Aliyə Aşurbəyli - Trabzonda azərbaycanlı müəllim - Dilqəm ƏHMƏD

Prof. Dr. İbrahim Yıldırımın əziz xatirəsinə

Dilqəm ƏHMƏD

 

1920-ci ildə Rusiyanın Azərbaycan Cümhuriyyətini işğal etməsindən sonra Aşurbəyli ailəsinin bir müddət mühacirətdə yaşadığını bilirdim. Bu barədə azman tarixçilərimizdən Sara xanım Aşurbəyli xatirələrində qiymətli məlumatlar verib, mühacirətdə keçən günləri və təhsil həyatı ilə bağlı mühüm bilgiləri qələmə alıb. Amma bu ailədən birdəfəlik Türkiyədə qalıb oxuyanların olduğundan xəbərsizdim. Bu barədə mənə ilk dəfə ötən ay itirdiyimiz professor İbrahim Yıldırım məlumat vermişdi. Aşurbəylilərdən bir neçə üzv, eləcə də Aliyə Aşurbəyli bolşevik Azərbaycanına qayıtmayıbmış.

İbrahim bəy Trabzon liseyində ikən Aliyə xanımdan dərs almış, müəlliminin məktəbdə tərtib etdiyi tamaşalarda oynamışdı. Ona görə də Aliyə Aşurbəyli haqqında topladığı materiallar əsasında onun həyat hekayəsini yazacaqdı. İstifadə etdiyimiz qaynaqlarla məni o tanış etmişdi. Buna görə də bu yazımızı onun işıqlı xatirəsinə ithaf edirəm.

 

Aliyə Aşurbəyli kimdir?

 

Aliyə Aşurbəylinin həyatı haqqındakı məlumatları "Kıyı" dərgisinin 1987-ci ilin mart ayında çıxan 12-ci sayından öyrənirik. Bacısı Asiyə Aşurbəyli jurnalist Əhməd Özerə ailəsi və bacısı haqqında önəmli məlumatlar verib:

"Anamızın adı Xavər, atamızın adı Nəsrulladı. Ailəmiz azərbaycanlı idi. Hazırda milli sərhədlərimizin xaricindəki bir yerdə - Bakıda doğulmuşuq. Aliyə məndən üç yaş böyük idi. Doğum tarixi sənəddə 1234 yazılıb, sonra 1329 olaraq (1913-1914 - D.Ə.) düzəldildi. Qışı Bakıda, yayı isə Mərdəkan adlı qəsəbədə keçirərdik. Uşaqlıq yaddaşımda neft quyuları və üzüm bağları qalıb. Maddi vəziyyətimiz çox yaxşı idi. Atam dövrün önəmli kişilərindən biri idi. Anam evə gəlib-gedən mürəbbiyələrdən təhsil almışdı, olduqca müdrik bir qadındı. Naxış-tikiş dərslərini, rus və fransız dillərini, Quranı və pianinonu bu yolla öyrənmişdi".

Jurnalistin "Türkiyəyə gəlişiniz necə oldu, o günlərdən nələri xatırlayırsınız?" sualını Asiyə xanım belə cavablandırıb:

"Yeni idarəçiliyə uyğunlaşmağımız mümkün deyildi. Buna görə də 13 nəfərlik bir qrupla Bakıdan ayrıldıq. Bir ilə yaxın Tiflisdə qaldıq. Altı ay da Batumda. Daha sonra Trabzona gəldik. Dövrün valisi Fəthi bəy bizi "Kafkas Palas" hotelinə yerləşdirdi. Bir neçə ay babamdan gələn pulla dolandıq. Daha sonra Trabzonun müxtəlif yerlərində o illərdəki mühacirlərlə birlikdə eyni evlərdə qaldıq. İxtilaldan əvvəl bir vəzifə ilə bağlı Türkiyədə olmuş atam da yanımıza, Trabzona gəldi. Bu gün izi-tozu qalmayan PTT Mərkəz binasının yanındakı ev ən son köçdüyümüz evdi".

