1926-cı ilin fevralında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay, türk xalqlarının elmi, mədəni və mənəvi tarixində fundamental əhəmiyyət kəsb edən bir hadisə olaraq tarixə düşmüşdür. Bu qurultay, yalnız Azərbaycan elmi mühitində deyil, bütün türk dünyasında türkologiya elminin sistemli inkişaf mərhələsini formalaşdırmaqla, türk dillərinin, ədəbiyyatının, etnoqrafiyasının və tarixi-mədəni irsinin əhatəli şəkildə öyrənilməsi üçün nəzəri və praktik baza yaratmışdır. Qurultay yalnız əlifba və orfoqrafiya məsələləri ilə kifayətlənməmiş, elmi terminologiyanın sistemləşdirilməsi, türk dillərinin orfoqrafik tədqiqi, ölkəşünaslıq, arxeoloji və etnoqrafik araşdırmaları da əhatə edərək türkologiyada multidissiplinar yanaşmanın əsasını qoymuşdur. Eyni zamanda, tədbir türk dünyasında ortaq dil, mədəniyyət və elmi dəyərlərin təşəkkülünü stimullaşdırmaqla, regional və transregional əlaqələrin inkişafına ideoloji və akademik zəmin təmin etmişdir. Bu mənada, Birinci Türkoloji Qurultay yalnız elmi məzmunu ilə deyil, həm də türk xalqlarının identikliyinin və mədəni birliyinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Birinci Türkoloji Qurultayın gündəliyi türkologiyanın müxtəlif sahələrini əhatə edən mühüm məsələləri əks etdirsə də, ortaq əlifba və orfoqrafiya məsələləri xüsusilə diqqət mərkəzində olmuşdur. Latın qrafikalı ortaq əlifbaya keçid ideyası yalnız texniki bir islahat təşəbbüsü kimi qiymətləndirilə bilməz; bu, eyni zamanda türk xalqlarının tarixi yaddaşını, mədəni kimliyini və elmi potensialını birləşdirmək istiqamətində atılmış strateji addım kimi də dəyərləndirilir. Qurultay iştirakçıları açıq şəkildə başa düşürdülər ki, ortaq yazı və dil vahidliyi türk xalqlarının gələcəkdə bir-birinə daha sıx bağlanmasının, elmi və mədəni mübadilələrin intensivləşməsinin əsas şərtlərindən biridir.
Buna baxmayaraq, ortaq əlifba təşəbbüsünün reallaşması qarşısında müxtəlif siyasi, regional və ideoloji maneələr dayanmış, XX əsrin mürəkkəb geosiyasi konteksti bu təşəbbüsün tam şəkildə həyata keçirilməsinə imkan verməmişdir. Lakin Qurultayda səslənən ideyalar, qəbul edilmiş qərarlar və nümayiş etdirilən iradə türk dünyasının gələcək birliyi üçün nəzəri və praktik yol xəritəsi rolunu oynamışdır.
Bu gün Birinci Türkoloji Qurultayın keçirilməsindən bir əsr ötür. Tarixi sınaqlardan keçmiş bu ideyalar çağdaş dövrdə yenidən aktuallaşır. Qloballaşmanın artan təsiri fonunda türk xalqları arasında ortaq əlifba və dil məsələlərinin həll edilməsi yalnız elmi və akademik əhəmiyyət daşımır, həm də milli-mənəvi bütövlüyün qorunması baxımından strateji əhəmiyyət kəsb edir.
Türkologiyanın inkişaf istiqamətini müəyyən edən və türk xalqlarını ortaq mədəniyyət və dil platformasında birləşdirən intellektual təşəbbüs, öz ilkin təzahürünü 1926-cı ildə Bakıda atılan cəsur addımlarda tapmışdır. 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində İsmailiyyə sarayında keçirilən Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni, elmi və mənəvi həyatında baş vermiş ən mühüm hadisələrdən biri kimi tarixə daxil olmuşdur. Bu möhtəşəm qurultay, türk xalqlarının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoymuş, geniş coğrafi məkanda yaşayan müxtəlif türk toplumları üçün taleyüklü məsələlərin müzakirə olunduğu və elmi əsaslarla həll yollarının işlənib hazırlandığı tarixi bir tribunaya çevrilmişdir.
