"Babalarımız oğuzlar-türkmənlər" silsiləsindən
Rəqabətdən düşmənçiliyə
İbrahim bəyin vəfatından (1464) sonra oğulları arasında təfriqə yarananda İshaq bəy Ağqoyunlu hökmdarı Uzun Həsəndən, Pirəhməd isə xalası oğlu Fateh Sultan Məhməddən dəstək istədi. Uzun Həsən Sultan Məhmədin Bosniyada səfərdə olmasından istifadə edərək Dülqədiroğulları üzərinə hücuma keçdi, Kayseri, Dəvəli, Ağsaray, Konya və Bəyşəhri bölgəsini tutub, İshaq bəyə təslim etdi və onu himayəsinə aldığını bildirdi. Pirəhməd və qardaşları Ədirnəyə sığındılar. Sultan Məhməd bu təcavüzə cavab olaraq Qaramanoğullarına bağışlanmış keçmiş Osmanlı torpaqlarının geri qaytarılmasını tələb etdi. Misir sultanının vasitəçiliyi ilə keçirilən danışıqlarda Fateh sülh şərti olaraq, həm də 1391-ci ildə Yıldırım Bəyazidlə Qaramanoğlu Məhməd bəy arasında bağlanmış əhdnamənin təsdiqlənməsini istədi, amma qarşı tərəf razı olmadı. İş bu yerə çatanda Pirəhməd bəy Osmanlı qoşunlarının köməyi ilə İshaq bəylə döyüşə girdi, demək olar, bəyliyin bütün ərazisini hakimiyyəti altına aldı. Uzun Həsənin yanına qaçan İshaq bəy çox keçmədən vəfat etdi.
Lakin sən saydığını say, gör fələk nə sayır...
Qaraman bəyliyinə tam sahiblənən Pirəhməd bir müddət keçmiş Osmanlı ilə razılaşmaları pozmağa, sərhəd bölgəsindəki bəzi torpaqları geri istəməyə başladı. Bundan qəzəblənən Sultan Məhməd 1468-ci ildə Konyaya qoşun yeridib şəhəri tutdu, Qaraman bəyliyinə son verib yerində o adda sancaq yaratdı. Pirəhməd və qardaşları Konyanı geri qaytarmaq məqsədi ilə bir neçə dəfə cəhd etsələr də, şəhəri ala bilmədilər, amma Konya düzünün şərq hissəsini ələ keçirdilər. 1470-ci ildə Sultan Məhməd Əyriboz (bəzi mənbələrdə adanın adı "Əyriboğaz" kimi keçir) səfərində ikən, Pirəhmədin qardaşı Qasım bəy Ankaraya qədər irəliləyib Osmanlı şəhərlərini talan etdi. Səfərdən zəfərlə qayıdan Fateh Qaraman məsələsini biryolluq həll etmək qərarına gəldi və bu məqsədlə bir neçə əməliyyat keçirdi. 1471-ci il yürüşündə sədrəzəm İshaq Paşa Larəndə və Nigdeni, Gədik Əhməd Paşa sahil bölgəsindəki Əlaiyyəni tutdu. 1472-ci ildə Qaramanın dağlıq hissələrinə təşkil olunan səfərdə Mokan hisarı, Kirku və Gülək qalaları alındı. Bu zaman Qərbdən səlib donanması, Şərqdən isə Uzun Həsən müdaxilə etdilər və Qaraman məsələsi dövlətlərarası münaqişəyə çevrildi. Uzun Həsən Pirəhməd və Qasım bəyləri İsfəndiyaroğlu Əhməd bəylə birlikdə Toqat üzərinə hücuma göndərdi, onlar tranzit ipəyin saxlandığı anbarlar daxil olmaqla şəhəri dağıdıb talan etdilər. Uzun Həsən Azərbaycandan Bursaya gedən ticarət karvanlarından Toqatda vergi alınmasını (karvanlar əvvəl ancaq Bursada gömrükhaqqı ödəyirdi) Fatehin çıxardığı haqsız bidət hesab edirdi (X.İnalcıq). Toqat hücumundan sonra Qasım bəy Aralıq dənizi sahilləri boyunca Antalya və İzmiri ələ keçirib yandıran səlib donanması ilə ittifaqa girərək osmanlılara aid bir neçə qalanı tutdu. 1474-cü ildə Osmanlı qüvvələri onun həmlələrinin qarşısını alaraq Venedik (Venesiya)-Qaraman koalisiyası üzərində qələbə çaldı.
