Dilqəm ƏHMƏD
Noyabr ayının 22-si İstanbulun Yeniköy qəsəbəsində vaxtilə İrəvanın Talın bölgəsindən Qarsa köçmüş Hüseyn xan Talınlının qızı Güvən xanımla görüşdüm. Qərbi Azərbaycandan köç edən mühacirlərlə bağlı araşdırma apardığım üçün Hüseyn xanın həyat hekayəsini ailə arxivi əsasında öyrənmək istəyirdim. Güvən xanım atasına aid nadir fotoşəkilləri, sənədləri təqdim edərkən, illərdir adını eşitdiyim, amma heç bir kitabxanada tapa bilmədiyim "Hemşehri" adlı qəzetin iki nömrəsini gördüm. Bu qəzet barədə mənə ilk dəfə tədqiqatçı Cumhur Turan məlumat vermiş, mütləq axtarıb tapmağımı istəmişdi. Təsadüfdən həmin qəzetin iki sayı qarşımda idi. Qəzeti musiqiçi Erol Özaydın çıxarıb və səhifələrdə mühacirətdəki Azərbaycan musiqi ifaçıları barədə maraqlı məlumatlar verib.
Ayda bir dəfə sosial-mədəni qəzet kimi çıxan "Hemşehri"nin ilk sayı 1979-cu ilin fevralında işıq üzü görüb. Qəzetin sahibi və yazı işləri müdiri Erol Özaydın, müəssisə müdiri Cəfər Salman olub. Qəzetin ilk səhifəsində məqsəd bu şəkildə izah olunub: "Qəzetinizin adını "Hemşehri" qoyduq. Həyatda hər kəsin bir çox idealı ola bilər. Amma mənim öyünəcəyim tək nəsnəm həmşərilərimdir. Mən onları dünyaya dəyişmərəm. Bu mənim duyğum, eşqim, hər şeyimdir. Qəzetinizin çıxış qayəsi hər biri ayrı-ayrı bir cövhər olan və bir-birinə qardaşdan daha çox bağlı olan sizləri bu nəşrimizlə yaxınlaşdırmaq, unudulanları xatırlatmaq, küncdə-bucaqda qalanları üzə çıxartmaq, səsini eşitdirə bilməyənlərə tərcüman olmaq, şadlığınızda və (Allah uzaq etsin) qara günlərinizdə yanınızda, yaxınlığınızda olmaq və ... daha necə ali və əsil xidmətlərdə bulunmaqdır".

Qarslı həmşərilərinə müraciət edən Erol Özaydının özü də 12 avqust 1939-cu ildə Qarsda doğulub. Bu şəhərdə Azərbaycan orkestri yaradan Erol bəy musiqimizin Türkiyədə tanıdılmasında önəmli rol oynayıb, plastinka şirkəti yaradıb, Azərbaycan cəmiyyətlərinin tədbirlərində iştirak edib (Onun fəaliyyəti haqqında "Türkiyədəki Azərbaycan Cəmiyyətləri (1920-1991-ci illər)" adlı kitabımızda ayrıca məqalə mövcuddur).
Qəzetin ilk sayının birinci səhifəsində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasının İzmirdəki tamaşası ilə bağlı məlumat verilib. Növbəti səhifələrdə Qarsın tanınmış aktyoru və musiqiçilərindən Fərmani Baydakın öz dilindən həyat hekayəsi dərc olunub, onun "Arşın mal alan"da oynayan sənətkarlarla birgə təsviri göstərilib. Qəzetin növbəti səhifələrində uşaqlar üçün nağıllar, "Qodu-qodu" nəğməsinin mətni verilib. Eləcə də İrəvan əsilli mətbəəçi Həmid Turanın və digər qarslı, iğdırlı şəxslərin həyat hekayələri təqdim olunub.
"Gəncə üsyanında yaralandım"
Qəzetin bu sayındakı ən qiymətli məqalə isə gəncəli xanəndə Məhəmmədhüseyn Berkin həyat hekayəsinin öz dilindən təqdim olunmasıdır.
"1900-cü ildə Gəncə şəhərinin Eldarlar küçəsində anadan olmuşam. İlk və orta təhsilimi xüsusi məktəblərdə (Mirzə Səməd, fars Abbas bəyin məktəbləri) almışam. Atamın vəfatına görə liseyin ikinci sinfindən ayrılaraq Cəmiyyəti-Xeyriyyədə katib müavini olaraq iş həyatına qədəm qoydum. Musiqi həyatına isə İrəvanda erməni məhəlləsindəki Tiflis caddəsində Məhəmməd ağa, Şeyxülislamov Cəlal bəy, Mirzə Əli Məhzun, Kumbaraçı Yusif bəyin idarə etdikləri teatrda oynanılan "Məşədi İbad"da qoçu yamağı olaraq başladım (1917). Daha sonra bu teatrda oynanılan "Arşın mal alan", "Əsli və Kərəm", "Şeyx Sənan" və bunabənzər bir çox opera, operetta və skeçlərdə rolum oldu.
