Dilqəm ƏHMƏD
Abdulla Sultanzadə adını ilk dəfə sosial media vasitəsilə nəvəsi Bergin Azərdən eşitmişdim. O, babasının Azərbaycandan Türkiyəyə köç edən mühacirlərdən olduğunu, ona aid xeyli şəxsi sənədləri qoruduğunu bildirmişdi. Babası haqqında tədqiqat apardığını söyləyən Bergin xanım atası Candan Azərdən də bəhs etmiş, onun bir kitabını mənə tövsiyə etmişdi.
Ankarada olarkən, bukinistlərin birindən həmin kitabı əldə edib oxumuşdum. Öyrəndim ki, Türkiyənin tanınmış diplomatlarından olan Candan bəy müstəqillik illərində Azərbaycana gəlib, dövrün liderləri ilə münasibət qurub. Müəllifi olduğu "Babadan Oğula Güney Kafkasya. Türkiye-Güney Kafkasya İlişkileri" adlı kitabında da 90-cı illərin Azərbaycanı haqqında xeyli məlumat verib, eləcə də atası Abdulla Sultanzadənin (Azər) gündəliyindən bəzi hissələri təqdim edib.
Bu yaxınlarda Bergin xanım sevindirici bir xəbər paylaşdı. Babası haqqında olan tədqiqatları yekunlaşdıraraq sənədli roman şəklində çap edib. "Yitik Ülke" yayınlarından çıxan "Bir Adam Beş Hayat" adlı bu kitabı əldə edərək tez bir zamanda oxudum. Kitabda Abdulla bəyin uşaqlığından, ta Türkiyədə ailə həyatı qurmasına qədər olan geniş bir dövr əhatə edilib.
.jpeg)
Naxçıvandan Qoriyə
Abdulla Sultanzadə 1893-cü ildə Naxçıvanda xalı tüccarı Ələsgər Sultanzadənin ailəsində doğulub. Kitab Ələsgər bəyin 1896-cı ildə Əlincə qalasının yaxınlığındakı dar bir keçiddə öldürülməsi ilə başlayır. Qonşu bölgələrdə xalı satan Ələsgər bəy Cənubi Qafqazda iğtişaş yaratmaq istəyən qüvvələrin qurbanı olmuş, bu hadisədən sonra oğlanları Meysən və Abdulla, qızları Dostu və Sara həyat yoldaşı Fevziyyə xanımın himayəsində qalmışdı.
Abdulla ilk təhsilini ana babası Hacı Gülməmməd Nəsirbəylidən almışdı. Babası ona əlifbanı, əsas dini bilgiləri, eləcə də "Koroğlu" və "Dədə Qorqud" dastanlarından hekayələr öyrətmişdi. Daha sonra məhəllə məktəbində təhsilinə davam edən Abdulla burada ana dili ilə yanaşı, rus dilini, dini təlimləri, riyaziyyatı mənimsəmişdi. Ardınca atalarının mirasını idarə edən əmisi Hacı Ələkbərin etirazına rəğmən Hacı Gülməmməd nəvəsini Naxçıvanda maarifçi Məhəmmədtağı Sidqinin Məktəbi-tərbiyəsinə yazdırmış, onun yenilikçi metodla yetişməsinə ilk təkanı vermişdi. Bu illərə qədər isə Abdulla ikinci bir ailə faciəsini yaşamışdı. Bacısı Sara xəstələnərək vəfat etmişdi.
1909-cu ilin avqust ayında qardaşı Meysən Abdullanı müəllim kimi yetişməsi üçün Qori şəhərinə aparır. Öncə Tiflisə gedən qardaşlar orada Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Xosrov bəy Sultanzadə kimi dövrün önəmli şəxsləri ilə tanış olurlar. Xosrov bəy Abdulladan Qoriyə çatdıqlarında onun salamı ilə orada dərs deyən Firidun bəy Köçərlinin yanına getməsini istəyir. Bundan öncəki görüşlərin birində isə Meysən Cəmiyyəti-Xeyriyyənin yararına təşkil edilən auksionda dəstək üçün Çernyayevskiyə məxsus bir qələmi satın alaraq qardaşına bağışlamışdı.
Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdə Abdulla anasının vəfat xəbərini eşidir, Firidun bəy Köçərlinin dəstəyini görür. Ardınca o, Mirzə Cəlilin tövsiyəsi ilə yanına getdiyi Ağa Salehin yönləndirməsi ilə təhsilini Tiflis Müəllimlər İnstitutunda davam etdirir.
.jpeg)
Tiflisdən Qarsa
1914-cü ilin iyun ayı gəldiyi zaman Abdulla institutun son sinfinə uğurla keçmişdi. Həmin il başlayan Dünya müharibəsi Azərbaycan xadimlərinin daha aktiv fəaliyyətə keçmələrinə zəmin hazırlamışdı. Bakıda çıxan "Açıq söz" qəzetini mütəmadi şəkildə oxuyan Sultanzadə baş verən hadisələri krımlı dostu Beyeder ilə davamlı şəkildə müzakirə edirdi. Bəzən də Beyederlə birgə "Qeyrət" mətbəəsinə gedərək Mirzə Cəlil və Ömər Faiqlə görüşürdülər. Belə qarışıq bir zamanda Tiflisdə peyda olan Ağa Saleh onu Batuma aparır, Ənvər paşanın göstərişi ilə gizlicə bu şəhərə gələn Təşkilati-Məxsusənin üzvləri ilə görüşdürür. Bununla da Abdullanın Vətəni uğrunda mübarizəsinin təcrübi mərhələsi başlayır.
Sarıqamış hərəkatı dövründə Abdulla Tiflisə qayıdır, Cəmiyyəti-Xeyriyyədə Xosrov bəylə görüşür. Ötən müddətdə isə Ağa Saleh Bakıdan qayıdarkən ermənilərin xain gülləsinə qurban getmişdi. Çarəsiz qaldığı bir zamanda Xosrov bəy ona mühüm bir vəzifə tapşırır. Cəmiyyətin Qars, Ərdəhan, Kağızman, Batum və İğdırdakı müsəlmanlara yardım etmək üçün bir şəxsə ehtiyacı vardı. Bu vəzifə ona təklif edilir, təhsilini tamamlaması üçün də Qars Realnı Məktəbinə yazdırılacağı bildirilir.
Tiflisdən qatarla Qarsa gedən Abdulla qısa zamanda fəaliyyətə başlayır, mövcud vəziyyəti analiz edir. Bu illərdə Qarsa gələn Xosrov bəyə raportlar təqdim edir, ermənilərin ruslar lehinə fəaliyyətlərini detallı şəkildə izah edir. Şübhəsiz ki, Cəmiyyəti-Xeyriyyə sadəcə yardım təşkilatı olmadığı üçün 1916-cı ilin əvvəlində Abdullaya mühüm bir vəzifə tapşırılır. O, Muşun 49 km şimalında yer alan Gümgüm (Varto) qəzasına gedərək əli silah tutan türklərdən ibarət ruslara qarşı hərbi dəstələr yaradacaqdı. Bu vəzifəsini layiqilə yerinə yetirir. Rusların Ərzurumu işğalından sonra müsəlmanlara yardım etmək üçün onun da bu şəhərə getməsi istənilir. Ərzurumda olarkən müsəlmanlara yardım etdiyi, qoruduğu üçün ermənilər onu arxadan sol çiynindən vuraraq yaralayır...
1917-ci il. Çar yıxılmış, Cəmiyyəti-Xeyriyyə üzvləri aktiv fəaliyyətə keçmişdilər. Abdulla Qarsda yaşayırdı, yarası sağalmışdı. Bu ərəfələrdə o, cəmiyyətin Qarsdakı şöbəsinə çağırılır. Cəmiyyətin Qars təmsilçisi Rza Qaraşarov, Yusif Kənan bəy və dağıstanlı Əli xan Kantemirovun və digər bölgənin tanınmış şəxslərinin toplantısının qeydlərini tutmaq üçün gərəkli idi. Bu mühüm toplantını sənədləşdirən Abdulla raport şəklində cəmiyyətə təqdim etdikdən sonra aprel ayında Bakı baş tutacaq Qafqaz Müsəlmanları Qurultayına çağırıldı.
