"Babalarımız oğuzlar-türkmənlər" silsiləsindən
Rəqabətdən düşmənçiliyə
Nəhayət, zənnimizcə, bu yerdə indiyə qədər diqqətdən qaçırılmış bir məqamı da xatırlatmağa ehtiyac var. Qara Yülük Osmanın hakimiyyəti dövründə Ağqoyunluların köçəri həyat qaydalarını tədricən inkişaf etdirərək qanun və ideologiya səviyyəsinə çatdırdığını bildirən C.Vuds sözünün davamını belə gətirir: "Bu, II Məhmədin hakimiyyəti altında Osmanlı oğuzçuluğunun inkişafına (seçdirmə bizimdir - N.M.) bənzəyirdi". Analogiyadan bu nəticəni çıxarmaq olar ki, Sultan Məhməd fütuhat davası döyməklə yanaşı, həm də Osmanlı oğuzçuluğunu bir ülgü və siyasi strategiya səviyyəsinə qaldırmışdır (C.Vudsun digər bir qeydinə görə, Ağqoyunluların "köçəri ideologiyası" XV əsrin sonlarında artıq islamlaşmışdı).
Bütün bunlarla birlikdə, etiraf edək ki, mərkəzləşmiş Osmanlı strukturlarının inzibatçılığı sərtləşdikcə, sərbəstliyin hər şeydən yüksək dəyərləndirildiyi türkmən mühitində əski bəyliklərin yumşaq, mütəhərrik idarəçilik sisteminə nostalgiyanın artması da tamamilə mümkün idi. A.Attarın yazdığı kimi: "Yarımköçəri türkmənlər Anadolu bəyliklərinə xas hərbi-siyasi ("boyəskəri") aristokratiyanı yıxaraq, yerində oturaq-qurumlaşmış bir struktur quran Osmanlının imperiya anlayışını bəyənmir, rədd edirdilər. Bu durum onlar arasında narazılıq və narahatlıq yaradır, türklərin tez-tez Anadolu və Azərbaycan arasında yerlərini dəyişməsinə, köç və get-gəllərə yol açırdı (müəllif bu qənaətində Şahin Mustafayevə istinad edir - N.M.). Səlcuqilər dövründə, monqol istilasından sonra Anadoluda yerləşmiş Şamlu, Rumlu, Uctaclu, Təkəlü, Dülqədir, Turğutlu, Varsaq kimi böyük türk boyları Osmanlı idarəçiliyini qəbul etmirdilər. Bu boyların osmanlılara məğlub olmuş aristokratik qüvvələri Azərbaycana yönələrək burada Ağqoyunlular çevrəsində toplanmışdılar" (A.Attar sonuncu fikrində İbn-Kamalın "Təvarixi-Ali-Osman əsərinə əsaslandığını bildirir - N.M.).
C.Vuds bu mülahizəni bir qədər də dəqiqləşdirir: "1426-cı ildə Anadolunun qərbindəki bəyliklərin tayfa başçıları dəyişkən təşkilat olan Ağqoyunlu bəyliyini yüksək səviyyədə mərkəzləşdirilmiş dövlət xüsusiyyətlərinə malik osmanlılara mümkün və arzuedilən alternativ kimi tanıyırlar. Həmin il Menteşe bəyliyində hakim xanədanın mülkləri II Murad tərəfindən işğal edildikdən sonra o, (yəni Menteşe bəyi - N.M.) Qara Osmanın yanına sığınmalı olur". Proses Uzun Həsənin səltənəti dövründə daha da sürətlənir. O, türkmən bəyliklərinin himayədarlığını öz üzərinə götürür, onlara əski torpaqlarını qaytaracağını vəd edir (Abdullah Saydam). Bu vədlərdən şirniklənən Germiyan, İsfəndiyar, İnaloğlu bəyləri, 1471-ci ildən sonra həm də Qaramanlı Pirəhməd və Qasım bəylər onun sarayına toplanır və Uzun Həsəni osmanlılarla müharibəyə təşviq edirlər.
