Dünya tarixi-fəlsəfi fikrində türk mədəniyyətləri və sivilizasiyaları problemi - Telman VƏLİXANLI (CƏFƏROV)

(Əvvəli ötən sayımızda)

 

Avrasiyaçılıq elmi-nəzəri konsepsiyasının əsas yaradıcılarından olan Nikolay Trubeskoyun "Avropa və bəşəriyyət" kitabına (1920) müraciət edib, ona məxsus postulat və arqumentlərin təxminən, yarım əsr öncə digər rus filosofu N.Danilevski tərəfindən irəli sürülmüş lokal sivilizasiyalar və tarixi-mədəni tiplər barədə konsepsiyada türk mədəniyyətləri barədə fikirləri necə təftiş etdiyini göstərmək istəyirik. Vurğulamağa dəyər ki, N.Trubeskoyun "Rus mədəniyyətində Turan elementi", "Çingizxan irsi. Rus tarixinə Qərbdən yox, Şərqdən baxış", "Babil qalası və dillərin qarışması", "Ukrayna probleminə dair" və başqa əsərlərini "Avropa və bəşəriyyət" kitabında gəlinən nəticələrdən doğan qeydlərin davamı kimi qiymətləndirmək lazımdır.

Dahi rus intellektualı, türk və Qafqaz xalqlarının gələcək taleyi ilə bağlı araşdırma və proqnozları, həm də linqvistik tədqiqatları ilə yadda qalmış Nikolay Trubeskoyun "Rus mədəniyyətində Turan elementi" məqaləsinin başlanğıcındakı tezislərə diqqət yetirək: "Müasir Rusiyanın ərazisinin böyük hissəsində əsasən, "Turan" və ya "Ural-Altay" adları altında birləşmiş tayfalar məskunlaşmışdı. Adlandırdığımız bütov bu coğrafi diyarın tarixində ilk zamanlarda slavyanlarla müqayisədə, Turan tayfaları olduqca əhəmiyyətli rola malik olmuşlar. Hətta monqollaraqədərki dövr kimi səciyyələndirilən zamanlarda yalnız Avropa Rusiyası sərhədləri çərçivəsində (Volqa-Kama bolqarları çarlığı və Xəzər çarlığı) Turan dövlətləri varyaq-rus dövlətindən daha üstün rola məxsus olmuşlar. Müasir Rusiyanın, demək olar ki, bütün ərazilərinin bir dövlət çərçivəsində birləşdirilməsi də ilk dəfə rus-slavyanların yox, turanlıların-monqolların sayəsində mümkün olmuşdu. Rusların Şərqə doğru yayılması böyük sayda türk xalqlarının ruslaşması hesabına reallaşmış, ruslarla turanlıların birgəyaşayışı bütün rus tarixindən qırmızı xətlə keçmişdir. Şərqi slavyanlarla turanlıların bir-birinə bağlılığı rus tarixinin əsas faktıdırsa, əgər damarında turanlı qanı axmayan velikorus tapmaq çətindirsə, əgər turanlı qanı malorusların da damarlarında axan qanın əhəmiyyətli hissəsini təşkil edirsə (qədim çöllülərdən keçən qan), tam aydın olur ki, düzgün milli özünüdərk üçün biz ruslara turanlı qardaşlarımızı öyrənmək vacibdir. Lakin bu vaxtadək bu bizi az qayğılandırıb; biz həmişə öz slavyan mənşəyimizi qabartmağa, bizdəki Turan elementi barədə susmağa, sanki, hətta bu elementdən utanmağa meyilli olmuşuq..." [Trubeükoy N.S. İstoriə. Kulğtura. Əzık /N.S. Trubeükoy. - M.: Proqress, 1995. - s.141]. Avrasiyaçı alimin gəldiyi aşağıdakı qənaət o dövr üçün ciddi bir çağırış idi: "Turanın təsirində yalnız mənfi cəhətləri görmək nankorluqdan və insafsızlıqdan başqa bir şey deyildir. Biz öz turanlı əcdadlarımızla slavyan əcdadlarımızdan az fəxr duymamalıyıq. Özünün təkcə arilərə deyil, həm də Turan psixoloji tipinə məxsusluğunu dərketmə qabiliyyəti şəxsi və milli özünüdərkə can atan hər bir rus üçün vacibdir." [Trubeükoy N.S. İstoriə. Kulğtura. Əzık. - s.126].

