Onlar 1926-cı ildə İstanbuldan Bakıya - Birinci Türkoloji Qurultaya bir yerdə gəlmişdilər: Fuad Köprülü, Dyula Messaroş, Vasili Bartold, Teodr Menzel və Əli bəy Hüseynzadə. Qurultayın aparıcı simaları da onlar idi. Qurultayda hamısı çıxış edib. Əli bəy Hüseynzadə və Menzel isə, həm də gündəlik qeydlər yazıblar. Menzelin qeydləri Almaniyada nəşr olunub. 1927-ci ildə Bakı qəzetlərində professor Menzelin "Der 1. Turkologische Kongre in Baku" əsəri barədə məlumatlar dərc olunub. Amma Əli bəy Hüseynzadənin qeydləri yalnız 1969-cu ildə ortaya çıxıb və ilk dəfə 1970-ci ilin yanvar ayında "Yeni İnsan" dərgisində Hilmi Ziya Ülkenin təqdimatı ilə dərc olunub.
Hilmi Ziya "Türkiyədə çağdaş düşüncə tarixi" kitabında "1926-cı ildə Bakıda toplanan Birinci Türkoloji Konqresinə qatılan Hüseynzadə, bu konqresə aid qeydlər buraxmışdır... Bu qeyd dəftəri basılmamış olaraq kitabxanamızdadır" yazır. Əlyazmasının taleyini 2009-cu ilin oktyabrında Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımdan soruşmuşdum. "Hilmi Ziya Ülkenin qızı Fatma Gülserendedir. Onun mənzilindəki salonda böyük bir sandıq var. Həmin sandıqdadır", - deyə cavab vermişdi. "Niyə geri almırsınız?" soruşduğumda "Məsələ burasındadır ki, Hilmi Ziya bəyin qızının oğlu qərib bir şəkildə dünyasını dəyişdi. Belə bir vaxtda ondan sənəd istəmək münasib deyil. Nə vaxt istəsəm, verəcəyinə əminəm..." demişdi. İndi ikisi də dünyasını dəyişib. Fatma Gülsərən də yoxdur, Feyzavər Alpsar da...
Hilmi Ziya Ülkenin "Yeni insan" dərgisindəki "Ali Turan" yazısına istinadən, Əli bəy Hüseynzadənin Bakı Türkoloji Qurultayındakı qeydlərini 15 fevral 2008-ci ildə "Ədəbiyyat qəzeti"ndə təqdim etmiş və bildirmişdim ki, Hüseynzadənin qeydləri qurultayın 1926-cı ildə rusca nəşr olunmuş stenoqramını dolğunlaşdıran sənəddir. Məsələn, stenoqramda qeyd olunur ki, məruzədən sonra təbrikləri oxumaq üçün söz yoldaş Zifeldtə və Çobanzadəyə verildi. Əli bəy isə xatırladır: "Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən göndərdiyi təbrik teleqrafını oxudu". Yaxud stenoqramın 6 mart 1926 tarixli səhifəsində "Keprölö-Zade vıstupaet s dokladom na tureükom əzıke. (Applodismentı)" yazılıb. Hüseynzadənin gündəliyində isə "Sonra təkrar Fuad Köprülü söz aldı. Konuşması radio ilə sokak xalqına eşitdirilirdi. Bu münasibətlə "Ərəb mədəniyyəti yox, İslam mədəniyyəti, müsəlman millətlərin ortaq çalışmalarıyla meydana gəlmiş bir mədəniyyət vardır", - dedi". Yaxud tutaq ki, 1926-cı ildə - türkoloji qurultay günlərində çəkilmiş sənədli kadrlarda ziyafət masası arxasında Mustafa Quliyev, Ağamalıoğlu, Samoyloviç, Messaroş, Əli bəy Hüseynzadə, Fuad Köprülü ilə yanaşı opera müğənnisi H.Sarabski də görünür. Onların bu ziyafət məclisində nədən danışdıqları heç bir sənəddə öz əksini tapmayıb. Əli bəy isə bu barədə yeganə və nadir məlumatı gündəlik qeydlərində verib, 1926-cı ildə çəkilmiş səssiz kinolentlərə "danışmaq" imkanı qazandırıb: "Bir toplantıda Mustafa Quliyev nitq söylədi. Fuad Köprülü onu tamamladı. Ağamalıoğlu Mustafa Kamal Paşanın səhhətinə içdi. Sarabski musiqi ilə "Mustafa Kamal Paşa" şarkısını söylədi. O sırada mən də nitqimi verdim. Samoyloviç türkcə nitq irad etdi. Messaroş konuşdu: "Özünün yabançı olmadığını söylədi, belə söyləyənləri protesto etdi. Macar milləti bu torpaqdan