Dilqəm ƏHMƏD
2023-cü ildə İstanbulda yaşayan tarixçi həmkarım Zülfiyyə Günəş xanım sevinclə mənə bir xəbər verdi: Yas mərasimində İkinci Dünya müharibəsindən sonra Türkiyəyə gələn bir azərbaycanlının qızı ilə tanış olub. Zülfiyyə xanım elmi işimin bu mövzuda olduğunu bildiyi üçün xanımın əlaqə vasitələrini götürərək, tezliklə ziyarətinə gələcəyimizi demişdi.
27 dekabr 2023-cü ildə - həmin xanımın ad günündə evinə yollandıq. Həyat yoldaşı ilə bizi gülərüz qarşılayan bu xanım azərbaycanlı Zöhrab Kəsəmənlinin qızı Rana Gökkaya idi... O qadın ki, Əbdürrəhman Fətəlibəylinin nəşr etdiyi "Milli birlik" dərgisində onun oğlu Əli ilə yanaşı təsviri verilib...
Rana xanımın ad gününü qeyd etdikdən sonra atasından qalan arxivə baxmağımızı xahiş etdik. Gətirdiyi bir neçə qovluğu qarşımıza qoyduqda mühüm bir arxivə qovuşduğumuzu o an fərq etdik. İcazəsini aldıqdan sonra arxivdəki materialların surətini almağa başladıq. Bununla da İkinci Dünya müharibəsində almanlara əsir düşmüş, daha sonra həyatı İtaliya, Misirdə keçmiş, nəhayət, Türkiyəyə gəlmiş Zöhrab bəyin hekayəsi gözümüzdə canlandı.
Ailə arxivində Zöhrab bəyə aid müxtəlif vəsiqələr, İtaliyada, Misirdə çəkilmiş fotoşəkillər mövcuddu. Ən qiymətli materiallardan biri isə yarımçıq qalmış xatirə dəftərləri idi. Bir kitab projesinə bənzəyən bu dəftərdə 19 başlıqdan ibarət içindəkilər qismi hazırlanıb. Daha sonra öz həyat hekayəsini qələmə alıb. Girişdə xatirələri 1 may 1953-cü ildə qələmə aldığı qeyd olunub. Digər dəftərin üzərində isə yazılıb: "Rana Kəsəmənliyə. Həyatımın önəmli xatirələri. 1.5.1958. İmza". Hər iki xatirə qızı Rana xanıma müraciətlə yazılıb, girişdə duyğulu ifadələr işlədilib.
.jpg)
"Bolşeviklər üzündən ailəmizin çoxu öldürüldü"
Zöhrab bəy 3 may 1917-ci ildə Qazaxın Kəsəmən kəndində doğulub. İkinci Dünya müharibəsində almanlara əsir düşüb, müharibədən sonra qaçqın düşərgələrində yaşayıb. Arxivindəki dəftərin birində soykökü haqqında bu bilgiləri verib: "...Kəsəmən kəndini babalarımız qurub və sülaləcə o soyadından gəlirik. Ailəmiz vilayətimizin tanınmış və nisbətən də zəngin ailələrindəndir. Eyni zamanda çox geniş bir ailəyə mənsubuq. Fəqət bolşeviklər üzündən ailəmizin çoxu öldürüldü və ya öldü. Geri qalanlar da ana yurdumuzu tərk edərək uzaq vilayətlərə yerləşdilər... Oradan qurtulduğum üçün bəxtiyar insanam. Fəqət Vətənini, ailəsini, əqrəba və dostlarını tərk edən bir insanın nə qədər bədbəxt olduğunu sən təqdir et. Allah səbəb olanlara çəkdiyimiz acıları çəkdirsin".
Bu dəftərində o, daha çox uşaq vaxtı itirdiyi anasının xəstəliyindən, onunla olan xatirələrindən bəhs edib. Dəftərin sonunda İbrahim Xəlil adlı azərbaycanlı bir dostuna yazdığı məktubun mətni də var. Orada uşaqlıq xatirələrindən bəhs edib.
