Qurultayın ən mühüm və eyni zamanda ən çox mübahisə doğuran məsələsi əlifba ilə bağlı olmuşdur. Müvafiq bölmədə SSRİ-də yaşayan türklərin istifadə etdikləri ərəb əlifbasının dəyişdirilməsinin məqsədəuyğunluğu müzakirə edilmiş, onun yerinə kiril, latın əlifbasının, yaxud bu ərazidə yaşayan türklər üçün ortaq, ya da ayrı-ayrı əlifbaların tətbiq olunmasının daha uyğun olacağı məsələsi ətrafında müzakirələr aparılmışdır. Müzakirələr beş iclasdan sonra tamamlanaraq səsverməyə qoyulmuş, həlledici səslə latın əlifbası qəbul edilmişdir. Beləliklə, Egey sahillərindən Çin sərhədlərinə qədər ərazilərdə yaşayan bütün türklər latın əlifbası istifadə edəcəkdi.
Azərbaycanın və ümumtürk dünyasının tanınmış maarifçiləri, mütəfəkkirləri - M.F.Axundov, İ.Qaspıralı, A.Baytursunov, Ü.Hacıbəyli, M.Şahtaxtinski, H.Cavid, F.Köçərli, V.Xuluflu və başqaları ərəb əlifbasının modernləşdirilməsi, islah edilməsi və ya latın qrafikası ilə əvəz olunması məsələsini müxtəlif dövrlərdə müzakirə mövzusuna çevirmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə "Azərbaycan" qəzetində təşkil olunan geniş ictimai müzakirələr bu prosesin cəmiyyət üçün necə aktual olduğunu bir daha sübut edir. Türklərin latın əlifbasını qəbul etməsi, aydın olur ki, onların gələcəkdə kiril əlifbasına keçməsi üçün zəruri bir mərhələ idi. Məhz bu səbəbdən Sovet mərkəzinin nümayəndələri I Ümumittifaq Türkoloji Qurultaydan əvvəl türk xalqları arasında latın əlifbasının qəbul edilməsi yönündə təbliğat işi aparmışdılar. Yeni Əlifba Komitəsinin Türkmənistana, İdil (Volqa) boyu respublikalarına, Xivə və Krım hökumətlərinə müraciətlərinin əsasında yeni əlifbaya keçid məsələsi dayanırdı. 20 oktyabr 1923-cü ildə Azərbaycan hökuməti "Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi" haqqında qərarını elan etdi. Komitə yaradıldığı zaman Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə "Yeni yol" qəzeti latın qrafikası ilə nəşr olunmağa başlamışdı. Lakin buna baxmayaraq, həm latın, həm də ərəb qrafikası paralel şəkildə istifadə olunmaqda davam edirdi.
16 mart 1925-ci ildə Azərbaycan Sovetlər Qurultayının qərarı ilə I dərəcəli məktəblər latın qrafikasına keçidə başladı. Qurultayın elmi, siyasi, maliyyə və digər təşkilati məsələləri bütövlükdə Moskva tərəfindən hazırlanmışdı. 1926-cı ilə qədər vəziyyət bu şəkildə davam etmişdi. Lakin SSRİ siyasi elitasının türk xalqları üçün əlifbanın bu qədər "asanlıqla" dəyişdirilməsinə razılıq verməsi diqqətəlayiq və müəyyən mənada düşündürücüdür. Bu mövqe, əsasən, geosiyasi məqsədlərlə - türk xalqları arasında bütövlüyün zəiflədilməsi və xüsusilə, Türkiyə ilə ideya-mədəni yaxınlığın qarşısının alınması niyyəti ilə izah olunur. SSRİ latın qrafikasına keçidin təbliğini 1920-ci illərin əvvəllərindən etibarən sistemli şəkildə aparmağa başlamışdı. Latın qrafikasının tətbiqi məsələsi ilk dəfə 1920-ci il iyulun 3-də Azərbaycan Xalq Maarif Komissarlığının kollegiya iclasında qaldırılmışdı. Həmin il, noyabrın 11-də Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə türk əlifbasının islahatı layihəsini hazırlamaq üçün xüsusi komissiya yaradılmış, sədr professor Jüze təyin olunmuşdu. Digər tərəfdən, Türkiyədə M.K.Atatürkün rəhbərliyi ilə aparılan əlifba islahatı regionda tamam fərqli istiqamət almışdı. 1926-cı il qurultayının müzakirələrini və nəticələrini diqqətlə təhlil edən M.K.Atatürk T.Menzel, Y.Messaroş, F.Köprülüzadə, Ə.Hüseynzadə kimi mütəxəssislərin elmi məsləhətlərindən faydalanaraq strateji qərar verməyə zəmin yaratdı.