getmişdir", - dedi". Yaxud Hüseynzadə Qurultay nümayəndələrinin sayını və milli tərkibini də qeyd edib ki, bu say göstəricisi stenoqramda göstərilən say tərkibindən fərqlidir. "Qurultayda 127 üyə (nümayəndə) bulunmuş olub bunlardan 82-si türk (18 Azəri, 3 Anadolulu, 6 Krımlı 4 Türkmən, 13 Kazanlı, 5 Başqurd türkü və s. Doğu türklərindən Uyğur, Oyrat, Yakut və Çuvaş bulunmuşdur. İkinci qrup Moğol, Fin və Uğor qrupudur (3 üyə). Üçüncü qrup Yafəs qrupudur (ki burada Çərkəs, Çeçen, Qafqaz üyələrindın 6 kişi vardır). Dördüncü qrup İranlılardır (13 üyə). Beşinci qrup Avropalılardır (ki 3 Alman, 16 Rus, 3 Ukraynalı). Ayrıca iki Yəhudi ilə 5 əsllərini bilmədiyim kimsələr vardır" Məsələ burasındadır ki, stenoramda çıxışçı, bəzən hətta məruzəçi kimi təqdim olunan elə iştirakçılar var ki, qurultay nümayəndələrinin siyahısında adları yoxdur. Bu isə ayrıca araşdırma mövzusudur.
Bir sözlə, Hüseynzadənin bu qeydləri Türkoloji Qurultay barədə aydın təsəvvür yaradan nadir mənbədir.
Türkoloji Qurultayın 100 illiyi ilə bağlı hazırlayıb çapa təqdim etdiyim üç kitabdan biri Əli bəy Hüseynzadənin kitabıdır. Həmin kitabdan onun qurultayın qısa icmalını verən yazısını "Ədəbiyyat qəzeti"nin oxucularına yenidən təqdim edirəm...
Azər TURAN
Əli bəy Hüseynzadənin I Türkoloji Qurultayda yazdığı qeydlər
16 fevral 1926
İstanbuldan hərəkət etdik. Fuad Köprülü, Etnoqrafiya muzeyinin müdiri Messaroş, Leninqrad professorlarından Bartold, Strasburqdan professor Menzel bərabərdik. 26 fevral cümə günü Səməd Ağamalıoğlu Qurultayı açdı. Bir qaç nitq irad edildi. Məclisdən sonra Əliheydər Qarayevlə görüşdüm.
27 fevral 1926
Cümə ertəsi saat 10-da Bartold ərəbcə və farsca qaynaqlara dayanaraq Teymur tarixindən bəhs etdi. 7-ci yüzildə Orxon yazılarıyla özlərinə türk deyən bir qövm meydana çıxır. Yeni araşdırmalara görə, Çin ədəbiyyatında indiyə qədər bilinməyən bir çox vəsiqələr meydana çıxarılmışdır ki, bunlar türk tarixinin ilk dövrlərini aydınlatmaqdadır. Bundan sonra qırğız filoloji kökündən bəhs etdi. Bartolda görə, türklər islamiyyəti öz arzularıyla, heç bir zorlama olmadan qəbul etdilər. Çin, Cava, Sumatra və Afrikada islamiyyətin yayılması da belə olmuşdur. İslamı hər qövm qəbul edə bilər. Bartold burada "türkmən" kəlməsinin etimologiyası ilə məşğul oldu. İkincisi Borozdinin raportu idi. Mövzusu Kazan və Volqa tarix və abidələrinə aid idi. Bu münasibətlə Kazan tarixində ən yeni araşdırma və buluşlardan bəhs etdi. 1924-1925 illərdə Volqada yeni qazıntılar olmuşdur. Altun Ordaya dair rus və ərəb tarixlərindəki küçümsər hökmlərə rəğmən burada yüksək bir mədəniyyət olduğu görülür. Bu araşdırmalardan sonra artıq Altun Orda mədəniyyətindən və incəsənətindən bəhs etməyə imkan vardır. Bundan sonra 1925-ci ildə Krım və Baxçasarayda yapılan araşdırmalara keçdi: 1) Bu araşdırmalar indiyə qədər bilinənlərdən başqa, tamamən yeni şeylərdir. 2) Abidələr, daşlar və b. yüksək sənət əsərləri Səlcuq və Məmluk təsirlərini göstərməkdədir. Bu qazıntılar arasında bir də karvansaray çıxarılmışdır. Orada bir çox əşya, keramiklər və bir emalatxana bulunmuşdur. İndiyə qədər Bizans keramiki zənn edilən bəzi əsərlər bu emalatxanaya aiddir. Bu dövrdən qalma ipək qumaşlar, 14-cü yüzilə aid bir türbədə bir çox əsərlər ələ keçmişdir. Araşdırmalara davam edilməkdədir.