.jpeg)
Bakıdan Batuma
İlk dəfə Bakını görən Abdulla orada Məhəmmədəmin Rəsulzadə ilə tanış olmuş, gündəmlə bağlı hadisələri şəxsən onun özündən dinləmişdi. Bakıda yenidən Xosrov bəylə görüşən Abdullaya bu dəfə yeni bir vəzifə verilir: Milli Şuranın Qars katibliyi. O, yeni vəzifəsində Kantemirovla birgə çalışacaqdı. Qars və ətrafını gəzən Abdulla qısa zaman sonra azərbaycanlı mühacirlərə yardım məqsədilə açılan Mühacirlər Şöbəsinin əvraq müdiri təyin olunur. Bu dövrlərdə Abdulla Həsənqala bölgəsindəki kimsəsiz uşaqları erməni zülmündən qurtarmaq üçün Tiflisə apararkən yolda qarşılarını kəsən erməni dəstəsinin üzvləri ilə qarşıdurma yaşayır. Qarışıqlıqda dəstədən biri Abdullanın alnının sağ tərəfinə daşla zərbə endirir. Abdulla ikinci dəfə vəzifəsini yerinə yetirərkən ağır xəsarət alır. Qarsda xəstəxanada müalicə aldığı zaman qardaşı Meysən onun yanına gəlir, sağaldıqdan sonra nə qədər israr etsə də, Abdullanı Naxçıvana apara bilmir. Tiflisə gedən Abdulla köhnə dostu Beyederlə birgə ticarətə başlayır.
Artıq 1918-ci il idi. Gündəlik həyatlarına davam edərkən bir gün Abdulla Tiflisdəki tatar çarşısında böyük bir həyəcana, sevincə şahid olur. Az sonra bunun səbəbini öyrənir: Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini elan etmişdi. Türk ordusunun Bakını mühasirəyə aldığı avqust ayında Abdulla bir neçə günlüyə müvəqqəti paytaxt olan Gəncəyə yola düşür. Geri qayıtdığı zaman şəriki Beyederə Batumda yeni bir ticarətxana açacaqları müjdəsini verir və qısa zamanda oraya köçürlər. Liman və ticarət mərkəzi olan Batumda iki dost Turan Ticarət Bürosu adında iş yeri açırlar. Bu illərdə o, Avqusta adlı bir xanımla eşq macərası yaşayır.
Turan Ticarət Bürosu uğurla fəaliyyət göstərdiyi zaman yeni siyasi hadisə onların həyatını təşvişə salır. Osmanlının Mudros müqaviləsini imzalaması ilə türk qoşunlarının Bakı və Batumdan çıxacağına qərar verilmişdi. İki il sonra isə Abdullanı yaralayacaq bir xəbər də gəlir: Azərbaycan Cümhuriyyəti işğal edilmişdi. Belə bir zamanda yanına gələn Ağahadi Qasımoğlu adlı bir şəxs vaxtilə Qarsda tanış olduğu Əhməd bəy Pepinovun onu Bakıya çağırdığını deyir, ayrılarkən Müsavat Firqəsinin də gizli şəkildə fəaliyyət göstərdiyini bildirir.
Artıq bolşevik işğalında olan Bakıya gələn Abdulla Sultanzadə Bakı Mühacirlərə Yardım Şöbəsinin rəisi Pepinovla görüşür. Əhməd bəy ona Cəmiyyəti-Xeyriyyə çərçivəsində fəaliyyət göstərə bilmədiklərini, yeni qurumun kəndlərdə, qəsəbələrdə olan qaçqınlara yardım etdiyini, buna görə də təcrübəli bir şəxsə ehtiyacı olduğunu deyir. Vəzifəni qəbul edən Sultanzadə əvvəlcə Nuxa şəhərinə gedir, Qars və İrəvandan gələn 8 min qaçqına yardım edən heyətdə təmsil olunur.
