Qurultayın on altıncı iclasında türkiyəli professor M.F.Köprülüzadə "Türk xalqları ədəbiyyatının araşdırılmasının nəticələri və perspektivləri" mövzusunda məruzə etmiş, lakin məruzə türkcə olduğundan stenoqrafik hesabata daxil edilməmişdir.
Akademik Bəkir Nəbiyev göstərir ki, "alimin sonralar müxtəlif araşdırma və kitablarında yer almış bu məruzəsinin əsas müddəası türk xalqları ədəbiyyatlarının vahid, ortaq bir başlanğıcdan intişar tapması, onun özəyində əski türk mifoloji düşüncəsinin və folklor mədəniyyətinin dayanması konsepsiyasıdır. Uzun bir zaman ortaq türk mədəniyyəti içərisində təşəkkül taparaq vahid mənəvi məkan kimi mövcud olan türk ədəbi varlığı qədim türk yazılı abidələrinin dilində, ruhunda, obraz və üslubunda qabarıq şəkildə görünməkdədir".
Əlbəttə, M.F.Köprülüzadə türk ədəbiyyatını onu yaradan xalqın özünəməxsus ideya-estetik axtarışlarının məhsulu hesab etmişdir.
Ondan sonra tribunaya çıxan, Qurultaya şəxsən dəvət olunmuş almaniyalı professor Teodor Teodoroviç Mentselin "Anadolu-Balkan türklərinin ədəbiyyatının araşdırılmasının nəticələri və perspektivləri" mövzusundakı məruzəsi isə belə bir əsassız mülahizə ilə başlayır:
"Bəşər tarixinə qədəm qoyduqları andan türk xalqları heç vaxt öz mədəniyyətlərinin mərkəzində dayanmayıb. Əhatəsində olduqları Çin, hind, İslam-fars, Bizans mədəniyyətləri onları özlərinə tabe edir və üzərlərinə öz izlərini qoyurdular.
Yabançı təsirlər türklərin onların özlərinəməxsus olanların dəyərinə baxışlarını da korlayırdı. Ən qədim dövrlərdən etibarən türk xalqlarında bizə qədər ayrı-ayrı dörd misralıq formalar - mani, türkü, türkani, tuyuğ şəklində gəlib çatan xüsusi xalq ədəbiyyatı olmuşdur.
Yabançı təsirlər, başqalarını yamsılama və meyarların dəyişdirilməsi heç bir türk tayfasının öz ədəbiyyatına müstəqil bir ədəbiyyat kimi yanaşmağa cürət etməməsinə gətirib çıxardı. Öz xalq ədəbiyyatının adının çəkilməsi belə rəva bilinmirdi".
Əlbəttə, ən geci, "Oğuz kağan" eposundan başlayan, orijinal olduğu qədər də zəngin türk ədəbiyyatının inkar edilməsi, ya məruzəçinin məlumatsızlığından, ya da həmin ədəbiyyat (daha doğrusu, onu yaradan xalq və xalqlar) haqqında Avropada formalaşmış yanlış təsəvvürlərdən irəli gəlmişdir. Bununla yanaşı, çox təəssüf ki, türk ziyalılarının iştirak etdiyi möhtəşəm məclisdə (o məclisdə ki, az qala, hər bir mülahizə ciddi müzakirə obyektinə çevrilirdi!) belə sayıqlamalar cavabsız qalmış, onlara heç bir reaksiya verilməmişdi. Aşırı qonaqpərvərliyin verdiyi sonsuz imkanlardan sui-istifadə edən professor isə davam etmişdi:
"Başqalarında olana üstünlük verilməsi o qədər dərin köklər salmışdı ki, elmi və ya bədii önəm aşılamaq üçün bir çox türklər əsərlərini yabançı dillərdə, xüsusən də, ərəb və fars dillərində yazırdılar. Osmanlı dövrünə qədər fars dili Orta Asiya səlcuqlarının saray və idarəçilik dili kimi qalmaqda idi. Beləcə, türk yaradıcılığının məhsulu olan çoxsaylı əsərlər türk dilində olmayan ədəbiyyatlara məxsusdur".