Əziz Abidolinin referatı türkcədir. Ruscanın türkcəyə və türkcənin ruscaya tərcüməsinə ehtiyac olmadığına çoxunluqla qərar verildi. Rudenkonun referatı türkcə yeni xalq ləhcəsinə aid olduğu üçün mütaliə daha asanlaşır.
Türk qövmlərinin etnoqrafiya xəritəsi iki rənglə göstərilir: Qüzey-doğu və güney batı. Çadırların (kudumku), türklər və moğollarda əlbisələrin çeşidləri, başlıqlar, ayaqqabıları, köynək, qadınların baş örtüləri, mətbəx və yemək isimləri, adətlər, qadınların yaşayış tərzi və qiyafəti, ləhcə tədqiqi vəsiləsiylə gözdən keçirildi. 10 dəqiqə fasilədən sonra Messaroş konuşdu. Ankarada Türk Muzeyinin son illərdəki çalışmalarından bəhs etdi. Anadolunun ən əski qövmlərinin, elamların əski Qafqaz qövmləri ilə münasibətlərinə təmas etdi. Çursin Qafqaz dillərindən bəhs etdi. Qafqazda 50-ə qədər dil var. Bunlardan Qafqaz türkləri 10 ləhcədə danışırlar və nüfuzun 25% nisbətindədirlər, - dedi. Miller nitqini rusca oxudu. Diletantlığın zərərindən bəhs etdi. "Xoşa gəlir, yaxud gəlmir", - deyərsək, elm irəli getməz, - dedi.
Qalimcan Şərəf ayrı-ayrı hər türk qövmünün iqtisadi durumlarından və sosial təbəqələrindən bəhs etdi. Nemət Hakim tatarca deyilən türk ləhcəsiylə konuşdu. Milli həyat içində buddizm, marksizm təsirlərini və bunların əkslərini incələdi.
Öglədən sonra Savaşkin konuşdu. Özü Oyrat qövmündəndir. Diqqətə dəyər sözləri arasında başlıca bunları söylədi: "Bilmirdim hansı millətdənəm. Başqalarıyla təmasa girdikdən sonra anladım ki, nə kalmıkam, nə monqolam, dosdoğru bir türkəm. 1) Türk olduğumun tarixi dəlilləri, 2) adətlər halındakı dəlillər, - deyə iki tərzdə açıqlama yapdı. Bu girişdən sonra Oyratlar məmləkətinə yapılmış üç elmi səyahəti (expedition) anlatdı. Sonra ümumi rica üzərinə nitqini oyratca təkrar etdi. Daha sonra Yakovlev dil məsələsini ələ aldı. Alim Yunusov doğma ləhcəsi olan özbəkcə konuştu. Özbəkcənin sart şivəsi ilə münasibəti üzərində durdu. Sayları 32 olan özbək uruğları arasında özlərinə macar deyənlər vardır. Qoçlu Odabaşı, Krımda Etnoqrafiya malzəməsi toplamaq məsələsini ələ aldı. Orada bu işlə məşğul olan bir araşdırma cəmiyyəti var, - dedi. Keçən il, Porosdinenin dediyi kimi, Krım içərsində bir elm heyəti dolaşdırdıq...
...Daha sonra kumık Eyubov konuşdu. Başqa hatiplərin tədqiq yoxluğundan şikayətlərini tənqid etdi. "Qurultayın tarixi dəyəri bundan sonra çeşidli sahələrdə çalışılacaq şeyləri proqramla təyin etməkdir", - dedi. Başqırd Şakirov başqırdca söylədi. Təbliğində başqırdcada başqa türk ləhcələrində olmayan səslər və hərflər olduğuna işarət etdi. Petrov tovariç rusca konuşdu. Əsli çuvaşdır. Çuvaşların tarixi və etnolojisindən bəhs etdi. Çuvaşların ölkəsi ruslarla tatarlar arasında savaşlara səhnə olmuşdur. Bu sırada aydınlar məhv olmuş, orta təbəqə nəfh (sürgün) edilmiş, yalnız xalq təbəqəsi qalmışdır. Aşmarin çuvaş qrammatikasını yapmış. Biz dəvət ediləcəyimizi ümid edirdik, təşəkkür edirik. Marrın araşdırmalarına görə, çuvaşlar çox əski bir qövmdür. Nümayəndələrin ricası üzərinə nitqini çuvaşca bitirdi və alqışlandı.