Digər dəftərdə isə, ailəsi barədə daha geniş bilgi verib: "Əsl adım Söhrabdır. Soyadım Kəsəmənlidir. Atamın adı Məhəmməd ağadır. Anam İsaf xanımdır. Doğulduğum yer rusların işğalı altında olan Azərbaycanın Qazax qəzasının Kəsəmən kəndidir. Bu kənd sülaləmiz tərəfindən Gürcüstan hüduduna yaxın Kür çayının kənarında qurulmuş və çox əski bir keçmişə sahibdir... Babamın cins atları məşhurmuş. Babam və atam çox yaxşı at sürər və çox yaxşı silah istifadə edərlərmiş. Atam çox kiçik yaşlarından etibarən babamdan ayrılıb. Sadəcə bir atı və bir də silahı varmış. Heyvan və zirai məhsulu alqı-satqısıyla işə başlamış və az bir zamanda xeyli zənginlik təmin etmişdi. 1920-ci ildə kommunistlər Azərbaycanı işğal etdikləri zaman babamın və atamın bütün var-dövlətini yağmalamışlar. Babamı öldürmüş, atamı da həbs etmişlər. Əmilərim başqa əqrəbalarımıza sığınmışlar. Anam da məni götürərək öz əqrəbalarının himayəsinə sığınmışdır. O zamanlar mənim üç yaşım vardı. Atam bir il həbsdə qaldıqdan sonra bəzi tanışlarının yardımıyla həbsxanadan çıxmışdır. Atam həbsxanadan çıxdıqdan sonra kəndimiz Kəsəməni tərk etmək məcburiyyətində qalmışdır. Kommunistlərin gəlişindən çox da zərər görməyən bəzi əqrəba və tanışların topladıqları yardımlarla qəza mərkəzimiz olan Qazax şəhərinə yerləşmişik. Atam kiçik ticari işlərlə məşğul olaraq bizi keçindirməyə başlamışdır. Kommunistlərin təzyiq və qorxusundan bütün ailə, əqrəba və yaxınlarımızın hərəsi bir tərəfə köçməyə məcbur olmuşdur. Kimsə kimsəylə təmas edə bilməmiş. Təsadüfən rastlaşdıqları zaman, ya tanımazlıqdan gəlirlərmiş, yaxud da çox az bir təmasla həmən bir-birindən ayrılırlarmış. Ona görə də mən də əqrəba fərdlərini çox yaxından tanıya bilmədim".
.jpg)
"Kommunistlər qorxunc planlarına başladılar"
Daha sonra Zöhrab bəy bolşeviklərin yeni iqtisadi siyasətlərinin mahiyyətini açıqlayıb, ailəsi ilə bağlı bəzi bilgilər verib: "Kommunistlər məmləkətimizi işğal etdikdən sonra NEP adı verdikləri bir siyasət təqib etdilər. Yəni 1928-ci ilə qədər tam sərbəstlik verdilər. Məqsədləri işğal ərəfəsində gizlədilmiş sərvətlərin ortaya çıxmasını təmin etməkdi. Qorxunc məqsədlərini yürütmək üçün xalqı qafil yaxalamaq gərəkirdi. 1929-cu ildə kommunistlər qorxunc planlarına başladılar. Zəngin və rejim əleyhdarı sandıqları şəxsləri birdəfəlik məhv etməyə başladılar. Kəndimizi tərk edib qəza mərkəzinə yerləşməyimizdən 4 il sonra ibtidai məktəbə başladım. Birinci sinfi bitirdikdən sonra anamı itirdim. Anamın xəstəliyini xatırlayıram, fəqət həmin vaxt xalamla yaylağa getdiyim üçün öldüyünü görmədim. Anam öldüyü zaman məndən başqa iki qardaşım vardı: Əşrəf və Fərhad. Anam öldükdən bir ay sonra qardaşım Əşrəf vəfat etdi. Onun da ölüsünü görə bilmədim. Biz çox kiçik olduğumuz üçün atam evlənmək məcburiyyətində qalmış və tanınmış ailəyə mənsub Sarabəyim adında bir qadınla evlənib... Ögey anamdan da iki bacım oldu. Birincisi öldü, digəri yaşayırdı. Adı Həmayıldı. 