Türkiyədə yaşayan azərbaycanlı siyasi mühacirlər latın qrafikasına keçid məsələsində fəal iştirak etmişlər. Onların təşəbbüsləri M.K.Atatürkün ideoloji-modernləşdirici xətti ilə üst-üstə düşürdü. Atatürk Osmanlı dövrünün idarəçilik və mədəniyyət modelindən uzaqlaşaraq, yeni - dünyəvi bir nəsil yetişdirməyi qarşısına məqsəd qoymuşdu. Mühacirlərin təşəbbüsləri bu strategiyanın praktik təzahürü kimi dəyərləndirilə bilər və latın qrafikasına keçidin yalnız texniki deyil, həm də siyasi-mədəni əhəmiyyətini ortaya qoyurdu. Bu proses, həmçinin türk dünyasında dil və mədəniyyət birliyinin təşviqi ilə regionda ideoloji nüfuzun gücləndirilməsi məqsədini daşıyırdı. 1926-cı ildə Maarif Vəkalətinin tapşırığı ilə bu mövzuda macar alimi Kuhne əlavə hesabat hazırlamışdı. Hesabatında qeyd edirdi ki, yazı texnikası yalnız tədris deyil, həm də birinci dərəcəli sivilizasiya məsələsidir. Onun fikrincə, türklər macar və fin dillərindəki kimi transkripsiya sistemi qəbul etsələr, bu, Qərb mədəniyyətinə inteqrasiyanı asanlaşdıracaq. Kuhnenin hesabatından qısa müddət sonra M.K.Atatürk macar əlifbasını araşdırmağa başlamış, 1927-ci ilin iyununda latın qrafikasının qəbul edilməsinin zamanı çatdığına qərar verərək, Maarif Vəkalətinə latın əlifbasının tətbiqi üçün lazımi hazırlıqların başlanması üçün göstəriş vermişdi (bax: Mustafa Öner. 1926 Bakü I Türkoloji Kurultayı. Ankara, 2008.). Latın qrafikasına keçidin Azərbaycanın və digər türk respublikalarının ərazisində tətbiqi Atatürk Türkiyəsi üçün mürəkkəb və ikili xarakter daşıyan bir proses idi.
1920-ci illərin ortalarında SSRİ-də başlanan latınlaşdırma hərəkatı zahirən türk xalqları üçün modernləşmə tədbiri kimi təqdim olunsa da, Ankara bu prosesin arxa planındakı siyasi məqsədləri diqqətlə izləyirdi. Sovet rəhbərliyinin latın qrafikasına keçidi təşviq etməsi, ilk baxışda, Türkiyənin islahat xətti ilə paralel görünürdü, lakin bu, mahiyyətcə tamamilə fərqli ideoloji bazalara söykənmişdi. Moskva üçün latın əlifbası türk xalqlarını ərəb-islam mədəniyyət çevrəsindən uzaqlaşdırmaq və gələcəkdə kiril qrafikasına keçid üçün mərhələ yaratmaq vasitəsi, Türkiyə üçün latın qrafikası modern millət quruculuğu və Qərbə inteqrasiyanın rəmzi idi. Bu səbəbdən SSRİ məkanında aparılan əlifba islahatlarının Ankarada həm maraq, həm də narahatlıq doğurması təbiidir. Bir tərəfdən, müstəqilliyini itirmiş türk respublikalarının yeni yazı sisteminə keçməsi mədəni yaxınlaşma üçün nəzəri imkanlar yaradırdı, digər tərəfdən isə, həmin prosesin sovet nəzarəti altında aparılması bu yaxınlaşmanın Ankara tərəfindən yönləndirilə bilməyəcəyi anlamına gəlirdi. Beləliklə, latın qrafikasına keçid Türkiyə üçün strateji baxımdan həm fürsət, həm də geosiyasi risk mənbəyi idi. Məhz bu ikili vəziyyət Türkiyə mətbuatının və ictimaiyyətinin 1926-cı il I Ümumittifaq Türkoloji Qurultayına münasibətini müəyyənləşdirmişdi. Dövrün qəzetləri qurultay barədə məlumat versələr də, açıq dəstək göstərmədən, əsasən müşahidəçi mövqe nümayiş etdirdilər. Qurultaya dəvət olunan şəxslərin latın əlifbasını dəstəkləyənlər olmasına xüsusi diqqət