Dilqəm ƏHMƏD
1946-cı il. İsveçrə.
Sovet imperiyası müharibədən sonra almanlara əsir düşmüş, legionlarda savaşmış əsgərləri geri qaytarmağa çalışır. Düşərgələri gəzən rus zabitləri bəzən gizli anlaşmalarla, bəzən də danışıqlar vasitəsilə artıq qaçqın düşərgələrində yaşayan bu şəxsləri yola gətirməyə çalışırlar. SSRİ-də böyümüş bu şəxslər isə geri qayıtdıqları təqdirdə öldürüləcəklərini, ən yaxşı halda isə Sibirə sürgün olunacaqlarını bilirdilər. Nəticədə ingilis və amerikalıların zorla SSRİ-yə göndərmək istədikləri bu şəxslər qaçmağa çalışır, çarəsi olmayanlar isə intiharı seçirdilər. Çünki həmin rus zabitləri könüllü gəlməsələr, onları silah gücü ilə də apara biləcəklərini bildirirdilər.
Geri göndərilməkdənsə, ölümü seçənlərdən biri də müharibədə qardaşlaşmış iki azərbaycanlı idi.
1954-cü il. Ankara. "Türk izi" dərgisi.
Nurullah Muğanlı adlı müharibə iştirakçısı olmuş bir azərbaycanlı Veşnau düşərgəsində baş vermiş həmin hadisəni ürək ağrısı ilə qələmə alır: "Rusların sözlərini eşidən zavallılar əllərinə keçən bel və kürəklərlə bir-birini öldürməyə başladılar. Hətta Veşnau düşərgəsində Əli oğlu Nadir öz qardaşının sinəsinə beş dəfə bıçaq saplayaraq öldürdü, sonra da özünü bıçaqlayaraq kiçik qardaşının nəşi üzərinə düşdü və sarılaraq can verdi. Mərhum Nadir ölümə təşəbbüs etməzdən öncə bunları söyləmişdi: "Biz heç bir zaman doğulduğumuz və böyüdüyümüz vətəndən və millətimizdən vaz keçə bilmərik. Biz özümüzü fəda edərək qırmızı rusların nə olduqlarını bütün dünyaya bildirəcəyik, beləcə orada qalan millətimizin Rusiyanın istilasından qurtulmasına səbəb olacağıq".
1990-cı il, İsveçrə.
Yazıçı Xalidə Hasilova İsveçrəyə səfər edir. "Odlar yurdu" qəzetində qələmə aldığı təəssüratlarında Xalidə xanım İsveçrədə görüşdüyü azərbaycanlılar haqqında məlumat verib, onlardan bəzilərinin adlarını çəkib: Müzəffər Əliyev, Ağakərim Nargin, Almas Əhəd, Maşallah Əliyev, Qələndər Sadıxov. II Dünya müharibəsindən sonra bu ölkədə yaşayan həmin azərbaycanlılar Xalidə xanımı Veşnau məzarlığına aparıblar. Orada ziyarət etdiyi iki məzar daşındakı adları bu şəkildə qeyd edib:
Əlizadə Nadir (1924-1946) - lənkəranlı
Əlizadə Rahim (1922-1946) - salyanlı
Onlar N.Muğanlının intihar etdiklərini yazdığı həmin iki qardaşdı.
.jpeg)
5 dekabr 2022-ci il. Ankara.
Müharibə iştirakçılarından olmuş Canlar Lənkəranlının evindəyəm. Oğlu Yusif bəy atasına aid fotoşəkillərə baxmağıma icazə verir. Təbii olaraq ən köhnə və ağ-qara fotoşəkillərə göz yetirirəm. Qarşıma çıxan bir fotoşəkil Veşnau düşərgəsindəki faciəni yadıma salır. Dörd azərbaycanlı iki məzar daşının ortasında dayanıb. Ay və ulduz təsviri olan başdaşılarında yazılıb: Əlizadə Nadir (1924-1946), Əlizadə Rahim (1922-1946).
Bu iki dostun başına gələn hadisə tarixə düşmüş minlərlə müharibə faciələrindən biridir. Bu yazıda həmin fotoşəklin sahibi Canlar Lənkəranlıdan bəhs edəcəyik.