1928-də doğulduğuna görə indi 30 yaşında olmalıdır. Onu ən son 1937-ci ildə gördüm... Kommunistlərin NEP adı ilə verdiyi müvəqqəti sərbəstlikdən istifadə edən atam xalı və digər ticari işlərlə əldə etdiyi pulla Qazax şəhərində bir ərazi aldı və 4 otaq, mətbəx, balkon və soba olmaqla ağ daşdan bir ev tikdi. Evimiz Qazax şəhərinin Dəbbəxana istiqamətindədir. Evimizin önündə 250 metr uzunluğunda və 50 metr enində bir bağçamız vardı. Evimiz və bağçamız Poylu arxı ilə Ağstafa çayının arasında olduqca gözəl bir mənzərəyə sahibdi. Bağımızın arxası Ağstafa çayının sahilinə qədər uzanırdı. Bağçamızın arxası o qədər gözəl bir mənzərə təşkil edirdi ki, oradan hər tərəfi görmək olurdu. Qazaxa ən uzaq kəndlərin çoxunu oradan görmək mümkündü. 150-160 metr aşağıdan axan Ağstafa çayının kilometrlərcə uzaqlardan gəlişini və gedişini seyr etməkdən insan doymurdu. Bağçamızda hər cür meyvə və gül vardı. Rəhmətlik atam sabah və axşamları o ağaclara, güllərə, çiçəklərə yorulmadan xidmət edərkən necə böyük zövq alardı. Bəzən də "mən əkirəm, sən meyvəsini qoparacaqsan, gəl mənə yardım et" deyərək danlayardı. Atam bağçada çalışarkən mən də oynamağa qaçardım. Atam bu hərəkətimə çox vaxt hirslənərdi".
Birinci dəftərdəki xatirələr burada bitir. Xatirənin sonunda Zöhrab bəy evlərinin xəritəsini çəkib. Arxivdən çıxan bir vərəqdə Zöhrab bəyin növbəti dəfə bioqrafiyasına dair qeydlər yazdığını görürük. Burada babasının adının Cəfər olduğunu qeyd edib. Ən maraqlısı odur ki, polkovnik Şirin bəy Kəsəmənlinin böyük əmisi olduğunu bildirib: "Rəhmətlik Şirin bəy əvvəlcə çar ordusunda, ən son milli ordumuzda çox sevilən bir kişi imiş".
.jpg)
Qırx ildən sonra gələn möcüzə
Zöhrab bəyin 20 aprel 1983-cü il tarixində yazdığı bir qeyddən onun həyatı haqqında önəmli bilgilər öyrənirik: "İkinci Cahan hərbinin qaçılmaz müqəddəratının nəticəsi olaraq 40 ildən sonra bir möcüzə şəklində 1941-ci ildə Azərbaycanda qoyduğum oğlum Tariyel və bacım Həmayılın sağ olduğunu öyrəndim. Finlandiya hərbində iştirak etmək üçün 22 dekabr 1939-cu ildə Azərbaycandan ayrılaraq ilk vəzifə yerim olan Polşaya getdim. Polşaya gəlişimdən ilyarım sonra bir oğlum olduğunu və öz istəyimə görə adının Tariyel qoyulduğu xəbərini aldım. O gündən sonra nə üzünü görmədiyim oğlumun, nə də 8 yaşında buraxdığım və canımdan çox sevdiyim bacım Həmayıldan bir xəbər almışdım. Gecə-gündüz Allaha dua edərək geridə qoyduqlarımdan xoş xəbər almaq üçün dua etdim. Nəhayət, 1981-ci ildə 40 il səbirlə gözlədiyim Azərbaycandan gələn möcüzəli xəbəri aldım".
Zöhrab bəy oğlunun evləndiyini, bir qız və bir oğlu olduğunu, bacısı Həmayılın isə bir uşaq evinin müdiri kimi çalışdığını yazıb.