Rudenko Leninqradda etnoqrafiya muzeyi müdiridir. Oyratlar haqqında konuşdu. "Altay dağları türklüyün qaynağıdır, - dedi. Tarix baxımından sayları az olan qövm və qəbilələrin də əhəmiyyəti vardır. Yakut Cümhuriyyətində yakutlara aid çalışmalar olduqca irəliləmişdir. Fəqət indiki halda bir muzey qurulması olduqca çətin bir işdir, çünki çox material toplanmışdır". Krımlı Çobanzadə türkcə konuşdu. "Birinci qurultay dil və ədəbiyyat məsələləri" üzərində toplanmış bir qurultaydır. Orxon kitabələrindən Osmanlı şivəsinə qədər bir çox lacuneler (boşluqlar) vardır. Bunlar meydana çıxmadıqca fərziyə sahəsindən qurtula bilmərik. Mahmud Kaşqaridən zamanımıza qədər keçən səkkiz yüz il zərfində elmi baxımdan şivələrin siniflənməsi, praktik baxımdan dilin istifadə vasitələrinin hazırlanması (sözlük və b.) lazımdır. Dil və ədəbiyyat araşdırmasında mərkəzlər İstanbul, Bakı, Daşkənd, Kazan və başqa şəhərlərdir.
28 fevral 1926. Bazar
Poppe konuşdu. Altay dillərinin müqayisəli elmindən bəhs etdi. Bu sahədə hənuz kəsin hökmlər vermək zamanının gəlməmiş olduğunu və daha çox həll ediləcək nöqtələrin bulunduğunu işarət edərək sözlərini bitirdi. Genko türk dillərilə moğolca və başqa qonşu dillər arasındakı fərqlər və münasibətlərdən bəhs etdi. Çobanzadə Vilhelm Tomsenin Kopenhagendən göndərdiyi təbrik teleqrafını oxudu. Zifeldt, Şuraların İran təmsilçilərinin təbrikini oxudu. Bu arada daha bir çox teleqraflar və Marrın teleqrafı oxundu. Başqırd Qabitov nitqini başqırdca verdi. Eston əslindən olan Zifeldt eston dilinin özəlliklərindən bəhs etdi. Filoloji baxımından eston dili ilə türk dilləri arasında qarşılaşdırma yapdı. Çeşidli türk ləhcələrində man, min, men, ben kəlmələri var, bu, estoncada da vardır, - dedi. 10 dəqiqə tənəffüsdən sonra Şerba Samoyloviçin tezinə dair konuşdu. Özbək Xalid Səid fasih türkcə nitqini verdi. Ona görə, konuşma fərqlərinin hüdudunu təyin etmək çətindir, ləhcələrin coğrafiya baxımından bir-birinə qarışmaları, türklərin bir-birini anlamaları üçün ümumi bir ədəbi dil zəruridir. Abidov başqırd ləhcəsiylə konuşdu: Başqırdcada iki şivə vardır ki, biri tatar başqırdcasıdır. Özəl səsli hərfləri olan başqırd ədəbiyyatı proleter ədəbiyyatı olub yenidir.
Həsən Musayev uyğur kültüründən bəhs etdi. Türkcəsi iyi anlaşılırdı. İstanbulda Qalatasaray lisəsində oxumuşdur. Turfan, Pamir, Tyan-Şan ölkələrində yaşayan türklərdən bəhs etdi. "Sarı uyğurlar həp kaşqarlıyıq deyirlərmiş. Əskidən uyğuruq deməkdən utanırkən indi uyğurluqla iftixar edirlər. Dilləri sadə qalmışdır".
Erməni türkiyyatçılarından Acaryan türkcə konuşdu. Mövzusu türkcənin ermənicəyə, ermənicənin türkcəyə təsirləri məsələsi idi. Türkcənin ermənicəyə təsiri çox böyükdür. 69-dan 99-a qədər sayı isimləri bəzi yerlərdə sırf türkcədir... Bir çox yerlərdə ermənicə hərflər ilə türkcə yazırlar. Bir çox erməni şairləri türkcə şeir yazmışlar. Erməni əlifbası ilə türkcə də yazılırmış. Bir tarixçi bir çox türk şəhərləri gəzmiş və bu təsirləri tədqiq etmişdir. Ermənilərdə bulunan türkcə kəlmələrin toplanması türkoloji baxımından bir hizmət ola bilər...
