"Babalarımız oğuzlar-türkmənlər" silsiləsindən
Bəyliklərin sosial-siyasi dizaynı daxili ziddiyyətlərin mənbəyi kimi
Qeyd etdiyimiz kimi, bəyliklərdə cəmiyyətin institusional əsası, dövlət hüququ və qanunçuluğun ana qaynağı Hunlar, Göytürklər, Qaraxanilər, Səlcuqilər, Qəznəvilər, Xarəzmşahlar və Hülakularda olduğu kimi, törədir (monqol təsirinə daha çox məruz qalmış ərazilərdə "yasa" adlandırılır). Törə, bir qayda olaraq, Oğuz xanla (yasa isə Çingizxanla) əlaqələndirilir və müasir tədqiqatlarda bəzən "türk tayfa qanunu", bəzən də "çöl tayfa qanunu" kimi səciyyələndirilir. Biz burada törəni türkmənlərin köçəri həyat tərzindən, dünyaya baxışından doğmuş qədim ənənələrinə söykənən, əsasən, tabu, yasaq və qadağalar şəklində ağızdan ağıza keçən, heç yerdə yazılı şəkildə fiksə olunmayan əski və müqəddəs anlayışlar toplusu kimi qəbul və təqdim edirik.
Oğuz-türkmən törəsinə tapınan bütün toplumlarda hakimiyyət anlayışı homogenlik daşıyır. Bəyliklər də istisna olunmur. Bu anlayışa əsasən, siyasi iqtidar konkret bir şəxsin (ulu bəyin) deyil, hakim xanədanın ümumi (ortaq) mülkü sayılır. Əsas olan hakim sülalənin bəyliyidi. Kişi cinsinə mənsub bütün sülalə üzvlərinin ölkə üzərində sahiblik hüququ törə ilə təsbit edilir və qorunur. Bu hüquq öz əksini onda tapır ki, ulu bəy ölkənin müxtəlif hissələrini xanədan üzvlərinin mülkiyyətinə verir, onların mülk hüquqlarını tanıyır. Şahzadələr- hətta kiçik yaşda olsalar belə bir lələnin himayəsində sancaq bəyliyinə, yaxud onlara iqta edilmiş məntəqələrin valiliyinə göndərilir, öz mülklərinin idarəçiliyini həyata keçirməklə həm də gələcəyin hökmdarı kimi yetişirlər. Sancaq və ya iqtalar quruluş etibarilə bəyliyin miqyasca kiçildilmiş kopyası təəssüratı doğurur; bunlar idarə aparatına, xəzinə və büdcəyə, məhdud sayda hərbi qüvvəyə, iyerarxik daxili struktura malik avtonom qurumlar olub, müstəqil daxili (bəzən həm də xarici) siyasət yürüdür. Hətta bəzi hallarda sancaqbəyləri öz adlarına sikkə də kəsdirirlər. Görünür, bununla bağlıdır ki, C.Vuds sancaq və iqtaları aponaj dövlətləri, başqa sözlə, xüsusi mülklərdə yaranan kiçik dövlətlər adlandırır. Ulu bəy əyalət hakimlərinin nisbi muxtariyyətini, onlar da onun nisbi üstünlüyünü qəbul edirlər.
Şahzadələrlə onların sancaq və iqtalarında məskunlaşan boy və bəylərin münasibətləri bir qayda olaraq, qarşılıqlı hörmət və himayəçilik əsasında qurulur. Bütün bəylik ərazisində olduğu kimi, əyalətlərdə də köçəri tayfa və qəbilələr iqta və sancaq bəylərinin başlıca sosial dayağını təşkil edir. Şahzadələr yerli tayfaları dəstəkləməyə, dövlət işlərində onların mənafeyini qorumağa, bir növ, borcludurlar. Tayfa başçıları da hər vasitə ilə "öz" şahzadələrini müdafiə edir, mərkəzlə münasibətlərində onların şəxsində əlavə təsir aləti əldə edirlər. Şahzadələrin nüfuzu tayfa başçılarının şəxsi və traybal maraqlarının təminatı üçün legitim əsas rolunu oynayır. Xatırlayaq ki, ayrı-ayrı tayfaların müəyyən şahzadələri himayəyə alması, onların hakimiyyətə gətirilməsinə çalışması siyasi təcrübədə hələ Səlcuqilər dövründən sınanmış üsullardan idi. Bu təcrübə bəyliklər dövründə davam etmiş, vərasət davaları, üsyanlar və vətəndaş müharibələri zamanı hər tayfa "öz" şahzadəsinin səfində yer almişdir. Ağqoyunlu tarixinin Sultan Yaqubdan (ölümü: 1490) sonrakı mərhələsində isə bu ənənənin aşındığı, müxtəlif qüvvələrin, ələlxüsus da tayfa başçılarının hələ yetkinlik yaşına çatmamış şahzadələri əllərində oyuncağa çevirərək öz hegemonluq iddialarını legitimləşdirməyə çalışdıqları məlumdur.