N.Trubeskoyun dünya xalqlarının tarix və mədəniyyətinə, dünya sivilizasiyaları tarixinə baxışı tam fərqli bir yanaşma təsəvvürü yaradır. Başlıca fikir odur ki, əsas (dominant) və ya ikincidərəcəli mədəniyyətlər yoxdur. Bu, kim tərəfindənsə uydurulubsa da, qüsurlu bir yanaşma və ya nəzəriyyədir. Biz burada N.Danilevskinin, O.Şpenqlerin və A.Toynbinin irəli sürdüyü, bu və ya digər şəkildə türk xalqlarının tarix və mədəniyyətini, tarixdə rolunu neqativ planda təqdim etdiyi konsepsiyaların əsaslandıqları tezislərin - mədəni-tarixi tiplər nəzəriyyəsinin ortaya çıxması faktının kökündən yanlış olduğu fikri ilə qarşılaşırıq. Fikrimizcə, N.Trubeskoy, ümumiyyətlə mədəniyyətlərin milliləşdirilməsi ideyasının əleyhinədir. Bu istiqamətdə istənilən cəhdi qüsurlu hesab edir: kimsə öz xalqını və onun mədəniyyətini dünyanın ən yaxşısı kimi dəyərləndirirsə, onun digər xalqlarla müqayisədə birinci olduğunu və başqalarına ağalıq etmək hüququnu, başqalarının onun ağalığını, dilini və mədəniyyətini qəbul edib, ona birləşməli olduğu iddiası ilə çıxış edirsə, o, şovinistdir. Başqa birisi, milliyyətlər arasında fərq qoymadan bütün sivil bəşəriyyətin vahid mədəniyyət daşıyıcısı olduğunu, sivil olmayan xalqlarınsa bu vahid mədəniyyəti qəbul edib, mənimsəyib sivil xalqlar ailəsinə daxil olmaq, bütün dünya ilə eyni tərəqqi yolu keçmək, təbii ki, bu yolda öz milli xüsusiyyətlərini qurban vermək ideyasının daşıyıcısıdırsa, o isə kosmopolitdir. [Trubeükoy N.S. İstoriə. Kulğtura. Əzık. - s.57].

Buradan belə bir fikir hasil olur ki, Avropanın roman-german xalqları və onların mədəniyyətini "sivil bəşəriyyət" kimi səciyyələndirənlər, Avropa mədəniyyətini mənimsəyən xalqları da sivil xalqlar adlandıranlar kosmopolitlərdir. Mahiyyətcə onlar heç də şovinistlərdən fərqlənmirlər. Çünki sonda eyni bir nəticəyə gəlinir: kiçik və ya siyasi cəhətdən asılı xalqlar hakim xalqlar tərəfindən assimilyasiya edilir, milli fizionomiyasını və özəl mədəniyyətini itirirlər.

