Birinci ümumittifaq Türkoloji Qurultayda əlifba məsələsi (Əvvəli ötən sayımızda) - Nadir MƏMMƏDLİ

 

Latın əlifbasına keçidlə bağlı məsələlərin həllinin zəruriliyi sovet hökumətinin Türkoloji Qurultay keçirmək qərarından 6 ay əvvəl - həm I Azərbaycan Yerli Şərqşünaslıq Elmi Assosiasiyasının Qurultayında, həm də SSRİ Elmlər Akademiyasının və Sovet İttifaqı Şərqşünaslar İttifaqının iclaslarında qaldırılmışdı. Bir faktı da xatırladaq: 1924-cü ildə Moskvada türk yazısı üçün latın şriftləri assosiasiyası yaradılmışdı. Bakıda keçirilən qurultayın sovet rəsmi orqanlarının türkləri latın əlifbasına keçirmək məqsədi daşıdığını və bu məqsədlə təşkil edildiyi iştirakçıların hamısına bəlli idi. Hətta Sovet Xarici İşlər Komissarlığı daxilində fəaliyyət göstərən Şərq İşləri Şöbəsinin müdiri V.Pavloviç 1920-ci ilin iyul ayında keçirilən iclasların birində bunu açıqlamışdı. 1922-ci ildə yaradılan Şərq Məktəbinin orqanı olan "Qızıl Şərq" dərgisi ilə bu fikir təbliğ edilirdi. Ümumiyyətlə, rəsmi orqanlar Türkoloji Qurultaydan xeyli əvvəl türk xalqları arasında latın əlifbasının qəbul edilməsi üçün hazırlıq işləri görmüşdülər. Azərbaycan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin B.Ağayevə, M. Aslanova, Tağızadəyə 1922-ci il avqust ayında göndərdiyi sənəddə qeyd olunur:

AK(b)P MK-nın Mətbuat İdarəsi sizdən xahiş edir ki, ən geci 2 sentyabr 1922-ci ilədək aşağıdakıları bizə bildirin:

1. Müsəlman əlifbasının islahatı, yəni ərəb qrafikasının latın qrafikası ilə əvəz olunması üzrə işlər hansı vəziyyətdədir?

2. Əhalinin geniş təbəqələrinin bu məsələyə münasibəti necədir?

3. Yeni əlifba kənd yerlərində yayılırmı və hansı sürətlə?

4. Məsələ ilə məşğul olan təşkilatlar varmı, onların fəaliyyəti nədən ibarətdir? Əgər yoxdursa, niyə?

5. Yeni əlifbaya keçidin sürətləndirilməsi üçün hansı tədbirlər daha məqsədəuyğun hesab olunur - tədris yolu iləmi, yoxsa zorakı tədbirlərlə?

İmza: İnozemsev (bax: Azərbaycan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsi. C.II. Protokollar. Azərbaycan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsi Prezidiumunun iclasları. 1925-ci il. Arxiv göstəriciləri: fond №:1, siyahı №:6, saxlanma vahidi №:34, İş №:5, s.538).

 

I Sənədin mahiyyəti:

Bu sənəd 1922-ci ilin avqustunda Azərbaycan Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin Mətbuat İdarəsi tərəfindən ünvanlanmış rəsmi sorğudur. Ünvanlanan şəxslər partiyanın məsul üzvləri: B. Ağayev, M. Aslanov və Tağızadə. Məqsəd, ərəb qrafikasının latın qrafikası ilə əvəz olunması prosesinin real vəziyyəti haqqında məlumat toplamaqdır.

II Əsas suallar və onların istiqaməti:

Sorğu beş bənddən ibarətdir və hər biri əlifba islahatı prosesinin fərqli tərəflərini işıqlandırır:

1. İslahatın gedişi - işlərin konkret hansı mərhələdə olması tələb olunur.

2. Cəmiyyətin münasibəti - geniş kütlələrin qəbul edib-etməməsi araşdırılır.

3. Kənd yerlərində yayılma - dəyişikliklərin şəhərdən kənara keçib-keçmədiyi öyrənilir.

4. Təşkilati baza - məsələ ilə məşğul olan qurumların mövcudluğu və səmərəliliyi soruşulur.

5. Keçidin sürətləndirilməsi yolları - maarifləndirmə yolu ilə, yoxsa inzibati-zorakı tədbirlərlə daha səmərəli olacağı barədə fikir tələb olunur.