Əvvəla, türklər yalnız başqa dillərdə ədəbiyyat yaratmaqla qalmamış, yaradıcılığa öz dillərində başlamaqla əsrlər boyu kifayət qədər mükəmməl söz sənəti örnəkləri təqdim etmişlər (və həmin ənənəni orta əsrlərin sonlarından müstəqil türk xalqları da davam etdirmişlər) ... İkincisi, dünya ilə sıx əlaqədə olan, möhtəşəm imperiyalar quran türklər heç ola bilməzdi ki, dünya mədəniyyətinə (xüsusilə inkişaf etmiş xalqların dillərinə, ədəbiyyatlarına, incəsənətlərinə və s.) açıq olmasınlar... Nəhayət, üçüncüsü, İslam dinini tanrıçılıq əsasında könüllü qəbul etmiş türklərin həmin dinin elm və sənət dilləri olan ərəb və farscada ərəblər və farslar qədər hünər göstərmələri, üç dildə qələm işlədərək doğma türkcənin (türkcəni) də ərəb və farsca səviyyəsinə yüksəltmələri etnosun təqlidçiliyidirmi?
Türklərin yaradıcılıq diapozonunun hər cəhətdən genişliyini onlardan "məhdud etnik təəssübkeşlik" tələb edən alman alimi anlamadığına görə tərəddüdsüz demişdir:
"Özünunkü olana ehtiram göstərilməməsi, özgəninki olanın layiq olduğundan daha yüksək qiymətləndirilməsi və təqlidini türk ədəbiyyatı tarixinin tərtibində də müşahidə etmək olar. Digər müsəlman xalqlarında olduğu kimi, burada da tərcümeyi-hal üslubu tətbiq edilir. Əlamətdar olanı isə odur ki, bu üsula meyl xüsusilə farsların tərcümeyi-halı sona çatdırmağı bacarmaları ilə yanaşı inkişaf edirdi".
Fars təzkirəçilərinin "tərcümeyi-halı sona çatdırmağı bacarma"larında nə ədəbiyyata, nə də əsl tarixə aidiyyəti olmayan hansı konyuktur məqsədlərə xidmət etdikləri məlum idi. Bütün orta əsrlər boyu hər cür hərbi-siyasi nüfuzunu itirmiş bir xalqın "ədəbiyyat tarixçiləri" (və ümumən saraya sığınmış hər cür qələm adamları!) mənsub olduqları xalqın tarixini bu cür tərcümeyi-hallara sığışdırmaqdan başqa bir imkana malik deyildilər. Halbuki türklərin belə bir "sonluğ"a ehtiyacları ona görə yox idi ki, ədəbiyyatı yalnız bir türk kimi deyil, bir fars, bir ərəb kimi də yaratmağın (və bundan heç bir mükafat gözləməməyin) təcrübəsinə yiyələnmişdilər.
Türklərdə, ümumən Şərqdə Avropa tipində ədəbiyyat tarixi ənənəsi (ayrı-ayrı ədəbi cərəyanların, üslubların tarixi inkişaf prosesinin izlənilməsi və s.) olmasa da, hər halda, "təzkirə"dən "tarix"ə meyil bütün orta əsrlər boyu mövcud idi. Və bunu məruzəçi də etiraf etmişdir:
"Tarixilik hissi bu qədər güclü olan, tarixə məhəbbəti heç bir şübhə doğurmayan türk xalqında ədəbiyyat tarixinin yazılmasına bu qədər diqqətsiz yanaşılması qəribə olardı. Faktiki, cığatay ədəbiyyatı və ədəbiyyat tarixini görünməmiş yüksəkliklərə ucaldan şərq türklərindən savayı bu, başqa bir türk xalqında - qərb Anadolu-Balkan türklərində də var və ən zəngin şəkildə inkişaf edir".
Qərb və ya Anadolu-Balkan türklərinin oğuz-səlcuqların varisi, xələfləri olduqlarını göstərən professor demişdir ki, onlar ümumiyyətlə bütün türk xalqları arasında ən yüksək siyasi və ədəbi inkişafa nail olublar. Anadolu-Balkan dili müasir mədəni Avropa dili səviyyəsinədək inkişaf edib. Türklər Avropa ilə əlaqələri xüsusən fransız dili vasitəsilə genişləndirdilər".
Haqqında bəhs etdiyi mövzuya xüsusi diqqət cəlb etmək naminə üslubi maneralardan "sui-istifadə" edən T.T.Mentsel təmtəraqla söyləmişdir:
"Digər türk xalqlarının ədəbi fəaliyyətləri bir o qədər də əhəmiyyətli olmadığından yüksək inkişaf etmiş cığatay ədəbiyyatı, daha sonra meydana çıxan Qazan və Azərbaycan ədəbiyyatları öz araşdırıcılarını tapacaqlarından biz burada Anadolu-Balkan türklərilə kifayətlənə bilərik".