Asiyə xanım bacısının təhsili ilə bağlı suala geniş şəkildə cavab verib:

"Aliyə Bakıda ibtidai məktəbin birinci sinfinə yazılmışdı. Olduqca zəkalı bir uşaq idi. Pianinonu o yaşında evimizə gələn müəllimdən, türkcəni isə əsir türk zabitlərindən öyrənmişdi. Fransızca dərsləri isə başqa bir müəllim öyrədirdi. O illərdə Yardım Alayı komandanı Baha Sait Conay evimizdə qalırdı. Sonra o da Türkiyəyə gəldi. Trabzona gəldiyimizdə İç Kale ibtidai məktəbində (Qazipaşa ibtidai məktəbi) bir il oxumadan ayrıldı. Çünki Aliyə o illərdə təhsil baxımından sinif yoldaşlarından xeyli üstündü. Həmin illərdə bizimlə birlikdə Türkiyəyə gələn anamın xalasının nəvələri İstanbulda Sörler məktəbində oxuyurdular. Aliyə onların yanına getdi. Qızlarla qaldı. Bir müddət onlarla eyni məktəbdə oxudu. Onlar Sovetlərə dönüncə Aliyə də Trabzona gəldi. Ancaq burada bir ibtidai məktəbdə oxumağı heç cür istəmədi. Bu səbəbdən evə müəllimlər gəldi. İstanbuldan fransızca kitablar gətirildi. Sörler məktəbində tətbiq edilən proqram evdə ona keçildi. Bu sistem bir il davam etdi. Sonra qız orta məktəbinə imtahanla daxil olmaq istədi. Əvvəlcə məktəb idarəçiləri tərəfindən uyğun görülməsə də, dövrün maarif müfəttişi Mustafa Rəşid Tarakçıoğlu Aliyəyi imtahana saldı, sonra da məktəbə qeyd olmasının əmrini verdi. Aliyə qız orta məktəbini birinciliklə bitirdi. Orta məktəbi tamamladığı il açılan ödənişsiz yatılı imtahanına üç dostu ilə birlikdə girdi, imtahanı təkcə Aliyə qazandı. Erenköy Qızlar Liseyində yatılı təhsilini davam etdirmək məqsədilə yenidən İstanbula getdi. O illərdə bir-birimizə çox məktub yazmışdıq. Yay tətilində həmişə Trabzona gələrdi. Buradan ona pul göndərərdik. Aliyə bu pulla özünə əyin-baş almaz, bütün pulunu kitablara verərdi. Məşhur yazar Rəşad Nuri Güntəkin Aliyənin liseydəki müəllimi idi. Qız liseyində ikən Xalidə adlı bir dostu ona ingiliscə, o da ona fransızca öyrətmişdi. Universitet təhsilinə də pulsuz yatılı imtahanı qazanaraq üstünlük əldə etməklə başlamışdı. Tələbəlik illərində rusca, fransızca, almanca, ingiliscə bilirdi. Alman dilini mürəbbiyədən öyrənmişdi. Ərəbcə, farsca və osmanlıcaya da vaqifdi. Əski əlifbada çox yaxşı yazar və oxuyardı. Fəlsəfə və kimya təhsili düşünürdü, amma vaz keçdi. Məqsədi çox geniş bir kültürə sahib olmaqdı. Buna görə də tarix bölümünü seçdi".

 

İstanbul Univeristetinin tarix bölümünü bitirdikdən sonra Aliyə xanım Adanadaki oğlan liseyinə təyin edilib. 1936-1938-ci illərdə orada işləyib. Lakin Adanaya alışa bilməyib, yenidən təhsil almaq, yeni macəra arxasınca qaçıb. Lakin orada zəhərli malyariya xəstəliyinə yoluxub, buna görə də Trabzona qayıdıb. Trabzonda orta məktəbdə bir il çalışıb. Ardınca Faiq Daranasın müdiri olduğu Trabzon liseyində dərs deməyə başlayıb. O, bu liseydə tarix-coğrafiya və fransız dili dərsləri keçib.