Ümumi qayda belə idi ki, şahzadələr üsyan və ya müxalifət etmədikcə vəzifələrindən kənarlaşdırılmırdı. Ulu bəy (hökmdar) güclü olduğu müddətdə bu sistem normal işləyirdi. Müəyyən fikir ayrılıqları baş versə belə, məşvərət yolu ilə aradan qaldırılır, hərbi toqquşamaya yol verilmirdi. Qara Yülük Osmanın oğlulları arasında iqtidar münaqişələrinin yoluna qoyulması üçün 1436-cı ilin yazında Harputda Bayandur Şurası toplanmış, daxili müharibə və toqquşmalara son qoymaq qərarı verilmişdi (lakin bu qərar yerinə yetirilmədi). Ailə ağsaqqalları əkbəriyyət (taxta yaşca böyük olanın keçməsi) prinsipinin əsas götürülməsi qənaətinə gəlmişdilər. Yəni, müəyyən cilovlayıcı alətlər vardı ki, söhbət dövlətin taleyindən gedəndə işə salınırdı. Bununla belə atalar və oğullar, qardaşlar, əmilər və qardaş oğlanları arasında ixtilaflar da, qiyam və üsyanlar da, müharibələr də baş verir və dövlətləri gücdən salırdı. Asi şahzadələr üsyankarlıqlarına törə ilə haqq qazandırır, özlərinə havadarlar tapır, xanədanlar parçalanırdı.
Con Vudsun "Ağqoyunlular - tayfa, konfederasiya, imperiya" əsərində xanədanlar məsələsinə konkret misallar əsasında aydınlıq gətirilir. Müəllif bu ulusun tarixində baş vermiş üç vətəndaş müharibəsini ətraflı təsvir edir, Turəlilər xanədanının inkişaf yolunu diqqətlə izləyir. Birinci vətəndaş müharibəsi dövründə Qutlu bəyin oğlanları Əhməd və Pirəli qısqanclıq, qorxu və xudpəsəndlik üzündən qardaşları Qara Yülük Osmana qarşı birləşib, müharibəyə başlayır, nəticədə konfederasiya iki hissəyə, hakim xanədan isə üç yerə bölünür, eyni bir ailədən üç qol (Əhmədilər, Pirəlilər, Qara Osmanilər) ayrılır. Mübarizədən qalib çıxan Qara Osman qardaşlarının varislik hüquqlarını əllərindən alaraq, mülklərini müsadirə edir və Əhmədilərlə Pirəlilər uzun zaman sülalə siyasətində legitimlikdən məhrum olub "yardımçı xanədan" kimi yaşayırlar. 1435-ci ildə Qara Osmanın ahıl çağında Qaraqoyunlu İskəndərlə döyüşdə aldığı yaradan ölməsi ilə "böyük vətəndaş müharibəsi" (ikinci vətəndaş müharibəsi) başlayanda varislikdən uzaqlaşdırılmış Əhmədilər "33 il əvvəl yol verilmiş səhvi düzəltmək üçün" Qılıc Arslan bin Əhmədin hakimiyyət hüquqlarını bərpa etmək uğrunda açıq mübarizəyə başlayırlar. Pirəli xanədanının üzvləri də onlara dəstək verirlər. Tayfada həmrəyliyin bərpa olunması məqsədi ilə Tərcan şəhəri Əhmədi və Pirəli xanədanlarına iqta edilir. Başqa sözlə, Qara Osmani şahzadələrinin malik olduqları haqlar onlara da şamil edilir ki, bunu da həmin köməkçi xanədanların rəsmən bəraət alması kimi qiymətləndirmək mümkündür. Bundan sonra öz hədəflərinə doğru addım-addım irəliləyən Əhmədilər XV əsrin ortalarında artıq yenidən ulusun hakim xanədanı mövqeyinə yüksəlirlər. 