Uşaqlıqdan bəri səsimin çox yaxşı olduğunu söyləyən çevrəmin təsiri ilə musiqi həyatına başladım. Hətta uşaqlıq dostum olan Bağırla gəzintilərə çıxar, birlikdə muğam, şərqi, türkü oxuyardıq. Dostum Bağırın başqa bir xüsusiyyəti də vardı: Ozamankı məşhur xanəndələrin təqlidini etməklə ün qazanmışdı.
Daha sonra Gəncə şəhərinə yerləşdim. Dövrün məşhur xanəndələrindən olan Məşədi Məhəmməd Fərzəliyev, Bülbül və daha bir çoxları ilə tanış oldum. Əqrəbam olan tarzən Abbas Akçaylı ilə davamlı şəkildə musiqi ilə bağlı çalışdıq. Gəncə üsyanının çıxması ilə bu xəyallarımız suya düşdü. Üsyanın ikinci günü ağır şəkildə yaralanaraq xəstəxanada il yarım yatdıqdan sonra buraxıldım. Tiflis şəhərinə gedib bir il qaldım, daha sonra Türkiyəyə keçdim və 1922-ci ildə Qars şəhərinə yerləşdim. Eyni tarixlərdə bu şəhərdə qurulan Türk Ocağı, teatr, musiqi və folklor fəaliyyətləri vardı. Dövrün sənətçilərindən - Tağı Durmaz, Tahir bəy, Hüseyn xan Talınlı, Həmid Ədhəmzadə, Fuad Araslı, Sadıx bəy, dəfçi İbrahim bəy, qarmonçu Seyyid bəy, nağaraçı Şaban bəy vardı. 1923-cü ildə indiki millət bağçasında Kazım Qarabəkirin şərəfinə "Məşədi İbad" operettasını səhnəyə qoyduq. Beş il Qars Türk Ocağında göstərdiyim fəaliyyətlərdə aktyor və rejissor vəzifələrini yerinə yetirdim".

"Azərbaycan Musiqi Heyətinin təməlini qoyduq"
Xatirələrində səhnə həyatında başına gələn maraqlı hadisələrdən də danışan Məhəmmədhüseyn bəy şuşalı məşhur muğam ustadı, mühacirətdə Azərbaycan Türk Musiqi Heyətini quran Məşədi Məhəmməd Fərzəliyevlə (Türkiyədə Mehmed Ferzalı və Mehmed Çaylı) olan tanışlığından da bəhs edib:
"1927-ci ildə Qarsdan ayrıldım. Bir il Ərzurum və Trabzonda qaldıqdan sonra İstanbula gəldim. Eyni şəhərdə fəaliyyətimi davam etdirməyə qərar verdim. Batumdan mültəci olaraq İstanbula gələn və orada tanış olduğum mərhum Həsən Danışmanla birlikdə işə başladıq. Biz İstanbula gəlməmişdən qabaq bu şəhərə Azərbaycandan bir teatr və musiqi heyəti gəlibmiş, qrup geriyə qayıtdığı zaman içlərindən tarzən Hüseyn bəy burada qalıbmış. İranlı gazino sahibi İsmayıl Temerli bəyin vasitəsiylə bu sənətkarla tanış oldum. Birlikdə çalışmaq fikrimi söylədim. Əvvəlcə qəbul etməsə də, sonralar razılaşdı. Bu əsnada Məşədi Məhəmməd Fərzəliyevin də iştirakı ilə 1928-ci ildə Azərbaycan Musiqi Heyətinin təməlini qoyduq. İstanbulda olan iranlı həvəskarların da qatılmasıyla qrupumuzu daha da gücləndirdik. Sonralar heyətə qarmonçu Həmid Çətin bəy, kamançaçı Möhsün bəy, stajyer Dr. Kamil Arran (Rəfibəyli - D.