Aliyə xanım professor İbrahim Yıldırıma Trabzon liseyində dərs deyib. İstanbulda İbrahim bəyin evində olarkən lisey dönəmində Aliyə xanımın məktəbdə teatr təşkil etdiyini, şagirdlərin də qatıldığını demiş, özünün də rol aldığı bir oyunun şəkillərini göstərmişdi. Bacısı Asiyə xanım bununla bağlı maraqlı bilgilər verib: "Liseydən xatırladığım qədər Molyerin "Tartüf" əsərini səhnəyə qoymuşdu. Tamaşada rol alan bütün oyunçuların geyim modellərini xarici model kitablarından götürmüş, dərzilərə aparmış, özü də tikmişdi. Tamaşanın bütün yükünü özü çəkirdi. Oyunlar liseyin konfrans salonunda səhnəyə qoyulmuşdu. O illərdə Ərzurum valisi Aliyənin şagirdlərindən biri idi. Vali Aliyə xanımdan oyunu Ərzurumda da keçirməyini istədi. Ərzuruma getdik. Oyuna orada da hərarətli bir şəkildə baxıldı. Yadımda qaldığı qədər səhnələşdirilən digər əsər "Meşşan zadəganlıqda" idi. Tamaşa zamanı izləyənlərin arasında əvvəllər Baş nazir olmuş Həsən Saka da vardı. Molyer Aliyənin çox sevdiyi, davamlı əsərlərini çevirdiyi bir yazıçıdır. İstanbuldan döndüyü zaman bir çamadan kitabla qayıdardı... Bir dəfə ona Ankarada muzey müdiri vəzifəsi təklif edildi. Amma qəbul etmədi. Mən getməsi üçün israr etsəm də, "biz Trabzonda kök atdıq, başqa yerdə yaşamaq bizə çətin olar", dedi. Trabzonda andlı tərcüməçi idi. Rus və alman dilini qüsursuz diksiya ilə danışdığı üçün çox adam onun Trabzonda yaşayan bir türk vətəndaşı olduğuna inanmırdı. Ata-oğul Karayevolar Trabzona təyyarə qaçırdıqları zaman tərcüməçi olaraq onu çağırmışdılar... Puşkinin şeirlərini yazıldığı dildə əzbərdən bilirdi. Puşkin onun ən çox sevdiyi şairdi. Onun şeirlərini çox sevməsinə baxmayaraq heç bir şeirini türkcəyə çevirməmişdi. Buna səbəb şeirin bir başqa dilə tərcümə edilərkən sehrini itirməsini düşünməsi idi. Lermontov, Turgenev, Çexov tərcümə etdiyi yazıçılardı. Bildiyi dillər arasında ən az bildiyi ingiliscə idi. Amma sinemada ingilis dilindəki orijinal bir filmi bizlərə rahat şəkildə tərcümə edirdi".

Asiyə xanım bacısının kitabxanasında dünya və türk klassiklərinin əsərlərinin olduğunu, çox gözəl pianino çaldığını bildirib. Aliyə Aşurbəyli İstanbul Universitetində təhsil aldığı dövrdə Mustafa Kamal Atatürkü görübmüş. O, Adana Xalq Evinin nəşri olan "Görüşler" dərgisi üçün də Aliye Aşarlı imzası ilə Turgenevin "Gül" hekayəsini çevirib. 1938-ci ildə Adanada Aliyə xanımın tərcümələrindən ibarət Turgenevin "Röya" adlı kitabı türk dilində işıq üzü görüb. Həmin kitabın imzalı bir nüsxəsi şəxsi arxivimizdə mövcuddur. 1943-cü ildə İstanbulda çıxan Turgenevin "Klara Miliç" əsərində isə tərcüməçi kimi adı Aliye Aşırbay olaraq yazılıb. Həmçinin Füzulinin "Söhbətül-əsmar" əsərini müasir türk dilində hazırlayıb. Liseyin "Boztepe" adlı jurnalında məqalələr də qələmə alıb. Kamil Su və Həsənəli Ediz onun sinif yoldaşları olub.

İstanbul Universitetinin tarix fakültəsini bitirən Aliyə xanım 1937-ci ildə Atatürkün imzası ilə Türk Tarix Qurumunun qurultayına da çağırılıb.

