Məhəmmədşərif Əfəndizadə və Şamaxı ədəbi mühiti - Dilqəm ƏHMƏD

Dilqəm ƏHMƏD

 

 

 

İstanbuldan göndərilən fotoşəkillər

 

Bu yaxınlarda tanınmış azərbaycanlı ictimai-siyasi xadim, ömrünü mühacirətdə başa vurmuş Məhəmmədşərif Əfəndizadənin nəvəsi Minə Rəfioğlu babasının arxivindən nadir fotoşəkillər və sənədlər göndərdi. Minə xanım müəllifi olduğum "Son mənzili İstanbul olan azərbaycanlılar" kitabında babası ilə bağlı olan məqalədən xəbərdar olduğunu, qohumlarını tapmaq üçün Azərbaycana da gələcəyini bildirdi. Əfəndizadənin arxivində olan qiymətli fotoşəkillərin izahına keçməzdən öncə onun həyat hekayəsinə bir daha nəzər salaq.

 

Şamaxıdan İstanbula

 

Məhəmmədşərif Əfəndizadə (Türkiyədə Bilgehan) 1887-ci ildə Mehdi əfəndi ilə Əsbat xanımın ailəsində doğulub. İbtidai təhsilini Şamaxıda alıb, orta təhsilini Bakıda rus-türk məktəbində tamamlayıb. Təhsilini davam etdirmək üçün Türkiyəyə gedərək İstanbul darülmüəlliminin rüşdiyyəsinə daxil olub. 1910-cu ildə bu məktəbi əla dərəcə ilə başa vurub. Elə həmin ilin 10 avqustunda Türkiyə vətəndaşlığına qəbul edilib. İstanbul müəllim məktəbini bitirdikdən sonra 14 oktyabr 1910-cu il tarixli əmrlə Ədirnə müəllim məktəbinə müdir təyin olunub. 1 sentyabr 1912-ci ildə Bursa müəllim məktəbinə müdir göndərilib. 1913-cü ildə Maarif Nəzarətinin Avropaya təhsilini davam etdirmək üçün göndərdiyi 15 müəllimin sırasına daxil edilib. 1 avqust 1913-cü ildə İsveçrəyə oxumağa göndərilib. Cenevrə Universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutuna daxil olub. 1914-cü ildə I Dünya savaşı başladıqda ümumi səfərbərlik zamanı hərbiyyə məktəbinə gedib. Şərqdə daha yaxşı xidmət edəcəyini düşünən hökumət onu Təşkilati-Məxsusəyə alaraq Şərq vilayətlərinə, daha sonra Rusiya və İrana, qayıtdıqdan sonra isə mükafat olaraq yarımçıq qalan təhsilini bitirmək üçün yenidən İsveçrəyə göndərib. Cenevrədə təhsilini iqtisadiyyat və pedaqogika ixtisasları üzrə tamamlayan Əfəndizadə 25 aprel 1917-ci ildə diplom alıb. 1 avqust 1917-ci ildə İzmir müəllim məktəbinə müdir təyin edilib. 11 oktyabr 1918-ci ildə İzmirdəki vəzifəsindən ayrılıb. 1918-ci ildə İstanbulda Qafqazlı Abdullah bəylə Firdovs xanımın qızı Mehriban xanımla (1893-1974) ailə qurub. Əfəndizadə 2 may 1919-cu ildə Sivas liseyi müdiri təyin edilib. Bundan sonra bir müddət işsiz qalıb və az sonra ana yurdu Azərbaycana gəlib. Əfəndizadə çox sonralar Danıştaya (Dövlət Şurasına) təqdim etdiyi ərizədə bildirib ki, Azərbaycanda olduğu müddətdə öncə Maarif Nəzarəti müstəşarlığında çalışaraq, sonra Azərbaycanın İsveçrə səfirliyinə təyin edilib, ancaq İsveçrəyə gedə bilməyib, çünki Azərbaycan müstəqilliyini itirib. 23.10.1922-01.09.1923-cü il tarixlərində Samsun vilayətindəki Canik darülmüəllimini-ibtidaisində dil müəllimi işləyib. 12 noyabr 1923-cü ildə Sivas darülmüəlliminə müdir və ruhiyyat müəllimi təyin edilib. 12 aprel 1924-cü ildə İstanbul Beykoz darüleytam (yetimlər evi) müdiri təyin olunaraq yenidən İstanbula dönüb. 8 sentyabr 1924-cü ildə İstanbul Üsküdar kişi liseyi fransız dili müəllimliyinə başlayıb və təqaüdə çıxanadək İstanbulun müxtəlif məktəblərində fransız dili müəllimi işləyib. 1 iyul 1952-ci ildə təqaüdə çıxıb. Ədirnə müəllim məktəbi müdiri ikən "Rəhbəri-tədris" adlı kitab nəşr etdirib. 1921-ci ildə İstanbulda çıxardığı "Azərbaycan və inqilabı" adlı kitabında Cümhuriyyət dönəmində Azərbaycanda iş başında olan dövlət adamları haqqında sərt ittihamlar irəli sürüb.