Son sözü Çobanzadə söylədi: Başqırd qövmünün Mahmud Kaşqari tərəfindən zikr edildiyindən bəhs etdi. Müştərək ədəbi dil məsələsi də ayrıca bir dartışma mövzusu oldu.
Öglədən sonra Samoyloviç rusca konuşdu. Divardakı xəritəni göstərərək canlı türk şivələri haqqındakı tədqiqlərini saydı. Yakutlar xəritədə qəhvəyi rəngdə göstərilmişdir. 400 insandan ibarət Karakaslar, Salınqurlar, daha aşağıda Altay tərəflərdə Radlovun araşdırmalarını zikr etdi. Sonra Tobol tatarlarına və qırğızlara keçdi. İndi öz aralarından da bilginlər yetişməkdədir, - dedi. Xarəzm özbəklərdən şivə baxımından bir az fərqlidir. Uyğurlara gəlincə, onların şivəsini Atov Kamanol çox yaxşı tədqiq etmişdir. Bunların arasında türkmən şivələri qrupuna girənlər vardır. "Fəqət bunu indilik buraxaraq Ural dağlarına keçirəm, - dedi. Burada bir qism şivələr var ki, Şərq türkcəsiylə Qərb türkcəsi arasında keçid təşkil edir. Başqırdlar haqqındakı bəyanatı dolayısı ilə ətraflı araşdırmaları zikr edilən Messaroş alqışlandı. Son zamanlarda Fin alimləri Çuvaş dilini tədqiq etmişlər. Noqaylar əskidən geniş sahələrdə yaşarlarkən indi dağınıq adacıqlar halında qalmışlar. Ləhcə baxımından qazaxlara bənzəyirlər. Buralarda bir də türkmən adacığı var. Kumıklar adlandırılan bu etnik zümrə haqqında Çobanzadənin araşdırmaları vardır, - dedi. Nəticə: madam ki, türk şivələri və filolojisi ilə türklər özləri ilgilənirlər, o halda hər yerdə araşdırmalar üçün mərkəzlər qurulmalıdır təmənnasında bulundu. Malov rusca konuşdu. Türk runik yazılarından, Orxon yazılarındakı dilin fonetikasından bəhs etdi. Prof. Aşmarin 19-cu yüzil yarısından sonra həqiqi elmi türkolojinin başladığını, dil sahəsindəki ciddi araşdırmaların yakut dil qaydalarını tədqiqdən sonra gəlişdiyinə işarət etdi. Özbək Qazi Yunusov özbəkcə söylədi. Samoyloviçin bəzi mütaliələri haqqında düşüncələrini irəli sürdü. Kazanlı Sədi asan anlaşılmayan bir tatarca ilə konuşdu... Kazanlı Nemət Hakim də tatarca nitqini verdi. Bir çox türk qövmlərini saydı, türk ləhcələrinin bir sinifləməsini yapdı. Canıbəyov noqayca söyləyir, kəndisi də tam bir türk tipidir. Noqay türklərindən bəhs etdi. Onların bir az şakaçı (humoriste) olduqlarına işarət etdi və buna dair misallar verdi. Oyrat Sabaşkin oyratların kiçik ədəbiyyatlarında və dil qaydalarında iki cərəyan olduğunu söylədi. "Bir qramer yapmalı ki, ictimai həyata uyğun olsun", - dedi. Qazax Osman Umarov rusca konuşdu. Türk dillərinin təsnifinin fonetik əsası üzərinə yapıldığını, fəqət bir də ayrıca ələ alınmamış olan sintaksis (nəhv) məsələsi üzərinə diqqəti çəkdi. Qazaxıstanlı Suleyev kəndi dilində konuşdu. Qazaxcanı bilənlər tərəfindən alqışlandı. Fəqət anlaşılmırdı. Şerba filolojinin sinifləmə prinsiplərindən bəhs etdi. Son sözü Samoyloviç aldı.