Qurultayın strateji əhəmiyyəti yalnız onun miqyasında və nümayiş etdirdiyi yüksək intellektual potensialda deyil, həm də ortaq mədəniyyət, dil və yazı məsələlərinin elmi-praktik əsaslarla müəyyən edilməsində özünü göstərmişdir. Qurultay iştirakçıları, türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı sistemli qərarlar qəbul etməklə, gələcəyə yönəlmiş elmi və mədəni proqramın əsaslarını qoymuşlar. Bu qərarlar, həm fərdi xalqların mədəni inkişafı, həm də türk dünyasının kollektiv mədəni identifikasiyasının formalaşması baxımından strateji əhəmiyyət kəsb etmişdir.
Xüsusilə, latın qrafikalı ortaq əlifbaya keçidin elmi-metodoloji prinsipləri Qurultayda ətraflı müzakirə edilmiş və bu təşəbbüs türk xalqlarının gələcəkdə vahid mədəni və dil birliyinə nail olmasının əsas şərti kimi irəli sürülmüşdür. Qurultay yalnız bir elmi toplantı olmamış, eyni zamanda türk xalqlarının ortaq mədəni və dil vahidliyinə xidmət edən strateji ideya platformasına çevrilmişdir. Bu baxımdan, Bakıda keçirilən Birinci Türkoloji Qurultay, türkoloji elminin inkişafında bir dönüş nöqtəsi olmaqla yanaşı, türk dünyasında inteqrasiyanın elmi və mədəni əsaslarını formalaşdıran unikal bir hadisə kimi qiymətləndirilə bilər.
Bundan əlavə, Qurultayın qəbul etdiyi qərarlar, latın qrafikasının tətbiqi, ortaq yazı sisteminin təşkili və türk dillərində elmi terminologiyanın sistemləşdirilməsi kimi məsələlər XX əsr türkoloji tədqiqatlarına mühüm istiqamət vermişdir. Bu baxımdan, Qurultay yalnız tarixi bir hadisə olmaqla kifayətlənməyib, həm də müasir türkoloji tədqiqatların nəzəri və metodoloji bazasını təmin edən elmi və mədəni bir platforma yaratmışdır.
Bu gün, Birinci Türkoloji Qurultayın keçirilməsindən bir əsr sonra, həmin dövrün idealları və qəbul edilmiş qərarlar yeni tarixi kontekstdə yenidən aktuallıq qazanır. Çağdaş türk dünyası üçün ortaq əlifba və ortaq mədəni platforma məsələləri, həm milli özünüdərk, həm də qlobal çağırışlara cavab vermək baxımından strateji əhəmiyyət daşımaqdadır.
Bu araşdırma, Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyətini, ortaq əlifba və orfoqrafiya sahəsində görülən işləri, eləcə də yüzillik bir elmi-ideoloji yürüşün bütün mənzərəsini araşdırmağa həsr edilmişdir. Qurultayın fəaliyyətinin araşdırılması, türkoloji elminin formalaşması türk xalqlarının mədəni və elmi inteqrasiyasının təşəkkülü baxımından mühüm nəticələr təqdim edir.
Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi isə tamamilə qanunauyğun bir hadisə kimi qiymətləndirilə bilər. Həmin dövrdə, bir sıra sahələrdə olduğu kimi, türkologiya elmində də Azərbaycan öncül mövqeyə malik idi. Bakı yalnız Sovetlər Birliyi daxilində deyil, eyni zamanda dünya türkologiyasında mühüm elmi mərkəz kimi formalaşmışdı. Bu liderlik, ölkənin tarix, dil, mədəniyyət və ədəbiyyat sahələrindəki elmi inkişafının və bu sahələrə dövlət və cəmiyyət tərəfindən verilən xüsusi önəmin nəticəsi idi. Azərbaycan türkologiyası, digər post-sovet respublikaları ilə müqayisədə, müstəqil inkişafını sürətləndirərək bu sahəyə əhəmiyyətli töhfələr vermiş, elmi institutların fəaliyyəti, akademik mühitin zənginliyi və yüksək ixtisaslı elm adamlarının iştirakı sayəsində regionda nüfuzunu möhkəmləndirmişdir.
Beləliklə, Birinci Türkoloji Qurultay yalnız tarixi bir hadisə deyil, həm də türk dünyasında ortaq mədəniyyət və elmi inteqrasiyanın inkişafına yönəlmiş strateji bir platforma kimi qiymətləndirilir.