O, 22 yanvar 1954-cü ildə İstanbulda dünyasını dəyişib. Ölümü ilə bağlı Ankarada "Azerbaycan" dərgisində xəbər verilib: "Şirvanın məruf Əfəndizadə ailəsindən M.Şərif Bilgəxanın İstanbulda iqamətgahında qəlb səktəsindən (infarktdan) vəfat etdiyini təəssürlə öyrəndik. Müəllimlikdən təqaüdə çıxan mərhum lisələrdə fransızca oxudurdu. Təhsilini İsveçrədə almışdı. Milli Azərbaycan Cümhuriyyəti zamanında Türkiyədən gətirilən müəllimlərin cəlbində dəlaləti olub. Kədərli ailəsinə başsağlığı diləriz".

Əfəndizadənin Gülsərən (1922-2007) və Nəstərən (1925-2015) adlı iki qızı vardı. Gülsərən iki dəfə ailə qurub. Hülya və Zəlva adlı iki qızı olub. Hülya Amerikada, Zəlva İngiltərədə yaşamaqdadır. Nəstərən jurnalist Əmin Vədat Rəfioğlu (1924-1989) ilə ailə qurub. Bu evliliyindən Əmin (1956), atasının adını qoyduğu Şərif (1958) və Minə (1962) adlı üç övladı olub.

Türkiyənin "Akşam" qəzetinə göndərdiyi bir məqaləsində Əfəndizadə təhsil illəri ilə bağlı maraqlı məlumat verib, xüsusilə məşhur Osmanlı yazıçısı Əhməd Midhəd əfəndi ilə bağlı xatirələrindən bəhs edib: "1910-cu ildə mən İstanbul darülmüəllimində oxuyarkən ara-sıra darülfünuna da gedir, oradakı dərslərə də girirdim. Bir gün Əhməd Midhəd əfəndinin "Dinlər tarixi" dərsində idim. Dərs əsnasında ona bir sual verdim. Cavabına etiraz etdiyim üçün aramızda bir neçə dəqiqəlik münaqişə oldu. Şivəmin fərqinə vararaq haralı olduğumu soruşdu. O zamanlar azəri və Azərbaycan təbirləri olmadığı üçün dağıstanlıyam demişdim. Dərsdən çıxdıqdan sonra dəhlizdə məni yanına çağıraraq iltifat etmiş və söhbət edərək müəllimlər otağına aparmışdı. Dağıstanın harasından olduğumu soruşdu. "Şirvanlıyam" dedim. "Ağdaşı tanıyırsanmı?" deyə soruşdu. Ona yerini izah etdim. Gəncə vilayətinin Şəki sancağına tabe olan bir qəza olduğunu və digər xüsusiyyətlərindən bəhs etdim. Mənə belə dedi: "Mən oralıyam, atam oradan hicrət etmişdir. Orada əqrəbalarım vardı. Bilmirəm, indi nə haldadırlar. Bir neçə il əvvəl onlardan biri gəlmişdi. Məkkəyə gedirdi. Görüşdüm... Gənc olsaydım, bir dəfə gedib oraları görmək istəyərdim... Mənim evim Beykozdadır. Arabir yanıma gəlsən, şad olaram". O gün məni xeyli tərifləmişdi. Onun mənə söylədiklərini eynilə sizə yazdım. Qafqazdakı Ağdaş Anadoludakı Konya və Sivas kimi xalis türk məmləkəti olduğu üçün Əhməd Midhəd əfəndi də xalis bir türkdür".