Ə.), pianoçu Ələkbər bəy kimi sənətçilər daxil oldular. Bu çalışmalarımızın nəticəsində ilk konsertimizi "Mulenruj" gazinosunda verdik. Gazino sahibi İbrahim Dərvişzadə bizə dedi ki, "qrupunuzda bir neçə xanım əməkdaşın olması işinizi daha da artırar". Biz də bu fikrin məntiqli olduğuna qərar verdik. Aramıza Leyla Çetin (Həmid Çetin bəyin xanımı), Səriyyə xanım kimi qadın sənətçilər də qatıldılar. Bir il müntəzəm çalışdıqdan sonra Həmid Çetin bəy xanımıyla birlikdə heyətdən ayrılaraq ayrı bir qrup yaratdı. Bu qrup da bir biraxanada fəaliyyətinə davam edirdi. İlk teatr fəaliyyətimizə Polşadan İstanbula gələn Əziz Özer bəyin, qadın sənətkarlardan Sara xanım (Səriyyə xanımın bacısı), Asiyə xanım, Rüçhan xanım, Nəbahət xanım kimi sənətkarların qatılması ilə 1929-cu ildə başladıq. Teatr truppamız daha sonra Anadolunun İzmir, Manisa, Balıkesir, Aydın, Antalya və bunun kimi bir çox şəhərlərdə musiqi, teatr, folklor konsertləri verdi. Bu fəaliyyətimiz 1961-ci ilə qədər fasiləsiz davam etdi. Müxtəlif səbəblərdən heyətimiz dağıldı. Fəqət məndəki bu çalışma eşqi tükənmədi, Qarsdan İstanbula gələn musiqiçi Erol Özaydınla tanış oldum. Rəhbəri olduğu Qars Folklor və Musiqi Dərnəyində səhnələşdirdiyi "Məşhədi İbad" operettasında rejissor və aktyor olaraq 1971-ci ildə iştirak etdim. Eyni tarixdə də sənət həyatıma son verdim".
Məqalədəki məlumatlarda Məhəmmədhüseyn Berkin ailə həyatı qurmadığı, fars və rus dillərini bildiyi qeyd olunub. Bioqrafiyanın yayımlandığı tarixdə İstanbulda "20-ci əsr" dərsanəsində kitabxana məmuru kimi çalışdığı bildirilib. İstanbulda Beyoğlu səmtində yaşayıb.
Qeyd edim ki, Azərbaycan Türk Musiqi Heyətinin Türkiyədəki fəaliyyəti haqqında yuxarıda adını çəkdiyim kitabımda geniş məlumatlar mövcuddur. Bu yaxınlarda heyətə aid 6 ədəd peşəkar studiyada çəkilmiş fotoşəkillər də əldə etmişəm. Həmin şəkillərdə Berkin qeyd etdiyi Məşədi Məhəmməd Fərzəliyev, Həmid Çetin bəy və heyətin bütün xanım üzvləri də yer alıblar. Eləcə də "Hemşehri" qəzetində də heyətin üzvlərinin yer aldığı maraqlı iki fotoşəkil verilib. Fotoların birində heyətin Anadolu səfərində olduğu qeyd edilib, təsvirdə Məşədi Məhəmməd Fərzəliyevin, tarzən Hüseynin və Məhəmmədhüseyn Berkin olduğu bildirilib. Digər bir şəkil isə 1933-cü ildə Denizli şəhərində çəkilib, orada da Berk və digər heyət üzvləri yer alıb. Akademik Rafael Hüseynovun "Rəfibəylilər" kitabında Məşədi Məhəmməd Fərzəliyevin, Kamil Arranın olduğu heyətin "Mulenruj"da verdikləri konsertin fotoşəkli də yer alıb.
