, şeir Hadi ilə dialoq şəklində yazılıb. Şeirdəki bəzi iynəli detallardan, məsələn, "Və ya ki, Şuşidə bir sərsəmin xürafati / Səhifələr ilə məşğul edər "Füyuzat"ı" kimi misralardan onun Əhməd Kamala aid olduğunu düşünməyə dəyər. Yaxud, eynən, İbrahim Tahir Musayevlə yuxarıda xatırlatdığım polemikanın məzmununu yansıdan bu şeirin Əhməd Kamala aid olmadığını düşünmək mümkün deyil. Çünki "Füyuzat"da Şüşi təxəllüsü ilə yazılar yazan, burda türkləri, başqa yerdə əcəmləri vəsf edən şuşalı İbrahim Tahir Musayevin Əhməd Kamala qarşı yazdığı məqalələrə o, məfkurəvi müstəvidə bir neçə dəfə kəskin iradlar bildirmişdi. Hələ üstəlik, "Bu yanda bir dekadan zülməti xəyalilə / Nəzirəsaz olur əlvahi-qəsvəti-leylə" misraları... "Əlvahi-qəsvəti leyli", yəni gecənin hüznlü lövhəsini təqlid edən Əhməd Kamal Azərbaycanda "dekadan şair" kimi tanınırdı. Yaxud, "Əvət, bunu tənqid edən də bir dəlidir" misrası Əhməd Kamalın üç il sonra "Yeni Füyuzat"da dərc olunan "Əfv edin bəni" şeirinin son misrasını xatırladır: "Bən şairəm, əvət dəliyəm, əfv edin bəni". Əgər belədirsə, yəni şeirin müəllifi Əhməd Kamaldırsa, deməli, Səid Səlmasi barədə ilk elmi-nəzəri fikrin də, Hadi barədə ilk bədii parçanın da müəllifi Əhməd Kamaldır.
*
1911-ci ildə Əhməd Kamal Azərbaycan naşirləri, redaktorları ilə bir yerdə həbs olunanda bunu Türkiyə cəmiyyətinə "Tərcümani-həqiqət" qəzetinin 31 mart 1911-ci il tarixli sayında dərc olunmuş "Türklərə məzalim" məqaləsində Əhməd Ağaoğlu və "Tanin" qəzetinin 28 aprel 1911-ci il tarixli sayında çap edilmiş "Qafqaz xatiratı" məqaləsində Məhəmməd Hadi çatdırdı.
Əhməd Ağaoğlu Türkiyə hökumətini Əhməd Kamalın müdafiəsinə çağırırdı: "Əhməd Kamal bəy Qafqazyada türklük üçün pək çox, pək gözəl xidmətlər etmişdir. Mühərrirlik, müəllimlik, müdirlik vəzifələri ilə əhalinin tənviri-əfkarına, Lisani-osmaninin intişarına, türklük, osmanlılıq hissiyyatının əhalidə caygir olmasına (qərarlaşmasına) çalışmış və çalışmaqda bulunmuş idi. Tevkif (həbs) edildiyi zamanda yenə "Yeni Füyuzat" nam məcmuənin başında olmaqla bərabər, digər qəzetələrdə məqalələr yazmaqda bulunuyordu. Xülasə, bu zatın türklüyə, islamiyyətə böyük xidmətləri olmuşdur. Kəndisi təbəeyi-osmaniyədən olduğu üçün hökumətin nəzər-diqqəti şu zati-möhtərəmin hali-əsəfiştimalına (təəssüf doğuran halına) cəlb etməklə bərabər möhtərəm sədr-əzəm və xariciyyə naziri paşalardan müşaürileyhin sürətlə xilasının çarəsinə baxmalarını istirham və tələb edəriz."