Məhəmmədşərif Bilgəxanın "Tasvir", "Yeni Sabah" kimi qəzetlərdə, eləcə də, "Tanrıdağ", "Bozqurd", "Odlu yurd", "Çınaraltı" kimi jurnallarda məqalələri dərc olunub. M.Rəsulzadənin İstanbulda nəşr etdiyi "Odlu yurd" jurnalında "Sabirə aid bir xatirə", "Tanrıdağ" jurnalında "Bakı petrolları" adlı məqaləsi onun Azərbaycanla bağlı məsələləri unutmadığını göstərir. Eləcə də, "Bozqurd" jurnalında işıq üzü görən "İranda bir türk liseyi açıla bilməzmi?" adlı məqaləsi Cənubi Azərbaycandakı türklərin vəziyyəti ilə bağlı da Bilgəxanın düşüncələrinin olduğunu görürük. Türkiyə arxivlərində Bilgəxanın "Sabiq Azərbaycan hökuməti ərkanının xaricdəki həyatları və Azərbaycanın son zamanlardakı ictimai həyatı" adlı qeyd dəftəri də mövcuddur. Bu subyektiv xarakterli bilgilərin yer aldığı dəftər Mehmet Akif Erdoğru tərəfindən məqalə şəklində çap olunub. Bilgəxan haqqında geniş məqalənin müəllifi Ömər Özcan Bilgəxanın Türkiyənin Baş naziri Şükrü Saraçoğluna göndərdiyi məktub haqqında da məqalə dərc etdirib. Bu məktubunda türklüklə bağlı görüşlərinə şahid oluruq.

 

Arxivdəki fotoşəkillər

 

Minə xanımın göndərdiyi fotoşəkillər arasında ən qiymətlisi Məhəmmədəmin Rəsulzadənin imzalı təsviridir. İthafda yazılıb: "Dostum Şərif bəyə yadigar. 22 Haziran 1927. İstanbul. İmza". Əfəndizadə müxtəlif yazılarında və kitabında bəzi Cümhuriyyət xadimləri əleyhinə sərt ifadələr işlətsə də, Rəsulzadəyə münasibəti bir qədər müsbət olub. Görünür, "Odlu yurd" jurnalında məqaləsinin dərci də bununla bağlıdır. Çünki bütün hallarda Məhəmmədəmin bəyin onun yazdığı kitabdan xəbəri vardı. Göndərilən bəzi fotoşəkillərdəki şəxslərin kimliyini çözə bilməsək də, bəzilərini müəyyən edə bildik. Fotoşəkillər arasında bilinən bir təsvirin daha yüksək keyfiyyətli nüsxəsi mövcuddur. Təsvirdəki şəxslər bunlardır: Əbdürrəhim Tofiq Əfəndizadə, Məhəmməd Hadi Əbdüssəlimzadə, Məhəmməd Şərif Əfəndizadə. Sabir haqqındakı xatirələrdə bu fotoşəkli anlamağımız baxımından maraqlı bilgilər verib: "Səhhət Şamaxıya gəldikdən sonra o vaxta qədər bir-biriləri ilə görüşməyən gəncləri tanışdırmış, bu surətlə müntəzəm şəkildə toplanıb kiçik bir yerdə sanki irfan və ədəbiyyat ocağı vücuda gətirmişdilər. Ağəli bəy Naseh, Məşədi Məhəmməd Tərrah, Ağa Məhəmməd Hadi kimi şeir yazanlarla birgə mən, əmizadəm Əbdürrəhman Tofiq və müəllim Qafur Rəşad, demək olar ki, hər gün toplanar və danışardıq. Yayda bu qafiləmizə Bakı və Rusiyadan tətillərini keçirmək üçün gələn müəllim və darülfünun tələbələri də iltihaq edər və o zaman şəhər civarındakı bağçalara çəkilərək qəzet və kitablar oxuyar, yazılmış şeirlər münaqişə edilər, yeni mövzular axtarılar və düşünülərdi. Yayda Bakıdan gələn müəllimlərdən Məhəmməd Əfəndizadə və Əli Cabbar bəylər, darülfünun tələbəsindən Zəki Qənizadə bəy bu qafilənin ən yaxşı dostlarından idilər".