"Qarsda ilk dəfə bir qadın sənətçi səhnəyə çıxdı"
Qəzetin ikinci sayı 1979-cu ilin mart ayında işıq üzü görüb. İlk səhifədə "Qars" sözünün izahı verilib, İstanbulda keçirilmiş Qars gecəsi haqqında məlumat dərc olunub. Qarsın bələdiyyə sədrləri, valiləri və tanınmış şəxsləri haqqında bilgilərin verildiyi bu sayda yenə "Arşın mal alan", "O olmasın, bu olsun" əsərlərinin mətnlərindən nümunələr və Firidun Şuşinskinin (Şuşalı) "Hacı Hüsü" məqaləsi təqdim olunub. Eləcə də Cənubi Azərbaycandan əvvəlcə İrəvana, daha sonra Qarsa köçən din xadimi Axund Malik İşıqlının vəfatı xəbəri və həyat yoldaşı ilə bir rəsmi də bu sayda verilib. İkinci nömrədəki ən qiymətli məqalə isə yenə azərbaycanlı aktyor Səttar Güldürün öz dilindən həyat hekayəsinin təqdim edilməsidir:
"1905-ci ildə Qarsın Arpaçay qəzasının Külverən kəndində doğulmuşam. Həmin kənddə din xocalarından dərs alaraq təhsilimi tamamlamışam. Bir gün Tiflisdən Qarsa 10 nəfərlik bir teatr truppası gəlmişdi. Qadın sənətçilərdən Banfila Karakaş, kişi sənətçilərdən isə məşhur İbrahim Xəlilov, Ələkbər Seyfi, Xəlil İsfahanlı kimi böyük aktyorlar vardı. Teatr truppası oyun göstərməzdən öncə Həmid bəyin açdığı hotelin salonunda məşq edəcəklərini eşitdim. Oraya gedərək sənətçilərlə tanış oldum. Daha sonra bu heyət bir neçə oyun göstərdikdən sonra Qarsdan ayrıldı. Məndəki həvəs o zaman orada başlamışdı. Sonra 1922-1923-cü illərdə Məhəmmədhüseyn Berk (Əsgər), Sadıx Çetinkaya (Gülçöhrə), Nadir Taşdemir (Vəli), Tahir Ekinci (Sultan bəy), Fuad Araslı (Süleyman), Tağı Durmaz (Telli və xala), mən də Asiyə rolunda olmaqla bir teatr heyəti təşkil edib "Arşın mal alan" operettasını oynadıq. O zamanlar qadın sənətçi olmadığı üçün mən Asiyə, Sadıx Çetinkaya Gülçöhrə, Tağı Durmaz Telli və xala rollarını oynamaq məcburiyyətində idik. Daha sonra heyətimizə xanımım Gülpəri Güldür də qatıldı. Bu şəkildə Qarsda ilk dəfə bir qadın sənətçi səhnəyə çıxmış oldu. 1927-ci il idi..."

"Xalid paşanın şərəfinə "Arşın mal alan"ı oynayacağıq"
Səttar Güldür Məşədi İbad rolunu 50 dəfədən çox oynadığını, hazırda Sarıyerdə Xalq Təhsil Mərkəzində fəaliyyətini davam etdirdiyini bildirib. O, Atatürkün önündə səhnələşdirdikləri oyundan da bəhs edib:
"Bir gün Xalid paşa Qarsda idi. Türk Ocağı və Təmsil Qolu başqanı Həmid Ersöz bəy bizi toplayaraq dedi: "Yoldaşlar, şəhərimizdə olan Xalid paşanın şərəfinə "Arşın mal alan" əsərini oynayacağıq. Bir-iki məşqdən sonra ertəsi gün əsəri oynadıq və bitdikdən sonra səhər paşa bizi görmək istədiyini bildirdi. Biz də hazırlaşıb valilik binasına getdik. Vali bizi qonaq otağına apardı. Bir az sonra paşa gəldi və bizi bir-bir təbrik etdi. Əsərdən olduqca məmnun qaldığını bildirdi. Bir neçə gün sonra Atatürkün Qarsa gələcəyi xəbərini eşitdik. Trabzondan Türk Ocağı başqanı Həmid Ersözə göndərilən bir teleqrafın mətnindən Atatürkün də eyni əsəri görmək istədiyi anlaşılırdı. Necə ki böyük xilaskar Qarsa gəldi. Əsərdə oynayan Tağı Durmaz İğdırda olduğuna görə tamaşa verə bilmədik. Lakin Atatürk üçün bir gecə təşkil etdik. Günün əhəmiyyətini bildirmək üçün səhnəyə çıxan Türk Ocağı başqanı həddindən artıq həyəcanlandığı üçün nitqini yarımçıq qoydu. Daha sonra Atatürk oturduğu yerdən xalqa xitabən bir çıxış etdi. Zalı dolduran yüzlərlə Qars sakini hönkür-hönkür ağlayırdı".
Səttar Güldür və heyətinin Atatürkün qarşısında müxtəlif oyunlar göstərdikləri dövrün mətbuatından və digər xatirələrdən də bəllidir.
Qəzetin bu sayında Məşədi Məhəmməd Fərzəliyevin nadir bir fotoşəkli dərc olunub, tezliklə onun həyat hekayəsinin veriləcəyi bildirilib. Eləcə də heyətdə təmsil olunan Tağı Durmazın bioqrafiyasının və Cənubi Qərbi Qafqaz hökumətinin qurucusu İbrahim Cahangiroğlu haqqında da xatirələrin veriləcəyi qeyd olunub. Təəssüf ki, qəzetin növbəti nömrələrini əldə edə bilmədik. Üçüncü sayın olub-olmadığını da dəqiqləşdirə bilmədik...
İstanbul, 25.11.2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