1921-ci ilin payızında Abdulla Batuma qayıdır. Onu iki böyük faciə gözləyirdi. Avqusta onu tərk etmişdi, Batum artıq bolşeviklərin olduğu üçün Turan Ticarət Bürosunun tabelası atəşə tutulmuşdu. Bolşevik rejimində Turan adı artıq mümkünsüzdü. Dərin böhran içində olan Abdulla çarəni Naxçıvana - ata yurduna qayıtmaqda görür. Oraya getdiyi zaman qardaşı uşaqlarının böyüdüyünü görür və musiqiyə həvəsi olan Müzəffəri daha sonra özü ilə birlikdə Batuma aparır. Bu illərdə o, Türkiyənin Batum şəhbəndəri Dr. İbrahim Tali ilə tanış olur ki, bu münasibət onun həyatında önəmli rol oynayır. Çünki İbrahim bəyə Batumda güvənə biləcəyi adlar içərisində onun da adı verilmişdi. Qısa zamanda şəhbəndərliyin rəsmi işçisi olmadığı üçün İbrahim bəy tərəfindən ona gizli vəzifələr verilir, o, Anadoluya göndərilən silahı, nefti idarə edir, Tiflis, Bakı, İrəvan, Trabzon və digər yerlərə müxtəlif vəzifələrlə göndərilir. Aşkarda isə səfirliyin tərcümanlığını görən biri kimi tanınır. Bu xidmətlərini dəyərləndirən İbrahim Tali onu İstanbula göndərir. Həmişə xəyalını qurduğu İstanbulu görmək üçün Abdulla 27 dekabr 1922-ci ildə Batum limanından yola düşür. 24 gün İstanbulda Talinin dostlarının himayəsində qalan Abdulla artıq ÇeKanın diqqətini çəkmişdi. Batuma gəldiyi günün axşamı ÇeKa onu həbs edir. Abdulla intəhasız sorğu-suala məruz qalır: "İstanbula nə üçün getdin? Yanında kim var idi? Nələr apardın? Kimlərlə görüşdün? Cəmiyyəti-Xeyriyyə adına çalışdınmı? Maverayi-Qafqaz Müsəlman Şurasının katibi olaraq nə qədər çalışdın? Heç menşevik tanıdığın varmı?"
Artıq ÇeKa onun həm keçmişini, həm də indisini bilirdi. Ağır işgəncələrə məruz qalan Abdulla krımlı dostu və şəriki Beyederin də öldürüldüyünü eşidir. Həmçinin Avqustadan sonra eşq yaşadığı Klaudianın da ÇeKa ilə əməkdaşlıq etdiyini İbrahim Tali bəydən öyrənir.

Batumdan İstanbula
Çətin günlər keçirən Abdulla ÇeKanın rahat yaşamasına imkan verməyəcəyini bilirdi. İbrahim Talinin başqa vəzifə üçün Batumdan ayrılmasından sonra o, daha da tədirgin olmağa başlayır. 19 may 1924-cü ildə o, Batumdan Türkiyəyə gizlicə insan daşıyan bir dəstə ilə anlaşaraq yolçuluğa çıxır... Dəstə başçısı Rəfiqin sayəsində o, 22 may saat 05:40-da Türkiyə hüduduna keçir.
Abdulla Sultanzadə Batumdan Türkiyəyə olan bu yolçuluğunu gündəliyində detallı şəkildə yazıb. Həm Bergin xanımın romanında, həm də Candan Azərin kitabında gündəlikdəki qeydlər olduğu kimi verilib.