1452-ci ildə Uzun Həsən qardaşı Cahangirin Qaraqoyunlu Cahanşahla bağladığı Amid müqaviləsini tanımaqdan imtina edəndə Əfşar, Əmirli, Bicanlı, Heydərli, İvəz, Mosullu, Pornək və Qocahacılu tayfaları da daxil olmaqla Bayandurların Qara Osmani və Pirəli xanədanına mənsub ikinci nəsil nümayəndələrin əksəriyyətini ətrafında birləşdirərək qarşı tərəflə döyüşə girir. Nəticədə bu dəfə Əhmədilər xanədanı parçalanır; Cahangirilər Uzun Həsənilərdən ayrılır və "köməkçi xanədan" ranqına endirilir. Sultan Yaqubdan sonra Uzun Həsənilərlə birlikdə Cahangir xanədanlığına mənsub taxt iddiaçılarının da meydana çıxdığı məlumdur. Göründüyü kimi, Ağqoyunlularda hakim xanədanın mənafelərinə zərbə vuran şahzadələrin taxt hüquqlarından məhrum edildiyi hallar olsa da, onların və nəsillərinin tayfadan qovulmasına yol verilməmiş, əksinə, müəllifin "köməkçi" adlandırdığı bu xanədanlar fürsət tapdıqca, öz hüquqlarının bərpası uğrunda mübarizə aparmış və bəzən məqsədlərinə çatmışlar. Xarici təcavüz qarşısında tayfa ağsaqqallarının tövsiyəsi ilə hakim və köməkçi xanədan üzvlərinin aralarındakı mübahisələri barışıq yolu ilə həll etdiyi hallar da az olmayıb.
Hakim xanədanın nümayəndələri anadan qan qohumu olmaqla bərabər bir-birinin rəqibi kimi doğulurdular. Törəyə görə onların heç biri taxta iddia etməkdə haqsız sayılmırdı. Yeganə meyar güc, öz üstünlüyünü təlqinetmə, əşirət və qoşun başçılarını öz tərəfinə çəkə bilmə bacarığı idi. Onlar özlərini göstərməli, daha adil, ağıllı və cəsur olduqlarını əhaliyə, xüsusən də onun yuxarı zümrəsinə qəbul etdirməli idilər. Ailənin hansı üzvünün bəyliyə layiq olması bu yolla müəyyənləşdirilirdi. Odur ki, demək olar, bütün hakimiyyət dəyişiklikləri zamanı vərəsəlik üstündə qanlı mübarizələr baş verirdi. M.Kunt yazır: "Əksəriyyətin fikrincə, çöl dövlətlərində xaqan öldükdən sonra mirasçılardan ən layiqlisinin məhz daxili hesablaşmalar nəticəsində müəyyən olinması nəzərdə tutulurdu və bu hakimiyyət anlayışı Anadolu bəyliklərində siyasi parçalanmaların əsas səbəbi idi". Demək, törə mirasçılar arasında taxt qovğalarını nəinki inkar və rədd etmir, əksinə buna bir qədər də rəvac verirdi. Hakimiyyət məsələsinin güc yolu ilə həll olunması qaydası türkmən mühitində (əslində, bütün əşirət dövlətlərində) elə dərin kök salmışdı ki, Mərkəzi Asiyanın çöl imperiyaları ənənələrindən uzaqlaşdıqdan, klassik imperiya idarəçiliyi üsuluna keçdikdən sonra da Osmanlı elitası səltənətin bəy ailəsinə hamılıqla məxsus olması, taxt məsələsinin rəqabət yolu ilə həll edilməsi düşüncəsini uzun müddət legitim bir əsas kimi kollektiv yaddaşdan silə bilməmişdi. Varislik məsələsi ilə bağlı səltənətin atadan oğula keçməsindən başqa sabit bir qayda-qanun olmadığı üçün padşah öz xələfini təyin etmədən öləndə (hətta bəzən təyin edəndə də!) oğullar arasında alovlanan qanlı savaşlar cəmiyyətdə anlayışla qarşılanır, taxt qovğalarında iştirak hüququ olan sosial zümrələr (ordu hissələri, əşirət və tayfalar) özlərini bu və ya digər şahzadənin səfində yer almağa borclu bilir, bunun dövlətin xeyrinə (!) olacağını düşünürlər. Çünki törə mübahisəli hallarda taxta çıxmağın zorakı yolunu məşru sayır və hakimiyyət uğrunda qardaş qırğınlarına da izn verir. Bu qırğınların dövləti zəiflətdiyinin fərqinə isə varmır.