Masallıdan başlanan ömür
Canlar Kazımbəyli (Türkiyədə Lənkəranlı) 1917-ci ildə Masallının Xıl kəndində doğulub. Valideynlərini uşaq ikən itirib. Yusif bəyin dediyinə görə, ticarət liseyindən məzun olub, bir müddət kolxozda çalışıb. Leyla adlı bir xanımla evlənib, bir qızı olub. İkinci Dünya müharibəsi başladığı zaman cəbhəyə göndərilib. Yusif bəyin bizə göstərdiyi bir neçə səhifəlik xatirə dəftərində Canlar bəy müharibəyə yollanmasından bu şəkildə bəhs edib: "...Bakı şəhərindən keçərək 10.09.1941-də vilayət olan Xaçmaza gəldik. 11.09.1941-ci ildə qəza olan hüduda gəlib çıxdıq. Burada 11.09.1941-dən 10.10.1941-ci ilə kimi əsgəri təlim-tərbiyə etdik. Tezliklə "hazır olun, hərbə gedəcəksiniz" dedilər. Hazırlanıb 10.10.1941-ci ildə Dağıstan Respublikasına yol getməyə başladıq. Get-gedə öz doğma ana vətəndən uzaqlaşaraq 02.11.1941-ci ildə Dağıstan yerlərində soyuq havalarda yola davam etdik. 4.11.1941-ci ildə görmədiyimiz buzlu yol ilə gedirik. Hərb səsi eşidilir, "yaxınlaşırıq" deyərək Krasnodara vardıq. 2-3 gün qaldıq. Buradan Rostova hərbə getmək əmri verildi. Burada bir neçə gün qaldıqdan sonra bir də geri dönərək Krım yoluna rəvan olduq. Buradan yenə Krasnodar kraydan 6-7 gün yol gedərək, Qara dəniz ilə Azov dənizi arasından keçib Azov dənizinin yanında olan bir çiftlikdə 5-6 gün qaldıq, sonra bir gün yol gedib Qara dəniz ətrafında olan bir tatar kəndində 20 gün qaldıq. Bu yerdə ilk olaraq hərbdə gedən top-silah səsləri duymağa başladıq..."
Təəssüf ki, xatirələri ailədən tam şəkildə əldə edə bilmədik, Yusif bəy qardaşları ilə danışaraq tamamını əldə etməyə çalışacağına söz verdi.
Alman əsirliyindən Türkiyəyə
Canlar bəy 1941-ci ildə almanlara əsir düşüb. Öncə Türküstan legionunda, sonra Azərbaycan legionunda yer alıb. Atasının hekayəsini Yusif bəy bu şəkildə danışdı:
"Soyadımız Lənkəranlı olsa da, atam Masallının Xıl kəndində doğulub. Müharibə başlayanda atamgili aparır, qısa bir təlimdən sonra kəklik kimi almanların üstünə göndərirlər. Ömründə silah görməmiş özbəklər, qırğızlar, qazaxlar, taciklər, azərbaycanlıların çoxu şəhid olur. Atamgil də almanlara əsir düşürlər. Almanlar minlərlə əsiri toplayaraq Almaniyaya aparır, onları kamplara toplayırlar. Bir qismini almanlar öldürür, sobada yandırırlar. Əsirləri çılpaq şəkildə soyunmalarını istədiklərində görürlər ki, bunların bəziləri sünnətlidir. Əvvəlcə onları yəhudi zənn edirlər. Nəticədə bəziləri şəhid olurlar. Amma daha sonra müsəlman və türk olduqlarını öyrəndikdən sonra qətlləri dayandırırlar. Daha sonra almanlar onlardan istifadə etmək istəyir, legionlar yaradırlar. Atamın yaşadığı düşərgədə Məhəmməd Kəngərli də vardı. Atamla münasibətləri o vaxtdan başlayır. Məhəmməd əmi çox dəyərli insandı, dünya azərbaycanlılarının ən öndə olanlarındandı. Məlumatlı, dahi bir insandı. Onların arasında türkoloq Baymirza Hayit də vardı. Almanlar təlim verdikdən sonra atamgili yenidən savaşa göndərirlər. Krım cəbhəsinə qədər gedirlər. Atamın bədəni şarapnel yaraları ilə dolu idi. Tanıdıqlarımız arasında bu savaşda qolunu itirənlər, bombaya məruz qalanlar oldu. Almanlar məğlub olduqdan sonra təkrar geri qayıdırlar. Atamgil bu dəfə Almaniyada fabriklərdə işlədilirlər. Burada vəziyyətləri yaxşı olur. Daha sonra əsir düşənlərə əfv çıxır, istədikləri ölkələrə gedə biləcəklərini deyirlər. Azərbaycanlılardan bir çoxu Argentinaya, Amerikaya gedirlər. Amerikada yaşayanlarla əlaqələrimiz indi də var. Türklük şüuruna sahib olduqları, həm də Azərbaycana yaxınlığına görə atamgil Türkiyəyə gedirlər. Amma Türkiyəyə qədər Fransa, İsveçrə, Norveçdə yaşayırlar. Daha sonra gəmiylə İstanbula gəlirlər".