yetirilmişdir. Məhz bu səbəbdən Türkiyə alimləri qurultayda iştirak etmək istəməmişlər və ictimaiyyət də belə qurultaya gözlənilən maraq göstərməmişdir. Qurultaya Türkiyədən heç bir jurnalist göndərilməmiş, ictimai rəy və mətbuat qurultayla bağlı xəbərlərə, demək olar ki, yer verməmişdir. Mətbuatda yayılan yazılar diqqətlə təhlil edildikdə, Türkiyənin həmin prosesə ideoloji deyil, daha çox ehtiyatlı diplomatik tərəfdən yanaşdığı görünür. Bu ehtiyatlılıq həm Sovet İttifaqı ilə münasibətlərin kəskinləşməsinə yol verməmək, həm də SSRİ daxilində latınlaşmanın uzunmüddətli strateji nəticələrini dəqiq qiymətləndirmək zərurəti ilə bağlı idi. Bu dövrün mətbuat müzakirələri Türkiyədə müxtəlif ideoloji cərəyanların mövqelərini açıq şəkildə üz-üzə gətirmişdi. M.K.Atatürkün modernləşdirici xəttini təmsil edən "Hayat" jurnalı və "Hakimiyet-i Milliye" qəzeti latın qrafikasına keçidi zəruri bir islahat kimi təqdim edirdisə, turançı çevrələrin platforması sayılan "Türk Yurdu" jurnalı və "İkdam" qəzeti bu məsələni daha ehtiyatlı, hətta tənqidi mövqedən qiymətləndirirdi. Latın qrafikası ilə bağlı müzakirələr yalnız bir neçə orqanın mövqeyi ilə məhdudlaşmamış, əksinə, həmin dövrün, demək olar ki, bütün türkcə qəzet və jurnallarında geniş şəkildə işıqlandırılmışdı.
Mətbuat ictimai fikrin formalaşdırılmasında əsas vasitə rolunu oynayır, müxtəlif intellektual qrupların əlifba məsələsinə münasibətini ictimaiyyət izləyirdi. Atatürkün mövqeyini əks etdirən qəzetlərdə latın əlifbasının qəbul edilməsinin zəruriliyi və bu məqsədlə mütəxəssislərdən ibarət xüsusi bir komissiyanın yaradılması ideyası ardıcıl şəkildə ictimaiyyətin diqqətinə çatdırılırdı. Bu nəşrlərdə latın qrafikasına keçid Türkiyənin modernləşmə strategiyasının tərkib hissəsi kimi təqdim edilir, islahatın həm praktik, həm də mədəni üstünlükləri vurğulanırdı. Əks cəbhədə isə "İkdam" qəzetinin baş redaktoru, turançı ziyalı Əhməd Cövdət Oran latın əlifbasına qarşı çıxmış, bu keçidin türk xalqları arasında mədəni parçalanma yaradacağı barədə xəbərdarlıq etmişdi. Onun fikrincə, müxtəlif coğrafiyalarda yaşayan türklərin fərqli yazı sistemlərinə keçməsi ümumtürk mədəni vahidliyini zəiflədə bilər. Diqqətəlayiq məqamlardan biri də odur ki, həmin dövrdə liberal-turançı mühitin aparıcı simalarından sayılan Mehmet Fuad Köprülüzadə ərəb qrafikasının qorunması istiqamətində fikirlər səsləndirirdi. Bu, Türkiyə intellektual mühitində əlifba məsələsinin nə qədər mürəkkəb və çoxqatlı bir ideoloji problemə çevrildiyini göstərir. Nəticə etibarilə, Türkiyə ictimaiyyəti və siyasi dairələri Bakı qurultayına nə tam rəğbətlə, nə də rəddedici şəkildə yanaşmışdır. Onların mövqeyi daha çox ehtiyatlı müşahidə və uzunmüddətli geosiyasi çərçivəni nəzərə almaq prinsipi üzərində qurulmuşdu. Bu mövqe həm modernləşmə strategiyası, həm də dövrün beynəlxalq reallıqları ilə uzlaşırdı. Türkiyə 1928-ci ildə ərəb qrafikasından latın qrafikalı əlifbaya keçidi rəsmi şəkildə bəyan etdi - bu islahat Moskva üçün həm sürətli, həm də gözlənilməz addım idi.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