Qaraman məsələsinin həlli formal olaraq Qasım bəyin vəfat etdiyi 1483-cü ilədək uzansa da, İbrahim bəyin vəfatından sonra bu bəyliyin gücü-qüdrəti də, hegemonluq iddiaları da tarixə qarışmış, keçmişdə qalmışdı. Türkmənlərin osmanlılarla münaqişəsində öndərlik Ağqoyunlulara, dəqiq desək, Uzun Həsənə keçmişdi. Qaramanoğullarının və digər bəy varislərinin əlindən isə Anadoluda Osmanlı hakimiyyətinin türkmənlər tərəfindən qanuni sayılmadığı, qəbul olunmadığı fikrini formalaşdırmaq, qüvvətləndirmək və yaymaqdan başqa bir şey gəlmirdi. Bu fikrin obyektiv əsası da yox deyildi. Qaramanlılar istisna olmaqla, türkmən bəyliklərinin əhalisi Osmanlı təbəəliyinə keçmişdi. Bəy varisləri isə azsaylı məiyyətləri ilə müqaviməti davam etdirir, əhali arasında təbliğat aparır, narazılıqları qızışdırırdılar. Fitnələrin arxasında Qaraman şahzadələrinin durduğu, onların da Uzun Həsəndən göstəriş aldıqları şəksiz idi. Narazılıqların kökündə isə osmanlıların türkmən törəsindən üz döndərmələrinə dair kütləvi təsəvvürlər dururdu. Osmanlı dövləti buyruq altına aldığı bölgələrdə türkmən obalarını və boylarını qatı qanunçuluq çəmbərinə salır, onlara bir yığın vergi və yasaq gətirirdi. Qoyun vergisi, yaylaq-qışlaq rüsumları, müxtəlif mükəlləfiyyətlər türkmənləri sıxır, onların sərbəstliyini əllərindən alır, onları sözəbaxan olmağa, dövlətə boyun əyməyə zorlayırdı. Köçəri oymaqları subaşı və ya sancaqbəylərinin dirlikləri içində "zəbtü-rəbtə alınmışdı". Osmanlı idarəçiləri əşirət ağalığı seçimlərinə müdaxilə edirdilər. Doğrudur, qəbilə və tayfa üzvlərinin razılığı yenə tələb olunurdu, amma namizədlər mülki amirin təklifi ilə irəli sürülür, seçilən bəylər mərkəzdə təsdiq edilməyincə fəaliyyətə başlaya bilmirdi. Əşirətlərin yaylaqları rəsmən qeydiyyata alınır, mərzlərin pozulmasına yol verilmirdi. Tayfadaxili mübahisə və münaqişələrin nizamlanması şəriət və qanun çərçivəsində həyata keçirilirdi. Qanun isə törəyə zidd idi və əksər hallarda ənənələrlə uzlaşmırdı.