Ən yeni dövrün zirvəsindən tarixə nəzər saldıqda onun şahidi oluruq ki, dünya mədəniyyətləri heç də kosmopolitizmdən qurtula bilməyib. Bu, ilk növbədə, özünü təhsilin və mədəni dəyərlərin ixracında göstərir. Antik dövrdən bugünədək Roma hüququ, yunan mədəniyyəti müəyyən fasilələrlə nümunəvi mədəniyyətlər kimi dünyaya təqdim olunur. Avropa, Asiya, Amerika, Afrika öz mifik təsəvvürlərində və şifahi xalq yaradıcılığı yaddaşında yunan mifləri ilə uyğunluq və paralellik axtarıb, Orta əsrlərin Avropa (roman-german) ədəbiyyatları nümunəvi sənət kimi yunan poeziyası və dramaturgiyasını klassisizm adı ilə Rusiyaya və onun himayəsində olan Şərq xalqlarına ötürüb. Eyni qaydada XIX-XX əsrin əvvəllərində rus ədəbiyyat və mədəniyyəti yunan və roman-german mədəniyyətlərini mənimsəməklə özünün "qızıl" və "gümüş" dövrlərini yaşayıb. Rus ədəbiyyatı ilə eyni mədəni-tarixi kontekstin iştirakçısı olan Azərbaycan və Mərkəzi Asiyanın türk xalqları da bu özünüifadə prosesində təsirdən yan keçməyiblər. Lakin bir ədəbi-mədəni kontekstdən (Şərq) digər ədəbi-mədəni kontekstə keçid, dəfələrlə əlifbanın dəyişdirilməsi sonuncuların tarixşünaslığını, ədəbi və mədəni düşüncə tərzini zaman-zaman stress vəziyyətinə salıb. Təəssüf ki, bu proseslər hələ də davam etməkdədir. Bu, mədəni müstəvidə özünü qabarıq şəkildə göstərməsə də, təhsil müstəvisində ciddi problemlərlə üz-üzəyik. Zamanın tələbi ilə təbii olaraq Avropa-Amerika təhsil modellərini prioritet kimi qəbul edən Azərbaycan ikinci müstəqillik illəri dövründə öz təhsil modelini qurmaqda ciddi çətinliklərlə üzləşməkdədir. Hələ 90-cı illərin əvvəllərində əsas prioritetlər elan olunsa da, ənənəvi təhsildən imtina olunub, 2000-ci illərin əvvəllərindən Boloniya prosesinə, Avropa təhsil məkanına inteqrasiyaya başlanılsa da, orta və ali təhsildə nəzərəçarpacaq irəliləyiş sezilmir. Çünki islahatçılar köhnədən imtina etsələr də, yeni mexanizm və modellər təklif edə bilmirlər. Təhsildə milli-mənəvi-mədəni köklərdən, ailə və mühit amilindən, mentalitetdən, təcrübədən uzaq düşüb, Avropa, ABŞ, Çin, Cənubi Koreya, Sinqapur və s. dəyərləri ilə islahatları davam etdirməkdədirlər. Milli-mədəni xarakterə, reallıqlara və koloritə söykənməyən istənilən mədəni sıçrayış, təhsil inqilabı xaosa, dağıdıcılığa gətirir. Təhsil və mədəniyyətdə inqilab, islahat təkcə struktur-idarəçilik-forma müstəvisində yox, paralel olaraq milli-mental köklərə və təcrübəyə, ölkədəki sosial-iqtisadi reallıqlara, insan resurslarına söykənən məzmun üzərində aparılmalıdır. Bu proses ləng gedə bilər, ancaq uzunömürlü, həyati, yerli-milli şəraitə uyğun, tələskənlikdən, kompaniyaçılıqdan uzaq, dünya dəyərlərini və ən müasir texnologiyaları mənimsəməyə açıq islahatlar kimi daha faydalı olardı.

N.Trubeskoy roman-german xalqlarının mədəniyyətini mənimsəməkdən əvvəl qeyri roman-german xalqlarının ziyalılarına aşağıdakı məsələlərə aydınlıq gətirməyi tövsiyə edir:

1) "Sivil bəşəriyyət" adına iddialı olan roman-german mədəniyyətinin hazırda mövcud olan və ya nə vaxtsa Yer üzündə mövcud olmuş bütün digər mədəniyyətlərdən üstünlüyünü obyektiv olaraq sübut etmək mümkündürmü?