Həmin günlərdə Türkiyədə olan Məhəmməd Hadi isə "Tanin" qəzetində bunları yazdı: "Əli bəyin təhti-müdiriyyətində (rəhbərliyi altında) bu gün ancaq namı (adı) yaşayan "Füyuzat" məcmueyi-ədəbiyyəsi (ədəbi məcmuəsi) nəşr olunurdu. Naçiz də heyəti-təhririyyəyə (yazı heyətinə) daxil idim. Təsadüf bizə hür fikirli bir qələm arkadaşı göndərmişdi. O, şimdi zindani-əsarətdə yaşayır - Əhməd Kamal. Bu arkadaş da bizimlə birlikdə çalışır, fikirlərini "Füyuzat" səhifələrində nəşr edirdi... Bakı qəryələrindən (kəndlərindən) olan Balaxanıda millət tərəfindən güşad edilən (açılan) məktəbə müdir təyin olunaraq iki sənə ərzində əhalini məmnun edəcək müvəffəqiyyətlər göstərdi. Bir çox münəvvər dimağlar yetişdirdi. Aqibət bu məktəb də sair məkatibi-islamiyyə (müsəlman məktəbləri) kimi şayani-tətil görüldü... Məktəbin tətilindən sonra ərbabi-şəbabın arzusuyla son zamanlar tətil edilən "Yeni füyuzat" məcmuəsinin sərmühərrirliyində bulunurdu. Şimdi arayişi-zindani-əsarətdir".
Hadi "Tanın"də yazdıqlarıyla kifayətlənmədi. Əhməd Kamala "Mehtab" dərgisinin avqust sayında şeir həsr etdi və Əhməd Kamalın həbsinə səbəb olan ünvanı şeirlə nişan verdi: "Şimalın qartalı qorxdu səmavi şahbalından, / Nasıl ki, qorxuyor əmvaci-cuşan Hilalından". Şeirin tarixindən görünən o ki, mart ayında jandarm tərəfindən saxlanılan Əhməd Kamal, avqust ayında hələ həbsdəymiş... özü də "İttihad və Tərəqqi"nin agenti olaraq sorğulanırdı. Sadəddin Nüzhət Ergünün yazdığına görə, hətta edamına qərar verilmişdi. Özü isə bunu belə təsvir edir: Həbsxana müdiri "Edama məhkumsunuz. Yarın asılacaqsınız" dedi. Bu ölüm təşhiri məni... bir buz kütləsi halına qoydu. Beynimdən keçmiş silindi. İndiyə və gələcəyə aid də heç bir şey düşünə bilmədim". Əhməd Kamalın Bakıda həbsi Osmanlı Məclisi-Məbusanında müzakirə edilmiş, Amasiya məbusu İsmayıl Haqqı Paşa Osmanlı Xarici İşlər Naziri Rifət Paşadan Rusiya-Osmanlı münasibətlərinə xələl gətirə biləcək bu məsələ barədə izahat verməsini israrla tələb etmişdi. Məclisi-Məbusandakı müzakirələrdən sonra Osmanlı hökumətinin müdaxiləsi ilə Əhməd Kamal Bakıdan çıxarılıb Tiflisə aparılmış, oradan Batuma gətirilib, Trabzon valisi Bəkir Sami bəyə təhvil verilmişdi.
Bakıdan İstanbula qayıtdıqdan sonra "Mehtab" dərgisinin 1911-ci il 5-ci sayında ona ünvanlanmış "Ustad Əhməd Kamala dəvəti-şagirdanə" başlığıyla bir məktub dərc olunub: "İstanbula təşrifiniz iki həftəni doldurduğu halda hələ səhaifi-mətbuatda bir sətir yazınız görülmədi. Əcəba, niçin?.. Siz devri-istibdadda hür yaşadınız. Devri-müqəddəsi hürriyyət gəldi. Onda da hür yaşadınız. Əvət! Burada yaşayamadınız. Çıxdınız. Buradan getdiniz. İştə bununçün ki, devri hürriyyətdə də hür yaşadınız diyoruz. Nəhayət, buradan qovuldunuz, oradan qovuldunuz, ustad! İştə biz də sizin kibi hür yaşamaq istiyoruz. Və sizin kibi oradan buradan qovuluyoruz. Demək, məsləkən sizə doğru bir əlaqə var. İştə bu əlaqəyə istinadən sizdən rica ediyoruz: Məcmuəmizi təhti-idarənizə alınız. Bizim baş mühərririmiz olunuz..."