Ən maraqlısı da elə budur. Bir tərəfdən, bütün şahzadələrin taxt hüququnu tanıyan və bu yolda onlara bütün vasitələrdən istifadə rüsxəti verən törə, o biri tərəfdən dövlətin mənafeyini də hər şeydən yüksək tutur. Hər şeyin başı dövlətdir və dövlət ən güclünün, ən çox tərəfdar yığa bilənin əlində olmalıdır. Dövlət istənilən qəsddən qorunmalı, ona qarşı təhlükə ehtimalı varsa, sorğu-sualsız və qətiyyətlə ortadan qaldırılmalıdır. Hökmdarlara öz qardaşlarını qətl etdirmək sanksiyası verən də törədir. Törə Fateh Sultan Məhmədin "dövlətə zaval gəlməsin deyə" "qanunnamə" çıxarmasını, qardaş qətllərini legitimləşdirməsini "bidət" saymır, ictimai rəy də buna loyal yanaşır, hər halda dağıdıcı təlatümlər yaranmır. III Murad və III Məhməd taxta çıxan kimi körpəsindən böyüyünə bütün qardaşlarını boğdururlar. Yalnız Sultan I Əhmədin dövründə (1603-1617) əkbəriyyət prinsipi əsas götürülür (bu da "göydəndüşmə" bir şey deyildi, yuxarıda gördüyümüz kimi, hələ 1436-cı ildə Bayındır Şurası da bu qənaətə gəlmişdi və türkmən ictimai şüurunda belə bir praqmatik təcrübə ola-ola bu qərarın təqribən iki yüz il- bir versiyaya görə əkbəriyyət qanunu 1607-ci, başqa birinə görə 1617-ci ildə qüvvəyə minib- gecikməsinin özü də çox mətləblərdən xəbər verir), vərəsəlik məsələsi yaşca böyük qardaşın xeyrinə həll olunur, qalan şahzadələri isə hərəmxanaya verməyə (əslində, bu da ömürlük həbs deməkdir) başlayırlar.
Vərasət savaşları cəmiyyətdə nə qədər anlayışla qarşılansa da, bəyliklər tarixi bu bəladan qaynaqlanan siyasi fəlakətlərlə doludur. Taxt ehtirası ucundan müxtəlif vaxtlarda Osmanlı bəyliyinin iqbal və istiqlalını təhlükəyə atan personajlardan söz düşəndə yada ilk əvvəl qardaşı Ərtoğrul Qazinin postuna yiyələnmək üçün Dündar bəyin Bizans tekfurları ilə sövdələşməsi, fitrət dövründə (1402-1423) Yıldırım Bayəzidin şahzadələrinin qonşu dövlətlərdən dəstək almaq ümidi ilə bir çox torpaqları Bizansa, Serbistana, Əflaka, Arnavutluq bəylərinə qaytarmaları gəlir. Bizansın əlində əsir olan şahzadələrin azad edilməməsi müqabilində Osmanlı sultanlarının xərac ödəmək zorunda qalmaları bu qəbildən olan başqa bir mövzudur. Əsir düşmüş şahzadələr dövlət üçün əlavə təhlükə mənbəyi sayılırdı və onların azadlığa çıxması sultanları gözlənilməz problemlərlə üzləşdirə bilərdi. Odur ki, "iki şərdən daha xeyirlisi" seçilirdi. Şahzadə Mustafa məşum Ankara savaşından sonra Osmanlı torpaqlarını böyük çətinliklər bahasına yenicə birləşdirmiş qardaşı Sultan I Məhməd üçün əlavə problemlər yaratmışdı. Osmanlı soyundan olan şahzadə Orxan isə Bizansın əlində əvvəl Sultan Murada, İstanbul uğrunda ölüm-dirim mübarizəsinin ən gərgin vaxtında isə Fateh Sultan Məhmədə qarşı təzyiq və təhdid alətinə çevrilmişdi. Orxanın "məsrəflərinin təminatı" üçün dövlət ildə 300 min axça ödəyirdi. İstanbul mühasirəyə alınanda isə məbləğin iki dəfə artırılması tələb