2) Bir xalqa mənsub olan mədəniyyətin digər xalq tərəfindən tam şəkildə mənimsənilməsi, özü də hər iki xalqın qarşılıqlı şəkildə antropoloji cəhətdən qarşılıqlı şəkildə bir-birinə qaynayıb-qarışması prosesi ağlabatandırmı?

3) Avropa mədəniyyətinə alışma (axı bu cür alışma mümkündür) xeyirli, yoxsa ziyanlı prosesdir?

N.Trubeskoya görə, yalnız qoyulan suallara təsdiqləyici cavab tapılarsa, ucdantutma avropalaşdırma vacib və arzuolunan hesab oluna bilər. Cavab mənfidirsə, onda avropalaşma rədd edilməli və ortaya yeni suallar qoyulmalıdır [Trubeükoy N.S. İstoriə. Kulğtura. Əzık. - s.65].

Mövcud konsepsiya, nəzəriyyə, təsnifat və yanaşmalara uyğun olaraq, 1) "türk mədəni-tarixi tipi" anlayışının qəbul olunması və elmi müstəvidə işlədilməsinin vacibliyinin əsaslandırılması, bu mənada, mədəniyyət və sivilizasiyalar tarixinə dair tədqiqatlardakı boşluğun və qüsurlu yanaşmanın aradan qaldırılması üçün əsaslı sübut və dəlillərin gətirilməsinə; 2) Avrasiyada qədim mədəniyyət və sivilizasiyaların yaradıcıları olan türk xalqlarının maddi-mədəni irsinin qorunması, bəşəri əhəmiyyətinin vurğulanması, ən müasir çağırışlara uyğun türk dünyasının tərəqqisi və dünyaya sıx inteqrasiyası üçün formalaşan Türk Dövlətləri Təşkilatı platformasının ideoloji bazasının gücləndirilməsinə; 3) Türk dünyasının, eləcə də Azərbaycanın elm, təhsil, mədəniyyət, sosial-ictimai münasibətlər, beynəlxalq əlaqələr, turizm və digər sahələrdə bugünkü və gələcək inkişafını, dünya ilə sıx təmasını qurmağa xidmət edən nisbətən yeni - kulturologiya, linqvokulturologiya, linqvodidaktika, etnopsixologiya, multikulturalizm və digər əlaqəli elm sahələrində aparılan tədqiqatlar, nəzəri və praktik fəaliyyətlərdə vurğulanan aspektə yeni elmi-metodoloji yanaşmanın diqqətdə saxlanılmasına çağırışla əsaslandırılır.         

Oxucuya təqdim olunan məqalələrdə müzakirə etdiyimiz məsələlər üzrə gəldiyimiz nəticələr:

1) "Mədəniyyət" və "sivilizasiya" anlayışlarına verilən təriflər, nəzərdən keçirilən konsepsiyalarla bağlı rəylər göstərir ki, sivilizasiyaların tarixinə müasir yanaşmalar ümumdünya tarixini, əsrlər boyu bəşəriyyətin yaratdığı mədəniyyətləri, müəyyən olunan mədəni-tarixi tipləri konkret olaraq hansısa xalqlara aid eləmək fikrindən imtina etməkdədir. Bu gün dünya xalqlarının məlum mədəniyyətlər və sivilizasiyalar tarixinə Şərq-Qərb, Avropa-Asiya, xristian-islam və sair qarşıdurma və rəqabət müstəvisində eqosentrik və aşağılayıcı nəzərlərlə baxmaqla hansısa nəzəriyyə və qanunauyğunluqlarla öz üstünlüyünü əsaslandırmaq özünütəcridə, qlobal beynəlxalq münasibətlərdə inamsızlığa gətirir. Xalqların, ölkələrin, makrososial cəmiyyətlərin milli-mədəni keçmişinə ideologiya və siyasətdən azad, elmi-metodoloji yanaşmaya əsaslanan rəylər və yanlışlıqların etirafı yeni dünya düzənində, dünya mədəniyyətləri ailəsində hər bir xalqın fərdi qaydada tanınmasına, onun tarixi keçmişinin və milli-mental dəyərlərinin obyektiv qiymətləndirilməsinə imkan verir. Bəşər sivilizasiyasının yüksək texnologiyalar və süni intellekt, həm də qlobal ekoloji çağırışlar erasında dünyamızın rəngarəng mozaikasını, dil və mədəniyyətlər zənginliyini qorumaq və yeni nəsillərə ötürmək bugünkü müasir humanitar elm sahələrinin ümdə vəzifəsidir. İstinad olunan üç əsas konsepsiyada N.Danilevski, O.Şpenqler və A.Toynbinin mədəni-tarixi tiplərlə bağlı irəli sürdükləri təsnifatlar tendensiyalıdır. Əsassız olaraq bu təsnifatların heç birində türk tarix və mədəniyyətinə, sivilizasiyalarına yer verilmir. Rus filosofu N.Danilevskinin mədəni-tarixi tiplər nəzəriyyəsi rus-slavyan tipinin roman-german tipinə qarşı qoyulması üçün türklərin heç bir mədəniyyət yaradıcısı olmadığını və digər mədəniyyətlərin "dağıdıcı"sı rolunu vurğulayır. Sonrakı iki konsepsiyanın göstərilən nəzəriyyənin təsiri altında meydana çıxması şübhəsizdir.