"Mehtap" Hadinin də çalışdığı və əsas müəlliflərindən biri, bəlkə də birincisi olduğu bir dərgi idi. Və həmin məktubun da Hadi tərəfindən yazılmadığına inanmaq olmur. Mehdi Cəncəli Hadinin Əhməd Kamala münasibətini dəqiq ifadə edib: "Kafkasyalı Hadi, Ahmet Kemal aşiqidir. Kemal təriqət qursa müridliyə kaydolacaq ilk kişidir".
*
Sultan Əbdülhəmidə müxalif olduğu üçün Türkiyədə də həbsinə qərar vermişdilər. Parisə mühacirət etmiş, Parisdə, Berlində, Afinada mühacirlik həyatı yaşamış, sonra Hüseynzadənin dəvəti ilə Bakıya gəlmişdi. Hüseynzadənin dəvəti ilə... Ancaq həm də öz istəyi ilə. Varnadan Əli bəy Hüseynzadəyə yazdığı və Nafinin bir misrasının da yer aldığı məktubu bu sözlərlə başlayırdı: "Əzizim əfəndim... Sizə şairin "Əhli-dil birbirini bilməmək insaf deyil" fətvayi rindanəsindən cürət olaraq yazıyorum. "Doğru söz"ün onbirinci nömrəsində "Misirdə İmtiyazati-əcnəbiyyə" ünvanıyla yazmış olduğum bir məqalei-əsasiyyə bəni bir təhlükəyi-siyasiyyə altına atdı... Bir müddət mücadilədən sonra, Misiri tərketməkdən başqa mühafazai-səlamət yolu olmadığını anlayaraq Qahirədən çıxdım. Çıxdım, fəqət nerəyə gedəcəyəm? Qəribədir!... Bir zaman "Sərvəti-Fünun"da müntəşir bir şeirimdə:
Riyah əlində qalan əbri-biqərar gibi
Uçar durur təbəqati-şükun içində xəyal!..
- demişdim... Nəhayət, Varnaya düşdüm. İki aydan bəri buradayam. Lakin ötədənbəri heyrani-intibahü tərəqqiyatı olduğum Qafqasiya müsəlmanlarının içinə düşmək istərdim. Əlan bu arzudayam. İştə bu məktubumu da o arzu yazdırıyor. Əzizim bəyim, əcəba orada xocalıq, mühərrirlik, mətbəədə musahhihlik (korrektorluq) gibi velhasil hər nə surətlə olursa olsun, ancaq kuti-yevmiyyəmi (gündəlik ruzimi) çıxara biləcək, daha doğrusu, şu əyyami-mesaibi (müsibətli əyyamı) bitirincəyə qədər sokakta qalmayacaq bir iş yapabilir miyim? İştə himmət və kəmalatınıza müraciətim şu sualımın cavabı içindir".
Cavab olaraq, Əli bəy Hüseynzadə onu Bakıya dəvət etmişdi. 1907-ci il may ayının əvvəllərində Hüseynzadənin təbiriycə "osmanlı türklərinin ən müqtədir mühərrir və şairlərindən biri olan" Əhməd Kamal Bakıdaydı. Əhməd Kamalın Bakıya gəldiyi həftə "Füyuzat"ın üz qabığında Əli Süavinin şəkli verilmiş və həmin sayda da Əhməd Kamalın "Fəlsəfeyi-pərişan" şeiri dərc olunmuşdu:
İnsana bir kitab denir, bən də öyləyəm,
Lakin yabançıdır bana da bəndəki kitab.
Əli Süavinin ideyaları türk aləmində "Doğru söz"ün timsalında yaşadığı kimi, Azərbaycanda da "Doğru söz"ün baş yazarı Əhməd Kamalın gəlişiylə yenidən aktuallanırdı.