Azərbaycan türkologiyasının inkişafında, xüsusilə, Bakı şəhərinin rolu əvəzsiz olmuşdur. Bakı, təkcə Sovetlər Birliyi dövründə deyil, həm də XX əsrin əvvəllərində türk dilçiliyi, folklor, etnologiya, tarix və mədəniyyət sahələrində aparıcı elmi müəssisələrə və nəşriyyatlara ev sahibliyi etmişdir. Bu şəhərdə fəaliyyət göstərən alim və tədqiqatçılar, hələ o dövrdə türkologiyanın müxtəlif sahələrinə dair fundamental araşdırmalar apararaq elmin inkişafına mühüm töhfələr vermişlər.
1920-ci illərin əvvəllərində Bakı elmi mərkəzi, türkoloji tədqiqatların metodologiyasının formalaşdırılması və elmi məzmununun zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır. Burada yetişmiş alimlər, xüsusilə, Bakı Dövlət Universiteti və digər aparıcı elmi müəssisələrdə fəaliyyət göstərən türkoloqlar elmi ictimaiyyətin diqqətini cəlb edən tədqiqatlar həyata keçirmişlər. Onların işi yalnız milli miqyasda deyil, eyni zamanda türkologiyanın dünya miqyasında qəbul edilən elmi sahə kimi formalaşmasına da mühüm təsir göstərmişdir.
Beləliklə, Bakı şəhəri Azərbaycan türkologiyasının inkişafında mərkəzi rol oynamış, türk dili və mədəniyyətinə dair sistemli elmi tədqiqatların aparıldığı nüfuzlu mərkəz kimi özünü təsdiq etmişdir. Bu, eyni zamanda türkoloji elminin dünya miqyasında tanınması və etibarlı akademik platforma kimi formalaşmasına zəmin yaratmışdır.
Keçən əsrin 70-ci illərində Bakıda nüfuzlu "Sovetskaya Türkologiya" jurnalının nəşrə başlaması Azərbaycanın türkologiya elminin inkişafında lider mövqeyini, beynəlxalq aləmdə qazandığı nüfuzu və aparılan tədqiqatların yüksək elmi səviyyəsini aydın şəkildə nümayiş etdirmişdir. Qeyd etmək lazımdır ki, jurnalın təsis edilməsi bilavasitə 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayla bağlı olmuşdur. Belə ki, SSRİ Elmlər Akademiyası Rəyasət Heyətində Qurultayın 40 illiyi münasibətilə toplu (bülleten) nəşr edilməsi məsələsi müzakirə edilmiş, lakin sonda xüsusi elmi jurnalın buraxılması qərara alınmışdır. Jurnalın nəşr yeri uzun müddət müzakirə olunsa da, yekunda onun Bakıda nəşr edilməsi məqsədəuyğun sayılmışdır. Bu qərarın qəbul olunmasında dövrün görkəmli dilçi alimlərinin, xüsusilə də akademik Məmmədağa Şirəliyevin mühüm rolu olmuşdur. Uzun müddət "Sovetskaya Türkologiya" yalnız Sovet İttifaqı çərçivəsində deyil, həm də dünya miqyasında türkologiya ilə məşğul olan alimlər üçün mühüm elmi resurs və etibarlı istinad mənbəyi kimi çıxış etmişdir.
Bu fakt Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin postsovet məkanında türkologiyanın mərkəzi kimi nüfuzunun və təsdiqinin ifadəsidir. Bakı, türkologiya sahəsindəki elmi nailiyyətlər və tədqiqatlar baxımından ən nüfuzlu türk dili və mədəniyyəti mərkəzlərindən biri kimi çıxış etmişdir. Xüsusilə, Bakı şəhəri, postsovet məkanında türkologiya ilə bağlı aparılan ən böyük tədqiqatlara və konfranslara ev sahibliyi etməklə, bu sahədə Azərbaycan türkologiyasının rəhbər mövqeyini daha da möhkəmləndirmişdir.