Həsən bəy özü də gec-tez Fatehlə üz-üzə gələcəyini bilir və buna hazırlığını görürdü. İki qoçun başı bir qazanda qaynaya bilməzdi. Türkmən törəsinə görə, hökmranlığa və siyasi hegemonluğa iddia edən istənilən qüvvə (şahzadə, bəy, qəbilə/tayfa, dövlət...) güc və üstünlüyünü rəqiblərinə qəbul etdirməli, onları yolunun üstündən götürməli idi. Bunu bacarmayanda, ya rəqiblərinin ən güclüsünə boyun əyməli, onun yolundan çəkilməli, ya da düşmənçiliyi sona qədər davam etdirməli idi.
C.Vuds Ağqoyunlu konfederasiya tayfalarını daxilolma tarixi və səbəbləri ilə əlaqədar 6 kateqoriyaya bölür və 3-cü qrupa Qərbi Anadolu bəyliklərinin hakimlərini aid edərək yazır: "XV əsrdə Osmanlı dövlətinin əraziləri genişləndikcə onlar öz məiyyətləri ilə birlikdə Şərqə doğru çəkilərək, Ağqoyunlu ittifaqına qoşulurlar". 1478-ci ildə Qaramanlı, İsfəndiyarlı və Dülqədirlilərin artıq Ağqoyunlu konfederasiyasına tam inteqrə olunduqlarını və hətta Bayramlı, Çaxırlı, Dixarlı, Mosullu və Pornək tayfaları əmirlərinin Sultan Xəlilə qarşı qiyamında iştirak etdiklərini görürük. Beləliklə, əsrin sonlarına doğru artıq xalq arasında və ətraf ölkələrdə "türkmən" dedikdə, Ağqoyunluların anlaşılması adi hal alır, keçmiş bəyliklərin ikinci-üçüncü nəsildən olan varislərinin Osmanlıya qarşı "mübarizə"si isə "türkmən-Osmanlı" qarşıdurması kimi mənalandırılmağa başlayır.
Osmanlının bir türk dövləti olmasına şübhə ilə yanaşanlar, adətən, öz mövqelərini əsaslandırmaq üçün arqument kimi daha çox əhalinin və ordunun etnik tərkibi, habelə devşirmə sistemi məsələsini misal gətirirlər. M.Kunt yazır: "Osmanlını bir türk dövləti hesab etmək mümkündürmü? Bu sualın cavabı birmənalı deyil. Unutmaq olmaz ki, həm əhali, həm də idarəçilər arasında mənşəcə türk olmayanlar çox idi". Biz bu mövzuya yuxarıda toxunmuşuq və həmin fikri qəbul edirik. Amma onu da deməliyik ki, Osmanlıda əhalinin, hərbçilərin və dövlət məmurlarının (o da hamılıqla yox!) etnik mənsubiyyət məsələsini qabartmaqla Qaraqoyunlu və Ağqoyunluların türk (türkmən) dövləti adlanmağa guya ondan daha çox layiq olmalarını iddia etmək tamamilə qüsurlu, yanlış və hətta ziyanlı yanaşmadır. Ən azı ona görə ki, bir deyil, bir neçə tarixi reallığın təhrifi üzərində qurulub.
Birincisi, hamıya məlum bir həqiqətdir ki, Qaraqoyunlu dövlətinin Fars, Yəzd, İsfahan, Bağdad, Ərzincan, Diyarbəkir və Şərqi Qarahisar kimi əsas vilayətləri onun süqutundan sonra Ağqoyunluların hakimiyyətinə keçmişdi (T.Nəcəfli və b.). Bu ərazilərdə təkcə türkmənlər yaşamırdı. Kiçik tayfaları nəzərə almasaq, Ağqoyunlu əhalisinin tərkibində farslar, ərəblər kimi gələcəkdə çoxsaylı millətlərin əsasında duracaq etnik qrupların olduğu şəksizdir. Üstəlik, bunların, demək olar, hamısı yerli və müsəlman etnoslar olaraq ölkənin ictimai həyatında mühüm hüquq və imtiyaz sahibləri idilər.