Türkmən bəylikləri, artıq qeyd edildiyi kimi, ənənə (törə) əsasında idarə olunan kiçik feodal dövlətləri idi. Bəziləri böyüyüb, imperiya səviyyəsinə qalxsa belə, qədim köçəri təsisatları yerində qalır, ənənə hakim ideologiyadan tutmuş, cinayət məcəlləsinə qədər bütün əxlaqi, hüquqi tənzimləyici normativləri əvəz edirdi. Törə idealizə edilir, fetişləşdirilir, ictimai münasibətlər kollektiv düşüncə və yaddaş əsasında qurulurdu. Türkmənlərin qədim inanclarına görə, xalqın varlığı törənin yaşamasından asılı idi. Ənənəvi davranış qaydalarına, arxetip və stereotiplərə hamı tərəfindən riayət edilir, bunların pozulması bağışlanmaz günah sayılırdı. Ənənəni şübhə altına almaq, "sorğulamaq" olmazdı, ona sözsüz və mütləq şəkildə əməl edilməli idi. Ənənə öz başının üstündə başqa bir ənənənin, başqa bir buyruğun, hətta şəriətin belə, varlığı ilə barışmır, bunu qətiyyətlə rədd edirdi. Odur ki, çox vaxt rəqibləri Osmanlı idarəçilik sistemində törə ilə uzlaşmayan məqamları şişirdir, köçəri ənənələri ilə qarşılaşdırırdılar. Belə bir fikir də yayılırdı ki, guya Osmanlı heç yerli-dibli türk dövləti deyil, yaxud Ağqoyunlular onlarla müqayisədə "daha artıq türkdür". Bu günün özündə belə hafizələrdən silinməyən həmin populist fikirlər, Osmanlı siyasi sisteminə xas olan ayrı-ayrı aspektlərlə əlaqələndirilir və əsaslandırılırdı.
M.Kuntun fikrincə, Osmanlı siyasi sisteminin kökləri Mərkəzi Asiya çöllərində, Abbasi xəlifələrinin möhtəşəm paytaxtı Bağdadda, İslamiyyətdən əvvəlki Sasani saraylarında axtarıla bilər. Aygün Attara görə, "Osmanlı dövləti öz imperiya anlayışını Səlcuqi-İslam və Bizans modeli üzərində inşa etmişdi". Müəllif bu sırada "İran kimliyi"ni önə çıxarır. Tarixşünaslıqda mövcud olan başqa bir nöqteyi-nəzərdən çıxış edərək, Osmanlı dövlətini Yaxın Şərq və Ağ dəniz imperiyaları (Persiya, Ellin dövlətləri, Roma imperiyası, Bizans və s.) silsiləsinin "son mənsubu" sayanlar da az deyil. K.Karpatın qənaətincə, "XVI əsrdə müsəlman Orta Şərqinə yayılmasına qədər Osmanlı dövləti coğrafi baxımdan əsas etibarilə bir Şərqi Avropa dövləti idi". X.İnalcıq isə bütün mövcud mülahizələri ümumiləşdirib belə bir məntiqi hökm çıxarır ki, "Fatehin şəxsində türk, İran, İslam və Roma hökmdarlıq ənənələrini birləşdirən "Osmanlı padşahı" doğmuşdur".
Çoxlaylı, çoxqatlı səciyyə daşıyan Osmanlı siyasi sistemində etnik-mədəni, dini, məhəlli, coğrafi, tarixi-ənənəvi faktorlar vahid xəlitə şəklində qaynayıb-qarışır və bunların heç birini sərf-nəzər etmək mümkün deyil. Türklərə (türkmənlərə) xas olduğu qədər də kosmopolit (qeyri-milli, fövqəlmilli) mənşəli bu sistemin ən önəmli cəhəti hökmdarın mütləq mövqeyidir. Patriarxal (və ya Niyazi Berkesin təbirincə, patrimonial) mahiyyətli belə rejimlərdə müxtəlif dövlət orqanlarının vəzifə və səlahiyyətləri hökmdarın iradəsinə bağlanır; o həm əskər/ sərkərdə, həm diplomat, həm idarəçi, həm də siyasətçidir.