Birinci Bakı Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyətini daha dolğun təsəvvür etmək üçün aşağıdakı faktlar xüsusilə diqqətəlayiqdir. Qurultayda ümumilikdə 12 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Ermənistan - nümayəndələr iştirak etmişdir. Bundan əlavə, müxtəlif türk topluluqlarını və muxtar vilayətləri təmsil edən nümayəndələr də - Krım, Tatarıstan, Başqırdıstan, Dağıstan, Çuvaşiya, Kalmıkiya, Kabarda-Balkar, İnquşetiya, Noqay Ordası, Çeçenistan və digər bölgələrdən gəlmişdir. Qurultayda ümumilikdə 131 nümayəndə toplaşmış və 17 iclas keçirilmişdir. Bu iclaslarda türklərin, bütövlükdə türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə təqdim edilmişdir. Qurultaya Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə isə həm yerli, həm də xarici nüfuzlu alimlər seçilmişdir. Onlar arasında Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor Teador Menzel; RSFSR Xalq Maarif Nazirliyindən İosif Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Ahmed Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və Mixail Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan Karim İdelquzin, Türkiyədən Fuad Köprülüzadə, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Raxim İnoqamov, Qırğızıstandan Kasım Tınstanov, Türkmənistandan Bekki Berdiyev, Krımdan Hüseyn Akçökraklı, Şimali Qafqazdan Umar Əliyev kimi tanınmış alim və ictimai xadimlər yer almışdır.
Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin və digər respublikaların təklif etdiyi şəxslərdən Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv kimi daxil edilmişdir. Bu geniş və nüfuzlu tərkib, Qurultayın həm elmi cəhətdən yüksəksəviyyəli, həm də siyasi və mədəni baxımdan əhəmiyyətli bir tədbir olduğunu göstərir. Qurultay yalnız türkoloji elmin aktual problemlərinin müzakirəsi üçün platforma yaratmamış, eyni zamanda türk dünyasının intellektual birliyi, tarixi və mədəniyyətinin dərin analizi üçün unikal imkanlar təqdim etmişdir.
İştirakçıların müxtəlif coğrafi bölgələrdən və müxtəlif elmi məktəblərdən olması, təqdim edilən məruzələrin elmi-metodoloji zənginliyi, həmçinin etnoqrafik, dilçilik və tarixşünaslıq sahələrində multidissiplinar yanaşmaların tətbiqi Qurultayı XX əsr Azərbaycan elmi-mədəni həyatının parlaq və yaddaqalan bir hadisəsinə çevirmişdir. Bu mənada, Birinci Bakı Türkoloji Qurultay yalnız yerli deyil, həm də beynəlxalq aləmdə türkoloji elmin inkişafına mühüm töhfə vermişdir.
İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də Qurultayın mötəbərliyini təsdiqləyir. Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda akademik Vasili Bartold, Mehmet Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Aqafangel Krımski, Nikolay Poppe, Nikolay Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi.
Qurultayda təqdim olunan məruzələr türkoloji elmin müxtəlif sahələrini əhatə etmiş, həm elmi, həm də mədəni əhəmiyyət daşıyan çıxışlarla zənginləşdirilmişdir. V.V.Bartoldun "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri" adlı məruzəsi türk xalqlarının tarixşünaslığında mövcud problemləri və gələcək araşdırma istiqamətlərini ortaya qoymuş, S.F.Oldenburq "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları" mövzusunda ölkəşünaslığın elmi prinsiplərini təqdim etmişdir. A.A.Müller "Türk xalqlarının təsviri sənəti haqqında" məruzəsində türk təsviri sənətinə dair əhatəli analiz aparmış, F.Köprülüzadə "Türk xalqlarının ədəbi dillərinin inkişafı", A.N.Samoyloviç "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri" çıxışları isə türk dillərinin inkişafı və tədrisi ilə bağlı aktual məsələləri işıqlandırmışdır.
B.Çobanzadənin "Türk ləhcələrinin yaxın qohumluğu haqqında" məruzəsi dil qohumluğu məsələlərinə elmi yanaşmanı təqdim etmiş, H.Zeynallı "Türk dillərində elmi terminologiya sistemi haqqında", S.Y.Malov "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri", F.Ağazadə "Türk dillərində düzgün yazı" kimi çıxışlar isə müvafiq olaraq türk dillərində elmi terminologiyanın sistemləşdirilməsi, qədim türk dillərinin öyrənilməsinin cari vəziyyəti və perspektivləri, həmçinin yazı normalarının təşkili və problemlərin həlli yollarını əhatəli şəkildə təqdim etmişdir.