edildi. Doğrudur, Sultan Məhməd bu tələbi yerinə yetirmədi, amma bizanslılar Orxan məsələsindən Fatehə qarşı dəfələrlə istifadə etdilər. O, Fateh Sultan Məhmədin qatı əleyhdarı idi və özünü onun alternativi sayırdı. Orxan Çələbi 1444-cü ildə Bizans imperatorunun dəstəyi ilə Osmanlı taxtını ələ keçirmək istəmiş, lakin kifayət qədər tərəfdar toplaya bilməyib yenidən Konstantinopola qayıtmışdı. Bir müddət sonra Buçuktəpədə üsyan qaldıran yeniçərilərin bir tələbi də Orxanın taxta gətirilməsi idi. Şahzadə Orxanın Bizansa xidmət edən bir xain olmasına şübhə yoxdur. Amma heç onun da xəyanəti Cem Sultanın dövlətə vurduğu ziyanla müqayisəyə gəlmir. Osmanlı tarixindən bildiyimiz "əsir sultan"lar ıçində ən faciəvisi və ibrətamizi məhz Cem Sultandır. Ona görə yox ki, qardaşı II Bayəzidlə (1481-1512) taxt mübarizəsinə girmişdi (törə buna icazə verir). Heç ona görə də yox ki, özünü göz görə-görə din düşmənlərinə- Rodos cəngavərlərinə təslim etmişdi. Ona görə ki, Cem Sultan Osmanlının türkmənlər arasında ən qəvi rəqibi olan Qaramanlılarla öz ulusuna qarşı ittifaq bağlamaq dərəcəsində irəli getmiş, bu da Anadolu bəylikləri arasında nifaqın dərinləşməsinə səbəb olmuşdu...
...70-ci illərdə Anadoluda hegemonluq uğrunda Qaramanlı və Osmanlı bəylikləri arasında gedən uzunmüddətli və amansız savaşlar Fateh Sultan Məhmədin qələbəsi ilə başa çatmış, Qaramanlı bəyliyi ortadan qaldırılmış, Fateh oğlu şahzadə Mustafanı Qaraman sancaqbəyi təyin etmişdi. 1474-cü ildə şahzadə Mustafa öldü və onun yerinə kiçik qardaşı Cem Sultan (əslində, bu ad "Cəm" oxunmalıdır, çünki Fatehin onu oğluna Sasani hökmdarı Cəmşidin şərəfinə verdiyi bəllidir) keçdi. Cem Sultan atalarının taxtına oturan qardaşı Sultan II Bəyazidin hakimiyyətini tanımadı, Bursa və İznik üzərinə yeriyərək ölkənin iki yerə-Anadolu və Rumelinə bölünməsini tələb etdi və Anadolunu özünə istədi. Bu təklifi rədd edən Bayəzid Yenişəhər döyüşündə Cemin qoşununa qələbə çaldı. Macəranın bura qədərki hissəsi, gördüyümüz kimi, "şahzadə qardaşların təbii taxt qovğaları" məzmunundadır. Amma Cem Sultan II Bayəzidin qarşısına valisi olduğu Qaraman ordusunu çıxarmaq üçün bu elin (bəylik artıq yox idi) şahzadəsi Qasım bəylə ittifaqa girməklə bağışlanmaz bir xəta işləyir və bununla da Osmanlının daxili işi olan Cem Sultan qiyamı növbəti Qaraman-Osmanlı savaşına çevrilir. Qasım bəy, aydındır ki, Cemlə ittifaqa girməkdə öz hesabını güdür, bu vəsilə ilə öz bəyliyini bərpa etməyə çalışırdı. Müttəfiqlər 1482-ci ilin baharında Osmanlı torpaqlarına daxil oldular, lakin bəxt yenə Cemin üzünə gülmədi. Qasım bəydən əlini üzən Cem Rodos cəngavərlərindən onu Rumeliyə çatdırmaları üçün kömək istədi. Nəticədə, qalan ömrünü (ölümü: 1495) əvvəlcə Rodos cəngavərlərinin, sonra isə Roma Papası və Fransa kralının dustaqlığında yaşamalı, Osmanlı dövləti isə onun azad edilməməsi müqabilində illik ödənc verməli oldu.