Osmanlı dövlətinin (eləcə də digər klassik müsəlman dövlətlərinin) dünyagörüşü ideal və universal "nizami-aləm" anlayışında əks olunur. Bu baxış ən ümumi həyat normalarını müəyyənləşdirir. A.Somelin dəqiq ifadəsinə görə, şəriət, qədim Yaxın Şərq (İran, Bizans) dövlət adabı, Orta Asiya siyasi ənənələri və müəyyən ölçüdə yerli adətlər kimi qaynaqlara əsaslanan "nizami-aləm" prinsiplərinə əsasən, dövlət İslama, ədalətə və rifaha xidmət etməli idi. Cəmiyyət idarəçi ("əskəri") və idarə olunan ("rəiyyət") siniflərə bölünürdü. Bu sinifləri dövlətin mənafeyi naminə səfərbər edən, onlar arasında balans yarada bilən yeganə fövqəlqüvvə isə padşah idi. Dövlətin ilk çağlarında "əskəri sinfə" vergidən azad olunan, müəyyən maaş müqabilində bəy qapısına və ya hər hansı digər bir "qonağa qapılanan", yaxud da dövlətin gəlirlərindən dirlik şəklində pay alan döyüşçüləri aid edir və bu yolla onları sadə xalqdan fərqləndirirdilər. Sonradan bu, istilah vəzifəsindən asılı olmayaraq dövlət işində çalışan bütün baratlı qulluqçuları (məmurlar, hərbçilər, ədliyyə və elmiyyə mənsubları - qazılar, müftilər, müdərrislər, fəqihlər və s.) bildirməyə başladı. Əskəri sinfə daxil olmayan digər təbəqələr (şəhər-qəsəbə tacirləri, sənətkarlar, əkinçilik və heyvandarlıqla məşğul olan kəndlilər, köçərilər) "rəiyyət" sayılırdı. Onlar dövlətə, dolayısı ilə əskəri sinfə vergi ödəyirdilər. Əskəri sinfin qapıları rəiyyət oğlunun üzünə biryolluq bağlanmasa da, hakim düşüncə "rəiyyətin oğlu rəiyyətdir" deyimi ilə ifadə olunurdu.
Osmanlının türk dövləti olmaması iddiaları da məhz köçəri türkmənlərin rəiyyət statusu üzərində möhtəkirliyə əsaslanırdı. Osmanlı cəmiyyətində köçəri əşirətlər yerinə yetirdikləri ictimai-iqtisadi funksiyaları ilə həmişə toplumun həyat damarlarından biri olmuşdur (Ə.S.Bilgili). Bununla belə dövlətin siyasi sistemi köçəri həyat tərzinə yabançı idi və türkmən-Osmanlı əksliyi də böyük ölçüdə məhz bu antoqonizmlə müəyyənləşirdi. "Türk tarixində oğuzlar və dövlət" məqaləsində bu dialektik əksliyin təhlilini verən prof. Y.Başkan yazır: "Əşirət və ya boylar köçəri həyat və quruluş tərzinə sahib idilər. Burada insanlar bir-birinə qan qohumluğu ilə bağlandıqları üçün dövlət, köçəriləri təhdid mənbəyi kimi görmüşdür. Bu səbəbdən də qədim dövlətlər daxili siyasətdə qarşılarına yurd axtaran əşirətlərin məskunlaşdırılması, oturaqlaşdırılması, vergiyə cəlb olunması və sosiallaşması kimi vəzifələr qoymuşdur. Köçərilik dövlətin təbiətinə ziddir. Dövlətlər daha geniş bir sosial tərkibin (millət) ortaq mənafelər ətrafında təşkilatlanmasını ifadə edir. Tarixi bir koordinat oxu üzərində təsvir etsək, alınan qrafikdə qan bağına əsaslanan birliklərdən (əşirət, tayfa) ortaq maraq və dəyərlər ətrafında təşkilatlanan millət, dövlət və imperiyalara doğru dəyişikliklər əks olunacaq. Sivilizasiyanın dialektikası xaricdə rəqib güclər, daxildə isə əşirətlərlə ziddiyyət və mübarizələri ehtiva edir. Dövlətin, iqtisadi strukturun, mədəniyyətin möhtəviyyatı, sivilizasiyanın ömrü də elə həmin dialektika ilə təyin olunur".