27 may 1924-cü ildə Abdulla Trabzona gəlir. Xalı taciri olaraq ondan daha öncə bu şəhərə gəlmiş qardaşı oğlu Müzəffərlə görüşür. Orada ikən Trabzonda sinema işlədən Mikayıl adlı azərbaycanlı ilə də dostlaşır. 14 iyunda İstanbula gedən Abdulla bu dəfə İbrahim Tali bəylə Türkiyədə görüşür, ondan həm vətəndaşlıq məsələləri, həm də Müzəffərin təhsili üçün yardım istəyir. Bu istəkləri müsbət qarşılayan Tali maarif naziri, azərbaycanlı mühacirlərin dostu Həmdullah Sübhiyə yazı da göndərir. Lakin Müzəffərin İstanbulda liseydə təhsil alması ilə bağlı icazə alındığı zaman o, Naxçıvana qayıtmışdı. İstanbulda qalan Abdulla bəzi haqsızlıqlara da məruz qalır. Ehtimal ki, Qafqazdan gələn bəzi mühacirlərə olan ehtiyatlılıq ona qarşı da göstərilmişdi. Ona görə də gündəliyində yazırdı: "Hərbi-ümumi sırasında Qars və Şərqi Anadolu fəlakətlərində Azərbaycan və bilümum Rusiya müsəlmanları tərəfindən nə qədər səmimi duyğular bəslənilmiş, nə qədər fəlakətzədələrə yardıma gedilmişdi. Nə qədər gənclərimizi qurban verdik. Neçə minlərlə türk qadını və uşağı qurtarıldı. Buna müqabil nə görürük! İşlər bir az fəna getdimi, saxtakarlıq üzə çıxır, həm əcəm, həm şiə, hətta rus da oluruq".
Təəssüf ki, Abdulla bəyin gündəliyinə əsəblə yazdığı bu hissləri müəyyən qədər doğrudur. Çünki Türkiyədə bu ittihamlara Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi böyük şəxsiyyətlər də zamanla məruz qalıblar. Sultanzadə gündəliyində türk mühərrirlərin bir az tarix və coğrafiya dərsi alıb "əcəm" sözünü "Azərbaycan" təbirilə əvəz etmələrini arzulayırdı.
.jpeg)
İstanbuldan Praqaya
Bu dövrdə İbrahim Tali bəyin Varşavaya səfir təyin edilməsi də Abdullanı təəssüfləndirmişdi. Belə çətin günlərin birində dağıstanlı İzzət Tağı bəy onu Praqaya təhsil almağa göndərə biləcəklərini söyləyir, İstanbuldakı qafqazlıların tələbələr üçün dəstək verdiyini də bildirir.
Bu təklifə sevinən Abdulla 26 oktyabr 1924-cü ildə Praqaya doğru yola düşür. Oradakı bolşevik inqilabından qaçan rus ziyalıların dəstəyi ilə universitetə müraciət edir, nəticədə 1924-cü ilin noyabr ayında müsbət cavab alır. O, Praqada universitetin elektrik bölümünə daxil olur. Bir müddət dağıstanlıların dəstəyi ilə dolanan Abdulla İbrahim Talidən gələn məktubdan sonra oradakı türk səfirliyində çalışır. Səfir Vasıf Çınar bəy və katib Zəki bəy ona xoş münasibət göstərir. 1927-ci ildə imtahanlarını uğurla verərək birinci diplomunu alır. Bu illərdə İmelda adında bir xanımla eşq yaşayır. 1930-cu ilin iyun ayında Abdulla Sultanzadə Çex Texniki Universitetindən ali elektrik mühəndisi diplomu alaraq məzun olur. O, qısa zamanda Türkiyə ilə də yaxşı əlaqələri olduğuna görə müəllimlərinin də tövsiyəsilə XIX əsrin ikinci yarısında qurulan və 1927-1940-cı illərdə Çexoslovakiyanın ən böyük mühəndislik şirkəti olan Kolben-Danekdə işə başlayır. Bu şirkətin Türkiyə ilə ticarətə böyük marağı vardı. Ona görə də 1931-ci ildə o, dörd nəfərlik heyətin tərkibində İstanbula göndərilir, əməkdaşlıq görüşləri keçirir. Lakin dünya iqtisadi krizisi nəticəsində Kolben Danek şirkəti beş yüzə yaxın insanı işdən çıxarır. Onların arasında Abdulla Sultanzadə də olur.