Dövləti təhlükəyə atan belə hadisələr təkcə Osmanlı üçün deyil, başqa Anadolu bəylikləri üçün də xarakterikdir. Mənzərə tam aydınlaşsın deyə daha bir neçə misala nəzər salaq.
...1335-ci ildə ataları öldükdən sonra Karesioğullarından Dəmirxan və Dursun bəylər arasında ixtilaf yarandı. Dursun bəy hakimiyyətə yiyələnmiş qardaşına qarşı Osmanoğlu Orxan bəydən dəstək istədi və hərbi yardımı qarşılığında ona bəzi torpaqlar vəd etdi. Orxan Qazi Karesi bəyliyi ərazisinə daxil olduqdan az sonra Dursun bəy qardaşı tərəfindən öldürülsə də, o, geri dönmədi, açıq döyüşə girərək Dəmirxan bəyə qələbə çaldı, Karesioğulları ailəsini ortadan qaldırdı və sonrakı 10 ilin içində bu bəyliyin torpaqlarını parça-parça ələ keçirdi.
...Meydan müharibələrində ərazilərini işğal etmələrinə rəğmən, türkmən bəyliklərini sıradan çıxarmaqda aciz qalan Teymuri sultanı Şahrux, hakimiyyət Qaraqoyunlu şahzadəsi İskəndərin əlinə keçməsin deyə onunla qardaşları arasında ədavəti dərinləşdirmək yolunu tutmuş, Azərbaycan hakimliyinə əvvəl Əbusəidi, sonra isə Cahanşahı gətirmişdi. Nəticədə, Qara İskəndər Əbusəidi öldürmüş, Cahanşah isə onu məğlub etmişdi. 1436-cı ildə Əlincə qalasında qardaşından gizlənən İskəndər öz oğlu Şahqubad tərəfindən öldürüldü. Şahqubad qalanı və buradakı xəzinəni əmisinə verməklə onun rəğbətini qazanmaq istəyirdi. Amma hadisəni araşdıran Cahanşah Şahqubadı qətlə yetirdi.
...Ağqoyunlu Qara Yülük Osman ölkə ərazisini oğlanları arasında ülüş etmişdi. Əli bəy Harputda, böyük oğlu Yaqub bəy Ərzincan, Kəmax və Qarahisarda, Həmzə bəy Mardində, Şeyx Həsən Ərzurumda, Qılıc Arslan Paluda, Qutlu bəy Bayburtda, Musa isə Tərcanda hakimlik edirdilər. Osman bəy öləndə (1435) Teymuri sultanı Şahruxun təsiri ilə taxta Cəlaləddin Əli bəy keçdi. Lakin qardaşları hakim olduqları bölgələrdə müstəqil hərəkət edir, onunla hesablaşmırdılar. Həmzə bəy, Yaqub bəy, Qılıc Arslan isə Əli bəyin hökmranlığını ümumiyyətlə tanımadılar və Qaraqoyunlulardan kömək istədilər. Qara İskəndərin Qılıc Arslana kömək adı ilə Ərzurumu ələ keçirməsi, Ərzincanı qarət etməsi onsuz da xroniki hal almış tayfalararası ixtilafları daha da qızışdırdı. Köməksiz qalan Əli bəyin Məmlüklərlə əhdnamə bağlamaq üçün Harputu Dülqədiroğullarına (bəzi mənbələrdə Zülqədirlilər) təhvil verməsi onun sonunu gətirdi. Narazı qüvvələr Həmzə bəyin ətrafında qruplaşaraq "ulu bəy" kimi onu tanıdılar və paytaxt Diyarbəkiri tutdular. Əli bəy qısa müddətə olsa da, Osmanlılara sığındı. Onun varisi Cahangir Mirzə isə hakimiyyətə yiyələnmək üçün Məmlüklərdən kömək istədi və Sultan Barsbaydan 50 minlik ordu aldı. Lakin 1438-ci ilə Barsbayın ölüm xəbəri gəlcək bu ordu geri qayıtdı. 1444-cü ildə Cəlaləddin Əli bəy, az sonra Həmzə bəy dünyasını dəyişdi. Ağqoyunlu tayfaları parçalandı. 1450-ci ildə Qaraqoyunlu Cahanşah yürüşə başlayanda Şeyx Həsən, əmirlərdən Musa bəy, Rüstəm Tərxan və b. onun tərəfinə keçdilər. Uzun Həsən öz ulusuna xəyanət edən tayfa başçılarını ələ keçirib cəzalandırdı. Mosullu tayfasının rəisini şəxsən qətlə yetirdi, Pornək və Qarahacılu tayfalarının başçılarını isə mühakimə olunmaq üçün Amidə göndərdi.