Diqqət yetirsək, görə bilərik ki, köçəriləri intensiv olaraq oturaqlaşdıran, yaylaq və qışlaqlar arasında köç yollarını məhdudlaşdıran Osmanlını türkmən mühitindən təcrid, türkmən dəstəyindən məhrum etmək, necə deyərlər, blokadaya salmaq cəhdləri bu dövlətin yüksəlişi ilə üst-üstə düşür. Fateh Sultan Məhmədin geosiyasi uğurlarından xoflanan rəqibləri bu yolla onu köçəri türkmənlərdən qoparmaq, onlarla üz-üzə gətirmək niyyəti güdürlər. Kütləvi şüura onun islahatlarının əsl hədəfinin türkmənlər olduğu barədə yanlış təsəvvürlər yeridilir və bəslənir. Tarixdən bilirik ki, özlərini "əsl türkmənlər" kimi qələmə verən Ağqoyunlular hələ Qara Yülük Osman dövründən bu yolda osmanlılarla rəqabətə girişmişdilər. "Öyüdnamə"də türkmənlərin təbii və əzəli həyat tərzi kimi tərənnüm olunan köçərilik osmanlıların mərkəziyyətçi inkişaf yoluna alternativ göstərilirdi (S.Ərşahin). Uzun Həsən də Qara Osmanın yolu ilə gedir, narazılıqları qızışdırmaq üçün əlinə keçən hər fürsətdən yararlanırdı. O, türkmənlərdən vergi alınmasını bidət elan edir, pisləyirdi. Halbuki Sultan Məhmədin idarəçilik islahatları təkcə türkmənləri yox, ölkənin bütün əhalisini əhatə edirdi. Bu tədbirlərin etnik qayəsi yoxdu, Osmanlı artıq inkişafın "tayfa dövləti" mərhələsini çoxdan adlamışdı və təbəələri arasında ayrı-seçkilik qoymurdu. Fateh özünü tək türkmənlərin öndəri saymırdı və yalnız türkmənlərin sultanı olmaq istəmirdi. O, qazi babalarının yolunu davam etdirir, türkmən liderliyinə yox, dünya hökmranlığına, cahangirliyə can atırdı. "İlahi-kəlimullah" davasını dünyada bir dövlət (yəni, Osmanlı), bir padşah (yəni, o - Sultan Məhməd) qalana qədər davam etdirməyə, bu yolda qarşısına çıxan hər şeyi və hər kəsi əzib-keçməyə qərarlı idi. Uzun Həsən isə qüdrətli, lakin daha çox region miqyaslı siyasətçi idi. İraqi-Əcəmi, İraqi-Ərəbi tutduqdan, Xorasanı nəzarətə götürdükdən sonra qarşısına "türkmən yurdu" Anadoluya büsbütün sahib olmaq vəzifəsini qoymuşdu. "Türkmən diyarının hakimi" olaraq bu istəyində özünü haqlı bilirdi. Əslinə baxanda, Qaraqoyunlu və Ağqoyunlu bəylikləri sırf türkmən tayfalarından təşkil olunduğundan, "türkmən" termini tarixi mənbələrdə lap əvvəldən onları nişan vermək üçün işlədilirdi. Uzun Həsən isə geniş türkmən kütlələrinin islahatlarla bağlı sosial qorxu və narazılıqlarından sui-istifadə edərək, türkmən mühitində Osmanlı təmayülünü aradan qaldırmağa, "türkmən" siyasi kimliyini inhisarına götürməyə, Osmanlı təbəələrini öz tərəfinə çəkməyə çalışırdı. Onun əsas hədəfi Osmanlı, məqsədi türkmən öndərliyi və bu yolla regional hegemonluq idi; xristian dövlətlərinin Osmanlı əleyhinə qruplaşmalarında iştirak edir, onlarla ittifaqlara girir, amma bağladığı sazişlərin heç birində qələbə çalacaqları təqdirdə Osmanlının fəth etdiyi xristian torpaqlarına iddia etmirdi.