N.F.Yakovlev "Türk millətlərinin əlifba sistemlərinin qurulması problemləri" mövzusunda çıxışı ilə fərqli türk xalq qruplarında əlifba tətbiqi və uyğunlaşdırma məsələlərini analiz etmiş, C.Məmmədzadə isə "Türk xalqlarının əlifba sistemləri haqqında" mövzusunda geniş perspektivli təqdimatla müxtəlif türk xalqlarının yazı sistemlərinin müqayisəli təhlilini aparmışdır. Bundan əlavə, N.N.Poppe "Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti", Q.Şərəf "Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri", T.Menzel isə "Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri" mövzularında məruzələr təqdim etmiş, hər bir çıxış mövzuya elmi yanaşma və tarixi-etnoqrafik kontekst gətirərək iştirakçılar arasında geniş və dərin diskussiyalara səbəb olmuşdur.
Qurultay çərçivəsində fonetika və orfoqrafiya sahəsində aparılan tədqiqatlar da böyük elmi əhəmiyyət kəsb etmişdir. Xüsusilə, L.V.Şerbanın "Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti" adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Məruzədə orfoqrafiyanın yalnız dilçilik prinsip və qaydaları ilə deyil, həm də cəmiyyətin mədəni və sosial inkişafı ilə sıx bağlı olduğu vurğulanmışdır. Şerban dilin normalarının sosial funksiyasına geniş diqqət ayıraraq, yazı sisteminin həm təhsil, həm mədəniyyət, həm də milli identifikasiya baxımından strateji əhəmiyyətini elmi əsaslarla təqdim etmişdir.
Bununla yanaşı, erməni dilçisi R.Y.Açaryanın "Türk və erməni dillərinin qarşılıqlı təsiri" mövzusunda təqdim etdiyi məruzə də xüsusi maraq doğurmuşdur. Məruzə türk dilinin erməni dili üzərində tarixi təsirini bütün dil səviyyələri - leksika, morfologiya, sintaksis və fonetika baxımından elmi şəkildə işıqlandırmışdır. R.Açaryanın tədqiqatında xüsusilə qeyd olunur ki, əski ermənicədən (qrabar) müasir ermənicəyə (aşqarabara) keçidin əsas stimul və səbəbi türk dilinin təsiri olmuşdur. Bu mövqe, məruzənin elmi obyektivliyini artırmaqla yanaşı, dil tarixinin və qarşılıqlı təsirin qanuni və faktiki əsaslarını təqdim edir. Nəticə etibarilə, R.Açaryanın araşdırması bugünkü dövrdə erməni şovinist ideologiyasına qarşı güclü və elmi əsaslı arqument kimi çıxış edir.
Bu məruzələr, Qurultayda yalnız türk dili və onun struktur məsələlərinin deyil, eyni zamanda regional dillər və mədəniyyətlər arasındakı qarşılıqlı təsirin də elmi metodlarla təhlil olunduğunu nümayiş etdirir. Onlar türkologiyanın həm nəzəri, həm də praktik aspektlərinə yeni yanaşmalar gətirmiş, elmi diskussiyalara zəngin töhfə vermişdir.
Bu geniş spektrli məruzələr və onlarla bağlı elmi müzakirələr Birinci Türkoloji Qurultayın yalnız tarixşünaslıq, dilçilik və etnoqrafiya sahələrində deyil, həm də mədəniyyət və yazı sistemləri üzrə fundamental qərarların qəbul olunduğu mötəbər bir platforma olduğunu nümayiş etdirir. Hər bir çıxış və qətnamə türk dünyasının ortaq elmi və mədəni məkanının formalaşmasına, gələcək nəslin türkoloji elmi təcrübələrinə inteqrasiya olunmasına əhəmiyyətli töhfələr vermişdir.
Hər bir məruzə yalnız nəzəri aspektləri təqdim etməklə kifayətlənməyib, həm də tarixi və etnoqrafik konteksti dərindən işıqlandıraraq iştirakçılar arasında geniş və səmərəli diskussiyaların yaranmasına şərait yaratmışdır. Müzakirələrdə Türkoloji Qurultayın elmi səviyyəsinin yüksək olduğu bir daha nümayiş olunmuş, həmçinin türk dili və ədəbiyyatı, əlifba sistemləri, tarixi və etnoqrafik məsələlərin araşdırılmasında multidissiplinar yanaşmanın əhəmiyyəti vurğulanmışdır.
Qurultay zamanı çıxış edən alimlər yalnız öz sahələrinin spesifik mövzularına fokuslanmamış, eyni zamanda iştirakçıları türkoloji araşdırmaların metodologiyası, elmi terminologiyanın formalaşması, müqayisəli dilçilik və coğrafi-etnoqrafik yanaşmalar barədə düşünməyə sövq etmişlər. Bu məruzələr nəticəsində iştirakçılar arasında elmi fikir mübadiləsi zənginləşmiş, müxtəlif türk xalqlarının dil və mədəniyyət xüsusiyyətlərinin öyrənilməsində yeni perspektivlərin açılması mümkün olmuşdur.