.jpg)
Qaçqın düşərgələrində
Rana xanımın arxivindəki sənədlərdən onun Avropadakı həyatına dair bəzi bilgiləri öyrənmək mümkündür. 1947-ci il 3 mart tarixli bir sənəddə qeyd olunur ki, Zöhrab bəy 158 türk qaçqınının qrup rəhbəri olub, qrup adından Beynəlxalq Qızıl Xaç pasportlarını almaq üçün Romaya gedib. Həmçinin İtaliyadakı Reggio Emilia düşərgəsinin komandanı tərəfindən Beynəlxalq Qızıl Xaçın Müsəlman Komitəsinə göndərilən 10 iyun 1947-ci il tarixli başqa bir sənəddə də Zöhrab bəyin türk qrupunun rəhbəri olduğu və 300 türk adından rəsmi iş üçün Romaya getməkdə olduğu bildirilib. Qaçqınlara yardım göstərən "İslamlara Hayır Kurumu"nun rəhbəri Bahri Urman - Emirza tərəfindən 23 aprel 1947-ci ildə yazılmış məktubda Zöhrab bəyin türk qrupunun nümayəndəsi kimi təşkilatın şurasına üzv qəbul edildiyi qeyd olunub. Başqa bir sənəddə isə Zöhrab bəy türk qrupunun rəhbəri (3-cü düşərgə) və 14-cü düşərgədəki türk məktəbinin müəllimi kimi göstərilib.
"İslamlara Hayır Kurumu" tərəfindən Kəsəmənliyə verilmiş digər bir sənəddə onun doğulduğu yer kimi Qars şəhəri yazılıb. Doğum yerini Türkiyə kimi göstərmək Sovet vətəndaşı olmuş İkinci Dünya müharibəsi qaçqınlarının sənədlərində geniş yayılmış bir hal idi. Bunun səbəbi Sovet vətəndaşı sayılaraq ruslara təhvil verilməmək və Türkiyəyə gedə bilmək idi. Elə bu məqsədlə 21 yanvar 1947-ci il tarixli bir sənəddə onun haqqında yazılıb: "İtaliyanın Piza şəhərindəki 339 nömrəli əsir düşərgəsində hərbi sorğu-suala cəlb edilmiş və Türkiyə vətəndaşı olduğu ehtimal edilir".
Arxivdəki digər bir sənəddə onun Reggio Emilia şəhərində yaşadığı və qaçqın statusunda olduğu göstərilib. Bu sənəd İtaliyada müvəqqəti yaşayış icazəsi kimi istifadə olunurdu.
Zöhrab bəy 1948-ci ildə Misir şahzadəsi İbrahimin dəstəyi ilə türk və müsəlman qaçqınlarla birlikdə gəmi ilə Misirə yola düşüb. O, şəxsi arxivində bu səfərlə bağlı maraqlı fotoşəkillər saxlayıb. Arxivindəki 16 sentyabr 1949-cu il tarixli vəsiqədə Zöhrab bəyin Beynəlxalq Qaçqınlar Təşkilatının Qahirə filialının himayəsində olduğu qeyd edilib. 1949-cu ildə Misirdə yaşayan türk qaçqınların Türkiyəyə gətirilmələri ilə bağlı prezident İsmət İnönünün qərarından sonra Zöhrab bəy İstanbula gəlib.
Türkiyəyə yerləşdikdən sonra dərnək quruculuğunda iştirak edən Zöhrab bəy möhtac mühacirlərə yardım edib, onların təşkilatlanmasında rol oynayıb. Azərbaycan Kültür Dərnəyinə üzv olan Zöhrab bəy 24 aprel 1963-cü ildə bu təşkilatda "İstiladan sonra Azərbaycan" mövzusunda mühazirə oxuyub. Kəsəmənli Cümhuriyyətin işğalı, İkinci Dünya müharibəsində Azərbaycan əsgərlərinin vəziyyəti ilə bağlı məlumat verib.
.jpg)
Fotoşəkillərdə qalan bilgilər
Zöhrab bəyin arxivindəki ən qiymətli fotoşəkillər Neapoldan İskəndəriyyə şəhərinə gəmi ilə aparılarkən çəkilənlərdir. Toplu fotoda Misir şahzadəsi Amir İbrahim də yer alıb. Gəmi İskəndəriyyəyə gedərkən Krit adası yaxınlığında bir neçə fotoşəkil çəkdirilib. Həmin fotoların birinin arxasında yazılıb: "Krit adası yaxınlığında. Misirə iltica edilərkən vapurda çəkilmiş". Gəmidə çəkilmiş digər bir şəklin arxasında hər kəsin kimliyi yazılıb, xüsusi bir qeyd verilib: "Koroğlu ilə İbrahim Xəlil Fələstin hərbində öldülər". Əsasən azərbaycanlıların olduğu qafilə İskəndəriyyəyə endikdən sonra da toplu şəkil çəkdiriblər. Digər bir fotoşəklin üzərində yazılıb: "1947-ci ildə Misirin İskəndəriyyə şəhərindəki karantin kampında Zöhrab prens Amir İbrahimə rapor verərkən". Başqa bir şəklin üzərində bu qeyd verilib: "Prens Amir İbrahim, Mansur paşa və Zöhrab. 1947-də İskəndəriyyədə".