Qeyd edək ki, Türkiyə hökuməti bu illərdə qaçqın düşərgələrinə Cövdət Atasaqunun rəhbərliyi ilə bir heyət göndərmişdi. Bu heyət kampları gəzdikdən sonra Türkiyəyə gəlmək istəyən SSRİ vətəndaşı türk və müsəlmanların siyahısını tutmuşdu. Nəticədə 2700-ə yaxın insan 1947-1950-ci illər arasında Türkiyəyə gəlib. Əsasən İtaliyadan gəmi ilə gələn bu şəxslər əvvəlcə Tuzla müsafirxanasında saxlanılıblar, daha sonra istəklərinə və ixtisaslarına uyğun olaraq böyük şəhərlərə və bölgələrə göndəriliblər.
1948-ci ildə Türkiyəyə gələn Canlar bəy əvvəlcə Aydın şəhərinin Nazilli qəsəbəsinə, daha sonra Samsunun Terme qəzasına yerləşib. 1950-ci ildə Həvva adlı qadınla evlənib. Yusif bəyin dediyinə görə, Nazillidə dövlət onlara iş verib, maddi yardım göstərib: "Bir müddət İstanbulda dövlətin nəzarətində qalırlar. Sonra müqavilə şəklində hara getmək istədiklərinə qərar verilir. Atam əvvəlcə İstanbulda Laləli bölgəsində yaşayır. Atam bir xatirəsini gülərək danışardı. İstanbulda balaca avtobusa minərkən sürücüyə deyir ki, "Şofer bəy, Laləlidə düşəcəyəm". Avtobus saxlamır, təkrarladığında şofer "otur yerində, ayaqda dayansan, əlbəttə, düşərsən" deyir. Bu, Azərbaycan və Türkiyə türkcəsinin anlam fərqləri idi. Azərbaycanda "düşmək" "enmək" deməkmiş. Dövlət atamı və bəzi azərbaycanlıları Nazilliyə göndərir. Türkiyənin çətin vaxtları idi, ona görə də yerli insanlar qaçqınları qısqanır ki, dövlət bizə yox, niyə onlara iş verir? Halbuki dövlət öz irqdaşlarına maddi-mənəvi kömək edirdi. Daha sonra dövlət onları Samsunun Terme qəzasına göndərir. Onlara yer verilir, həmin əraziyə sahib olmaları üçün 5 il oturma şərti qoyur. Atam çox çalışqandı, bir müddət orada yaşayır. Bu ərəfədə 1950-ci ildə çepni türklərindən olan anam Həvva xanımla evlənir. Atam orada yaşaya bilmir, çünki özünün danışdığına görə ətrafdakı gürcü kəndlilər ona imkan vermirmiş. Atam əkini əkirmiş, amma onlar gəlib suyu kəsirmişlər. Hətta atamın evini qurşunlayırlar, yandırırlar. Atam da onlara cavab verir, amma böyük bir kəndə nə edəcək ki?! Ona görə də yenidən dövlətə müraciət edir ki, burada yaşaya bilmirəm. Atam ardınca Samsunda yollarda, barajlarda çalışır".

"Hər kəs qayıtdı, sən niyə qayıtmadın?"
Stalinin ölümündən sonra yaranan mülayimləşmə dövründə mühacirlər Azərbaycandakı ailələri ilə əlaqə qurmağa çalışırlar. Xüsusilə, II Dünya müharibəsində əsir düşənlərlə bağlı da münasibət dəyişildiyi üçün 1960-70-ci illərdə onlar turist kimi vətənə gələ bilirlər. Canlar bəyə də uzun illərdən sonra Azərbaycana gəlmək qismət olur. Yusif bəy həmin dövrü bu şəkildə xatırlayır:
"1960-cı illərdə Məhəmməd Kəngərli kimi şəxslərin vasitəsilə Türkiyəyə gələn insanlar Azərbaycanla əlaqə qurmağa çalışır. Atam davamlı məktublar yazır, amma ünvana çatmır. Bezmədən, yorulmadan məktublar göndərir. O dövrdə Azərbaycanda müharibədən qayıtmayanlar ölmüş sayılırdılar. Sonradan mən Azərbaycana gedəndə öyrəndim ki, oradakı anamız məktubları təkrar-təkrar oxuyarmış, müqəddəs kəlam kimi qoynunda saxlayarmış. Nəhayət, bir gün Azərbaycandan bizə məktub gəldi. 1965-1966-cı illərdi. Məktubla oradakı anamızın qucağında bacımız olan şəklini də göndərmişdilər. Atam çox sevindi. Biz də şəkil çəkdirdik, oraya göndərdik. Məktublaşmalar başladı, amma dəmir pərdə vardı, getmək olmurdu. Atam getmək üçün davamlı şəkildə müraciət edirdi. Nəhayət, 1979-cu ildə mümkün oldu. Atam ən kiçik qardaşım Mehmedlə birgə qatarla Bakıya getdi. Bakıda qohumlarımız olsa da, oradakı sistemə görə qarşılamaq yasaq idi. Hoteldə qalırlar, amma çölə çıxmaq, görüşmək qadağan idi. Onu görmək istəyənlər icazə alırdılar. Qardaşıma başqa paltar geyindirib hoteldən çıxarmış, qohumlara aparmışlar. Amma atam gəzə bilməyib. Bu ərəfələrdə isə polis bizim evə gəldi, atamı, qardaşımı soruşdu. Bizi bir müddət saxladılar. Atam bir şəkildə Masallıya gedə bilib. Uzaqdan qohumumuz olan Süleyman Məcidlinin vasitəsilə Masallıya çatmadan bir yerə gedib, orada onları qarşılayıblar. Qızı ilə görüşəndə ağlayıb. Uzun müddətdən sonra da ilk həyat yoldaşını orada görüb.
