Tarixi mənbələrin dili ilə... (II yazı) - Kamil ŞAHVERDİ

(Əvvəli ötən sayımızda)

 

Hər il, iyulun 1-də sosial şəbəkələrdə, mətbuatda "Beynəlxalq Bakılılar Günü" geniş müzakirəyə səbəb olur. Bu günün tərəfdarları və əleyhdarları müxtəlif arqumentlərlə çıxış edib mövqelərini müdafiə edirlər. Bu il də istisna olmadı. Mübahisələr, müzakirələr səngiyəndən sonra mən də bu "bayram" haqqında düşündüklərimi qələmə almaq qərarına gəldim. Ona görə yox ki, mübahisələrin yenidən qızışmasına rəvac verim, ona görə ki, bəzi tarixi məqamlara toxunaraq düşündüklərimi cəmiyyətə çatdırım.

 

XVIII əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar yarandı, o cümlədən, Bakı xanlığı yarandı. Şimal qonşularımız I Pyotrun Bakını zəbt etmək və Hindistanla Qərbi Avropa arasında ticarət yollarına nəzarət etmək ideyasını yenidən gündəmə gətirərək yeni planlar qururdular. XVIII əsrin sonunda  II Yekaterina Bakının zəbt olunması planını reallaşdırmaq qərarına gəlir. Belə ki, 1796-cı ildə rus qoşunları Bakıya hücum edib iyunun 13-də bir əsrdə ikinci dəfə şəhəri işğal etdilər. Lakin bu işğal uzun çəkmədi. Belə ki, 1796-cı ilin noyabrında II Yekaterina dünyasını dəyişir. Onun ölümündən sonra taxta çıxan I Pavel 1797-ci ilin martında qoşunları Bakıdan geri çağırır. İşğalçılar şəhəri tərk edirlər. Bakıda həyat yenidən öz axarına qayıdır. Əfsuslar olsun ki, bu əmin-amanlıq uzun çəkmir. 1801-ci ilin mart ayında Rusiyada növbəti saray çevrilişi baş verir.  I Pavel öldürülür. Həmin ilin sentyabrında I Aleksandr hakimiyyətə gətirilir.

I Aleksandr hakimiyyətinin ilk illərində liberal reformalar həyata keçirsə də, sonrakı illərdə o da I Pyotrun Xəzərətrafı bölgələri zəbt etmək ideyasını gündəmə gətirir. 1804-cü ildə Rusiya İrana qarşı müharibə elan edir. Müharibənin əvvəlində Qafqazda rus hərbi komandanlığı Xəzər hərbi donanmasının qarşısında məqsəd qoymuşdu ki, Bakı limanı və Bakı Qalası rus qoşunlarının dayaq nöqtəsi olmalıdır. Ancaq hərbi dəniz donanmasının heyəti bu tapşırığı yerinə yetirmək üçün hazır olmadığına görə Bakıya hücum 1805-ci ilin yayına təyin olunur.

1805-ci ilin iyul ayının 22-də general Zavalişinin komandanlığı ilə rus qoşunları Ənzəlidə Xəzər dəniz donanmasının gəmiləri ilə Bakıya tərəf üzmək əmri aldı. Avqustun 12-də ruslar Bakı limanına yan alır. Avqustun 13-də Bakı xanı Hüseynqulu xan rus hərbi donanmasının gəlişinin səbəbini öyrənmək üçün onların yanına nümayəndə göndərir. Zavalişin cavab verir ki, rus imperatorunun əmri ilə Bakını almaq üçün gəliblər və tələb edir ki, şəhəri və Bakı Qalasını təhvil versinlər. Bunun üçün o, Hüseynqulu xana iki gün vaxt verir. İki gündən sonra Hüseynqulu xan daha iki ay vaxt istəyir. Zavalişin xanın təklifini qəbul etmir və avqustun 15-də şəhəri gəmilərdən top atəşinə tutmağı əmr edir. Bir həftə davam edən top atəşindən sonra, avqustun 22-də yüksəklikləri tutmaq və orada artilleriya qurğuları yerləşdirmək üçün şəhərə bir neçə desant dəstəsi göndərilir. Lakin şəhərin müdafiəçiləri rusların hücumunu dəf edərək sentyabrın 3-4-də desant dəstələrini gəmilərə qayıtmağa məcbur edirlər. Sentyabrın 6-da Zavalişin hərbi komandanlığın zabitlərinin toplantısında hücumun uğursuz nəticələrini nəzərə alaraq, Bakıdan çəkilib Lənkəran yaxınlığında Sarı yarımadasına üzmək qərarını elan edir.