2 mart 1926 Salı
Çobanzadə rusca söyləyir. Zeynallı türkcə anladır. Zifeldtin panislamizm, pantürkizm haqqındakı mütaliəsini tənqid edir. Kazanlı Bay Tursun rusca söyləyir. Yusuf Akçuraya bənzəyir və terminoloji məsələsindən bəhs edir. Maksudi tatarca söyləyir, lisanda xalqa doğru hərəkatından bəhs edir. Ağamalıoğlu "Osmanlı" təbiri yerinə "Anadolu türkü" təbiri işlətməyi təklif etdi. Şevqi Bektörə krımlı bir şairdir. Pək fasih türkcə ilə söyləyir. Prof. Yakovlev Qafqaz dilləri uzmanıdır. Özəl olaraq Qüzey Qafqazı iyi bilir. Türkcə terminlər qurularkən nə kimi əsaslara baş vurula bilər? Dürlü ləhcələrin səslərinə şəkil vermək üçün nə kimi əsaslara riayət etməli? Bunları (etnik zümrələri) xəritədən təqib edərək göstərir. Qüzey Qafqaz qövmlərində çeşidli əlifba tətbiqi təşəbbüslərinin tarixini anladır. Şəhər xalqının köy xalqına nisbəti Azərbaycanda ən yüksək dərəcədə (10%), Kazanda 4%-3%-dir. Rus əlifbasının bəzi özəl vəsflərindən dolayı qəbula əlverişli olmadığını anladır. Hətta bundan dolayı bu əlifba bir çox slav qövmləri tərəfindən qəbul edilməmişdir. Ərəb əlifbasını xristian olan millətlərə təklif etmək mənasız olardı. Bundan dolayı latın əlifbasının üstün vəsfləri üzərində durur.
Axşam Pedaqoji İnstitutunda müsamirə verildi. Ərtoğrol Muhsinin anlatdığı tərzdə, yəni səhnədə iskələlərlə oynanan bir əsər seyr etdik.
3 mart 1926 Çərşənbə
Öglədən sonra kazanlı Alparov tatarca söyləyir. Əlifba haqqında mühafizəkar bir görüş savunmaqdadır. Əlifbanın gözəlliyindən, ərəb hərflərinin estetik üstünlüyündən bəhs edir. Cami divarlarındakı son dərəcə gözəl lövhələri xatırladır. Vəlhasil, ona görə hərf dəyişdirməyə lüzum yoxdur. Ərəb hərfləri dilin bünyəsinə uyğundur. Tovariş Qazaxıstanda islah edilmiş ərəb hərfləri sisteminin iflas etdiyini söyləyərək ona etiraz etdi. O, sırf inqilab baxımından radikaldır. Latın hərfləri türk dilinin bünyəsinə əlverişlidir.
Ömər Əliyev qaraçaylıdır. "Qüzey Qafqazda latın hərfləri ilə ögrətimin ərəb hərfləri ilə ögrətimdən daha başarılı və qolay olduğunu söylədi. "Minlərcə il öncə icad edilmiş əski alətlər və makinalar bugün necə işə yaramırsa, minlərcə il öncə icad edilmiş yazı alət və araçları olan ərəb əlifbası da bugün işə yaramamaqdadır", - deyə sözünü bitirdi.
Türkmən Berdiyev rusca konuşdu. Latın əlifbası ilə yazı soldan sağa, ərəb yazısı daima sağdan sola getməmiş, gah geri, gah irəli, bəzən aşağı doğru yazılmışdır. Yəni ərəb hərflərində bir sabitlik yoxdur. Ayrıca texniki qüsurları vardır. Bütün terminolojinin dəyişdirilməsi lüzumsuzdur. Xivəli Rahimi xivə ləhcəsiylə söylədi və ərəb əlifbasından bəhs etdi. Özbəkistanda latın əlifbasına meyil vardır. Halbuki ərəb əlifbasının islahı ilə uğraşılarsa, bu iş illərcə, hətta yüzillərcə sürəcək və tam nəticə alınmayacaqdır. Türk qövmləri arasında ortaq əlifba latın əlifbası olmalıdır.
Alimcan İbrahimov türkcə və rusca konuşdu. Ona görə Kazanda latın hərflərinə qarşı bir hərəkət yoxdur. Bizdə islah olunmuş hərflərlə basın və yayın mövcud olduğu üçün latın hərflərinin qəbulu birinci məsələ halını ala bilmir. Alimcan bu münasibətlə Kazandakı yayın fəaliyyətindən bəhs etdi. "Biz buraya hərflər haqqında dartışma üçün gəlmədik, hər ikisinə də tərəfdarıq. Yerinə görə hər ikisi də işlənə bilər", - dedi.