Atam qayıdanda çox sevincli idi. Bu gedişdən sonra məktublar davam etdi. Məncə, Heydər Əliyevin azərbaycanlıların gedib-gəlməsinə icazə verilməsində rolu oldu. 1989-cu ildə sovetlər yıxıldığı zaman qapılar açıldı. Oradakı bacım və yoldaşı bizə gəldilər. Davamlı şəkildə gedib-gəldik. Gediş xərcini atam Almaniyadan təmin etmişdi. Çünki Almaniya hökuməti vaxtilə alman fabriklərində çalışanlara pul ödəməli oldu. Nəticədə atam 3-4 dəfə gedə bildi. Oradakı anam atama çox hirsli idi, onunla görüşməzdi, amma vəfatından öncə atamla görüşmüş və ona demiş ki, "Canlar, hər kəs qayıtdı, sən niyə qayıtmadın?" Atam demiş ki, "mənim orada üç övladım var, burda bir, onları qoyub gələ bilmədim. Bura gəlsəm, onları düşünəcəyəm, orada qalsam da, sizi". Azərbaycandakı anamız atamı heç vaxt əfv etməsə də, burdakı öz anamızı da çox sevərdi. Qarşılıqlı hədiyyələr göndərilirdi. O da Türkiyəyə gəlmək istəyirdi, amma sağlamlığı imkan vermədi. Bacımın adı Xalidədir. Leyla anamız sonradan evlənməyib".
Yusif bəydən atası kimi müharibədən sonra Türkiyəyə gələn digər şəxsləri soruşuram. Bəzi adları xatırlayır: "Atam Azərbaycan Kültür Dərnəyinin müdavimlərindən idi. Elçibəy ora gələndə onu dinləmişdi. Mən özüm də atamla birgə Azərbaycana bir neçə dəfə getdim. Allah hər kəsə nəsib etsin, atam uzun yaşadı, şükür ki, yatağa düşmədi. Samsunda dəfn olunmasını istəyirdi, amma qismət olmadı. Həyatı boyunca Azərbaycanla yaşadı. Anam hazırda Ordunun Bulancak qəzasında yaşayır. Biz dörd qardaşıq: Ənvər, Yunis, Yusif, Mehmed. Xədicə adlı bacımız var, atam anasının adını qoyub, hazırda Antaliyada yaşayır. Ənvər anamla birgə yaşayır. Yunis Aydındadır, ona babamızın adı qoyulub. Mehmed 35 ildir Amerikadadır. Mən də Ankarada ata evində yaşayıram. 19 dekabr 1955-ci ildə Samsunun Çarşamba qəzasında doğulmuşam. Atamın işinə görə ibtidai məktəbi üç ayrı şəhərdə oxumuşam. 40 il Səhiyyə Nazirliyində işləmişəm. Universitetə girsəm də, siyasi səbəblərdən dolayı oxuya bilmədim.
Azərbaycana ilk gedən İsrafil Gəncəli əmi oldu. 1968-ci ildə getdi; atamdan 11 il öncə. Müəmmalı şəkildə öldü. Keçəl Yadulla əmi vardı. Atamla birlikdə Samsuna yerləşmişdi. Topal Sadıq əmi vardı. Sadıq əmiylə çox görüşərdik, bomba düşmüş, ayağı parçalanmışdı. Bir yerdə toplaşıb gizlincə xatirələrini danışardılar. Çünki qorxurdular. Vətənə gedənlərin öldürüldüklərini eşidirdilər. Rahim Cəlali əmi vardı, lənkəranlı idi. Nəcibə adlı xanımla evlənib. Almasxan Hazer vardı, Fatma adlı qadınla evlənmişdi. Səlim Yadigar vardı, Səriyyə adlı qadınla evlənmişdi. Salyanlı Mehmed Noraşını, Əflan Muğanı, Ənvər Romanı xatırlayıram".
Canlar bəy 29 may 2006-cı ildə Ankarada vəfat edib, Karşıyaka məzarlığında dəfn olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