Rus qoşunlarının Qafqazda komandanı general Sisianov Bakı məğlubiyyətini qəbul edə bilməyərək, 1805-ci ilin dekabrında özü Bakını işğal etmək üçün hərbi yürüşə başlayır. Şirvan xanlığının ərazisindən keçən yürüş zamanı Sisianov bu əraziləri zəbt edərək onları Rusiya ərazisi elan edir. Sisianov Hüseynqulu xana xəbər göndərir ki, onun Bakını zəbt etmək fikri qətidir. O, ya Bakını işğal edəcək, ya da bu döyüşlərdə şəhər darvazası qarşısında həlak olacaq. Hüseynqulu xan Sisianova sülh danışıqları aparmaq təklif etsə də, rus generalı bu təklifləri rədd edir. 30 yanvar 1806-cı ildə rus qoşunları Bakının ətrafında - Nahar-Bulaq quyusunun yanında düşərgə qururlar və Hüseynqulu xana yenidən təslim olmaq haqqında ultimatum göndərirlər.

Fevral ayının 8-də səhər Sisianov şəhərin açarlarını təhvil almaq üçün dəvət olunur. Bakı  darvazasının girişində general Sisianov və onu müşayiət edənlər güllələnərək öldürülür. Rütbəcə Sisianovdan sonra komandanlıq üzərinə düşən general Zavalişin tələm-tələsik qoşunu geri çəkir və gəmilərə minərək Dağıstan sahillərinə üzürlər. Buradan çətinliklə Rusiyaya keçməyə müyəssər olurlar.

General Sisianovun ölümündən sonra Rusiya hakimiyyəti Bakının işğalı planında dəyişiklik edir. 1806-cı ilin may ayında general-leytenant Qlazenap yenidən formalaşdırılmış qoşun dəstələri ilə Dərbəndi, Qubanı və Bakını işğal etmək üçün yürüşə çıxır. 1806-cı il iyunun 22-də rus qoşunları Dərbəndi zəbt edirlər. Bir aydan sonra yürüşə yeni təyin olunmuş general Bulqakov Dərbəndə gəlir və buradan Qubaya, daha sonra Bakıya istiqamət götürür. Bakıya yaxınlaşan qoşun dəstələri Beşbarmaq dağı yaxınlığında düşərgə qururlar. Burada general Bulqakov Hüseynqulu xanın yaxın adamı Kazım bəylə görüşür və söz verir ki, nə xana, nə də Bakı əhalisinə heç bir ziyan vurulmayacaq. Lakin Hüseynqulu xan general Bulqakovun vədinə inanmır və qeyri-bərabər döyüşdə məğlub olacağını qabaqcadan bildiyi üçün şəhəri tərk edərək Ərdəbilə gedir.

3 oktyabr 1806-cı ildə rus qoşunları Bakıya girir və bütün əhalini tərk-silah edirlər. Bakı xanlığı ləğv edilir və şəhər Rusiya imperiyasının tərkibinə daxıl edilir.

Beləliklə, 1813-cü ildə Rusiya və Qacarlar dövləti arasında Gülüstan (Qarabağın Gülüstan kəndində) müqaviləsi imzalanır.  Müqaviləyə əsasən, Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı, Talış xanlıqları, həmçinin Dağıstan, Kartli-Kaxeti, Meqrel, İmereti, Quri, Şuraqel və Abxaziya Rusiyanın himayəsinə keçir.