İkincisi, paytaxt məsələsi. İstanbul alınana qədər Osmanlının rəsmi bir paytaxtı olmamışdı. Mərkəzi Asiya siyasi ənənələrinə görə, xaqan harda olurdusa, paytaxt da ora sayılırdı. Osmanlı sultanları səfərə çıxarkən xəzinələrini, katiblərini, dövlət sənədlərini, hətta bəzən hərəmlərini də özləri ilə aparırdılar, mərkəzə aid olan hər şey padşahla birlikdə hərəkət edirdi. Doğrudur, bəzən hansısa şəhər formal olaraq dövlətin mərkəzi hesab edilmişdi, lakin bu da daimi olmamışdı. Osman bəy Yenişəhərdə iqamət edirdi. Bursa alınanda Orxan bəy orada yaşamağa başladı. Uc boyu Rumelinə keçəndən sonra sultanlar daha çox Ədirnəyə üstünlük verirdilər, amma Bursa da bəy şəhəri olaraq qalırdı. Başqa şəhərlərə sancaqbəyi göndərildiyi halda, Bursa və Ədirnə "xudavəndigarın öz şəhərləri" sayılırdı. İstanbul Anadolu və Rumelini birləşdirən təbii mərkəz rolunu oynadığı üçün, fəth edildikdən sonra II Sultan Məhmədin baş şəhərinə çevrildi.
Qaraqoyunluların paytaxtı Təbriz, Ağqoyunlularınkı isə Diyarbəkr idi. Qaraqoyunluları tarixə gömdükdən sonra Uzun Həsən paytaxtını Təbrizə köçürdü. Onunla birlikdə çoxsaylı türkmən kütləsi də Şərqi Anadoludan Təbrizə və İran yaylasının içərilərinə köç etdi. Yeri gəlmişkən, tarixçilər hazırda İran dediyimiz dövlətin ötən əsrə qədərki tarixində türkmənlərin müəyyənləşdirici rol oynamasını məhz həmin köçlə bağlayırlar. Eyni zamanda unutmaq olmaz ki, Qaraqoyunlu və Ağqoyunlularda şəhərləşmə və oturaqlaşmanın inkişafı, əşirət konfederasiya sisteminin klassik İran-İslam dövlətçilik sistemi ilə qovuşub-qaynaşması da bu köçdən sonra sürətlənmişdir.
Üçüncü, bürokratik aparat. A.Attar Osmanlı siyasi sistemində İran kimliyindən danışarkən bunun etnik anlam daşımayıb, əfsanəvi İran hökmdarları çevrəsində formalaşmış klassik dövlətçilik anlayışı ifadə etdiyini bildirir. Onun fikrincə, "Sasani, Abbasi, Böyük Səlcuqi, Elxani, Ağqoyunlu (! - N.M.) kimi siyasi və etnik cəhətdən bir-birindən fərqlənən dövlətləri özündə birləşdirən İran kimliyi etnik mahiyyətini tamamilə itirərək kosmopolit bir dünyagörüşünə çevrilmişdir. Şər`i mənada üləmanı, siyasi mənada dövləti (daha doğrusu, hökmdarı - N.M.) yeganə legitim səlahiyyət sahibi kimi qəbul edən bu kimlik böyük ölçüdə dövlətçidir və rəsmi iqtidar kimliyini əks etdirir". Gördüyümüz kimi, müəllif Ağqoyunluları da Osmanlı kimi ənənəvi İslam dövlətlərindən biri hesab edir və saray etiketi, protokol qaydaları və s. zahiri əlamətləri nəzərə alınarsa, bu, doğrudan da, belədir. Amma Ağqoyunluların timsalında söhbət təkcə "etnik mahiyyətini büsbütün itirmiş" mücərrəd və rəmzi İran kimliyi ilə qurtarmır, daha konkret və real məna kəsb edir. Bəlli olduğu kimi, Ağqoyunlularda hərbi bürokratiya türklərin, dini və idarəçilik bürokratiyası farsların əlində idi. Uzun Həsənin vəzirlərinin əksəriyyətini farslardan təyin etdiyi məlumdur. İran yaylası dövlətlərində bu, bir ənənə idi. Böyük Səlcuqilər vaxtında da, Qaraqoyunlu Cahanşah və oğullarının dövründə də idarəçilik funksiyası şəhər zadəganlarının nəzarətində olmuşdu. Teymurilər kimi, Təbriz sarayında da farsların mövqeyi get-gedə güclənmiş, Uzun Həsən dönəmində zirvə nöqtəsinə çatmışdı ki, bu da sonradan ölkənin hakim demoqrafik qüvvəsi olan türkmənlərlə bürokratik elita arasında uçurum yaratmışdı. S.Ərşahinin misal gətirdiyi bir rəvayətə görə, bir gün "tərakimə üləmasından" 30-40 nəfər Mövlana Şeyx Gülşəninin yanına gəlib özlərinin farsca, Qazı İsa Savəçinin isə türkcə bilmədiyindən şikayət etmiş, bunun dövlət işlərinə ziyan vurduğunu bildirmişdi. Şeyx Gülşəni Qazı İsaya katibini türk dilini bilən bir şəxslə əvəz etməsini məsləhət görmüş, bununla da məsələ həllini tapmışdı. Amma S.Ərşahin sonralar idarəçi sinfin nümayəndələri ilə belə anlaşmazlıqların tez-tez baş verdiyini və türkmənlərin dövlətdən narazılığını artırdığını da vurğulayır.
Dördüncü, ordu məsələsinə gəlincə, razılaşmamaq olmaz ki, qapıqulları (piyada yeniçərilər, sipahilər, cəbəçilər, topçular) say etibarilə Osmanlı ordusunun mütləq çoxluğunu təşkil edib. Amma səfərlərə çıxan ordunun ümumi sayı yüz minə çatır, hətta bəzən onu da keçirdi və cəmi 20-25 minlik qapıqulları, aydındır ki, bu nəhəng hərbi qüvvənin kiçik bir hissəsini tuturdu. Top və tüfənglə təchiz edilən qapıqulu əskərləri bir çox səfərlərdə, söz yox, həlledici rol oynayırdı, bununla belə Osmanlı ordusunun əsas hissəsinin sancaqlardan toplanan dirlikli əyalət əskərlərindən ibarət olduğunu inkar etmək mümkün deyil. Deməli, Osmanlı ordusunda türkmənlərin xüsusi çəkisi heç də devşirmələrdən az deyildi. Tədqiqatlarda Osmanoğullarının XVII əsrin sonlarına qədər səfərlər zamanı əşirət qüvvələrindən intensiv şəkildə istifadə etdiyi üzə çıxarılır. Yəni, nizami ordu yaranandan çox-çox sonralar da türkmən tayfa birliklərini müharibələrə səfərbər etmək ənənəsi (əlbəttə ki, zəruri hallarda!) yaşayırdı. Ə.S.Bilgili belə bir faktı misal gətirir ki, 1683-cü ildən sonra Hələb türkmənlərinə mənsub eymirlərin və bəzi digər əşirətlərin bəy və kəndxudalarına yüz nəfərlik dəstə ilə hərbi düşərgəyə gəlmək buyruğu göndərilib.