III Siyasi və tarixi əhəmiyyəti:

- Bu sənəd göstərir ki, 1922-ci ildə artıq ərəb əlifbasından imtina və latın qrafikasına keçid məsələsi rəsmi gündəlikdə idi.

- Mərkəzi Komitə prosesi sadəcə mədəni məsələ kimi deyil, həm də siyasi-ideoloji məsələ kimi izləyirdi.

- Kənd yerlərinə xüsusi diqqət ayrılması, islahatın yalnız şəhər ziyalıları ilə məhdudlaşmamasını təmin etmək məqsədi güdür.

- Sorğuda "zorakı tədbirlər" ifadəsinin işlədilməsi, hökumətin bu məsələdə yalnız könüllü maarifləndirmə ilə kifayətlənmədiyini, lazım gəlsə, inzibati metodları da nəzərdən keçirəcəyini göstərir.

Bu sənəd, latın əlifbasına keçid məsələsinin Azərbaycanda neçə mərhələli olduğunu və prosesi izləmək üçün MK-nın sistemli məlumat toplama siyasəti həyata keçirdiyini sübut edir. Sorğunun sualları islahatın sosial dayaq nöqtələrini - cəmiyyətin dəstəyi, kəndlərdə vəziyyət, təşkilati təminat və tətbiq metodları tam əhatə edir.

Əlifbanın dəyişdirilməsi böyük siyasətin başlanğıcı idi, ilkin mərhələdə sovet türkləri latın əlifbasını qəbul etməlidirlər, bu isə türkdilli xalqların kütləvi, müxtəlif kiril əlifbasına keçidin ilkin mərhələsi olaraq görülürdü, 1924-cü ildən ərəb əlifbası ilə çap edilmiş əsərlərin Sovet İttifaqına gətirilməsinə qadağa qoyuldu. 1926-cı il yanvarın 20-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə rus əlifbası əsasında türk (tatar) dillərinin yazı sisteminin dəyişdirilərək latın qrafikası ilə əvəz olunması haqqında qəbul edildi. O zaman Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin sədr müavini və elmi katibi Zifeld Simumyagi 20 yanvar qərarı ilə bağlı belə bir paylaşım edir:

"Bu qərarın həyata keçirilməsi məqsədilə biz cəmiyyətin üzvlərindən və ümumiyyətlə türkdilli əhalidən xahiş edirik ki, köhnə əlifba ilə yazılmış bütün materialları - qəzetlər, jurnallar, kitablar, məktublar və digər yazılı sənədləri - cəmiyyətə təqdim etsinlər (AMEA arxivi. Fond №1, qovluq 36, qutu 2.).

İlk vaxtlar türkdilli xalqların əlifba islahatı pərakəndə şəkildə həyata keçirilirdi. Bu qarışıqlığın qarşısını almaq məqsədilə məşhur dilçi alim professor Yevgeni Polivanov 1923-cü ildə SSRİ-də yaşayan türk xalqlarının əlifba-qrafika məsələlərinə həsr olunmuş "Türk yazılarında latın qrafikası problemi" adlı bir kitabça nəşr etdirir. Bu təşəbbüs maarif işçiləri və ziyalılar tərəfindən yüksək qiymətləndirilir.

Sovet Azərbaycanında əlifbanın latınlaşdırılması ilə bağlı ilk praktik təcrübələr sonradan SSRİ-dəki türk xalqlarının bu əlifbasının yazı sistemlərinə tətbiqi üçün əsas baza rolu oynadı. Azərbaycanın təşəbbüsü ilə hazırlanan latın əlifbası 1926-cı ildə Bakıda çağırılan I Ümumittifaq Türkoloji Qurultaydan sonra SSRİ-də ümumi latınlaşdırma prosesinə nümunə oldu. Qurultayda da türk xalqlarının nümayəndələrinin səs çoxluğu ilə Azərbaycanda əlifbanın latınlaşdırma sahəsindəki təcrübəsinin digər respublikalarda və muxtar bölgələrdə tətbiqi məqsədəuyğun hesab edildi. Ancaq bu problemin həlli o qədər də asan başa gəlmədi. Qurultayın ən mühüm və eyni zamanda ən çox mübahisə doğuran məsələsi əlifba ilə bağlı olmuşdur. Müvafiq bölmədə SSRİ türklərinin istifadə etdikləri ərəb əlifbasının dəyişdirilməsinin məqsədəuyğunluğu müzakirə edilmiş, əgər tərk ediləcəksə, onun yerinə kiril, latın əlifbasının, yoxsa bu ərazidə yaşayan türklər üçün ortaq, ya da ayrı-ayrı əlifbaların tətbiq olunmasının daha uyğun olacağı məsələsi ətrafında müzakirələr aparılmışdı. Beş iclas davam edən müzakirələrdən sonra məsələ səsverməyə çıxarılmış və səs çoxluğu ilə latın qrafikalı yeni əlifbaya keçid qərara alınmışdır.