Ailə arxivində Zöhrab bəyin və qızının İtaliyada kamplarda çəkilmiş bir neçə şəkli də mövcuddur. Piza qaçqın düşərgəsində çəkilmiş Rana xanımın uşaqlıq fotoşəklinin arxasında yazılıb: "Bu rəsm ən qorxunc günlərin xatirəsidir. Amerikanlar bizləri ruslara təslim etmək üçün. Pizadakı əsarət kampının xatirəsidir. 1947". Zöhrab bəy özü kimi müharibə əsiri olan azərbaycanlı, krımlı, çərkəz qaçqınların fotoşəkillərindən ibarət xatirə albom vərəqi də hazırlayıb.
Ailə arxivində Zöhrab bəyin müxtəlif illərə aid fotoşəkilləri də vardı. Onlardan biri mühacir Əli Volkanla çəkilib. Həmçinin Azərbaycandakı qohumlarından gələn fotoşəkillər də mövcuddur.
Zöhrab bəy 5 may 1990-cı ildə vəfat edib. İstanbuldakı Dədələr məzarlığında bu ailəyə aid aşağıdakı məzarlar mövcuddur:
Zöhrab Kəsəmənli (1917-05.05.1990)
Müzəyyən Kəsəmənli (1922-01.02.2011)
Özgür Dilbər Gökkaya (-27.10.1977)
Rana xanımın xatirələri
Ailə arxivini araşdırdıqdan sonra Rana xanımdan atası ilə bağlı xatirələrini danışmasını istədik. O, bizə bu bilgiləri verdi:
"Berlində doğulmuşam. Atamla anam ayrıldıqdan sonra atamda qaldım. Ailə həyatı qurduqdan sonra da Almaniyada yaşadım. Atam zamanında Berlin divarının yaxınlığındakı yıxılan bir kilsənin divarında silah gizlətmişdi. İlk gəzintimizdə o silahı axtardı, tapa bilmədi. Atamın gömrükdən keçərkən hər dəfə bənizinin saraldığını görürdüm, çünki oradakı xatirələri canlanırdı. Berlində olarkən doğulduğum evi göstərmişdi. Qızımı itirdikdən sonra Almaniyada yaşamaq istəmədim, atam da, yalnız indi, geriyə qayıtdım. Hazırda bir oğlum, iki qızım var. Həyat yoldaşımla birgə yaşayıram. Atam müəllim məktəbində oxuyubmuş. Müharibə başlayanda rus ordusunda əsgər olaraq aparıblar. Sonra almanlara əsir düşüb. Geri qayıtdığı zaman öldürüləcəyini bildiyi üçün qaçqın düşərgəsində özünü azərbaycanlı kimi deyil, Türkiyə türkü kimi tanıdıb. Ona görə də Türkiyədən olan bir şəxsdən Eminönünün bütün yollarını, İstiqlal Marşını öyrənib. Hətta bir dəfə ona işgəncə veriblər ki, azərbaycanlı olduğunu desin, amma o inkar edib, İstiqlal Marşını oxuduqdan sonra buraxıblar. Atam qaçqınlarla birgə İnönüyə müraciət edir, amma o zaman İnönü qəbul edə bilmir. Ona görə də atam Vatikana müraciət edir, bir il papanın himayəsində qalır. Ondan sonra Misir şahzadəsi ilə Qahirəyə gedirlər. 