Təbii ki, bu, siyasi gedişdir. Bəlkə məktubda yazılanlar başqa, pərdənin arxasında baş verənlər başqadır. Əhməd Kamal sıradan biri deyil. İstanbulda Nuruosmaniyədə Tələt Paşa ilə görüşüb Rusiyanın Türkiyə siyasətini müzakirə edən adamdı.
Əhməd Kamal Bakıya belə gəlmişdi. Amma sonralar Azərbaycan sovet ədəbiyyatşünaslığı Əhməd Kamalı "pantürkistlərin xüsusi tapşırıqla Azərbaycana göndərdikləri xəfiyyələrdən biri" kimi təqdim etdi...
.jpeg)
***
Hadi ilə bağlı milli günahlarımızı (bunu yalnız milli günah adlandırmaq olar) ört-basdır etmək üçün, bir qayda olaraq, Əhməd Kamal şərlənib. Baxmayaraq ki, Əhməd Kamal Bakıya gələnə qədər Məhəmməd Hadi "Füyuzat"ın ilk sayından etibarən Azərbaycan poeziyasının ilk romantik şeirlərini yazırdı. Amma Azərbaycan sovet ədəbiyyatşünaslığının qənaətindən bu hasil olur ki, Əhməd Kamal Bakıya gəlməklə Hadinin həyat və yaradıcılıq yolunu labirintə salıb: "Ə.Kamal gənc, istedadlı, filosof təbiətli şairin yaradıcılığında və təbiətində olan müsbət cəhətləri inkişaf etdirmək bir yana, Hadini əvvəlkindən də gərgin, böhranlı bir vəziyyətə saldı: onun həm ideya, bədii zövq cəhətindən, həm də həyat tərzi etibarilə düzgün, aydın bir yol tutmasına çox ciddi əngəl oldu". Burda qeyd olunan "ideya, bədii zövq cəhətindən... əvvəlkindən də gərgin, böhranlı bir vəziyyət" hansı anlama gəlir? Bu fikir Hadinin yaradıcılığında baş vermiş hansı xüsusiyyətə görə irəli sürülürdü, bilmək olmur.
Professor Vilayət Quliyev "Doğru söz" qəzetinin ilk sayında Abdulla Cövdətin Əhməd Kamal barədə dediyi fikrini xatırladır: "Cəridə sahibinin qeyri-qabili-inkar olan qüdrəti-qələmiyyəvü şeriyyəsi bu mövcud cəridəyə bir kisveyi-dilnişini-ədəb vermişdir. Doğru söz söyləmək kafi deyil, bir də doğru sözü gözəl söyləmək də iktiza edər ki, bu müktəzayi ifaya Kamal bəyin qüdrəti-qələmiyyəsi kafidir".
Abdulla Cövdət Əhməd Kamal barədə belə deyirdi. Yaxud, Əli bəy Hüseynzadə Hadini Azərbaycan şairlərinə örnək göstərirdi. Buna rəğmən, yaradıcı özəllikləri bir tərəfdə qalıb. Uzun illər ikisinin də sərxoşluq "mərəzi" önə çəkilib və Azərbaycan sovet ədəbiyyatşünaslarının qənaətinə görə, Hadi guya sərxoşluğa meyil edibsə, bu, Əhməd Kamalın təsiri ilə olub. Əhməd Kamal isə, sadəcə, "əyyaş" qiyafəsinə salınıb. Bununla da ürəkləri soyumayıb. Bir az da irəli gediblər, "mürtəce romantizm" istilahını kəşf ediblər, Əhməd Kamal mürtəce olub və s. Yaxud, Sabiri vərəmlədən, ona yaşamaq imkanı verməyən də Əhməd Kamal imiş. Hətta Mirzə Ələkbər Sabirin Əhməd Kamalın əyyaşlığından rəncidə olduğunu yazıblar:
Haləti-məstliyində nə olur, ey əyyaş!
Baxıb ayinəyə görsən əcəba surətini;
O kərahət, o səfalət, o rəzalət tökülən
Surətindən utanıb, anla nədir sirətini?!.