2) Rusiyanın öz qədim tarixindən və dini görüşlərindən, xalqın etnopsixoloji xarakterindən, formalaşmış təbiətindən, türk-tatar keçmişindən imtina etməsi, dövlətçilik və din tarixinin yenidən yazılması ilə avropalaşma yolunu tutması heç də bu ölkənin Avropa ailəsinə qatılması üçün münbit şərait və üstünlük yaratmadı. N.Danilevski, Qədim Rusun dini və ədəbi abidələrinə uyğun olaraq, Rusiyanı Şərqi Roma İmperiyasının sələfi, Avropanın yunan-slavyan qanadının inkişaf və genişlənmə istiqaməti kimi görürdü. Birincisi, onun "lokal sivilizasiyalar nəzəriyyəsi" türk xalqlarının qədim tarixinin, dil və mədəniyyət zənginliyinin, türklərin tarixi missiya və mədəni irsinin dünya xalqlarının Qədim və Orta əsrlər mədəniyyətinə bəxş etdiyi töhfələri danmaq, aşağılamaq nöqteyi-nəzərindən ziyanlı idi. İkincisi, bu konsepsiya şərqi slavyan və türk xalqlarının müştərək Qədim və Orta əsrlər tarixini, birgəyaşayış və sosial-iqtisadi münasibətləri, dövlətçilik təcrübəsini, ortaq mədəni dəyərlər sistemini süni şəkildə inkar etməklə, Avrasiya sivilizasiyasının yaradıcılarından olan türklərə "vəhşi", "barbar" və "dağıdıcı" damğası vurub, onları müasir Avropa sivilizasiyaları tarixindən kənar, yalnız "etnoqrafik material" kimi təqdim etmək niyyəti güdürdü. Bu isə bu gün Türk Dövlətləri Təşkilatı platformasında birləşməklə öz dil və mədəniyyətlərini, iqtisadiyyatlarını, texnologiyalarını inkişaf etdirib ilkin bəşər sivilizasiyalarının ocağı, bütün mənalarda dünyanın ən qədim, zəngin və vacib parçası olan Avrasiya tarixi-mədəni arealının unikallığını qorumaq, ən yeni çağırışlara qoşulmaq niyyətində olan türk dövlətlərini ideoloji bazadan məhrumetmə məqsədi kimi təhlükəlidir. Ən əsası, planlaşdırılmaqda olan yeni dünya düzənində ənənəvi olaraq əsrlər boyu Qərb (indi həm də ABŞ) və Şərq (əsasən, Çini nəzərdə tuturuq) arasında hərtərəfli münasibətlərin nizamlayıcısı, fərqli sivilizasiyalar arasında körpü rolunu oynamış türk dünyasının əhəmiyyəti, indiki və gələcək missiyası gündəmə gətirilməlidir. 