1950-ci ildə onların Türkiyəyə gəlməyinə icazə verilir, öncə Sirkecidə bir müsafirxanada qalırlar. Anam kral Farukun qohumu şahzadə Əminə xanımın Modadakı köşkündə işləyirdi. Orada tərcüman idi. Atam isə Paşabahçedə çox köhnədən gələn bir azərbaycanlının fabrikində gözətçi olaraq çalışır. Bir gün ruslar gəlib o fabriki almaq istəyir, amma tərcüman tapa bilmirlər. Atam deyir ki, mən sizə tərcümanlıq edərəm. İnanmırlar ki, bir gözətçi haradan biləcək bu işi?! Yoxladıqdan sonra görürlər ki təhsilli insandır, tərcüman olaraq qəbul edirlər. Beləliklə, atam gözətçilikdən başlayır, bir dəmir şirkətinin ümummüdiri olaraq təqaüdə çıxır. Anamın sonrakı həyatı haqqında çox şey bilmirəm. Sonradan ailə həyatı qurub, öncə Sivasda, sonra Ankarada yaşayıb. Atamla anam qaçqın düşərgəsində tanış olmuşdular. Bir gün atama xəbər verirlər ki, iki azərbaycanlı əsir düşüb. İsfəndiyar adlı bir dostu ilə birlikdə gedib onları tapırlar, sonra anamla atam, digər qadınla da dostu evlənir. Həmin qadınlar məktəb yoldaşı imişlər. Digər qadın Mina xanımdı. Sonra Berlində mən doğulmuşam. İtaliyaya keçdikləri zaman orada boşanıblar. Anam Fəyyaz Köseoğlu adlı bir şəxslə evləndi. Ondan da bir oğlu, qızı oldu. 55 yaşında xərçəngdən vəfat etdi. Fəyyaz bəy daha sonra Atatürkün doktorunun qızı ilə evləndi.
Atamın azərbaycanlı tanışları arasında kürkçü Hüseyn, şair Əli Volkan vardı. Əli Volkanın Tomris və Nərgiz adlı iki qızı vardı. Atam yəhudilərə edilən işgəncələrdən danışardı. Eləcə də özlərinin çəkdikləri aclıqlardan bəhs edərdi. Bir dəfə Qahirədə ikən fala baxdırmışdı. Falçı qadın demişdi ki, sən Fələstin hərbinə getdiyində diqqət et, üzündən yara alacaqsan. Həqiqətən də, atam o savaşda üzündən qılınc yarası aldı. Atam gündəliklər tutardı, ədəbiyyat bilgisi qüvvətli idi. Məni sinemaya, teatra aparardı. Vəfat edən qızımı çox sevərdi. Atam Cağaloğlundakı Azərbaycan dərnəyində idi, mən də folklor qrupunda idim".
"Oğlunu görə bilmədi"
Rana xanım Zöhrab bəyin oğlu ilə əlaqə qurması haqqında isə bunları danışdı:
"Ələkbər əmi vardı, gözlük ticarəti ilə məşğuldu. O, bir dəfə Azərbaycana getdiyi zaman bir ziyafətdə ondan soruşurlar ki, Türkiyədə kimlər var? O da deyir ki, Kəsəmənlilərdən Zöhrab bəy var. Oradakıların əksəriyyəti professor idilər və atamın oğlu Tariyeli onunla tanış edirlər. Ələkbər əmi qayıtdığı zaman bizə gəldi və atama dedi ki, sənə sürprizim var. Atam "nədir?" soruşduğu zaman "oğlunu tapdım" dedi. Atam şok oldu, fənalaşdı. Atam onun gəlməsi üçün çox çalışdı, yazışmalar oldu. Onun gəlməsi ərəfəsində atam infarkt keçirtdi. Vəfatından iki gün öncə qardaşım zəng elədi, gələcəyi tarixi dedi. Atama bu xəbəri verdim, dedim ki, "gözün aydın, oğlun gələcək". Əli ilə tutdu məni, baxdı. Təəssüf ki, oğlunun gəlişini görə bilmədi. Qardaşımı mən qarşıladım. Atamın bağçasından güllər gətirmişdi. Atamın məzarına apardım, ona aid bəzi şəxsi əşyaları oğluna verdim".
Qeyd edək ki, Türkiyədə Ziyad Ebüzziya arxivində saxlanılan qaçqın məktubları arasında Zöhrab bəyin də bəzi yazışmaları vardır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