Qeyd edək ki, Əfəndizadənin Sabir haqqındakı xatirələri dövrü anlamağımız və Sabirin həyatındakı maraqlı məqamları öyrənməyimiz baxımından olduqca əhəmiyyətlidir.

Qafur Abdullazadə adlı şəxsin göndərdiyi fotoşəklin arxasında əski əlifbada bu ithaf və şeir yazılıb:

 

"...Bir qəmi-mücəssəmin əksi

Yürü get də yarə qonaq

Olma zəncirə gər deyə zavallıya bak

Çünki yanmış ateşi-təhəssürata könül.

 

Ey hüzni-mücəssəm yakışan çöhrənə ünvan

Get meclisi-dilbərdə bir az eylə təcəlli

Bir gün bu səbəbsiz kədərimdən bən ölərsəm

Baksın sənə bir ləhzəcik olsun mütəsəlli

Bəradərim Şərif əfəndiyə yadigari-üxüvvət.

Qafur Abdullazade

29.4.1909"

 

Məhəmmədşərif bəyə göndərilmiş digər təsvir isə şair Abbas Səhhətə aiddir. Səhhətin gənclik şəklinin olduğu təsvirin arxasındakı şeir belədir:

 

"Bak bu çirkin əksimə təsvir qılsın ta sana

Bir cəhan möhnət bir aləm küfrü lənət surətim

Çarpışarkən bir sürü cəlladlarla ruzü şəb

Dözdüsə ruhum, vəli getdi fənaya səhhətim

Qiymətli və əziz qardaşım

Şərif Əfəndizadəyə yadigari-dostanəmdir.

Əyn [Abbas] Səhhət

1/909"

 

M.Əfəndizadə Sabir haqqında yazdığı xatirələrdə Səhhət barədə də bəzi məlumatlar verib: "Sabirin şöhrəti və xalq şairi olması 1906-cı ildən, yəni Tiflisdə "Molla Nəsrəddin" məcmuəsinin intişarından sonra başlayır. Sabirin o məcmuəni oxuması və oraya yazı göndərməsinə səbəb o əsnalar Tehrandan Şamaxıya qayıtmış Mirzə Abbasqulu Səhhətin şəxsində axtarılmalıdır. Zira Sabiri mərsiyyə yazmaq və oxumaqdan qurtarıb şair edən Səhhət olmuşdur. Səhhət Şamaxıda Molla Cəfərqulu namında bir məhəllə mollasının oğlu idi, atası onu molla olmaq məqsədilə Xorasana göndərmişdi. Fəqət o, orada qalmayıb, Tehranda fransızlar tərəfindən (Beyrutdakı tibbiyyə məktəbinə bənzər) bir həkimlik məktəbinin açıldığını xəbər alan kimi oraya gedib fransızlara müraciət etmişdi. Onlar da Səhhətdəki zəka və oxumaq arzusunu görüb məktəblərinə almış, eləcə də pulsuz şəkildə pansiyonlarına qəbul etmişlər. On bir il orada qalıb fransız dilini öyrənən Səhhət məmləkətinə dönmüş və həqiqətən də, o zaman üçün bir nur mənbəyi olmuşdu. İstanbul türkcəsi ilə ruscanı öz-özünə öyrənmiş, türkcəni çox sevdiyindən şeirlərini həp bu lisanla yazmışdır. Rus şairləri olan Qoqol, Puşkin və Lermontovdan bu surətlə gözəl tərcümələri vardır. Səhhətin rəsmən və açıq olaraq həkimlik etməsinə icazə verilməsə də, Şamaxı kimi kiçik bir yerdə çox yaxşı həkimlik edər, bununla da məişətini təmin edərdi".