Fateh Sultan Məhməd də soydaşlarından asanlıqla əl götürmək istəmir, onların yadlaşdırılması ilə razılaşmır, Osmanlının türkmənlər üzərində himayədarlıq hüququnu müdafiə edir, Həsən padşahın təcrid siyasətinə bacardığı qədər müqavimət göstərirdi. Əvvəla, nizami-aləm doktrinasına görə, Osmanlı imperiyası bütün əhalisi və əmlakı ilə birlikdə səltənət sahibinin mülkiyyəti sayılırdı. Sultanın ali missiyası isə bu mülkü qoruyub genişləndirməkdən ibarət idi. Fateh Sultan Məhməd məhz bu məntiqlə əhalisini - dinindən, etnik və sinfi mənsubiyyətindən asılı olmayaraq, onun bütün zümrələrini mühafizə etməyə borclu idi. O, ölkə əhalisinin ən böyük etnik qrupunu təşkil edən türkmənləri özündən qətiyyən narazı salmaq istəməzdi. Zaman-zaman əşirətlərin hüquqlarının qorunması məqsədi ilə yerli idarəçilərə göndərdiyi buyruq və fərmanlar da bunu təsdiq edir.
Fateh onu da unutmurdu ki, Osmanlı da o biri Anadolu bəylikləri kimi , tarix səhnəsinə türkmən təsisatı olaraq çıxmış, sonradan Balkanlara doğru genişlənmiş, uc boylarını Makedoniya, Serbistan və Macarıstana qədər uzatmışdı. Ölkə böyüdükcə Anadolu mərkəz bölgəsinə çevrilmiş, Osman bəyi ilk dəstəkləyən, ondan yurd və dirliklər alan nəhəng türkmən kütləsi geridə, içərilərdə qalmışdı. Sultan Məhməd öz etnik mənsubiyyətinin fərqində idi və babaları kimi, o da fəth etdiyi bölgələrin türkləşdirilməsində məhz həmin türkmənlərə arxalanmışdı. Fateh Şərqə və Cənuba doğru irəlilədikcə bu xətti davam etdirməkdə, yerli türkmənləri Osmanlı dövlətinə birləşdirməkdə qərarlı idi. O hərdən əsəbiləşəndə Uzun Həsəni "keçi çobanı" adlandıra bilərdi, amma türkmən tayfalarını onun ümidinə buraxa bilməz, türkmənlərdən bir etnik qrup kimi imtina etməyi ağlına belə gətirməzdi. O, türkmənlərə güvənir, onları Osmanoğulları dövlətinin sosial dayağı bilir, ən çətin vəzifələri onlara etibar edir, heç kimə vermədiyi imtiyazları onlara verir, heç kimə getmədiyi güzəştləri onlara gedirdi. Onlar da Fatehin çağırışına gəlir, buyruğuna əməl edirdilər. Belə olmasaydı, Konstantinopolun türkləşməsi prosesi xeyli ləngiyərdi. Məhz Anadolunun içərilərindən köçürülmüş türkmən tayfalarının əzmkarlığı sayəsində Bizansın paytaxtı tezliklə simasını dəyişib bir türk yurduna çevrilmişdi. Belə olmasaydı, Sultan Məhməd qardaş qırğınına yol verməmək üçün Qaramanoğlu Qasım bəyin, Ağqoyunlu Uzun Həsənin xəyanətlərinə səbir və dözümlülük göstərməzdi. Otluqbeli döyüşündən sonra Osmanlı hakimiyyəti altına yalnız bir neçə bəyin "torpaqları və boyları ilə birlikdə girməsi ilə" kifayətlənməz, Ağqoyunlu torpaqlarını ilhaq etməyə çalışardı. Uzun Həsənin vaxtilə Qaraqoyunlulara rəva gördüyünü onun öz başına gətirərdi. Fateh isə türkmənlərə seçim haqqı tanımışdı (Ağqoyunlu tayfalarından kim Osmanlı idarəçiliyini qəbul etmişdisə, onun buyruğu altına keçmişdi, türkmən törəsinə görə, tayfaları zorla itaət altına almaq olmazdı).
(Davamı gələn sayımızda)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