.jpeg)
Praqadan İstanbula
Yenidən İstanbula qayıdan Sultanzadə İqtisad Vəkalətinin diqqətini çəkir, o, müvəqqəti vəzifə ilə Eskişehirə göndərilir. 1933-cü ildə isə o, ilk rəsmi vəzifəsini alır. İqtisad Vəkalətinin Ölçülər və Ayarlar Fənn müşaviri olaraq Kayseriyə göndərilir. Lakin burada yaşamaq istəmədiyi üçün həmin dövrdə İstanbuldan millət vəkili olan keçmiş himayədarı İbrahim Tali bəyə məktub göndərir. Nəticədə qısa zamanda İstanbula təyinat alır. Tezliklə İstanbulda əlaqələr quran Abdulla bəy 1933-cü ildə Cümhuriyyətin 10-cu ildönümü münasibətilə təşkil edilən gecəyə dəvət olunur. O, İbrahim Talinin də dostu, həkim, İstiqlal Savaşı qazilərindən Doktor Nihad Sezai vasitəsilə Məktəbi-Sultaninin xocalarından professor Rıfat bəy və ailəsiylə tanış olur. 11 oktyabr 1934-cü ildə Rıfat bəyin qızı Vildan xanımla ailə həyatı qurur. Toydan öncə isə o, evlənəcəyinə dair Azərbaycandakı ailəsinə məktub göndərir. Bir müddət sonra aldığı cavab məktubunda ailəsi ona xoşbəxtlik diləməklə yanaşı, mövcud şərtlərdən dolayı onlara bir daha məktub göndərməməsini rica edir. Bir çox mühacirin başına gələnlə Sultanzadə də qarşılaşmış olur...
Bu illərdə Abdulla bəy iş sahəsində də uğurlar əldə edir. Praqada təhsil aldığı zaman alman və çex dillərini öyrənmişdi. Türkiyə ilə Çexoslovakiya arasındakı əlaqələr gücləndiyi, anlaşmalar imzalandığı üçün çex şirkətlərinin Türkiyəyə böyük marağı vardı. Bu ərəfələrdə Kolben-Danekdə tanış olduğu həmkarı Alfred Buchtele ilə Ankarada görüşürlər. Alfred Türkiyənin ağır sənaye məhsullarını Çexoslovakiyanın qarşılaya biləcəyini bildirir və əməkdaşlıq təklif edir. Razılaşırlar.
1935-ci ildən etibarən Sultanzadə Kolben-Danek də daxil olmaqla, bir çox çex şirkətinin Türkiyə təmsilçisi olur. 1934-cü il soyad qanununa görə o, Azər soyadını qəbul edir.
Almanların Çexoslovakiyanı işğalına qədər olan 5 il ərzində Türkiyə çex şirkətlərindən gərəkli sənaye məhsullarını alır ki, burada Abdulla ilə Alfredin böyük rolu vardı.
1935-ci ilin yazında isə Türkiyə orduda modernləşmə üçün yeni tanklar almaq üzərə idi. Baxış üçün ərazidə xeyli tanklar vardı. Abdulla isə Kolben-Danekin tanklarına güvənirdi. Belə bir vaxtda Abdulla əraziyə atlıların gəldiyini görür. Onlar yaxınlaşdığında aralarından Mustafa Kamal Atatürkü seçə bilir. Abdulla həyəcanla ona yaxınlaşır və tankla bağlı suallara cavab verir. Atatürk ətrafındakılara dönərək deyir: "Gənc adamın təqdim etdikləri ordumuzu gücləndirəcəkdir, gərəkli işləri görün".
Abdulla ikiqat xoşbəxtdi. Həm onun təklifi qəbul edilmişdi, həm də Atatürkü yaxından görmüşdü.
Bergin Azərin sənədli romanı bu səhnə ilə bitir, amma "davam edəcək..." qeydi də verilir.
Beləliklə, Qori Müəllimlər Seminariyasında başlayan təhsil həyatı Praqada ali mühəndis diplomu ilə tamamlanır. Tiflisdə, Batumda, Qarsda başlayan ictimai-siyasi həyatı isə Abdullanın taleyinə mühacirlik yazır.
Abdulla Sultanzadə (Azər) 8 iyun 1976-cı ildə vəfat edir, İstanbulda Qaraca Əhməd məzarlığında dəfn olunur...
P.S. Kitabı oxuduqdan sonra Bergin xanımdan babası ilə bağlı olan sənədlərin surətini xahiş etdim. O, qısa zamanda sənədlərin, fotoşəkillərin surətini göndərdi və noyabr ayında Bakıya gələrək babasına aid arxivi Milli Arxiv İdarəsinə bağışlayacağını dedi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
