(Əvvəli ötən sayımızda)
1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Əhalinin pik həddə çatan narazılığı, cəbhədəki hərbi uğursuzluqlar, müharibə səbəbindən ölkə iqtisadiyyatının dağılması, aclıq, səfalət, cəbhədə yaralanaraq qayıdan əsgərlərə heç bir yardımın edilməməsi və digər səbəblər çarın devrilməsi ilə nəticələndi. Petroqrad fəhlələrinin etirazına şəhər qarnizonunun əsgərləri də qoşularaq dövlət və hökumət müəssisələrini zəbt etdilər. Cəbhədən, döyüş meydanından çıxarılaraq etirazları yatırtmaq üçün göndərilən hərbi hissələr vaxtında Petroqrada yetişmədilər və ya yetişmək istəmədilər. Nəticədə Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyuldu. Rus çarı II Nikolay taxtdan salındı. Ölkədə ikihakimiyyətlilik yarandı.
1917-ci ilin oktyabr inqilabından sonra isə bolşeviklər hakimiyyəti ələ aldılar. Baş vermiş bütün bu dəyişikliklərə baxmayaraq yenicə hakimiyyətə gəlmiş bolşeviklər də öz sələflərinin siyasətini davam etdirməyə başladılar. Rus imperiyası dağılsa da, ölkədə vətəndaş müharibəsi getsə də, bolşeviklər müxtəlif vasitələrlə başqa xalqların, millətlərin öz müqəddəratını təyin etmək hüququnu tanımaq istəmirdilər. Vaxtı ilə imperiya siyasətinin nəticəsi kimi Bakıya yerləşdirilmiş rusları və erməniləri təlimatlandıraraq, onların əli ilə Bakını nəzarətdə saxlamağa çalışırdılar. Çünki, belə bir çətin vəziyyətdə bolşeviklər Bakı kimi inkişaf etmiş neft sənayesinə malik şəhəri əldən buraxmağı yolverilməz hesab edirdilər. Hələ 1917-ci il martın 5-də Bakıda İctimai Təşkilatlar Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi yaranmışdı. Martın 7-də Bakı fəhlə deputatları soveti təşkil olunmuşdu. 1917-ci il oktyabr inqilabından (25 oktyabr, yeni tarixlə 7 noyabr - K.Ş.) bir həftə sonra, noyabrın 2-də (yeni tarixlə 15 noyabr) Leninin tapşırığı ilə fəhlə, kəndli və əsgər deputatların Bakı soveti yaradıldı. Petroqradda silahlı hakimiyyət çevrilişindən cəmi iki-üç gün sonra Lenin Stalini Bakıya göndərir. Stalin Bakıda vəziyyətə nəzarət edir, rusları və erməniləri təşkilatlanmaq üçün səfərbər edir. Stalinin 1917-ci ilin noyabrında Bakıya göndərilməsi və onun Bakıda fəhlə, kəndli və əsgərlərin təşkilatını yaratmaqda gördüyü işlər barədə mənbələr, demək olar ki, yoxdur. Görünür, Lenin Stalini gizli göndərmişdi Bakıya. Bu haqda Anastas Mikoyan qardaşına yazdığı məktubda məlumat verir. Belə ki, Mikoyan 28 dekabr 1917-ci ildə qardaşına məktubda yazır: "Noyabr ayında mən Gürcüstandan olan yoldaşla tanış oldum. Çox ciddi adamdır. Siyasətdən başı çıxır. Çoxları onun kimilərini qiymətləndirmirlər. Düşünürəm ki, onunla tanışlığı davam etdirməyə dəyər."
Bu faktın özü Leninin, bolşeviklərin, ümumiyyətlə rusların Bakı uğrunda mübarizədə hər şeyə hazır olduqlarının göstəricisidir. Lenin I Pyotrun Bakı ilə bağlı siyasətini davam etdirmək qərarında idi. Rusiya donunu dəyişsə də, yəni hakimiyyət üsul-idarəsi dəyişsə də, başqa xalqlara, millətlərə münasibətini dəyişməmişdi.