3) N.Danilevskinin "Rusiya və Avropa" kitabının yeni nəşrinin yuxarıda göstərdiyimiz Türk Dövlətləri Təşkilatı ideyasının reallaşması və Rusiya-Ukrayna müharibəsi fonunda baş verməsi, nəşrə yazılan Ön sözdə "lokal sivilizasiyalar" - "mədəni-tarixi tiplər" konsepsiyasının yeni reallıqlar müstəvisində təqdim edilməməsi bizi N.Trubeskoyun "Avropa və bəşəriyyət", "Rus mədəniyyətində Turan elementi" və sair əsərləri nümunəsində avrasiyaçılıq elmi-nəzəri platformasına, Avrasiyanın tarixində və mövcud sivilizasiyalarının formalaşmasında Qədim və Orta əsrlər türk xalqları və dövlətlərinin missiyasına, bunu sübut edən zəngin tarixşünaslıq faktlarına və məlumatlarına, arxeoloji tədqiqatlara əsaslanan L.Qumilyovun passionarlıq və etnogenez nəzəriyyələrinə, O.Süleymenovun "Az və Ya" kitabından başlanmış, "Yazının dili" və s. araşdırmalara qədər davam etməkdə olan Turan avrasiyaçılığı və türk-slavyan (tyurkoslavika) tədqiqatlarına, qədim yazılı abidələrdəki işarə, simvol və yazıların arxeologiyası üzrə axtarışlarına, türk sivilizasiyalarından bəhs edən ən yeni tədqiqatlara müraciət etməyə və öz rəyimizi bildirməyə əsas verdi. O.Süleymenovun irəli sürdüyü "tyurkoslavika" istiqaməti əslində avrasiyaçılar N.Trubeskoyun və "Rus tarixinin Avrasiya konsepsiyası" məqaləsinin müəllifi P.Savitskinin səsləndirdiyi ideyaların davamı idi ki, bu da sonradan həm yuxarıda müraciət etdiyimiz bir sıra Rusiya, həm də Türkiyə müəllifləri [İşyar Ö.G. Avrasya ve avrasyaçılık. - Bursa: Dora, 2013. - 352 s.; Kemaloğlu İ. Altın Orda və Rusiya. - Ankara: Ötüken neşriyyat, - 2015. - 366 s.] tərəfindən dəstəkləndi.

L.Qumilyov müsahibələrinin birində deyirdi: "Bir şeyi bilirəm və sirr olaraq sizə bunu deyirəm ki, Rusiya nicat tapacaqsa, o, yalnız Avrasiya dövləti kimi və yalnız avrasiyaçılıq ideyaları hesabına xilas ola biləcəkdir" [Bax: Cəfərov (Vəlixanlı) T. Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış. Məqalə və tərcümələr. - Bakı: Mütərcim, 2019. - s.134]. Türkiyəli avrasiyaçı-alim Ö.G.İşyar da ölkəsinin və Rusiyanın Avrasiya kontekstində əməkdaşlığının tərəflərin xeyrinə olduğu qənaətindədir. Onun fikrinə görə, bu ölkələr "bir-birinə qarşı deyil, birlikdə hərəkət etməlidirlər, öz aralarında siyasi bir çevikliyə nail olmalı, bir-biri ilə üstünlük yarışına və rəqabətə girməməlidirlər" [İşyar Ö.G. Avrasya ve avrasyaçılık. - s. 89]. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq layihələri Rusiyanı bərk qıcıqlandırdığı üçün Ö.G.İşyarın bu iki dövlətin çoxəsrlik münasibətlərinə əsaslanan çağırışı aktual görünür.   