Bu silsilə yazılarda qurultayda aparılan ən diqqətəlayiq müzakirələrin icmal və elmi təhlilini təqdim etməyə çalışacağıq.

Yakovlev əlifba məsələsinin müzakirəsində üç əsas aspekti fərqləndirir. Birincisi, əlifba islahatının həyata keçiriləcəyi türk xalqları arasında mövcud olan mədəni və sosial şəraitlə bağlıdır. İkincisi, bu və ya digər əlifbanın tətbiqinin texniki baxımdan işlənməsini əhatə edir, yazı sistemi və orfoqrafiya ilə birbaşa əlaqədar olub, konkret bir dil üçün neçə qrafik işarənin zəruri olduğu məsələsini müəyyən edir. Məruzəçi işarələrin sayının müəyyənləşdirilməsi üçün müxtəlif üsulların mövcud olduğunu, həmçinin işarələrdən istifadə zamanı qənaət etmənin yollarından bəhs edir. O, üçüncü aspekt olaraq konkret bir dil üçün əlifba qrafikasının zəruriliyinin müəyyənləşdirilməsini qeyd edir.

 

Bu mənada, Yakovlev Qafqaz bölgəsində latın qrafikalı əlifbanın tədqiqi məsələsinin son dərəcə mürəkkəb mədəni və sosial şəraitdə həyata keçirildiyini xüsusi vurğulayır. Bu kontekstdə o, dini amilin ayrıca nəzərə alınmasının vacibliyini vurğulayır. Latın və ərəb qrafikalı əlifbalar arasındakı qarşıdurma fonunda gələcək müzakirələrdə diqqətin əsasən müsəlman mədəniyyətinə mənsub xalqlar üzərində cəmləşdirilməsinin zəruriliyini və konkret olaraq müsəlman ənənələrinin tarixi kökü və təsir dairəsinin nəzərə alınmalı olduğunu qeyd edir.

Qafqazda mövcud vəziyyət bu baxımdan olduqca xarakterikdir və milli yazı məsələsində özünü müxtəlif formalarda göstərir. Bir tərəfdən, inqilabdan əvvəl, ümumiyyətlə yazı sistemi olmayan, hazırda isə onu böyük çətinliklə formalaşdırmağa çalışan yazısız, digər tərəfdən isə, müəyyən yazı ənənələrinə malik olan xalqlara rast gəlinir. Məsələn, osetinlərdə yazı tarixinin təxminən, yüz ilə yaxın keçmişi olduğu halda, inquşlarda yazı sistemi yalnız son dövrlərdə meydana çıxmışdır.

Yakovlevin məruzəsində diqqət verdiyi mühüm məqamlardan biri Şimali Qafqaz xalqları arasında latın əlifbasının tətbiqi məsələsidir. Onun qənaətinə görə, latın qrafikasını ilk qəbul edən xalqlardan biri məhz inquşlar olmuşdur. Sosial tərkibinə və müsəlman ənənələrinin zəifliyinə görə onlar mədəni baxımdan ən geri qalmış xalqlardan biridirlər, faktiki olaraq formalaşmış yazı sisteminə malik olmamışlar. Bununla yanaşı, osetinlərin də latın qrafikasını ilk qəbul edən xalqlar sırasında yer alması diqqətəlayiqdir. Beləliklə, latın əlifbasına keçid prosesində paradoksal bir mənzərə yaranır: bu prosesdə həm mədəni baxımdan ən geri qalmış, həm də nisbətən ən qabaqcıl xalqlar ön sıralarda yer alırlar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!