1814-cü ildə Böyük Britaniya və İran arasında imzalanmış razılığa əsasən Böyük Britaniya və İran Gülüstan müqaviləsinin şərtlərini tanımaqdan imtina edirlər. İran Böyük Britaniyaya arxalanaraq Gülüstan müqaviləsinin şərtlərini yenidən müzakirə etməyi tələb edir. İngilislər Qacar hakimiyyətinin tələblərini haqlı sayır və İranı bu məsələdə müdafiə edirlər. Ruslar isə bununla qətiyyən razılaşmırlar.

1826-cı ilin iyul ayında Qacarlar hücuma keçərək Talış və Qarabağ xanlıqlarını geri alırlar. Həmin ilin payızında artıq Gülüstan müqaviləsi ilə Rusiyaya qatılmış bütün ərazilər (Dağıstan istisna olmaqla) azad edilir. Rus qoşunları bu əraziləri boşaltmağa məcbur edilir. Lakin Qacarların bu qələbə sevinci uzun sürmür. Ruslar toparlanaraq doyüşlərdə tədricən üstünlüyü ələ alırlar. Əvvəl Şamxor ətrafında qələbə çalan rus qoşunları sonra Gəncəni, Şuşanı, Naxçıvanı, Sərdarabadı işğal edirlər. İrəvan uğrunda qızğın döyüşlər gedir. Ruslar İrəvanı mühasirəyə alaraq aylarla şəhərin müdafiəsini yarmağa çalışırlar. Nəhayət, 1 oktyabr 1827-ci ildə İrəvan xanlığı da ruslar tərəfindən işğal olunur. 1826-1828-ci illər Rusiya-İran savaşında ermənilər ruslara hərtərəfli yardım edirlər.

10 fevral 1828-ci ildə Rusiya və İran arasında Türkmənçay (Təbriz yaxınlığında kənd) müqaviləsi imzalanır. Müqaviləyə əsasən, 1813-cü il Gülüstan müqaviləsinin şərtləri ilə Rusiyaya keçmiş ərazilərdən başqa, İrəvan və Naxçıvan xanlıqları da rusların himayəsinə keçir. Araz çayı boyunca dövlətlərarası sərhəd müəyyən olunur.

Rusiya imperiyası I Pyotrun düşündüyü planları reallaşdırmaq üçün Bakını ruslaşdırmağa başlayır. Tarixi mənbələrdə 1807-ci ildə Bakıda 500 evin olduğu və şəhərdə (Qala divarları ilə əhatə olunmuş ərazidə - K. Ş.) 3000 nəfər əhali yaşayırdı (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası). Qala divarlarının ətrafı boyunca (Bayir şəhər - K. Ş.) şəhər böyüməyə başlayır. 1840-cı ildə Kaspi vilayəti təşkil olunur. Mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılır.  1846-cı il 14 dekabr taixində I Nikolay Şamaxı quberniyası yaradılması haqqında fərman imzalayır. Bakı qəzası Şamaxı quberniyasının tərkibinə daxil edilir. Bakıda neft sənayesi sürətlə inkişaf edir. 1848-ci ildə dünyada ilk neft quyusu qazılır. 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilir. 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə neft-qaz çıxarılmasına başlanılır.

1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılır. II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülür və adı dəyişdirilərək Bakı quberniyası adlandırılır (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası).

Həmin fərmanla Bakı  şəhəri quberniya mərkəzi statusu almır.

1851-ci ildə Bakı şəhərində 7431 nəfər türkdilli müsəlman yaşayırdı. 1863-cü ildə əhalinin sayı 14.500 nəfərə çatır. 1897-ci ildə Bakıda əhalinin sayı artıq 111.904 nəfər idi. Birinci Dünya müharibəsindən (1914-1918) əvvəl Bakının əhalisi iki dəfə artır. 1903-cü ildə Bakıda 143.786 nəfər, 1913-cü ildə isə 214.640 nəfər yaşayırdı. Şəhərin etnik tərkibi digər bölgələrdən gələn köçkünlər tərəfindən böyük ölçüdə dəyişmişdi (Yorq Baberovskiy. Sivilizatorluq missiyası və Qafqazda millətçilik: 1828-1914-cü illər. Kazan. 2004. səh. 322. rus dilində).