Rusiya və Avropanın tarixi taleyində böyük rolu olmuş türklərə fərqli münasibəti ilə seçilən iki rus filosofu - slavyanofil N.Danilevskinin və avrasiyaçı N.Trubeskoyun nəzəri baxışları ətrafında müzakirə təkcə Rusiya və bütövlükdə slavyan dünyasının deyil, həm də türk xalqlarının bugünkü tarixinin və gələcək inkişaf perspektivlərinin müəyyən olunmasında əvəzsiz əhəmiyyətə malikdir. Fikrimizcə, XIX əsrin ikinci yarısından başlayaraq, Rusiya vasitəsilə Qərb mədəni-tarixi kontekstinə cəlb olunmuş Azərbaycan üçün roman-german mədəniyyətinə, Avropa dəyərlərinə, avropalaşma meyillərinə münasibətin müəyyənləşdirilməsi, milli zəminə və mövcud reallıqlara əsaslanaraq, türk dünyasının ayrılmaz hissəsi kimi strateji inkişaf xəritəmizin işlənməsi məqsədilə N.Trubeskoyun "Avropa və bəşəriyyət" kitabında təklif olunan reseptləri, gəlinən nəticələri dəyərləndirmək, avropalaşmış mədəniyyətlərin, o cümlədən, rus və keçmiş Rusiya və Sovet İttifaqına daxil olmuş türk xalqları mədəniyyətlərinin milli-mədəni köklərə, ənənə və təcrübəyə söykənərək, roman-german və sonradan qazanılan təsirlərdən azad olması mövzusunda müzakirələr faydalı olardı.

4) Tanınmış azərbaycanşünas-alim Tadeuş Svetoxovskinin "Rusiya Azərbaycanı, 1905-1920. Müsəlman cəmiyyətində milli kimliyin formalaşması" kitabı o vaxtlar imperiyanın ucqar nöqtələrindən biri sayılan respublikamız üçün qeyd edilən dövrün ciddi siyasi-ideoloji mübarizə mərhələsi olduğunu təsdiqləyir. T.Svetoxovski o fikirdə idi ki, bu illərdə kifayət qədər siyasiləşmiş və ideologiyalar burulğanına qərq olmuş Azərbaycan ziyalılarının və aydınlarının M.F.Axundzadədən sonra artıq üçüncü nəsli formalaşmışdı. O, qərbçiliklə bərabər, panslavizmin, pantürkizmin, panislamizmin müzakirə obyektinə çevrildiyini göstərir. Tədqiqatçının müşahidə və gəldiyi nəticələrə görə, "pantürkizmin mədəni fazasına addım atan ilk azərbaycanlı Əli bəy Hüseynzadə İsmayıl Qaspıralı kimi panslavizmdən təsirlənmişdi." Görünür, slavyanofil ideyalarının yayılması "Turan" təxəllüsü ilə çıxış edən Ə.B.Hüseynzadəni, eləcə də Məhəmməd Əmin Rəsulzadəni və Ziya Göyalpı türkçülük ideyalarını səsləndirməyə sövq etmişdi [Svetoxovski T. Rusiya Azərbaycanı, 1905-1920. Müsəlman cəmiyyətində milli kimliyin formalaşması. - Bakı: 2022. - s. 49-55]. T.Svetoxovskinin təhlilləri (kitabın "İntellektual ferment" başlıqlı hissəsi daxil olmaqla, s. 80-89) o cəhəti qabardır ki, azərbaycanlı ideoloqlar, milli mətbuat və ədəbiyyatımızın qabaqcıl nümayəndələri Avropada milli kimlik axtarışlarına ciddi şəkildə qoşulsalar da, hələ ki türkçülük ideyaları platforması formalaşmadığından həm Əli bəy Hüseynzadənin, həm də Əhməd bəy Ağayevin fikir və qənaətlərində ziddiyyətli məqamlar yer alırdı. N.Danilevski kimi nəzəriyyəçilərin qatı antitürk nəzəriyyələrinə rəy bildirilməməsi və hətta panslavizmə pantürkizmin analoqu kimi müsbət yanaşılması da bununla izah oluna bilər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!