1917-ci ilin dekabr ayında Lenin Stepan Şaumyanı Qafqaz üzrə fövqəladə komissar təyin edir. Leninin Şaumyana əsas tapşırığı Bakıda hansı yolla olursa-olsun, hakimiyyəti ələ almaq idi. Rusiyanın özündə cəmi bir neçə şəhərdə hakimiyyəti ələ keçirmiş bolşeviklər, ilk növbədə, Bakını nəzarətdə saxlamaq haqqında düşünürdülər. Lenin başda olmaqla, onlar Bakıya Petroqraddan heç də az əhəmiyyət vermirdilər. Birincisi, Bakı neftindən milyonlar əldə etmək, ikincisi, Bakını ələ keçirməklə bütün Qafqaza nəzarət etmək imkanı qazanmaq idi məqsədləri. Ona görə də hələ Rusiyanın 90% ərazisində hakimiyyətsizlik hökm sürdüyü halda bütün diqqət Bakıya yönəlmişdi. Rus və ermənilər bu işlər üçün səfərbər olmuşdu. Lenin Şaumyanla müntəzəm əlaqə saxlayırdı, onu təlimatlandırırdı. Əsas məqsəd Bakını Azərbaycandan ayırıb Rusiya şəhərinə çevirmək idi. Şaumyan bu işi nəyin bahasına olursa-olsun, başa çatdırmalı idi. Bunun üçün Şaumyan yubanmadan 21 dekabr 1917-ci ildə Bakı Soveti Qırmızı Qvardiya silahlı dəstələri yaratmağa başladı. 1918-ci ilin fevralında Qırmızı Qvardiyada əsasən erməni və ruslardan ibarət olan silahlı əsgərlərin sayı 3500 nəfərə çatmışdı. Bakıda, Azərbaycanda milli azadlıq ideyasının sürətlə yayılması bolşevikləri çox narahat edirdi. Ona görə Qırmızı Qvardiyada əsgərlərin sayı durmadan artırılırdı. I Dünya müharibəsində Türkiyəyə qarşı vuruşmaq üçün Qafqazda cəmləşdirilmiş rus qoşunları xeyli sayda sulah-sursata malik idi. Çar hökuməti tərəfindən yaradılan erməni hərbi birləşmələri də Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təchiz olunmuşdu. 1917-ci ilin oktyabrında Rusiyada bolşevik çevrilişindən sonra Qafqazda cəmləşən hərbi birləşmələrinin zabit və əsgərlərinə Daşnaksütyun partiyası və Erməni Milli Şurası silahları təhvil verməmək çağırışları ilə müraciət edirdi. Nəticədə istər bolşeviklərin tərəfinə keçən hərbi hissələr, istərsə də erməni-daşnak bölmələri kifayət qədər müasir silah-sursatla təmin olunmuşdu. Cəbhədən tərxis olunan hissələrdən bir zirehli qatar, xeyli zirehli avtomobil və top götürülərək Qırmızı Qvardiyaya verilmişdi. Rusiyadan da əhəmiyyətli kömək göstərilirdi. Rusiya Xalq Komissarları Soveti Bakı Soveti ordusunun yaradılması üçün 30 milyon 800 min rubl və hərbi təlimatçılar göndərmişdi. İmkan düşən kimi növbəti partiya ağır silahlar, ilk növbətə, ağır texnika və toplar göndərirdi (Vasif Ağayev, Səbuhi Əhmədov. Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının silahları. II yazı. ordu.az. 15 sentyabr 2018).
1918-ci il martın əvvəllərində Şaumyan Moskvaya göndərdiyi teleqramda yazırdı: Bakı Sovetinin qoşunları 7 min bolşevik və 4 min erməni silahlısından ibarətdir (yenə orada).
1918-ci il təpədən-dırnağa qədər silahlanmış erməni quldur dəstələri Bakıda azərbaycanlılar yaşayan məhəllələrdə təxribatlar törətməyə başlayır. Onlar heç bir əsas olmadan evlərə basqın edir, axtarışlar aparır, əhalinin var-dövlətini zorla əllərindən alırdılar. İstədikləri azərbaycanlını heç bir hüquqi əsas və səbəb olmadan həbs edirdilər. Hətta deyilənə görə, bu erməni dəstələrinin əlində Azərbaycan ziyalılarının, düşüncə adamlarının, siyasətçilərinin adları və ünvanları var imiş. Bu siyahıya əsasən erməni vandalları görkəmli şəxsiyyətlərimizin hamısını məhv etməli, milləti başsız qoymalı idilər. Hətta Üzeyir bəy Hacıbəylinin də adı bu siyahıda yer alıbmış.