Beşinci. Söhbət kimin (Osmanlının, yoxsa Ağqoyunlunun) "daha çox türk olması"ndan gedirsə, məsələnin dil parametri üzrə araşdırılması təbiidir. Çünki etnik kimlik və şüur ana dili ilə mütləq surətdə bağlıdır. M.Kunt "Osmanlını türk dövləti hesab etmək mümkündürmü?" sualını cavablandırarkən sonda bu qənaətə gəlir ki: "...Osmanlını yenə də bir türk dövləti hesab etmək mümkün idi, çünki ölkənin dili türkcə idi". Bu cəhətdən sadə xalqın türkmən ləhcəsi ilə danışmasına rəğmən, rəsmi dilin farsca olduğu mənbələrdə də təsbit edilən Ağqoyunlularla tərs mütənasiblik aşkardır və güman ki, bu da Ağqoyunlu mərkəzinin İranda yerləşməsi ilə bağlıdır. Osmanlılarda isə ədəbiyyat, xüsusilə, şeir yaradıcılığını və mədrəsə təhsilini nəzərə almasaq, ərəbcədən və farscadan rəsmi məqamlarda heç vaxt istifadə edilmədiyi məlumdur. Canlı danışıqda da türk dilinin mövqeyi kifayət qədər yüksək idi: hər etnik qrupun öz dilində danışdığı Osmanlı cəmiyyətində ümumi ünsiyyət vasitəsi kimi türkcədən istifadə olunurdu. Hətta saray dili, ədəbi və daha çox yazı dili sayılan süni "Osmanlı lisanı" belə de-fakto türkcənin kanonları əsasında formalaşmış, daha çox leksik və morfoloji səviyyədə (tərkiblər və s.) fars-ərəb qarışığından ibarət olmuşdur.
Beləliklə, aydın olur ki, Ağqoyunluların osmanlılara nisbətən "daha çox türk olması" iddiaları qondarmadır və kifayət qədər şişirdilmişdir. Türkmənlərlə osmanlılar arasında problemin cövhərini heç də əhalinin, ordunun etnik tərkibində, yaxud siyasi sistemin ayrı-ayrı komponentlərində axtarmağa dəyməz. Bunlar olsa-olsa, dördüncü-beşinci dərəcəli amillərdir. Əsas problem türkmənlərin prinsip etibarı ilə Osmanlı siyasi sistemini küll halında qəbul edə bilməməsində axtarılmalıdır ki, bu da nə qədər Sultan Məhməd iqtidarının radikal mərkəziyyətçiliyindən irəli gəlmişsə, bir o qədər də Uzun Həsən və ətrafındakıların siyasi maraqlarına xidmət etmişdir...
...Uzun Həsən get-gedə aktuallaşan "Osmanlı-Ağqoyunlu dilemması"nı öz xeyrinə həll etməyə can atır, qarşıda onu gözləyən ölüm-dirim savaşında qalib gəlmək üçün ətrafında toplanan canlı qüvvəni daha da genişləndirməyə çalışır, eyni zamanda rəqibinin odlu silahları qarşısında duruş gətirməyin çətin olacağını anlayırdı. O, sanki türkmənlərə verdiyi vədlərin, boynuna götürdüyü xilaskarlıq missiyasının girovuna çevrilmişdi. Ordularının sayca təqribən bərabər olduğunu yaxşı bilən Uzun Həsən başa düşürdü ki, sıradan bir dövlətin yox, dünyaya meydan oxuyan qüdrətli bir imperiyanın nizami birlikləri ilə döyüşə girməlidir və təkcə türkmən hərbi qüvvələrinin fədakarlığına bel bağlamaqla bu döyüşdən qalib çıxmaq mümkün deyil. Odur ki, praqmatik bir siyasətçi kimi məqsədinə çatmaq, Ağqoyunlu tayfalarını qorumaq, eləcə də ona pənah gətirmiş bəy varisləri qarşısında götürdüyü öhdəliklərə əməl etmək üçün yollar axtarır və şəriət hökmlərinin ziddinə olaraq böyüklü-kiçikli müxtəlif xristian ittifaqlarına girməkdən belə çəkinmir, bu zaman öz qüdrətini xristian müttəfiqlərinə nümayiş etdirmək üçün bəzi cavan bəyləri də arxasınca aparır (bəlkə də onlar onu bu yola sürükləyirlər). 