Beləliklə, Qurultay çərçivəsində təqdim olunan məruzələr yalnız türk dillərinin və əlifba sistemlərinin problemlərini araşdırmaqla kifayətlənməyib, həm də türkoloji tədqiqatlarda nəzəri və praktik perspektivlərin formalaşdırılmasına mühüm töhfə vermişdir.
Birinci Bakı Türkoloji Qurultayında türk dillərinin elmi müzakirəsi çərçivəsində yeddi əsas problem sahəsi diqqət mərkəzində olmuş və müvafiq qərarlar qəbul edilmişdir:
1. Əlifba məsələsi,
2. İmla və orfoqrafiya məsələsi,
3. Terminologiya məsələsi,
4. Tədris-metodika məsələsi,
5. Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya məsələsi,
6. Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi,
7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri.
Birinci Türkoloji Qurultay çərçivəsində türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri, eləcə də türk xalqlarının ana yurdu məsələsi də geniş müzakirə olunmuşdur. Bu mövzular, türk dillərinin inkişafı və mədəniyyət tarixi baxımından əhəmiyyətli olduğu üçün qurultay iştirakçıları tərəfindən diqqətlə təhlil edilmiş, elmi əsaslarla qiymətləndirilmişdir.
Qurultayın qərarına əsasən, II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulmuşdu. Lakin müxtəlif tarixi və təşkilati səbəblər üzündən bu plan həyata keçməmişdir. Bu fakt, həm də Birinci Türkoloji Qurultayın elmi və mədəni əhəmiyyətini, onun təyin etdiyi istiqamətlərin zamanın sınağından keçdiyini və gələcək türkoloji tədqiqatlar üçün əsas rol oynadığını bir daha göstərir.
Qeyd etmək lazımdır ki, Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və digər əlaqəli məsələlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu məsələlər yalnız XX əsrdə deyil, müasir dövrdə də türkoloji elmin və türk xalqlarının mədəni inteqrasiyasının aktual problemləri kimi qiymətləndirilir. Qurultay tərəfindən irəli sürülən ideyalar, ortaq yazı və dil prinsiplərinin yaradılması, elmi terminologiyanın sistemləşdirilməsi və türk xalqlarının ədəbi dilinin inkişafına dair tövsiyələr, bugünkü dövrdə də strateji və elmi əhəmiyyətini saxlayır.
Azərbaycan XX əsrdə dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi. Belə ki, 2005-ci ilin 5 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı və 2006-cı ildə Bakıda bu yubileyə həsr olunmuş Beynəlxalq konfrans təşkil edildi. Sonrakı illərdə isə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. 18 fevral 2016-cı ildə Prezident İlham Əliyev həmin hadisənin dövlət səviyyəsində keçirilməsini təmin edən sərəncam imzaladı. Bu sərəncamda xüsusi olaraq vurğulanırdı ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu təsbit edilmiş, Türkoloji Qurultay tərəfindən irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Ötən dövr ərzində türkologiyaya dair yeni elmi konsepsiyalar formalaşmış, Azərbaycan dünya miqyasında nüfuzlu türkoloji araşdırmalar mərkəzlərindən biri kimi tanınmış və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsi yaradılmışdır.
Əlbəttə, Birinci Türkoloji Qurultay yalnız türkologiya elminin deyil, bütövlükdə türk dünyasının elmi, mədəni və ictimai həyatında dönüş yaradan hadisə olmuşdur. Bu mötəbər tədbir, türk xalqlarının ortaq gələcəyini formalaşdırmaq məqsədilə düşünülmüş və planlı şəkildə atılmış strateji addım idi. Qurultayda müzakirə olunan məsələlər - əlifba islahatı, ortaq ədəbi dil, terminoloji sistem, ana dilinin tədrisinin metodologiyası və digər fundamental sahələr - o dövr üçün misilsiz intellektual təşəbbüslər idi və onların elmi və metodoloji dəyəri müzakirəyə ehtiyac qalmadan yüksək qiymətləndirilir.