Bu cür iddialı bir şəkildə mövzuya müraciət edən məruzəçinin aşağıdakı fikrinə gəldikdə isə, onunla hesablaşmamaq mümkün deyil:
"Zəngin tarixi ədəbiyyatları ilə yanaşı, Anadolu-Balkan türkləri eyni dərəcədə zəngin ədəbiyyat tarixini də özünəməxsus şəkildə, yəni sırf tərcümeyi-hal anlamında, ətrafdakı mədəni cərəyanlarla əlaqəyə qətiyyən diqqət yetirmədən, sərəncamındakı materialları (çox vaxt kasad da olsa) tənqidi baxımdan qətiyyən araşdırmadan inkişaf etdirirdilər. Elə ədəbiyyatın özünün nə olduğunun araşdırılması da çox maraqlıdır. Keçmiş dövrlərdə ədəbiyyat dedikdə, demək olar ki, müstəsna olaraq süni ədəbiyyat nəzərdə tutulur. O, ədəbiyyatın bütün digər növlərindən üstün inkişaf etdirilir".
Lakin bu mülahizələrə XX əsrin 20-ci illərində artıq kifayət qədər geniş yayılmış Azərbaycan ədəbiyyatı tarixşünaslığı (F.Köçərli, S.Mümtaz və b.) kontekstindən yanaşsaq, düşünmək olar ki, onların müəllifi mövzuya "daxil"dən deyil, xeyli dərəcədə "kənar"dan, hətta demək olar ki, "yuxarıdan aşağı" baxır. Və ona görə də burada mövzunun mövcud araşdırmalar əsasında obyektiv öyrənilməsindən daha çox, əldə olunmuş illüstrativ materiallardan istifadə (ümumiyyətlə, sui-istifadə) etməklə müəllif "virtuozluğ"u diqqəti cəlb edir.
Ən çox etiraz doğuran isə odur ki, məruzəçi ədəbiyyat tarixşünaslığından bəhs etdiyi halda, heç bir sərhəd qoymadan ədəbiyyatın özü barədə də mülahizə yürüdür:
"Sənətkarlıq baxımından son dərəcə yüksək olan forma və zahiri gözəllik əsas rol oynayır. Əsl türk, əsl ərəb, yaxud əsl fars üçün yox, yalnız xüsusi hazırlıq görmüş adamlar üçün anlaşıqlı olan süni, bəzəkli, bəlağətli bir dil yarandı. Türk konstruksiyalı bu ərəb-fars sözləri qarışığı yalnız yüksək savad səviyyəsinə malik adamlardan ibarət dar bir çevrədə anlaşılır. Yalnız bu dildə yazılan əsərlər ədəbi əsər sayılır və ədəbiyyat tarixinə daxil olurdu".
Bu pərakəndə qənaətlərin bir-bir şərhinə ehtiyac var... Axırdan əvvələ getsək, əgər orta əsrlərdə "ədəbiyyat tarixi" yoxdursa, bu və ya digər dil-üsluba məxsus əsər hansı prinsiplə ona daxil ola bilər? "Yüksək savad səviyyəsinə malik ... dar bir çevrədə anlaşılan" ədəbiyyat nə üçün təəccüb doğurmalı, onun hansı cəhəti qeyri-adi, qeyri-mədəni, yaxud qeyri-milli" sayılmalıdır? "Xüsusi hazırlıq görmüş adamlar"ın ərəb və ya fars olması ona görə ümumiyyətlə istisna edilir ki, burada söhbət türk ədəbiyyatından gedir, başqa tərəfdən, "əsl türk" deyəndə kimin nəzərdə tutulması son dərəcə qaranlıqdır... Ən mühümü isə, türklərdə orta əsrlər ədəbiyyatı təzkirələrin seçib təqdim etdiyi "türk-ərəb-fars" dilli - üçayaqlı mətnlərlə məhdudlaşmır. Və türk ədəbiyyatı tarixinə bu cür "daltonik baxış"ın, nəticə etibarilə, ədəbiyyat tarixşünaslığına sxematik münasibətə gətirib çıxaracağı qaçılmazdır.