XX əsrin əvvəllərində Bakıda 214.700 nəfər yaşayırdı. Onların arasında ruslar - 76.300 (35,5%), azərbaycanlılar (o vaxt terminologiyada "Zaqafqaziya tatarları") - 46.000 (21,4%), ermənilər - 42.000 (19,4%), farslar - 25.000 (11,7%), yəhudilər - 9700 (4,5%), gürcülər - 4000 (1,9%), almanlar - 3300 (1,5%), Kazan tatarları - 2300 (1,1%). (Müasir Azərbaycan. Yeni Şərq. 1926. № 4. səh. 174. rus dilində).

Müsəlmanlar xan qalasını əhatə edən tarixi mərkəzdə və şəhərin qərbində, ruslar sənaye qurşağında, ermənilər isə şəhərin şimalında yaşayırdılar. Şəhərin tikilən yeni mərkəzində  qarışıq əhali yaşayırdı. (Sivilizatorluq missiyası və Qafqazda millətçilik: 1828-1914-cü illər. Kazan. 2004. səh.322).

Rəsmi rəqəmləri təsdiqləyən daha bir mənbəyə baxaq:

1913-cü ildə Bakının əhalisi, ruslar - 76.228 nəfər, ya da 35,5%,  Azərbaycan türkləri - 45.962 nəfər, yaxud 21,4%, ermənilər - 41.680 nəfər, yaxud 19,4% idi ( V. Alişevskiy. Bakı şəhəri və sənaye-zavod rayonu 1913-cü il siyahıyaalınmaya əsasən. II h. Buraxılış 2. Bakı. 1922. səh. 49. rus dilində).

Göründüyü kimi, Rusiya imperiyasının apardığı siyasət nəticəsində Bakı şəhərinin demoqrafik vəziyyəti tamamilə dəyişdirilmişdi. Azərbaycanlıların sayı əhalinin yalnız 21,4%-ni təşkil edirdi. Rusların və ermənilərin birlikdə sayı şəhər əhalisinin 54,9%-nə bərabər idi. 23,7% isə digər millətlərdən ibarət idi. Çar Rusiyası istəyinə nail olmuşdu. Növbəti addım isə Bakını rus şəhərinə çevirməkdən ibarət idi. Bu istiqamətdə də planlar düşünülürdü.

Bakıda əhalinin sayı 1897-ci ildə 36,0%-dən, 1913-cü ildə 21%-ə enmişdi (Şahbaz Muradov. Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar. Bakı. 2013).

Bakı XX əsrin əvvəllərində Rusiyanın 5 ən böyük şəhərlərindən birinə çevrilmişdi. Sovet və rus tarixçiləri bu prosesi neft sənayesinin inkişafı nəticəsində Bakıya miqrant axını ilə əlaqələndirsələr də, əslində bu, imperiyanın apardığı siyasətin nəticəsi idi. Şübhəsiz ki, o dövrdə Bakıya güclü miqrant axını olmuşdu. Nəinki Rusiyadan, hətta Avropa ölkələrindən belə, Bakıya qazanc məqsədi ilə gəlmiş xeyli sayda alman, polyak, yəhudi, ukraynalı, belorus, latış, eston mənşəli miqrantları misal çəkə bilərik. Lakin Bakı əhalisinin rusların və ermənilərin hesabına belə kəskin artması yalnız qazanc üçün gələn miqrantlarla əlaqəli deyildi. Məqsədli şəkildə Bakıya köçürülən rusların və ermənilərin sayı miqrantların ümumi sayından qat-qat çox idi və getdikcə artmaqda davam edirdi. I Dünya müharibəsinin (1914-1918) başlanması Bakını rus şəhərinə çevirmək planını yarımçıq qoydu.

Yeri gəlmişkən, qeyd edim ki, Bakıda dövlət müəssisələrində, idarə və təşkilatlarda  bütün vəzifələrə Rusiyadan məqsədli şəkildə köçürülənlər təyin olunurdu. Qazanc məqsədi ilə gələnlər isə "qara" işlərdə çalışırdılar. Gördüyünüz bu şəkil 1903-cü ildə çəkilib. Bakının küçələrini o zaman Rusiyadan gələn qasterbayterlər süpürürdü.

 

(Davamı var)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!