1458-ci ildə Uzun Həsən Trabzon imperatoru David Komnenin qurduğu anti-Osmanlı koalisiyasına qoşulur. Bu koalisiyada kimlər yox idi? Samtsxe, Kartli-İmeretiya, Minqreliya, Abxaziya, Çərkəz, Osetin, Qaraman, eləcə də mövcudluğuna rəsmən xitam verilmiş Ramazan və İsfəndiyar bəyliklərinin hakimləri, yəni, regionda, demək olar, az-çox real gücə malik bütün qüvvələr Osmanlı əleyhinə birləşmək öhdəliyi götürürlər. Amma bu koalisiya kağız üzərində qalır. Uzun Həsən sonradan da öz ordusunu ağır silahlarla təchiz etmək məqsədi ilə Venedik və digər xaçlı birlikləri ilə ittifaqlarda yer alır. 1470-ci ildə Əyriboz adasını itirdikdən sonra Venedik onunla yeni bir müqavilə bağlayır. Amma bildiyimiz kimi, üç il sonra Osmanlı-Ağqoyunlu müharibəsində Uzun Həsənin qoşunlarına gəmilərlə odlu silahlar çatdırmağa çalışsa da, bunu bacarmır. Beləliklə, səyləri nəticəsiz qalan Uzun Həsən həlledici Otluqbeli savaşına artilleriya dəstəyi almadan girməli olur və ağır məğlubiyyətə uğrayır. A.Əttar İbn-Kamalın qeydlərinə istinadla bu fikrə gəlir ki, "1473-cü ildə gerçəkləşən Otluqbeli savaşı bir anlamda Anadoluda Osmanlı ağalığını qəbul etməyən türk boy-aristokratlarının qızışdırmalarının nəticəsi idi". Haqlı qənaətdir, amma necə olsa da, bu, tarixdən usta siyasətçi kimi tanıdığımız Uzun Həsən üçün bağışlanmaz xəta idi. Çünki məhz Osmanlı savaşından sonra Ağqoyunlu dövlətinin yüksəliş dövrü başa çatmış və o, tədricən tənəzzül dövrünə qədəm qoymuşdu.
500 ildən çoxdur ki, tarix kitablarında Fateh Sultan Məhməd bu müharibənin qalibi kimi göstərilir. Həqiqətdə isə, Ağqoyunlu-Osmanlı savaşında qalib yoxdur, olmayıb, ola da bilməzdi; bu, o savaşlardandır ki, qalibi olmur, hər iki tərəf yalnız uduza bilir! Ağqoyunlunun məğlubiyyəti həm taktiki, həm strateji reallıqlarla təsbit olunur. Bəs Osmanlının məğlubiyyəti nədədir? Zənnimizcə, məsələyə Osmanlının, eləcə də türk dünyasının strateji maraqları kontekstindən baxsaq, bütün döyüşlərdən zəfərlə çıxan Fatehin bu savaşda heç bir siyasi dividend qazanmadığını, əksinə, böyük ziyana düşdüyünü etiraf etməyə bilmərik. Uzun Həsən bəzi torpaqlarını, Fateh isə bütün şərq türkmənlərinin dəstəyini itirdi Başkənddə. Tək elə Otluqbeli döyüşündən sonra 4 min türkmənin edam edildiyi, 2500-ünün əsir götürüldüyü deyilir. Bunların böyük qismi Osmanlıya əvvəldən müxalif olan Qərbi Anadolu bəyliklərinin siyasi varisləri yox, Ağqoyunlu tayfalarına mənsub sıravi döyüşçülər idi. Hələ başqa vuruşmalarda (hər iki tərəfdən) nə qədər türkmən həlak olmuşdu, bilinmir. Araya qan düşmüşdü. Şərqi Anadolu türkmənləri ilə Osmanlı artıq qan düşmənləri olmuşdular və bu düşmənçilik hələ çox davam edəcəkdi. Hansı qələbədən danışmaq olardı?..