Bir toplantıda Mustafa Quliyev nitq söylədi. Fuad Köprülü onu tamamladı. Ağamalıoğlu Mustafa Kamal Paşanın səhhətinə içdi. Sarabski musiqi ilə Mustafa Kamal Paşa şarkısını söylədi. O sırada mən də nitqimi verdim. Samoyloviç türkcə nitq irad etdi. Messaroş konuşdu: "Özünün yabançı olmadığını söylədi, belə söyləyənləri protesto etdi. Macar milləti bu torpaqdan getmişdir", - dedi. Günortadan sonra prof. Zirkov "Ərəb hərflərini qəbul edən, hərf dəyişdirmədə əcələ etməməmiz lazım, bir qaç sənə bəkləmək və bu xüsusda çalışmaq doğrudur", - şəklində mütaliədə bulundu. "İki reallıqdan ən yaxşısını intihab edin", - dedi.
5 mart 1926
Ümumi ədəbi türk dili haqqında toplantı oldu. Samoyloviç ümumi ədəbi türkcə lehində uzun-uzun konuşdu. "Yalnız şivədə deyil xalqca söylənən dildə belə dürlü türk zümrələrinin bir-birinə yaxınlaşdıqları görülür. Misal: Daşkənd sokaklarında gəzərkən məktəb görən yeni nəslin şivəsində həmən bir dəyişmə fərq edilir". Təhsilini Sarbonnda yapmış olan Feyzi Krımlı türkcə konuşdu. Ümumi ədəbi türk dilindən bəhs etdi və bunun türk qövmlərini birləşdirəcəyi nöqtəsində Samoyloviçi təyid etdi. Krımlı Şevqi Bektörə bu mütaliədə bulundu: Özəl şivələrlə yazı yazmaqdan məqsədim bu ki, hər ləhcə varını-yoxunu material halında meydana qoysun. Bundan sonra ortaya böyük və ümumi bir dil çıxa bilsin. Bu surətlə Şevqi Bektörənin özəl ləhcələrlə yayın yapma haqqındakı görüşü regionalizmə deyil, əsasda türk ədəbi dilini birləşdirmək istəyənlərin fikrinə qatılır, yalnız metodda onlardan ayrılırdı. Həbib Cəbiyevə görə, ümumi türk dili məsələsi hər şeydən öncə terminoloji məsələsidir. Çeşidli türk qövmləri və camaatları terminoloji birliyini təmin edərlərsə ortaq ədəbi dil qurula bilər. Bugünkü halda bu, hənuz təmin edilmiş olmaqdan uzaqdır.
Rusca qonuşan Ömərova görə, ümumi ədəbi dil qonusunda birləşmək mümkündür. Ancaq bu həmlə yuxarı təbəqələrdən deyil, aşağı təbəqələrdən gəlirsə! Çünki məhdud sayda olan aydınların eyni ədəbi dillə yazması məsələni həll etməz. Xalq yenə kəndi ləhcələriylə bir-birindən ayrı qalır. Özbəkcə qonuşan Qazi Alim Can bu mütaliədə bulundu: "Azəri türk şairi Sabiri Türküstanın hər yerində oxuyurlar, anlayırlar, dad alır və gülərlər. Demək ki, xalqa yaxınlaşdıqca anlaşma imkanı artır. Nəvaini nədən anlayırıq? Çünki xalq dilinə yaxın yazmışdır. Bu halda ümumi ədəbi dildə həmlənin aşağıdan gəlməsi ehtimalı qüvvətlidir. Dilin özü birləşməyi və yaxınlaşmağı təmin edir. Buna heç bir şey, heç bir kimsə mane ola bilməz. Bunun üçün ümumi bir mərkəz lazımdır. Xalq dilindən nə qədər kəlmə gəlir və ədəbi dil onlarla nə qədər zənginləşirsə türklər arasında ortaq dil o qədər daha asan qurulmuş olur.
Çobanzadəyə görə, iki cərəyan vardır: "Biri Samoyloviçin ifadə etdiyi obyektiv cərəyan, ötəki əskidən Qəyyum Nasiri tərəfindən savunulmuş olan subyektiv cərəyandır. Elm yolu və sağlam yol, obyektiv yolu tutmağı gərəkdirir. Nəvaidən sonra ən çox oxunan İsmayıl Qaspıralı xalqa nüfuz etdiyi, xalq kəlmələrini ortaq ədəbi dilə qaynaşdırdığı üçün populyarlığını təmin etmişdir. Ondan sonra Qabidov tatarların Başqırd istiqlalına qarşı özümsəyici (assimilateur) hərəkətlərindən şikayət edən bir tövr aldı. Nemət Hakim ona cavab verdi. Osmanlıca (yəni İstanbul türkcəsiylə) yazılmış kitabdan bir qaç sətir oxudu. Bu ikisini qarşılaşdırdı. İkincinin yalnız birincini bilənlər tərəfindən anlaşılamayacağını göstərdi. Fuad Köprülü bu sırada ikinci təbliğini oxudu. Burada islamdan öncəki İranın türklər üzərində təsirindən bəhs etdi. Oğuz türkləriylə peçeneqlər arasındakı qövmi yaxınlığa aid dəlillər göstərdi. Anadolu xalqının, türk yerləşməsindən sonra və tarix boyunca ethnique təbəqələr halında təşəkkül etdiyini anlatdı.