- misralarını da sovet dövrü mətbuatında şairin guya Əhməd Kamala xitabən qələmə aldığını iddia ediblər. Əlisgəndər Cəfərzadə 1936-cı ildə "Ədəbiyyat qəzeti"nin 12 dekabr tarixli 33-cü sayında Sabirin Balaxanıdakı oğlan məktəbində türk dili müəllimi işlədiyi dövrü xatırladıb yazırdı: "Məktəbin müdiri Əhməd Kamal adəti üzrə raki içib məst olanda Sabiri təhqir edərdi. Adətən onunla bir cərgədə yaşayan Sabiri öz otağına çağırıb "ləqləqiyyatından (yəqin lağlağiyyatından - A.T.) oxu, dinləyəlim" deyərmiş. Guya Sabir də bu təhqirlərdən bezibmiş.. Amma demədilər ki, Sabir Şamaxıda həqarətlərə məruz qalanda (hərçənd bu da inandırıcı deyildi. Niyə Şamaxı bazarında hamı sözü bir yerə qoyub Sabirə nəsə satmamalıydı, niyə Şamaxı əhli Sabiri təhqir etməliydi?), Balaxanı məktəbində onu işlə təmin edən, maaş verən, Balaxanıda ona yaşamaq üçün öz qonşuluğunda otaq ayıran Əhməd Kamal olub. Sabirə göstərdiyi qayğını sonralar başqaları öz adlarına çıxsa da... Sabirin güzəranının, müsbət mənada, tamam yaxşılaşdığı dövr Əhməd Kamalın məktəbində çalışdığı illərə təsadüf edir. Əhməd Kamalın məktəbi Sabirin son iş yeri olub. Yaxud deməyi unutdular ki, Sabirin yuxarıda xatırlatdığımız şeirini 1910-cu ildə elə Əhməd Kamal baş redaktoru olduğu "Yeni füyuzat"ın 9 noyabr tarixli 4-cü sayında özü dərc etmişdi...
Əhməd Kamalla Sabirin münasibətləri sovet dövründə o qədər qarışıq xatirələrə mövzu edilib ki... Eyni dövr barədə Əlisgəndər Cəfərzadə yuxarıdakıları yazır. Sultan Məcid Qənizadə də, təxminən, eyni şeyləri yazıb. Sabir Qənizadəyə də Əhməd Kamaldan şikayət edir: "Əxlaqı pozğun bu türk oğlunun səhərdən axşamacan vodka vurub heyvərə söyləməsindən mənim ruhum əziyyət çəkir... Bu simada pəzəvənglərə müəllimlik vəzifəsi vermək mənim əqidəmcə cinayətdə iştirak etmək kimidir".
Əziz Mirəhmədov "Sabir" monoqrafiyasında yazır: "1906-1907-ci illərdə "Füyuzat" redaksiyasında işləmiş olan Əhməd Kamal pozğun bir burjua jurnalisti idi... Bir müddət avara gəzmiş, sonra Balaxanı məktəbinə soxulub, öz əksinqilabçı və millətçi fəaliyyətini burada davam etdirmişdir... Pantürkistlərin xüsusi tapşırıqla Azərbaycana göndərdikləri xəfiyyələrdən biri olmuşdur... Bu siyasi fırıldaqçı ilə bir yerdə işləməli olan xalq şairi indi hər addımda onunla mübarizə aparıb, onun yaramazlığını üzə çıxarmalı idi... Türkiyə cəsusu tez-tez sərxoş olub Sabiri təhqir edirmiş".
Bu isə eyni dövr və eyni adamlar barədə onları yaxından tanıyan Əlabbas Müznibin yazdığıdır:
"1910-cu ilin ortasında Əhməd Kamal "Həqiqət" qəzetini idarə etmək üçün Orucovlar tərəfindən dəvət edildi. Əhməd Kamal Sabiri də özü ilə bərabər çalışmağa gətirdi... Əhməd Kamal Sabiri çox sevdiyinə görə başqa şairin mənzumələrini qəzetdə buraxmıyordu. Yalnız Sabirin taziyanəsi ilə mənzum hekayələri nəşr olunurdu".
Bu, Üzeyir Hacıbəyli "Həqiqət" qəzetində redakorluqdan getdikdən sonra baş verib.