Ermənilərin vəhşiliyi gündən-günə daha geniş vüsət alırdı. Hiddətlənmiş azərbaycanlı əhali hökumətdən tədbir görməyi tələb edir. Hökumət isə yalanla, boş vədlərlə onları sakitləşdirməyə cəhd edirdi. Mart ayının 19-dan başlayaraq Bakının azərbaycanlılar yaşayan məhəllələrinə silahlı hücumlar təşkil olundu. Novruz bayramı günləri Bakıda azərbaycanlı əhalini qırmaqla ermənilər xalqımızın sevimli bayramını qara matəmə çevirdilər. Azərbaycanlıların hiddəti son həddə çatmışdı. Xalq mitinqlər keçirərək hökumətdən hərəkət tələb edirdi. Şaumyanın rəhbərliyi ilə Bakı Soveti vətəndaş müharibəsinin başlanması üçün düşündüyü məkrli planları həyata keçirməkdə idi. Bu planlar Rusiyada hazırlanır və Şaumyan da oradan təlimatlandırılırdı. Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən demişdi ki, Bakl Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. Mart ayının 30-da vəziyyətin tam yetişdiyini görən Şaumyanın göstərişi ilə 13 min yaxşı silahlanmış erməni-bolşevik quldurları Bakının azərbaycanlılar yaşayan bütün məhəllələrinə hücuma keçdilər. Azğınlaşmış silahlı vəhşi erməni-bolşeviklər evlərə soxularaq sakinləri qılıncla doğrayır, uşaqları süngüyə keçirir, daha sonra evlərə od vurub yandırırdılar. Bakı buxtasında lövbər salan donanmanın matroslarına isə xəbər göndərmişdilər ki, guya azərbaycanlılar rusları vəhşicəsinə qırırlar. Bundan hiddətlənən rus matrosları dənizdən azərbaycanlılar yaşayan məhəllələri top atəşinə tutaraq həmin məhəllələri viran qoymuşdular. Bakı od-alova burunmuşdu. Küçə və meydanlar günahsız vətəndaşlarımızın meyitləri ilə dolmuşdu. 3 gün ərzində müxtəlif mənbələrə əsasən 15-20 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. Azərbaycanlıların soyqırımı Bakı ilə kifayətlənmədi. Bakıdan başqa, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə də Bakı Soveti və Daşnaksütyun erməni silahlı dəstələri görünməmiş qırğınlar törətdilər. Ümumilikdə bu qırğınlar zamanı 50 mindən artıq vətəndaşımız vəhşicəsinə qətlə yetirildi. Ermənilərin və bolşeviklərin Azərbaycan xalqına qarşı törətdikləri bu dəhşətli qırğınlar, vəhşiliklər, soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
1918-ci il mart soyqırımından sonra bolşevik və daşnak birləşmələri Bakıda hakimiyyəti ələ aldılar. Aprelin 25-də Xalq Komissarları Soveti yaradıldı. XKS-nin sədri vəzifəsinə Şaumyan seçilir. Bakı və ətraf rayonların komendantı Avakyan təyin edilir. BXKS-nin bütün yüksək vəzifələrinə əsasən ermənilər yerləşdirilir. Mənbələrə nəzər salaq:
"25 aprel 1918-ci ildə Bakı sovetinin iclasında Bakı Xalq Komissarları Soveti yaradıldı. XKS bolşeviklərdən və solçu eserlərdən təşkil olundu. Bakı Xalq Deputatları Sovetinə daxil olan bolşeviklər: Şaumyan (BXKS-nin sədri və xarici işlər komissarı), Caparidze (daxili işlər komissarı), Zevin (əmək komissarı), Əzizbəyov (quberniya komissarı), Korqanov (hərbi və dəniz komissarı), Nərimanov (şəhər təsərrüfatı komissarı), Fioletov (xalq təsərrüfatı komissarı), Karinyan (ədliyyə komissarı), Kolesnikov (maarif komissarı).
Solçu eserlər: Vəzirov (torpaq komissarı), Suxarsev (Yol məlumat, dəniz nəqliyyatı, poçt və teleqraf komissarı). (SSRİ-də vətəndaş müharibəsi və hərbi intervensiya: ensiklopediya. M. Sovet ensiklopediyası. 1983. səh.49)
Digər rəhbər vəzifələrə Avetisyan, Ter-Qabrielyan, Kostanyan, Osipyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan və başqaları təyin olunmuşdu.
Tarixdə 26 Bakı komissarı kimi qeyd olunan "Bakı kommunası" birbaşa Leninin tapşırıqları əsasında fəaliyyət göstərirdi.
Əslində, Lenin Bakı kommunasını Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminə qarşı düşünmüşdü. Çünki, Zaqafqaziya Seyminin üzvləri bolşeviklər tərəfindən idarə olunmurdu. Ona görə də Qafqaz xalqlarını bolşevik Rusiyasının təsir dairəsində saxlamaq üçün və Zaqafqaziya Seymini neytrallaşdırmaq üçün Bakı kommunası yaradılmışdı. 30 aprel 1918-ci ildə Şaumyanın rəhbərlik etdiyi Bakı kommunası şəhərdə bütün legitim dövlət qurumlarını, o cümlədən, Bakı şəhər Dumasını devirdi. Bakıda mövcud olan bütün Milli Şuraların fəaliyyəti qadağan edildi. Yalnız erməni Milli Şirasına icazə verildi ki, işini davam etdirsin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!