Əfəndizadə Səhhətin Qafqazın məşhur ədib və şairləri ilə münasibətdə olduğunu, Qafqaz, türk tarix və ədəbiyyatı barədə materiallar topladığını, lakin yığılan bu əsərlərin Şamaxının bolşeviklər tərəfindən dağıdılması zamanı yandırıldığını qeyd edib.

M.Əfəndizadəyə göndərilmiş digər bir fotoşəklin arxasında yazılıb: "İzzətli bəradərim Şərif əfəndiyə yadigarən təqdim olunur. Əhməd Əfəndiyev".

Professor Ədalət Tahirzadədən öyrəndiyimiz məlumata görə, bu şəxs Əfəndiyev Əhmədsoltan Ağarəhim oğludur. O, 9 fevral 1895-ci ildə Şamaxıda doğulub, ilk təhsilini Bakı şəhər ibtidai məktəbində alıb. Burada 3 il oxuduqdan (1902-1905) sonra orta təhsilini Bakı İmperator III Aleksandr adına 1-ci kişi gimnaziyasında bitirib (26.09.1905-03.06.1914). 1914-cü ildə Riqa Politexnik İnstitutunun kənd təsərrüfatı bölməsinə qəbul olunub. Əfəndiyev 12 yanvar 1916-cı ildə 2-ci rus-türk məktəbində müəllim kimi qeydə alınıb. Cümhuriyyət dövründə Bakı Entomoloji Bürosunda çalışıb. Sonrakı həyatı haqqında məlumat yoxdur.

Şəxsiyyətini müəyyən edə bilmədiyimiz digər bir təsvirin altında isə belə yazılıb:

"İzzətli bəradərim Şərif əfəndiyə yadigarən təqdim olunur.

Əyn. Faiz

Vəqta ki zəmani-iftiraqa [ayrılıq zamanına]

Gərdun bizi eyləyər giriftar

Təsvirimə ol zaman baxıb da

Faizi-həzini eylə təzkar [yada sal]"

Göndərilən fotoşəkillər arasında Əhməd Kamalın da təsviri mövcuddur. Kimliyini müəyyən edə bilmədiyimiz, İstanbulda çəkilmiş digər bir fotoşəklin önündə isə bu ithaf yazılıb: "Qardaşım Şərif bəy əfəndiyə təqdim. 11 Temmuz 1326".

Minə xanımın göndərdiyi materiallar arasında Məhəmmədşərif Əfəndizadənin Ədirnədəki məktəbə təyinatı ilə bağlı sənəd də mövcuddur. Eləcə də arxasında Şamaxı, Gəncə fotoqrafxanalarının möhürləri olan, kimliklərini müəyyən edə bilmədiyimiz şəkillər, həmçinin 1930-cu illərdə qardaşının ona göndərdiyi ailə üzvlərinin yer aldığı təsvirlər mövcuddur.

Qeyd: Fotoşəkillərin arxasındakı əski əlifbadakı yazı və şeirləri transliterasiya edən türkoloq Azad Ağaoğluna və şəxslərin dəqiqləşdirilməsindəki dəstəyinə görə professor Ədalət Tahirzadəyə təşəkkür edirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!