Burda bir haşiyə çıxmaq yerinə düşür: Mirzə Ələkbər Sabir Əhməd Kamalla birgə gündüzlər Əhməd Kamalın müdir olduğu Balaxanı məktəbində dərs deyir, günortadan sonra "Həqiqət" qəzetini çapa hazırlamaq üçün Əhməd Kamalla birgə Bakıya gəlir. "Həqiqət" qəzeti həm də Sabirin tribunası olur. Qəzetin ən fəal müəllifi də Sabirdir. "Hophopnamə"dən əzbər bildiyimiz çox şeirləri ilk dəfə "Həqiqət" qəzetində, özü də məhz Əhməd Kamalın Orucovlar tərəfindən qəzetə dəvət olunduğu iyun-iyul aylarında dərc olunmuşdu.
Dindirir, əsr bizi dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
Quş kimi göydə uçur yerdəkilər,
Bizi gömdü yerə minbərdəkilər.
Sonra da bu proses Əhməd Kamalın baş redaktor olduğu "Günəş" qəzetində davam etmişdi... Özü də bəzən pantürkistcəsinə.
Əhməd Kamal Bakı ilə bağlı yazdığı xatirə qeydlərində "Gənclər və bilxassə çocuqlar osmanlıca konuşmaya başladılar. Xalq artıq Osmanlıca-Azerbaycanca arasında bir lisanla konuşuyorduk. Bu iki lisanı təlif edərək onlara "Füyazati-qiraət" ismində bir də kitab yazdım".
Bu isə Sabirin məşhur şeiridir. Əhməd Kamalın baş redaktor olduğu "Günəş" qəzetində çap olunub:
"Osmanlıcadan tərcümə türkə" - bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
"Osmanlıcadan tərcümə türkə" nə deməkdir?!
Bu faktı ona görə xatırladıram ki, Sabirlə Əhməd Kamal milli məfkurədə ortaq və həmfikir idilər.
Bütün bunları bilə-bilə həqiqəti təhrif etmək nə üçündü?
Salman Mümtazın xatirələrindən bəllidir ki, 1910-cu ildə Sabir də, Əhməd Kamal da, Məhəmməd Hadi və Baha Səidlə eyni vaxtda Bakıda İslamiyyə otelində yaşayıblar... Balaxanıya da burdan gedib-gəlirmişlər.
Salman Mümtaz, yuxarıda qeyd etdiyim kimi, 1910-cu ildə Bakıda İslamiyyə otelində Məhəmməd Hadi, Sabir, Əhməd Kamal, Baha Səidlə görüşüb söhbətləşdiyini yazır. Əli Nəzmi isə 1918-ci ildən bəhs edən xatirələrində "O günlər Mümtaz da Gəncədə idi. / Məni Hadi ilə tanış et, - dedi / Görüşmək şairlə o vaxta qədər / Salmana olmamış imiş müyəssər" - deyir. Əli Nəzminin xatirələrində belə təhriflər çoxdur. Hadi barədə yazımda da bu təhriflər barədə bəhs etmişdim. Sonrakı dövrlərdə belə təhriflər alimlərimiz tərəfindən davam etdirildi. Azərbaycanda türk milli düşüncəsinin bərqərar olmasında xüsusi rolu və yeri olan Əhməd Kamalı "pozğun bir burjua jurnalisti", "pantürkistlərin xüsusi tapşırıqla Azərbaycana göndərdikləri xəfiyyə", "siyasi fırıldaqçı", "Türkiyə cəsusu" adlandırdılar və demək olar ki, adını fikir tariximizdən tamamilə sildilər. O isə görməzdən gəlinəcək biri deyildi. Azərbaycan gəncliyinin maariflənməsində fədakarlıqlar etmişdi. "Azərbaycan" qəzetinin 1919-cu il saylarından birində dərc edilmiş belə bir qeyd, yəni Balaxanıdan göndərilmiş bir məktub Əhməd Kamalla bağlı çox mətləblərə aydınlıq gətirə bilər. "1906-cı ildə Balaxanı kəndində neçə illərlə arzu etdiyimiz bir zükur məktəbi bina etdilər... Artıq səy və həvəslə çocuqlarımız məktəbə gəlib neçə illər etdikləri arzuya nail oldular. Məktəbdə təhsili bitirən çocuqlar ən gözəl dərəcədə savadlı oldular. Böylə ki, möhtərəm Əhməd Kamal əfəndi zamanında firəngcə də təhsil etmişdilər".