...Qaraqoyunlu Cahanşah 1458-ci ildə Xorasan yürüşünə çıxıb, vaxtilə Əmir Teymurun oturduğu taxt-tacı ələ keçirdi. Oğlu Pirbudağın komandanlıq etdiyi ordu teymurilərin həmlələrinə mətanətlə sinə gərirdi. Lakin həlledici döyüş ərəfəsində Cahanşaha şahzadələrindən Həsənəlinin üsyan etməsi xəbəri yetişdi. Maku qalasında zindanda saxlanan Həsənəli Ağqoyunlu Qara Osmanın oğlu Mahmud bəy və Əmir Ərəbşahla birlikdə həbsdən qaçmağı bacarmış və atasının paytaxtda olmamasından istifadə edərək, Təbrizi ələ keçirmişdi. Cahanşah Pirbudağı döyüşə girməkdən çəkindirdi, təcili şəkildə sülh bağlayaraq, tutulan torpaqları teymurilərə qaytardı və Xorasanı tərk etdi. Beləliklə, böyük igidlik, qurban və məhrumiyyətlər bahasına qazanılmış qələbənin üstündən xətt çəkilmiş oldu. Cahanşahın qərarı əmirlər və qoşun başçıları arasında narazılıq yaratdı. Atasına etimadı sarsılan Pirbudaq Yəzdə çatan kimi (o, Şiraz valisi idi) qiyam qaldırdı. Cahanşah, əlbəttə ki, oğlanlarına yenilmədi; əvvəlcə paytaxtı alıb Həsənəlini sürgünə göndərdi, sonra Pirbudağın qiyamını yatırdı, dövlət qarşısında xidmətlərini nəzərə alaraq, onu Şirazdan uzaqlaşdırıb, Bağdada vali təyin etdi. Lakin məsələ bununla bitmədi, 2 il sonra Pirbudaq Bağdadda da üsyan qaldırdı, üstəlik, atasına qarşı Ağqoyunlu Uzun Həsəndən yardım istədi. Bu zaman Ağqoyunlu - Qaraqoyunlu qarşıdurması zirvəsinə çatmışdı, tərəflər bir-birinin daxili işlərinə də qarışır, daxili ziddiyyətlərini kəskinləşdirməklə qarşı tərəfi zəiflətməyə çalışırdılar. Cahanşah Uzun Həsənin taxt-tacına iddia edən qardaşı Cahangirə qoşun verib, onun üstünə göndərmiş, amma istəyinə çatmamışdı. İndi Uzun Həsənin də eyni qayda ilə hərəkət edib Pirbudağın üsyanından faydalanacağından ehtiyatlanırdı. Odur ki, Həsən Padşaha məktub yazıb, Pirbudağa dəstək verməməsi üçün Sincar, Mosul və Ərbil şəhərlərini ona boyun oldu.
...1473-1474-cü illərdə (bəzi mənbələrə görə, 1475-ci ildə) Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Bağdad valisi olan qardaşı Maqsud Mirzənin də qoşulduğu üçün qiyam çətinliklə yatırıldı. Uğurlu Məhəmməd "Rum diyarına" qaçdı və Ağqoyunlularla müharibə vəziyyətində olan Osmanlı sultanına sığındı.
(Davamı olacaq)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!