Lakin bu tarixi hadisənin arxa planı və onun davamı da diqqətdən kənarda qalmamalıdır. Qurultay nə qədər elmi-intellektual zirvə idisə, onun ardınca baş verən hadisələr bir o qədər faciəvi olmuşdur. Tədbirdə iştirak etmiş, türk dünyasının gələcəyi naminə çalışan bir çox ziyalı, alim və mütəfəkkir sonrakı illərdə totalitar sovet rejiminin repressiyalarına məruz qalmış, edam, sürgün və susdurma siyasətinin qurbanına çevrilmişdir. Onların bəziləri fiziki məhvə, bəziləri mənəvi təcridə düçar olmuş, əsərləri yasaqlanmış, əlyazmaları və kitabları məhv edilmiş, adları uzun illər tarixdən silinmişdir.
Bu proses yalnız fərdlərin deyil, bütövlükdə türk xalqlarının intellektual inkişafına, milli yaddaşına və mədəni irsinə ağır zərbə vurmuşdur. Birinci Türkoloji Qurultayın ideyaları, elmi baxışları və gələcək layihələri uzun müddət arxa plana atılmış, onların gerçəkləşməsi onilliklər boyu yubadılmışdır. Bu da Qurultayın yalnız elmi deyil, həm də siyasi və ideoloji baxımdan necə mühüm və həssas bir hadisə olduğunu sübut edir.
Bu gün həmin tarixi hadisəyə qayıdarkən, yalnız onun nailiyyətlərini deyil, həm də bu nailiyyətlərin bədəli olaraq ödənmiş acı təcrübələri unutmamalı, intellektual yüksəlişlərin qorunması və davam etdirilməsi üçün daha güclü hüquqi və ictimai zəmin yaratmalıyıq.
Qeyd olunan elmi və siyasi hadisələr - Birinci Türkoloji Qurultay və onun ətrafında baş verənlər - dünya türkologiya elmi üçün fundamental əhəmiyyət kəsb etmişdir. Bu mövzu müxtəlif dövrlərdə çoxsaylı dərin və əhatəli tədqiqatların predmetinə çevrilmişdir. Qurultayın tarixi, elmi nəticələri və onun iştirakçılarına qarşı həyata keçirilmiş siyasi təzyiqlər, təkcə türk xalqlarının deyil, ümumilikdə insanlıq tarixinin intellektual irsinə vurulmuş bir zərbə kimi qiymətləndirilmişdir.
Bu araşdırmamızda mövzuya dair elmi və nəzəri çərçivənin daha geniş və obyektiv təqdim olunması məqsədilə, həmin istiqamətdə yazılmış nüfuzlu elmi əsərlərə istinad etmək vacib hesab edilmişdir. Burada, xüsusilə, bir sıra tanınmış müəlliflərin elmi fəaliyyətini qeyd etməyi özümüzə mənəvi borc bilirik.
Araşdırmalarımızın əsas mənbələrindən biri F.D.Aşnin, V.M.Aplatov və D.M.Nasilovun həmmüəllifliyi ilə nəşr olunmuş "Məhv edilmiş türkologiya" əsəridir. Bu fundamental tədqiqat sovet dövründə türkologiyanın sistemli şəkildə sıradan çıxarılması prosesini əhatəli şəkildə sənədlərlə ortaya qoyur və repressiya qurbanı olmuş türkoloqların elmi və ictimai fəaliyyətinə işıq tutan nadir mənbələrdən biri hesab olunur. Əsər, həmçinin elmi cəhətdən böyük əhəmiyyətə malikdir, çünki burada təqdim olunan arxiv materialları və orijinal sənədlər vasitəsilə türkoloqların qarşılaşdığı repressiya, saxta ittiham aktları və məhkəmə prosesləri faktoloji əsaslarla təsdiqlənir.
Müəlliflər əsərdə A.N.Samoyloviç, Y.D.Polivanov, Ruhulla Axundov, Bəkir Çobanzadə, Xalid Sədi Xocayev, A.R.Zifeld-Simumyaqi, Hənəfi Zeynallı, Salman Mümtaz, Ahmet Baytursunov və daha bir çox görkəmli türkoloq alim və ictimai xadimin üzləşdiyi saxta ittihamlar, onların məhkəmə prosesləri və arxiv sənədlərini təqdim edirlər. Həmin materiallar yalnız ictimai və elmi fəaliyyətinə görə təqib edilmiş alimlərin taleyini işıqlandırmaqla qalmır, həm də sovet dövründə türkologiyanın necə sistemli şəkildə sıradan çıxarıldığını göstərən faktiki və sənədli dəlillər kimi dəyərlidir.