 

Sara Aşurbəylinin xatirələri

 

Sara Aşurbəyli də xatirələrində Aliyə xanımın bioqrafiyası haqqında bənzər ifadələr işlədib: "Bir müddət biz Trabzonda yaşadıq. Nəsrulla bəy də ailəsi - arvadı, qızları Aliyə və Asiyə ilə birgə burada sığınacaq tapmışdı. Nəsrulla bəyin sərt xarakteri vardı..., ailədə onun hesablaşdığı yeganə adam böyük qızı Aliyə idi. Aliyə poçtda işləyirdi. Onlar Türkiyəyə bizimlə eyni vaxtda gəlmişdilər və Trabzonda tez-tez evimizdə qonaq olurdular. Nəsrulla bəy qızlarını türk məktəbinə, ya liseyə vermişdi, qızlar o məktəbi bitirdilər".

Sara xanım Aliyə xanımın atası Nəsrulla bəy haqqında da maraqlı bilgi verib: "Xavər xalanın əri, Tiflisdə yaşayan müsavatçı Nəsrulla bəy Aşurbəyov Azərbaycanın rus bolşevikləri tərəfindən işğal olunması ilə bağlı Mustafa Kamala məktub yazmışdı. Məktuba bir sıra müsavatçılar və respublikanın tanınmış adamları imza atmışdılar. Tezliklə Nəsrulla bəy qayınatası Əbdülxalıqdan pul alıb, Türkiyəyə, Ankaraya getmişdi ki, Mustafa Kamalın qəbuluna düşsün və ondan türk qoşunlarının köməyi ilə Azərbaycanı rus bolşeviklərindən qurtarmağı xahiş eləsin. Amma Ankarada bir neçə ay qalsa da, o, məqsədinə nail ola bilmədi, çünki Mustafa Kamal yunanlara qarşı milli azadlıq müharibəsində silah almaqla bağlı Leninlə razılığa gəlmişdi".

Qeyd edək ki, Sara xanımın anası ilə Aliyə xanımın anası əmiqızı olublar. Sara xanım ailəsinin mühacir azərbaycanlılarla görüşü barədə də qiymətli faktları qələmə alıb: "İstanbulda yaşadığımız illər həyatımızın ən gözəl illəri idi. Orada məskunlaşmış azərbaycanlılar tez-tez bizi ziyarətə gəlirdilər. Yusifəli Əliyev, Abbasqulu Kazımzadə, Yaqub bəy və Yusuf bəy Vəzirovlar, xanımıyla və qızıyla birgə türk polkovniki Fəthi bəy tez-tez evimizdə qonaq olurdu. Bundan başqa, Əli bəy Hüseynzadənin və özü Ankarada yaşayan Əhməd bəy Ağayevin (o, Mustafa Kamal tərəfindən mətbuat naziri təyin olunmuşdu) ailəsiylə də görüşürdük. Bəzən Əhməd bəy də İstanbula gəlirdi və onu görürdük. Cümə günləri başqa azərbaycanlılarla birgə atam və anamla Mərmərə dənizinin sahilində yaşayan Fuad bəy Köprülüzadənin imarətinə qonaq gedirdik. Bundan başqa, polkovnik Hüseynqulu xan Xoyskinin - Fətəli xan Xoyskinin qardaşının ailəsi və digər azərbaycanlılarla da görüşürdük".

 

Aliyə xanımın həm şagirdi, daha sonra müdiri olan Bener Cordan təqaüdə çıxması ilə bağlı nazirliyin göndərdiyi sənədi müəllimindən 10 gün gizlətdiklərini, nəhayət, bildirdiklərini qeyd edib. Aliyə xanım həmin an çox sevdiyi peşəsindən ayrıldığı üçün gözləri dolubmuş. Fəlsəfə müəllimi Fahri Başer Aliyə xanımı tarixi hekayə formatından çıxarıb elmi metodla şagirdlərinə və çevrəsinə təqdim etdiyini bildirib. Başer Aşurbəylinin rəsm müəllimi Kayıhan Keskinokun da inkişafında rol oynadığını ifadə edib.

Aliyə Aşurbəyli 27 mart 1981-ci ildə vəfat edib. Trabzonda onun adını daşıyan məktəb fəaliyyət göstərir...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!