Bu münasibətlə başqa bir məsələyə təmas etdi: "Xalq ədəbiyyatı müqayisəli bir surətdə tədqiq ediləcək olursa dürlü türk qövmləri arasındakı yaxınlıq meydana çıxar. Dilin ərəbcə və farscadan qurtularaq türkçülüyə doğru getməsi geriləmə deyil, kəndi ruhunu, mənliyini bulmuş bir lisanın irəliyə hərəkətidir. Mədəni bir addım və gəlişmədir. Ədəbi dilin ümumiləşməsi amilləri siyasi degildir. Bunun dərin kültürəl - tarixi səbəbləri vardır. Yabançı kəlmələr xalqın vicdanında yer etmişsə qalacaqdır. Bütün insanlar elm sayəsində dağılmağa doğru deyil, birliyə doğru gedirlər. Kiçik millətlərin, bir-iki milyonluq qəbilə zümrələrinin yüksək mədəniyyət yaratması ehtimalı yoxdur", - dedi və çox alqışlandı.
6 mart 1926. Cümə ertəsi
Öncə Akademiyadan Oldenburq konuşdu. Sonra təkrar Fuad Köprülü söz aldı. Qonuşması radio ilə... xalqa eşitdirilirdi. Bu münasibətlə "Ərəb mədəniyyəti yox, İslam mədəniyyəti, müsəlman millətlərin ortaq çalışmalarıyla meydana gəlmiş bir mədəniyyət vardır", - dedi. Alman professoru Menzel (rusca və türkcə olaraq) Anadolu və Balkan türklərinin ədəbiyyatı üzərinə konuşdu. Abdurrahman Sadi oğuzların təsirində qalmış olan qıpçaq ədəbiyyatından bəhs etdi. Bu münasibətlə uyğur ədəbiyyatının "Qutadqu Bilig"ə, Mahmud Kaşqariyə... Xoca Əhməd Yəsəvinin gənclik dövründə türk ədəbiyyatına təmas etdi (Bu münasibətlə sosializm, romantizm konularına toxundu). Özbək ədəbiyyatından (Əbülqazi Bahadur Xan), sonra Krımda İsmayıl Qaspıralıdan, nəhayət, Azərbaycan, tatar ədəbiyyatlarından keçərək türk qövmləri ədəbi tarixinə bir baxış yapdı.
Öglədən sonra mənim təbliğim vardı. Sonra bir sibiryalı tərəfindən oxunan qısa bir təbliği dinlədik.
Hatay türkləri tərəfindən qurultaya göndərildiklərini və ancaq bu gün yetişə bildiklərini üzr diləyərək söylədi.
Özbək Rəhminin qonuşmasından sonra buxaralılar, özbəklər başqana hədiyyələr təqdim etdilər.
Qapanış nitqini Ağamalıoğlu rusca oxudu. Burada bunlardan bəhs etdi: "Tarixdə bundan öncə heç bir təcrübə olmadığı halda, ilk dəfə qurultayı dəvət edə bilmək çətin bir məsələ idi. Şərqdə iki mühüm inqilab oldu. Birincisi: Anadolu türkləri xəlifəliyi qaldırdılar. İkinci inqilabı Azərbaycan yapdı: Yeni əlifbanı aldı. Qurultay icad edilməmiş, bir qafadan çıxmamış, fəqət onu həyatın özü doğurmuşdur". Ağamalıoğlu eyni nitqi bir də türkcə kəndi ləhcəsiylə təkrar etdi...
8, 9, 10, 11 martda özəl gəzintilər yapıldı, okullar gəzildi.
11 martda klubda Fuad Köprülünün, mənim və Mustafa Quliyevin nitqləri vardı.
12 mart 1926 cümə günü Bakıya dönüldü.
25 mart 1926 Pərşəmbə günü Odessa limanına saat 4.40-da hərəkət edərək İstanbula döndük.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!