Bundan sonra Osmanlı-türkmən qarşıdurması kimlərinsə siyasi mənafelərini əks etdirməyəcək, ideoloji ehkamlardan, adət və vərdişlərdən, tabu və yasaqlardan asılı olmayaraq obyektiv və real tarixi zəmin tapacaq, aprior - özü-özünün səbəbi olan, özü-özünü şərtləndirən, öz-özlüyündə aydın və haqlı olan davranış motivinə çevriləcəkdi. Türkmənlər Osmanlıdan güc yolu ilə qisas almağın mümkünsüzlüyünə inansalar belə, heç bir halda ona boyun əyməyəcək, düşmənçiliyi unutmayacaqdılar. Mənəvi körpülər uçurulacaq, şərqdəki türkmənlər qərbdəkiləri özlərindən bilməyəcək, onlara etimad etməyəcək, onlarla bağları kəsəcəkdilər. Bundan sonra Osmanlı ilə hər hansı doğmalıqdan, ümmət birliyindən başqa, hər hansı eynilikdən, yaxınlıqdan söhbət belə gedə bilməz. Onunla təmasdan da çəkinəcəklər. Qapılar, sərhədlər bağlanacaq, gediş-gəliş kəsiləcək. Qan qohumluğu inkar edilməsə belə, uzaq keçmişdə qalacaq, əlaqələr qırılacaq, xatirələr unudulacaq. Qardaş qardaşı tanımaqdan boyun qaçıracaq. Yoluxuculuq qazanacaq bu qarşıdurma tezliklə Osmanlının öz daxilinə də sirayət eləyəcək, normal sosial narazılıqlara siyasi-ideoloji rəng qatacaq. Yaranmış vəziyyətə etinasız qala bilməyənlər, gah o, gah bu tərəfə qahmar çıxanlar tapılacaq, ehtiraslar səngimək bilməyəcək...
Bu, Anadolu türkmənlərinin tarixində misli görünməmiş ayrılma, qırılma nöqtəsidir; bir dönəm qapanıb başqa bir dönəm açılır. Bir superetnosun iki böyük qolu arasında çoxdan yaranmış çatlar böyüyüb dərin bir yarğana, hətta uçuruma dönür.
Tarixçilər Ağqoyunlu-Osmanlı toqquşmasından "obyektiv tarixi zəmin" çərçivəsində bəhs etməyi xoşlayırlar. T.Nəcəfli yazır: "Osmanlı-Ağqoyunlu toqquşmasının obyektiv tarixi zəmini vardı. O, Anadolunun türk mühitinin daxilində gedən dərin sosial və etnodini differensiasiya prosesləri ilə bağlı idi". Bizə görə, bu, nə qədər maraqlı olsa da, hadisələri qabaqlamaq cəhdindən doğan bir mülahizədir. Mübahisə etmək istəməzdik, olsun ki, müəllif Osmanlı-Ağqoyunlu münasibətlərində mövcud çatları nəzərdə tutur. Amma etnik differensiasiya uzunmüddətli qarşılıqlı qapanma, təcrid və özünütəcrid tələb edən çoxölçülü bir prosesdir və müharibəyə, konkret olaraq, Otluqbeli döyüşünə qədər bu prosesin yalnız sosial-siyasi aspektini (o da xeyli səthi bir səviyyədə) müşahidə etmək mümkündür. Prosesin sosial psixoloji, etnomədəni, habelə etnodini aspektlərdə dərinləşməsi üçün tarixi şərait isə hələ bundan sonra yetişəcəkdi. Əlaqələrin bütün səviyyələrdə qırılması və kütləvi qarşılıqlı qərəz atmosferi Anadolu türkmənləri arasında yadlaşmanı get-gedə özgələşmə həddinə çatdıracaq ki, differensiasiya proseslərinə də məhz bu təmayüllər təkan verəcək. Amma necə deyərlər, bu barədə sonra...
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