1907-ci ilin avqustundan etibarən "Füyuzat" redaksiyası onu ikiaylıq ezamiyyətə göndərir. Özünün yazdığına görə, həmin müddətdə Varşavada, Berlində, Parisdə, Vyanada, Sofiyada, Varnada və s. şəhərlərdə olur. Nəhayət, Batumdan Bakıya qayıdır. Bu səfərin siyasi məzmun daşıyıb-daşımadığını indi heç kəs dəqiq bilməz. Sadəcə bilinən bir həqiqətdir: Əhməd Kamal Bakıda olmadığı müddətdə əleyhdarları aktivləşmiş, panfarsist təmayüllü "Həqayiq" qəzeti "Füyuzat"ın məfkurəvi tərəflərinə hücumlar etmişdi. Və "Füyuzat" hansı səbəbdənsə bağlanmaq məcburiyyəti qarşısında qalmışdı. Dərginin son sayında, Əli bəy Hüseynzadənin "Pərdə eniyor. Son tamaşa", Əhməd Kamalın farspərəstlərə ünvanlanmış "İsbati-iştibah" (şübhənin isbatı) məqalələri, Hadinin "Əlvida" və Məhəmməd Əmin Rəsulzadənin "Təəssürati-əhrəranə" şeirləri dərc olunmuşdu... Əhməd Kamal "Həqayiq" ideoloqlarına (Bakıdakı İran konsulluğunun nəşr etdiyi qəzetin müəlliflərinə) səslənir və "bilməlidir ki, türk türkdür, fars farsdır. Türk İranda olsa da türkdür, Turanda olsa da... Din isə bu millətləri bir-birinə etiqad və siyasi baxışlarına görə qardaş edər. Lakin əsla bir-birinə bağlamaz, dedik. İştə əsl mövzular bunlar idi".
Azərbaycan sovet ədəbiyyatşünaslığı isə, dediyim kimi, Əhməd Kamala əyyaş donu biçdi. Onu "Türkiyədən gəlmiş siyasi fırıldaqçı", sərxoşluq azarına tutulmuş "dekadan şair" adlandırdı. Amma Əhməd Kamal Akünalın bioqrafiyası belə bir iftiranı qəbul etmir. O, əvvəllər "Sərvəti-fünun" şairləri arasında yer almışdı. Bakıya gəlməzdən əvvəl Afinada "İcmai-ümmət", Qahirədə "Doğru söz" qəzetlərinin başyazarı olmuşdu. İsmayıl Səfa, Tevfik Fikrət, Cənab Şəhabəddinlə bir yerdə "Maarif" qəzetinin yaradıcılarından biri kimi tanınmışdı. Əli bəy Hüseynzadənin dəvəti ilə gəldiyi Bakıda "Füyuzat"da mühərrirlik etdiyi, Balaxanıda məktəb müdiri olduğu kimi, dərslik də hazırlamışdı. "Əyyaşlıq" etdiyi 1910-cu ildə yuxarıda xatırlatdığım "Füyuzati-qiraət" kitabını nəşr etdirmişdi... Bakıdan gedəndən sonra Türkiyənin aparıcı təhsil ocaqlarından birinin - Ankara sultanisinin müdiri olmuşdu. Dündar Akünal kimi dəyərli bir oğul böyütmüşdü.
Vamberi İstanbula, Bakıya - Əhməd Kamala Budapeştdən məktublar yazırdı.
Ömrünün son 25 ilini inzivada keçirdi. 1942-ci ildə İstanbulda altmış səkkiz yaşında vəfat etdi
29 mart 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