Beləliklə, "Məhv edilmiş türkologiya" əsəri yalnız tarix və türkologiya sahəsindəki araşdırmalar üçün deyil, həm də repressiya və elmi fəaliyyətin məhdudlaşdırılması məsələlərini öyrənmək istəyən tədqiqatçılar üçün əvəzsiz bir mənbə hesab olunur. Əsərdə təqdim olunan bütün məlumatlar gerçək faktlara əsaslanır və müəlliflər hər bir məhkəmə, ittiham və istintaq sənədini tam orijinallığı ilə təqdim edərək elmi dəqiqlik və etibarlılığı təmin etmişlər.
Görkəmli Azərbaycan alimi, akademik Ziya Bünyadovun "Qırmızı terror" əsəri isə Azərbaycan və ümumtürk elminin görkəmli nümayəndələrinin sovet dövründə tətbiq olunan repressiya siyasəti çərçivəsində necə siyasi məhv maşınının hədəfinə çevrildiyini sistemli faktlar və arxiv materialları əsasında göstərir. Əsərdə təqdim olunan məlumatlar yalnız tarixi hadisələri işıqlandırmaqla kifayətlənmir, həm də repressiya qurbanlarının taleyi, onların elmi fəaliyyətinin məhdudlaşdırılması və siyasi təqiblərə məruz qalması ilə bağlı dolğun və dəqiq təsvir təqdim edir.
Eyni istiqamətdə Adil Babayevin "Elimizin və elmimizin soyqırımı" əsəri türkologiya sahəsinə qarşı aparılan repressiv siyasəti həm statistik məlumatlar, həm də fərdi şəxslərin taleyi üzərindən təhlil edir, həmin dövrün elmi və tarixi mənzərəsini dərinlikli və obyektiv şəkildə təqdim edir.
Qurultayın özünə dair əhatəli mənbələr sırasında K.V.Nərimanoğlu və türkiyəli professor M.Önərin birgə hazırladığı "1926-cı il I Bakı Türkoloji Qurultayı", həmçinin K.V.Nərimanoğlu ilə Ə.Ağakişiyevin həmmüəllifliyi ilə nəşr olunmuş "1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər)" kitabları xüsusi əhəmiyyət daşıyır. Bu nəşrlər yalnız tarixi faktları təqdim etməklə kifayətlənmir, həm də arxiv materialları və vizual sənədlər vasitəsilə Qurultayın tam mənzərəsini əhatəli şəkildə işıqlandırır.
Bundan əlavə, tanınmış türkiyəli alim Ahmet Buranın "Kurşunlanan Türkoloji" adlı əsəri türkologiya sahəsində çalışan və repressiyaya məruz qalmış türk xalqlarının alimlərinin taleyini həm elmi, həm də insani aspektdən araşdırır. Kitab geniş coğrafi və tematik əhatə dairəsi ilə XX əsrdə türkologiyanın qarşılaşdığı çətinlikləri obyektiv və sistemli şəkildə təhlil edir.
Nəhayət, Birinci Türkoloji Qurultayın yorulmaz tədqiqatçılarından olan professor Cəlal Qasımov "Birinci Türkoloji Qurultay: Şahidlər və şəhidlər" adlı araşdırmasında Qurultayın iştirakçılarını yalnız görkəmli elmi şəxsiyyətlər kimi deyil, həm də tarixin "şəhidləri" kimi təqdim edir. Əsər, həmin dövrün siyasi, ideoloji və sosial mühitini əhatəli şəkildə araşdırır və bu mühiti arxiv materialları, orijinal sənədlər və faktiki məlumatlar əsasında təqdim edir. Qasımov, tədqiqatında Qurultayın elmi fəaliyyətini, iştirakçıların bilik və nailiyyətlərini, onların qarşılaşdıqları çətinlikləri və siyasi təzyiqləri detallı şəkildə işıqlandırır. Faktoloji zənginliyi, metodoloji dərinliyi və tarixi-siyasi konteksti ilə əsər, Birinci Türkoloji Qurultayın elmi irsinin öyrənilməsində əsas istinad mənbələrindən biri kimi çıxış edir və həmçinin türkoloji elmin XX əsrdəki inkişaf proseslərini anlamaq üçün dəyərli bir resurs rolunu oynayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!