Professor T.T.Mentselin üslubundakı fraqmentallıq imkan vermir ki, onun fikirləri bu və ya digər baxımdan konseptual əhəmiyyət kəsb etsin. Klassik türk ədəbiyyatından və ya ədəbiyyatlarından danışdığı məqamda qəflətən bu cür mühakimələrə keçmişdir:
"Fikrimizcə, istənilən xalqın ədəbiyyatı dil həyatı hadisələrinin yazılı və ya şifahi şəkildə ötürülmüş toplusundan ibarətdir. Odur ki, bu ədəbiyyatda kitabələr və xalq nəğmələri, nağıllar və atalar sözləri, tapmacalar, dram əsərləri və hər cür nəzm əsərləri, həmçinin mühüm qəzet yazıları elə əsl süni poeziya qədər yer tutur".
Əgər elədirsə, hər nə qədər "klassik mötəbərliy"ə yüksəlsə də, bu və ya digər dil-ədəbiyyat (üslub!) cərəyanın bütövlükdə xalqın ədəbiyyatı (nəticə etibarilə, ədəbi xarakteri!) kimi təqdim olunması cəhdləri nəyə yarayar? Bu halda ki, bu qədər zənginlik var...
Son orta əsrlər təzkirələrinin təhlilinə keçən məruzəçi demişdir:
"Səciyyəvidir ki, türk ədəbi toplularında daha çox süni poeziyaya əsaslanmağa üstünlük verilir. Digər əsərlər yalnız tərcümeyi-hala dair məlumatlardan sonra ötəri olaraq xatırlanır. Həmin tərcümeyi-hal materialları isə bir çox hallarda çox kasaddır və yoxlanılmağa ehtiyacı var. Əvəzində, hər yerdə duran qafiyəpərdaz söz verilir, odur ki, şairlərin qəbul edilmiş təzkirələrinin sayı bir neçə minə çatır. Ənənəvi mühakimələrdən uzaqlaşaraq ən yaxşı şairləri seçmək üçün bu qədər bol materialı nəzərdən keçirmək kimi ağır bir vəzifənin öhdəsindən gəlmək lazımdır".
Bu ağır vəzifəni öz öhdəsinə götürməyə cəhd göstərən bəzi Avropa ədəbiyyatşünas - şərqşünaslara keçən məruzəsi göstərmişdir ki, "türk ədəbiyyatı tarixinin avropalılara məxsus köhnə təfsirləri türk üslubunu, əlbəttə, heç bir tənqidə məruz qoymadan qəbul edir, bəzi təzkirələrin tərcümədə verilməsilə kifayətlənirdi".
Türk ədəbiyyatının XVII əsrdə İtaliyadan başlayaraq, Avropada öyrənilməsi tarixinə ötəri bir nəzər saldıqdan sonra T.T.Mentsel böyük rus türkoloqu, "Türk xalqları ədəbiyyatı nümunələri" oncildliyinin (Peterburq, 1866 və sonrakı illər) müəllifi, akademik V.V.Radlovun üzərində dayanmışdır:
"Hazırda Radlovun fəaliyyəti çox vaxt lazımınca qiymətləndirilmir (halbuki Birinci Türkoloji Qurultay İ.Qasıpralı və V.V.Radlovun şərəfinə keçirilmişdir - N.C., M.H., A.Q.), lakin bu - haqsızlıqdır, çünki Radlovsuz türkologiyanın bir çox nailiyyətləri mümkünsüz olardı".
Anadolu-Balkan türklərinin ədəbiyyatlarının tədqiqi tarixinin ən yeni dövrü barədə məlumat verilərkən, professor M.F.Köprülüzadənin xidmətləri xüsusi qiymətləndirilmişdir:
"Yalnız Fuad bəy Köprülüzadə müasir elm səviyyəsində duran çoxsaylı əsərlərilə mahir sintetik, demək olar ki, avropasayağı elmi tərzdə yüksəlməyə nail olmuş, türk ədəbiyyatı elminə fəxri yer qazandıra bilmişdir".
Məruzəçi müasir türk ədəbiyyatşünaslığının qarşısında dayanan "ən əsas vəzifələr"i aşağıdakı şəkildə müəyyənləşdirmişdir:
"1) qədim, önəmli, yalnız əlyazma şəklində qalan əsərlərin tədqiqi və çapı (hansısa komissiyaların imkanları ilə);
2) bu günə qədər hər yerə səpələnmiş material və sənədlərin, o cümlədən, bütün türk qəzet və jurnallarının toplanması;
3) ən önəmli monoqrafiyaların nəşri (bu, bütün dövrün həqiqi təsvirini verərdi)".
Professor T.T.Mentsel məruzəsini belə yekunlaşdırmışdı:
"Türkiyə ədəbiyyat tarixinin ümumi həcmində problemlərin qoyulmasına türk əsərlərinin onların fars və ya başqa orijinalları ilə tutuşdurulması yolu ilə tədricən nail olunmalıdır. Yabançı ədəbiyyatların Türkiyə ədəbiyyatına təsirini dəqiq sübutlarla bu yolla müəyyənləşdirmək mümkündür. Sonra ədəbiyyata fəlsəfi, etnik, yaxud etik baxımdan nəzər salmaq, daha sonra isə poeziyanın hər bir növünün sistemləşdirilməsi və onun qanuniliyinin anlaşılmasının formalaşdırılması, bütöv bir dövrün refleksi kimi təqdim etməyə cəhd göstərilən ayrı-ayrı rəhbər ədəbi xadimlərin dəqiq səciyyələndirilməsi gəlir".
Əlbəttə, bu fikrin birinci hissəsi ona görə yanlışdır ki, hər hansı xalqın ədəbiyyatını öncədən hansısa təsir prizmasından baxaraq araşdırmaq ciddi metodoloji qüsurdur... "Mövcud maneələrə baxmayaraq Türkiyə ədəbiyyatının araşdırılmasında da geniş nöqteyi-nəzərlərdən qurtulmaq mümkün olmayacaq" şəklində ifadə olunmuş cümləyə gəldikdə isə, görünür, burada türk ədəbiyyatşünaslığında yeni üslub, cərəyan və ya təmayüllərin müdaxiləsi imkanları nəzərdə tutulmuşdur ki, bu, tamamilə gözləniləndir.
Hər şeydən əvvəl ona görə ki, XIX əsrin sonlarından başlayaraq Türkiyədə hər cür divan ədəbiyyatı (və ədəbiyyatşünaslığı) üslubunu geridə qoymuş yeni ədəbiyyat (və ədəbiyyatşünaslıq) meydana çıxmışdı ki, məruzəçilər bu barədə ümumiyyətlə bəhs etməmişlər.
Q.E.Səədinin tatarca məruzəsindən sonra səs çoxluğu ilə müzakirə açmamaq barədə qərar verilmiş, qətnamə layihəsi hazırlamaq üçün M.F.Köprülüzadənin sədrliyi ilə komissiya yaradılmışdır.
Qurultayın sonuncu - 17-ci iclasında qətnamələr qəbul edilərkən məlumat verilmişdir ki, "professor Köprülüzadənin məruzəsi üzrə tezislər hələ hazır deyil, yalnız qısa xülasə daxil olub".
Professor B.V.Çobanzadə təklif etmişdir ki, "tezislər əsas kimi qəbul edilsin və Rəyasət heyətinə tapşırılsın ki, onların əsasında ətraflı qətnamə hazırlansın". Təklif səsə qoyularaq qəbul olunsa da, nə qətnamə qəbul edilmiş, nə də tezislər ortaya çıxarılmışdır. Və beləliklə, türkiyəli professor M.F.Köprülüzadənin əsas məruzəçisi olduğu ədəbi dil məsələsi kimi, ədəbiyyat məsələsi də Qurultayın rəsmi münasibətindən kənarda qalmışdır. Fikrimizcə, bu, üç səbəbdən irəli gələ bilərdi: birincisi, Qurultay daha çox əlifba, orfoqrafiya və terminologiya kimi aktual məsələlərə diqqət yetirdiyindən bu məsələlər ikinci dərəcəli hesab olunmuşdur; ikincisi, həm ədəbi dil, həm də ədəbiyyat məsələləri son dərəcə mürəkkəb olduğundan (bunu müzakirələr də göstərir) onlar haqqında bu və ya digər dərəcədə ümumi qənaətlərə gəlib qətnamələr qəbul etmək sonraya saxlanmışdır; üçüncüsü, türkiyəli professora etinasız yanaşılmışdır.
Göründüyü kimi, üç məruzənin heç birində türk xalqlarının yeni (və ən yeni) ədəbiyyatlarının tədqiqi vəziyyətinə toxunulmamış, yalnız orta əsrlərdə baş verib tarixə qovuşmuş ədəbi prosesin dəyərləndirilməsi üzərində dayanılmış və ona münasibət də həmişə obyektiv olmamışdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!